Məhkəmə qərarları › İş №2-2(103)-99/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-99/2024

25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-99/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qanuni nümayəndə MMC-nin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbi”nə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-2623/2023 saylı, 22 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı Qanuni nümayəndə MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Qanuni nümayəndə MMC Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qanuni nümayəndə MMC ilə Cavabdeh arasında bağlanılmış müqavilə əsasında Qanuni nümayəndə MMC tərəfindən Cavabdeh üçün görülmüş tikinti quraşdırma işlərin dəyəri olan 9.392.776,13 manat borcun Cavabdeh ASC-dan tutularaq Qanuni nümayəndə MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qanuni nümayəndə MMC Cavabdeh ASC ilə razılığa gələrək, aralarında müqavilə bağlanılmış, həmin müqavilə əsasında Qanuni nümayəndə MMC tərəfindən Cavabdeh üçün tikinti quraşdırma işləri görülməsinə baxmayaraq, görülmüş işlərin dəyəri olan 9.392.776,13 manat məbləğində borc bu günə qədər ödənilməmişdir. Dəfələrlə görülmüş işlərin dəyərinin ödənilməsi ilə bağlı cavabdeh tərəfə müraciət etsələr də, müraciətləri nəticəsiz qalmışdır. Həmçinin bununla bağlı pretenziya məktubu göndərilmiş və mübahisənin məhkəməyə qədər həll olunması qaydasına əməl olunmuşdur. Lakin qarşı tərəf göndərilən pretenziya məktubuna da cavab verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin qeyd hissəsinə əsasən kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür.

3. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, məlum olduğu kimi Cavabdeh ilə Qanuni nümayəndə MMC arasında xx.xx.2020-ci il tarixində 7.285.374,04 manat vəsaitlə bağlı üzləşmə aktı imzalanmışdır. Hesab edirlər ki, sözügedən üzləşmə aktı iddia müddəti ötürüldükdən sonra imzalanmış və buna görə də 7.285.374,04 manat məbləği üzrə iddia müddəti tətbiq edilməlidir. Belə ki, Cavabdeh ilə Qanuni nümayəndə MMC arasında bağlanmış müqavilələrdən sonuncunun bitmə tarixi xx.xx.2016-cı il kimi müəyyən edilmişdir. Üzləşmə aktı isə xx.xx.2020-ci ildə tərtib edilmişdir. Göründüyü kimi üzləşmə aktı müqavilələrin bitmə müddətindən 3 il 14 gün sonra imzalanmışdır. Odur ki, bu mübahisə ilə bağlı 3 illik iddia müddəti ötürülmüşdür.

4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2623/2023 saylı, 22 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və mediasiya xərcləri iddiaçıya aid edilmişdir.

5. İddiaçı Qanuni nümayəndə MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsnin xx.xx.2023-cü il tarixli e-2-2(1123)-2623/2023 nömrəli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, məhkəmə xx.xx.2020-ci il tarixli qarşılıqlı üzləşdirmə aktını borcun etirafı kimi qəbul etməyərək, iddia müddətinin ötürülməsini əsas gətirərək iddia tələbini rədd etmişdir. Halbuki xx.xx.2020-ci il tarixli Qarşılıqlı üzləşdirmə aktında qarşı tərəf borcunu açıq-aydın etiraf etmiş və Aktı öz imza möhürü ilə təsdiq etmişdir. Bundan əlavə, cavabdeh tərəf də,borcunun olduğunu məhkəmə iclasında etiraf etmişdir. Mülki Məcəllənin 380.1-ci və 380.2-ci maddələrinə əsasən borcun etirafı iddia müddətinin axımını dayandırır. Mülki Məcəllənin 380.1-ci maddəsinin tələbinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Qarşılıqlı üzləşmə aktı xx.xx.2020-ci il tarixdə tərtib olunduğuna görə 3 illik iddia müddəti xx.xx.2023-cü il tarixdə başa çatır. İddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət edildiyini nəzərə alaraq, iddia müddəti ötürülməmişdir. Lakin məhkəmə tərəfindən maddi hüquq norması pozularaq, iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbi rədd edilmişdir. Beləki, işlər faktiki olaraq tərəfimizdən yerinə yetirilmişdir, icra edilmiş işlər sifarişçinin GİS bazasında işlənilmiş və faktiki icra edilmiş işlər yenidən yoxlanılmalıdır. Sifarişçi icra edilmiş işlərin əvəzini ödəmədən bu işdən gəlirlər əldə edir. Bundan əlavə, 2107402,09 manat iddia ilə bağlı təsdiq edilmiş forma ikilərdə işlərin hansı layihə üzrə icra edildiyi açıq qeyd edilmişdir. Həmin işlər qarşılıqlı üzləşmə aktı imzalanmamışdan 2 il əvvəl icra edilmişdir (2018-ci il fevral ayı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

9. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

12. Həmin Məcəllənin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

13. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən qanuna görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur.

14. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

16. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən tələb, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa (icraata) qəbul edilir.

17. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə vəziyyətdə iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

18. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

19. Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

20. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

21. İddia müddətləri müvafiq tərəfin iddia qaldırması üçün nəzərdə tutulan vaxt məhdudiyyətini müəyyən edir. İddia qaldırması üçün ağlabatan müddətlərin tətbiq edilməsi və iddia qaldırmanın prosessual şərtlərinin müəyyən edilməsi hüquqi müəyyənlik prinsipini və qərarların qətiliyini təmin etməklə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə şərait yarada və potensial cavabdehləri zaman keçdiyinə görə təkzib edilməsi çətin olan biləcək köhnə iddialardan qoruya bilər (AİHM, “MPP Qolub Ukraynaya qarşı iş üzrə xx.xx.2005-ci il tarixli qərarı).

22. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

23. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

24. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır.

25. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir

27. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

28. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

30. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.

33. Qanuni nümayəndə MMC (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında xx.xx.2011- ci il tarixli R/İ/L-009/11 saylı müqavilə bağlanmışdır.

34. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin satın alınması üçün icraçının 44.100.000 manat (ƏDV ilə birlikdə) məbləğində təklifini qəbul etmişdir.

35. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən icraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin yerinə yetirilməsini öhdəsinə götürür. Yerinə yetirilmiş işlər icraçının təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda icraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir.

36. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin (malların və xidmətlərin) icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür.

37. Həmin müqavilənin 14.2-ci bəndinə əsasən müqavilə sifarişçi və icraçı tərəfindən imzalandığı andan qüvvəyə minir. Müqavilə tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir.

38. Qanuni nümayəndə MMC (icraçı) ilə Cavabdeh(sifarişçi) arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə dair xx.xx.2013-cü il tarixində 01 nömrəli əlavə razılaşma imzalanmışdır. Əlavə razılaşmaya görə tərəflər aşağıda qeyd olunanlarla bağlı razılığa gəldilər: 1.1. Müqavilə üzrə görüləcək işlərin artması ilə əlaqədar müqavilənin dəyərinin ƏDV daxil olmaqla 23.400.000 manat artaraq ƏDV daxil olmaqla 67.500.000 manat təşkil edir. Müqavilənin 2.1-ci bəndi aşağıdakı redaksiyada verilsin: 2.1. Müqavilənin müddəti dəyişməz olaraq qalır.

39. Əlavə razılaşma tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir.

40. Qanuni nümayəndə MMC (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə dair xx.xx.2014-cü il tarixində 03 nömrəli əlavə razılaşma imzalanmışdır.

41. Razılaşmadan görünür ki, tərəflər xx.xx.2013-cü il tarixində 02 nömrəli razılaşma imzalayaraq müqavilənin müddətinin xx.xx.2013-cü il tarixindən xx.xx.2014-cü il tarixinə qədər uzatmışlar. Hazırda müqavilə üzrə görüləcək işlərin həcmi artmışdır.

42. Əlavə razılaşmaya görə tərəflər aşağıda qeyd olunanlarla bağlı razılığa gəldilər: 1.1. Müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 9.500.000 manat artırılaraq ƏDV daxil olmaqla 77.000.000 manat təşkil edir. 2.1. Müqavilənin müddəti dəyişməz olaraq qalır.

43. Əlavə razılaşma tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir.

44. Qanuni nümayəndə MMC (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə dair xx.xx.2014-cü il tarixində 04 nömrəli əlavə razılaşma imzalanmışdır.

45. Əlavə razılaşmaya görə tərəflər aşağıda qeyd olunanlarla bağlı razılığa gəldilər: 1.1. Müqavilənin müddəti xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinə qədər uzadılır. 2.1. Müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 3.000.000 manat artırılaraq ümumi dəyəri ƏDV daxil olmaqla 80.000.000 manat təşkil edir.

46. Əlavə razılaşma tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir.

47. Qanuni nümayəndə MMC (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə dair xx.xx.2016-cı il tarixində 06 nömrəli əlavə razılaşma imzalanmışdır.

48. Razılaşmadan görünür ki, tərəflər xx.xx.2015-ci il tarixində 05 nömrəli razılaşma imzalayaraq müqavilənin müddətinin xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinə qədər uzatmışlar. Hazırda müqavilə üzrə görüləcək işlərin həcmi artmışdır. Əlavə razılaşmaya görə tərəflər aşağıda qeyd olunanlarla bağlı razılığa gəldilər: 1.1. Müqavilə tərəflər öhdəliklərini yerinə yetirdiyi müddət ərzində qüvvədə qalır. 2.1. Müqavilənin dəyəri ƏDV daxil olmaqla 500.000 manat artaraq və ümumi dəyər ƏDV daxil 80.500.000 manat təşkil edir.

49. Əlavə razılaşma tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir.

50. 2018-ci ilin Fevral ayında yerinə yetirilmiş tikinti quraşdırma işlərinin qəbulu aktına (Forma 2) əsasən müəyyən edilir ki, xx.xx.2011-ci il tarixli R/İ/L-009/11 saylı müqavilə üzrə Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı görülmüş işlərin ümumi dəyəri (ƏDV daxil) 19.238,72 manat təşkil edir.

51. Akt tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir.

52. 2018-ci ilin Fevral ayında yerinə yetirilmiş tikinti quraşdırma işlərinin qəbulu aktına (Forma 2) əsasən müəyyən edilir ki, xx.xx.2011-ci il tarixli R/İ/L-009/11 saylı müqavilə üzrə Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı görülmüş işlərin ümumi dəyəri (ƏDV daxil) 283.845,41 manat təşkil edir.

53. Akt tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir.

54. Fevral 2018-ci il tarixində yerinə yetirilmiş podrat işlərinin dəyəri haqqında arayışdan (Forma 3) görünür ki, xx.xx.2011-ci il tarixli R/İ/L-009/11 saylı müqavilə (Biləsuvar) üzrə yerinə yetirilmiş podrat işlərinin dəyəri (ƏDV daxil) 303.084,13 manat təşkil etmişdir.

55. Arayış tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir.

56. Qanuni nümayəndə MMC (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında xx.xx.2014-cü il tarixli R/İ/T-008/14 saylı işlər üzrə satınalma müqaviləsi bağlanmışdır.

57. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması“ layihəsi çərçivəsində Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin satın alınması üçün icraçının ümumi dəyəri 307.000.000 manat (2014-cü il üzrə ƏDV daxil olmaqla 1.000.000 manat vəsait ayrılır) (ƏDV daxil) məbləğində təklifini qəbul etmişdir.

58. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən icraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərin yerinə yetirilməsini öhdəsinə götürür. Yerinə yetirilmiş işlər icraçının təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda icraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir.

59. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin (malların və xidmətlərin) icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür.

60. Həmin müqavilənin 14.2-ci bəndinə əsasən müqavilə sifarişçi və icraçı tərəfindən imzalandığı andan qüvvəyə minir. Müqavilə tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. Qanuni nümayəndə MMC (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2014-cü il tarixli R/İ/T-008/14 saylı müqaviləyə dair xx.xx.2014-cü il tarixində 01 nömrəli əlavə razılaşma imzalanmışdır.

61. Əlavə razılaşmaya görə tərəflər aşağıda qeyd olunanlarla bağlı razılığa gəldilər: 1.1. Müqavilə üzrə 2014-cü il üçün ƏDV daxil olmaqla 6.000.000 manat vəsait artırılaraq ƏDV daxil olmaqla 7.000.000 manat təşkil edir. 2.1. Müqavilənin ümumi dəyəri dəyişilmir. 2.2. Müqavilə üzrə işlərin bitmə tarixi dəyişilmir.

62. Əlavə razılaşma tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir.

63. 2018-ci ilin Fevral ayında yerinə yetirilmiş tikinti quraşdırma işlərinin qəbulu aktına (Forma 2) əsasən müəyyən edilir ki, xx.xx.2014-cü il tarixli R/İ/T-008/14 saylı müqavilə üzrə Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı görülmüş işlərin ümumi dəyəri (ƏDV daxil) 79.052,85 manat təşkil edir.

64. Akt tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir.

65. Fevral 2018-ci il tarixində yerinə yetirilmiş podrat işlərinin dəyəri haqqında arayışdan (Forma 3) görünür ki, R/İ/T-008/14 saylı müqavilə (Lənkəran) üzrə yerinə yetirilmiş podrat işlərinin dəyəri (ƏDV daxil) 79.052,85 manat təşkil etmişdir.

66. Arayış tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir.

67. Qanuni nümayəndə MMC (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında xx.xx.2015- ci il tarixli KL/İ/T-111/15 saylı işlər üzrə satınalma müqaviləsi bağlanmışdır.

68. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi Cavabdeh su təchizatı və kanalizasiya xətlərinin layihələndirilməsi və tikintisi layihəsi çərçivəsində Salyan şəhərinin su təchizatı sisteminin yaxşılaşdırılması işlərinin satın alınması üçün icraçının 1.900.000 manat (ƏDV daxıl) məbləğində təklifini qəbul etmişdir.

69. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən icraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan Cavabdeh ASC-nin su təchizatı və kanalizasiya xətlərinin layihələndirilməsi və tikintisi layihəsi çərçivəsində Salyan şəhərinin su təchizatı sisteminin yaxşılaşdırılması işlərinin yerinə yetirilməsini öhdəsinə götürür. Yerinə yetirilmiş işlər icraçının təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda icraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir.

70. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin (malların və xidmətlərin) icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür.

71. Həmin müqavilənin 14.2-ci bəndinə əsasən müqavilə sifarişçi və icraçı tərəfindən imzalandığı andan qüvvəyə minir.

72. Müqavilə tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir.

73. Qanuni nümayəndə MMC (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2015-ci il tarixli KL/1/T-111/15 saylı müqaviləyə dair xx.xx.2016-cı il tarixində 01 nömrəli əlavə razılaşma imzalanmışdır.

74. Əlavə razılaşmaya görə tərəflər aşağıda qeyd olunanlarla bağlı razılığa gəldilər: 1.1. Müqavilə üzrə görüləcək işlərin artması ilə əlaqədar müqavilənin dəyərinin ƏDV daxil olmaqla 250.000 manat artmasını nəzərə alaraq, müqavilənin 2.1-ci bəndi aşağıdakı redaksiyada verilsin: 2.1. Tərəflər təsdiq edirlər ki, sifarişçi Salyan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi çərçivəsində Salyan şəhərinin su təchizatı sisteminin yaxşılaşdırılması işlərinin satın alması üçün icraçının 2.150.000 manat (ƏDV daxil) məbləğində təklifini qəbul etmişdir. 2.1. Müqavilənin xüsusi şərtlərinin 21-ci bəndinin birinci abzası aşağıdakı redaksiyada verilsin: 21. Müqavilə 25 dekabr 2015-ci il tarixində qüvvəyə minir və tərəflər öhdəliklərini yerinə yetirdiyi müddət ərzində qüvvədə qalır.

75. Əlavə razılaşma tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir.

76. 2018-ci ilin Fevral ayında yerinə yetirilmiş tikinti quraşdırma işlərinin qəbulu aktına (Forma 2) əsasən müəyyən edilir ki, xx.xx.2015-ci il tarixli KL/İ/T-111/15 saylı müqavilə üzrə Salyan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması ilə bağlı görülmüş işlərin ümumi dəyəri (ƏDV daxil) 1.601.741,77 manat təşkil edir.

77. Akt tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir.

78. 2018-ci ilin Fevral ayında yerinə yetirilmiş tikinti quraşdırma işlərinin qəbulu aktına (Forma 2) əsasən müəyyən edilir ki, xx.xx.2015-ci il tarixli KL/İ/T-111/15 saylı müqavilə üzrə Salyan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı görülmüş işlərin ümumi dəyəri (ƏDV daxil) 123.523,34 manat təşkil edir.

79. Akt tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir.

80. 2018-ci il tarixində yerinə yetirilmiş podrat işlərinin dəyəri haqqında arayışdan (Forma 3) görünür ki, KL/İ/T-111/15 saylı müqavilə (Salyan) üzrə yerinə yetirilmiş podrat işlərinin dəyəri (ƏDV daxil) 1.725.265,11 manat təşkil etmişdir.

81. Arayış tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir.

82. xx.xx.2020-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Cavabdeh ASC-nin xx.xx.2020-ci il tarixinə tikintisi aparılmış layihələr üzrə cəmi borcu 7.285.374,04 manat (o cümlədən R/İ/L-009/11 (Biləsuvar) saylı müqavilə üzrə 1.194.852,71 manat və R/İ/T008/14 (Lənkəran) saylı müqavilə üzrə 3.316.334,53 manat) təşkil edir.

