Məhkəmə qərarları › İş №2-2(104)-12/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-12/2023

22.05.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-12/2023 22.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər “X9 Təsərrüfatı” MMC və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-5/2022 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər “X9 Təsərrüfatı” MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh “X9 Təsərrüfatı” MMC-dən ödənilməmiş 190000 manat əsas, müqavilə müddəti üçün hesablanmış 29861,38 manat faiz, 17136,90 manat cərimə, müqavilə bitdiyi tarixdən xx.xx.2019-cu il tarixə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 26.960.36 manat borc, cəmi 263958,64 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və tutmanın Cavabdeh1 məxsus “X11” ASC-nin nominal dəyəri 2 (iki) manat olan 48.892 (qırx səkkiz min səkkiz yüz doxsan iki) ədəd sənədsiz adlı səhmlərə yönəldilməsi, həmin səhmlərin fond birjasında satılması və tələb edilən borcun hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh “X9 Təsərrüfatı” MMC-dən 190000 manat əsas, müqavilə müddəti (xx.xx.2011- xx.xx.2016) üçün hesablanmış 16278,06 manat faiz, 30720,22 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2021-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 46182,50 manat borc, ümumilikdə 283180,78 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan “X11” ASC-nin nominal dəyəri 2 manat olan 48892 ədəd sənədsiz adi adlı səhmlərinə yönəldilməsi, həmin səhmlərin fond birjasında satılması və tələb edilən borcun əldə olunan vəsait hesabına ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-5/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh “X9 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətindən əsas borc üzrə 89511,44 (səksən doqquz min beş yüz on bir manat qırx dörd qəpik) manat, faiz borcu üzrə 2628,16 (iki min altı yüz iyirmi səkkiz manat on altı qəpik) manat olmaqla ümumilikdə 92139,60 (doxsan iki min yüz otuz doqquz manat altmış qəpik) manat məbləğində kredit borcunun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, borc tələbinin ipoteka qoyulmuş, mülkiyyət hüququ ilə, Cavabdeh1 məxsus olan “X11“ ASC-nin nominal dəyəri 2 manat olan 48892 ədəd sənədsiz adi adlı səhmlərinə yönəldilməsi, həmin səhmlərin fond birjasında satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, iş üzrə 145 (yüz qırx beş) manat ekspertiza xərcinin Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, X4, büdcə təsnifat kodu 142595, büdcə səviyyə kodu 3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT kod CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesaba ödəniməsi, iş üzrə 145 (yüz qırx beş) manat ekspertiza xərcinin cavabdeh “X9 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, X4, büdcə təsnifat kodu 142595, büdcə səviyyə kodu 3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT kod CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesaba ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə “X9 Təsərrüfatı” MMC arasında bağlanmış 11 may 2011-ci il tarixli KT/KR-56 nömrəli kredit müqaviləsinə əsasən, sonuncuya illik 7 faiz dərəcəsi ödəmək şərtilə 200000 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh1 ilə girov müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan “X11” ASC-nin nominal dəyəri 2 manat olan 48892 ədəd sənədsiz adi adlı səhmlər İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Borclu kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə ona xəbərdarlıq edilməsinə baxmayaraq, nəticə əldə edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqaviləsi üzrə əsas, faiz, cərimə və gecikdirilmiş vaxt üçün illik beş faiz borclarının müəyyən edilməsi hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Həmin hissədə iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü madəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozuntulara görə məsuliyyətindən azad etmir. Bu isə Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi üçün məsuliyyət adlanan müddəalarının tətbiq edilməsini tələb edir. Bankın gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz məbləğini maliyyə arayışının tərtib edildiyi tarixə, yəni 11 iyun 2021-ci il tarixə hesablamağı heç bir şərtlə məhdudlaşdırılmamışdır. İşə baxan birinci instansiya məhkəməsi ekspert rəyinə əsasən cərimə borcunu təmin etməyərək kreditorun əmlak və digər əsaslı mənafelərini nəzərə almamışdır. Bundan əlavə ekspert rəyi ilə razı deyillər və bu səbəbdən təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı təkrar ekspertiza keçirilməyəcəyi təqdirdə rəy vermiş ekspertin məhkəmə iclasında dindirilməsi barədə vəsatət vermişlər, lakin vəsatətləri təmin edilməmişdir. Halbuki cavabdehin məhkəməyə təqdim etdiyi ödəniş qəbzləri “X9 Təsərrüfatı” MMC-nin borcu üçün ödənilmiş qəbzlər deyillər. Ekspert tərəfindən 11 may 2011-ci il tarixli KT/KR-56 nömrəli kredit müqaviləsi üzrə "xxxx" MMC-nin borcu düzgün hesablanmamış, borcun məbləği müəyyən edilərkən cavabdehlər tərəfindən edilmiş ödənişlərin bir qismi KT/KR-56 nömrəli kredit müqaviləsi üzrə deyil, başqa kredit müqavilələri üzrə ödənişlərə aid olduğu halda, həmin ödənişlər düzgün olmayaraq KT/KR-56 nömrəli kredit müqaviləsi üzrə borc məbləği hesablanarkən nəzərə alınmışdır. Belə ki, məhkəməyə təqdim olunmuş xx.xx.2011-xx.xx.2013-cü il tarixləri, xx.xx.2021-ci il tarixli hesab-******************** nömrəli xx.xx.2013-xx.xx.2016-cı il, xx.xx.2015-ci il, xx.xx.2011xx.xx.2013-cü il tarixləri əhatə edən hesabdan çıxarışlara diqqət yetirilsə görünər ki, xx.xx.2012-ci il tarixdə 4012 manat “X11” ASC-nin, 30.10.12-ci il tarixdə 5000 manat məbləğin 2500 manatı “Göyçək” KM-nin, xx.xx.2012-ci il tarixdə 4000 manat "xxxx" MMC-nin, 30.01.13-cü il tarixdə 5747 manat “Göyçək” KM-nin, xx.xx.2013-cü il tarixdə 11200 manat "xxxx" MMC-nin, 17.04.13-cü il tarixdə 3000 manat “Göyçək” KM-nin, 23.04.13-cü il tarixdə 2000 manat məbləğin 1000 manatı “Göyçək” KM-nin kredit müqavilələri üzrə borcların silinməsi üçün mədaxil edilmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə və iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin kredit müqaviləsi üzrə əsas, faiz, cərimə və gecikdirilmiş vaxt üçün illik beş faiz borclarının müəyyən edilməsi hissədə ləğv edilməsini və həmin hissədə iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər “X9 Təsərrüfatı” MMC-nin nümayəndəsi və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: İşdən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqaviləsi üzrə əsas, faiz, cərimə və gecikdirilmiş vaxt üçün illik beş faiz borclarının müəyyən edilməsi hissədə mübahisələndirilmişdir. Qətnamə iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə mübahisələndirilən hissədə, yəni kredit müqaviləsi üzrə əsas, faiz, cərimə və gecikdirilmiş vaxt üçün illik beş faiz borclarının müəyyən edilməsi hissədə yoxlanılmalıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: 11 may 2011-ci il tarixli KT/KR-56 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən – İddiaçı ASC borcalan "xxxx" MMC-yə 200000 manat məbləğində illik 7 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – "xxxx" MMC isə kreditin əsas məbləğini və ona hesablanmış faizləri ödəməyi öhdələrinə götürmüşlər. Müqaviləyə əsasən kredit məbləğindən istifadə müddəti 5 il müəyyən edilmişdir; Maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixə 190000,00 manat əsas borcu, 16278,06 manat faiz borcu, gecikdirilmiş vaxt üçün 30720,22 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2021-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 46182,50 manat borcu, ümumilikdə 283180,78 manat məbləğində borcunun olması göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 aprel 2021-ci il tarixli, 9/5365 saylı rəyindən görünür ki, "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) banka olan borcu ümumilikdə 164183,78 manat məbləğində müəyyən olunmuş, əsas borc üzrə 159 500,66 manat, faiz borcu üzrə 4683,12 manat qeyd olunmuş, iş materiallarında olan xx.xx.2012-ci il tarixli 4012 manat məbləğində, xx.xx.2012-ci il tarixli 5000 manat məbləğinin 2500 manat məbləği hissəsi, xx.xx.2012-ci il tarixli 4000 manat məbləği, xx.xx.2013-cü il tarixli 5747 manat məbləğində, xx.xx.2013-cü il tarixli 11 220 manat məbləğində, xx.xx.2013-cü il tarixli 3000 manat məbləğində və xx.xx.2013-cü il tarixli 2000 manat məbləğinin 1000 manat hissəsi iş, ümumilikdə 31479 manat məbləğində kassa mədaxil orderləri hesabdan çıxarış məlumatlarında öz əksini tapmamış, lakin hazırki ekspertiza tədqiqatı zamanı həmin ödənişlər nəzərə alınaraq hesablamalar aparılmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2021-ci il tarixli, 9/5651 saylı rəyində ilkin ekspertiza rəyindən fərqli olaraq qeyd edilmişdir ki, "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixə (müqavilə müddəti qüvvədə olduğu müddətə) banka olan borcu əsas borc üzrə 89 511,44 manat, faiz brcu üzrə 2628,16 manat, ümumilikdə 92 139,60 manat olmuş, əldən çıxmış fayda, cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından hazırki ekspertiza tədqiqatı ilə "xxxx" MMC-yə əldən çıxmış fayda və cərimə hesablanmamışdır. Bundan başqa, məhkəməyə təqdim olunmuş xx.xx.2007-xx.xx.2013-cü il, xx.xx.2003-xx.xx.2013-cü və xx.xx.2011-xx.xx.2013-cü il tarixləri əhatə hesabdan çıxarışlara və kassa mədaxil orderlərinə diqqət yetirilsə görünər ki, xx.xx.2012-ci il tarixdə 5000 manat, xx.xx.2013-cü il tarixdə 10000 manat, xx.xx.2013-cü il tarixdə 4000 manat, xx.xx.2013-cü il tarixdə 5000 manat, xx.xx.2014-cü il tarixdə 2000 manat və xx.xx.2013-cü il tarixdə 15000 manat "xxxx" MMC-nin, xx.xx.2012-ci il tarixdə 2000 manat “X11” ASC-nin kredit müqaviləsi üzrə borcun silinməsi üçün sonuncunun kredit hesabına ödənilmişdir. Bundan başqa, xx.xx.2014-cü il tarixdə 7984,00 manat Cavabdeh1 "xxxx" ASC-də olan kredit müqaviləsi üzrə kredit hesabına ödənilmişdir. Bundan başqa, xx.xx.2014-cü il tarixdə X8 Cavabdeh1 "xxxx" ASC-də olan kredit müqaviləsi üzrə kredit hesabına 5000 manat və 3000 manat ödəmişdir. Bundan başqa, xx.xx.2012-ci il tarixdə Cavabdeh1 "xxxx" MMC-nin hesabına qarantiya üçün xidmət haqqı olaraq 550 manat ödəmişdir. Bundan başqa,xx.xx.2914-cü il tarixdə E.X1 "xxxx" ASC-də olan kredit hesabına 1002 manat mədaxıl etmişdir. Qeyd edilən məbləğlərin ödənilməsinə dair qəbzlərin KT/KR-56 nömrəli kredit müqaviləsi üzrə "xxxx" MMC-nin borcuna heç bir aidiyyəti olmamışdır. İş materiallarında olan xx.xx.2012-ci il tarixli, xx.xx.2012-ci il tarixli, 30.10.12-ci il tarixli, xx.xx.2012-ci il tarixli, 30.01.13-cü il tarixli, xx.xx.2013-cü il tarixli, 17.04.13-cü il tarixli, 23.04.13-cü il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2014-cü il tarixli və xx.xx.2914cü il tarixli qəbzlərdən görünür ki, həmin qəbzlərdə göstərilən məbləğlər KT/KR-56 nömrəli kredit müqaviləsi üzrə "xxxx" MMC-nin kredit hesabına deyil, başqa hesablara mədaxil edilmişdir. Apellyasiya instansiyasında icraat zamanı alınmış: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 oktyabr 2022-ci il tarixli 9/3395 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı ASC ilə “X9 Təsərrüfatı” MMC arasında bağlanmış 11 may 2011-ci il tarixli KT/KR-56 nömrəli kredit müqaviləsi üzrə “X9 Təsərrüfatı” MMC-nin banka olan borcu 89511,44 manat əsas, 2628,16 manat faiz borcu olmaqla ümumilikdə 92139,60 müəyyən olunur. İş materiallarında 11 may 2011-ci il tarixli KT/KR-56 nömrəli kredit müqaviləsi üzrə əldən çıxmış faydanın hesabı və hesablanması, eyni zamanda cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırkı eksperti za tədqiqatı ilə “X9 Təsərrüfatı” MMC-yə əldən çıxmış fayda və cərimə hesablanmamışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2023cü il tarixli 9/509 nömrəli ekspert rəyindən görünür ki, “X9 Təsərrüfatı” MMC-nin banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabndan çıxarış məlumatları,11 may 2011-ci il tarixli KT/KR- 56 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, əsas borcu 193706,43 manat, 01 may 2016-cı il tarixədək (müqavilənin son tarixi) illik 7 faizlə borcu 5687,44 manat, 01 may 2016-cı il tarixdən (müqavilənin son tarixi) illik 5 faiz borcu 49502,75 manat hesablanmaqla “X9 Təsərrüfatı” MMC-nin 11 iyun 2021-ci il tarixə (iddia ərizəsində və maliyyə arayışında göstərilən tarix) banka olan əsas, faiz və əldən çıxmış fayda borcu ümumilikdə 248896,62 manat məbləğində müəyyən olunur. Ekspert rəyində 11 iyun 2022-ci il tarixə olan kredit borcunun hesablandığını qeyd etsə də, faktiki olaraq 11 iyun 2021-ci il tarixə olan kredit borcu hesablanmışdır. Birinci instansiya məhkəməsi qətnamə mübahisələndirilən hissədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442-ci, 443.1, 445.1, 448.1, 449.1 və 465.2-ci maddələrinə istinadən hesab etmişdir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası qətnamə mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2. maddəsinə görə isə, borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443-cü maddəsinə görə, öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2. maddəsinə görə, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Həmin Məcəllənin 449.3. maddəsinə görə, əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 449.4. maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 464.1-ci maddəsinə əsasən, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, kreditor İddiaçı ASC ilə borcalan “X9 Təsərrüfatı” MMC arasında 11 may 2011-ci il tarixli KT/KR-56 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcalan "xxxx" MMC-yə illik 7 faiz ödəmək şərti ilə 60 ay müddətinə 200000 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat altına alınması məqsədilə kreditor İddiaçı ASC ilə Cavabdeh1 arasında girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan “X11” ASC-nin nominal dəyəri 2 manat olan 48892 ədəd sənədsiz adi adlı səhmlər İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən kreditor hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini qismən təmin etmişdir. Bundan əvvəldə qeyd edildiyi kimi birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqaviləsi üzrə əsas, faiz, cərimə və gecikdirilmiş vaxt üçün illik beş faiz borclarının müəyyən edilməsi hissədə mübahisələndirilmişdir və məhkəmə kollegiyası həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi qətnamə mübahisələndirilən hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2021-ci il tarixli 9/5651 nömrəli ekspert rəyinə əsasən iddia tələbini qeyd olunan hissədə qismən təmin etmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyasında icraat zamanı tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə əsas, faiz, cərimə və gecikdirilmiş vaxt üçün illik 5 faiz borcunun müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2023-cü il tarixli 9/509 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, “X9 Təsərrüfatı” MMC-nin banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları,11 may 2011-ci il tarixli KT/KR-56 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, əsas borcu 193706,43 manat, 01 may 2016-cı il tarixədək (müqavilənin son tarixi) illik 7 faizlə borcu 5687,44 manat, 01 may 2016-cı il tarixdən (müqavilənin son tarixi) illik 5 faiz borcu 49502,75 manat hesablanmaqla “X9 Təsərrüfatı” MMC-nin 11 iyun 2021-ci il tarixə (iddia ərizəsində və maliyyə arayışında göstərilən tarix) banka olan əsas, faiz və əldən çıxmış fayda borcu ümumilikdə 248896,62 manat təşkil edir. Həmçinin həmin rəyin tədqiqat hissəsində göstərilmişdir ki, iş materiallarında olan 20 aprel 2021-ci il tarixli 9/5365 nömrəli ekspert rəyinin nəticəsi ilə 29 noyabr 2021-ci il tarixli 9/5651 nömrəli və 03 oktyabr 2022-ci il tarixli 9/3395 nömrəli ekspert rəylərinin nəticələrindəki fərqin səbəbi təqdim edilmiş kassa mədaxil orderlərində göstərilən hesabların və təyinatların eyni olmasıdır. Yəni ki, eyni hesablı, eyni təyinatlı kassa mədaxil orderindəki ödənişlərin bir qismi 11 may 2011-ci il tarixli KT/KR-56 saylı kredit müqaviləsi üzrə, digər bir qismi isə həmin bankda olan ayrı şirkətlərin hesabına ödənilmişdir. Lakin bir qism kassa mədaxil orderlərində ödənişlərin konkret olaraq hansı hesab üzrə ödənilməsi öz əksini tapmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsinin əsas götürdüyü ekspert rəyinin tədqiqatı zamanı tədqiqat hərtərəfli, tam və obyektiv aparılmamış, zəruri tədqiqat obyektləri, yəni hesabdan çıxarış, mədaxil orderləri, ödəniş qəbzləri, habelə ödəmə əməliyyatı ilə bağlı digər sənədlər ətraflı araşdırılmamışdır. Nəticədə ekspertiza tədqiqatı natamam şəkildə aparılmış və tədqiqat üçün mühüm əhəmiyyət kəsb edən xüsusatlar nəzərə alınmaqla hərtərəfli və obyektiv hesablama aparılmamışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, həmin ekspert rəyi işin hərtərəfli, tam və obyektiv həlli üçün mötəbər sübut kimi qiymətləndirilə bilməz. İşin hərtərəfli, tam və obyektiv həlli üçün hazırkı, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2023-cü il tarixli 9/509 nömrəli ekspert rəyi qənaətbəxşdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2023-cü il tarixli 9/509 nömrəli ekspert rəyi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə əsas borc 193706,43 manat, gecikdirilmiş vaxt üçün illik 5 faiz borcu 49502,75 manat müəyyən olunsa da, lakin iddiaçı cavabdeh “X9 Təsərrüfatı” MMC-dən kredit müqaviləsi üzrə əsas borcu 190000 manat, gecikdirilmiş vaxt üçün illik 5 faiz borcu isə 46182,50 manat tələb etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə müvafiq borclar iddiaçının tələbləri hüdudunda müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Həmçinin məhkəmə kollegiyası tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cərimə borcunun müəyyən olunması hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, həmin hissədə iddia qismən əsaslıdır. Belə ki, mülki qanunvericiliyə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İşdən müəyyən olunur ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh “X9 Təsərrüfatı” MMC-dən kredit müqaviləsi üzrə 30720,22 manat cərimə borcu tələb etmişdir. Məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə cərimə borcu 8500 manat müəyyən edilməlidir. Belə ki, həmin məbləğdə cərimə borcu kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərinə uyğun olmaqla işin halları ilə də mütənasüb hesab edilir. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan hallara düzgün hüquqi qiymət verməmiş və qətnamə mübahisələndirilən hissədə işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdən müəyyən olunur ki, apellyasiya instansiyasında icraat zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 250 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatlarının ümumi dəyəri cavabdehlər “X9 Təsərrüfatı” MMC və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-5/2022 saylı qətnaməsi cavabdeh “X9 Təsərrüfatı” MMC-dən kredit müqaviləsi üzrə kredit borcunun tutulması hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə çıxarılsın. İddia tələbi həmin hissdədə qismən təmin edilsin. Cavabdeh “X9 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətindən 11 may 2011-ci il tarixli, KT/KR-56 nömrəli kredit müqaviləsi üzrə 190000,00 (yüz doxsan min) manat məbləğində əsas borc, 5687,44 (beş min altı yüz səksən yeddi manat qırx dörd qəpik) manat məbləğində faiz borcu, 8500 (səkkiz min beş yüz) manat məbləğində cərimə, müqavilənin müddəti bitdikdən sonra 11 iyun 2021-ci il tarixədək illik 5% hesablanmaqla ödənişin gecikdirilməsinə görə 46182, 50 (qırx altı min yüz səksən iki manat əlli qəpik) manat məbləğində faiz borcu olmaqla ümumilikdə 250369,94(iki yüz əlli min üç yüz altmış doqquz manat doxsan dörd qəpik) manat məbləğində kredit borcu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatı zamanı iş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş 250 (iki yüz əlli) manat ekspertiza xərcinin 125 (yüz iyirmi beş) manat məbləği Cavabdeh1, digər 125 (yüz iyirmi beş) manat məbləği isə cavabdeh “X9 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, X4, büdcə təsnifat kodu 142595, büdcə səviyyə kodu 3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT kod CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesaba ödənilsin. Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar