Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-99/2022 11.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə4 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3120/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 15.07.2021-ci il tarixli qətnaməsindən cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı "xxxx" MMC cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 noyabr 2005-ci il tarixdə cavabdeh ilə iddiaçı arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 0641 nömrəli müqaviləyə 29.12.2016-cı il tarixdən etibarən xitam verilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 15.07.2021-ci il tarixli e-2-2(113)-3120/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının eyni məzmunlu müraciəti əsasında belə bir fakt dayanır ki, iddiaçı icarəyə götürdüyü torpaq sahəsini onun üzərində inşa edilmiş əmlak kompleksi ilə birlikdə başqa şirkətə borc əvəzinə vermişdir və bu səbəbdən torpaq sahəsindən istifadə etmir. Bakı şəhər İcra Hakimiyyətinə ilk olaraq 15 dekabr 2016-cı il tarixdə olmuş və həmin müraciətə Bakı ŞİH tərəfindən 29 dekabr 2016-cı il tarixdə cavab verilmişdir. Cavabda qeyd edilmişdir ki, “məhkəmə qərarları və tikinti kompleksinin başqa fiziki şəxslərin mülkiyyətinə verilməsi barədə notarial qaydada təsdiq olunmuş müvafiq sənədlər (DƏDRX-nın çıxarışı və s.) təqdim edildikdən sonra məktubda qaldırılan məsələyə baxıla bilər”. Məhz bu cavabdan sonra iddiaçı 29.12.2016-cı il tarixdə yenidən eyni məzmunlu məktubla Bakı ŞİH-nə müraciət etmiş və müraciətinə “Kaptol” firmasının çıxarışını və 21.06.2007-ci il tarixli 287 saylı sərəncamı əlavə etmişdir. Göründüyü kimi iddiaçının müraciətinə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mahiyyəti üzrə cavab verilməmiş və bunun səbəbi iddiaçının lazımi sənədləri təqdim etməməsi olmuşdur. İşə baxan məhkəmə isə işin faktiki hallarını və nə də iddiaçı tərəfindən təqdim olunmuş sənədlərdəki məlumatları real olaraq araşdırmamışdır. Məhkəmə iddiaçıya icarə əsasında ayrılmış torpaq sahəsindən iddiaçının istifadə etməməsinin səbəblərini və bu səbəblərin qanuni olmasına hüquqi qiymət verməmiş və nəzərə almamışdır ki, icarədə olan torpaq sahəsi icarəçi tərəfindən borcun əvəzi kimi ödəmə vasitəsi ola bilməz. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətinə etiraz etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, 23 noyabr 2005-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında 0641 №-li müqavilə bağlanmış, Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, dənizkənarı istirahət-çimərlik zonalarının cənub hissəsində ayrılmış 11 ha torpaq sahəsi 49 il müddətinə icarəyə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 21.06.2007-ci il tarixli Sərəncamına əsasən İddiaçınə ayrılmış 11.0 ha ərazidən 7.0 ha torpaq sahəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilmişdir. 2010-cu ildə həmin ərazidə mehmanxana və istirahət kompleksi inşa edilərək, istismara verilmiş, həmin il həmin mehmanxana və istirahət kompleksi ilə bağlı məhkəmə mübahisələri olmuş, bu kompleks yerləşdiyi torpaq sahəsi ilə birlikdə başqa şirkətə, sonradan isə müxtəlif fiziki şəxslərin mülkiyyətinə verilmişdir. İddiaçı 29 dekabr 2016-cı il tarixli məktubla 23 noyabr 2005-ci il tarixli 0641 nömrəli müqavilədə göstərilən torpaq sahəsindən imtina etməsi və həmin torpaq sahəsinə dair icarə müqaviləsinə xitam verilməsi barədə cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçı bildirir ki, icarə müqaviləsinin predmeti olan torpaq sahəsində inşa edilmiş mehmanxana və istirahət kompleksi artıq 5 ildir ki, müxtəlif fiziki şəxslərin mülkiyyətindədir. İddiaçı MMC də öz növbəsində bir neçə ildir ki, öz fəaliyyətini dayandırmış. 6 ilə yaxındır ki, cəmiyyət icarə müqaviləsinin predmeti olan torpaq sahəsindən istifadə etmir. İddiaçı tərəfindən cavabdehə müraciət edilərək, 23 noyabr 2005-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında «torpaq sahəsinin icarəyə verilməsi» haqqında 0641 №-li müqavilədə göstərilən torpaq sahəsindən imtina etdiyini bildirilmiş, həmin müqaviləyə hazırki ərizəni aldıqları tarixdən xitam verildiyinin nəzərə alınması və müraciətimizin 15 gün müddətində cavablandırılması xahiş olunmuşdur. Həmin müraciət 88 saylı, 29 dekabr 2016-cı il tarixli məktubla cavablandırılmış və məktubda «məhkəmə qərarları və tikinti kompleksinin başqa fiziki şəxslərin mülkiyyətinə verilməsi barədə sənədlər təqdim edildikdən sonra məsələyə baxıla biləcəyi» göstərilmişdir. Məhkəmə qərarları və müvafiq sənədlər cavabdehə təqdim edildikdən sonra 08.02.2017-ci il tarixli məktubla iddiaçıya cavab verilmiş və icarə müqaviləsinə xitam verilməsi barədə iddia ilə məhkəmə orqanlarına müraciət edilməsi göstərilmişdir. Cavabdeh iddiaya etiraz edir və öz etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: Torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə (1-ci abzas); Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə (11-ci abzas); Həmin Məcəllənin 75-ci maddəsinin 1-ci bəndinə əsasən, Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Həmin Məcəllənin 75-ci maddəsinin 2-ci bəndinə əsasən, qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verilir. Hazırki işdə də qeyd olunan maddi hüquq normalarının dispozitiv şərtləri mövcuddur. Belə ki, iddiaçıya ayrılmış torpaq sahəsi üzərində yerləşən tikililərin başqa şəxsin mülkiyyətinə keçməsi və bu səbəbdən iddiaçının torpaq sahəsindən könüllü imtina etməsi işin mübahisəsiz halını təşkil edir. Göründüyü kimi qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri baxımından bu hallar torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi üçün əsas hesab olunur. Ona görə də, tərəflər arasında olan icarə müqaviləsinə iddiaçı tərəfindən torpaqdan könüllü imtina etməsi ilə bağlı cavabdehə ərizə verdiyi 29 dekabr 2016-cı il tarixdən xitam verilmiş hesab edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3120/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 15.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-99/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-99/2022
11.01.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver