Məhkəmə qərarları › İş №2-2(103)-986/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-986/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-986/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin (bundan sonra - iddiaçı) vəkili və nümayəndəsi Nümayəndə2 Xaqani qızının, Cavabdeh MMC-nin (bundan sonra - cavabdeh) nümayəndələri Qanuni nümayəndə2 və X1 iştirakı ilə iddiaçının cavabdehə və cavabdehin iddiaçıya qarşı pul tələblərinə dair iddia ərizələri ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-384/2021 nömrəli iş üzrə 27 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən tərəflər arasında olan 01.11.2016-cı il tarixli CPSX03/1116 nömrəli müqaviləyə və 04.01.2018-ci il tarixli CSSX122/65 nömrəli xidmət müqavilələrinə əsasən yaranmış 59.510 manat məbləğdə əsas borcun, 232.000 manat məbləğdə dəbbə pulunun, 10.000 manat əldən çıxmış faydanın, 7,75% hesabanmaqla 4.612 manat məbləğdə bank uçot dərəcəsinin və 30 manat məbləğdə dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh də iddiaçıya qarşı məhkəməyə iddia ərizəsi təqdim edərək, aralarında imzalanmış 04.01.2018-ci il tarixli CPSX122/65 nömrəli xidmət müqaviləsi üzrə onun avans kimi ödənilmiş 41.423,85 manat məbləğin və pandemiya dövründə əsassız məhkəmə iddiaları ilə iddiaçının ona vurduğu maddi ziyanın 10.000 manat dəyərdə müəyyən edilərək iddiaçıdan tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 16.03.2021-ci il tarixli qərardadı ilə cavabdehin iddiaçıya qarşı pul tələbinə dair e-2-2(113)-1248/21 nömrəli kommersiya mübahisəsi iddiaçının cavabdehə qarşı pul tələbi barədə e-2-2(113)-384/2021 nömrəli kommersiya mübahisəsinə dair işlə bir icraatda birləşdirilmişdir. Bakı Kommersiya Məhkəməsinin 27.04.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı iddiası qismən təmin edilmiş, 59.510 manat məbləğdə əsas borc, 2.000 manat məbləğdə dəbbə pulu olmaqla, ümumilikdə 61.510 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddiaçının iddiasının qalan hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 6 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehin iddiaçıya qarşı iddiasının rədd edilməsi və həmin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehə aid aid edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddiaçının iddiasının rədd edilməsini, cavabdehin iddiaçıya qarşı iddiasının təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlillərinə görə:

1. məhkəmə baxışı zamanı iddiaçı iddia predmetini dəyişmiş (pretenziya verilmə qaydalarına riayət edilmədən), tamamilə başqa, 01 noyabr 2016-cı il tarixli CPSX03/1116 nömrəli müqavilə üzrə qətnamə qəbul edilmişdir;

2. iddia ərizəsinə əlavə edilmiş guya “pretenziya məktubuna cavab məktubu” iddiaçı tərəfindən saxtalaşdırılmışdır. Bu, notarial qaydada təsdiq edilməklə iş materiallarına əlavə edilmiş imza sahibinin izahatında ona aid olmaması barədə ərizə ilə təsdiq edilsə də, onlar tərəfindən konkret əsaslar göstərilməklə sənədin saxta olduğu və bunun müəyyən edilməsi məqsədilə sənədin əslinin məhkəməyə təqdim edilməsi və ekspertizanın təyin edilməsinə dair vəsatətlərinə, hakim, bu barədə əsaslandırılmış qərardad qəbul etməli olduğu halda, əksinə vəsatəti rədd edərək, heç bir münasibət bildirməmişdir;

3. 31.12.2017-ci il tarixədək qüvvədə olmuş 01.12.2016-cı il tarixli CPSX03/1116 nömrəli müqavilə üzrə iddia müddətini keçmiş tələb icraatın aparılmasının yolverilməzliyi ilə bağlı ərizəyə nəinki məhkəmə prosesində, hətta məhkəmə qətnaməsində də heç bir münasibət bildirilməmişdir;

4. Hakim qətnamədə nəzərə almamışdır ki, iddia müddəti bitmiş müqavilə üzrə 2016-2017-ci illər aprel ayına kimi elektron qaimə anlayışı olmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinə elektron qaiməyə dair edilən əlavə yalnız 2017-ci ilin aprel ayında tətbiq olunub. Hakim nədənsə qətnamədə bu cür qaimələrə istinad edərək bildirir ki, cavabdeh tərəfindən 01.11.2016-cı il tarixli CPSX03/1116 nömrəli xidmət müqaviləsi üzrə 2017-ci ildə göstərilən xidmətlərə aid elektron qaimələr üzrə ödənişlərin aparılması ilə bağlı heç bir sübut təqdim olunmamışdır;

5. belə halda mövcud olması mümkün olmayan sənəd hakim tərəfindən tələb edilərək maliyyə uçotu sahəsində xüsusi bilik tələb edən məsələ üzrə öz şəxsi mülahizəsinə əsasən görülmüş işlərin həcmi və cavabdeh tərəfindən aparılmış ödənişləri müəyyən etmiş və üstəlik də bu hallar məhkəmə baxışında araşdırılmamışdır. Hakimin məhkəmə qətnaməsində istinad etdiyi 15.01.2018-ci il tarixli EAAG seriyalı bir sıra hesab fakturalar artıq tərəflər arasında imzalanmış 04 yanvar 2018-ci il tarixli CPSX 122/65 nömrəli müqavilənin qüvvədə olduğu dövr üzrə münasibətlərə aiddir. Lakin hakim onu 01.11.2016-cı il tarixli CPSX03/1116 nömrəli xidmət müqaviləsi üzrə münasibətlərə aid etmişdir;

6. 2016-cı ilin noyabr-dekabr, 2017-ci ilin yanvar-aprel aylarına kimi elektron qaimə anlayışı olmadığı bir halda hakim hansı biliyə malik olaraq 01 noyabr 2016-cı il tarixli CPSX03/1116 nömrəli müqavilə üzrə cavabdehin iddiaçıya borcunun olmasına dair qənaətə gələ bilər? Bu absurddur. Əgər 2018-ci ilin yanvar ayından başlayaraq ödənişlər məhz 04 yanvar 2018-ci il tarixli CPSX 122/65 nömrəli müqavilə üzrə aparılıbsa, necə ola bilər ki, 01 noyabr 2016-cı il tarixli CPSX03/1116 nömrəli müqavilə üzrə borc qala-qala 04 yanvar 2018-ci il tarixli CPSX 122/65 nömrəli müqavilə üzrə ödəniş aparılsın?

İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndələri şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, iddiaçının vəkili və nümayəndəsi şikayəti qəbul etməyib, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti ilə qətnamənin bütövlükdə ləğvi xahiş edilsə də, mübahisənin predmeti bölünən olduğu və iddiaçı tərəfindən də apellyasiya şikayəti verilmədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalı, qətnamə yalnız iddiaçının iddiası təmin olunan və cavabdehin iddiası rədd edilən hissələrdə, lakin apellyasiya şikayətinin dəlilləri (iddiaçının iddiası təmin olunan 59.510 manat məbləğdə əsas borc) həddə yoxlanılmalıdır. Bu kontekstdə, işdən müəyyən edilir ki, 01.11.2016-cı il tarixli CPSX03/1116 nömrəli xidmət müqaviləsinə əsasən icraçı (iddiaçı) "xxxx" MMC-nin istehsalı olan kisə sement məhsullarını öz nəqliyyat vasitələri ilə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə 1də göstərilən məntəqədən qeyd edilmiş şəhər və rayonlara təyin edilmiş qiymət tarifinə uyğun olaraq daşınması və sifarişçinin təyin etdiyi anbara boşaldılması xidmətlərini göstərməyi və sifarişçi “X4” MMC (cavabdeh) isə bu xidmət müqabilində icraçıya müvafiq haqq ödəməyi öhdəsinə götürmüşdür. 04.01.2018-ci il tarixli CPSX122/65 nömrəli xidmət müqaviləsinə əsasən icraçı (iddiaçı) "xxxx" MMC-nin istehsalı olan kisə sement məhsullarını öz nəqliyyat vasitələri ilə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə 1-də göstərilən məntəqədən qeyd edilmiş şəhər və rayonlara təyin edilmiş qiymət tarifinə uyğun olaraq daşınması və sifarişçinin təyin etdiyi anbara boşaldılması xidmətlərini göstərməyi və sifarişçi “X4” MMC (cavabdeh) isə bu xidmət müqabilində icraçıya müvafiq haqq ödəməyi öhdəsinə götürmüşdür. 23.09.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış “X4” MMC 13.11.2018-ci il tarixdə adının dəyişməsi nəticəsində Cavabdeh MMC adlandırılmışdır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən 15.01.2018-ci il tarixli EAAG 228220 nömrəli elektron qaiməyə əsasən 68.552,16 manat məbləğdə, EAAG 228781 nömrəli elektron qaiməyə əsasən 3.000 manat məbləğdə, EAAG 229368 nömrəli elektron qaiməyə əsasən 4.060 manat məbləğdə, EAAG 229811 nömrəli elektron qaiməyə əsasən 68.261,28 manat məbləğdə, 14.02.2018-ci il tarixli EAAH 036791 nömrəli elektron qaiməyə əsasən 26.275,57 manat məbləğdə, EAAH 036977 nömrəli elektron qaiməyə əsasən 3.000 manat məbləğdə, EAAH 037133 nömrəli elektron qaiməyə əsasən 31.866,10 manat məbləğə, EAAH 037227 nömrəli elektron qaiməyə əsasən 1.235 manat məbləğdə, 13.03.2018-ci il tarixli EAAH 677632 nömrəli elektron qaiməyə əsasən 3.000 manat məbləğdə, EAAH 677700 nömrəli elektron qaiməyə əsasən 93.850,71 manat məbləğdə, EAAH 677806 nömrəli elektron qaiməyə əsasən 4.100 manat məbləğdə, EAAH 677870 nömrəli elektron qaiməyə əsasən 35.702,69 manat məbləğdə, 12.04.2018-ci il tarixli EAAİ 333323 nömrəli elektron qaiməyə əsasən 75.264 manat məbləğdə, EAAİ 331752 nömrəli elektron qaiməyə əsasən 56.567,93 manat məbləğdə, 11.05.2018-ci il tarixli EAAJ ******* nömrəli elektron qaiməyə əsasən 154.219,81 manat məbləğdə, 18.05.2018-ci il tarixli EAAJ 236484 nömrəli elektron qaiməyə əsasən 102.103,52 manat məbləğdə, 19.06.2018-ci il tarixli EAAJ 918829 nömrəli elektron qaiməyə əsasən 01.11.2016-cı il tarixli CPSX03/1116 nömrəli müqavilə üzrə 155.282,19 manat məbləğində, EAAJ 918938 nömrəli elektron qaiməyə əsasən 85.393,51 manat məbləğdə, 18.07.2018ci il tarixli EAAK 665809 nömrəli elektron qaiməyə əsasən 49.083,70 manat məbləğdə, 24.07.2018-ci il tarixli EAAK 792474 nömrəli elektron qaiməyə əsasən 164.427,37 manat məbləğdə, 13.08.2018-ci il tarixli EAAL 324605 nömrəli elektron qaiməyə əsasən 63.053,05 manat məbləğdə, 14.09.2018-ci il tarixli EAAM 104808 nömrəli elektron qaiməyə əsasən 56.657,82 manat məbləğdə, 20.09.2018-ci il tarixli EAAM 216037 nömrəli elektron qaiməyə əsasn 30.866,21 manat məbləğdə, 21.09.2018-ci il tarixli EAAM 245260 nömrəli elektron qaiməyə əsasən 3.134,81 manat məbləğdə, 11.10.2018-ci il tarixli EAAM 773211 nömrəli elektron qaiməyə əsasən 13.220,90 manat məbləğdə, 19.10.2018-ci il tarixli EAAM 963953 nömrəli elektron qaiməyə əsasən 22.131,68 manat məbləğdə və 19.11.2018-ci il tarixli EAAN 703907 nömrəli elektron qaiməyə əsasən 138,58 manat məbləğdə cavabdehə xidmət göstərilmişdir. Tərəflər arasında tərtib olunmuş CPSX03/1116 nömrəli üzləşmə aktlarına əsasən 04.01.2018-ci il tarixli CPSX122/65 nömrəli müqavilə üzrə 2018-ci ilin mart ayı ərzində 56.567,93 manat məbləğdə və 2018-ci ilin aprel ayı üzrə 154.219,81 manat məbləğdə qum-çınqıl daşınmışdır. Tərəflər arasında tərtib olunmuş Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 01.03.2018-ci il tarixli 000269 nömrəli akta əsasən 04.01.2018-ci il tarixli CSSX122/65 nömrəli müqavilə üzrə 2018-ci ilin mart ayında ümumilikdə 75.264 manat məbləğdə yük daşınmışdır. Cavabdeh 01.11.2016-ci il tarixli CPSX03/1116 nömrəli müqaviləyə əsasən iddiaçıya nəqliyyat-daşıma xidmətlərinə görə 31.07.2018-ci il tarixli 145 nömrəli “A” formatlı ödəniş tapşırığı ilə 5.000 manat, 31.07.2018-ci il tarixli 153 nömrəli “A” formatlı ödəniş tapşırığı ilə 20.000 manat, 29.08.2018-ci il tarixli 311 nömrəli “A” formatlı ödəniş tapşırığı ilə 26.000 manat, 29.08.2018-ci il tarixli 446 nömrəli “A” formatlı ödəniş tapşırığı ilə 102.591 manat, 29.08.2018-ci il tarixli 660 nömrəli “A” formatlı ödəniş tapşırığı ilə 23.000 manat, 30.08.2018-ci il tarixli 1051 nömrəli “A” formatlı ödəniş tapşırığı ilə 5.000 manat, 26.09.2018-ci il tarixli 1294 nömrəli “A” formatlı ödəniş tapşırığı ilə 190.00 manat, 26.09.2018-ci il tarixli 1812 nömrəli “A” formatlı ödəniş tapşırığı ilə 30.567 manat və 26.09.2018-ci il tarixli 1852 nömrəli “A” formatlı ödəniş tapşırığı ilə 36.000 manat ödəmişdir. 13.08.2020-ci il tarixli maliyyə arayışına əsasən 01.01.2018-ci il tarixdən 13.08.2020-ci il tarixə qədər CPSX03/1116 nömrəli müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə 1.374.448,59 manat dəyərdə xidmət göstərilmiş, bu müddət ərzində cavabdeh tərəfindən 1.281.999 manat məbləğdə ödəniş edilmişdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 850.1-ci maddəsinə görə, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.03.2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, daşıma müqaviləsinə əsasən ona göstərilən nəqliyyat-daşıma xidmətlərinin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə tam icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya qalan borcunu ödəməlidir. Bu mənada, məhkəmə kollegiyası əvvəlcə cavabdehin iddiasına münasibətdə sonrakıları bildirir. İddianın əsaslarına görə, iddiaçının göstərdiyi xidmət və təqdim etdiyi hesab fakturaların ümumi həcmi 1.230.575,15 manat təşkil etdiyi halda cavabdeh tərəfindən ayrı-ayrı vaxtlarda 1.271.999 manat vəsait ödənilmişdir ki, bundan da 41.423,85 manat vəsait avans məbləği olmuşdur. İşdə olan 23 ədəd elektron qaimə üzrə ümumi məbləğ 1.230.575,15 manat təşkil edir və həmin elektron qaimələrin hamısı 04.01.2018-ci il tarixli CPSX122/65 nömrəli xidmət müqaviləsi üzrə tərtib olunmuşdur. Lakin iddiaçının iddiasının əsasını yalnız 04.01.2018-ci il tarixli CPSX122/65 nömrəli xidmət müqaviləsi deyil, həmçinin, 01.11.2016-cı il tarixli CPSX03/1116 nömrəli xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi təşkil edir. Sübut kimi təqdim olunan 4 ədəd elektron qaimə 2018-ci ildə tərtib olunsa da, 01.11.2016-cı il tarixli CPSX03/1116 nömrəli xidmət müqaviləsi üzrə 2017-ci ildə göstərilən xidmətlərə aiddir. Lakin cavabdeh tərəfindən 01.11.2016-cı il tarixli CPSX03/1116 nömrəli xidmət müqaviləsi üzrə 2017-ci ildə göstərilən xidmətlərə aid elektron qaimələr üzrə ödənişlərin aparılması ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Əgər 41.423,85 manat məbləği avans kimi ödənilmişdisə, bununla bağlı Məhkəməyə həmin ödənişin məhz avans ödənişi kimi həyata keçirildiyini təsdiq edən sənəd təqdim olunmalı idi. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, həmin ödəniş 01.11.2016-cı il tarixli CPSX03/1116 nömrəli xidmət müqaviləsi üzrə 2017-ci ildə göstərilən xidmətlərə aid elektron qaimələr üzrə aparılmış ödənişdir və həmin vəsaitin geri qaytarılması ilə bağlı iddia da əsassızdır. Eyni qaydada, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, şikayətin birinci dəlili əsaslı deyil. Əvvəlcə, cavabdeh ona pretenziya göndərildiyini mübahisə etmir. O, iddiaçının iddianın predmetini dəyişməsinə və 01.11.2016-cı il tarixli müqavilə üzrə də qətnamə qəbul edilməsinə etiraz edir ki, MPM-in həmin dövrdə qüvvədə olan redaksiyada 53-cü maddəsinə görə, “İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır.” İşdə olan pretenziyadan isə görünür ki, iddiaçı daşıma xidmətlərinin göstərilməsinə görə cavabdehdən 59.510 manat tələb edir və hazırkı iddia tələbi də əsas borc hisssədə məhz bu məbləğlə bağlıdır. Şikayətin ikinci dəlili də əsassızdır və bu dəlil cavabdehin mülki və mülki prosessual hüquqlardan hansı qaydada istifadə etdiyinin göstəricisidir. Belə ki, Mülki Məcəllənin 5.3cü maddəsinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. MPM-in 47.1-ci maddəsinə əsasən də, “İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.” Lakin həm işdən, həm də məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfin e-mail ünvanına daxil olunaraq yerində aparılan müayinədən məlum olmuşdur ki, iddiaçının pretenziya məktubuna cavabdehin mübahisə etdiyi 16.12.2019-cu il tarixli cavab məktubu (iş vərəqi-122, 2-ci cild) 417 KB həcmli pdf121 adlı pdf formatlı faylda (iş vərəqi-152, 2-ci cild) məhz onun hazırkı prosesdə nümayəndəsi qismində çıxış edən nümayəndəsi, müəssisənin baş mühasibi vəzifəsində işləyən X2 məxsus mailto:isgenderov.mehman@bk.ruElektron ünvan elektron ünvanından, lakin məktubda adı qeyd edilən direktor Şaiq Musayev tərəfindən deyil, M.İsgəndərovun özü tərəfindən imzalanaraq və qurumun möhürü vurularaq, göndərilmişdir. M.İsgəndərovun işdə olan, baş mühasib və prosesdə nümayəndə qismində imzaladığı çox sayda sənədlər də imzanın ona məxsusluğunu adi gözlə də birmənalı təsdiq edir. Baxmayaraq ki, M.İsgəndərov, yerində sübut edilənə qədər, hətta 16.12.2019-cu il tarixli məktubun da onun elektron ünvanından göndərilmədiyini, heç bir sənədi göndərmədiyini və imzalamadığını bildirirdi. Odur ki, cavabdehin, onun baş mühasibi tərəfindən imzalanıb, müəssisənin möhürü vurularaq, baş mühasibinin e-mail ünvanından iddiaçıya göndərilən, başqa sözlə, iddiaçının sözügedən prosesə hər hansı müdaxiləsinin mümkünsüz olduğu bir sənəddəki imza və möhürü mübahisə edərək, həqiqiliyinin yoxlanması barədə ekspertizanın keçirilməsini tələb etməsi də, prosessual hüquqlardan qeyri-vicdani istifadənin təzahürüdür. Məhkəmə kollegiyası cavabdehin, iddiaçının ona təqdim etdiyi elektron qaimələrə dair siyahıların 5-ci sıradan başlayaraq, yəni iş üzrə əsas mübahisəli məqam sayılan 01.11.2016-cı il tarixli CPSX03/1116 nömrəli xidmət müqaviləsinə istinad edən 15.01.2018-ci il tarixli EAAG 228220, 228781, 229368 və 229811 nömrəli 4 elektron qaiməni siyahılardan çıxararaq, təqdim etməsinə də, Məhkəməni açıqca yanıltmaq cəhdi kimi qiymətləndirərək, tənqidi yanaşır. Şikayətin üçüncü dəlili də əsaslı deyil. Belə ki, cavabdeh mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etməmişdir. Belə bir ərizənin təqdim olunduğu fərz edilsə, o halda iddia müddətinin keçmədiyi aşkar olar. Çünki, 01.11.2016-cı il tarixli CPSX03/1116 nömrəli xidmət müqaviləsinin 13.8-ci bəndinə görə, müqavilə 31.12.2017-ci il tarixədək qüvvədə qalır, iddia ərizəsi isə 23.01.2020-ci il tarixdə göndərilmişdir. Şikayətin dördüncü dəlili də əsassızdır. Belə ki, cavabdeh tərəfindən 01.11.2016-cı il tarixli CPSX03/1116 nömrəli xidmət müqaviləsi üzrə 2017-ci ildə göstərilən xidmətlərə aid elektron qaimələr üzrə ödənişlərin aparılması ilə bağlı sübutlar birinci instansiya məhkəməsinə təqdim olunmadığı kimi, apellyasiya şikayətinə də əlavə olunmamışdır. Şikayətin beşinci dəlili də əsaslı deyil. Belə ki, cavabdeh 5 gün müddətdə həmin qaimələrə etiraz etmədiyi üçün 01.11.2016-cı il tarixli CPSX03/1116 nömrəli xidmət müqaviləsinə istinad edən 15.01.2018-ci il tarixli EAAG 228220, 228781, 229368 və 229811 nömrəli 4 elektron qaimə qüvvədədir, cavabdeh CPSX 03/1116 nömrəli 01.11.2016-ci il tarixli müqaviləyə əsasən iddiaçıya nəqliyyat-daşıma xidmətlərinə görə “A” formatlı ödəniş tapşırıqları ilə hətta 2018-ci ilin iyul, avqust və sentyabr aylarında da ödənişlər etdikdən sonra yenidən 04.01.2018-ci il tarixli CPSX122/65 nömrəli müqavilənin qüvvədə olduğu dövrə istinad etməsi anlaşılmazdır. Bundan başqa, 15.01.2018-ci il tarixli elektron qaimələrlə ödənilməsi tələb edilən xidmətlərin 04.01.2018-ci il tarixdən qüvvədə olan müqaviləyə əsasən, yəni 11 gün ərzində görülməsi ağlabatan və inandırıcı olmamaqla, texniki cəhətdən də mümkün deyil. Cavabdehin özü də bunu irəli sürmür. Digər tərəfdən, 15.01.2018-ci il tarixli elektron qaimələrdə 01.11.2016-cı il tarixli CPSX03/1116 nömrəli xidmət müqaviləsinin qeyd olunması da əksi cavabdeh tərəfindən sübuta yetirilməli mötəbər dəlildir. Şikayətin altıncı dəlili də əsassızdır. Belə ki, mübahisəli 4 elektron qaimə 15.01.2018-ci il tarixlidir və cavabdehin hansı “elektron qaimə anlayışı olmadığı bir halda”n bəhs etməsi konkret normativ hüquqi akta istinad etmədiyi üçün, açıqlanmır. Çünki, Vergi Məcəlləsinin bu qətnamədə tətbiq edilən 71-1-ci maddəsi, həmçinin “Elektron qaiməfakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları” 15.01.2018-ci il tarixdə qüvvədə idilər. Göründüyü kimi, tərəflər arasında nəqliyyat-daşıma ilə bağlı mülki hüquq münasibətlərinin qurulması, bu xidmətlərə görə cavabdehin iddiaçıya 59.510 manat məbləğdə əsas borcunun yaranması 01.11.2016-cı il tarixli CPSX03/1116 nömrəli və 04.01.2018-ci il tarixli CPSX122/65 nömrəli xidmət müqavilələri, elektron qaimələr, üzləşmə aktları, göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında akt, cavabdehin xidmət müqavilələrinə əsasən nəqliyyat-daşıma xidmətlərinə görə etdiyi “A” formatlı və ümumilikdə 1.281.999 manat məbləğdə ödənişləri ilə təsdiq olunur, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımaqla, öhdəliyin icrasından yayınmaq cəhdindən ibarətdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ilk iddianın qismən təmin, qarşılıqlı iddianın isə rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-384/2021 nömrəli iş üzrə 27 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar