Məhkəmə qərarları › İş №2-2(103)-951/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-951/2023

05.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-951/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının və üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2278/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ələ keçirilən iddiaçıya məxsus 20000 ABŞ dolları məbləğində pulun (real zərər), əldən çıxmış fayda qismində 2000 ABŞ dolları məbləğində pulun, mənəvi zərər qismində iddiaçıya dəymiş 2000 manat məbləğində ziyanın, hüquqlarının təmsil və müdafiə edilməsi məqsədi ilə hüquqi yardım üçün 14 saylı Vəkil Bürosuna ödənilmiş 310 manat məbləğində xidmət haqqının və ödənilmiş 210 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, cavabdeh özünün qarğıdalı biznesi ilə məşğul olduğunu, İran İslam Respublikasından Rusiya Federasiyasına qarğıdalı göndərdiyini, bu işdə yaxşı gəlir olduğunu, onların da pul qoyub yaxşı gəlir əldə edəcəyini vəd verərək, həmin biznesə pul qoymağını bildirmişdir. Buna inanaraq cavabdehə xx.xx.2021-ci il tarixində İran İslam Respublikasından Rusiya Federasiyasına 2 yük avtomobili (TİR) qarğıdalı məhsulunu göndərmək üçün X7 vasitəsilə 20000 ABŞ dolları məbləğində pul göndərmişdir. Həmin gün saat 15-16:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 77 ünvanında yerləşən “Alov” zavodu qarşısında cavabdeh 20000 ABŞ dolları məbləğində pulu almışdır. Pulu almasına baxmayaraq, o, vədinə əməl etməmiş, heç bir qarğıdalı göndərməmiş, üzərinə düşən öhdəliyi icra etməmişdir. Həmçinin, iddiaçıdan aldığı 20000 ABŞ dolları məbləğini geri qaytarmamışdır. Cavabdeh bu hərəkəti ilə iddiaçıya xeyli maddi və mənəvi ziyan vurmuşdur. İlkin olaraq, xx.xx.2021ci il tarixində DİN-nin 102 qaynar xəttinə zəng edərək və xx.xx.2021-ci il tarixində Yasamal RPİ-nin 29-cu PŞ-ya ərizə ilə müraciət edərək, xx.xx.2021-ci il tarixində baş verənləri və iddiaçıya məxsus olan 20000 ABŞ dolları məbləğində pulun cavabdeh tərəfindən ələ keçirilməsini bildirmişdir. İş üzrə aparılan araşdırmalar zamanı cavabdeh verdiyi izahatda 20000 ABŞ dollarını ələ keçirdiyini etiraf etmişdir. Lakin, yekunda aparılan araşdırma nəticəsində xx.xx.2022-ci il tarixində cavabdehin əməlində dələduzluq faktının olmaması əsası ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmışdır. Qərarda müəyyən edilmişdir ki, cavabdehlə arasında yaranan mübahisə yalnız mülki qaydada məhkəmə yolu ilə həll olunmalıdır. Cavabdeh iddiaçını aldadaraq 20000 ABŞ dolları məbləğində pulu mənimsədiyindən və iddiaçıya söz verdiyi qarğıdalı biznesini həyata keçirmədiyindən, həmçinin iddiaçı 2000 ABŞ dolları müqabilində qazanmalı olduğu qazancdan məhrum olmuşdur. Bundan əlavə, 1 il ərzində keçirdiyi gərginlik, əsəb, sarsıntı və mənəvi iztirabların dəyəri yüzminlərlə ölçülsə də, ağlabatanlıq prinsipindən çıxış edərək, cəmi 2000 manat məbləğində mənəvi zərər tələb edir.

3. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, meyvə ticarəti ilə bağlı münasibətləri iddiaçının atası Süleyman Salmanovla olmuş, qarğıdalı ticarəti ilə bağlı danışıqları onunla aparmış, iddiaçı isə həmin danışıqlarda müşahidəçi qismində iştirak etmiş, 20000 ABŞ dolları məbləğində pulun ona verilməsi ilə bağlı razılaşma Süleyman Salmanovla olmuş, sözügedən vəsait iki dəfə hər dəfə 10000 ABŞ dolları cəmi 20000 ABŞ dolları məbləğində pul taksi vasitəsi ilə Bakıya göndərilmiş və həmin vəsaiti qəbul etmiş, lakin qarğıdalının İrandan gətirilməsində müəyyən problemlərin yaranması səbəbindən, onun üzərinə düşən öhdəliyi yerinə yetirə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq, hazırki tələblə bağlı iddiaçının iddianı qaldırmağa subyektiv hüququnun olmaması əsası ilə rədd edilməsini xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2278/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

5. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdehin özlərinin də xx.xx.2023-cü il tarixli məhkəmə iclasında verdiyi izahatlardan məlum olur ki, Cavabdeh, iddiaçı Müşfiq Salmanov, onun atası Süleyman Salamanov əvvəlcə Xaçmaz rayonunda, Salmanovların evində bu biznes barədə danışırlar, həmin danışıqlarda Müşfiq, atası Salman və cavabdeh Samir iştirak edir. Növbəti dəfə isə Bakı şəhərində kafelərin birində yenə də, Müşfiq, Müşfiqin atası Süleyman, cavabdeh Samir və başqa bir-iki nəfərin arasında yenə də bu söhbətlər davam etdirilir və onlar 1 TİR (yük maşını) qarğıdalını İrandan Rusiyaya göndərmək barədə razılaşırlar. Razılaşmadan sonra iddiaçı Xaçmaz rayonuna gedərək, 10.000 ABŞ dollarını oradan taksi vasitəsi ilə cavabdehə göndərir, aradan 2-3 gün keçdikdən sonra isə növbəti dəfə yenə 10.000 ABŞ dolları məbləğində pulu daha 1 TİR qarğıdalının İrandan Rusiyaya satmaq üçün göndərilməsi məqsədi ilə cavabdehə pulu göndərir. Hər iki pul məbləğinin, yəni ümumilikdə 20.000 ABŞ dollarının cavabdeh tərəfindən alıması işin mübahisəsiz halıdır. Həmin pul məbləğlərinin qarğıdalı biznesi üçün, yəni İrandan satış məqsədi ilə Rusiya Federasiyasına göndərilməsi üçün verildiyi də işin mübahisəsiz halıdır. Məhkəmə isə danışıqların 2 nəfər arasında olduğunu qeyd etməklə, səhv nəticəyə gəlmişdir. Belə ki, cavabdeh özü xx.xx.2023-cü il tarixli məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, iddiaçı da danışıqlarda iştirak etmiş, atası ilə birlikdə olmuşdur. Pulun iddiaçıya aid olması da heç bir mübahisə doğurmur. Belə olan halda iddiaçı həmin halları sübut etməli deyil. Bundan əlavə, cavabdeh özü də pulun iddiaçının atasına məxsus olduğunu bildirməmişdir. O, yalnız danışıqlarda iddiaçı da iştirak etsə belə, onun iddiaçının atası ilə söhbət apardığını, daha sonra atası dedikdən sonra iddiaçının gedib Xaçmazdan pul göndərdiyini şəxsən bildirmişdir. İddiaçı özü də bildirir ki, həqiqətən danışıqlarda özü iştirak edib, atası da orda olub, danışıq baş tutduqdan sonra Xaçmaza gedərək özünə məxsus pulu qarğıdalı biznesi üçün cavabdehə göndərmişdir. Lakin, məhkəmə əsas kimi pulun cavabdehə göndərilməsi göstərişinin məhz iddiaçının atası tərəfindən verildiyinə görə onun mövcud tələb üzrə iddia qaldırmağa subyektiv hüququnun olmadığına istinad etmişdir. Bu razılaşmanın həyata keçirilməsinə əsas olan pul vəsaiti iddiaçıya məxsus olduğundan, atası tərəfindən verilmiş göstəriş yalnız məsləhət xarakterli hesab olunmalıdır. İddiaçı atasının sözü ilə pulu göndərsə belə, pul onun özünə məxsus olmuşdur. Bundan əlavə məhkəmə baxışı zamanı iddianın təmin olunacağını ehtimal edərək, iddiaçının atası Süleyman Salmanovun şahid qismində çağırılması barədə tərəfindən vəsatət verilməmişdir. Lakin, sonuncu məhkəmə iclasında həm iddiaçı, həm də cavabdeh özləri ilk dəfə məhkəmə iclasında iştirak etmiş, ifadələr vermiş, məhkəmə isə onların izahatları əsasında yanlış qənaətə gələrək, əlavə araşdırma aparmadan, iddiaçının atasının özünün şahid qismində dindirilməsi zurərətini nəzərə almadan, yekun qərar qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Apellyasiya baxışı zamanı X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuşdur.

9. Məhkəmə iclasında iddiaçının və üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdi.

10. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

12. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

13. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

14. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Həmin Məcəllənin 107-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

16. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddələrinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

17. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.

21. Belə ki, iddianın predmeti birgə fəaliyyət haqqında razılaşma üzrə öhdəliklərin pozulması nəticəsində zərərin əvəzinin ödənilməsi (Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən) təşkil edir. Lakin Mülki Məcəllədə birgə fəaliyyət haqqında müqavilə nəzərdə tutulmamışdır. Bununla yanaşı mülki qanunvericilikdə belə razılaşma və ya müqavilə üzrə kommersiya fəaliyyətinin həyata keçirilməsi də qadağan olunmamışdır.

22. Mülki Məcəllənin 390.1-ci maddəsində isə göstərilmişdir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

23. Hazırki işdə də qeyd olunan maddələrin dispozisiya şərtləri mövcuddur.

24. Belə ki, iddiaçı bildirir ki, cavabdehlə arasında qarğıdalı məhsulunun biznesi ilə bağlı şifahi razılaşma əldə olunmuş və bu məqsədlə sonuncuya 20000 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. Həmin razılaşmaya əsasən, cavabdeh öz üzərinə İran İslam Respublikasından Rusiya Federasiyasına 2 yük avtomobili qarğıdalı məhsulunun göndərilməsi öhdəliyini götürmüşdür. Lakin həmin öhdəliyini icra etməmiş, habelə ona verilmiş pul vəsaitinin qaytarılmasından imtina etmişdir.

25. Cavabdeh də ona 20000 ABŞ dolları məbləğində pulun verildiyini etiraf edir, lakin bildirir ki, razılaşma eyni məqsədlərlə, yəni qarğıdalı məhsulunun biznesi üçün iddiaçı ilə deyil, onun atası Süleyman Salmanovla bağlanmışdır. Eyni zamanda, qarğıdalının xaricdən gətirilməsi ondan asılı olmayan səbəblərdən mümkün olmamışdır.

26. 05 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan isə görünür ki, Xaçmaz şəhəri, Əliağa Şıxlinski küçəsi ev 32-də yaşayan X2 23 iyun 2021-ci il tarixdə DlN-nin 102 xidmətinə zəng etməklə və xx.xx.2021-ci İİ tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-nə ərizə ilə müraciət edərək, 13 aprel 2021-ci il tarixdə saat 15-16 radələrində tanışı Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 77 ünvanda yerləşən «Alov» zavodunun qarşısında İran İslam Respublikasından Rusiya Federasiyasına 2 TİR qarğıdalı göndərmək adı ilə ona məxsus 20000 ABŞ dolları, yəni 34000 manat məbləğində pulunu ələ keçirməsini bildirmişdir. Cavabdeh isə izahatında bildirmişdir ki, meyvə-tərəvəz ticarəti ilə məşğul olur. Bu işlə əlaqədar olaraq çox saylı insanlarla ünsiyyətdə və iş birliyində olur. Onlardan biri də Süleyman adlı şəxs olmuşdur. Süleymanı 2020-ci ilin sentyabr ayından tanıyır. Süleymanla bir neçə dəfə ticarətlə bağlı sövdələşmələri olmuşdur. Aralarında bır neçə dəfə yüngül narazılıq olsa da, sonradan hər ikisinin səyi və razılığa gəlməsi nəticəsində bu narazılıqlar aradan qalxmışdır. Lakin sonradan yenə də aralarında ticarətlə bağlı narazılıqlar yaranmışdır. Belə ki, Süleymana göndərdiyi malların pulunu verməkdən imtina etmişdir. Hər dəfə müxtəlif yollarla onu aldadaraq malların ona göndərilməsinə nail olmuşdur. Lakin malların pullarının ödənilməsinə gəldikdə müxtəlif səbəblər gətirməklə malların pullarını ödəməkdən yayınmışdır. Axırıncı dəfə də ona pullardan əlini çəkməsini və pullardan əlçəkməsini bildirmişdir. Hal-hazırda Süleymanın ona göndərilən mallara görə ona olan borcu yüz əlli min ABŞ dolları məbləğindədir (150000 ABŞ dolları). Ondan yenə mal göndərməyini istədikdə ona bildirmişdir ki, «mənim pulum yoxdur. Sənin mənə olan borclarından ver». O da, oğlu vasitəsilə ona 10-13 aprel 2020-ci il tarixində tanımadığı taksi sürücüsü ilə göndərdiyi pulu Alov zavodunun qarşısında almışdır. O da həmin pulu başqa işlə bağlı İrana göndərmişdir. İran vətəndaşı da da onu aldadaraq pulu mənimsəmişdir. Sonradan Süleymanın oğlu ona telefonla zəng edərək ondan 20000 ABŞ dollarını tələb eləmişdir. Ona atasının ona olan borclarından kiçik bir hissəsi olduğunu bildirmişdir. İddiaçı ona İran İslam Respublikasından Rusiya Federasiyasına iki tır qarğıdalı göndərməyini vəd edib ondan iki dəfə hər dəfə 10000 ABŞ dolları olmaqla ümumilikdə 20000 ABŞ dolları almamışdır. Süleymanın oğlu Müşviqin vasitəsi ilə ona olan borcunun kiçik bir hissəsini təşkil edən 20000 ABŞ dollarını göndərmişdir. O, həmin pulları hər dəfə Alov zavodunun qarşısında götürmüşdür.

27. Göründüyü kimi məhz iddiaçı tərəfindən cavabdehə 20000 ABŞ dolları məbləğində pulun verilməsi və bunun müqabilində cavabdehin öz üzərinə İran İslam Respublikasından Rusiya Federasiyasına qarğıdalının göndərilməsi öhdəliyinin götürməsi, habelə həmin öhdəliyin icra olunmaması tam təsdiq olunur.

28. Belə olan halda isə cavabdeh həmin pul vəsaitinin iddiaçının istinad etdiyi razılaşmaya əsasən deyil, məhz iddiaçının atası ilə əldə olunmuş razılaşmaya əsasən ödənildiyini bildirdiyi üçün həmin halları sübutetmə yükü onun üzərinə düşür.

29. Lakin o, bu halları, həmçinin üzərinə götürdüyü öhdəliyi ondan asılı olmayan səbəblərə görə icra etməməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

30. Bunun əksinə apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etmə cəlb olunmuş X1 məhkəməyə ərizə ilə müraciət edərək, bildirmişdir ki, o, ilin çox hissəsini Rusiya Federasiyasında yaşayır və burada biznes ilə əsasən Azərbaycandan meyvələrin gətirilməsi və satışı ilə məşğul olur. Oğlu isə Xaçmaz rayonunda yaşayır və orada meyvə işi ilə məşğul olur Ata-bala olduğundan onlar həm bir yerdə, həm də ayrı-ayrı işlər görür. Hazırki qarğıdalı biznesi isə Cavabdeh tərəfindən təklif edildikdə həmin işlə məşğul olmaq barədə oğlu təşəbbüs göstərmişdir. Samiri o, əvvəlcədən tanımışdır və oğlunun böyüyü və ağsaqqalı olaraq söhbətlərdə iştirak etmişdir. Lakin həmin biznesə qoşulmaq və pul qoymaq bərədə oğlu təşəbbüs göstərmiş və özünə məxsus pulu həmin biznesə qoyaraq o, biznesə qoşulmuşdur. O isə büyük kimi razılığını bildirmişdir. Həmin biznes və pullar oğluna məxsus olduğundan, məntiqlə pulun və biznesin sahibi oğlu olduğundan o, həmin tələb barədə iddia qaldıra bilməz. Həmçinin, gələcəkdə belə bir iddia qaldırmayacağı barədə də öhdəlik götürür.

31. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı birgə fəaliyyət haqqında müqaviləyə istinad edərək öhdəliklərin pozulması nəticəsində zərərin əvəzinin ödənilməsini (Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən) tələb etməkdə haqlıdır.

32. Ona görə də, 20000 ABŞ dolları məbləğində pulun tutulması hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir.

33. Həmçinin kollegiya hesab edir ki, 2000 ABŞ dolları məbləğində əldən çıxmış faydanın tutulması hissəsində də iddia tələbi əsaslıdır.

34. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.

36. İddiaçının 20000 ABŞ dolları məbləğində pulun geri qaytarılması ilə bağlı 2021-ci ilin iyun ayında ərizə ilə polisə şikayət etdiyini, həmin məbləğin hazıra kimi iddiaçıya qaytarılmadığını nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı cavabdehdən cəmi 2000 ABŞ dolları məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır. Ona görə də həmin hissədə də iddia əsaslıdır (20000 x 5% = 1000 x 2 il = 2000) .

37. Həmçinin iş materiallarında olan 26 yanvar 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 14 saylı Vəkil Bürosunun bürosunun hesabına 310 manat məbləğində ödəniş həyata keçirilmişdir.

38. Mülki Prosessual Məcəllənin 107-ci, 115.0 və 115.0.6, 119.1, 121.1-ci maddələrinin tələblərini, iddia tələblərinin təmin olunduğunu və mövcud məhkəmə təcrübəsinə əsasən vəkilin göstərdiyi yardıma görə ödənilən məbləğin ağlabatan olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş 310 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

39. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış və iddianın rədd edilməsi barədə səhv nəticəsinə gəlmişdir.

40. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia təmin edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri cavabdehə aid edilməlidir.

41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2278/2023 saylı qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. 20000 ABŞ dolları (real zərər) və 2000 ABŞ dolları (əldən çıxmış fayda) məbləğində pul vəsaiti (ödəniş gününə olan manat məzənnəsi ilə), hüquqi yardım üçün ödənilmiş 310 manat məbləğində xidmət haqqı, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 315 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar