Məhkəmə qərarları › İş №2-2(104)-26/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-26/2023

05.06.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-26/2023 05.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə, cavabdeh “Arkoz X12” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri X1 və X2 iştirakları ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 09 iyul 2021-ci il tarixli 2-2(115)-458/2021 nömrəli qətnaməsindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Cavabdeh MMC İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, aralarında bağlanmış HGC GD 002/18 saylı, 03 yanvar 2018-ci il tarixli müqavilə üzrə cavabdeh İddiaçı-dən 467.289,28 manat borcun ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti isə Cavabdehnə qarşı qarşılıqlı iddia ərizəsi verərək, Cavabdeh MMC-dən 337.062,29 manat qalıq borcun, həmin borcun gecikdirilməsinə görə 8.5 faiz, yəni 50.896,40 manat və 30 manat dövlət rüsumu olmaqla, cəmi 387.988,69 manat məbləğində pulun cavabdehdən tutularaq İddiaçı-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tələblərə bir yerdə baxılmasını mümkün hesab etmədiyindən ilk və qarşılıqlı iddia ayrıca icraata ayrılmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə verərək göstərmişdir ki, Cavabdeh MMC ilə "xxxx" MMC arasında imzalanmış HGC GD 002/18 saylı 03 yanvar 2018-ci il tarixli müqavilə üzrə 1811892,08 manatlıq sement satışı həyata keçirilmişdir ki, sözügedən müqavilə şərtlərinə əsasən ilin yekununa görə satılmış ümumi həcmin 5% miqdarında məbləğ alıcıya, yəni "xxxx" MMC-yə ödənilməlidir. İddia tələbini yalnız 2018-ci il üçün satış həcminə uyğun dəyişdirirlər. Eyni zamanda iddianın qalan hissəsində də 2019-2021-ci illər üçün ödənilməmiş məbləğin gecikdirilməsinə görə o dövr Mərkəzi bankın uçot dərəcəsinə uyğun olaraq illik 5.5%-lə gecikmə faizi hesablanaraq 90 594.60 AZN+173 753.46 AZN=264 348,06 AZN əsas məbləğin və ona 5.5%-lə hesablanmış 14 539,15 AZN x 3 il=43 617,45 AZN məbləğin, ümumilikdə 307 965,51 AZN məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2-2(115)-458/2021 nömrəli (hakim K.Vəliyev) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdehndən 173.753,46 manat pul tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin iddianın rədd edildiyi hissədə ləğv edilməsini və iddia tələblərinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın qismən təmin olunmuş hissəsində ləğv edilməsini və iddia tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2-2(104)-196/2021 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətin apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Kommersiya Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2-2(115)-458/2021 nömrəli qətnaməsinin qismən - iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və ləğv edilmiş həmin hissədə iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılması, Cavabdehndən satılmış ümumi həcmin 5 % miqdarında - (1 809 963,42 x 5%) 90 498,17 (doxsan min dörd yüz doxsan səkkiz manat 17 qəpik) və 2019-2021-ci illər üçün ödənilməmiş məbləğin gecikdirilməsinə görə illik 5%-lə hesablanan 31 930,40 (otuz bir min doqquz yüz otuz mana 40 qəpik) – ((ümumilikdə 296 182.03 (iki yüz doxsan altı min bir yüz səksən iki manat 03 qəpik) manat)) pulun alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamə qalan – 173 753,46 manat Cavabdehndən alınıb İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti verərək qətnamənin qismən, yəni iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsi və iddia tələbinin tam şəkildə ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 05 iyul 2022-ci il tarixli 2-2(102)-423/2022 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2-2(104)-196/2021 saylı qətnaməsinin həmin kassasiya şikayətinə münasibətdə qismən - tərəflər arasında imzalanmış 2018-ci il 3 yanvar tarixli, HGC GD 002/18 saylı müqaviləyə 5 saylı əlavədən irəli gələn tələblər hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin faktiki halları: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, müəssisələr arasında mövcud olan bir neçə müqavilə üzrə 01 yanvar 2019-cu il tarixə Cavabdeh MMC-nin İddiaçı-yə üst-üstə 337.062,29 manat borcu mövcud olduğu təqdirdə həmin borcun ödənilməsini və ya qarşılıqlı əvəzləşməsini etməkdən imtina edərək əsassız olaraq İddiaçı-dən 467.289,28 manat tələb edir. Belə ki, Cavabdeh MMC ilə İddiaçı arasında imzalanmış 01 may 2017-ci il tarixli QSZX 64\0517 saylı “Xidmət müqaviləsi”nə və 21 aprel 2017 ci il tarixli QSZP 58X0417 saylı “Podorat müqaviləsi”nə əsasən 01 yanvar 2019-cu il tarixinə tərəflərin tərtib etdiyi üzləşmə aktına əsasən mövcud qalıq borcu 173.753,82 manat təşkil edir ki, buna dair də Cavabdeh MMC-nin direktoru Süleymanov Vüqar və o zamankı maliyyə şöbəsinin rəisi Süleymanov Ruslan üzləşmə aktına imza edərək borcu təsdiq etmişlər. Bununla yanaşı Cavabdeh MMC ilə İddiaçı arasında imzalanmış HGC GD 002X18 saylı 03 yanvar 2018-ci il tarixli müqaviləsinin 5.5 yarım bəndinə əsasən “Distribüter”, yəni İddiaçı, il ərzində 1 (bir) milyon manatdan artıq satış reallaşdırarsa, məhsulların dəyərinin 5% (beş faiz) məbləği bonus kimi istehsalçı tərəfindən hesablanaraq növbəti ilin birinci ayında “Distribüter”ə geri ödənilməlidir. 2018-ci il dövründə İddiaçı 3.245.269,36 manat məbləğində zavodun məhsullarını satmış və bunun müqabilində 162.263,47 manat miqdarında bonus məbləği 31 yanvar 2019-cu il tarixə qədər İddiaçı-nin hesabına ödənilməli idi. Eyni zamanda 2018-ci il dövründə zavod uduş kartları sistemi tətbiq etməklə kisələrin içərisindən çıxmış uduş kartlarım qəbul etməklə həmin vəsaiti “Distribüter”-in hesabına ödənilməsini təmin etməli idi. 2018-ci il üzrə İddiaçı tərəfindən həyata keçirilmiş satışlardan 1045,00 manatlıq uduş kartları toplanaraq qarşı tərəfə təqdim edilməsinə baxmayaraq, cavabdeh toplanmış 1045 manatlıq kartı qəbul etməkdən imtina etmişdir. Ümumiyyətlə qarşı tərəfə, mövcud olan borcların əvəzləşdirilməsinə dair dəfələrlə təklif irəli sürülsə də hər hansı bir dəlil gətirilmədən əvəzləşdirilmələrin aparılmasından imtina edilərək 2020-ci ilin avqust ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi və əvəzləşdirmə aparmadan məbləğin tələb edilməsi müəmmalıdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamə üzrə maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermiş, işin həqiqi hallarını hərtərəfli araşdırmadan onun mülkiyyət hüquqlarını pozmuşdur. Belə ki, məhkəməyə təqdim edilmiş 03 yanvar 2018-ci il tarixli müqaviləyə 02 avqust 2018-ci il tarixli 5 saylı Əlavənin hər iki tərəfin səlahiyyətli şəxslərinin imzaları ilə təsdiq edilməsi işin mübahisəsiz halını təşkil edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş həmin vaxt Cavabdeh MMC-nin İdarə Heyətinin sədri olmuş Şahid mübahisəli 5 saylı Əlavəni imzaladığını və möhür vurulması üçün müvafiq şəxsə təqdim etdiyini bildirmişdir. Beləliklə işin halları ilə təsdiq edilir ki, hər iki tərəf mübahisəli 5 saylı Əlavəni imzalamaqla həmin Əlavədə əks olunan mühüm şərtlər barədə razılığa gəldiklərini təsdiq etmiş və əlavənin bağlanmasına dair iradələrini ifadə etmişlər. 5 saylı Əlavəyə vurulmuş möhürlə Cavabdeh MMC-nin möhürü arasında fərqlərin mövcud olması ilə bağlı cavabdehin istinad etdiyi məsələyə gəldikdə isə Şahid məhkəmədə verdiyi ifadəsində MMC-nin 3 ədəd möhürünün olmasını və vəzifədən ayrıldıqdan sonra həmin möhürlərin təhvil-təslimini təsdiq edən sənədi məhkəməyə verərək 3 ədəd möhürün olmasını təsdiq etmişdir. Belə olan halda isə möhürün saxlanılmasına görə məsuliyyət daşıyan şəxsin imzaladığı sənədə MMC-nin möhürünün deyil, saxta möhürün vurulması barədə iddiaçı “X14” MMC-nin istinad etdiyi dəlillər inandırıcı görünmür. Bu baxımdan Cavabdeh MMC-nin qanuni təmsilçisi tərəfindən imzalanmış müqaviləyə əlavəyə vurulmuş möhürün MMC-nin möhürləri ilə eynilik təşkil etməməsi cavabdeh tərəfindən iddia edilsə də, bu hal Əlavənin bağlanmamış sayılması üçün əsas hesab edilə bilməz. İşə birinci instansiya məhkəməsində baxıldıqdan sonra Cavabdeh yenidən təşkil edilərək onun əsasında “Arkoz X12” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradıldığından Cavabdeh onun hüquqi varisi olan “Arkoz X12” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz edilmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə və iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Arkoz X12” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri X3 və X4 apellyasiya şikayətini qəbul etməyərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 03 yanvar 2018-ci il tarixli “Malların satışı üzrə distribüter hüquqların verilməsinə dair” müqaviləyə 02 avqust 2018-ci il tarixli 5 saylı əlavəni İdarə heyətinin sədri kimi o imzalamış, lakin əlavəyə möhürü o, vurmamışdır. Həmin vaxt möhür köməkçisində olmuşdur. Səhv etmirsə, Əlavəni Qazax rayonunun Daş Salahlı kəndində imzalamışdır. Eyni tarixli sənədlər müxtəlif yerlərdə tərtib edilsələr də, ona imzaya sonradan eyni vaxta təqdim edildiyindən o, həmin sənədləri bir vaxtda imzalamışdır. Ümümiyyətlə Cavabdeh MMC-də üç möhür olmuş, vəzifəsindən azad edildikdən sonra möhürün ikisini o, Bakı şəhərində MMC-nin direktor müavini Hikmət Əliyevə təhvil vermiş, bir ədəd möhür isə İdarə Heyətinin digər sədri Alman vətəndaşı olan Pohlmanda qalmışdır. Bu barədə tərtib edilmiş aktda da qeyd edilmişdir. Möhürlərin hamısı eyni olmuşdur. Möhürləri incələmədiyinə görə möhürlərdə fərqin olması barədə məlumatı olmamışdır. Möhürü köməkçisi Elman Musayevə vermişdir. Elə bir qayda yox idi ki, möhürü ancaq o saxlamalı idi. Möhürün köməkçiyə təhkim olunması barədə hər hansı bir əmr də olmamışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Cavabdeh MMC-də direktor assisenti vəzifəsində işləyir. Şahid Məmmədli oğlu Cavabdeh MMC-nin İdarə Heyətinin sədri olduğu dövrdə onun köməkçisi vəzifəsində işləmişdir. MMC-nin üç möhürü olmuşdur. Möhürlərdən biri Şahid də, biri İdarə Heyətinin digər sədri Alman vətəndaşı Yoaxim Pohlmanda, digəri isə səhv etmirsə Elçin Axundovda olmuşdur. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 03 yanvar 2018-ci il tarixli “Malların satışı üzrə distribüter hüquqların verilməsinə dair” müqaviləyə 02 avqust 2018-ci il tarixli 5 saylı əlavə barədə məlumatı olmamışdır. Həmin dövrdə sənədləşməni o aparmışdır. Əgər belə bir sənəd olmuş olsa idi, bu sənəd barədə onun məlumatı olardı. Həmin Əlavəyə o, möhür vurmamışdır. Ümumiyyətlə belə bir möhür onda olmamışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, Cavabdeh MMC-də xx.xx.2018-ci il tarixdən hüquq məsələləri üzrə direktor müavini vəzifəsində işləyir. Həmin vaxtadək MMC-nin İdarə Heyətinin üzvü olmuşdur. MMC-nin İdarə Heyətinin üç sədri olmuş və onların hər birində bir möhür olmuşdur. O, 19 sentyabr 2019-cu il tarixdə Bakı şəhərində Şahid iki möhürü təhvil almışdır. Bir möhür isə İdarə Heyətinin sədri Yoaxim Pohlmanda olmuşdur. Möhürün üçü də eyni eskizli olmuşdur. Yoaxim Pohlmanda olan möhür də Şahid təhvil verdiyi möhrlərlə eyni olmuşdur. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 03 yanvar 2018-ci il tarixli “Malların satışı üzrə distribüter hüquqların verilməsinə dair” müqaviləyə 02 avqust 2018-ci il tarixli 5 saylı əlavəyə vurulmuş möhür MMC-də olmamışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 05 iyul 2022-ci il tarixli 2-2(102)-423/2022 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2-2(104)-196/2021 saylı qətnaməsi “tərəflər arasında imzalanmış 2018-ci il 3 yanvar tarixli, HGC GD 002/18 saylı müqaviləyə 5 saylı əlavədən irəli gələn tələblər” hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə yoxlanılmalıdır. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş 21 aprel 2017-ci il tarixli, QSZP 58/0417 nömrəli podrat müqaviləsindən görünür ki, bir tərəfdən sifarişçi olaraq "xxxx" MMC ilə digər tərəfdən podratçı adlandırılacaq "xxxx" MMC arasında bağlanmış podrat müqaviləsinə əsasən podratçı müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən işləri yerinə yetirməyi, başa çatdırmağı, sifarişçiyə tam hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə podratçının gördüyü işlərin müqabilində razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürür. Həmin xidmətlər kimi: istehsal olunan kisə sementin yük avtomobillərinə və vaqonlara yüklənməsi, istehsal olunan açıq sementin yük avtomobillərinə və vaqonlara yüklənilməsi, yüklənmə sahəsinin yük vurmadan əvvəl və sonra təmizlənməsi, paletləmə işinin həyata keçirilməsi, palet-taxta sexində sıradan çıxmış paddonların təmiri-bərpa işləridir. Müqavilənin 4-cü bəndində sifarişçinin öhdəlikləri kimi podratçının iş günü ərzində işçilərini yeməklə təmin etməyi, podratçının işçilərini inşaat sahəsində lazim olan lazimi geyim forması və fərdi mühafizə vasitələri ilə təmin etməsi, podratçını işlərin yerinə yetirildiyi zaman əl alətləri və bütün zəruri ləvazimatlarla təmin edilməsi aiddir, 4.2.3-cü bəndə əsasən bu müqavilənin 1.1-ci bəndində göstərilən işlərin yerinə yetirilməsi, işlərdə aşkar edilmiş qüsurların və çatışmazlıqların aradan qaldırılması üçün bütün resursları, işçi qüvvəsini, alətləri, avadanlıqları, materialları, texnikaları və sairə ehtiyac və təlabatları öz hesabına vaxtlı-vaxtında təmin edir. İş materiallarına əlavə edilmiş 01 may 2017-ci il tarixli, QSZX 64/0517 nömrəli xidmət müqaviləsindən görünür ki, bir tərəfdən sifarişçi olaraq "xxxx" MMC ilə digər tərəfdən icraçı adlandırılacaq "xxxx" MMC arasında bağlanmış xidmət müqaviləsinə əsasən icraçı sifarişçinin tapşırığı əsasında bütün işçilərini, qonaqlarını hər iş günü sifarişçi ilə əvvəlcədən razılaşdırılmış qaydada, menyu çərçivəsində, vaxtda və keyfiyyətdə kompleks səhər, nahar və şam yeməyi ilə təmin etməyi, sifarişçi bu xidmətlər müqabilində icraçıya müvafiq haqq ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 03 yanvar 2018-ci il tarixli “Malların satışı üzrə distribüter hüquqların verilməsinə dair” HGC GD 002/2018 nömrəli müqavilənin surətindən görünür ki, istehsalçı "xxxx" MMC (Cavabdeh MMC) özünün istehsal etdiyi və müqavilənin ayrılmış tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən sement məhsullarını satmaq hüququnu distribüterə verməyi, distribüter İddiaçı isə istehsalçının istehsal etdiyi malların satışını (bu malların ticarət nişanı və markasını tətbiq etməklə) təşkil etməyi və istehsalçıdan təchiz edilən malların müqavilənin müvafiq şərtlərinə əsasən ödənişini istehsalçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə edilmiş 02 avqust 2018-ci il tarixli, 5 saylı Əlavənin sürətindən görünür ki, Müqavilənin 5-ci bəndinə əlavə edilmiş 5.5-ci yarımbəndinə görə “distributer” il ərzində 1 (bir) milyon manatdan artıq satış reallaşdırsa, satılmış məhsulların dəyərinin 5 faiz məbləği bonus kimi “istehsalçı” tərəfindən hesablanaraq növbəti ilin birinci ayında distribüterə geri ödənilir. Həmin Əlavənin 3-cü bəndinə sasən, bu Əlavə 03 yanvar 2018-ci il tarixdən qüvvəyə minir. İş materiallarına əlavə edilmiş elektron vergi hesab fakturasından görünür ki, İddiaçı Cavabdeh MMC-yə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə ƏDV xaric 2060197,54 manat məbləğində xidmət göstərdiyini göstərmişdir. İş materiallarında olan Cavabdeh MMC (əvvəlki adı "xxxx" MMC) tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı-nin Azərbaycan Beynəlxalq Bankı ASC-nin Ağstafa Filialına ödənilmiş vəsaitlərə dair çıxarışdan görünür ki, cavabdeh tərəfindən həmin bank vasitəsi ilə iddiaçının bank hesabına ümumilikdə 875536,38 manat ödəniş edilmişdir. İş materiallarında olan Cavabdeh MMC (əvvəlki adı "xxxx" MMC) tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı-nin Turanbank ASC-nin Qazax şöbəsinə ödənilmiş vəsaitlərə dair çıxarışdan görünür ki, cavabdeh tərəfindən həmin bank vasitəsi ilə iddiaçının bank hesabına ümumilikdə 1010907,70 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş 17 aprel 2019-cu il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin İddiaçı-yə 173 753,82 manat qalıq borcu vardır. İş materiallarında olan Cavabdeh MMC-nin verdiyi Cavabdeh MMC (əvvəlki adı "xxxx" MMC) ilə İddiaçı arasında bağlanmış HGC GD 002/2018 saylı, 03 yanvar 2018-ci il tarixli alqı-satqı müqaviləsinin yerinə yetirilməsinin nəticələri barədə maliyyə arayışından görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış HGC GD 002/2018 saylı, 03 yanvar 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə alıcı ümumi dəyəri 1 809 963,42 AZN təşkil edən sement materialı almış, alıcı tərəfindən 1 342 674,14 AZN məbləğində ödəniş həyata keçirilmiş, alınmış mala görə son ödəmə tarixi xx.xx.2018-ci il olmuş, alıcının Cavabdeh MMC-yə olan qalıq borcu 467 289,28 AZN təşkil edir. Birinci instansiya məhkəməsi qətnamə yoxlanılan hissədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1 və 424.4-cü maddələrinə istinadən hesab etmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası qətnamə yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə həmin hissədə iş üzrə müəyyən edilmiş faktlardan tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 324-cü maddəsinə müvafiq olaraq, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 331.2-ci maddəsinə əsasən, tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. Həmin Məcəllənin 405-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Məhkəmə kollegiyasının iclasında birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissəsi araşdırılaraq müəyyən edilmişdir ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti onunla Cavabdeh MMC arasında imzalanmış HGC GD 002X18 saylı 03 yanvar 2018-ci il tarixli müqaviləsinin 5.5-ci yarım bəndinə əsasən “Distribüter”, yəni İddiaçı, il ərzində 1 (bir) milyon manatdan artıq satış reallaşdırarsa, məhsulların dəyərinin 5 faiz məbləğinin bonus kimi istehsalçı tərəfindən hesablanaraq növbəti ilin birinci ayında “Distribüter”ə geri ödənilməli olduğunu, 2018-ci il dövründə İddiaçı-nin 3.245.269,36 manat məbləğində zavodun məhsullarını satmış olduğunu, bunun müqabilində 162.263,47 manat miqdarında bonus məbləği 31 yanvar 2019-cu il tarixə qədər İddiaçı-nin hesabına ödənilməli olduğunu əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də qətnamə yoxlanılan hissədə iddia tələbini təmin etməmişdir. Bundan əvvəldə qeyd olunduğu kimi məhkəmə kollegiyası qətnamə yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən rəsmiləşdirilmiş kifayət qədər sənədlər, o cümlədən cavabdehlə digər sahibkarlıq subyektləri arasında bağlanmış əqdlər mövcuddur ki, onların üzərində cavabdehin adından hazırda mübahisə predmeti olan 2018-ci il 3 yanvar tarixli HGC GD 002/18 saylı müqaviləyə edilmiş 02 avqust 2018-ci il tarixli 5 saylı əlavədə öz əksini tapmış möhür deyil, fərqli möhür vurulmuşdur. Hətta həmin müqaviləyə edilmiş 4 saylı əlavənin üzərində də cavabdehi Cavabdeh adından iş materiallarındakı digər sənədlərin üzərində əks etdirilmiş möhürlərlə eyni, lakin mübahisəli 5 saylı əlavənin üzərində əks etdirilmiş möhürdən fərqli möhür vurulmuşdur. Baxmayaraq ki, 4 saylı əlavənin bağlanma tarixi həmin sənədin üzərində 31 iyul 2018-ci il tarixi, 5 saylı əlavənin bağlanma tarixi isə 02 avqust 2018-ci il tarixi göstərilmişdir. Beləliklə, cəmi 3 gün fərqlə imzalandığı bildirilən eyni müqavilənin iki əlavəsinin belə, üzərinə cavabdehin adından bir-birindən aydın şəkildə fərqlənən möhürlər vurulmuşdur. Ümumiyyətlə, 5 saylı əlavədə cavabdeh adından öz əksini tapmış möhür iş materiallarında olan digər sənədlərin üzərində müşahidə olunmur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı apellyasiya icraatı zamanı Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış HGC GD 002/2018 saylı, 03 yanvar 2018-ci il tarixli alqı-satqı müqaviləsinə edilmiş 5 saylı Əlavənin (20-ci səhifə) üzərində («İstehsalçı» qrafasında) olan Cavabdeh-na aid möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulub-vurulmamasının, habelə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış HGC GD 002/2018 saylı, 03 yanvar 2018-ci il tarixli alqı-satqı müqaviləsinə edilmiş 5 saylı Əlavənin (iş, 1-ci cild, 20-ci səhifə) üzərində (“İstehsalçı” qrafasında) olan “Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh məzmunlu möhür əksinin (o cümlədən möhürdəki şriftlər) iş materiallarındakı digər sənədlərdə (iş, 1-ci cild, 19,44-55, 60, 202, 208, 209, 218, 220, 230, 245, 249-cu səhifələr) olan Cavabdeh-na aid möhür əksləri ilə eynilik təşkil edib-etməməsinin müəyyənləşdirilməsi üçün iş üzrə sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 fevral 2023-cü il tarixli 5/1522 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış HGC GD 002/2018 saylı, 03 yanvar 2018ci il tarixli müqaviləyə 02 avqust 2018-ci il tarixdə edilmiş “5 saylı Əlavə”-nin üzərində olan Cavabdeh-na aid möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur; Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış HGC GD 002/2018 saylı, 03 yanvar 2018ci il tarixli müqaviləyə 02 avqust 2018-ci il tarixdə edilmiş “5 saylı Əlavə”-nin üzərində olan “Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh məzmunlu möhür əksi təqdim edilmiş 002/2018 saylı, 03 yanvar 2018-ci il tarixli müqaviləyə, 31 iyul 2018-ci il tarixdə edilmiş 4 saylı Əlavənin; 27 avqust 2020-ci il tarixli, 467 nömrəli Etibarnamənin; Elektron Qaimələrin (cild 1.v 44-55); 14 avqust 2020-ci il tarixli, 13 nömrəli Maliyyə Arayışının (cild 1.v 60); 17 aprel 2019-cu il tarixli Üzləşmə Aktın (cild 1.v 202); 19 sentyabr 2018-ci il tarixli Təhvil-Təslim aktın (cild 1.v 208); 10 avqust 2018-ci il tarixli alqı-satqı müqaviləsinə 01 nömrəli Əlavənin (cild 1.v 209); 01 avqust 2018-ci il tarixli, 147/0918 nömrəli Xidməti müqavilənin (cild 1.v 218); 10 avqust 2018-ci il tarixli alqı-satqı müqaviləsinə 01 nömrəli Əlavənin (cild 1.v 230); 05 oktyabr 2018-ci il tarixli görülmüş işlərin təhvil-təslim edilməsinə dair Aktın (cild 1.v 245) üzərlərində olan möhürün sərbəst, eksperimental (cild 1.v 220) əks nümunələri və reproqrafik surətləri ilə eynilik təşkil etmir. Göründüyü kimi yuxarıda qeyd oluan ekspert rəyi ilə də müəyyən olunur ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış HGC GD 002/2018 saylı, 03 yanvar 2018ci il tarixli müqaviləyə 02 avqust 2018-ci il tarixdə edilmiş “5 saylı Əlavə”-nin üzərində olan “Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh məzmunlu möhür Cavabdeh MMC-nin adından iş materiallarındakı başqa sənədlərə vurulmuş möhürlərlə eynilik təşkil etmir. Həmçinin məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, 5 saylı müqavilə bağlandığı dövrdə Cavabdeh İdarə Heyətinin sədri olmuş Şahid birinci instansiya məhkəməsində icraat zamanı vermiş olduğu ifadəsində müqaviləyə 5-ci Əlavənin onun tərəfindən imza edildiyini, MMC-nin üç möhürü olduğunu, həmin möhürlərdən birisinin onda olmaqla, müqaviləyə Əlavədəki möhürün köməkçisi tərəfindən vurulduğunu, sonradan özündə olan möhürü Bakı şəhərinə gətirərək təhvil verdiyini, möhürlərdəki fərqi görmədiyini bildirmişdir. Apellyasiya icraatı zamanı da Şahid demək olar ki, eyni məzmunlu ifadə vermişdir. Şahid ifadəsində 5 nömrəli Əlavədəki möhürün onun köməkçisi Elman Musayev tərəfindən vurulduğunu bildirsə də, Elman Musayev belə bir sənədə möhür vurmadığını və belə bir sənədin mövcud olması barədə məlumatı olmadığını, ümumiyyətlə həmin Əlavəyə vurulmuş möhürün ona verilmədiyini bildirmişdir. Bundan başqa, Şahid İdarə heyətinin sədri və maddi məsul şəxs kimi müəssisənin möhürünü özündə saxlamalı olduğu halda, onu köməkçisinə hansı əsasla və hansı səbəbdən verdiyinə aydınlıq gətirə bilməmiş, möhürün köməkçisinə təhkim edilməsi barədə hər hansı bir əmrin olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Hikmət Əliyev də ifadəsində göstərdi ki, Fariz Əliyevdən iki möhürü təhvil almış, bir möhür isə Yoahim Pohlmanda olmuş, sonuncuda olan möhür də təhvil verilən möhürlərlə eyni olmuşdur. 02 avqust 2018-ci il tarixli 5 nömrəli əlavəyə vurulmuş möhür MMC-də mövcud olmamış və Şahid belə bir möhürü təhvil verməmişdir. Bundan başqa, “Arkoz X12” MMC tərəfindən təqdim edilmiş MMC-nin idarə heyətinin sədri Yoaxim Pohlman tərəfindən imzalanmış sənədlərdən görünür ki, həmin sənədlərə vurulmuş möhür Fariz Əliyev tərəfindən təhvil verilmiş möhürlərlə eynilik təşkil edir və 5 nömrəli əlavəyə vurulmuş möhürdən açıq-aşkar fərqlənir. Bundan əlavə, 5 saylı müqavilə bağlandığı dövrdə Cavabdeh İdarə Heyətinin sədri olmuş Şahid ifadəsindən müəyyən olunur ki, müqaviləyə əlavənin Qazax rayonunda bağlandığı bildirilmişdir. Bununla belə, iş materiallarında olan korporativ tarif müqaviləsindən göründüyü kimi Cavabdeh və “X11 Company” MMC arasında 2018-ci il 2 avqust tarixində müqavilə bağlanmışdır. Hər iki sənəd cavabdehi təmsil edən şəxs kimi Şahid tərəfindən imzalanmışdır. Göründüyü kimi, eyni gündə həm Bakı şəhərində, həm də Qazax rayonunda bir şəxs tərəfindən iki sənədin imzalandığı aşkara çıxmışdır. Lakin sənədlərdəki möhürlərin ingilis dilində olan yazılışları fərqlidir. Şahid birinci instansiya məhkəməsində iclasında şahid kimi ifadə verərkən bu məsələni belə izah etmişdir ki, Bakı şəhərində bağlandığı göstərilən müqavilə həmin gün deyil, bir neçə gün sonra Qazaxda imzalamış, 5 saylı əlavə də Qazax rayonunda imzalanmışdır. Möhürlər arasında fərq olmuş olsa belə, o, möhürdəki xırda hərfləri yaxın məsafədən və ya xüsusi cihazla oxumağa borclu olmamış, möhürlərdəki yazı fərqlərini görməmişdir. Apellyasiya icraatı zamanı verdiyi ifadəsində də həmin xüsusatı demək olar ki, eyni cür ifadə etmişdir. Göründüyü kimi mübahisə predmeti olan 2018-ci il 3 yanvar tarixli HGC GD 002/18 saylı müqaviləyə edilmiş 5 saylı əlavədə öz əksini tapmış möhürün Cavabdehnə məxsus həqiqi möhür olduğu təsdiq olunmur. Belə olan halda həmin Əlavə iddia tələbini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. İşin bu halı isə onu deməyə əsas verir ki, qeyd olunan müqavilənin Cavabdeh üçün öhdəlik yaratması, yəni həmin müqaviləyə görə sonuncudan bonus məbləği tutulması istisna təşkil edir. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər yoxlama aparılan hissədə qətnamənin ləğvi üçün əsas deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə qətnamə yoxlanılan hissədə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, yoxlanılan hissədə qətnamənin ləğvi üçün əsas yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(115)-458/2021 saylı qətnaməsi iddia tələbinin təmin edilməmiş - tərəflər arasında imzalanmış 2018-ci il 03 yanvar tarixli HGC GD 002/18 saylı müqaviləyə 5 saylı əlavənin şərtinə uyğun olaraq satışı həyata keçirilmiş 1811892,08 manatlıq sement məhsulunun 5%-i miqdarında pul vəsaitinin cavabdeh “Arkoz X12” MMC-dən İddiaçı-nin xeyrinə tutulmasının təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar