Məhkəmə qərarları › İş №2-2(103)-982/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-982/2023

06.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-982/2023 06.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Hüseyn Aida Əli qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3668/2022 nömrəli qərardadından cavabdeh “Əlincə-A" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ADY”-yə məxsus icarə obyekti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X1 küçəsi (Biləcəri stansiyası) ünvanında yerləşən sahəsi 4110,46 m2 olan qeyri-yaşayış sahəsindən qeyriqanuni istifadəsinə görə əldən çıxmış faydaya görə 120000 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 410 manat, ümumilikdə 120410 manat məbləğində pul Cavabdeh MMC-dən alınaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3668/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh MMC-dən əldən çıxmış fayda kimi 112400 manat və dövlət rüsumu əvəzi kimi ödənilmiş 410 manat cəmi 112810 manat məbləğində pulun tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apelyasiya şikayəti verərək (apelyasiya şikayəti xx.xx.2022-ci il tarixdə e-məhkəmə sistemində yerləşdirilmişdir) Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3668/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3668/2022 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 3668/2022 nömrəli qətnaməsindən (müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən) Cavabdeh MMC-nin nümayəndəsi, Vəkil tərəfindən verilən apelyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh MMC ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3668/2022 nömrəli qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3668/2022 nömrəli qərardadına əsasən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 2(113)-3668/2022 nömrəli qətnaməsindən apellyasiya şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə təmin edilmişdir. Qərardaddan iddiaçı "xxxx" QSC şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3668/2022 nömrəli qərardadının ləğv edilməsini və müddətin bərpasına dair ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3668/2022 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 3668/2022 nömrəli qərardadından iddiaçı "xxxx" QSC tərəfindən verilmiş şikayətin təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3668/2022 nömrəli qərardadının ləğv edilməsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3668/2022 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizənin rədd edilməsi qərara alınmışdır. Cavabdeh MMC həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3668/2022 nömrəli qərardadının ləğv edilməsini, Cavabdeh MMC-nin apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpası barədə qərardad məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3668/2022 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 3668/2022 nömrəli qərardadından Cavabdeh MMC tərəfindən verilən şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cüil tarixlie-2-2(113)-3668/2022 nömrəli qərardadının ləğv olunması və "xxxx" MMC-in apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, sistemdəki yaranan xətadan dolayı şəxsi kabinetimə daxil ola bilməmiş və qətnaməni xx.xx.2022-ci il tarixində oxuya bilmişəm. Bu halı təsdiq edən sənədi də ərizəyə əlavə edirəm. Vəkil kimi hər bir işə məsuliyyətlə yanaşdığım üçün şəxsi kabinetimi hər gün izləyir və digər işlərlə birlikdə bağlı məlumatlarla tanış oluram. Qətnamənin xx.xx.2022-ci il tarixdə yerləşdirildiyi qeyd olunan qətnamə mənim şəxsi kabinetimə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Hazırda elektron məhkəmə portalında baş verən xətalar hamı kimi mənim də vəkillik fəaliyyətimə mənfi təsiredir. Dolayısı ilə, bu vətəndaşların da vəkilə olan inamının itməsi ilə nəticələnir. Qeyd etmək istəyirəm ki, əgər sistemdə xətalar olmasaydı məhkəmə öz qətnaməsini qanunvericiliyin tələblərini pozmaqla təxmini bir ay sonra daxil nəticə hissəsi elan edildikdən sonra əsaslandırılmış qətnamənin tərtib edilməsi 10 iş günü müddətinədək başa çatdırılmalıdır. Hesab edirik ki, məhkəmədə öz qətnaməsini bir ay sonra elektron portala yükləyirsə ya sistemdə problem mövcuddur və ya əksinə olaraq məhkəmə qərəzli mövqe göstərir. İlkin olaraq ötürülmüş müddətin bərpa edilməsi üçün təqdim etdiyimiz ərizənin məhkəmə tərəfindən təmin edilməsini nəzərə alaraq qətnamənin elektron portala gec yükləməsinin, məhkəmənin qərəzli və ya məsuliyyətsiz şəkildə qətnaməni gecikdirmək kimi deyil, elektron məhkəmə sistemində yaranan problemdən qaynaqlandığını düşünürük. Hər hansı səbəbdən məhkəmənin öz qətnaməsini 20 gün gec təqdim etməsini tərəf olaraq üzrlü hesab etdiyimiz halda məhkəmənin bizim 4 günlük müddətimizi üzrlü hesab edib sonradan öz qərardadını ləğv etməsi üçün hansı zərurətin yaranmasını anlaya bilmirik. Məhkəmə xx.xx.2023-cü il tarixli qərardadını ləğv edən xx.xx.2023-cu il tarixli qərardadında da qərardadı ləğv etməsinə səbəb olaraq eyni qaydada gecikməni qeyd etmişdir və məhkəmə üçün heç bir yeni hal aşkar olunmamışdır, dolayısı ilə məhkəmə həmin qərardadı qəbul edərkən bildiyi hallarla yenidən öz qərardadını ləğv edir. Xüsusi olaraq bildirmək istədiyim hallardan biridə odur ki, məhkəmə ötürülmüş müddətin bərpa edilməsi ilə bağlı qəbul etdiyi xx.xx.2023-cü il tarixli qəradaddında da qeyd etmişdir ki, "AZEMİS" elektron məhkəmə informasiya sisteminin fəaliyyətində müəyyən vaxtlarda nasazlıqların baş verdiyini və nəticədə məlumatların gec çatdırıldığını nəzərə alaraq ötürülmüş müddəti üzrlü hesab etmişdir. Eyni zamanda qeyd edimki "AZEMİS"-də həmin dövrdə yalnız mənim şəxsi kabinetimdə nazasıqlıq yaranmamışdır. Eyni dövrdə digər vəkil həmkarlarımızda eyni nasazlıqla rastlaşmışdır və onlarda da eyni nazasıqlı olduğu üçün məhkəmədə istifadə edə bilmək məqsədi ilə şəkillərini çəkib saxlamışıq. Zərurət yaranarsa məhkəmədə şahid qismində belə iştirak edib bu faktı təsdiq edə bilərlər. Həmin dövrdən sonra sistemdəki nazaslığın yaranmasına dair şəkilləri çəkib və bir qədər sonra öz şəxsi emailimdə saxlamışam ki, həmin şəkilləridə məhkəməyə təqdim edirəm. Əlavə olaraq qeyd edim ki, bu yaxınlarda analoji problemlər vəkil qismində iştirak etdiyim digər məhkəmə işlərimdə də baş vermişdir. Belə ki elektron kabinetimə e-2(010)-2256/2023 saylı iş üzrə gələn bildirişdə müvafiq tarixli qərardadın elektron kabinetə yerləşdirildiyi bildirilir lakin, həmin işin sənədlər bölməsinə daxil olduqda həmin tarixli qərardadın olmadığının şahidi oluruq. Bu halı da təsdiq edən şəkilləri məhkəməyə təqdim edirəm. Məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir. "Elektron məhkəmə" informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 gün ərzində işdə iştirak edən şəxslərin "Elektron məhkəmə" informasiya sistemində yaradılmışelektron kabinetlərində yerləşdirilməsini təmin edir. Bu məsələni sistemdə baş verən xətalarla əlaqələndirirəm. Hörmətli məhkəmə heyəti, elektronməhkəmə portalında baş verən texniki nasazlıqlar vəkillik fəaliyyətimi məhdudlaşdırır və vətəndaşa göstərilən hüquqi yardımın keyfiyyətsiz olmasıilə nəticələnir. Düşünürəm ki, elektronməhkəmə potalında yaranan texniki xətalar dolayısı ilə vətəndaşların məhkəmə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim müvəqqəti təminat tədbirləri haqqında qərardadı çıxardıqdan sonra dərhal, digər qərardadları isə 5 gün müddətində elektron imzası ilə təsdiq etməklə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir hakimiyyətinə və AzərbaycanRespublikasının Vəkillər Kollegiyasının üzvlərinə olan inamının azalmasınasəbəb olur. Müddətin bərpa edilməsi bu xüsusda vacib amillərdən birinəçevirilir. Müddətin bərpa edilməsi ilə yanaşı elektron məhkəmə portalında olan nöqsanların qabardılması və tezliklə öz həllinitapması vacibdir. Bunları və şikayətə əlavə etdiyim analoji işlərlə bağlı şəkilləri təqdim etməkdəki məqsədim məhkəmənin qərardadında qeyd etdiyi elektron sistemdəki nasazlıqların real olduğunu bildirməkdir. Məhkəməninelektron məhkəmə sistemində yaranan nasazlıqlara loyal yanaşaraq ,yaratdığı problemləri məhkəmə prosesində hər hansı tərəfin probleminə çevirməyəcəyinə ümid edirik. Eyni zamanda qeyd edirik ki, məhkəmə şikayətimizi təmin etməklə yekun məhkəmə aktı çıxarmış olmur yəni qarşı tərəfin əlehinə qərar qəbul etmiş olmur. Sadəcə olaraq vətəndaşa qanunvericilik tərəfindən tanınan hüquqlarından iustifadə edə bilməsinə köməklik edir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, əgər Azərbaycan Dəmir Yollarının iddiası haqlı iddiadırsa apellyasiya instansiyasında da qüvvəsində qalacaqdır ki,bunun üçün narahat olmaqlarına dəyməz. Bu hissədə qeyd etmək istəyirəm ki, məhkəmə hal hazırda mübahisələndirilən qərardadı xx.xx.2023-cü il tarixinndə qəbul etməsinə baxmayaraq elektron portala xx.xx.2023-cü il tarixində yəni 1 ay 12 gün sonra yerləşdirilmişdir. Qeyd etmək istəyirəm ki, məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə tərəfimizdən verilmiş şikayətin müddətin ötürülməsinə görə geri qaytarılması barədə qərardad qəbul etmişdir. Həmin qərardadın ötürülməsinə səbəb isə daha əvvəl forma və məzmununa uyğun olmayan formada şikayətin verilməsidir. Eyni zamanda biz xx.xx.2023cü il tarixli qərardadan şikayət verdiyimiz üçün müddət dahada uzanmışdır. Bütün yuxarıda göstərilən hallardan sonra bir neçə dəfə məhkəmə tərəfindən qərardad ləğv edilməyinə baxmayaraq yükunda yenidən ərizəyə baxaraq məhkəmə xx.xx.2023-cü il tarixində qəradad qəbul edərək müddətin bərpasına dair ərizəmizi təmin etmədi. Hesab edirik ki, məhkəmə dəfələrlə belə addımları bizim işə münasibətdə ataraq vaxtın çox keçməsini istəyir ki, apellyasiya instansiyasındada şikayətimiz təmin edilməsin.Qeyd edim ki elə bu son qərardadı da qəbul etdikdən 20 gün sonra elektron məhkəmə sisteminə əlavə etmişdir. Onuda qeyd edimki məhkəməyə edilən şikayətlərin və qərardadların sayının çoxluğundan hansı qəradada məhkəmə tərəfindən münasibət bildirilməyi məhkəmənin özü üçündə çətinılik yaradırdı. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3668/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3668/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 396.1-ci maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.5-ci maddəsinə əsasən, müddətin bərpasından imtina barədə qərardad çıxarılır. İş materiallarını nəzərdən keçirən məhkəmə müəyyən etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3668/2022 nömrəli qətnaməsi xx.xx.2023cü tarixdə imzalanmaqla avtomatik olaraq Cavabdeh MMC-nin nümayəndəsi, Vəkil elektron kabinetində yerləşdirilmişdir. Cavabdeh MMC isə həmin qərardaddan şikayəti xx.xx.2023-cü il tarixdə versə də, həmin günü məhkəmənin qərardadı ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı əlavəsində nəzərdə tutulmuş qaydada verilmədiyinə görə həmin şikayət geri qaytarılmış və təkrarən xx.xx.2023-cü il tarixdə vermişdir. Göründüyü kimiCavabdeh MMC qərardaddan şikayəti 8 gün gecikməklə xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, müddətin bərpası üçün əsaslar mövcud deyil. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3668/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3668/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar