Məhkəmə qərarları › İş №2-2(104)-2/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-2/2023

11.01.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-2/2023 11.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı Ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2-2(115)-9/2021 saylı qətnaməsindən ayrı-ayrılıqda iddiaçı Ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Ləğv prosesində olan "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək xx.xx.2013-cü il tarixli 21 nömrəli kredit müqaviləsi üzrə 1.999 800.00 (bir milyon doqquz yüz doxsan doqquz min yüz) manat əsas borc, 619 032.22 (altı yüz on doqquz min otuz iki manat, 22 qəpik) manat faiz borcu, xx.xx.2013-cü il tarixli 28 nömrəli kredit müqaviləsi üzrə 1 000 000.00 (bir milyon) manat əsas borc, 314 166.70 (üç yüz on dörd min bir yüz altı manat, 70 qəpik) manat faiz borcu, xx.xx.2015-ci il tarixli 86 nömrəli kredit müqaviləsi üzrə 1 999 800.00 (bir milyon doqquz yüz doxsan doqquz min səkkiz yüz) manat əsas borc, 480 980.72 (dörd yüz səksən min doqquz yüz səksən manat, 72 manat faiz borcu, xx.xx.2016-cı il tarixli 22 nömrəli kredit müqaviləsi üzrə 3 119 000 (üç milyon bir yüz on doqquz min) əsas borc, 469 300 (dörd yüz altmış doqquz min üç yüz) manat müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 537 631.59 (beş yüz otuz yeddi min altı yüz otuz bir manat, 59 qəpik) manat cərimə borcu, 222 731.53 (iki yüz iyirmi iki min yeddi yüz otuz bir manat, 53 qəpik) manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 10.762.442,76 (on milyon yeddi yüz altmış iki min dörd yüz qırx iki 76 qəpik) manat kredit borcunun və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun “X8” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq ləğv prosesində olan "xxxx" X10 Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2-2(115)-9/2021 saylı qətnaməsi ilə (sədrlik edən hakim R.Məmmədov) iddia tələbinin qismən təmin edilərək, Ləğv prosesində olan "xxxx" X10 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 21 nömrəli kredit müqaviləsi üzrə 1 999 800 manat əsas borc, 619 032 manat 22 qəpik faiz borcu, cəmi 2 618 832 manat 22 qəpik məbləğində borc, xx.xx.2013-cü il tarixli 28 nömrəli kredit müqaviləsi üzrə 1 000 000 manat əsas borc, 314 166 manat 70 qəpik faiz borcu, cəmi 1 314 166 manat 70 qəpik məbləğində borc, xx.xx.2013-cü il tarixli 86 nömrəli kredit müqavilə üzrə 1 999 800 manat əsas borc, 480 980 manat 72 qəpik faiz borcu, cəmi 2 480 780 manat 72 qəpik məbləğində borc və xx.xx.2016-cı il tarixli 22 nömrəli kredit müqaviləsi üzrə 3 119 000 manat əsas borc, 469 300 manat faiz borcu, 500 manat cərimə borcu, cəmi 3 588 800 manat məbləğində borc olmaqla, ümumilikdə 10 002 579 manat 64 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdehndən iddiaçı Ləğv prosesində olan "xxxx" X10 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin cərimə və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləğinin təmin edilməyən hissəsində ləğv edilərək bankın iddia tələbinin tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2-2(115)-9/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ləğv prosesində olan "xxxx" X10 Səhmdar Cəmiyyəti ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 21 nömrəli kredit müqaviləsinə əsasən, MMC-yə 120 (bir yüz iyirmi) ay müddətinə, illik 6 % dərəcəsi ilə 2.000.000 (iki milyon) manat məbləğində, xx.xx.2013-cü il tarixli 28 nömrəli kredit müqaviləsinə əsasən, MMC-yə 120 (bir yüz iyirmi) ay müddətinə, illik 6 % dərəcəsi ilə 2.000.000 (iki milyon) manat məbləğində, xx.xx.2015-ci il 86 nömrəli kredit müqaviləsinə əsasən, MMC-yə 120 (bir yüz iyirmi) ay müddətinə, illik 6 % dərəcəsi ilə 2.000.000 (iki milyon) manat məbləğində və xx.xx.2016-cı il tarixli 22 nömrəli kredit müqaviləsinə əsasən, MMC-yə 18 (on səkkiz) ay müddətinə, illik 10% dərəcəsi ilə 4.000.000 (dörd milyon) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin 4.2, 4.5, 6.1 və 6.2-ci bəndlərinə əsasən kredit məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə olunmuş kreditin və faizin ödənilmə qrafikinə uyğun hər ay sabit məbləğində banka qaytarmaq barədə öhdəlik götürülməsinə baxmayaraq, o, öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləlsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər edilməsinə, xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən kredit borclarının banka qaytarılması təmin edilməmişdir. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Hazırda cavabdehin banka yuxarıda qeyd olunan miqdarda borcu yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-9/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, Gəncə Kommersiya Məhkəməsi hesab etmişdir ki, iddiaçı 15 iyul 2016cı il tarixli 22 saylı kredit müqaviləsi üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanmış 222 731.53 manat faizin tutulmasına dair heç bir sübut təqdim edilməməsi əsası ilə bu hissədə iddia təmin edilməməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, bank 15 iyul 2016-cı il tarixli 22 saylı kredit müqaviləsi üzrə dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmış, bu səbəbdən iddia tələbi üzrə cərimə hissəsi 537 631.59 manat olduğu halda, 1075 dəfə azaldılaraq məhkəmə qətnaməsi ilə yalnız 500 manat cərimə məbləği təmin edilmişdir. Lakin iddiaçı tərəfindən, iddia tələbinin sübutu olaraq məhkəməyə təqdim edilmiş kredit müqaviləsi, maliyyə arayışına və digər sənədlərə əsasən aydın anlamaq mümkündür ki, birinci instansiya məhkəməsinin mövqeyi əsassızdır. Belə ki, Azərbaycan Respublikası “Banklar haqqında qanun”un 1.0.1 maddəsinə əsasən, bank - fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşmakassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir; Həmin Qanunun 1.0.9 maddəsinə əsasən, bank krediti (bundan sonra kredit) - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Yuxarıda qeyd edilən qanun normalarının dispoziyasından göründüyü kimi, bankların əsas fəaliyyət növlərindən biri kreditlərin verilməsidir. Bank krediti isə faizlər ödənilmək şərti ilə verilir. Belə olan halda, hamıya məlum olan faktı, təkrar sübut etməyə ehtiyac yoxdur. Sözügedən kredit vəsaiti cavabdeh tərəfindən vaxtında ödənilsəydi, bank təbii ki, öz fəaliyyət növü əsasında, həmin vəsaiti təkrar kredit verib daha çox mənfəət əldə etmək imkanına sahib idi. Bunu sübut etmək üçün bank ticarəti dövriyyəsinə aid hər hansı əlavə sənədləri məhkəməyə təqdim etmək zərurəti yoxdur. İddia tələbi üzrə Kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 222 731.53 manat faiz olduğu halda məhkəmə qətnaməsi üzrə təmin edilməmişdir. Bundan başqa, 15 iyul 2016-cı il tarixli 22 saylı kredit müqaviləsinin 4.2-ci maddəsinə görə kredit üzrə vaxtı keçmiş kredit borcu yarandıqda “Borc alan” “Banka” vaxtı keçmiş kredit borcunun yaranması tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün illik 15 (on beş) faiz hesablanan cərimə faizləri ödənilməlidir. İddiaçı tərəfindən, iddia tələbinin sübutu olaraq məhkəməyə təqdim edilmiş kredit müqaviləsi, maliyyə arayışına və digər sənədlərə əsasən isə cavabdehin 15 iyul 2016-cı il tarixli 22 saylı kredit müqaviləsi üzrə 537 631.59 manat cərimə borcu olması tam halda öz təsdiqini tapır. Bundan əlavə, birinci instansiya məhkəməsi cavabdeh tərəfin bankın ona qarşı olan mülki işin icraatının dayandırılması məqsədi ilə 15 iyul 2016-cı il tarixli 22 saylı kredit müqaviləsinin və bu müqavilə əsasında tərtib edilmiş kassa məxaric sənədinin etibarsız hesab edilməsi tələbinə dair məhkəmə qaydasında məhkəməyə müraciət etməsini, süni olaraq mülki iş üzrə qətnamə qəbul edilməsi üçün 2 il müddətində vaxt uzatmasını nəzərə almamışdır. Odur ki, Gəncə Kommersiya Məhkəməsi tərəfindən cavabdehdən tələb edilən 537 631.59 (beş yüz otuz yeddi min altı yüz otuz bir manat, 59 qəpik) manat cərimə məbləğinin əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksək olması səbəbi ilə tələb edilən cərimə məbləğinin azaldılaraq 500 (beş yüz) manat məbləğində müəyyən edilməsi əsassızdır. Bundan başqa, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-9/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsinin birinci vərəqəsində cavabdeh kimi "xxxx" MMC göstərilmişdir. Habelə, qətnamənin sonuncu vərəqəsinin həm əsaslandırıcı, həm də nəticə hissəsində 31 may 2013-cü il tarixli 28 nömrəli kredit müqaviləsi üzrə əsas və faiz borcu cəmi borc 1 313 166.70 manat kimi hesablansa da ayrı-ayrılıqda faiz borcu 313 166.70 manat, əsas borc 1 000 000.00(bir milyon) manat olduğu halda əsas borc 100 000 (bir yüz min) manat kimi qeyd edilmişdir. Beləliklə, qeyd edilən hüquq normalarının tələblərinə və şərh edilən hüquqi əsaslara əsasən belə hesab edirik ki, Gəncə Kommersiya Məhkəməsi tərəfindən mülki işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri kobud şəkildə pozulmuş, məhkəmə tərəfindən mülki işin müvəffəqiyyətli həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, işə birtərəfli qaydada baxılmış, iş üzrə mövcud olan subutlara mülki prosessual qanunvericiliyinin subutların qiymətləndirilməsinə dair tələblərinə uyğun hüquqi qiymət verilməmiş, əsassız olaraq iddia tələbi üzrə 15 iyul 2016-cı il tarixli 22 saylı kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 222 731.53 manat (iki yüz iyirmi iki min yeddi yüz otuz bir manat, 53 qəpik) faiz borcu təmin edilməmiş, 537 631.59 manat cərimə borcu 500 manata endirilmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, e-2-2(115)-9/2021 nömrəli qərardadı ilə iddiaçı Ləğv prosesində olan “X4” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə işin icraatı təzələnmişdir. Hazırki iş üzrə icraat təzələndikdən sonra bir məhkəmə baxışı ilə iş yekunlaşdırılmışdır. Belə ki, işin başqa vaxta təxirlə salınması üçün teleqram vurulsa da, işə baxan hakim bunu nəzərə almamışdır. Beləliklə də, tərəflərin bərabərliyi prinsipi və çəkişmə prinsipi pozulmuşdur. Məhkəmədə iştirak etsə idilər, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət verərdilər. İş materiallarından görünür ki, tərəflər arasında 4 (dörd) kredit müqaviləsi olmuşdur. Uzun illər Cəmiyyət Banka külli miqdarda pul ödəmişdir. Tərəflərindən ödənilmiş məbləği nəzərə almayan məhkəmə, ancaq Bankın təqdim etdiyi maliyyə arayışı əsas tutmuş və Cəmiyyəti ağır maddi duruma salan qətnamə qəbul etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qanuni qüvvəyə minmiş 15 oktyabr 2020-ci il tarixli 2-2(103)- 531/2020 saylı qətnaməsindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 18 iyun 2020ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh MMC-nin cavabdeh ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı xx.xx.2016-cı il tarixli 22 saylı kredit müqaviləsi və kassa məxaric orderinin etibarsız sayılması tələbinə dair iddiası rədd edilmiş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsindən kassasiya şikayəti vermişlər. Həmin iş üzrə yekun qərarı gözləmədən hazırki işin tez-tələsik yekunlaşdırılması qanunsuz və əsassızdır. Sadalananlara əsasən hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə zərurət yarandığından iş üzrə ekspertizanın keçirilməsi barədə qərardad qəbul edilməlidir. Prosessual məsələlər və apellyasiya şikayətləri üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, cavabdehin şikayətinin isə təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq izah etdi ki, iddiaçı cavabdehə xx.xx.2016-cı il tarixli 22 nömrəli kredit müqaviləsinə əsasən 4.000.000 (dörd milyon) manat məbləğində kredit verildiyini göstərmiş olsa da, əslində cavabdehə həmin kredit verilməmiş, Cavabdeh MMC-nin direktoru da həmin müqaviləni və pulun alınmasına dair məxaric sənədini imzalamamışdır. Cavabdeh bu kimi müqavilənin mövcudluğunu iddiaçı müvafiq iddia ilə məhkəməyə müraciət etdikdən sonra bilmişdir. İddiaçı həmin müqaviləni mübahisələndirsə də iddiası təmin edilməmişdir. Lakin hazırda təyin edilmiş xətşünaslıq ekspertizasının rəyləri ilə qeyd olunan müqavilənin və kassa məxaric sənədinin cavabdeh müəssisənin direktoru tərəfindən imza edilmədiyi müəyyən edilmişdir. Cavabdeh MMC-nin direktoru səhhəti ilə bağlı ağır cərrahiyyə əməliyyatları keçirdiyinə görə özü şəxsən məhkəmə iclaslarında iştirak edə bilmir. Kredit müqaviləsindəki və kassa ödəniş çekindəki cavabdeh müəssisəyə məxsus möhür əksləri ilə bağlı göstərdi ki, cavabdeh MMC-nin direktorunun bildirdiyinə görə iddiaçı bankdan dəfələrlə kredit götürdüyünə görə bir çox sənədləri möhürlə təsdiq etmişdir, ola bilsin ki, imzası olmayan sənədləri də möhürlə təsdiq etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin təmin edilərək iddianın təmin edilməmiş hissəsində qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsinə, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı iddiaçı və cavabdeh tərəfin müvafiq surətdə nümayəndəsini dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfin apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddianın təmin edilmiş xx.xx.2016-cı il tarixli 22 nömrəli kredit müqaviləsi üzrə 3 119 000 manat əsas borc, 469 300 manat faiz borcu, 500 manat cərimə borcu, cəmi 3 588 800 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilməli və ləğv edilmiş həmin hissədə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 21 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdehnə 120 ay müddətinə, illik 6 faiz ödəmək şərtilə 2 000 000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013cü il tarixli 28 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdehnə 120 ay müddətinə, illik 6 faiz ödəmək şərtilə 1 000 000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015ci il tarixli 86 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdehnə 120 ay müddətinə, illik 6 faiz ödəmək şərtilə 2 000 000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" KB ASC Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 22 saylı kredit xətti müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdehnə 18 ay müddətinə, illik 10 faiz ödəmək şərtilə 3 120 000 manat məbləğində kredit verilmişdir. Kreditdən istifadə müddəti xx.xx.2018-ci il tarixədək müəyyən edilmişdir. Qeyd olunan müqavilələrin hər birinin iddiaçı "xxxx" KB ASC tərəfdən ASC-nin İdarə Heyətinin sədri X6, Cavabdeh MMC tərəfdən MMC-nin direktoru X7 imzaladığı göstərilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2013-cü il tarixli 21 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2019-cu il tarixə 1 999 800 manat məbləğində əsas borc, 619 032 manat 22 qəpik müqavilə müddəti üçün faiz borcu, cəmi 2 618 832 manat 22 qəpik məbləğində borcunun olması qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2013-cü il tarixli 28 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2019-cu il tarixə 1 000 000 manat məbləğində əsas borc, 314 166 manat 70 qəpik müqavilə müddəti üçün faiz borcu, cəmi 1 314 166 manat 70 qəpik məbləğində borcunun olması qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixli 86 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2019-cu il tarixə 1 999 800 manat məbləğində əsas borc, 480 980 manat 72 qəpik müqavilə müddəti üçün faiz borcu, cəmi 2 480 780 manat 72 qəpik məbləğində borcunun olması qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2016-cı il tarixli 22 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2019-cu il tarixə 3 119 000 manat məbləğində əsas borc, 469 300 manat müqavilə müddəti üçün faiz borcu, kredit müqaviləsi üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 222 731 manat 53 qəpik faiz borcu, 537 631 manat 59 qəpik məbləğində cərimə borcu, cəmi 4 348 663 manat 12 qəpik məbləğində borcunun olması qeyd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qanuni qüvvəyə minmiş 15 oktyabr 2020-ci il tarixli 2-2(103)-531/2020 saylı qətnaməsindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh MMCnin cavabdeh Ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı xx.xx.2016-cı il tarixli 22 saylı kredit müqaviləsi və kassa məxaric orderinin etibarsız sayılması tələbinə dair iddiası rədd edilmiş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/6229 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanılmış 29 aprel 2013-cü il tarixli 21 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh MMC-nin iddiaçı "xxxx" KB ASC-yə 30 avqust 2019-cu il tarixə (sonuncu ödənişin aparıldığı tarixə) olan borcu 2.640.660,58 manat məbləğində müəyyən olunur. O cümlədən əsas borcu 1.999.300 manat, faiz borcu 641.360,58 manat; - iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanılmış 31 may 2013-cü il tarixli 28 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh MMC-nin iddiaçı "xxxx" KB ASC-yə 30 avqust 2019-cu il tarixə (sonuncu ödənişin aparıldığı tarixə) olan borcu 1.322.830,83 manat məbləğində müəyyən olunur. O cümlədən əsas borcu 999 500 manat, faiz borcu 323 330,83 manat; - iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanılmış 15 may 2015-ci il tarixli 86 saylı kredit müqaviləsinin qeyd olunan şərtlər əsas götürülməklə Cavabdeh MMC-nin iddiaçı "xxxx" KB ASC-yə 30 iyul 2019-cu il tarixə (sonuncu ödənişin aparıldığı tarixə) olan borcu 2.495.112,51 manat məbləğində müəyyən olunur. O cümlədən əsas borcu 1.999.300 manat, faiz borcu 495.812,51 manat; - iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanılmış 15 iyul 2016-cı il tarixli 22 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh MMC-nin iddiaçı "xxxx" KB ASC-yə 30 iyul 2019-cu il tarixə (sonuncu ödənişin aparıldığı tarixə) olan borcu 3.588.000 manat məbləğində müəyyən olunur. O cümlədən əsas borcu 3.120.000 manat, faiz borcu 468.000 manat. - Cavabdeh MMC-yə xx.xx.2016-cı il tarixli 22 saylı kredit müqaviləsinin bitmə müddətindən, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcunun məbləği 219.564,86 manat məbləğlində müəyyən edilir. Qeyd edilir ki, tərəflər arasında imzalanmış xx.xx.2016-cı il tarixli 22 saylı kredit müqaviləsi üzrə borcun hesablandığı xx.xx.2019-cu il tarixdən sonra da Cavabdeh MMC tərəfindən iddiaçı banka xx.xx.2019-cu il tarixində 3000 manat, xx.xx.2019-cu il tarixdə 2000 manat olmaqla ümumilikdə 5000 manat məbləğində ödənişlər aparılmışdır. Lakin sualda borcun xx.xx.2019-cu il tarixədək qeyd edildiyindən həmin ödənilər hazırkı tədqiqat zamanı nəzərə alınmamışdır. Bundan başqa qeyd edilir ki, hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış kredit müqavilələri üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün borc hesablanılan tarixlərə Cavabdeh MMC-yə cərimə borcu hesablanmamışdır. Ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 29 iyun 2022-ci il tarixli 4/841 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 15 iyul 2016-cı il tarixli 22 nömrəli "xxxx" KB ASC ilə Cavabdeh MMC-nin adlarından olan “Kredit xətti müqaviləsi”nin 1-2-ci vərəqlərinin aşağı sağ hissəsində “Borc alan” qrafalarında olan imzalar 3-cü vərəqinin sağ hissəsində “Borc alan” və “İmza:” qrafalarında olan imzalar; 15 iyul 2016-cı il tarixli “Kassa mədaxil orderi”nin üz tərəfinin aşağı hissəsində “İmzalar” qrafasında olan imza və arxa tərəfində “İmzalar:”, “İmza” qrafasında oilan imzalar – X11 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 15 iyul 2016-cı il tarixli 22 nömrəli "xxxx" KB ASC ilə Cavabdeh MMC-nin adlarından olan “Kredit xətti müqaviləsi”nin 1-2-ci vərəqlərinin aşağı sağ hissəsində “Borc alan” qrafalarında olan imzalar 3-cü vərəqinin sağ hissəsində “Borc alan” və “İmza:” qrafalarında olan imzalarda; 15 iyul 2016-cı il tarixli “Kassa mədaxil orderi”nin üz tərəfinin aşağı hissəsində “İmzalar” qrafasında olan imzada və arxa tərəfində “İmzalar:”, “İmza” qrafasında oilan imzalarda – oxşadılmaqla icra olunma əlamətləri müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 124 manat təşkil edir. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş sənədlərin texniki ekspertizasının 18 noyabr 2022-ci il tarixli 5/1270 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş "xxxx" KB ASC ilə Cavabdeh MMC arasında bağlanmış 15 iyul 2016-cı il tarixli 22 nömrəli kredit xətti müqaviləsində, 15 iyul 2016-cı il tarixli 560002 nömrəli çekdə olan möhür əkslərim relyef klişe vasitəsilə sənədin üzərinəı birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş "xxxx" KB ASC ilə Cavabdeh MMC arasında bağlanmış 15 iyul 2016-cı il tarixli 22 nömrəli kredit xətti müqaviləsində, 15 iyul 2016-cı il tarixli 560002 nömrəli çekdə olan Cavabdeh MMC-nin möhür əksləri öz aralarında eynilik təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 70 manat təşkil edir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ləğv prosesində olan "xxxx" KB ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 21 nömrəli kredit müqaviləsinə əsasən, MMC-yə 120 (bir yüz iyirmi) ay müddətinə, illik 6 % dərəcəsi ilə 2.000.000 (iki milyon) manat məbləğində, xx.xx.2013-cü il tarixli 28 nömrəli kredit müqaviləsinə əsasən, MMC-yə 120 (bir yüz iyirmi) ay müddətinə, illik 6 % dərəcəsi ilə 2.000.000 (iki milyon) manat məbləğində və xx.xx.2015-ci il 86 nömrəli kredit müqaviləsinə əsasən, MMC-yə 120 (bir yüz iyirmi) ay müddətinə, illik 6 % dərəcəsi ilə 2.000.000 (iki milyon) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin 4.2, 4.5, 6.1 və 6.2-ci bəndlərinə əsasən kredit məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə olunmuş kreditin və faizin ödənilmə qrafikinə uyğun hər ay sabit məbləğində banka qaytarmaq barədə öhdəlik götürülməsinə baxmayaraq, o, öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləlsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəfindən kredit borclarının banka qaytarılması təmin edilməmişdir. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Ləğv prosesində olan "xxxx" X10 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 21 nömrəli kredit müqaviləsi üzrə 1 999 800 manat əsas borc, 619 032 manat 22 qəpik faiz borcu, cəmi 2 618 832 manat 22 məbləğində borc, xx.xx.2013-cü il tarixli 28 nömrəli kredit müqaviləsi üzrə 100 000 manat əsas borc, 314 166 manat 70 qəpik faiz borcu, cəmi 1 314 166 manat 70 qəpik məbləğində borc, xx.xx.2015-ci il tarixli 86 nömrəli kredit müqavilə üzrə 1 999 800 manat əsas borc, 480 980 manat 72 qəpik faiz borcu, cəmi 2 480 780 manat 72 qəpik məbləğində borc və xx.xx.2016-cı il tarixli 22 nömrəli kredit müqaviləsi üzrə 3 119 000 manat əsas borc, 469 300 manat faiz borcu, 500 manat cərimə borcu, cəmi 3 588 800 manat məbləğində borc olmaqla, ümumilikdə 10 002 579 manat 64 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdehndən iddiaçı Ləğv prosesində olan "xxxx" X10 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunverciliyin yuxarıda şərh olunmuş normaları və tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 21 nömrəli, xx.xx.2013-cü il tarixli 28 nömrəli və xx.xx.2015-ci il tarixli 86 nömrəli kredit müqavilələrinin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini həmin müqavilələrdən irəli gələn öhdəliklər üzrə təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası əvvəlcə iddiaçının apellyasiya şikayətinin dəlillərinə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iddiaçının apellyasiya şikayətində göstərilir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin birinci vərəqəsində cavabdeh kimi "xxxx" MMC göstərilmişdir. Habelə, qətnamənin sonuncu vərəqəsinin həm əsaslandırıcı, həm də nəticə hissəsində 31 may 2013-cü il tarixli 28 nömrəli kredit müqaviləsi üzrə əsas və faiz borcu cəmi borc 1 313 166.70 manat kimi hesablansa da ayrı-ayrılıqda faiz borcu 313 166.70 manat, əsas borc 1 000 000.00(bir milyon) manat olduğu halda əsas borc 100 000 (bir yüz min) manat kimi göstərilmişdir. Həqiqətən də iddiaçının göstərdiyi kimi qətnamədə həmin səhvlərə yol verilmişdir. Lakin nəzərə alınmalıdır ki, qeyd olunan səhvlər mübahisənin nəticəsinə təsir göstərməyən səhvlərdir. Çünki qətnamənin birinci vərəqində iddiaçı qurumun adı bir yerdə səhvən "xxxx" MMC kimi göstərilsə də, həm qətnamənin giriş hissəsindən, həm də digər hissələrindən göründüyü kimi iddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyətidir və cavabdehdən tutulan məbləğin məhz iddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. Qaldı ki, qətnamədə yol verilmiş digər texniki səhvə - 31 may 2013-cü il tarixli 28 nömrəli kredit müqaviləsi üzrə əsas borcun 1 000 000 manat əvəzinə 100 000 manat kimi göstərilməsinə, həmin rəqəmin də səhv göstərildiyi ümumi məbləğdən aydın şəkildə görünür. Çünki iddianı həmin hissədə təmin edərək qətnamədə həmin kredit müqaviləsi üzrə tutulacaq ümumi borcu 1 313 166.70 manat, yəni doğru göstərdiyindən qeyd olunan texniki səhv qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin qeyd olunan dəlilləri əsassızdır. Kollegiya iddiaçının apellyasiya şikayətinin xx.xx.2016-cı il tarixli 22 nömrəli kredit müqaviləsi ilə bağlı dəlillərini Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda qeyd olunan normaları baxımından tam əsassız sayır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Cavabdeh tərəfin dəlillərindən görünür ki, iddiaçı ilə xx.xx.2016-cı il tarixli 22 nömrəli kredit müqaviləsi cavabdeh tərəfindən imzalanmamış və həmin müqavilə üzrə hansısa məbləğdə pul alınmamışdır. Kollegiya aşağıdakılara əsasən cavabdehin tərəfin göstərdiyini inandırıcı sayır və cavabdeh tərəflə həmin hissədə razılaşır. Belə ki, təyin edilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə xx.xx.2016-cı il tarixli 22 nömrəli kredit müqaviləsinin və eyni tarixli məxaric sənədinin cavabdeh MMC-nin direktoru X11 tərəfindən imzalanmadığı və X7 imzasına oxşadılmaqla imza etdiyi müəyyən olunmuşdur. Göründüyü kimi həmin müqavilənin bağlanmasında qanunvericiliyin - əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır – kimi imperativ göstərişi pozulmuşdur. Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydalarının 7.4-cü bəndində göstərilir ki, “Pul çeki” və ya məxaric orderi nağd pulu alan tərəfindən doldurulur (mürəkkəbli və ya diyircəkli qələmlə) və Kredit təşkilatlarında müştərilərin əməliyyatlarının aparılmasına məsul olan şəxsə bütün rekvizitlər üzrə və hesabında “pul çeki”ndə göstərilən məbləğ miqdarında vəsaitin olub-olmamasını yoxlamaq üçün təqdim olunur. İşdəki 3 120 000 manat pulun alınmasıan dair kassa məxaric sənədinin cavabdeh MMC-nin direktoru X11 tərəfindən imzalanmadığı müəyyən edildiyinə görə kollegiya hesab edir ki, cavabdeh MMC iddiaçıya xx.xx.2016-cı il tarixli 22 nömrəli kredit müqaviləsi üzrə hər hansı məbləğdə pul vəsaiti ödəməyə borclu deyildir. xx.xx.2016-cı il tarixli 22 nömrəli kredit müqaviləsinin həqiqi olmadığı ekspertiza rəyindən başğa digər sübutlarla da təsdiqini tapır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehlə xx.xx.2016-cı il tarixli 22 nömrəli kredit müqaviləsinin bağlandığını və ona 4 000 000 (dörd milyon) manat miqdarında kredit verildiyini iddia edir. Halbuki həmin müqavilədən görünür ki, həmin müqavilə kredit müqaviləsi yox, kredit xətti müqaviləsidir, iş materiallarındakı çıxarışdan (1-ci cild. i.v.109) isə görünür ki, kredit xətti 4 000 000 (dörd milyon) manata açılmış olsa da, verilmiş kredit 3 120 000 (üç milyon bir yüz iyirmi min) manatdır. Lakin iddiaçı 3 120 000 (üç milyon bir yüz iyirmi min) manat məbləğində kreditin verilməsini təsdiq edən müqaviləni məhkəməyə təqdim etməmiş, ümumiyyətlə tərəflər arasında bu kimi müqavilənin mövcud olub-olmamasını iddia ərizəsində qeyd etməmiş, iddiaçının nümayəndəsi də bu kimi sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa işdə olan və iddiaçının istinad etdiyi xx.xx.2016-cı il tarixli 22 nömrəli kredit müqaviləsindən (əslində həmin müqavilə kredit xətti müqaviləsidir) görünür ki, həmin müqavilə 2 (iki) nüsxədə tərtib edilməklə bir nüsxəsi kredit təşkilatında, ikinci nüsxəsi ilə kredit alana verilir. İşdən görünür ki, iddiaçı iddia ərizəsinə xx.xx.2016-cı il tarixli 22 nömrəli kredit xətti müqaviləsinin surətini əlavə etmiş (1-ci cild, i.v. 77-79), xətşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar həmin müqavilənin əslini də məhkəməyə göndərmiş və həmin nüsxə işə əlavə edilmişdir (2-ci cild, i.v. 144-146). Həmin müqavilələrə vizual baxış keçirildikdə iddia ərizəsinə əlavə edilmiş xx.xx.2016cı il tarixli 22 nömrəli kredit xətti müqaviləsinin surətinin, xx.xx.2016-cı il tarixli 22 nömrəli kredit xətti müqaviləsi ilə üst-üstə düşmədiyi aydın şəkildə görünür (imza və möhürlərin yerləşmə yerləri fərqlidir). Bu isə xx.xx.2016-cı il tarixli 22 nömrəli kredit xətti müqaviləsinin ikinci nüsxəsinin də iddiaçı tərəfdə olduğunu dolayısı ilə təsdiq edir. Cavabdeh tərəf isə həmin müqvilədən xəbərsiz olduğunu israr edir. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə tələbinin həmin hissədə də əsaslı olduğunu təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin xx.xx.2016-cı il tarixli 22 nömrəli kredit müqaviləsindən irəli gələn dəlillərini əsasız sayır. Məhkmə kollegiyası işdə olan Bakı Kommersiya Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə bağlı qeyd edir ki, həmin iddiaya baxılarkən işin bu kimi halları, yəni müqavilənin borc alan tərəfindən imzalanıb-imzalanmaması, borclu şəxsə 4 000 000 manat miqdarında borcun verilmədiyi araşdırma predmeti olmamışdır. Ona görə də həmin iş üzrə iddianın təmin edilməməsi kollegiyanın qənaətinə görə iddia tələbinin həmin hissədə təmin edilməməsi üçün əsas deyildir. Cavabdeh tərəfin verdiyi apellyasiya şikayəti ilə bağlı kollegiya qeyd edir ki, cavabdehin xx.xx.2013-cü il tarixli 21 nömrəli, xx.xx.2013-cü il tarixli 28 nömrəli və xx.xx.2015-ci il tarixli 86 nömrəli kredit müqavilələrindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etmədiyi iş materialları ilə tam təsdiqini tapdığına görə cavabdehin apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsassızdır və təmin edilməməlidir. Lakin apellyasiya şikayətinin xx.xx.2016-cı il tarixli 22 nömrəli kredit müqaviləsinə aid hissəsi ilə razılaşır və hesab edir ki, yuxarıda qeyd olunnlara əsasən cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin bu iş üzrə qətnaməsi xx.xx.2016-cı il tarixli 22 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərlə bağlı hissədə, yəni xx.xx.2016-cı il tarixli 22 nömrəli kredit müqaviləsi üzrə 3 119 000 manat əsas borc, 469 300 manat faiz borcu, 500 manat cərimə borcu, cəmi 3 588 800 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilməli və həmin hissədə iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalı, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2013-cü il tarixli 21 nömrəli, xx.xx.2013-cü il tarixli 28 nömrəli və xx.xx.2015-ci il tarixli 86 nömrəli kredit müqavilələr üzrə tutulmalı olan ümumi məbləğ 6 413 779.64 (altı milyon dörd yüz on üç min yeddi yüz yetmiş doqquz manat altmış dörd qəpik) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 385.1-ci maddəsinə əsasən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.2, 385, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Ləğv prosesində olan "xxxx" X10 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Cavabdehn apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2-2(115)-9/2021 saylı qətnaməsi qismən - iddianın təmin edilmiş xx.xx.2016-cı il tarixli 22 nömrəli kredit müqaviləsi üzrə 3 119 000 manat əsas borc, 469 300 manat faiz borcu, 500 manat cərimə borcu, cəmi 3 588 800 manat məbləğində borcun Cavabdehndən iddiaçı Ləğv prosesində olan "xxxx" X10 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissəsində ləğv edilsin və ləğv edilmiş həmin hissədə yeni qətnamə çıxarılsın. İddia xx.xx.2016-cı il tarixli 22 nömrəli kredit müqaviləsi üzrə 3 119 000 manat əsas borc, 469 300 manat faiz borcu, 500 manat cərimə borcu, cəmi 3 588 800 manat məbləğində borcun Cavabdehndən iddiaçı Ləğv prosesində olan "xxxx" X10 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissəsində təmin edilməsin. Cavabdehndən iddiaçı Ləğv prosesində olan "xxxx" X10 Səhmdar Cəmiyyətinin xeyrinə tutulan ümumi məbləğ 6 413 779,64 (altı milyon dörd yüz on üç min yeddi yüz yetmiş doqquz manat altmış dörd qəpik) manat miqdarında müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə 269 (iki yüz altmış doqquz) manat ekspertiza xərci Ləğv prosesində olan "xxxx" X10 Səhmdar Cəmiyyətindən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar