Məhkəmə qərarları › İş №2-2(103)-963/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-963/2025

07.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-963/2025 07.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlu (sədrlik edən və məruzəçi), X4 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Bayramlı Dəniz Natiq qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə3, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə4 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1553/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, Müəyyən etdi: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 213720,80 (iki yüz on üç min yeddi yüz iyirmi manat səksən qəpik) manat məbləğində borcun və 503,72 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il, e-2-2(113)-1553/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 213720,80 manat məbləğində pul, 503,72 manat dövlət rüsumu, ümumilikdə 214224,52 (iki yüz on dörd min iki yüz iyirmi dörd manat əlli iki qəpik) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət vermişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1553/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə (vəsatət) təmin edilməmişdir. Cavabdeh Bakı Kommersiya Məhkəməsinin sözügedən qərardadından şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1553/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini, müddətin bərpası barədə ərizənin təmin edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 1553/2025 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1553/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməməsi, şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-848/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh MMC tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1553/2025 saylı qərardadının ləğv edilməsi, prosessual müddətin bərpası barədə ərizəyə yenidən baxılması üçün iş materiallarının birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1553/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh MMC tərəfindən verilmiş ərizə (vəsatət) təmin edilərək, Cavabdeh MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin e-2-2(113)-1553/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün materiallarla birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı MMC Bakı Kommersiya Məhkəməsinin sözügedən qərardadından şikayət verərək, həmin qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehnə qarşı “pul tələbinə” dair e-2-2(113)-1553/2025 saylı iş üzrə məhkəmənin xx.xx.2025 tarixli, e-2-2(113)-1553/2025 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh MMC-dən 213720,80 manat məbləğində pul, 503,72 manat dövlət rüsumu, ümumilikdə 214224,52 (iki yüz on dörd min iki yüz iyirmi dörd manat əlli iki qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. xx.xx.2025 tarixli, e-2-2(113)-1553/2025 saylı qətnamə xx.xx.2025-də “Elektron məhkəmə” sistemində bütün iştirakçıların elektron kabinetlərinə yerləşdirilmiş və MPM-nin 135.8, 10-1.3 və 10- 1.5-ci maddələrinə uyğun olaraq həmin sistem vasitəsilə nəzərdə tutulan elektron üsullarla məlumatlandırma təmin edilmişdir. Cavabdehlərin nümayəndələri tərəfindən xx.xx.2025-ci il tarixli ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edilmişdir. Əslində, bu ərizənin məqsədi qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasını ləngitmək və tələbkarın mənafelərini zərbə altına qoymaqdan ibarətdir. İcradan yayınan və hazırda qanuni təmsilçisi axtarışda olan şəxsin bu cür manipulyativ prosessual davranışı, təkcə qərarın icrasını uzatmır, həmçinin dövlət orqanlarının səmərəli fəaliyyətinə, məhkəmə qərarlarının icrasının təminatına və axtarışda olan şəxsə nəzarət tədbirlərinə ciddi təhlükə yaradır. Hesab edirlər ki, qərardad qanunvericilik normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyindən qanunsuz və əsassızdır. Belə ki, ilkin olaraq ərizə məhkəmə tərəfindən düzgün olaraq rədd edilsə də, daha sonra apellyasiya məhkəməsinin qərarından sonra ərizəyə formal və səthi baxılmış, dəlillərimiz nəzərə alınmamışdır. Müddətin ötürülməsinin üzürlülüyü həqiqi olaraq sübut edilmədiyindən, bu halı təsdiq edən səbəblər təqdim edilmədiyindən və üzürlülüklə bağlı heç bir sübut təqdim edilmədiyindən, o cümlədən təşkilat, hüquqi şəxs olan ərizəçinin müddəti buraxmasını nəzərə alaraq ərizə rədd edilməli və apellyasiya şikayəti geri qaytarılmalı idi. İş üzrə yekun qərar qəbul edildiyindən, onun mübahisələndirilməsi üçün müddətlər keçdiyindən, hal-hazırda süni şəkildə prosessual müddətlərin bərpası onların hüquqlarını pozur. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1553/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(103)-963/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə icraata şifahi qaydada məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə3 şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə4 şikayəti əsassız hesab edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1553/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il, e-2-2(113)-1553/2025 saylı qətnaməsi xx.xx.2025-ci il tarixdə Cavabdeh MMC-nin qanuni təmsilçisi Nümayəndə2 elektron kabinetinə yerləşdirilmişdir. Digər tərəfdən EMİS-dən çıxarışlara əsasən müəyyən edilir ki, Cavabdeh MMC-nin qanuni təmsilçisi Nümayəndə2 “Elektron məhkəmə” İnformasiya sistemində elektron kabineti mövcud olsa da, sistemdə qeydiyyata alınmış elektron ünvanı (e-mail), mobil telefon nömrəsi və s. yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Yuxarıda göstərilən normanın məzmunundan da göründüyü kimi, məhkəmə sənədlərinin elektron qaydada çatdırılmış hesab edilməsi üçün onlar işdə iştirak edən şəxslərin və ya onların nümayəndələrinin “elektron kabinet”lərində yerləşdirilməklə yanaşı, sonunculara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmalıdır. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Məhkəmə-X3 sorğu göndərilərək, Nümayəndə2 və Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş elektron kabinetlərinin mövcud olub-olmaması, mövcud olduğu halda, elektron kabinetlərinin hansı tarixdə yaradılması və yaradılarkən elektron ünvan və ya digər əlaqə vasitələrinin qeydiyyata alınıb-alınmaması, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1553/2025-065 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin onların elektron kabinetlərinə yerləşdirilib-yerləşdirilməsi, yerləşdirildiyi təqdirdə bu barədə onların elektron poçt və sair vasitələrlə (növü göstərilməklə) məlumatlandırılıbməlumatlandırılmaması barədə məlumatın Bakı Apellyasiya Məhkəməsinə təqdim olunması xahiş olunmuşdur. Azərbaycan Respublikasının Məhkəmə-X2 həmin sorğuya verilmiş cavabdan görünür ki, Nümayəndə2 və ″Gefest″ MMC-nin “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatları natamamdır. Belə ki, Sistem üzrə təhlükəsizliyinin gücləndirilməsi və mütəşəkkil məlumatlandırılma mexanizmlərinin qurulması məqsədilə istifadəçilərin əlaqə məlmatlarının (elektron poçt ünvanı və mobil nömrə) dəqiq eyniləşdirilməsi üzrə yeni prosedurlar hazırlanmış və 1 yanvar 2024-cü il tarixdən tətbiq edilmişdir. Həmin tarixdən etibarən əlaqə məlumatları təsdiq edilməyən istifadəçilərin kabinetə girişinə məhdudiyyət tətbiq olunur. Həmçinin, göstərilən tərəflərin elektron poçt ünvanları sistemdə qeyd olunmayıb. Eyni zamanda, yuxarıda qeyd olunan tərəflər Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1553/2025-065 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin onların elektron kabinetlərinə yerləşdirilməsi barədə elektron poçt və sair vasitələrlə məlumatlandırılmayıb. Yalnız ″Gefest″ MMC-yə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti-nin AVİS – X1 Sistemi vasitəsilə bildiriş göndərilib. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda Cavabdeh MMC-nin və onun qanuni təmsilçisi Nümayəndə2 elektron poçt ünvanının, mobil telefon nömrəsinin və s. “Elektron məhkəmə” informasiya sistemində qeydiyyata alınmaması və qərarın şəxsi kabinetə yerləşdirilməsi barədə məlumatın elektron qaydada ona verilməməsi müəyyən edildiyindən, qətnamənin cavabdehin elektron kabinetinə yerləşdirilməsi 135.8-ci maddəsinin tələbləri baxımından rəsmi qaydada verilmə kimi qiymətləndirilə bilməz. Bundan əlavə, qətnamənin tərəflərin elektron kabinetlərinə yerləşdirilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti-nin AVİS – X1 Sistemi vasitəsilə bildiriş göndərilməsi Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsində nəzərdə tutulmuş məhkəmə sənədinin rəsmi qaydada verilməsi hesab edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş müddətin bərpası barədə ərizəni (vəsatəti) təmin etməklə düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri isə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1553/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1553/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar