Məhkəmə qərarları › İş №2-2(104)-167/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-167/2023

06.11.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-167/2023 06.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdeh "xxxx" MMC-nin təsisçisi Ak Turan və etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(115)-2165/2022 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İş üzrə tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən-İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, ünvan 1 ünvanında yerləşən 924,3 kv m qeyriyaşayış sahəsinin 750,6 kv.m olan hissəsini icarəçiyə icarəyə verməyi, icarəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin 5-ci bəndinə əsasən qeyriyaşayış sahəsi üçün aylıq icarə haqqı 200 (iki yüz) manat təşkil etmişdir. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək 5 gün ərzində icarə haqqının ödənilməsi tələb edilmiş, lakin sonuncu tərəfindən nəzərdə tutulmuş icarə haqqı ödənilməmişdir. Bundan sonra iddiaçı tərəfindən mübhisənin məhkəmədən kənar həlli üçün mediasiya təşkilatına müraciət edilsə də, tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar həlli mümkün olmamışdır. Buna görə də iddiaçı yaranmış mübahisənin həlli üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin ləğv edilməsi, borcun tutulması və cavabdehin icarə obyektindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 924,3 kv m qeyriyaşayış sahəsinin 750,6 kv.m olan hissəsinin icarəsinə dair "xxxx" MMC ilə imzalanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, 48 aylıq icarə haqqını təşkil edən 9600 manat icarə haqqının, 720 manat faiz borcunun, 21 manat dövlət rüsumunun və 100 manat mediasiya xərcinin icarəçidən tutularaq ona ödənilməsi və cavabdehin icarə obyektindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Vəkil1 iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə göndərərək 11600 manat icarə haqqının ödənilməsini tələb etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(115)-2165/2022 saylı qərardadı ilə iddia tələbi müqavilənin ləğv edilməsi və cavabdehin icarə obyektindən çıxarılmasına dair hissədə baxılmamış saxlanılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 924,3 kv m qeyri-yaşayış sahəsinin 750,6 kv.m olan hissəsi xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC-yə icarəyə verilmişdir. Bu məqsədlə cavabdeh müəssisənin direktoru AK Turan ilə yuxarıda qeyd olunan müqavilə imzalanmışdır. Sözügedən müqavilənin 5-ci maddəsinə əsasən aylıq icarə haqqı 200 manat təşkil etmişdir. Qeyd olunanlara baxmayaraq icarəçi müqavilə üzrə müəyyən edilmiş öhdəliklərini yerinə yetirməmiş, icarə obyektindən istifadə etməsinə baxmayaraq bu günədək icarə haqqını ödəməmişdir. Cavabdehə xx.xx.2021-ci il tarixli pretenziya məktubu göndərilərək 5 gün ərizində icarə haqqının ödənilməsi tələb olunsa da, sonuncu icarə haqqını ödəməmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(115)-2165/2022 saylı qətnaməsi ilə, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 11600 (on bir min altı yüz) manat icarə haqqı, ödənilmiş 21 (iyirmi bir) manat dövlət rüsumu və 100 (yüz) manat mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 100 (yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 11600 (on bir min altı yüz) manat icarə haqqı, ödənilmiş 21 (iyirmi bir) manat dövlət rüsumu və 100 (yüz) manat mediasiya xərci tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin 720 manat faiz borcunun tutulması hissəsinə dair qeyd edir ki, iddiaçı faiz borcunu tələb etsə də, bununla bağlı faktiki halları və iddianın bu hissəsini əsaslandıran faktları məhkəməyə təqdim etməmişdir. Belə olan vəziyyətdə iddia tələbi həmin hissədə təmin edilməməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti vermiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(115)-2165/2022 nömrəli qətnaməsinin ləğv edilərək, İddiaçı iddia tələbinin rədd edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı arasında ünvan 2 ünvanında yerləşən 924,43 kv.m qeyri yaşayış sahəsinin 750,6 kv.m olan hissəsini icarəsinə dair "xxxx" MMC ilə imzalanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsi bağlanılsa da, faktiki olaraq qeyri yaşayış sahəsi İddiaçı tərəfindən "xxxx" MMC-nə təhvil verilməmişdir. İcarə obyektinin müqavilə əsasında icarəyə verilməsi Təhvil-təslim Aktı ilə sənədləşdirilir. İcarə müqaviləsinə dair təhvil-təslim aktımüstəqil akt deyil, o icarə müqaviləsinin tərkib hissəsi hesab edilir. Akt icarəyə verən və icarəçi və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə tərtib olunur. Aktda aktın tərtib olunma tarixi və yeri, icarə müqaviləsinin rekvizitləri, təhvil verilən icarə obyektinin texniki vəziyyəti və orada olan avadanlıqlar barədə məlumat, icarə obyektində işıq, su və qaz sayğaclarının göstəriciləri (icarə obyekti daşınmaz əmlak olduqda) İcarə obyekti nəqliyyat vasitəsi olduqda - texniki xüsusiyyətləri və s. Digər zəruri məlumatlar göstərilməlidir. Lakin, xx.xx.2017-ci il tarixli icarə müqaviləsində göstərilən qeyri-yaşayış sahəsi icarəçi tərəfindən "xxxx" MMC-yə təhvil verilmədiyindən belə bir Akt mövcud olmamışdır. Qeyri yaşayış sahəsinin icarə müqaviləsi real müqavilədir və bu müqavilənin qüvvəyə minməsi üçün tərəflərin öz üzərinə hər hansı bir öhdəliklər götürməsi kifayət deyil, icarə predmeti olan əmlak təhvil verildikdə qüvvəyə minir. Göründüyü kimi məhkəmə cavabdehin hüquqlarının qorunmasını təmin etməmiş, formal xarakterli və hüquqi cəhətdən əsaslandırılmamış qətnamə qəbul etmişdir. Məhkəmə yalnız iddiaçının göstərdiyi məlumatları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasınımüəyyən etməmişdir. Qətnamədə işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, qeyri yaşayış sahəsinin icarəyə verən tərəfindən icarəçiyə təhvil verilib-verilməməsini nəzərə alınmamış, nəticədə qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir. Lakin məhkəmə iş üzrə bütün halları araşdırmadan, zəruri sübutlara düzgün hüquqi qiymət vermədən qərar qəbul etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2-2(115)-2165/2022 saylı qətnaməsindən narazı qalan cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verməklə yanaşı apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa ediləsi edilməsinə dair ərizə ilə müraciət etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2-2(115)-2165/2022 saylı qərardadı ilə cavabdeh "xxxx" MMC-nin ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddadn narazı qalan cavabdeh "xxxx" MMC şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2-2(115)-2165/2022 saylı qərardadının ləğv edilməsini, Gəncə Kommersiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2-2(115)-2165/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilmə müddətnin bərpa edilərək işin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsini Kommersiya Kollegiyasının 08 may 2023-cü il tarixli, 2-2(104)-149/2023 saylı qərardadı ilə (sədrlik edən və məruzəci A.H.Hüseynzadə, hakimlər L.S.Suleymanov və İ.T.Həsənov) Gəncə Kommersiya Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2-2(115)-2165/2022 saylı qərardadından cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2-2(115)-2165/2022 saylı qərardadı və həmin qərardadla bağlı 14 aprel 2023-cü il tarixli, 2-2(115)-2165/2022 saylı qərardadı ləğv edilərək, ərizənin təmin edilməsi, Gəncə Kommersiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2-2(115)-2165/2022 saylı qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin ötürülmə səbəbinin üzürlü hesab edilərək bərpa edilməsi qərara alınmışdır. Məhkəmə Kollegiyası tərəfindən icarə müqaviləsinin predmeti olan qeyri-yaşayış binasının yerləşdiyi sahədə xx.xx.2023-cü il tarixdə mütəxəssis dəvət edilərək yerli baxış keçirilmiş və tərəflər arasında yaranmış mübahisənin həlli üçün qərardad qəbul edilərək mütəxəssis qarşısına cavablandırlması üçün müvafiq suallar qoyulmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı Rahub oğlu ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsində göstərilən **********22-12301 reyestr nömrəli Çıxarışa əsasən tam mülkiyyət üzrə 924.3 kv.m olan qeyri yaşayış sahəsi rəyə əlavə edilmiş planda əks olunmuşdur. xx.xx.2023-cü il tarixdə keçirilmiş yerli baxış zamanı tədqiqat obyekti kimi göstərilən qeyri yaşayış sahəsi ( **********22-12301 reyestr nömrəli Çıxarışa və Texniki pasporta əsasən İddiaçı mülkiyyətində olan Qaraj binası) tam hissədə, **********22-12301 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşir. Həmçinin məhkəmə kollegiyası tərəfindən keçirilən yerli baxış zamanı qeyri-yaşayış sahəsində yerləşən texniki vasitələrə baxış keçirilmiş onların xüsusi qeyd nişanlarının fotoşəkilləri çəkilmiş və həmin göstəricilərlə cavabdehin Gömrük Bəyannamələrində idxal və ixrac əməlliyyatları haqqında məlumatlardan müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan fəaliyyəti dövründə icarə müqaviləsinin predmeti olan qeyriyaşayış sahəsində yerləşən mebellərin istehsalı üçün olan xüsusi texnikaların idxal edilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinin mütəxəssisi X1 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə yerli baxış keçirilən sahədə sol tərəfdəki bina tərəfimdən tədqiq edilmişdir. Müqavilədə qeyd olunan obyekt də məhz həmin obyektdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsi **********22-12301 reyestr nömrəli Çıxarışa əsasən bağlanmışdır. Bundan öncə isə **********21-12301 reyestr nömrəli Çıxarışa əsasən torpaq sahəsi dövlətin mülkiyyətində olmuş, üzərində yerləşən yerləşən tikili isə iddiaçıya məxsus olmuşdur. Bundan sonra xx.xx.2014-cü il tarixli, 5120 nömrəli müqavilə əsasında qeyd olunan torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətinə verilmişdir. Daha sonra həmin sahəyə **********22-12301 reyestr nömrəli çıxarış verilmiş və hazırda tərəflər arasında bağlanmış icarə müqaviləsində həmin çıxarış əsasında bağlanmışdır. Torpaq sahəsinin texniki pasportunda **********21-12301 reyestr nömrəli çıxarışın göstərilməsinin səbəb yeni çıxarış əsasında yeni texniki pasportun tərtib edilməməsi olmuşdur. Həmin sənədlərdəki tikililər eynilik təşkil edir. Həmçinin Ərazi İdarəsi tərəfindən texniki pasportun **********21- 12301 reyestr nömrəli çıxarışa aid olub-olmamasına dair araşdırma aparılmış və bu hal öz təsdiqini tapmışdır. Bir torpaq sahəsinə dair reyestri nömrəsi o halda dəyişə bilərki gərək həmin torpaq sahəsi əvvəlcə dövlətin mülkiyyətində olsun sonradan xüsusi mülkiyyətə keçsin. Texniki pasportda qeyd olunan qeyri-yaşayış sahəsi **********22-12301 reyestr nömrəli çıxarışdakı qeyri-yaşayış sahəsi ilə eynidir. Cavabdeh "xxxx" MMC-nin təsisçisi Ak Turan və etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdilər. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. ... Maddə 423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 424. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri ... 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. ... Maddə 675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Odur ki, qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Belə ki, işin faktiki hallarından da müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixli icarə müqaviləsi bağlanılmış, həmin icarə müqaviləsinə əsasən icarəyə verən - İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, ünvan 1 ünvanında yerləşən 924,3 kv m qeyri-yaşayış sahəsinin 750,6 kv.m olan hissəsini icarəçiyə icarəyə verməyi, icarəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5-ci bəndindən görsənir ki, aylıq icarə haqqı 200 (iki yüz) manat təşkil etmişdir. İddiaçı isə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ünvan 2 ünvanında yerləşən 924,3 kv m qeyri-yaşayış sahəsinin 750,6 kv.m olan hissəsinin icarəsinə dair "xxxx" MMC ilə imzalanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, 48 aylıq icarə haqqını təşkil edən 9600 manat icarə haqqının, 720 manat faiz borcunun, 21 manat dövlət rüsumunun və 100 manat mediasiya xərcinin icarəçidən tutularaq ona ödənilməsi və cavabdehin icarə obyektindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən cavabdehin 11600 manat borcu yaranmışdır. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, xx.xx.2017-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən-İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, ünvan 1 ünvanında yerləşən 924,3 kv m qeyri - yaşayış sahəsinin 750,6 kv.m olan hissəsini icarəçiyə icarəyə verməyi, icarəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Lakin iş materiallarından da müəyyən edilir ki, "xxxx" MMC ilə İddiaçı arasında ünvan 2 ünvanında yerləşən 924,43 kv.m qeyri yaşayış sahəsinin 750,6 kv.m olan hissəsini icarəsinə dair "xxxx" MMC ilə imzalanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsi bağlanılsa da, faktiki olaraq qeyri yaşayış sahəsi İddiaçı tərəfindən "xxxx" MMC-nə təhvil verilməmişdir. Belə ki, icarə obyektinin müqavilə əsasında icarəyə verilməsi təhvil - təslim Aktı ilə sənədləşdirilir. İcarə müqaviləsinə dair təhvil-təslim aktı müstəqil akt deyil, o icarə müqaviləsinin tərkib hissəsi hesab edilir. Akt icarəyə verən və icarəçi və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə tərtib olunur. Aktda aktın tərtib olunma tarixi və yeri, icarə müqaviləsinin rekvizitləri, təhvil verilən icarə obyektinin texniki vəziyyəti və orada olan avadanlıqlar barədə məlumat, icarə obyektində işıq, su və qaz sayğaclarının göstəriciləri (icarə obyekti daşınmaz əmlak olduqda) icarə obyekti nəqliyyat vasitəsi olduqda - texniki xüsusiyyətləri və s. digər zəruri məlumatlar göstərilməlidir. Lakin, xx.xx.2017-ci il tarixli icarə müqaviləsində göstərilən qeyri-yaşayış sahəsi icarəçi tərəfindən "xxxx" MMC-yə təhvil verilmədiyindən hazırda iş materiallarında belə bir Akt mövcud olmamışdır. Qeyri yaşayış sahəsinin icarə müqaviləsi real müqavilədir və bu müqavilənin qüvvəyə minməsi üçün tərəflərin öz üzərinə hər hansı bir öhdəliklər götürməsi kifayət deyil, icarə predmeti olan əmlak təhvil verildikdə qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 700.3-cü maddəsinin tələbinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 675-ci maddəsinə görə əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmçinin “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən əmlakı icarəyə vermək hüququ mülkiyyətçiyə, əmlakı icarəyə vermək üçün onun vəkil etdiyi orqanlara, təşkilatlara və fiziki şəxslərə, habelə əmlak üzərində digər əşya hüquqlarına malik olan şəxslərə məxsusdur. Həmin qanunun 4-cü maddəsinin 1-ci bəndinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. Həmin Qanunun 4-cü maddəsinin 2-ci bəndinə əsasən icarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək. və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Qanunvericiliyin tələbi baxımından icarə müqaviləsi üzrə icarəyə verilən əşya (icarə obyekti) fərdimüəyyən əşyadır. Bu mənada icarə obyektinin hər hansı digər əşyadan yalnız özünə xas əlamətlərə görə ayrılması və müəyyənləşdirilə bilən olması tələb edilir (MM 135.7). Başqa sözlə, müqavilənin bağlanması üçün tərəflərin forma şərtinə əməl etməsi ilə yanaşı həm icarə obyekti, həm də icarə haqqı barəsində razılığa gəlmiş olması lazımdır (MM 405.1). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmçinin məhkəmə kollegiyası tərəfindən mübahisəli əmlaka yerində baxış keçirmiş və müəyyən etmişdir ki, hazırda icarə müqaviləsinin predmeti olan ünvan 2 ünvanında yerləşən qeyri yaşayış sahəsi İddiaçı atası Rahib Babayev tərəfindən istifadə olunur və həmin qeyri yaşayış sahəsində "xxxx" MMC-yə məxsus hər hansı avadanlıq mövcud deyildir. Göründüyü kimi "xxxx" MMC ilə İddiaçı arasında ünvan 2 ünvanında yerləşən 924,43 kv.m qeyri yaşayış sahəsinin 750,6 kv.m olan hissəsini icarəsinə dair "xxxx" MMC ilə imzalanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsi bağlanılsa da, faktiki olaraq qeyri yaşayış sahəsi İddiaçı tərəfindən "xxxx" MMC-nə təhvil verilməmişdir. Bundan başqa iddiaçının vəkili məhkəməyə ərizə göndərərək qeyd etmişdir ki, Barış Mebel MMC nin keçmiş direktoru tərəfindən tərəfindən Gəncə Kommersiya Məhkəməsinin icraatında olmuş 2-2(115)-99/2021 saylı iş üzrə təqdim edilmiş xx.xx.2021 ci il tarixli ərizəyə qoşma edilmiş Barış Mebel MMCnin 2019cu il üzrə mənfəət vergisi bəyannaməsində cəmiyyətin ümumi xərclərinin 522086,31 manat, o cümlədən icarə haqqı üzrə xərclərin 2736 manat (221.5ci sütün) və 2020 ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində cəmiyyətin 2020ci il üzrə xərclərinin 659857.24 manat o cümlədən icarə haqqı üzrə xərclərin 2400 manat (221.5 ci sütün) olduğu göstərilmişdir. Göründüyü kimi cavabdeh özü tərəfindən vergi orqanına təqdim edilmiş bəyannamələrdə də icarə haqqı məbləğlərini xərc məbləği kimi nəzərə almışdır. Lakin hazırda obyektin icarəyə götürülmədiyini tərəflər arasında icarə münasibətlərinin yaranmadığını iddia edir. Həmin ərizəyə münasibətdə kollegiya qeyd edir ki, qeyd olunan icarə haqqı məbləğləri "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 305 saylı icarə müqaviləsinə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Tərəflərlə aparılan belə müzakirələr məhkəmənin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarında göstərilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, sübutların düzgün qiymətləndirilməsi, iş üzrə bütün faktiki halların araşdırılması əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin ləğv olunması üçün əsasdır. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenunmunun 31 may 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Beləliklə, məhkəmə kollegiyası göstərir ki, iddia tələbi sübutların yetərsizliyi baxımından əsassızdır. Çünki iddiaçının qeyd olunan hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Onun iddiasının əsası yalnız özünün subyektiv mülahizələri ilə məhdudlaşır. Bu isə iddianın təmin edilməsi üçün yetərsizdir. Odur ki, iddia tələbi təmin edilməməlidir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına əməl olunmadığına görə ləğv edilməli, yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin olunmamalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(115)-2165/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar