Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-25/2023 30.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli e-2-2(115)- 309/2021 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh1 6532,92 manat əsas borc, 519,89 manat faiz borcu, 1041,87 manat cərimə borcu, 938,21 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu olmaqla, ümumilikdə 9032,89 manat məbləğində kredit borcu və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manatın tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi; İpoteka qoyulmuş xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Tovuz rayonu, Vahidli kəndində 0,27 ha torpaq sahəsində yerləşən 299 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə və onun tərkibində olan həyətyanı tikili və qurğulara tutmanın yönəldilməsi; Həmin evin ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi; İpoteka predmeti olan əmlaka tutma yönəldikdən və əmlak satıldıqdan sonra, həmin yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli e-2-2(115)-309/2021 saylı qətnaməsi ilə (hakim Kənan Vəliyev) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 əsas borc üzrə 6532,92 manat, faiz borcu üzrə 519,89 manat, cərimə borcu üzrə 241,87 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 938,21 manat, ümumilikdə 8232,89 manat məbləğində kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manatın tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi; Borc tələbinin ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Tovuz rayonu, Vahidli kəndində 0,27 ha torpaq sahəsində yerləşən 299 kv.m ümumi sahədən ibarət, likvid dəyəri 59000 manat olan fərdi yaşayış evi, onun tərkibi olan həyətyanı tikili və qurğulara yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi; İş üzrə 200 manat ekspertiza xərcinin Cavabdeh1 tutularaq “Uniprice“ MMC-yə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, cərimə məbləğinin təmin edilməyən və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində qətnamənin ləğv edilərək, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Həmçinin birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, faiz, cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun tutulması hissəsində qətnamənin ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin olunmamasını xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 14 yanvar 2022-ci il tarixli 2- 2(104)-38/2022 nömrəli qətnaməsi ilə (hakimlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və İslam Həsənov) Gəncə Kommersiya Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli e-2-2(115)-309/2021 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş; Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş; Gəncə Kommersiya Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli e-2-2(115)-309/2021 saylı qətnaməsi Cavabdeh1 519,89 manat faiz, 241,87 manat cərimə, öhdəliyin icrasının gecikdirilməsinə görə 938,21 manat faiz və ümumilikdə 8232,89 manat məbləğində kredit borcunun tutulması hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılaraq; İddia tələbi həmin hissədə təmin edilməmiş; Cavabdeh1 əsas borc üzrə 6532,92 manat, 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat olmaqla, cəmi 6602,92 (altı min altı yüz iki manat, 92 qəpik) tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi; Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin qalan hissədə təmin olunmaması və qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 14 yanvar 2022-ci il tarixli 2-2(104)-38/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, ipoteka predmetinin qiymətinin dəyişdirilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 05 iyul 2022-ci il tarixli 2-2(102)-418/2022 nömrəli qərarı ilə (hakimlər Bəhram Məmmədli (sədrlik edən və məruzəçi), Aqil Abbasov və İlqar Dadaşov) iddiaçı “Zaminbank» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 14 yanvar 2022-ci il tarixli 2-2(104)-38/2022 nömrəli qətnaməsinin həmin kassasiya şikayətinə münasibətdə qismən - ipoteka predmetinin likvid dəyərinin 59000 manat müəyyən olunması hissəsində ləğv edilməsi; İşin həmin hissədə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması və qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin faktiki halları: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 03 mart 2015-ci il tarixli 2845 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 6 faiz ödəmək şərtilə 14500 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə 03 mart 2015-ci il tarixli 253 nömrəli ipoteka müqaviləsi bağlanmış, həmin ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Tovuz rayonu, Vahidli kəndində 0,27 ha torpaq sahəsində yerləşən 299 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı ASC-nin Tovuz filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada icrasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəməlidir. Lakin buna baxmayaraq borclu kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə şifahi və yazılı xəbərdar edilməsinə baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində iddianı qismən təmin edərək, əmlakın ilkin satış qiymətini müəyyən edən zaman əmlakın real bazar qiymətinin nəzərə almamışdır. 08 iyul 2021-ci il tarixli UNİ/İ 75-290-21 nömrəli ekspert rəyində ayrı-ayrılıqda fərdi yaşayış evi üçün 35880 manat, 0,27 ha torpaq sahəsi üçün 27000 manat məbləğində bazar dəyəri müəyyən edildiyi halda məhkəmə qətnamə qəbul edərkən əmlakın qiymətini torpaq sahəsi ilə birlikdə deyil, sadəcə fərdi yaşayış evinin və onun tərkb hissəsi olan həyətyanı qurğular və tikililər üçün 59000 manat müəyyən etmişdir. Lakin bu məbləğ əmlakın real qiymətini əks etdirmir. İşə baxan birinci instansiya məhkəməsi maddi normaları pozlmaqla qətnamə qəbul etmişdir. Əmlakın satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında və ya müstəqil qiymətləndirici tərəfindən müəyyən edilməlidir. 59000 manat bu əmlakın real qiyməti deyildir. Eyni zamanda Cavabdeh1 ilə Bank arasında bağlanmış kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən, borcalan kedit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Hər gecikdirilmiş gün üçün 1 faiz cərimə ödənilməsi və vaxtı keçmiş kredit üzrə 44 faiz ödənilməsi müqavilə ilə razılaşdırılmışdır. Lakin məhkəmə əsassız olaraq 1041,87 manat cərimə məbləğini tam təmin etməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi faiz, cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun tutulması hissəsində tam qanunsuz və əsassızdır, həmin hissədə iddia tələbi təmin edilməməlidir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklara bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmn edən tədbirlər görmələrini tapşırmışdır. Ərizələrinə əlavə edilmiş problemli kreditlərin kompensasiyası barədə çıxarışdan görünür ki, onların Banka 6532,92 manat əsas kredit borcu vardır. Birinci instansiya məhkəməsinin qətnaməsinə nəzər salanda görünür ki, qətnamədə iddiaçının bildirişin qeydə alınması ilə bağlı 40 manat dövlət rüsumunun tutulması yoxdur. Lakin 40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilmişdir. Məhkəmədə işə baxılanadək iddia tələbinə etirazda Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsir dairəsinə düşdüklərini, buna görə də faizlərin silinməsini bildirmişlər. Həmçinin qətnamədə cavabdehlərə bildiriş vasitəsilə xəbərdarlıq edildiyi göstərilsə də, aradan 2 il müddət keçdikdən sonra Bank borc barədə xəbərdarlıq etmişdir. Belə olan halda Bank onların Plenum qərarına əsasən faiz borcunun yaranmasında maraqlı olmuşdur. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 05 iyul 2022-ci il tarixli 2-2(102)-418/2022 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 14 yanvar 2022-ci il tarixli 2-2(104)-38/2022 nömrəli qətnaməsi ipoteka predmetinin likvid dəyərinin 59000 manat müəyyən olunması hissəsində ləğv edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız ipoteka predmetinin qiymətinin müəyyən olunması hissəsində iddiaçının apellyasiya şikayətinə münasibətdə yoxlanılmalıdır. Məhkəmə kollegiyası bu hissədə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: 03 mart 2015-ci il tarixli 2845 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən İddiaçı ASC borcalan Cavabdeh1 14500 manat məbləğində illik 6 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan Cavabdeh1 isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdəsinə götürmüşdür; 03 mart 2015-ci il tarixli 253 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, 03 mart 2015-ci il tarixli 2845 nömrəli kredit müqaviləsinin təminatı kimi borcalan (eyni zamanda ipoteka qoyan) Cavabdeh2 xüsusi mülkiyyət hüquqi ilə məxsus olan Tovuz rayonu, Vahidli kəndində 0,27 ha torpaq sahəsində yerləşən 299 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi ipoteka predmeti kimi yüklü edilmişdir. İpoteka müqaviləsində ipotekanın predmeti tərəflərin qarşılıqlı razılığı ilə 27000 manat məbləğində müəyyən edilmişdir; Hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı, 060581 nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Tovuz rayonu, Vahidli kəndində 0,27 ha torpaq sahəsində yerləşən 299 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı ASC-nin Tovuz filialının xeyrinə yüklü edilmişdir; "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsinə dair rəyi ilə 27 ha torpaq sahəsinin bazar dəyəri 27000 manat, həmin torpaq sahəsində yerləşən 299 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin bazar dəyəri 35880 manat, torpaq sahəsi ilə yaşayış evinin birlikdə bazar dəyəri 62880 manat, torpaq üzərində yaxşılaşdırma, digər tikililər, bitkilər, hasar, kommunikasiya xətləri, sənədləşmə və digər xərclər də daxil olmaqla (62880+5%) daşınmaz əmlakın bazar dəyəri 66024 manat, yuvarlaq şəkildə 66000 manat, likvid dəyəri isə 59000 manat müəyyən edilmişdir. Apellyasiya instansiyasında icraat zamanı alınmış: "xxxx" MMC-nin rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Tovuz rayonu, Vahidli kəndində 0,27 ha torpaq sahəsində yerləşən 299 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin, onun tərkibi olan həyətyanı tikili və qurğuların likvid qiyməti 32300 manat, bazar dəyəri isə 35880 manat qiymətləndirilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2023-cü il tarixli 10/4601-9/4810 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Tovuz rayonu, Vahidli kəndində 0,27 ha torpaq sahəsində yerləşən 299 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin hazırki orta bazar qiymətinə uyğun torpaq sahəsilə birlikdə ümumi dəyəri təqribən 64000 manat, likvid dəyəri isə təqribən 58000 manat məbləğində müəyyən edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə görə, daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır; 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 36.1-ci maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 36.2-ci maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4 bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. Həmin Qanunun 36.3-cü maddəsinə görə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 37-ci maddəsinə əsasən, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Həmin Qanunun 41-ci maddəsinə görə, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 89-cu maddəsinin 5-ci bəndinə əsasən, bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 03 mart 2015-ci il tarixli 2845 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 6 faiz ödəmək şərtilə 14500 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə 03 mart 2015-ci il tarixli 253 nömrəli ipoteka müqaviləsi bağlanmış, həmin ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Tovuz rayonu, Vahidli kəndində 0,27 ha torpaq sahəsində yerləşən 299 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı ASC-nin Tovuz filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığına əsasən 27000 manat məbləğində müəyyən edilmişdir. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən kreditor hazırki iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini qismən təmin etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində mübahisələndirilmişdir və məhkəmə kollegiyası həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır. Məhkəmə kollegiyası ipoteka predmeti olan Tovuz rayonu, Vahidli kəndində 0,27 ha torpaq sahəsində yerləşən 299 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin (likvid) 59000 manat müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, apellyasiya instansiyasında icraat zamanı ipoteka predmeti olan əmlakın dəyərinin müəyyən olunması üçün məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2023-cü il tarixli 10/4601-9/4810 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Tovuz rayonu, Vahidli kəndində 0,27 ha torpaq sahəsində yerləşən 299 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin hazırki orta bazar qiymətinə uyğun torpaq sahəsilə birlikdə ümumi dəyəri təqribən 64000 manat, likvid dəyəri isə təqribən 58000 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 59000 manat müəyyən edilməsi hissədə dəyişdirilməli, həmin hissədə ipoteka predmetinin ilkin satış qiyməti (likvid) 58000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertizası xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. "xxxx" MMC-nin məktubundan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manatdır. Məhkəmə kollegiyası hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına, 200 manat isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq "xxxx" MMC-nin müvafiq bank hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli e-2-2(115)-309/2021 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. İpoteka predmeti olan Cavabdeh2 məxsus Tovuz rayonu, Vahidli kəndində 0,27 ha torpaq sahəsində yerləşən 299 kv.m ümumi sahədən ibarət, fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 58000 manat məbləğində müəyyən edilsin. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin "xxxx" ASC-nin Qara Qarayev filialı, kod 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, müxbir hesab AZ37NABZ ********************, VÖEN: **********, hesab: AZ90AİİB ******************** saylı hesabına, 200 (iki yüz) manat ekspertiza xərci tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-nin Bravo 3 filialı, kod VÖEN **********, müxbir hesab AZ37NABZ********************, SWİFT kod AİİBAZ2XXXX, VÖEN: **********, hesab: AZ77AİİB 400600C**********218 saylı hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-25/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-25/2023
30.10.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver