Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-16/2023 02.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 07 aprel 2022-ci il tarixli e-2-2(115)-25/2022 nömrəli qətnaməsindən Cavabdeh1 və onun nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cəmi borc 19922,53 manat, bundan - 14170,55 manat əsas, 2424,93 manat faiz, 1295,98 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2031,07 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh3 və Cavabdeh2 məxsus olan Tovuz rayonu, Aşağı Quşçu kəndində 0,24 ha torpaq sahəsində yerləşən 181,1 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi və onun tərkibi olan həyətyanı tikili və qurğularına yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 01 mart 2022-ci il tarixli, e-2-2(115)-25/2022 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, borcun ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair iş üzrə icraata Cavabdeh3 münasibətdə xitam verilməsi qərara alınmışdır. Gəncə Kommersiya Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, e-2-2(115)-25/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 əsas borc üzrə 14170,55 manat, faiz borcu üzrə 2424,93 manat, cərimə borcu üzrə 295,98 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2031,07 manat, ümumilikdə 18922,53 manat məbləğində kredit borcunun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsum tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi; Borc tələbinin ipoteka qoyulmuş likvid dəyəri 31500 manat olan Cavabdeh3 və Cavabdeh2 məxsus Tovuz rayonu, Aşağı Quşçu kəndində olan 0,24 ha torpaq sahəsində yerləşən 181.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və onun tərkibi olan həyətyanı tikili və qurğularına yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi; İpoteka predmeti olan əmlaka tutulma yönəldikdən və satıldıqdan sonra cavabdehlər çıxarılmaqla əmlakın boşaldılması; İş üzrə 200 (iki yüz) manat ekspertiza xərcinin Cavabdeh1 tutularaq "xxxx" MMC, VÖEN **********, AZ15GUNA ********************, “GÜNAY BANK“ ASC, VÖEN **********, KOD 505594 müxbir hesab AZ 25 NABZ ********************, SWİFT GUNAAZ22 saylı hesaba ödənilməsi; İddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 və onun nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Kəpəz rayon filialı ilə Cavabdeh1 arasında bağlanmış 03 mart 2015-ci il tarixli 2844 saylı kredit müqaviləsinə əsasən, sonuncuya 36 (otuz altı) ay müddətinə illik 6 (altı) faiz dərəcəsi ilə 14500 (on dörd min beş yüz) manat kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 mart 2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh3 və Cavabdeh2 məxsus Tovuz rayonu, Aşağı Quşçu kəndində 0,24 ha torpaq sahəsində yerləşən 181,1 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi və onun tərkibi olan həyətyanı tikili və qurğuları ipotekaya qoyulmuşdur. Tovuz rayonu, Aşağı Quşçu kəndində 0,24 ha torpaq sahəsində yerləşən 181,1 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi və onun tərkibi olan həyətyanı tikili və qurğularının ipotekaya qoyulması barədə bank ilə Cavabdeh3 və Cavabdeh2 arasında 03 mart 2015-ci il tarixli 252 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 10 mart 2015-ci il tarixli RX seriyalı ******* saylı Çıxarış verilmişdir. **********2 saylı xx.xx.2020-ci il tarixli və **********213 saylı xx.xx.2021-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər banka cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 17 dekabr 2020-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 19.922,53 manat təşkil edir. Bundan 14.170,55 manat əsas, 2424,93 manat faiz, 1295,98 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2031,07 manat faiz borcu təşkil edir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 və onun nümayəndəsi Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında “ 28 fevral 2019-cu il tarixli Fərmanına hüquqi qiymət verməmişdir. Bundan əlavə, kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunun düzgün hesablanması üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməmişdir. Eləcə də ipoteka predmeti olan əmlakın ilkin satış dəyəri real qiymətindən aşağı müəyyən edilmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, habelə nümayəndə (vəkil) Vəkil məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının 20 iyul 2022-ci il tarixli iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, Gəncə Kommersiya Məhkəməsinin 07 aprel 2022-ci il tarixli e-2-2(115)-25/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Cavabdeh1 və onun nümayəndəsi Vəkil apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etsələr də, lakin şikayətin dəlillərindən müəyyən olunur ki, qətnamə kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunun, eləcə də ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissədə mübahisələndirilmişdir. Qətnamə digər hissələrdə mübahisələndirilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə mübahisələndirilən hissədə yoxlanılmalıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Məhkəmə kollegiyası qətnamə mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: 03 mart 2015-ci il tarixli, 2844 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən -İddiaçı ASC borcalan Cavabdeh1 14500 manat məbləğində illik 6 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – Cavabdeh1 isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür; 03 mart 2015-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, 03 mart 2015-ci il tarixli, 2844 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh3 məxsus olan Tovuz rayonu, Aşağı Quşçu kəndində 0,24 ha torpaq sahəsində yerləşən 181,1 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi və onun tərkibi olan həyətyanı tikili və qurğular ipoteka predmeti kimi yüklü edilmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığına əsasən 38000 manat məbləğində müəyyən edilmişdir; Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh3 və Cavabdeh2 məxsus olan Tovuz rayonu, Aşağı Quşçu kəndində 0,24 ha torpaq sahəsində yerləşən 181,1 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi və onun tərkibi olan həyətyanı tikili və qurğular İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir; 28 dekabr 2020-ci il tarixli, **********2 saylı və xx.xx.2021-ci il tarixli, **********213 saylı bildirişlərin surətlərindən görünür ki, cavabdehlər yaranmış borcla bağlı xəbərdar edilmişlər; 25 dekabr 2020-ci il tarixli, **********514 nömrəli maliyyə arayışının surətindən görünür ki, 17 dekabr 2020-ci il tarixə Cavabdeh1 kredit üzrə 14170,55 manat əsas, 2424,93 manat faiz, 1295,98 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2031,07 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 19922,53 manat təşkil edir; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin UNİ/İ 78-293/21 nömrəli rəyindən görünür ki, Tovuz rayonu, Aşağı Quşçu kəndində 0,24 ha torpaq sahəsində yerləşən 181,1 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə bazar dəyəri 35000 manat, likvid dəyəri isə 31500 manat müəyyən olunmuşdur. Apellyasiya instansiyasında icraat zamanı alınmış: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 oktyabr 2022-ci il tarixli 9/5540 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 03 mart 2015-ci il tarixli 2844 saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh1 İddiaçı ASC-yə olan borcu müqavilə müddətinin bitmə tarixinə (xx.xx.2018) əsas borcu 14459,48 manat, faiz borcu 1300,84 manat təşkil edir. Həmçinin maliyyə arayışının tərtib edildiyi tarixə (xx.xx.2022) əsas borcu 14130,03 manat, faiz borcu isə illik beş faiz borcu hesablanmaqla 3317,89 manat təşkil edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin daşınmaz əmlakın qiymətləndirilməsinə dair 18 avqust 2022-ci il tarixli 001-15/19 nömrəli rəyindən görünür ki, Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən fərdi yaşayış evinin (evin yerləşdiyi torpaq sahəsi nəzərə alınmaqla) 21 fevral 2023-cü il tarixə real bazar dəyəri 65000 manat, likvid bazar dəyəri 58000 manat təşkil edir. Birinci instansiya məhkəməsi qətnamə mübahisələndirilən hissədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1, 385.1, 386.1, 389.1, 442, 443.1, 445.1, 448.1, 449.1, 460, 462, 463, 465.2 və 467-ci maddələrinə istinad edərək, iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası qətnamə mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2. maddəsinə görə isə, borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443-cü maddəsinə görə, öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 445.2.1. maddəsinə əsasən isə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2. maddəsinə görə, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Həmin Məcəllənin 449.3. maddəsinə görə, əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 449.4. maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 464.1-ci maddəsinə əsasən, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmçinin, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə görə, daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. Həmin Qanunun 34.1. maddəsinə görə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır; 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 36.1. maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. maddəsinə görə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; icra olunmalı öhdəlik barədə məlumat; ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. Həmin Qanunun 36.3. maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 37-ci maddəsinə əsasən, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Həmin Qanunun 41-ci maddəsinə görə, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında 03 mart 2015-ci il tarixli, 2844 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sonuncuya 36 ay müddətinə illik 6 faiz ödəmək şərti ilə 14500 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi kreditor İddiaçı ASC ilə mərhum Cavabdeh3 və Cavabdeh2 arasında 03 mart 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanaraq, sonunculara məxsus Tovuz rayonu, Aşağı Quşçu kəndində 0,24 ha torpaq sahəsində yerləşən 181,1 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi və onun tərkibi olan həyətyanı tikili və qurğular kreditorun xeyrinə ipoteka predmeti kimi yüklü edilmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığına əsasən 38000 manat məbləğində müəyyən edilmişdir. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən kreditor hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini qismən təmin etmişdir. Bundan əvvəldə qeyd edildiyi kimi birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunun, eləcə də ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissədə mübahisələndirilmişdir və məhkəmə kollegiyası həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır. Belə ki, apellyasiya instansiyasında icraat zamanı tərəflər arasında bağlanmış İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 03 mart 2015-ci il tarixli, 2844 nömrəli kredit müqaviləsi üzrə əsas və faiz borcunun müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 oktyabr 2022-ci il tarixli 9/5540 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı ASC-yə olan borcu müqavilə müddətinin bitmə tarixinə (xx.xx.2018) əsas borcu 14459,48 manat, faiz borcu 1300,84 manat təşkil edir. Həmçinin maliyyə arayışının tərtib edildiyi tarixə (xx.xx.2022) əsas borcu 14130,03 manat, faiz borcu isə illik beş faiz borcu hesablanmaqla 3317,89 manat təşkil edir. İşə baxan birinci instansiya məhkəməsi isə kredit müqaviləsi üzrə əsas borcu 14170,55 manat, faiz borcu 2424,93 manat olmaqla cəmi borcu 18922,53 manat müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası ekspert rəyini iş materialları ilə birlikdə tədqiq edərək belə nəticəyə gəlir ki, kredit müqaviləsi üzrə əsas borc dəyişdirilərək 14130,03 manat (maliyyə arayışının tərtib edildiyi tarixə uyğun), faiz borcu isə 1300,84 manat (müqavilə müddətinin bitmə tarixinə uyğun) müəyyən edilməlidir. Məhkəmə kollegiyası gəlmiş olduğu qənaətini onunla əsaslandırır ki, kredit müqaviləsinin müddəti 03 mart 2018-ci il tarixdə bitmişdir, maliyyə arayışı isə bundan sonra, yəni 07 yanvar 2022ci il tarixdə tərtib edilmişdir. Ona görə də maliyyə arayışı tərtib edildiyi tarixə görə hesablanmış əsas borc nəzərə alınmalıdır. Eləcə də müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra faiz hesablanmasına yol verilmədiyinə görə müqavilənin qüvvədə olma müddətinə görə hesablanmış faiz borcu nəzərə alınmalıdır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə müəyyən edilmiş 295,98 manat cərimə borcu işin halları ilə tənasüb təşkil edir. Həmin hissədə qətnamə qanuni və əsaslı olmuşdur. Həmçinin məhkəmə kollegiyası onu da qeyd edir ki, 03 mart 2015-ci il tarixli, 2844 nömrəli kredit müqaviləsi üzrə əsas və faiz borcu dəyişdirildiyindən müqavilə üzrə cəmi borc da buna uyğun olaraq dəyişdirilməlidir. Məhkəmə kollegiyası ipoteka predmeti olan Tovuz rayonu, Aşağı Quşçu kəndində 0,24 ha torpaq sahəsinin və onun üzərində yerləşən 181,1 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin (likvid) 31500 manat müəyyən edilməsi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, apellyasiya instansiyasında icraat zamanı ipoteka predmeti olan əmlakın dəyərinin müəyyən olunması üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin daşınmaz əmlakın qiymətləndirilməsinə dair 18 avqust 2022-ci il tarixli 001-15/19 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən fərdi yaşayış evinin (evin yerləşdiyi torpaq sahəsi nəzərə alınmaqla) 21 fevral 2023-cü il tarixə real bazar dəyəri 65000 manat, likvid bazar dəyəri 58000 manat təşkil edir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 31500 manat müəyyən edilməsi hissədə dəyişdirilməli, həmin hissədə ipoteka predmetinin ilkin satış qiyməti (likvid) 58000 manat müəyyən edilməlidir. Həmçinin məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə hüquqi qiymət verərək qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 03 mart 2015-ci il tarixli, 2844 nömrəli kredit müqaviləsi Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında “ 28 fevral 2019-cu il tarixli Fərmanın təsiri altına düşmür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.3. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin mühasibatlıq ekspertizası xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Məhkəmə kollegiyası hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 və onun nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 07 aprel 2022-ci il tarixli e-2-2(115)-25/2022 nömrəli qətnaməsi Cavabdeh1 kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və ümumi borc məbləğinin tutulması, Tovuz rayonu Aşağı Quşçu kəndində Cavabdeh3 Ələş oğluna və Cavabdeh2 məxsus 0,24 ha torpaq sahəsində yerləşən 181,1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin və onun tərkibi olan həyətyanı tikili və qurğuların ilkin (likvid) satış qiymətinin 31500 manat məbləğində müəyyən edilməsi hissələrində dəyişdirilsin. Cavabdeh1 kredit müqavləsi üzrə əsas borc 14130,03 manat, faiz borcu 1300,84 manat, cəmi 17757,92 manat tutularaq iddiaçı ləğv posesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İpoteka predmeti olan Tovuz rayonu Aşağı Quşçu kəndində Cavabdeh3 Ələş oğluna və Cavabdeh2 məxsus 0,24 ha torpaq sahəsində yerləşən 181,1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin onun tərkibi olan həyətyanı tikili və qurğuları ilə birlikdə ilkin (likvid) satış qiyməti 58000 manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqat dəyəri 100 manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(104)-16/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-16/2023
02.06.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver