Məhkəmə qərarları › İş №2-2(104)-11/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-11/2023

25.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-11/2023 25.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(115)-681/2021 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cəmi 21113 manat 34 qəpik - bundan 14834 manat 40 qəpik əsas, 3094 manat 86 qəpik faiz, 1095 manat 24 qəpik cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2088 qəpik 84 qəpik faiz borcu, ipoteka predmetinə tutmanın qeydiyyata alınması üçün istifadə olunan 40 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh3 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 və Cavabdeh1 məxsus Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 13 saylı fərdi yaşayış evinə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh3 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cəmi 21113 manat 34 qəpik – bundan 14834 manat 40 qəpik əsas, 3094 manat 86 qəpik faiz, 1095 manat 24 qəpik cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2088 manat 84 qəpik faiz borcu, ipoteka predmetinə tutmanın qeydiyyata alınması üçün istifadə olunan 40 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh3 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məxsus Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 13 saylı fərdi yaşayış evinə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh3 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli 2-2(115)-681/2021 nömrəli (hakim R.Məmmədov) qətnaməsi ilə iddia qismən təmin edilərək, 14834 manat 40 qəpik əsas borc, 3094 manat 86 qəpik müqavilə müddətinə faiz borcu, 500 manat cərimə borcu, 2088 manat 84 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 20518 manat 10 qəpik məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh3 iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələb üzrə tutmanın cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məxsus Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 13 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, Fərdi yaşayış evinin ilkin satış qiymətinin 53000 manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Bankın tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qaytarılması, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin Cavabdeh3 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, açıq hərrac keçirildikdən 1 ay sonra fərdi yaşayış evinin boşaldılması, Cavabdeh3 300 manat məbləğində qiymətləndirmə haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tələbini onunla əsaslandırmışdır ki, bankın Bərdə filialı ilə Cavabdeh3 arasında bağlanmış 19 iyun 2015-ci il tarixli 003119 saylı kredit müqaviləsinə əsasən, sonuncuya 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 15000 manat kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 05 avqust 2008-ci il tarixli MH seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məxsus Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 13 saylı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evinin ipoteka qoyulması barədə bankla evin mülkiyyətçiləri arasında 19 iyun 2015-ci il tarixli 3119İ saylı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********794 saylı 30 mart 2021-ci il tarixli, **********068 saylı xx.xx.2021-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, kredit müqaviləsi üzrə etdiyi ödənişlər nəzərə alınmamış və beləliklə əsas və faiz borcu artıq hesablanmışdır. Eləcə də ipoteka qoyulmuş fərdi yaşayış evinin hazırkı bazar dəyəri 100000 manat təşkil edir. Birinci instansiya məhkəməsində işə baxılarkən kredit müqaviləsi üzrə borcun düzgün hesablanması üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsi barədə vəsatət vermiş, lakin vəsatəti təmin edilməmişdir. İş üzrə məhkəmə mühasibatlıq və əmtəəşünaslıq ekspertizaları təyin edilməsini xahiş edir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Cavabdeh3 apellyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsini xahiş etsə də, lakin apellyasiya şikayətinin məzmunundan görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi “14834 manat 40 qəpik əsas borc, 3094 manat 86 qəpik müqavilə müddətinə faiz borcu, 500 manat cərimə borcu, 2088 manat 84 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 20518 manat 10 qəpik məbləğində borcun Cavabdeh3 iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması; Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məxsus ipoteka predmeti olan Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 13 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 53000 manat həddində müəyyən edilməsi” hissədə mübahisələndirilmişdir. Qətnamə digər hissələrdə mübahisələndirilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə mübahisələndirilən hissədə yoxlanılmalıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Məhkəmə kollegiyası qətnamə mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh3 arasında bağlanmış 19 iyun 2015-ci il tarixli 003119 saylı kredit müqaviləsindən görünür ki, sonuncuya 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 15000 manat kredit verilmişdir; 19 iyun 2015-ci il tarixli 3119İ saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 kredit müqaviləsi üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 mülkiyyətlərində olan Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 13 saylı fərdi yaşayış evini banka ipotekaya qoymuşlar; "xxxx" MMC-nin 28 oktyabr 2021-ci il tarixli 386/ZB/21 nömrəli rəyindən görünür ki, Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 13 saylı fərdi yaşayış evinin real dəyəri 60000 manat, likvid qiyməti 53000 manat təşkil edir. Tədqiqatın dəyəri 300 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi qətnamə mübahisələndirilən hissədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 269.1, 269.4, 385.1, 386.1, 442, 445 və 448.1-ci maddələrinə, eləcə də “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci maddələrinə əsasən iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası qətnamə mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin məzmununa görə, Azərbaycan Respublikasında kredit təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə, borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443-cü maddəsinə görə, öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə görə, daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. Həmin Qanunun 34.1-ci maddəsinə görə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır; 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 41-ci maddəsinə görə, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsinə görə, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsində göstərilir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsində göstərilir ki, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyasının iclasında isə müəyyən olunur ki, kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh3 arasında 19 iyun 2015-ci il tarixli 003119 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sonuncuya 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 15000 manat kredit verilmişdir. Həmçinin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat altına alınması məqsədilə kreditor İddiaçı ASC ilə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 arasında 19 iyun 2015-ci il tarixli 3119İ saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sonuncular mülkiyyətlərində olan Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 13 saylı fərdi yaşayış evini banka ipotekaya qoymuşlar. Borclu Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən kreditor hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini qismən təmin etmişdir. Bundan əvvəldə qeyd edildiyi kimi birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqaviləsi üzrə müvafiq borcların, eləcə də ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissədə mübahisələndirilmişdir və məhkəmə kollegiyası həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır. Belə ki, apellyasiya instansiyasında icraat zamanı tərəflər arasında bağlanmış 19 iyun 2015ci il tarixli 003119 saylı kredit müqaviləsi üzrə əsas, faiz, cərimə və illik beş faiz kredit borcunun hesablanması üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2022-ci il tarixli 9/3447 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Məmmədov Oktay Azər oğlu ilə İddiaçı ASC arasında bağlanmış 19 iyun 2015-ci il tarixli 003119 saylı kredit müqaviləsi üzrə borcalanın banka olan borcu - əsas borc üzrə 14775,99 manat, faiz borcu üzrə 1711,55 manat, illik beş faiz dərəcəsi ilə hesablanmış faiz borcu isə 2050,17 manat təşkil edir. Hazırkı işdən isə göründüyü kimi birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış 19 iyun 2015-ci il tarixli 003119 saylı kredit müqaviləsi üzrə əsas borcu 14834,40 manat, faiz borcu 3094,86 manat, cərimə borcunu 500 manat, gecikdirilmiş vaxt üçün illik beş faiz borcunu isə 2088,84 manat olmaqla, cəmi borcu 20518,10 manat müəyyən etmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 103.1ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyində kredit müqaviləsi üzrə əsas və faiz borcu düzgün hesablanmış olsa da, lakin gecikdirilmiş vaxt üçün illik beş faiz borcu düzgün müəyyən edilməmişdir. Belə ki, həmin borc riyazi hesablama üsulu ilə yoxlanıldıqda müəyyən olunur ki, əslində gecikdirilmiş vaxt üçün illik beş faiz borcu bankın tələb etdiyi 2088,84 manatdan çoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddia tələbindən kənara çıxmanın müstəsna halı istisna təşkil edir. Ona görə də mülki prosessual qanunvericiliyin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılması barədə müddəalarına uyğun olaraq, qətnamə gecikdirilmiş vaxt üçün illik beş faiz borcunun müəyyən edilməsi hissədə dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqaviləsi üzrə əsas və faiz borcunun müəyyən edilməsi hissədə dəyişdirilməli və əsas və faiz borcları yuxarıda qeyd olunan ekspert rəyində göstərilmiş məbləğdə müəyyən edilməlidir. Eləcə də kredit müqaviləsi üzrə əsas və faiz borcu dəyişdirildiyindən buna uyğun olaraq ümumi borc məbləği də dəyişdirilərək (14775,99+1711,55+2088,84+500=19076,38) 19076,38 manat müəyyən edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə cərimə borcunu düzgün müəyyən etmişdir. Belə ki, müəyyən edilmiş 500 manat cərimə borcu işin halları ilə tənasüblük təşkil edir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqaviləsi üzrə cərimə borcunun müəyyən edilməsi hissədə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyasında icraat zamanı ipoteka predmeti olan əmlakın likvid, habelə bazar dəyərinin müəyyən edilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2023-cü il tarixli 10/488-9/578 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Bərdə şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən 13 saylı fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 60000 manat, hazırkı orta bazar qiymətlərinə uyğun likvid dəyəri isə təqribən 54000 manat təşkil edir. İşdən isə müəyyən olunur ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məxsus Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 13 saylı fərdi yaşayış evinin ilkin satış qiymətini 53000 manat müəyyən etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissədə dəyişdirilməli və qeyd olunan əmlakın ilkin (likvid) satış qiyməti 54000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdən müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı aparılmış mühasibatlıq və əmtəəşünaslıq ekspertiza tədqiqatlarının ümumi dəyəri (100+50) 150 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatlarının ümumi dəyəri 150 manat Cavabdeh3 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(115)-681/2021 nömrəli qətnaməsi Cavabdeh3 kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və ümumi borc məbləğinin tutulması, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məxsus Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 13 saylı fərdi yaşayış evinin ilkin (likvid) satış qiymətinin 53000 manat məbləğində müəyyən edilməsi hissələrində dəyişdirilsin. Cavabdeh3 kredit müqaviləsi üzrə 14775,99 manat əsas borc, 1711,55 manat faiz borcu, cəmi 19076,38 manat tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İpoteka predmeti olan Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məxsus Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 13 saylı fərdi yaşayış evinin ilkin (likvid) satış qiyməti 54000 manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat Cavabdeh3 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar