Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-968/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-6275/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçı MMC cavabdehlər ACavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, prokurora göndərilməklə cavabdehin rəhbəri X2 və baş mühasibi X1 barəsində xüsusi qərardad çıxarılması, NKA satışı və xidmət göstərilməsi üçün cavadehə verilmiş xüsusi icazənin (lisenziyanın) ləğv edilməsi üçün aidiyyatı dövlət qurumuna müraciət edilməsi, xx.xx.2024-cü il tarixədək olan 75 manat artıq ödəməmiz bərpa edilməsi, gələcəkdə NKA-nın qanunsuz olaraq lisenziyasının deaktiv edilməsi və bu kimi oxşar qanunsuzluqların cavabdehə qadağan edilməsi və 51,20 manat ödənişin cavabdehdən tutularaq onlara ödənilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-6275/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır.
3. Həmin qərardaddan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
7. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
8. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci madəsinə görə, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.
9. MPM-in 149.2-ci maddəsinə görə, ərizədə aşağıdakılar göstərilməlidir:
10. 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb;
11. MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
12. Kollegiya Bakı Kommersiya Məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı ərizəsində irəli sürülən tələblər aydın şəkildə ifadə edilməmiş, sonuncu tələb (gələcəkdə cavabdehə lisenziyanın deaktiv edilməsinin qadağan edilməsi) istisna olmaqla digər tələblər cavabdehə qarşı yönəldilməmişdir. Bundan əlavə gələcəkdə cavabdehə lisenziyanın deaktiv edilməsinin qadağan edilməsi tələbi gələcək zamana yönəlməklə hüquqların pozulması ehtimalı üçün mücərrəd qadağanı əks etdirir. Halbuki iddia icraatı qaydasında məhkəmələr tərəfindən iddiaçının pozulmuş hüquqlarının bərpası ilə bağlı hazırda mövcud olan mübahisələrə baxılır.
13. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kommersiya məhkəməsi iddia ərizəsini qaytarmaqda haqlı olmuş, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
15. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
16. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdur.
17. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-6275/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.