Məhkəmə qərarları › İş №2-2(104)-182/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-182/2023

06.09.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-182/2023 06.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 və Cavabdeh iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı debitor borcun tutulması tələbinə dair iş üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(83)-702/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, Müəyyən etdi: Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(83)-702/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə (hakim K.Rzayev) iddianın təmin edilməsi, Cavabdeh 109.352 (bir yüz doqquz min üç yüz əlli iki) manat 20 (iyirmi) qəpik məbləğində debitor borcu və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq Şəmkir RQİİ-nin “Beynəlxalq Bank”da olan hesablaşma hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh 12 may 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(83)-702/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsini, eyni zamanda Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(83)-702/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 24 may 2023-cü il tarixli 2-2(83)-702/2018 saylı qərardadı ilə ərizə təmin edilərək Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(83)-702/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət Cavabdeh münasibətdə bərpa edilmişdir. İşin halları: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehdən 109352 (yüz doqquz min üç yüz əlli iki) manat 20 (iyirmi) qəpik məbləğində debitor borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq Şəmkir RQİİ-nin "Beynəlxalq Bank"da olan hesablaşma hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi ilə istehlakçı fiziki şəxs: Cavabdeh arasında bağlanmış 1923-10-16 saylı xx.xx.2016-ci il tarixli təbii qazın alqı-satqısı barədə müqaviləyə əsasən Şəmkir rayonu ərazisində yerləşən istixana X7 İstismarı İdarəsi tərəfindən təbii qazla təchiz olunnuşdur. xx.xx.2018-ci il tarixə qədər istixanada təbii qazdan istifadəyə görə Şəmkir RQİİ-nə 109.352,20 manat (bir yüz doqquz min üç yüz əlli iki manat 20 qəpik) borc yaranmışdır. Borc tərəflər arasında tərtib olunmuş “qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı” ilə də təsdiq olunmuşdur. Mübahisənin məhkəməyədək həll olunması məqsədilə ilə tərəflərindən 010Q-13HŞ-742 saylı xx.xx.2018-ci il tarixli pretenziya məktubu göndərilməsinə, qanunvericiliyin tələbləri izah olunmasına baxmayaraq bu barədə cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Halhazıra qədər ödənişin gecikdirilməsi idarənin maliyyə fəaliyyəti istiqamətində ciddi maneə yaratmış və götürülmüş öhdəliklərin vaxtında icrasında ləngimələrə səbəb olmuşdur. Ona görə də qüvvədə olan qanunvericiliyə zidd olan bu hal mövcud müqavilə üzrə istehlakçı öhdəliklərinin subyektiv səbəbdən ləngidilməsi hesab edilir. Odur ki, borcun məhkəmə qaydasında tutulmasına zərurət yaranmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz və əsassız hesab edir. Belə ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 03 iyul 2017-ci il tarixli qətnaməsi olan halda “Azəriqaz” X2 RQİİ-nin vəzifəli şəxslərinin saxtakarlığı nəticəsində 19 seniyabr 2018-ci il tarixli 2-2(83)-702/2018 saylı qətnamə qəbul edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsi “Azərqaz” İstesalat Birliyinin hazırkı iddiasını təmin edərkən hansı tarixdən bəri neçə kubmetr qazdan istifadə etdiyi barədə mütəxəssis araşdırması aparmadan qətnamə qəbul etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 03 iyul 2017-ci il tarixli qətnaməsındə və Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli 2- 2(83)-702/2018 saylı qətnaməsində olan pulun miqdarı qədər qaz sərfiyyatından o istifadə etməmişdir. Şəmkir RQİİ ilə xx.xx.2015-ci il tarixli 2006-12-15 saylı müqavilə öhdəliyinin pulu ödənilmədən necə onunla xx.xx.2016-cı il tarixli 1923-10-16 saylı müqavilə bağlanaraq qaz təchizatı ilə təmin oluna bilərdi. Şəmkir RQİİ-nin vəzifəli şəxsləri başqa şəxslərə qazı satıb pulunu mənimsəmişlər. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətlə eyni məzmunlu izahat verdi və Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(83)-702/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, istifadəsində olan istixana ilə yanaşı daha dörd nəfər sahibkara məxsus istixana yerləşir və istixanası qazlaşdırılanda verilmiş texniki şərtə görə onun qoyqcağı qaz sayğacından keçən təbii qazdan digər sahibkarlar da istifadə etməli və digər sahibkarlarmüvafiq şəkildə öz istixanalarının girişində qoyduqları sayğacın göstəricisinə uyğun ödəniş aparmalı idilər.lakin ona sonradan məlum olmuşdur ki, digər sahibkarların qaz sayğacları sərfiyyatı lazımi qaydada qeydə almır. Ona görə də bütün sərfiyyat onun adına yazılmışdır. Bundan başqa 2017-ci ildə o, fəliyyət göstərməmişdir, lakin bununla belə onun xəbəri olmadan digər istehlakçılar onun qaz xəttindən geçən qazdan istifadə etmiş və ona əsassız olaraq yuxarıda göstərilən məbləğdə borc hesablanmışdır. Halbuki göstərilən müddətdə o təbii qazdan istifadə etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(83)-702/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edərək göstərdi ki, iddiaçı mübahisələndirilən dövr üçün qazın bağlanması ilə bağlı ərizə verməmişdir və hesablanan borc da abonenti olduğu qaz sayğacının göstəricilərinə əsasən hesablanmış borcdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb məruzəçi hakimi və işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” 26 oktyabr 2016-cı il tarixli, 1923-10-16 nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, “Azəriqaz” İstehsalat Birliyi ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. İş materilarında olan “Azəriqaz” Abonentin saldosundan görünür ki, Cavabdeh “Azəriqaz” X1 X6 İdarəsinə olan borcunun məbləği 109.352 (yüz doqquz min üç yüz əlli iki) manat 20 (iyirmi) qəpikdir. İş materiallarında olan 03 iyul 2018-ci il tarixli borcun ödənilməsi barədə pretenziyadan görünür ki. istehlak olunmuş ləbii qaz üzrə yaranmış borcun ödənilməsi cavabdehdən tələb olunmuş, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin Cavabdeh ilə bağlanması, yaranmış borcu ödəmək öhdəliyini cavabdehin daşıması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, işin müəyyən edilmiş hallarından məlum olur ki, “Azəriqaz” İstehsalat Birliyi ilə istehlakçı - fiziki şəxs Cavabdeh arasında bağlanmış 1923-10-16 saylı xx.xx.2016-ci il tarixli təbii qazın alqı-satqısı barədə müqaviləyə əsasən Şəmkir rayonu ərazisində yerləşən istixana X7 İstismarı İdarəsi tərəfindən təbii qazla təchiz olunuşdur. xx.xx.2018-ci il tarixə qədər istixanada təbii qazdan istifadəyə görə Şəmkir RQİİ-yə 109.352,20 manat (bir yüz doqquz min üç yüz əlli iki manat 20 qəpik) borc yaranmışdır. Borcun ödənilməsinin məhkəməyədək həll olunması məqsədi ilə pretenziya qaydasına riayət edilsə də, cavabdeh tərəfindən borc ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş qazın alqı-satqısı barədə müqaviləyə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə iddiaçı təşkilat təbii qazı cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda cavabdehin öhdəliyi pul məbləği ilə məhdudlaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilmişdir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X4”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Göründüyü kimi Cavabdeh yuxarıda sadalanan qanunvericilik aktları ilə üzərinə götürdüyü öhdəliklərə əməl etməyərək istifadə etdiyi təbii qaza görə borcunu tam ödəməmiş, öhdəliklərinə əməl etməmiş, yuxarıda təsvir olunan Qaydaların tələblərini pozaraq istifadə edilmiş təbii qazın dəyəri olan 109.352,20 manat debitor borcu ödəməmişdir. Məhkəmənin iddianın təmin edilməsinə dair qətnaməsi ilə razılaşmayan cavabdeh apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, məhkəmə “Azərqaz” İstesalat Birliyinin hazırkı iddiasını təmin edərkən iddiaçının hansı tarixdən bəri neçə kubmetr qazdan istifadə etdiyi barədə mütəxəssis araşdırması aparmadan qətnamə çıxarmışdır. Apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, işdə olan abonentin saldosundan göründüyü kimi cavabdehə aid istixanada 2017-ci ilin oktyabr ayından 2018-ci ilin aprel ayının sonuna qədər olan dövr ərzində ümumilikdə 194253,4 manat dəyərində 971267 m3 təbii qazdan istifadə edilmiş, 2017-ci ilin oktyabr ayının əvvəlinə 9358.80 manat borcu olmuş, həmin dövr ərzində 94 260,00 manat ödəniş edilmiş, ödənilməmiş borc 109 352,20 manat təşkil etmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli 2-2(83)-702/2018 saylı qətnaməsində olan pulun miqdarı qədər qaz sərfiyyatından o istifadə etməməsinə dair dəlili ilə razılaşmır. Tərəflər arasında bağlanmış qazın alğı-satqısı barədə müqavilənin “Müqavilənin predmeti” adlanan bəndində göstərilmişdir ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını təbii qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh göstərilən dövr ərzində təbii qazdan istifadə etmədiyini göstərmiş olsa da, məhkəməyə həmin xüsusatı təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının dəlillərini daha mötəbər sübut kimi qəbul etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarını hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-2(83)-702/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar