Məhkəmə qərarları › İş №2-2(104)-148/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-148/2023

17.05.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-148/2023 17.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh1 nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)- 454/2022 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-454/2022 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15 iyul 2016-cı il tarixli əlavə kredit müqaviləsi üzrə 13269.07 (on üç min iki yüz altmış doqquz manat yeddi qəpik) manat əsas borc, 2718.97 (iki min yeddi yüz on səkkiz manat doxsan yeddi qəpik) manat faiz borcu, 527.74 (beş yüz iyirmi yeddi manat yetmiş dörd qəpik) manat cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1217 (min iki yüz on yeddi manat) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 17732.78 (on yeddi min yeddi yüz otuz iki manat yetmiş səkkiz qəpik) manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, borc tələbinin likvid dəyəri 17 000 manat olan ipotekaya qoyulmuş Cavabdeh1 mülkiyyətindəki Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 3 otaqlı, 103.3 kv.m ümumi, 71.3 kv.m yaşayış, 32 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və likvid dəyəri 18 000 manat olan 0.32 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evi və torpaq sahəsinin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka qoyulmuş fərdi yaşayış evinə və torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər çıxarılmaqla fərdi yaşayış evi və torpaq sahəsinin boşaldılması, iş üzrə 250 (iki yüz) manat ekspertiza xərcinin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq “Məhkəmə Ekspertzası Xidmətləri“ MMC, “Kapital Bank“ ASC Qara Qarayev filalı, Kod: 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, AZ90AİİB******************** saylı hesaba ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-454/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 2016-cı il 15 iyul tarixli əlavə kredit müqaviləsi üzrə banka 13269,07 manat əsas, 2718,97 manat faiz borcu, 10527,74 manat cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1217 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 27732,78 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh1 mülkiyyətindəki Bərdə rayonu, Qaradəmirçi kəndində mülkiyyətində olan, 0.32 ha torpaq sahəsi ilə birlikdə, 3 otaqlı, 103.3 kv.m ümumi, 71.3 kv.m yaşayış, 32 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1 mülkiyyətindəki Bərdə rayonu, Qaradəmirçi kəndində mülkiyyətində olan, 0.32 ha torpaq sahəsi ilə birlikdə, 3 otaqlı, 103.3 kv.m ümumi, 71.3 kv.m yaşayış, 32 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və digərlərinin həmin evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 həmin evdən çıxarılmaları, həmin evin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(021)-1650/2021 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-cü il 04 aprel tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “Bərdə” filialından 72 ay müddətinə 20 000 manat məbləğində və ya kredit veriləcək gün bu məbləğin ABŞ dolları və ya AVRO ekvivalentində kredit limiti ayırmışdır. 2016-cı il 15 iyul tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin Bərdə filialından illik 6%-lə 33 ay müddətiən 15 000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki Bərdə rayonu, Qaradəmirçi kəndində mülkiyyətində olan 0.32 ha torpaq sahəsi ilə birlikdə 3 otaqlı, 103.3 kv.m ümumi, 71.3 kv.m yaşayış, 32 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli fərdi yaşayış evi 2013-cü il 04 aprel tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir və Cavabdeh2 ilə 2016-cı il 15 iyul tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2021-ci il fevralın 26-dək Cavabdeh1 2016-cı il 15 iyul tarixli əlavə kredit müqaviləsi üzrə banka 13269.07 manat əsas, 2718.97 manat faiz borcu, 10527.74 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 26515.78 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının öz tələbini əsaslandırdığı hər hansısa mötəbər və mübahisələndirilməsi imkansız olan sübutlara əsaslanmadan, iddiaçının şəxsi mülahizələrinin formalaşdırdığı fikirlərin əsasında yekun qərar qəbul etmişdir. Çünki iddiaçı öz iddasının əsasını təşkil edən tələbin təmin olunmasına dair onun zəruriliyini isbat edən heç bir sübut və dəlilə əsaslanmamışdır. Bank cavabdehə qarşı yüksək fazilərdən faiz tutma əməliyyatı həyata keçiribdir. Məhkəmə isə mülki qanunverciliyin qeyd olunan tələbini nəzərə almadan faizlər üzərindən yüksək məbləğdə borc pul hesablamışdır. Bundan başqa evin likvid qiymətlə qiymətləndirilməsini də qəbul etmir. Məlumdur ki, likvid qiymət qanunvericiliyin tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin ilkin satış qiymətidir. Məhkəmə tərəfindən likvid qiymət qət edilərkən evin mövcüd şərtlərdə-yəni məhkəmənin keçirildiyi real vaxt məqamında rayonda daşınmaz əmlak bazarında yerləşən evlərin real bazar qiymətinin nə qədər təşkil etdiyini dəqiq müəyyən etməmişdir. Belə olan halda hakim Ali Məhkəmə tərəfindən müəyyən edilmiş likvid qiymət məsələsində əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutulmalıdır - norması diqqətə alınmalıdır. Çünki evin real bazar qiyməti ilə likvid qiyməti arasında real qiymət fərqinin nə qədər olduğunu real vaxt axınında müəyyən edilməsi həyata keçirilməmişdir. Hakim çəkişmə prinsipini pozduğu üçün iddiaçının təqdim etdiyi “sübutların” mübahisələndirməsi məsələsini həll edə bilməmişlər. Çünki ona elektron sms gəlməyibdir. Məhkəmə icraatı barədə ancaq qətnaməni aldıqdan sonra xəbəri olubdur. Cavabdeh ürək əməliyyatı keçirmiş xəstə adamdır. Elə məhkəmədən xəbəri olsaydı heç olmasa təxirə saldıra bilərdi xəstəliyilə bağlı. Ancaq lazımı qaydada, tələb olunan şəkildə məhkəmə icraatı haqqında xəbərdar edilməmişdir və bu səbəbdən də məhkəmənin yeri və vaxtına dair xəbərsiz olmuşdur. Göründüyü kimi hakim çəkişmə prinsipini pozduğu üçün onların məhkəmə müdafiə hüququ təmin edilmədiyi üçün bir çox məqamları məhkəmədə öz xeyirlərinə sübut etməkdən məhrum qalmışlar. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlərdən Cavabdeh1 nümayəndə ilə təmsil olunsa da özü və digər cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin dəlillərinə uyğun izahat verdi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını və Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-454/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya araşdırmasının hədləri ilə bağlı qeyd edir ki, iddia tələbi qismən təmin edilmiş olsa da, həmin qətnaməni yanız Cavabdeh1 mübahisələndirmiş, iddiaçı və digər cavabdehlər həmin qətnaməni mübahisələndirməmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin şikayətlə mübahisələndirilən həmin qətnaməsinin əsaslılığını şikayətlə mübahisələndirilən hissədə yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilməsinə dair məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsinin və apellyasiya şikayətinin təmin edilməməsinə dair iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarında olan 04 aprel 2013-cü il tarixli, 12-SKMF-2-0-225-13 saylı əsas kredit müqaviləsindən görünür ki, borcverən –"xxxx" İKB ASC (hazırda İddiaçı Açıq Səhmdar Cəmiyyəti) “Bərdə” filialından borcalan - Cavabdeh1 72 ay müddətinə 20 000 manat məbləğində və ya kredit veriləcək gün bu məbləğin ABŞ dolları və ya AVRO ekvivalentində kredit limiti ayırmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 12-SKMF-3-0-65-16 saylı əlavə kredit müqaviləsindən görünür ki, borcverən – "xxxx" İKB ASC borcalan Cavabdeh1 15 000 manat məbləğində illik 6 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – Cavabdeh1 isə 33 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür İş materiallarında olan xx.xx.2013-cü il 291 nömrəli sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 mülkiyyətindəki Bərdə rayonu, Qaradəmirçi kəndində mülkiyyətində olan 0.32 ha torpaq sahəsi ilə birlikdə 3 otaqlı, 103.3 kv.m ümumi, 71.3 kv.m yaşayış, 32 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli fərdi yaşayış evi ipoteka predmeti kimi yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 12-SKMF-3-0-65-16 saylı zaminlik müqaviləsindən görünür ki, əsas müqavilənin təminatı kimi Cavabdeh2 ilə "xxxx" İKB ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bərdə rayonu, Qaradəmirçi kəndində mülkiyyətində olan 0.32 ha torpaq sahəsi ilə birlikdə 3 otaqlı, 103.3 kv.m ümumi, 71.3 kv.m yaşayış, 32 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli fərdi yaşayış evi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləğinin ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir İş materiallarında olan 26 fevral 2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixli, 12-SKMF-3-0-65-16 saylı kredit müqaviləsi üzrə banka 13269.07 manat əsas borc, 2718.97 manat faiz borcu, 10527.14 manat cərimə borcu, 1217 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 26515.78 manat borcu vardır. İş materiallarında olan əmlakın qiymətləndirilməsinə dair 10 iyun 2022-ci il tarixli, 02- 66/22 nömrəli ekpertiza rəyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bərdə rayonu, Qaradəmirçi kəndində mülkiyyətində olan 0.32 ha torpaq sahəsinin bazar dəyəri 19 200 manat, likvid dəyəri isə 18 000 manat, 3 otaqlı, 103.3 kv.m ümumi, 71.3 kv.m yaşayış, 32 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli fərdi yaşayış evinin bazar qiyməti 22 000 manat, likvid dəyəri 17 000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, 2013-cü il 04 aprel tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “Bərdə” filialından 72 ay müddətinə 20 000 manat məbləğində və ya kredit veriləcək gün bu məbləğin ABŞ dolları və ya AVRO ekvivalentində kredit limiti ayırmışdır. 2016-cı il 15 iyul tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin Bərdə filialından illik 6%-lə 33 ay müddətiən 15 000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki Bərdə rayonu, Qaradəmirçi kəndində mülkiyyətində olan 0.32 ha torpaq sahəsi ilə birlikdə 3 otaqlı, 103.3 kv.m ümumi, 71.3 kv.m yaşayış, 32 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli fərdi yaşayış evi 2013-cü il 04 aprel tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir və Cavabdeh2 ilə 2016-cı il 15 iyul tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 12-SKMF-3-0-65- 16 saylı əlavə kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 15 000 manat məbləğində kredit verilmişdir. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, 527.74 (beş yüz iyirmi yeddi manat yetmiş dörd qəpik) manat məbləğində tutulmalıdır. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait X3 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə münasibət olaraq qeyd edir ki, cavabdehdən ümumilikdə nə qədər pulun tutulmalı olması iddia tələbində və qətnamədə göstərilibdir. Tələbin bu hissəsi əvvəlki hissəni təkrarlayır. Odur ki, tələbin həmin hissəsi əsaslı sayılmır. Məhkəmə fərdi yaşayış evinin boşaldıldıqdan sonra iddiaçıya təhvil verilməsi barədə onu qeyd edir ki, evi təhvil almaq hüququ olan şəxsin bəlli olması hərracın nəticələrindən sonra məlum olan bir məsələdir. Həmin şəxs bank olmaya da bilər. Odur ki, tələbin həmin hissəsi də əsaslı sayılmır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunverciliyin yuxarıda şərh olunmuş normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini əsas kredit borcu, əsas borca hesablanmış faiz borcu və cərimə hissəsində qismən - yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə də iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə iddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etməkdə, məhkəmə isə həmin hissədə iddianı yuxarıda göstərilmiş qaydada təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh qətnamənin maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq və təfsir edilmədiyini, məhkmənin gəldiyi nəticənin işin hallarına uyğun gəlmədiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Yenə də həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. İşdən göründüyü kimi işə birinci instansiya məhkəməsində baxılanda ipoteka predmetinin qiyməti mübahisələndirilmiş, ona görə də məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin rəyi alınmış, həmin hallar işə birinci instansiya məhkəməsində baxılanda mübahisələndirilməmişdir. Azərbaycan Respublikasы MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh apellyasiya şikayətinin dəlillərində ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinə dair müstəqil qiymətləndiricinin rəyi ilə razılaşmadığını göstərsə də həmin rəylərin doğru olmadığını və həmin dəlilləri birinci instansiya məhkəməsində irəli sürməməsinin səbəblərini göstərməmişdir. Odur ki, kollegiya apellyasiya şikayətinin həmin dəlillərini əsassız sayır. Apellyasiya şikayətinin dəlillərindən biri işə onun iştirakı olmadan baxıldığına görə çəkişmə prinsipinin pozulmasıdır. Kollegiya qeyd edir ki, həqiqətən də Azərbaycan Respublikası Konstitusiyasının 127ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi mülki prosessual qanunvericilikdə də əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi bütün məhkəmə prosesləri ilə bağlı tərəflərə, o cümlədən Cavabdeh1 məhkəmə bildirişi göndərmiş, lakin cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Hətta iş materiallarında olan teleqramdan görünür ki, Cavabdeh1 hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsinə və işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir (İ cild i.v- 148). Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Göründüyü kini apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla cavabdehin formal mülahizəsidir. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-454/2022 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar