Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-210/2023 06.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh və onun nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, e-2-2(115)- 326/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh əsas borc üzrə 21536 manat, gecikdirilmiş vaxta görə hesablanmış əldən çıxmış fayda kimi 5204.53 manat və 200 manat ödənilmiş mediasiya xərcinin iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2016-cı ilin əvvəllərində Cavabdeh onlarla işgüzar münasibətlər yaratmışdır. Əvvəllər nağd qaydada, sonradan isə nisyə şəklində onların istehsal etdikləri un məhsullarının satışını həyata keçirmişdir. Cavabdeh digər müştərilərilərindən fərqli olaraq, sonuncu dəfə, 2016-cı ilin sonunda (oktyabr ayında) ümumi dəyəri 21536 manat un məhsulunun (Şəmkir rayonu ərazisində yerləşən, özünə məxsus və ya icarəyə götürdüyü çörək bişirmə sexində qəbul edib) pulunu ödəyə bilməmişdir. Bunun səbəbini şəxsi həyatında olan problem ilə əsaslandıraraq, tez bir zamanda hissə-hissə olmaqla da olsa ödəyəcəyinə söz vermişdir. Bu illər ərzində Cavabdeh müxtəlif vədlər və bəhanələr gətirməklə onlara olan borcunu ödəməkdən boyun qaçırır. Cavabdeh 2021-ci ilin mart ayına kimi "xxxx"MMC olan 21536 manat pul vəsaitini ödəyəcəyinə söz vermişdir. Lakin cavabdeh 21536 manat pul vəsaitini ödəməkdən boyun qaçırmışdır. Gəncə Kommersiya Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, e-2-2(115)-326/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia qismən təmin edilərək, Cavabdeh 21536 (iyirmi bir min beş yüz otuz altı) manat məbləğində borcun və 200 (iki yüz) manat mediasiya xərcin tutularaq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, Cavabdeh 154,61 (bir yüz əlli dörd manat altmış bir qəpik) manat dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməsi qət edilmişdir. İşdə olan sübutlar: Şəmkir rayon Polis Şöbəsinin təhqiqatçısının cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh polis idarəsinə verdiyi izahatında "xxxx" MMC-dən un məmulatlarının aldığını, ilk əvvəllər ödəniş etdiyini, lakin sonradan ona göndərilən un keyfiyyətsiz olduğundan dəyərini ödəmədiyini, lakin hazırda borcunun olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş elektron daşıyıcıda olan Cavabdeh ilə iddiaçının nümayəndəsi X4 arasındakı səs yazısından Cavabdeh ondan tələb olunan pul məbləğində borcunun olmasını etiraf etməsi müəyyən olunur. Apellyasiya məhkəməsində icraat: Gəncə Kommersiya Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, e-2-2(115)-326/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 02 iyun 2023-cü il tarixli e-2-2(115)-326/2023 saylı qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin tam olaraq rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin faktiki halları ondan ibarətdir ki, bir neçə il bundan əvvəl un məhsullarının satışı ilə məşğul olmuş və bu məqsədlə iddiaçı "xxxx" MMC-dən un məhsulları almışdır. Bu məhsullar Şəmkir rayonuna yük avtomobilləri ilə çatdırılmış və əsasən elə həmin avtomobillərlə də məhsulların pulunu göndərmişdir. Avtomobil gəlmədikdə isə bank vasitəsilə göndərmişdir. Aralarında sonuncu alış-veriş 2016-cı ildə həyata keçirilmişdir. Hazırda onun "xxxx" MMC-yə hər hansı bir borcu qalmamışdır. Lakin üstündən təxminən 7 il vaxt keçdikdən sonra iddiaçı heç bir əsas olmadan onu məhkəməyə verərək guya həmin vaxtdan onlara borcu qalmasını bildirsə də bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Buna baxmayaraq, məhkəmə tamamilə qanunsuz və əsassız olaraq, hər hansı bir mötəbər sübuta əsaslanmadan iddianın həmin hissədə təmin edilməsi barədə qətnamə çıxarmışdır ki, bununla da onun hüquqlarını kobud surətdə pozulmuşdur. Məhkəmə iddianı təmin edən zaman yalnız iş üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələrini mötəbər sübut kimi qəbul etmiş və yalnız onların həqiqəti ifadə etməyən və qabaqcadan öyrədilmiş ifadəsinə əsaslanaraq sözügedən qətnaməni çıxarmışdır. Belə ki, iddia ərizəsinin məzmunundan, həmçinin iddiaçının nümayəndəsinin izahatından açıq-aydın görünür ki, tərəflər arasında borc münasibətləri son olaraq 2016-cı ildə yaranmışdır. Sözügedən qərarda sübut etmə yükünün təkzib edənin deyil, iddia edənin üzərinə düşməsi qeyd edilsə də onun iddia ərizəsində qeyd edilən məbləği iddiaçıya ödəməli olduğunu sübuta yetirə bilməmiş, buna baxmayaraq, məhkəmə iddianın həmin hissədə təmin edilməsi barədə qətnamə çıxarmışdır. Məhkəmə sözügedən qətnaməni çıxaran zaman belə bir qənaətə gəlmişdir ki, guya onun iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə borcunun olması sübut olunduğundan iddia həmin hissədə təmin edilməlidir. Lakin məhkəmə öz qətnaməsində hansı əsasa və hansı sübuta istinad edərək belə bir qənaətə gəldiyini əsaslandıra bilməmişdir. Məhkəmə guya onun iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə borcunun olmasının sübut edilməsinə görə iddianın həmin hissədə təmin olunmalı olduğu qənaətinə gələrək bu barədə qətnamə çıxarmışdır. Əgər belə olmasaydı bu müddət ərzində ona ən azından bir dəfə də olsun rəsmi xəbərdarlıq göndərərdi. Yəni məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin faktiki hallarına uyğun gəlmir. Bildirmək istəyir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün prosessual müddəti ötürmüşdür. Belə ki, iddia ərizəsinin məzmunundan, həmçinin iddiaçının nümayəndəsinin izahatından açıq-aydın görünür ki, tərəflər arasında borc münasibətləri son olaraq 2016-cı ildə yaranmışdır. Savadsız olduğundan və məhkəmədə vəkilsiz iştirak etdiyindən iddia müddətinin tətbiq edilməsinə dair ərizəni birinci instansiya məhkəməsinə verə bilməmişdir. Buna görə də iddia müddətinin tətbiqi barədə ərizəsini də apellyasiya instansiyası məhkəməsinə təqdim edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi vəkil X3 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi səs yazısında da cavabdehin borcunu etiraf etməsi təsdiq olunmur. Bundan başqa məhkəməyə təqdim etdiyi 14 saylı Ərazi Vergilər İdarəsinin arayışı ilə cavabdehin 2014-2019-cu illər aralığında fəaliyyətinin olmaması təsdiq olunmaqdadır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etdiyini bildirib, təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, əslində isə un məhsulu ona deyil, Şanxay adlı başqa şəxsə verilmişdir. Belə ki, həmin dövrdə onun fəaliyyəti olmamışdır. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, iddiaçının nümayəndəsi ilə telefonda danışığını, polisdə hansı qaydada izahat verdiyini xatırlamır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 məhkəməyə təqdim etdiyi sübutlarla cavabdehin borcunun sübut olunduğunu, buna görə də apellyasiya şikayətinin əsassız hesab edilərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh uzun müddət borcunu ödəyəcəyini vəd etdiyindən və ortaq tanışlar olduğundan iddia qaldırılmamışdır. Hətta səhv etmirsə 2020-ci il tarixdə cavabdeh borcunu ödəyə bilmədiyindən aralarında belə bir razılaşma olmuşdur ki, cavabdehə məxsus Ford markalı avtomobil 32000 manat qiymətləndirilməklə, həmin avtomobilə görə banka olan təxminən 7000 manat borc onlar tərəfindən ödənilməklə, avtomobil borcun əvəzinə onların mülkiyyətinə keçirilsin. Bununla əlaqədar banka gedilmiş, lakin son anda cavabdeh onların rəhbərliyinə zəng edərək, ortaq tanışlarının olmasını xatırlatmaqla, borcun ödənilməsinə möhlət verilməsini xahiş etmişdir. Onların rəhbərliyi də cavabdehin xahişini nəzərə almış, cavabdehin avtomobilini borc əvəzinə qəbul etməkdən imtina edərək, borcun ödənilməsi üçün vaxt vermişlər. Həmin proseslərdə isə o özü şəxsən iştirak etmişdir. Un məhsulu isə cavabdehin sifarişinə əsasən onun sexinə çatdırılmışdır. Sexdə unun Şanxay adlı və ya başqa şəxs tərəfindən qəbul edilməsi isə cavabdehin öhdəliyinin yaranmamasına əsas verməmişdir. Belə ki, unun satılmasına dair razılaşma cavabdehlə olmuşdur. Cavabdehin vəkilinin suallarına cavabında isə bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövriyyəsi həddən artıq böyük olduğundan bütün satışların sənədlərini uzun müddət saxlaya bilmirlər. Buna görə də cavabdehə satdıqları un məmulatının sənədləri qalmamışdır. Sadəcə olaraq mühasibatlıqda borcluların siyahısında adı və borc məbləği qeyd olunmuşdur. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, cavabdehlə olan səs yazısı 2022-ci il tarixdə iş Şəmkir Rayon Məhkəməsində olarkən baş vermişdir. Belə ki, onlar əvvəl hazırkı iddia tələbi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etsələr də sonradan Şəmkir Rayon Məhkəməsinin qətnaməsi aidiyyət qaydalarının pozulması səbəbindən ləğv edilmiş və onlar yeni iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 1092.1ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, Gəncə Kommersiya Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, e-2-2(115)-326/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddia müddətinin ötürülməsi ilə bağlı iddia müddətinin tətbiqinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd olunan Mülki Məcəllənin 375.2-ci maddəsinin tələbindən göründüyü kimi məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Cavabdeh isə birinci instansiya məhkəməsində iştirak etsə də iddia müddətinin tətbiqinə dair ərizə verməmişdir. Apellyasiya instansiya məhkəməsində isə iddia müddətinin tətbiqinə dair ərizənin verilməsi o halda qəbul edilən hesab oluna bilərdi ki, cavabdeh birinci instansiya məhkəməsində bu imkandan məhrum olsun. Hazırkı iş üzrə isə belə bir hal mövcud olmamışdır. Buna görə də məhkəmə kollegiyası cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə nəzərə almayaraq, mübahisə üzrə iddia müddətini tətbiq etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş şahid ifadələrini, səs yazısını və Şəmkir rayon Polis Şöbəsinin təhqiqatçısının cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarında göstərilən cavabdehin izahatını sübut qisməndə qəbul etsə də də cavabdeh yalnız şahidlərin ifadəsinin qeyri-mötəbər olmasını mübahisələndirmiş, digər sübutlara qarşı isə hər hansı bir dəlil irəli sürə bilməmiş, yalnız alqısatqıya və borca dair yazılı sənədlərin olmamasını əsas gətirərək iddianın sübut olunmadığını və iddia müddətinin ötürüldüyünü iddia edərək qətnaməni əsassız hesab etmişdir. Halbuki, həmin səs yazısı birinci instansiya məhkəməsində də tədqiq olunmuşdur. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ən mötəbər sübut iddiaçının nümayəndəsi X4 ilə onun arasında olan telefon danışığından ibarət səs yazısı olmuşdur ki, həmin səs yazısı ilə də cavabdehin iddiaçıya tələb olunan məbləğdə borcunun olması təsdiq olunmuşdur. Həmin səs yazısı məhkəmə kollegiyasının iclasında tərəflərin iştirakı ilə dinlənilmiş, cavabdeh isə həmin səs yazısında qeyd olunanları xatırlamadığını qeyd etmişdir. Cavabdehə səsin ona məxsus olmadığı təqdirdə səs yazısının ekspertizasının keçirilə biləcəyi bildirilsə də həmin təklifə də münasibət bildirməmişdir. Hərçənd ki, yuxarıda qeyd olunduğu kimi həmin səs yazısı birinci instansiya məhkəməsində də tədqiq olunmuş, nə həmin vaxt, nə də ki apellyasiya şikayətində cavabdeh danışıqdakı səsin ona məxsus olmasını inkar etməmişdir. Halbuki, həmin səs yazısında müəyyən olunur ki, iddiaçının nümayəndəsi cavabdehə bir neçə il əvvəl ona məxsus avtomobil 32000 manat qiymətləndirilməklə, həmin avtomobilə görə banka olan təxminən 7000 manat borcun banka və əlavə olaraq 2000-3000 manatın onlar tərəfindən cavabdehə ödənilməklə, avtomobilin borcun əvəzinə onların mülkiyyətinə keçirilməsini razılaşmalarını xatırlatdıqda cavadbeh bu faktı təsdiq etmişdir. İddiaçının nümayəndəsinin məsələni daha da dəqiqləşdirmək istəməsinə münasibətdə isə cavabdeh prosessin necə baş verdiyinin yadından çıxdığını demiş, iddiaçının nümayəndəsi həmin prosesi həyata keçirən zaman cavabdehin borcun bağışlanması və ya vaxt verilməsi ilə bağlı rəhbərlikdə olan Eyyub müəllimə zəng vurmasını xatırlatdıqda isə cavabdeh həmin faktı da təsdiq edərək, “qoy görək nə olacaq” demişdir. Sonrakı danışıqlarında isə iddiaçının nümayəndəsi borcun 22000 manat olmasını cavabdehə bildirmiş, cavabdeh “imkanı olan kimi borcunu ödəyəcəyini” bildirməklə borcunu etiraf etmişdir. Həmin danışığın isə tərəflər arasında Şəmkir Rayon Məhkəməsində iş olarkən, yəni 2022-ci il tarixdə baş verməsi səs yazısından da müəyyən olunur. Bundan başqa Şəmkir rayon Polis Şöbəsinin təhqiqatçısının cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh polis idarəsinə verdiyi izahatında "xxxx" MMC-dən un məmulatlarının aldığını, ilk əvvəllər ödəniş etdiyini, lakin sonradan ona göndərilən un keyfiyyətsiz olduğundan dəyərini ödəmədiyini bildirmişdir ki, cavabdeh polisdə də belə bir izahat verdiyini xatırlamadığını bildirmişdir ki, belə olduğu təqdirdə cavabdehə əvvəlki məhkəmə iclasında həmin izahatını məhkəməyə təqdim edə bilcəyi təklif edilsə də, polisə verdiyi yazılı izahatını məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan sübutlardakı məlumatlar iş üzrə dindirilmiş şahid ifadələri uyğunluq təşkil etdiyindən dindirilmiş şahidlərin ifadələri də mötəbər sübut kimi qəbul olunmuşdur. Məhkəmə kollegiyası cavabdeh tərəfin alqı-satqının və borcun yazılı sübutlarla təsdiq olunmaması ilə bağlı şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, alqı-satqı müqaviləsinin şifahi qaydada bağlanması yol verilən olmaqla, mallara dair qaimlərin, təhvil aktlarının və borca dair yazılı sənədlərin olmaması, nisiyə alqı-satqı müqaviləsi üzrə öhdəliyin olmasının müəyyən olunması və bunun digər sübutlarla təsdiq olunması iddianın rədd edilməsinə əsas verməməkdədir ki, hazırkı mübahisə üzrə də cavabdehin nisiyə alqı-satqı müqaviləsi üzrə iddiaçının tələb etdiyi məbləğdə pul öhdəliyinin olması sübut olunmuşdur. Həmçinin, cavabdehin 2016-cı il tarixdə fəaliyyətinin dayandırlması ilə bağlı vergi orqanına müraciət etməsi və buna müvafiq olaraq da onun fəaliyyətinin vergi orqanında dayandırılmış statusunda olması həmin dövrdə cavabdehin iddiaçıdan mal almaması anlamına gəlməməkdədir. Buna görə də məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlillərini əsassız hesab etmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, e-2-2(115)-326/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Gəncə Kommersiya Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, e-2-2(115)-326/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ:
Gəncə Kommersiya Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, e-2-2(115)-326/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, e-2-2(115)-326/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.