83. Qarşılıqlı üzləşmə aktı tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir.

84. Hazırkı işin hallarından göründüyü kimi iddiaçı Qanuni nümayəndə MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli R/İ/T-008/14 saylı; xx.xx.2015-ci il tarixli KL/1/T-111/15 saylı; xx.xx.2011-ci il tarixli R/İ/L-009/11 saylı, eləcə də 374/2-5/KL və KL/İ/T-123/14 saylı podrat müqavilələrinə əsasən icraçı Qanuni nümayəndə MMC göstərilən müqavilələrdə nəzərdə tutulan işlərin (Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması, Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması, Salyan şəhərinin su təchizatı sisteminin yaxşılaşdırılması və s.) görülməsini və onun sifarişçiyə təhvil verilməsini, sifarişçi isə görülmüş işlərin dəyərinin ödənilməsini üzərinə götürmüşdür.

85. Kollegiya qeyd edir ki, xx.xx.2020-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Cavabdeh ASC-nin xx.xx.2020-ci il tarixinə tikintisi aparılmış layihələr üzrə cəmi borcu 7.285.374,04 manat (o cümlədən R/İ/L-009/11 (Biləsuvar) saylı müqavilə üzrə 1.194.852,71 manat və R/İ/T008/14 (Lənkəran) saylı müqavilə üzrə 3.316.334,53 manat) təşkil edir.

86. Cavabdeh üzləşmə aktında əks olunmuş 7.285.374,04 manat məbləğində borcun mövcudluğunu mübahisələndirməmiş və həmin hissədə iddiaya qarşı etirazını yalnız iddia müddətinin buraxılması ilə əsaslandırmışdır.

87. Kollegiya qeyd edir ki, cavabdeh üzləşmə aktında əks olunmuş 7.285.374,04 manat məbləğində borcun mövcud olması faktını təsdiq etdiyindən iddia tələbi həmin hissədə əsaslı olsa da, iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş üç illik iddia müddəti buraxılmışdır.

88. Belə ki, tərəflər arasında tərtib olunmuş xx.xx.2020-ci il tarixli üzləşmə aktına əsasən, cavabdeh 01 yanvar 2020-ci il tarixə iddiaçıya 7.285.374,04 manat məbləğində borcunun olduğunu təsdiq etmişdir. İddiaçı cavabdehə qarşı hazırkı iddia ilə xx.xx.2023cü il tarixə qədər məhkəməyə müraciət edə bilərdi. Lakin, iddiaçı hazırkı iddia ilə xx.xx.2023-cü il tarixdə (30 günlük mediasiya müddətini nəzərə alsaq belə) Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.

89. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin 7.285.374,04 manat pulun tutulması hissəsində iddia müddətinin ötməsi əsası ilə rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

90. İddiaçının iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət edildiyini nəzərə alaraq, iddia müddətinin ötürülməməsi ilə bağlı dəlilinə münasibətdə isə kollegiya aşağıdakıları qeyd edir.

91. Mülki Məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

92. Mülki Məcəllənin 380.1-ci maddəsində iddia müddətinin kəsilməsinə səbəb olan iki hal müəyyən edilmişdir. Birincisi — tələbkar tərəfindən müəyyənləşdirilmiş qaydada iddianın irəli sürülməsi, ikincisi — borclu şəxs tərəfindən borcu etiraf etməsini göstərən hərəkətlərin edilməsi.

93. Mülki Məcəllənin 380.2-ci maddəsinin dispozisiya şərtlərinə əsasən isə müəyyən edilir ki, iddia müddətinin axımı kəsildikdə, keçmiş vaxt yeni müddətə daxil edilmir, yəni iddia müddəti sıfırlanır və yenidən hesablanmaya başlanır. Məsələn borclu tərəfindən qismən ödəniş edildiyi halda iddia müddətinin axımı kəsilir və yeni müddətin hesablanması başlanır.

94. Tələbkar tərəfindən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldüyü halda isə başqa nəticə yaranır. Belə ki, bu halda iddia müddətinin axımı kəsilir, işə baxıldığı bütün müddət üzrə iddia müddətinin hesablanmasında fasilə yaranır və mübahisəni mahiyyəti üzrə həll edən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər yeni müddətin hesablanması başlanmır. Həmin qərarla tərəflər arasında olan bütün mübahisə həll edildikdə mübahisəyə son qoyulur, mübahisə qismən həll edildikdə isə (məsələn: kredit müqaviləsi üzrə tam borc deyil, onun bir hissəsinin ödənilməsi tələbi irəli sürülür və s.) yeni müddətin hesablanması başlanır.

95. Bununla yanaşı, iddia müddətinin axımının kəsilməsinə səbəb olan tələbkarın iddiası mahiyyəti üzrə həll olunmadan baxılmamış da saxlanıla bilər. Bu halda isə Mülki Məcəllənin 381.1-ci maddəsində müəyyən edilən nəticə yaranır və iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Yəni həmin iddianın irəli sürülməsi artıq iddia müddətinin axımının kəsilməsinə səbəb olmur və iddia irəli sürüldüyü gündən baxılmamış saxlanıldığı günədək olan müddət başlanmış iddia müddətindən çıxılmır.

96. Kollegiya izah edir ki, əks yanaşma, yəni həmin müddətin başlanmış iddia müddətindən çıxılması iddia müddətinin kəsilməsi anlayışına ziddir. Çünki yuxarıda qeyd edildiyi kimi iddia müddətinin axımının kəsilməsi müddətin dayandırılmasına deyil, sıfırlanaraq yenidən hesablanması ilə nəticələnir.

97. Yalnız cinayət işində irəli sürülmüş iddiaya dair qanunvericilikdə başqa qayda müəyyən edilmişdir.

98. Belə ki, Mülki Məcəllənin 381.2-ci maddəsində müəyyən edilmişdir ki, əgər cinayət işində irəli sürülmüş iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı iddianı baxılmamış saxlayan hökm qanuni qüvvəyə minənədək dayandırılır. Müddətin dayandırıldığı vaxt iddia müddətinə daxil edilmir. Bu zaman müddətin qalan hissəsi altı aydan az olduqda altı aya qədər uzadılır.

99. Göründüyü kimi Mülki Məcəllə cinayət işində irəli sürülmüş iddiaya dair başqa qaydanı, yəni həmin iddianın irəli sürülməsini iddia müddətinin kəsilməsi kimi deyil, dayandırılması kimi müəyyən etmişdir.

100. Bu baxımdan kollegiya qeyd edir ki, iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən həmin iddianın baxılmamış saxlanması barədə qərardadın qüvvəyə mindiyi tarixə qədər olan müddətin iddia müddətindən çıxılması üçün əsaslar mövcüd deyil və həmin müddətin də axımı xx.xx.2020-ci il tarixdən başlanmış iddia müddətinə daxildir.

101. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin 7.285.374,04 manat pulun tutulması hissəsində iddia müddətinin ötməsi əsası ilə rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

102. İddianın 2.107.402,09 manat hissəsinə münasibətdə isə iddiaçı həmin hissədə borcun hansı podrat müqaviləsi üzrə yarandığını təsdiq edən sübutları təqdim etməmişdir.

103. Kollegiya qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

104. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

105. Həmçinin sübutetmədə, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probatio” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı Qərarı, § 68).

106. Birinci instansiya məhkəməsi də qeyd etmişdir ki, iddiaçı ödənilməsini tələb etdiyi borcun hansı hissəsinin hansı müqavilə üzrə yaranmasını iddia ərizəsində konkretləşdirməmiş, eləcə də tərəflər arasında imzalanmış üzləşmə aktında adı çəkilən bəzi müqavilələri ümumiyyətlə məhkəməyə təqdim etməmişdir. Bundan əlavə üzləşmə aktında əks olunmuş borcun yaranmasını təsdiq edən ilkin sənədlər (təhvil-təslim aktları və s.) məhkəməyə tam şəkildə təqdim edilməmişdir (belə ki, iddiaçı tərəfindən R/İ/T- 008/14 saylı müqavilə (Lənkəran) üzrə fevral 2018-ci il tarixli ƏDV daxil 79.052,85 manat məbləğində işlərin görülməsinə dair forma 2 aktı və xx.xx.2011-ci il tarixli R/İ/L-009/11 saylı müqavilə üzrə isə fevral 2018-ci il tarixli 606.168,26 manat məbləğində işlərin görülməsinə dair forma 2 aktları məhkəməyə təqdim edilmişdir).

107. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

108. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

109. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı Qanuni nümayəndə MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2623/2023 saylı, 22 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar