Məhkəmə qərarları › İş №2-2(104)-206/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-206/2024

06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-206/2024 06.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X1 və cavabdeh X6 Təhsil İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2-2(115)-675/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-675/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, Gəncə şəhər Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə 8 saylı Ərazi Hesablaşma Mərkəzi arasında bağlanmış **********480 nömrəli bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə yaranmış 12187 manat 30 qəpik borc və 01 yanvar 2024-cü il tarixdən 22 fevral 2024-cü ilə tarixədək xidmətlərin göstərilməsinə görə yaranmış 11790 manat 06 qəpik borc, cəmi 23977 (iyirmi üç min doqquz yüz yetmiş yeddi) manat 36 (otuz altı) qəpik borcun Cavabdehndən tutularaq iddiaçı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xeyrinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia tələbinin tam təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə Cavabdeh arasında bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən xx.xx.2024-cü il tarixinə qədər yaranmış məktəblər üzrə 24096,18 manat, məktəbəqədər müəssisələr üzrə 2499,96 manat olmaqla cəmi 26596,14 manat borc məbləğinin tam şəkildə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə Cavabdeh arasında bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair xx.xx.2023-cü tarixli müqavilənin şərtlərinə uyğun olaraq tərəflərindən öhdəliklər icra edilir. Lakin Cavabdeh həmin müqavilənin 2-ci bəndinin 1-ci yarımbəndində göstərilən vəzifəsini icra etmədiyindən, həmin İdarənin xx.xx.2024-cü il tarixinə Birliyiyə məktəblər üzrə ödənilməli 24096,18 manat, məktəbəqədər müəssisələr üzrə 2499,96 manat olmaqla cəmi 26596,14 manat borcu yaranıb. İddiaçı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi xx.xx.2024-cü il tarixdə digər ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbi üzrə borcun 12187,30 manat məbləğdə olan hissəsi Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********480 saylı xidmət müqaviləsinə aiddir. 14408,84 manat məbləğdə borc isə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrü əhatə edən borclardır. İddianın dəqiqləşdirilməsi ərizəsində qeyd olunanları nəzərə alaraq məhkəmədən iddia ərizəsi üzrə məhkəməyə etdikləri müraciətin “xahiş edirik” hissəsində iddia tələbində mexaniki səhv olaraq yazılmış xx.xx.2024-cü il tarixinin həmin hissədə xx.xx.2024-cü il tarixi kimi qəbul edilməsini, cəmi 26596,14 manat borc məbləğinin tam şəkildə Cavabdehndən tutularaq Birliyin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək olan dövrə yaranmış borcun 14408,84 manat məbləği mexaniki səhv kimi yazılmışdır. Əslində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək yaranmış borcun məbləğinin 11790,06 manat kimi qəbul edilməsi xahiş edilmişdir. İddiaçı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, 2022-ci ilin iyun və dekabr aylarının xidmət haqları cavabdeh tərəfindən ödənilməmişdir. 2024-cü ilin yanvar və fevral (22 fevrala qədər) xidmət haqları da cavabdeh tərəfindən ödənilməmişdir. 2024-cü ilin xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək olan borc 11790,06 manat təşkil edir və ödənilməmişdir. İddiaçı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi xx.xx.2024-cü il tarixdə məhkəməyə digər ərizə ilə müraciət edərək iddia tələbini dəqiqləşdirmiş, Cavabdeh iddiaçıya borcunun cəmi 25394,43 manat təşkil etməsi qeyd edilmişdir. Belə ki, 2022-ci ilin iyun və dekabr ayları üçün cəmi borc 13604,37 manat, 2024-cü ilin yanvar və fevral ayları (xx.xx.2024-cü il tarixədək) üçün isə olan borc 11790,06 manat olmaqla ümumilikdə 25394,43 manat təşkil edir Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək iddia olunan 2022-ci ilə aid olan borc pulu ilə bağlı göstərmişdir ki, GəncəDaşkəsən Regional Təhsil İdarəsi müqavilədə göstərilən 6802 manat aylıq ödənişləri üzləşmə aktları (hər məktəb üzrə daşınma aktı və ya sərfiyyat aktı) üzrə həyata keçirmişdir. 2022-ci ilin iyul-avqust aylarında məktəblərdə yay tətili dövrü olduğunu nəzərə alaraq, Gəncə şəhər Kommunal Təsərrüfat İstehsalat Birliyindən bərk məişət tullantılarının yığılması və daşınması ilə bağlı daşınma və ya sərfiyyat aktları tələb edilmişdir. Lakin yay tətili dövründə Gəncə şəhər Kommunal Təsərrüfat İstehsalat Birliyi daşınma ilə bağlı heç bir akt təqdim etmədiyindən müvafiq olaraq Cavabdeh tərəfindən 2 aylıq ödəniş həyata keçirilməmişdir. Hətta qalıq borclara dair tərtib olunmuş 15 yanvar 2024-cü il “Qarşılıqlı borcların üzləşdirilməsi” aktında da 2022 və 2023-cü illərə aid borc göstərilməmişdir. Həmçinin iddiaçı tərəfindən xx.xx.2024xx.xx.2024-cü il tarixlər üçün iddia olunan 11790.06 manat məbləğlə bağlı qeyd etmişlər ki, Gəncə şəhər Kommunal Təsərrüfat İstehsalat Birliyi ilə Cavabdeh arasında bərk tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətinin göstərilməsinə dair müqavilə imzalanmamışdır. İddia olunduğu kimi bərk tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi xidməti 2024-cü ildə həyata keçirilməmişdir. Daşınmanın həyata keçirilməməsi səbəbindən nəzərdə tutulan yerlərdə tullantılar xeyli miqdarda yığılmışdır və bunun nəticəsində Cavabdeh tullantıların daşınması üçün başqa müəssisə ilə müqavilə imzalamışdır. Hal-hazırda Cavabdeh tabeliyində olan məktəbəqədər və ümumitəhsil müəssisələrindən bərk tullantıların yığılması, daşınması prosesi başqa müəssisə tərəfindən həyata keçirilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd olunmasını xahiş edirlər. İddiaçı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi cavabdehin ərizəsinə etiraz verərək ərizədə qeyd etmişdir ki, Gəncə şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi üçün səlahiyyətli qurum yalnız Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyidir. Çünki Gəncə şəhəri ərazisindən yığılmış bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonu onlara məxsusdur. Gəncə şəhəri ərazisində digər belə bir poliqon yoxdur və hər hansısa təşkilatın yığmış olduğu bərk məişət tullantılarının kənarda zərərsizləşdirilməsi qanun pozuntusudur. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək ərizəsində göstərmişdir ki, 2024-cü ilin yanvar-fevral aylarında Cavabdeh tabeliyində fəaliyyət göstərən məktəbəqədər və ümumi təhsil müəssisələrindən Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən tullantıların daşınması həyata keçirilməmişdir. Belə ki, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 10-138 nömrəli xx.xx.2024cü il tarixli məktubla Gəncə şəhərinin ərazisində yerləşən təhsil müəssisələrində antisanitar vəziyyət və ekoloji tarazlığın pozulması ilə bağlı cavabdehlik daşımadıqlarını Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə bildirmişlər. Həmçinin Gəncə şəhər Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2024-cü ilin yanvar-fevral ayları üçün elektron qaimə sistemi ilə təqdim edilən qaimələr sistemin özü tərəfindən təsdiqlənmişdir. Yəni Cavabdeh qaimələri qəbul etmir və təsdiqləməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki və hüquqi hallarına düzgün qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, 2024-cü il üçün podrat müqaviləsi olmayıb və bu səbəbdən 2024-cü il üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq podrat müqaviləsini tətbiq etməklə keçmiş illərdəki müqavilə şərtlərinə uyğun borc pul hesablanması maddi hüquq normalarının pozulmasıdır. Bundan başqa 2024-cü ilin 01 yanvar tarixindən həmin ilin 22 fevral tarixlərə olan elektron qaimələr cavabdeh tərəfindən təsdiq edilməmişdir və bu barədə bildirilsə də məhkəmə bu halı nəzərə almamışdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin AG Global Logistic” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 dekabr 2021-ci il qərarından görünür ki, elektron qaimənin sübut kimi qəbul edilməsi üçün əsaslı, yanakı sübutlar olmalıdır. Lakin məhkəmə elektron qaimələrin cavabdeh tərəfindən təsdiq edilməməsini nəzərə almamaqla yanaşı sübut üçün şahid ifadələrini əsas gətirmişdir. Şahid qismində iştirak edən şəxslər Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçiləri olmuşdur, hansı ki, onlar maraqlı tərəf olduqları üçün tullantıları daşıdıqlarını bildirmişdilər. Həmçinin bir çox hallarda ümumi istifadədə olan zibil qutularına ətrafda olan digər şəxslər (fərdi yaşayış, çoxmənzilli binaların sakinləri) də tullantılar atırlar ki, bu da orda olan tullantıların yalnız məktəb və ya bağçaya aid olmadığını göstərir. Şahidlər ifadələrində tullantıların kimə aid olduğunu bilmədən daşımaları etdiklərini bildimişdirlər. Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsi zamanı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi məktəb və ya bağça ilə daşınma aktı (üzləşmə aktı) tərtib edir, hansı ki, həmin akt daşınmanı sübut edən bir sənəd kimi çıxış edir. Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi nəinki 2024-cü il üçün, hətta 2022-ci il 2 ayı üçün daşınma aktını (üzləşmə aktı) təqdim etməmiş, dolayısı ilə daşınma həyata keçirmələri ilə bağlı heç bir sübut təqdim edə bilməmişdirlər. Bu səbəbdən də Gəncə- Daşkəsən Regional Təhsil İdarəsi iddia olunan 25394,43 manat pulu ödəməkdən imtina etmişdir. Həmçinin 15 yanvar 2024-cü il tarixdə Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi və Cavabdeh məsul şəxsləri arasında “qarşılıqlı borcların üzləşdirmə aktı”tərtib olunmuş və imzalanmışdır. Həmin akta üzləşmə aparılan tarixə borcun olmadığı öz əksini tapmışdır. Lakin məhkəmə bu aktı da sübut kimi qiymətləndirməmişdir. İş üzrə qeyd edilmiş hallardan aydın olunur ki, məhkəməyə müraciət olunarkən prosessual normaların tələbləri gözlənilməmiş, elə məhkəmədə bu normaların pozulub-pozulmamasına əhəmiyyət verməmiş, ona görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki iş üzrə iddianı təmin edilməsi barədə qətnamə yox, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Heç bir halda məhkəmənin qətnaməsi qanuni və əsaslı deyildir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə iclasında iştirak edən cavabdehin və iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarında olan Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə 8 saylı Ərazi Hesablaşma Mərkəzi arasında bağlanmış 2022-ci il tarixli **********480 nömrəli bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair müqavilədən görünür ki, icraçı Gəncə şəhər Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyi təyin edilmiş sahədən tullantıları müqavilədə qeyd edilən müddət ərzində aylıq 6802 manat, illik 81624 manat (ƏDV ilə birlikdə), məktəbəqədər müəssisələr aylıq 1666,66 manat, illik 20000 manat (ƏDV ilə birlikdə) olmaqla daşınmasını və zərərsizləşdirilməsini təmin etməyi, həmiçinin təyin olunmuş müddətdə xidmət haqqının ödənişi gecikdirildiyi təqdirdə icraçı tərəfindən xidmətin icrasının dayandırılacağını öhdəsinə götürmüşdür. Sifarişçi 8 saylı Ərazi Hesablaşma Mərkəzi isə təyin etdiyi ərazidən məişət tullantıların daşınmasına görə bağladığı müqaviləyə əsasən göstərilən müddətdə hər ay xidmət haqqını icraçının bank hesabına köçürməyi öhdəsinə götürmüşdür. Müqavilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədədir. İş materiallarında olan Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə Cavabdeh arasında bağlanmış 29 mart 2023-cü il tarixli **********480 nömrəli bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair müqavilədən görünür ki, icraçı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi təyin edilmiş sahədən tullantıları müqavilədə qeyd edilən müddət ərzində məktəblər üçün aylıq 6802 manat, illik 81624 manat (ƏDV ilə birlikdə), məktəbəqədər müəssisələr aylıq 1250 manat, illik 15000 manat (ƏDV ilə birlikdə) olmaqla daşınmasını və zərərsizləşdirilməsini təmin etməyi, həmiçinin təyin olunmuş müddətdə xidmət haqqının ödənişi gecikdirildiyi təqdirdə icraçı tərəfindən xidmətin icrasının dayandırılacağını öhdəsinə götürmüşdür. Sifarişçi Cavabdeh isə təyin etdiyi ərazidən məişət tullantıların daşınmasına görə bağladığı müqaviləyə əsasən göstərilən müddətdə hər ay xidmət haqqını icraçının bank hesabına köçürməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli şəxsi hesab vərəqindən görünür ki, məktəbəqədər körpələr evinin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə hesablanmış borcu ödənilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli şəxsi hesab vərəqindən görünür ki, məktəbələrin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə 12187,30 manat borcu ödənilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il atrixli 890110 nömrəli elektron qaimədən görünür ki, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən Cavabdehnə 2022-ci ilin iyun ayı üçün 6802 manat xidmət haqqına dair qaimə ötürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il atrixli 112370 nömrəli elektron qaimədən görünür ki, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən Cavabdehnə 2022-ci ilin dekabr ayı üçün 6802 manat xidmət haqqına dair qaimə ötürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 782390 nömrəli elektron qaimədən görünür ki, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən Cavabdehnə 2024-cü ilin yanvar ayı üçün məktəblərlə bağlı 6802 manat xidmət haqqına dair qaimə ötürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 785017 nömrəli elektron qaimədən görünür ki, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən Cavabdehnə 2024-cü ilin fevral ayı üçün məktəblərlə bağlı 6802 manat xidmət haqqına dair qaimə ötürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 782588 nömrəli elektron qaimədən görünür ki, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən Cavabdehnə 2024-cü ilin yanvar ayı üçün bağçalarla bağlı 1250 manat xidmət haqqına dair qaimə ötürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 783137 nömrəli elektron qaimədən görünür ki, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən Cavabdehnə 2024-cü ilin fevral ayı üçün bağçalarla bağlı 1250 manat xidmət haqqına dair qaimə ötürülmüşdür. İş materiallarında olan Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 10 mart 2024-cü il tarixli 10-138 saylı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə ünvanladığı məktubdan görünür ki, Cavabdeh bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair Gəncə şəhər Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə xx.xx.2024-cü il tarixdən etibarən müqavilə bağlamalı olduğu halda həmin müqaviləni bağlamaqdan imtina etmişdir. Bu hal Gəncə şəhəri ərazisində yerləşən təhsil müəssisələrinin ərazisində anti-sanitar vəziyyətin yaranmasına və ekoloji tarazlığın pozulmasına səbəb olur. Bu səbəbdən Gəncə şəhəri ərazisində yerləşən təhsil müəssisələrinin ərazisində yaranacaq anti-sanitar vəziyyət və ekoloji tarazlığın pozulması ilə bağlı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi heç bir məsuliyyət daşımır. İş materiallarında olan Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Cavabdehnə ünvanlanmış 29 fevral 2024-cü il tarixli 10-97 saylı məktubundan görünür ki, 24096,18 manat borcun ödənilməsi təklif edilmiş, əks təqdirdə xx.xx.2024-cü il tarixdən xidmətin göstərilməyəcəyi bildirilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Gəncə şəhər Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə Cavabdeh arasında bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair əvvəllər müqavilələr olmuş, sonuncu dəfə xx.xx.2023-cü tarixli müqavilə bağlanmış, iddiaçı həmin müqavilənin şərtlərinə uyğun olaraq öhdəliklərini icra etmiş, lakin Cavabdeh həmin müqavilənin şərtlərini lazımi qaydada icra etmədiyindən, həmin İdarənin xx.xx.2024-cü il tarixinə Birliyə xx.xx.2022-ci il tarixli **********480 saylı xidmət müqaviləsi üzrə 2022-ci ilin iyun və dekabr ayları üçün cəmi 12187 manat 30 qəpik borc, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək isə 11790,06 manat məbləğdə, ümumilikdə 23977 (iyirmi üç min doqquz yüz yetmiş yeddi) manat 36 (otuz altı) qəpik borc elektron qaimələr ötürülməsinə baxmayaraq ödənilməmiş qalmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə 8 saylı Ərazi Hesablaşma Mərkəzi arasında 2022-ci il tarixli **********480 nömrəli bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən icraçı təyin edilmiş sahədən tullantıları müqavilədə qeyd edilən müddət ərzində məktəblərlə bağlı aylıq 6802 manat, illik 81624 manat (ƏDV ilə birlikdə), məktəbəqədər müəssisələrlə bağlı 1666,66 manat, illik 20000 manat (ƏDV ilə birlikdə) olmaqla daşınmasını və zərərsizləşdirilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Sifarişçi 8 saylı Ərazi Hesablaşma Mərkəzi isə təyin etdiyi ərazidən məişət tullantıların daşınmasına görə bağladığı müqaviləyə əsasən göstərilən müddətdə hər ay xidmət haqqını icraçının bank hesabına köçürməyi öhdəsinə götürmüşdür. 2022-ci il üzrə xidmətlərin göstərilməsi tərəflərin izahatları və iş materialları ilə təsdiq edilir. Mübahisələndirilən məsələ xidmət haqqının ödənilməsi ilə bağlıdır. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi şəxsi hesab vərəqində məktəbəqədər körpələr evinin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə hesablanmış borcu ödənilmişdir. Məktəbələrin isə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə 12187,30 manat borcu hesablanmışdır və həmin borc ödənilməmişdir. Tərəflər arasında 2023-cü il tarixdə həmin il üçün yeni müqavilə bağlanmşdır və ilin sonunda qarşılıqlı üzləşmə aktı tərtib edilmiş cavabdehin iddiaçıya həmin il üzrə hər hansı borcunun olmaması qeyd edilmişdir. Cavabdeh 2022-ci il üçün də iddiaçıya borclarının olmamasını qeyd etsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı isə 2022-ci ildən qalan borcun 13604,37 manat təşkil etdiyini göstərsə də iş materialları ilə 2022-ci il ərzində məktəblər üzrə ödənilməmiş xidmət haqqının 12187,30 manat təşkil etdiyi görünür. Ona görə də Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə 8 saylı Ərazi Hesablaşma Mərkəzi arasında bağlanmış 2022-ci il tarixli **********480 nömrəli bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə yaranmış 12187 manat 30 qəpik borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 2024-cü ilin yanvar və fevral ayları (xx.xx.2024cü il tarixədək) üçün ödənilməmiş 11790,06 manat borcun tutulması ilə bağlı bildirir ki, 2024-cü il üçün tərəflər arasında müqavilə bağlanmamışdır. Müqavilənin bağlanmasından cavabdeh imtina etmişdir. Buna baxmayaraq 2024-cü ilin 01 yanvar tarixindən həmin ilin 22 fevral tarixindək tullantıların iddiaçı təşkilat tərəfindən daşınması iş materialları, şahid ifadələri ilə təsdiqini tapır. Həmçinin həmin aylara dair iddiaçı cavabdehə elektron qaimələr göndərmiş, cavabdeh tərəfindən həmin qaimələr təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı 2024-cü ilin 01 yanvar tarixindən həmin ilin 22 fevral tarixindək göstərdiyi xidmətin haqqını cavabdehdən tələb etməkdə haqlıdır. Ona görə də 01 yanvar 2024-cü il tarixdən 22 fevral 2024-cü ilə tarixədək xidmətlərin göstərilməsinə görə yaranmış 11790 manat 06 qəpik borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə 8 saylı Ərazi Hesablaşma Mərkəzi arasında 2022-ci il tarixli **********480 nömrəli bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən icraçı təyin edilmiş sahədən tullantıları müqavilədə qeyd edilən müddət ərzində məktəblərlə bağlı aylıq 6802 manat, illik 81624 manat (ƏDV ilə birlikdə), məktəbəqədər müəssisələrlə bağlı 1666,66 manat, illik 20000 manat (ƏDV ilə birlikdə) olmaqla daşınmasını və zərərsizləşdirilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Sifarişçi 8 saylı Ərazi Hesablaşma Mərkəzi isə təyin etdiyi ərazidən məişət tullantıların daşınmasına görə bağladığı müqaviləyə əsasən göstərilən müddətdə hər ay xidmət haqqını icraçının bank hesabına köçürməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilədə göstərilmiş dövr ərzində və müqavilədə göstərilmiş təhsil müəssisələrinə bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi üzrə xidmət göstərmiş olsa da, cavabdehin iddiaçıya 2022-ci il üzrə 12187,30 manat, 2024-cü ilin yanvar və fevral ayları üzrə 11790,06 manat ödənilməmiş borcu qalmaqda davam edir. Apellyasiya şikayətinin qaimələrin cavabdeh tərəfindən təsdiq edilməməsi dəlili ilə bağlı kollegiya qeyd edir ki, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura vermək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. İddiaçı tərəfindən göndərilmiş elektron qaimələr sistem tərəfindən qəbul edilmiş olsa da və cavabdeh tərəfindən həmin elektron qaimələrə heç bir etiraz bildirilməmişdir. Odur ki, kollegiya apellyasiya şikayətinin həmin dəlilini əsassız sayır. Apellyasiya şoikayətinin digər dəlili ondan ibarətdir ki, 2024-cü ildə iddiaçı ilə müqavilə bağlanmamış, məktəb və məktəbəqədər təhsil müəssisələrində bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətləri digər hüquqi şəxs tərəfindən göstərilmişdir. Kollegiya qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğuna görə cavabdehə müvafiq sübutun təqdim edilməsi üçün şərait yaradılmış olsa da, həmin dəlillə bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Kollegiya apellyasiya şikayətinin 2023-cü ilə dair üzləşdirmə aktında borcun olmamasına dair dəlilini də cavabdehin 2022-ci il üzrə borcunun olmamasını təsdiq edən sübut kimi qəbul etmir. Ona görə ki, həmin üzləşdirmə aktından göründüyü kimi akt aylar üzrə 2023-cü ili əhatə edir və həmin aktda 2023-cü ilin hər bir ayı üzrə hesablanmış və ödənilmiş borc məblələri əksini tapmışdır. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla cavabdehin formal mülahizəsidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-675/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar