Məhkəmə qərarları › İş №2-2(104)-106/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-106/2023

09.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-106/2023 09.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7, Cavabdeh nümayəndələri X3 və vəkil X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pul” tələbinə dair mülki iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, e-2-2(115)-355/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Məhdud Məsulliyyətli Cəmiyyətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 120000 manat əsas borc və 400 manat mediasiya xərcinin cavabdehdən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il müqaviləyə əsasən cavabdeh müqavilə predmeti olan Samux rayonu Qarayeri kəndində yerləşən 2 ha istixana kompleksini 3 il müddətinə müvəqqəti istifadəyə götürmüşdür. Müqavilənin 1.2-ci bəndi üzrə cavabdeh 180000 manat ödəməli olduğu halda cəmi 60000 manat ödəniş etmiş və müqavilə üzrə 120000 manat məbləğində borcu qalmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl prosedura riayət olunmuş və nəticədə mediasiya proseduru ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə mediatorun xx.xx.2021-ci il tarixli 2021-002408 saylı arayışı ilə rəsmiləşdirilmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaya qarşı cavadbehin yazılı etirazı: Cavabdeh MMC-nin direktoru X4 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, Cavabdeh MMC ilə İddiaçı ASC arasında bağlanmış 10.12. 2018-ci il tarixli İS-05/18 nömrəli müqaviləyə əsasən 2-hektarlıq istixana dəsti üç il (2019-2021) müddətinə hər il 60 min manat ödəmək şərti ilə təsisçisi olduğu Cavabdeh MMC-yə icarəyə verilmişdir. Müqavilənin birinci ili Cavabdeh MMC tərəfindən müqavilə şərtlərinə vaxtı-vaxtında əməl edilərək 60 min manat vəsait İddiaçı ASC-nin hesabına ödənilmişdir. İcarənin ikinci ilində, yəni 2020-ci ildə isə bütün dünyanı cənginə alan COVİD-19 pandemiyası, qapanmalar, iş yerlərinin bağlanması, əhalinin gəlirlərinin azalması və çoxsaylı digər səbəblərdən istehsal etdikləri pomidoru almaq üçün Rusiya bazarlarında da əhalinin alıcılıq qabiliyyəti aşağı olmasına görə onlara maya dəyərindən aşağı qiymətlər təklif olunmuşdur. Onun və onun kimi digər istixana şəraitində məhsul istehsal edənlər Rusiya bazarlarında yox, daxili bazarlarda məhsul (pomidor) satmaq məcburiyyətində qalmışlar. Belə olan halda daxili bazarlarda tələb-təklif qaydaları tərsinə dövr edirdi. Yaranmış vəziyyət haqqında onlar xx.xx.2020-ci il tarixdə İddiaçı ASC-nin rəhbərliyinə rəsmi müraciət ediblər. Müraciətlərində qarşılaşdığı çətinliklər haqqında ətrafa məlumat veriblər və kömək istəyiblər. Məhsul istehsalına görə 200000 manat borcları yarandığı və icarə haqqının ödənilməsinin mümkün olmadığını bildiriblər. Lakin onlara heç bir köməklik edilməməsinə baxmayaraq onlar itkilərini, borclarını və 2020-ci ilin icarə haqqını ödəmək məqsədi ilə fəaliyyətlərini davam etdirirlər. Çox böyük çətinliklər hesabına olsa da onlar 2021-ci ildə məhsul istehsal ediblər. “COVİD19 pandemiyası” bəlası mövcud olduğu bir vaxtda onlar istixana şəraitində məhsul istehsal edənlərə növbəti iqtisadi zərbə vuruldu. Rusiya Federasiyası tərəfindən Azərbaycan Respublikasından bəzi meyvə tərəvəzlərin (o cümlədən pomidorun) idxalına qadağa qoyuldu. Odur ki, koronavirus pandemiyası nəticəsində dövlət tərəfindən qəbul edilən məhdudiyyət tədbirlərinin borclunun cavabdeh olmadığı haldan irəli gəlməsi kimi və bununla belə fors-major halları kimi qəbul edilməli və öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsinə görə məsuliyyətdən azad edilməyə imkan yaradır. İstixana şəraitində becərilən məhsulların, xüsusən də kokobitdə damlama ilə suvarılan bahalı kübrələrdən istifadə edərək becərilən, istilik almaq üçün qaz, mazut və digər vasitələrdən istifadə olunan məhsulun maya dəyəri açıq sahədə becərilən tərəvəzlərin maya dəyərindən baha başa gəlir. İstixana şəraitində becərilən pomidorun bir kiloqramının maya dəyəri orta hesabla 1 manat 20 qəpik – 1 manat 40 qəpik başa gəlir. 2021-ci ildə də min bir əziyyətlə böyük vəsait xərclənməsi hesabına istehsal etdikləri, məhsulu hamı kimi onlar da daxili bazarda maya dəyərindən dəfələrlə aşağı qiymətə satmaq məcburiyyətində qalıblar. Bəzən də olurdu ki, sata bilmədikləri məhsullar xarab olduğu üçün atmaq məcburiyyətində qalıblar. Düşdükləri çətin, ümidsiz vəziyyət haqda onlar İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixdə ikinci dəfə müraciət ediblər. Müraciətdə onlar istehsal etdikləri pomidorun ölkəmizdə fəaliyyət göstərən iri təşkilatlara (hərbi hissələr, xəstəxanalar) satışında yardımçı olmaları, icrayə götürdükləri 2-hektarlıq istixana dəstinin icarə müqaviləsinin ləğv edilərək başqa şəxslərə verilməsini xahiş ediblər. Bundan başqa forsmajor bəndi və baş verə biləcək hadisənin hüquqi nəticələrinin daxil edilməsi bütün hallarda müqavilə bağlanılarkən tövsiyə olunsa da xx.xx.2018-ci il tarixli TS-05/18 nömrəli müqavilənin şərtlərində fors-major hadisəsinin baş verməsi ilə bağlı bənd əlavə olunmamışdır. Halbuki “Fors-major” müqavilələrdə standart şərt kimi yer almalı və bu şərtə əsasən tərəflərin iradəsindən asılı olmayan və qarşısını almağa təsir imkanları olmayan hadisələrlə bağlı yaranmış şəraitdə müqavilə üzrə öhdəlikləri qismən və ya tamamilə yerinə yetirmədikdə tərəflər məsuliyyətdən azad edilməlidirlər. Hesab edirlər ki, müqavilədə “fors major” maddəsi mövcud deyilsə, o zaman “fors major”la bağlı qanunvericiliyin bütün tələbləri avtomatik olaraq tətbiq edilməli və məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. İddiaçı ASC-nin özünün də müqavilənin ləğvi üçün müraciət etməməsi onlarla hüquq münasibətlərinə davam etmək istəyinin, onları etibarlı və vicdanlı tərəfdaş olduğunun göstəricisidir. Qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya prosesinin tətbiqi zamanı keçirilən ilkin sessiyada işin məhkəməyəqədər nizamlanması ilə bağlı bir neçə təklif və şərtlər irəli sürülsə də qarşı tərəfdən bununla bağlı hər hansı müsbət reaksiya verilməmişdir. Beynəlxalq hüquq sistemində yer alan bir anlayış olaraq Fors-major sayıla bilən hallardan biri baş verərsə, onda tərəflər müqaviləyə bütövlükdə və ya qismən xitam vermək və ya müqavilənin icrasını dayandırmaq hüququ verir. Baş verən hadisə fors majordur. Onların öhdəliyinin icrasına kifayət qədər vicdanlılıq və məsuliyyətlə yanaşdıqlarını, lakin onlardan asılı olmayan qlobal çətinliklərlə əlaqədar öhdəliyin icrasının mümkünsüzlüyünü nəzərə alaraq iddianın rədd edilməsini xahiş edirlər. Gəncə Kommersiya Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2-2(115)-355/2022 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddia təmin edilərək, 120000 manat məbləğində əsas borc və ödənilmiş 400 manat mediasiya xərcinin Cavabdehndən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması və 410 manat məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşdə olan sübutlar: "xxxx" ASC ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış xx.xx.2018-ci il tarixli İS-05/18 nömrəli istixana kompleksinin istifadəyə verilməsi barədə müqavilədən görünür ki, istifadəyə verən Samux rayonu Qarayeri kəndində yerləşən 2 ha istixana kompleksini 3 il müddətinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müvəqqəti istifadəyə verməyi, istifadəçi isə müqavilənin şərtinə uyğun olaraq ümumi istifadə haqqı hər bir il üzrə 60000 manat olmaqla, cəmi 180000 manat ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli İS-05/18 nömrəli istixana kompleksinin istifadəyə verilməsi barədə müqaviləyə dəyişiklik edilməsi barədə 01 may 2019-cu il tarixli D-İS-05/18 nömrəli razılaşmadan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti sözləri Cavabdeh sözləri ilə əvəz edilmişdir. 23 aprel 2020-ci il tarixli, 05 saylı və 17 may 2021-ci il tarixli, 02 saylı məktublarsan görünür ki, cavabdeh "xxxx" MMC iddiaçıya müraciət edərək, COVİD 19 pandemiyası ilə əlaqədar "xxxx" ASC-yə 2020-ci il üçün icarə haqqının ödənilməsi ilə bağlı güzəşt tətbiq etməklə müəssisəyə müəyyən maddi dəstək edilməsini, 2020-ci ildə yetişdirilmiş məhsulu sata bilmədiklərini, əsas ixrac bazarında pomidor məhsullarının idxalına pandemiya ilə əlaqədar qadağa qoyulduğuna görə icarəyə götürülmüş 2 ha istixana kompleksində fəaliyyətlərinin davam etdirilməsinin hər hansı perspektivi olmadığı üçün icarə müqaviləsinin ləğv edilərək, istixananın başqa şəxslərə icarəyə verilməsinə etiraz etmədiklərini bildirmişlər. Mənffət vergisi bəyannaməsindən görünür ki, 2020-ci il üzrə "xxxx" MMC-nin ümumi gəliri 603270 manat, xərcləri isə 521745,57 manat təşkil etmişdir. Mənffət vergisi bəyannaməsindən görünür ki, 2021-ci il üzrə "xxxx" MMC-nin ümumi gəliri 531400 manat, xərcləri isə 347947,22 manat təşkil etmişdir. 27 aprel 2021-ci il tarixdə bağlanmış borc müqaviləsinin və bank hesabından çıxarışın surətlərindən görünür ki, "xxxx" MMC-nin təsisçisi X5 "xxxx" MMC-yə 60 ay müddətinə ödəmək şərti ilə 50.000 (əlli min) ABŞ dollarrı məbləğində borc vermiş və həmin məbləğ "xxxx" MMC-nin hesabına köçürülmüşdür. 13 iyun 2021-ci il tarixdə bağlanmış borc müqaviləsinin və bank hesabından çıxarışın surətlərindən görünür ki, "xxxx" MMC-nin təsisçisi X5 "xxxx" MMC-yə 60 ay müddətinə ödəmək şərti ilə 50.000 (əlli min) ABŞ dolları məbləğində borc vermiş və həmin məbləğ "xxxx" MMC-nin hesabına köçürülmüşdür. 29 sentyabr 2021-ci il tarixdə bağlanmış borc müqaviləsinin və bank hesabından çıxarışın surətlərindən görünür ki, "xxxx" MMC-nin təsisçisi X5 "xxxx" MMC-yə 60 ay müddətinə ödəmək şərti ilə 73600 (yetmiş üç min altı yüz) ABŞ dolları məbləğində borc vermiş və həmin məbləğ "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri. Gəncə Kommersiya Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2-2(115)-355/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh Məhdud Məsulliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2-2(115)- 355/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Məhdud Məsulliyyətli Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, 2020-ci ildə COVİD-19 xəstəliyi səbəbindən ölkə ərazisində xüsusi karantin rejimi tətbiq edilərək, ictimai iaşə obyektlərinin fəaliyyətinə məhdudiyyətlər qoyulduğundan icarəyə verilmiş əmlakdan təyinatı üzrə istifadə edə bilməmişlər. İstehsal olunan məhsulu xaricə idxal edə bilmədiklərindən məhsulu ölkə bazarında ucuz qiymətə satmışlar. Bu səbəblərdən də müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişlər. Göstərilən səbəblərin baş verməsi onlardan asılı olmamışdır. Ona görə də müqavilə üzrə öhdəliklərin tamamilə yerinə yetirilmədiyinə görə cavabdeh öhdəlikdən azad edilməli və fors majorla bağlı qanunvericiliyin bütün tələbləri tətbiq edilməlidir. Bundan əlavə, icarə haqqını ödəməkdə çətinlik çəkdiklərinə görə icarə müqaviləsinin ləğv edilməsi barədə iki dəfə iddiaçıya müraciət etmişlər, lakin sonuncu bundan imtina etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat: Gəncə Apellyasiya Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2-2(104)-127/2022 saylı qətnaməsi ilə Cavabdeh Məhdud Məsulliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Gəncə Kommersiya Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2-2(115)-355/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2-2(104)-127/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh Məhdud Məsulliyyətli Cəmiyyəti kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2-2(104)- 127/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi və işin təkrar apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 27 dekabr 2022-ci il tarixli, 2-2(102)-781/2022 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 12 avqust 2022-ci il tarixli, 2-2(104)-127/2022 saylı qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat: Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə etdiyini bildirib, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi vəkil X2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, "xxxx" MMC-nin mülkiyyətində və icarəsində 120 ha torpaq sahəsi mövcuddur ki, fəaliyyət dairəsi isə əsasən yazlıq və payızlıq taxıl istehsalı, yazlıq dənli bitkilər istehsalı istehsalı ilə bağlıdır. Həmçinin, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş sertifikata əsaslanan "xxxx" MMC istehsal etdiyi taxıl məhsullarını reproduksiyalı toxum kimi satışını həyata keçirir. Vergi bəyannaməsində 2020-ci il üçün göstərilmiş 603 min 270 manat məbləğində gəlirin böyük hissəsi təxminən 400 min manatı yuxarıda qeyd olunan bitkilərin, həmin il üçün pomidor bitkisi satışından isə yalnız 170 min manat vəsait əldə edilmişdir ki, buda həmin dövr üçün pomidor bitgisinin yetişdirilməsi üçün çəkilmiş xərcin 30-40% civarında olan hissəsinə bərabərdir. 2021-ci il üzrə vergi bəyyannaməsində 531 min 400 manat kimi göstərilmiş gəlir isə digər mənbələr hesabına formalaşmışdır. Belə ki, həmin dövr üçün müəssisə fəaliyyətini davam etdirə bilməsi həmin vəsaitin 173600 dolları (295,120 manat) təsisçi borcu, 236280 (iki yüz otuz altı min iki yüz səksən) manat isə satışdan digər məhsulların satışından əldə edilmiş gəlirlər hesabına formalaşmışdır. Cavadbeh müəsissə icarəsində olmuş istixana kompleksində pomidor məhsulu üzrə hər hansı mənfəət əldə etməmiş, əksinə həmin dövr üçün müəssisə məhz pandemiya və karantin rejiminin yaratdığı məhdudiyyətlər səbəbindən tam ziyanla fəaliyyət göstərmişdir. Nəticədə həmin istixana üzrə icarə öhdəliklərini müəsisədən asılı olmayan səbəblərdən icra edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Kommersiya işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Kommersiya və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, e-2-2(115)-355/2022 saylı qətnaməsi iddianın təmin edilmiş 60000 (altımış min) manat pul məbləğinin Cavabdehndən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbi həmin hissədə təmin edilməməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. . Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh müqavilə predmeti olan Samux rayonu Qarayeri kəndində yerləşən 2 ha istixana kompleksini 3 il müddətinə icarəyə götürmüş, bir illik icarə haqqının məbləği 60000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən 2019-cu il üzrə icarə haqqı ödənilmiş, sonrakı illər üzrə isə icarə haqqı ödənilməmişdir. Cavabdeh sonrakı illər üzrə müqavilə üzrə öhdəliyini icra edə bilməməsini 2020-ci ildə COVİD-19 pandemiyası ilə əlaqədar iş yerlərinin bağlanması, əhalinin gəlirlərinin azalması və çoxsaylı digər səbəblərdən istehsal etdikləri pomidoru almaq üçün Rusiya bazarlarında da əhalinin alıcılıq qabiliyyəti aşağı olması, daha sonra Rusiya Federasiyası tərəfindən Azərbaycan Respublikasından bəzi meyvə tərəvəzlərin (o cümlədən pomidorun) idxalına qadağa qoyulması ilə bağlı gəlir əldə edə bilməməsi ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası cavabdehin iddiaya qarşı etirazını qismən əsaslı hesab edərək qeyd edir ki, iş materiallarında olan cavabdeh "xxxx" MMC-nin 2020-ci il 23 aprel tarixli, 05 saylı və 17 may 2021-ci il tarixli, 02 saylı məktubları ilə müəyyən edilir ki, cavabdeh COVİD 19 pandemiyası ilə əlaqədar "xxxx" ASC-yə icarə haqqının ödənilməsi ilə bağlı güzəşt tətbiq etməklə müəssisəyə müəyyən maddi dəstək edilməsini, 2020-2021ci illər ərzində yetişdirilmiş məhsulu sata bilmədiklərini, əsas ixrac bazarında pomidor məhsullarının idxalına pandemiya ilə əlaqədar qadağa qoyulduğuna görə icarəyə götürülmüş 2 ha istixana kompleksində fəaliyyətlərinin davam etdirilməsinin hər hansı perspektivi olmadığı üçün icarə müqaviləsinin ləğv edilərək, istixananın başqa şəxslərə icarəyə verilməsinə etiraz etmədiklərini bildirmişlər. Qeyd olunur ki, COVİD 19 pandemiyasının yaratdığı problemlər hamıya məlum olan hal kimi mülki dövriyyəyə də təsirsiz ötüşməmişdir. COVİD 19 pandemiyası dövründə cavabdehin iddiaçı təşkilata bu cür müraciətləri karantin rejiminin tətbiqi ilə əlaqədar öz öhdəliyinin icrasının mümkünsüzlüyünə əsaslanan tərəf kimi pozuntunun onun məsul olmadığı haldan irəli gəlməsi, müqavilə bağlanarkən həmin halı nəzərə ala, aradan qaldıra və nəticələrini istisna edə bilməməsindən irəli gəlməklə, ağlabatan müddətdə qarşı tərəfi mövcud hal barədə məlumatlandırmışdır ki, belə olduğu təqdirdə mübahisəyə Mülki Məcəllənin 448.4cü maddəsinin tətbiqi əsaslı hesab olunmuşdur. Belə ki, cavabdehin müqavilə öhdəliklərinin tam icra edilməməsinin səbəblərinin (qərəz, kobud ehtiyatsızlıq, yaxud ondan asılı olmayan) müəyyən edilməsi üçün məhkəmə kollegiyası tərəfindən vergi orqanına müvafiq sorğular verilmiş və vergi orqanından əldə edilmiş mənfəət vergisi bəyannamələrindən müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMCnin 2020-ci il üzrə ümumi gəliri 603270 manat, xərcləri 521745,57 manat, 2021-ci il üzrə isə ümumi gəliri 531400 manat, xərcləri isə 347947,22 manat təşkil etmişdir ki, 2021-ci il üzrə ümumi gəlirin təxminən 295120 manatı "xxxx" MMC-nin təsisçisi X5 tərəfindən "xxxx" MMC-yə 27 aprel 2021-ci il tarixli, 13 iyun 2021-ci il tarixli və 29 sentyabr 2021-ci il tarixli borc müqavilələrinə əsasən müvafiq olaraq verilmiş 50000, 50000 və 73600 ABŞ dolları borc məbləğlərinin hesabına formalaşmışdır. Qeyd olunan fakt cavabdeh müəssisənin 2021-ci il tarixdə maliyyə-təsərrüfat vəziyyətinin qənətbəxş olmamasını təsdiq etməklə, cavabdehin 2021-ci il üzrə müqavilə öhdəliklərinin tam icra edilməməsinin ondan asılı olmayan səbəblərdən irəli gəlməsini sübut etmişdir ki, işin qeyd olunan faktiki halları birinci instasniya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Lakin, məhkəmə kollegiyası cavadbehin 2020-ci il üzrə gəlirlərinin icaryə götürdüyü istixanada yerişdirilən pomidordan deyil, digər bitkilərin istehsalından əldə edilməsi buna görə də həmin il üçün də öhdəliyinin ondan asılı olmayan səbəbdən icra edə bilməməsi ilə bağlı etirazı ilə razılşamayraq qeyd edir ki, hüquqi şəxsin fəaliyyəti vahid fəaliyyət hesab olunmaqla, bir istiqamət üzrə gəlir əldə etməsinə baxmayaraq, digər istiqamət üzrə gəlir əldə etməməsi, onun kreditorlar qarşısında öhdəlikdən azad edilməsi və ya öhdəlik üzrə məsuliyyətinin ölçüsünün azaldılması üçün əsas hesab olunmur. Buna görə də məhkəmə kollegiyası COVİD 19 pandemiyasının yaratdığı problemlərlə əlaqədar cavabdehin 2021-ci il üzrə öhdəliklərini icra edilməməsinin ondan asılı olmayan səbəblərdən irəli gəlməsini nəzərə alaraq hesab edir ki, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh 2021-ci il üzrə yaranmış öhdəliyə dair məsuliyyətdən azad edilməlidir. Beləliklə, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, e-2-2(115)-355/2022 saylı qətnaməsi iddianın təmin edilmiş 60000 (altımış min) manat pul məbləğinin Cavabdehndən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbi həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Kommersiya- Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gəncə Kommersiya Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, e-2-2(115)-355/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, e-2-2(115)-355/2022 saylı qətnaməsi iddianın təmin edilmiş 60000 (altımış min) manat pul məbləğinin Cavabdehndən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar