Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-101/2023 01.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı borc ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-cı il tarixli, e-2-2(115)-181/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bərdə rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 İddiaçı ASC-in xeyrinə 03 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 14 242,50 manat əsas, 1339,89 manat faiz va 10 891,19 manat cərimə borcu, kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 2538,65 manat əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 29 012,23 manat borcun, 30 manat odanilmiş dövlət rüsumunun, ipoteka predmetinin daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində yerləşən 4 otaqlı, 135,1 kv.metr ümumi, 97,2 kv.metr yaşayış, 37,9 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0,145 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun Bərdə rayonu, Hacallı kəndində yerləşən 4 otaqlı, 135,1 kv.metr ümumi, 97,2 kv.metr yaşayış, 37,9 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0,145 ha torpaq sahəsinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, həmin fərdi yaşayış evinə və torpaq sahəsinə yönəldikdə və o satıldıqdan bir ay sonra cavabdehlərin həmin fərdi yaşayış evinə və torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(115)-181/2022 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 03 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 14242,50 manat əsas borc, 1339,89 manat faiz, 891,19 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2538,65 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 19012,23 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, borc tələbinin ipoteka qoyulmuş əmlakın likvid dəyəri 24 000 manat olan Cavabdeh1 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində yerləşən, 4 otaqlı, 135.1 kv.m ümumi, 97.2 kv.m yaşayış, 37.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.145 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka qoyulmuş, Bərdə rayonu, Hacallı kəndində yerləşən, 4 otaqlı, 135.1 kv.m ümumi, 97.2 kv.m yaşayış, 37.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.145 ha torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər çıxarılmaqla əmlakın boşaldılması, iş üzrə 200 (iki yüz) manat ekspertiza xərcinin Cavabdeh1 tutularaq, "xxxx" MMC-nin hesabına (VÖEN **********, Hesab nömrəsi AZN: AZ15GUNA********************, Bank: Günaybank ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ**********00000 47944, KOD: 505594, SWİFT:GUNAAZ22) ödənilməsi, iş üzrə 145 (yüz qırx beş) manat ekspertiza xərcinin Cavabdeh1 tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 saylı hesaba ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(115)-181/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 03 iyun 2014-cü il tarixli əsas kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-nin “Bərdə” fılialında 72 ay müddətinə 15000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti ayrılmışdır. 2014-cü il 03 iyun tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 6%lə 36 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində yerləşən, 4 otaqlı, 135.1 kv.m ümumi, 97.2 kv.m yaşayış, 37.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.145 ha torpaq sahəsi 2014-cü il 03 iyun tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Müqavilənin 10.2-ci bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, hər gecikdirilən giin üçün gecikdirilmiş məbləğin 0.1 faiz həcmində cərimə hesablayıb borcludan tələb edir. 12 yanvar 2021-ci ilədək Cavabdeh1 03 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 14242.50 manat əsas, 1339.89 manat faiz, 10891.19 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 26473.58 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bıldirişə münasibətini bildirməmişdir. Bundan başqa, 12 yanvar 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 03 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 14242.50 manat əsas, 1339.89 manat faiz, 10891.19 manat cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2538.65 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 29012.23 manat borcu vardır. 03 iyun 2014-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfındən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfındən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfındən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışmdan əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq və təfsir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmaması ilə qəbul edilmiş və qətnamədə göstərilmiş nəticələr isə işin hallarına uyğun deyildir. Belə ki, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyi ilə razılaşmaq qeyri-mümkündür. Nəzərə alsaq ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi Dövlət proqramı çərçivəsində bağlanmış, sahibkarlığa dəstək və sahibkarlığın inkişafı məqsədi daşıyır. Hesab edir ki, sahibkarlığa dəstək və sahibkarlığın inkişafı məqsədi tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə hesablanmış cərimə məbləği həddən artıq yüksək tutulmuşdur. Bundan başqa onun mülkiyyətində olan Bərdə rayonu, Hacallı kəndində yerləşən fərdi yaşayış evinin 0.145 ha torpaq sahəsi ilə birlikdə, hərracdan likvid dəyəri 24.000 (iyirmi dörd min) manat məbləğində müəyyən edilməsiilə razı deyil. Belə ki, hələ 2014-cü ildə müqavilə bağlayarkən sözügedən ipoteka predmetinin dəyəri hazırki ekspert rəyində göstərilmiş qiymətdən qat-qat yuxarı göstərilmişdir. Nəzərə alsaq ki, 2014-cü illə müqayisədə tikililərin qiyməti hazırda kəskin şəkildə bahalaşmışdır, onda ipoteka predmetlərinin dəyərinin də dəqiq müəyyən edilməsi üçün əmlak yenidən qiymətləndirilməlidir. Bundan başqa, işə baxan məhkəmə mübahisəyə “İpoteka haqqında” Qanununun 59-cu maddəsini tətbiq etmiş və tətbiq etdiyi maddəni yanlış təfsir etmişdir. Cavabdehlərin ipoteka predmeti satıldıqdan sonra oradan çıxarılması barədə qərar qəbul etmiş məhkəmə hazırda mövcud olmayan, gələcəkdə baş verə biləcəyi ehtimal olunan mübahisə ilə əlaqədar qərar qəbul etmişdir ki, bunu da qanuni hesab etmək olmaz. Məlumdur ki, tərəflər arasında onların hansısa niyyətləri haqqında razılaşmaları ola bilər. Özündə ilkin müqavilənin bütün şərtlərini ehtiva etmədən belə niyyət razılaşmalarının icra edilməsi heç bir hüquqi nəticəyə səbəb ola bilməz. Tərəflər öz niyyət razılaşmasına ilkin müqavilə qüvvəsi vermək iradələrini ifadə etməzlərsə, o, heç bir hüquqi nəticələr doğurmur. Lakin niyyət razılaşmasına ilkin müqavilə qüvvəsi vermək üçün onda ilkin müqavilələr üçün müəyyən edilmiş bütün tələblərə riayət edilməlidir. Niyyət razılaşmasında gələcəkdə bağlanacaq əsas müqavilənin predmeti, digər mühüm şərtləri, habelə razılaşmanın müddəti göstərilməli və forması haqqında qanunun göstərişlərinə əməl edilməlidir. Sözügedən “razılaşma” ilkin müqavilə də deyil. Çünki Mülki Məcəllənin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə, tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Sadalanan normativ hüquqi aktların imperativ tələblərindən görünür ki, ipoteka müqaviləsi bir mənalı olaraq, əsas öhdəliyin təminatı kimi bağlanır və ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Göründüyü kimi, tərəflərin müqavilə azadlığı qanunvericiliyin tələbləri ilə məhdudlaşırılır və tərəflər öz aralarında qanunvericiliyə zidd olan, o cümlədən mahiyyəti aydın olmayan müqavilə şərtləri müəyyən edə bilməzlər. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi yanaşmaya görə, zaminlik müqaviləsində zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi zəruri şərt kimi nəzərdə tutulmuşdur. Müqavilədə hansı əsas müqaviləyə dair zaminliyin yaranması və əsas öhdəliyin həddi barədə göstərişlər olmalı, zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləği göstərilməlidir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlər və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlərdən Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin dəlillərinə uyğun izahat verdi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını və Gəncə Kommersiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli 2-2(115)-181/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya araşdırmasının hədləri ilə bağlı qeyd edir ki, iddia tələbi qismən təmin edilmiş olsa da, həmin qətnaməni yanız Cavabdeh1 mübahisələndirmiş, iddiaçı və digər cavabdeh həmin qətnaməni mübahisələndirməmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin şikayətlə mübahisələndirilən həmin qətnaməsinin əsaslılığını şikayətlə mübahisələndirilən hissədə yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilməsinə dair məhkəmə iclasında iştirak edən cavabdehin və apellyasiya şikayətinin təmin edilməməsinə dair iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarında olan borcverən – "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 03 iyun 2014-cü il tarixli, 12-SKMF-1-0-565-14 nömrəli əsas kredit müqaviləsindən görünür ki, borcverən – "xxxx" ASC borcalan Cavabdeh1 72 ay müddətinə 15 000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti açmışdır. İş materiallarında olan 03 iyun 2014-cü il tarixli, 12-SKMF-1-0-565-14 nömrəli əlavə kredit müqaviləsindən görünür ki, borcalan – Cavabdeh1 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. İş materiallarında olan 03 iyun 2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, 03 iyun 2014-cü il tarixli, 12- SKMF-1-0-565-14 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus olan Bərdə rayonu, Hacallı kəndində yerləşən 4 otaqlı, 135,1 kv.metr ümumi, 97,2 kv.metr yaşayış, 37,9 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,145 ha torpaq sahəsi yüklü edilmişdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* seriya və nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus olan Bərdə rayonu, Hacallı kəndində yerləşən 4 otaqlı, 135,1 kv.metr ümumi, 97,2 kv.metr yaşayış, 37,9 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,145 ha torpaq sahəsi "xxxx" İKB-nın xeyrinə yüklü edilmişdir. İş materiallarında olan 12 yanvar 2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc 14 242,50 manat, faiz borcu 1339,89 manat, cərimə borcu 10 891,19 manat, müqavilə müddəti üçün hesablanmış faiz 2538.65 manat, cəmi 29 012,23 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli PAİMD-305 nömrəli bildiriş məktubundan görünür ki, borc məbləğinin ödənilmədiyi təqdirdə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan əmlakın qiymətləndirilməsi ilə bağlı ekspert rəyində əmlakın likvid dəyəri 24 000 manat qeyd olunmuşdur. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Cavabdeh1 03 iyun 2014-cü il tarixli əsas kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-nin "Bərdə" fılialında 72 ay müddətinə 15000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti ayrılmış, 2014-cü il 03 iyun tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 6%-lə 36 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində yerləşən 4 otaqlı, 135.1 kv.m ümumi, 97.2 kv.m yaşayış, 37.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.145 ha torpaq sahəsi 2014-cü il 03 iyun tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. 12 yanvar 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 03 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 14242.50 manat əsas, 1339.89 manat faiz, 10891.19 manat cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2538.65 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 29012.23 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cvabdeh borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 03 iyun 2014-cü il tarixli, 12-SKMF-1-0- 565-14 nömrəli kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 15 000 manat məbləğində kredit verilmişdir. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə tələbin kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 2538,65 manatın ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı müqavilə müddəti bitdikdən sonra borcu tələb etdiyindən tələb bu hissədə əsaslıdır. Məhkəmə kollegiyası dəbbə pulu (cərimə) ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab etmişdir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, 891,19 manat məbləğində tutulmalıdır. Kollegiya da iddiaçı tərəfindən tələb olunan cərimə məbləğini çox olmasına dair birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunverciliyin yuxarıda şərh olunmuş normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini əsas kredit borcu, əsas borca hesablanmış faiz borcu və cərimə hissəsində qismən - yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə də iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə iddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etməkdə, məhkəmə isə həmin hissədə iddianı yuxarıda göstərilmiş qaydada təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyinin yuxarıda şərh olunmuş normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh qətnamənin maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq və təfsir edilmədiyini, məhkmənin gəldiyi nəticənin işin hallarına uyğun gəlmədiyini, məhkəmə-mühasibatlıq və ipoteka predmetinin qiymətləndirilməsinə dair rəylərlə razılaşmadığını, cərimənin yüksək müəyyən olunduğunu, həmçinin hazırki iddia ilə əlaqəli olmasa da zaminliklə bağlı tələblərin pozulduğunu göstərmişdir. Kollegiya qeyd edir ki, cavabdeh xx.xx.2014-cü il tarixdə 36 ay müddətində ödəmək şərti ilə almış olduğu 15 000 manat kredit vəsaitindən cüzi ödəniş edərək əsas borcun 14242.50 manat hissəsi ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Yenə də həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. İşdən göründüyü kimi işə birinci instansiya məhkəməsində baxılanda kredit müqaviləsi üzrə ödənilməli olan məbləğ və ipoteka predmetinin qiyməti mübahisələndirilmiş, ona görə də məhkəmə tərəfindən müvafiq ekspert rəyi və müstəqil qiymətləndiricinin rəyi alınmış, həmin hallar işə birinci instansiya məhkəməsində baxılanda mübahisələndirilməmişdir. Azərbaycan Respublikasы MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh apellyasiya şikayətinin dəlillərində məhkmə-mühasibatlıq ekspertizasının rəyi, eləcə də ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinə dair müstəqil qiymətləndiricinin rəyi ilə razılaşmadığını göstərsə də həmin rəylərin doğru olmadığını və həmin dəlilləri birinci instnsiya məhkəməsində irəli sürməməsinin səbəblərini göstərməmişdir. Odur ki, kollegiya apellyasiya şikayətinin həmin dəlillərini əsassız sayır. Şikayətin cərimənin yüksək hesablanması dəlilinə gəldikdə kollegiya şikayətin həmin dəlilini də məhkəmə tərəfindən tələb olunan cərimənin məbləği kifayət qədər azaldıldığına görə əsassız sayır. Hazırki kredit zaminliklə təmin olunmadığına görə kollegiya şikayətin zaminliklə bağlı dəlilinə qiymət verilməsini lazım bilmir. Kollegiya apellyasiya şikayətinin tələbin ipotekaya yönəldilməsi ilə bağlı dəlilini də əsassız sayır. Çünki tərəflər arasındakı ipoteka müqaviləsi kredit müqaviləsinin təmini ilə bağlı bağlanmışdır. Cavabdeh tərəfindən kredit öhdəliyinin lazımi qaydada icra edilmədiyi, yəni müqavilə şərtlərin pozulduğu mübahisəsizdir. Belə olan halda mülki qanunvericiliyin və “İpoteka haqqında” Qanunun normalarına uyğun olaraq tələbin ipoteka predmetinə yönəldilməsini tələb etmək iddiaçının hüququdur. Göründüyü kini apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla cavabdehin formal mülahizəsidir. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-cı il tarixli, e-2-2(115)-181/2022 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-101/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-101/2023
01.03.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver