Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-962/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1855/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 26.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 382641,49 manat əsas borc, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 83698,81 manat faiz borcu, ümumilikdə cəmi 466340,30 manat ödənişin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 26.05.2021-ci il tarixli e-2-2(113)-1855/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 382641,49 manat məbləğində pul vəsaitinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 26 manat məbləğində pul vəsaitinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Cavabdeh ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Vəkil isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İş materiallarından müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında 17 yanvar 2011-ci il tarixli, DB-7460/LV/007/105 saylı podrat müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən podratçı Qəbələ şəhərində sugötürücü qurğuları və baş su təchizatının tikinti layihəsi çərçivəsində sifarişçinin tapşırdığı tikinti quraşdırma işlərini yerinə yetirməyi, sifarişçi isə podratçının gördüyü işlərin müqabilində müqavilə ilə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, podratçı müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etmiş və işləri tam yekunlaşdıraraq tərəflərin səlahiyyətli nümayəndələrinin və layihə üzrə nəzarətçi təşkilatın nümayəndəsinin imzaladığı görülmüş işlərə dair qəbulu aktı ilə Sifarişçiyə təhvil vermişdir. Lakin, sifarişçi bu günə qədər müqavilə üzrə öhdəliyini tam icra etməmişdir. Sifarişçinin podratçı qarşısında 382641,49 manat pul öhdəliyi mövcuddur, bununla bağlı tərəflər arasında 20 fevral 2019-cu il tarixdə üzləşmə aktı imzalanmış və bu aktla sifarişçi podratçıya həmin məbləğdə borcunun olduğunu bir daha təsdiq etmişdir. Cavabdeh tərəfindən iddiaçıya sonuncu dəfə 23 aprel 2018-ci il tarixdə ödəniş edilmişdir. Cavabdeh iddiaya etiraz edir və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə iddia əsaslıdır. Belə ki, Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Hazırkı işdə də iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra etmiş və hazırlanmış layihə cavabdeh tərəfindən qəbul edilmişdir. Həmçinin 17.06.2016-cı il tarixli tamamla sertifikatına əsasən podratçı Qəbələ şəhərində su təchizatı və qurğularının tikintisinə dair müqavilənin ümumi şərtlərinin 52-ci bəndinin tələbləri baxımından bütün öhdəliklərini yerinə yetirmiş hesab olunması təsdiq olunmuşdur. Lakin cavabdeh tərəf mübahisələndirilən zəmanət məbləğini tam ödəməmiş, hətta 20.02.2019-cu il tarixli üzləşmə aktına əsasən Qəbələ şəhərində sugötürücü qovşaq və su təchizatı qurğularının tikintisi üzrə yekun borc məbləği 382641,49 manat təşkil etməsini qəbul etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı həmin ödənişlərin həyata keçirilməsini tələb etməkdə haqlıdır və ona görə də, həmin hissədə iddia əsaslıdır. İddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin dəlilləri isə əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi bununla bağlı olaraq düzgün olaraq qeyd etmişdir ki, iddia müddəti ilə bağlı məsələnin aydınlaşdırılması üçün müddətin axımının hansı vaxtdan hesablanmalı olduğu müəyyən edilməlidir. Tərəflər arasında bağlanmış müqavilənin ümumi şərtlərinin 45.1-ci bəndində qeyd olunmuşdur ki, müqavilənin ümumi şərtlərinin 51.1-ci maddəsinə əsasən layihə rəhbəri tərəfindən işlərin tamamlama sertifikatı verildikdən sonra tutulan ümumi məbləğin yarısı podratçıya geri ödəniləcək, digər yarısı isə qüsurlara görə məsuliyyət müddəti keçdikdən və layihə rəhbəri tərəfindən podratçıya bildirilmiş qüsurların bu müddət bitmədən əvvəl aradan qaldırılmasına dair layihə rəhbərinin təsdiqindən sonra ödəniləcəkdir. Müqavilənin 52.1-ci bəndinə əsasən podratçı layihə rəhbərindən işlərin tamamlanma sertifikatını verməyi tələb edir və layihə rəhbəri bütün işlərin tamamlandığı qərarına gəldikdən sonra həmin sertifikatı verir. Müqavilənin 53.1-ci bəndinə əsasən sifarişçi layihə rəhbəri işlərin tamamlanması sertifikatını verdikdən sonra 7 gün ərzində sahəni və işləri təhvil alacaqdır. İşin faktiki halları və təqdim olunmuş sənədlərlə təsdiq edilir ki, müqavilə üzrə yerinə yetirilmiş işlərin dəyəri 14119866,03 manat təşkil edir, həmin məbləğin 13397791,13 manat hissəsi ödənilmişdir. Müqavilənin yuxarıda göstərilən şərtlərinə uyğun olaraq yerinə yetirilmiş işlərdən sifarişçinin keyfiyyət zəmanəti kimi saxladığı məbləğ 722075,16 manat olmuşdur. Müqavilə üzrə işlərin təhvil-təslim aktı 18 iyun 2015-ci il tarixdə imzalanmışdır. Müqavilənin ümumi şərtlərinin 33-cü bəndində qüsurlara görə məsuliyyət müddəti 365 gün müəyyən olunduğuna görə, bu müddət 17 iyun 2016-cı il tarixdə başa çatmış və bu barədə həmin tarixdə həm qüsur öhdəliyi sertifikatı, həm də işlərin tamamlanma sertifikatı verilmişdir. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Göründüyü kimi 1-ci hal (müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi) iddiaçının, 2-ci hal (borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər etməsi) isə cavabdehin aktiv hərəkətləri ilə bağlı olmalıdır. Müqavilə şərtlərinə uyğun olaraq sifarişçinin keyfiyyət zəmanəti kimi saxladığı 722075,16 manata tələb hüququ da həmin tarixdən, yəni 17 iyun 2016-cı il tarixdən yaranmışdır. Bundan sonra həmin məbləğin 339433,67 manat hissəsi 23 aprel 2018-ci il tarixdə sifarişçi tərəfindən podratçıya ödənilmiş, yəni iddia müddətinin axımı kəsilmiş və həmin tarixdə yenidən başlanmışdır. İddiaçı MMC isə iddia ərizəsi ilə məhkəməyə 15 mart 2021ci il tarixdə, yəni iddia müddətinin bitməsinə təxminən 1 aydan artıq vaxt qaldığı müddətdə müraciət etmişdir. Göründüyü kimi iddia müddəti ötürülməmişdir. İddia müddəti ötürülmədiyinə görə məhkəmə hesab etmişdir ki, bu əsasla iddia rədd edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1855/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 26.05.2021-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-962/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-962/2021
28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver