Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-949/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1778/2021 nömrəli iş üzrə 02 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən 29.11.2019-cu il tarixli 07/2019 nömrəli müqavilə üzrə 24.000 manat məbləğdə borcun, 589,58 manat məbləğdə faizlərin və 30 manat məbləğdə ödənilmiş dövlət rüsumunun, cəmi 24.619,58 manat məbləğdə pulun tutularaq, onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 02.06.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qərardadın əsaslarına görə, iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişdir. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, iddiaçı cavabdehlə bağladığı müqaviləni auditor kimi bağlamamışdır. Belə bir müqaviləni auditor lisenziyasına malik olmayan hüquqi şəxs də bağlayaraq, xidmətlər göstərə bilərdi. Bu isə o deməkdir ki, iddiaçı müqavilədə “Auditor” kimi qeyd olunsa da, onun Nizamnaməsində nəzərdə tutulmuş və auditor xidmətlərinə aid olmayan mühasibatlıq xidmətlərini göstərirdi. Mühasibatlıq xidmətlərinin aparılması, müqavilənin adından, müqavilənin 1.2-ci bəndindən və əsas olaraq da, müqavilənin 2.5-ci bəndində göstərilən işlərdən məlum olur. Xüsusilə qeyd edir ki, müqavilənin 2.5-ci bəndi ilə əhatə olunan işlərin siyahısı auditor xidmətlərini ehtiva etmir. Bu səbəbdən, məhkəmə auditorlara aid olan maddi-hüquqi normalara istinad etsə də, müqavilə üzrə göstərilən xidmətlərin auditor xidmətlərinə aid olub-olmaması məsələsini düzgün araşdırmamışdır. Bakı Kommersiya Məhkəməsinin 16.07.2021-ci il tarixli qərardadına əsasən şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, cavabdehin vəkili və nümayəndəsi birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış Mühasibat xidmətləri və vergi məsləhətlərinin göstərilməsi haqqında” 29.11.2019-cu il tarixli 07/2019 nömrəli müqavilədən müəyyən edilir kui, iddiaçı Azərbaycanda Auditorlar Palatası tərəfindən 07.11.2012-ci il tarixdə verilmiş 072746/AT/096 nömrəli lisenziya əsasında fəaliyyət göstərən auditordur. Müqavilənin: 1.2-ci bəndinə əsasən, müqavilənin mövzusu vergi, statistik və digər hesabatların tam uçot üçün verilməsi nəzərə alınmaqla müştərinin maliyyə-təsərrüfat fəaliyyətinin uçotu funksiyalarının auditora təhvil verilməsidir; 1.4-cü bəndinə görə, mühasibat xidmətləri Beynəlxalq Audit və X2 (İAASB) tərəfindən təsdiq edilmiş X1 (İSA) uyğun olaraq həyata keçirilməlidir; 7-ci bəndinə əsasən, tərəflər arasında yarana biləcək bütün mübahisələr və fikir ayrılıqları danışıqlar yolu ilə həll ediləcəkdir. Danışıqlar zamanı mübahisələr həll olunmadıqda, mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məhkəmə şəklində həll olunur. “Auditor xidməti haqqında” AR Qanununun 19-cu maddəsinə görə, auditorla (auditor təşkilatı ilə) onların sifarişçiləri arasında meydana çıxan əmlak xarakterli bütün mübahisələr Auditorlar Palatasında həll edilə bilmədikdə, məhkəmə tərəfindən həll olunur. Göründüyü kimi, həm 29.11.2019-cu il tarixli müqavilədə, həm də “Auditor xidməti haqqında” Qanunda mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi nəzərdə tutulsa da, iddiaçı bu qaydaya əməl etməmiş, bu qaydanı tətbiq etmək imkanı isə itirilməmişdir. MPM-in 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır (MPM-in 398.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1778/2021 nömrəli iş üzrə 02 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-2(103)-949/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-949/2021
18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver