Məhkəmə qərarları › İş №2-2(104)-262/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-262/2023

22.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-262/2023 22.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin kommersiya kollegiyası - hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, iddiaçı “İddiaçı”nin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı “İddiaçı”nin cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Gəncə Kommersiya Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2-2(115)-1140/2023 nömrəli qətnaməsindən iddiaçı “İddiaçı” tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı “İddiaçı” Gəncə şəhər İcra Hakimiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 180998 ABŞ dolları məbləğində borcun, 410 manat mediasiya xərcinin, 168 manat tərcümə və notariat xərclərinin cavabdeh Gəncə şəhər İcra Hakimiyyətindən tutularaq, iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “UBG X6 Ticaret LTD Şirketi” ilə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti arasında bağlanılmış müqaviləyə əsasən “UBG X6 Ticaret LTD Şirketi” sözügedən müqavilə şərtləri əsasında və müddəti ərzində Gəncə şəhərində inşa edilən və X3 yerləşən “Zəfər Tağı” layihəsi çərçivəsində 705 tonluq polad konstruksiya məmulatlarının quraşdırılmasını öhdəsinə götürmüş, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti isə 705 tonluq polad konstruksiyanın hazırlanıb təhvil verilməsinə görə ******* ABŞ dolları, onların daşınması və yerində quraşdırılmasına görə 472350 ABŞ dolları olmaqla, cəmi ******* ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə ilə razılaşdırılan ödəniş şərtlərinə əsasən məmulatların istehsalı üçün avans olaraq 700000 ABŞ dolları, məmulatların istehsalatı tamamlandıqdan sonra yükləməyə hazır hala gəldiyində 370000 ABŞ dolları, istehsalat cəminin qalanı olan 107350 ABŞ dolları istehsal olunan məmulatlar montaj sahəsinə çatdıqda ödənilməsi müəyyən olunmuşdur. Quraşdırma işlərinə görə isə quraşdırmadan öncə 142000 ABŞ dolları, qalan 330350 ABŞ dolları isə iş qurtaranda ödənilməliydi. “UBG X6 Ticaret LTD Şirketi” müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirsə də, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri qismən yerinə yetirmiş və bugünədək onun 180998 ABŞ dolları ödənilməmiş borcu qalmışdır. “UBG X6 Ticaret LTD Şirketi” ilə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti arasında imzalanmış “İşlərin qəbulu haqqında yekun hesabat”da qeyd edilmişdir ki, “UBG X6 Ticaret LTD Şirketi” Layihə çərçivəsində öhdəsinə götürdüyü polad konstruksiya işlərini 24 iyul 2013-cü il tarixində tamamlayaraq tam şəkildə təhvil vermişdir. İş üzrə iddiaçı “İddiaçı” iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə əlavəni onunla əsaslandırmışdır ki, “UBG X6 Ticaret LTD Şirketi” ilə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti arasında bağlanılmış müqavilədə həmin müqaviləyə tətbiq edilməli hüquq barədə müddəa öz əksini tapmadığından, müqaviləyə tətbiq edilməli hüquq seçilərkən “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmalıdır. Bunun üçün isə tərəflər arasında bağlanılan müqavilənin mülki-hüquqi müqavilələrin hansı növünə aid olmasını dəqiqliklə müəyyən edilməsi olduqca vacib əhəmiyyət kəsb edir. Bunun üçün ilk öncə tərəflər arasında bağlanılmış müqavilənin, daha sonra isə qüvvədə olan müvafiq qanunvericilik aktlarının müddəalarının təfsilatlı şəkildə təhlil edilməsinə ehtiyac var. Belə ki, sözügedən müqavilənin predmetində qeyd edilir ki, “Sifarişçi tapşırır, İcraçı isə öz növbəsində bu müqavilənin şərtləri əsasında və müddəti ərzində Gəncə şəhərində inşa ediləcək və X3 yerləşəcək Zəfər Tağı layihəsi çərçivəsində xidmətlərin göstərilməsini öz öhdəsinə götürür. Edilən istehsal sifarişçi tərəfindən verilən kran ilə yenə sifarişçi tərəfindən hazırlanmış dəmir-beton təməllər üzərinə montajlanacaqdır. Müqavilənin “Qiymət və Ödəmə” adlı bəndinin cədvəlində təhvil verilməli olan polad konstruksiyasının ölçü vahidi, yəni ümumi çəkisi (705 ton) ifadə edilir və hər 1 ton məmulatın istehsalının müqabilində 1670 ABŞ dolları məbləğində qiymət təyin edilmişdir. Beləliklə, İcraçı 705 ton məmulat istehsal etməyi, Sifarişçi isə bunun müqabilində ona 177350 ABŞ dolları məbləğində vəsait ödəməyi öhdəsinə götürmüşdür. 472350 ABŞ dollar məbləğində vəsait konstruksiyanın nəqliyyatı və montajı üçün ödənilməli idi. Qiymət cədvəlindən dərhal sonra isə göstrəlir ki, “işin qiyməti vahid qiymət üsuluna görədir”, yəni vahid qiymət metodu ilə hesablanır və “işin son məbləği vahid qiymət ilə tərəzi çeklərinin cəminin vurulması ilə müəyyən edilir. Daha sonra müqavilədə təsbit edilir ki, istehsal üçün material olaraq 700000 ABŞ dolları avans şəklində, istehsalat tamamlanıb yüklənməyə hazır hala gəldiyində yükləmə edilmədən əvvəl 370000 ABŞ dolları, istehsalat cəminin qalanı olan 107350 ABŞ dolları istehsalat montaj sahəsinə çatdığında ödənilir. Montaj işini görəcək olan işçilər montaja başlamadan qabaq 142000 ABŞ dolları, qalan hissəsi olan 330350 ABŞ dolları isə iş qurtaranda ödənilməlidir. Beləliklə, müqavilənin məzmunundan aydın olur ki, İcraçının öhdəlikləri iki hissədən ibarətdir: 1) 705 tonluq məmulatı istehsal etmək, 2) istehsal olunanları sahəyə çatdıraraq onları montaj etmək. Həmçinin, müqavilədə işin son məbləğinin vahid qiymət ilə tərəzi çeklərinin cəminin vurulması ilə müəyyən edilməsi müddəasının təsbit edilməsi də diqqətdən kənarda qalmamalıdır, çünki bu şərt onu təsdiq edir ki, 1) istehsal olunaraq təhvil verilməli olan məmulat çəkiylə ifadə edilmişdir, 2) istehsal olunaraq montaj olunmalı olan məmulatın 1 tonunun qiyməti tərəflər arasında əvvəlcədən razılaşdırılmışdır, 3) istehsal olunan məmulat bütövlükdə İcraçının materialından hazırlanmışdır. Göründüyü kimi, müqavilənin məzmunundan bəlli olur ki, İcraçı bəlli çəkidə məmulatı istehsal edərək ona mülkiyyət hüququnu Sifarişçiyə verməlidir, yəni özünə məxsus materialdan hazırladığı əmlakı Sifarişçiyə verməlidir. Məlum olduğu kimi, mülki-hüquqi müqavilələr üç qrupa bölünür: 1) əmlakın verilməsi barədə müqavilələr, 2) işlərin görülməsi barədə müqavilələr, 3) xidmətlərin göstərilməsi barədə müqavilələr. Bu təsnifat Azərbaycan Respublikasının möcvud mülki qanunvericiliyində, o cümlədən Mülki Məcəllənin 402.1-ci, 13-cü, 385-ci, 398.3-cü, 451-ci, 870.1-ci, 1206-cı, Vergi Məcəlləsinin 13.2.16.3-cü, 14-cü, 159-cu, İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddələrində öz əksini tapmışdır. Belə olan halda, işlərin görülməsi barədə müqavilələr qrupuna aid olan podrat müqavilələrinin və əmlakın verilməsi barədə müqavilələr qrupuna aid olan alqı-satqı müqavilələrin fərqləndirilməsi üçün qanunvericilik normalarını nəzərdən keçirmək mühüm praktiki əhəmiyyət daşıyır. Mülki Məcəllənin 390.4-cü maddəsinə əsasən tərəflər Mülki Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Buna baxmayaraq konkret hüquqi münasibətə hansı müqaviləyə dair qaydaların tətbiq edilməsinin müəyyənləşdirilməsində çətinlik yarana bilər və hazırki iş üzrə də düzgün nəticəyə gəlmək üçün məhz podrat və alqı-satqı müqavilələrini ayırmaq böyük əhəmiyyət kəsb edir. Buna görə də podrat müqaviləsinin mahiyyətini başa düşmək və bu müqavilə növünü əmlakın verilməsi barədə müqavilələr növündən fərqləndirmək üçün həm Mülki Məcəllənin 39-cu fəslinin müddəalarına, həm bütövlükdə Mülki Məcəlləyə, həm də “Malların beynəlxalq alqı-satqı müqavilələri haqqında” 11 aprel 1980-cı il tarixli BMT Konvensiyasına müraciət edilməlidir. Mülki Məcəllənin 752.1-ci maddisinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddədə isə qeyd edilir ki, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Sözügedən maddə ilə müəyyən olunur ki, tərəflər arasında bağlanılan müqavilə podrat müqaviləsi olsa belə, aşağıda qeyd edilən şərtlər mövcud olarsa həmin müqaviləyə alqısatqı qaydaları tətbiq edilir: 1) podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa; 2) əvəz edilən əşya hazırlanmışdırsa. Hazırki iş üzrə tərəflər arasında bağlanılan müqavilənin məzmunundan görünür ki, İcraçı məmulatı məhz özünün əldə etdiyi materiallardan hazırlamışdır. Hazırlanan məmulatın əvəz edilən əşya olması isə istehsal olunan məmulatın müqavilədə çəki ilə müəyyənləşdirilməsi ilə təsdiq edilir. Belə ki, Mülki Məcəllənin 135.7-ci maddəsinə görə başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar əvəzedilən əşyalar sayılır. Maraqlıdır ki, hələ Roma hüququnun bəyan etdiyi prinsip ondan ibarət idi ki, öz materialından məmulat hazırlayıb əvəzli qaydada başqasına verən şəxs alqı-satqı müqaviləsi bağlamış hesab olunur. Əksinə, əgər məmulat sifarişçinin materialından hazırlanırdısa, tərəflər arasında podrat müqaviləsinin bağlanması bildirilirdi. Bu prinsip “Malların beynəlxalq alqı-satqı müqavilələri haqqında” 11 aprel 1980-cı il tarixli BMT Konvensiyasının 3-cü maddəsində də təsbit olunmuşdur: Malı sifariş verən tərəf onun hazırlanması və ya istehsalı üçün zəruri olan materialların əhəmiyyətli hissəsinin göndərilməsi öhdəliyini öz üzərinə götürmədiyi halda, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış hesab olunur (Türkiyə Respublikası xx.xx.2011-cu il tarixdə, Azərbaycan Respublikası isə xx.xx.2016-cı il tarixdə sözügedən Konvensiyanı ratifikasiya etmişlər). Həmin Konvensiyanın eyni maddəsinin 2-ci hissəsində isə qeyd edilir ki, “bu Konvensiya malları təchiz edən tərəfin öhdəliklərinin üstünlük təşkil edən hissəsinin işlərin görülməsi və ya digər xidmətlərin göstərilməsindən ibarət olduğu müqavilələrə tətbiq olunmur”. Konvensiyada təsbit edilən bu yanaşma həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin “Oxşar müqavilələr” adlı 604-cü maddəsində də öz əksini tapmışdır: “hazırlanmalı və ya istehsal edilməli malların göndərilməsinə dair müqavilələr, əgər sifarişçi həmin malların hazırlanması və ya istehsalı üçün zəruri materialların mühüm hissəsini göndərməyi öz öhdəsinə götürürsə, habelə əgər mal göndərən tərəfin vəzifələrinin daha böyük hissəsi işlərin görülməsindən və ya başqa xidmətlərin göstərilməsindən ibarət deyildirsə, alğı-satqı müqavilələrinə bərabər tutulur”. Bu maddədə texniki səhvə yol verilmiş və “götürürsə” sözün yazılışında “m” hərfi buraxılmışdır, əslində “götürürsə” yox “götürmürsə” yazılmalıydı. Yuxarıda da qeyd edildiyi ki, həm “Malların beynəlxalq alqı-satqı müqavilələri haqqında” 11 aprel 1980-cı il tarixli BMT Konvensiyasına görə, həm də Mülki Məcəllənin 752.2-ci maddəsinə görə əgər sifarişçi malların hazırlanması və ya istehsalı üçün zəruri materialların mühüm hissəsini göndərməyi öz öhdəsinə götürmürsə və podratçı malları özünün əldə etdiyi materiallardan hazırlayarsa bu halda bağlanan əqd alqı-satqı müqaviləsi hesab edilir. Beləliklə, Mülki Məcəllənin 604-cü maddəsinin, habelə “Malların beynəlxalq alqısatqı müqavilələri haqqında” 11 aprel 1980-cı il tarixli BMT Konvensiyasının 3-cü maddəsinin tələblərinə görə əşyanın əvəz edilən, yaxud əvəzedilməz olmasından asılı olmayaraq əşya bütövlükdə podratçının materialından hazırlanırsa, yəni məmulatın hazırlanması üçün materialların əhəmiyyətli hissəsi sifarişçi tərəfindən təqdim edilmirsə və əgər mal göndərən tərəfin vəzifələrinin daha böyük hissəsi işlərin görülməsindən və ya başqa xidmətlərin göstərilməsindən ibarət deyildirsə bağlanılan müqavilə alqı-satqı müqaviləsi hesab edilir. Əlavə olaraq qeyd edilməlidir ki, tikinti podrat müqaviləsi podrat müqaviləsinin xüsusi növü olduğu üçün podrat müqaviləsinə aid qanunvericilik normaları eyni zamanda tikinti podrat müqaviləsinə də şamil edilməlidir. Yuxarıda qeyd edilənlərdən belə nəticə hasil olur ki, tərəflər arasındaki müqaviləyə “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.1-ci maddəsinin tələblərinə əsasən Türkiyə Respublikasının hüququ tətbiq edilməlidir. İş üzrə cavabdeh Gəncə şəhər İcra Hakimiyyəti ərizə ilə məhkəməyə müraciət edərək Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən 3 illik iddia müddətinin keçdiyini bildirmiş, tərəflər arasında bağlanmış müqavilə üzrə iddia müddəti keçdiyindən iddiaçının tələbinə iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Gəncə Kommersiya Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2-2(115)-1140/2023 nömrəli qətnaməsi ilə (hakim G.Quliyeva) iddia təmin edilməmişdir. İşdə olan sübutlar: “UBG X6 Ticaret LTD Şirketi” ilə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti arasında bağlanmış 19 dekabr 2012-ci il tarixli müqavilədən görünür ki, icraçı sifarişçinin tapşırığı ilə bu müqavilədə göstərilən şərtlər daxilində və müddət ərzində Gəncə şəhərində tikiləcək və X3 yerləşəcək Zəfər Abidəsi Layihəsi çərçivəsində xidmətlərinin göstərilməsini öz öhdəsinə götürmüşdür. İstehsal edilən qurğu icraçı tərəfindən verilən kran ilə, həmiçinin icraçı tərəfindən hazırlanmış dəmir beton təməllər üzərində quraşdırılacağı müəyyən edilmişdir. Həmin müqavilənin 4.8-ci bəndinə əsasən sifarişçi bu müqavilədə göstərilən xidmətlərə görə icraçıya ödənişlərin təyin olunan vaxtlarda edilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5-ci bəndinə əsasən görüləcək işlərin dəyəri və qiyməti müəyyən edilmişdir ki, polad konstruksiyanın istehsalına görə ******* ABŞ dolları, onların daşınması və yerində quraşdırılmasına görə 472350 ABŞ dolları məbləği olmaqla, müqavilənin dəyəti cəmi ******* ABŞ dolları təşkil etmişdir. Ödəniş şərtlərinə əsasən məmulatların istehsalı üçün avans olaraq 700000 ABŞ dolları, məmulatların istehsalatı tamamlandıqdan sonra yükləməyə hazır hala gəldiyində 370000 ABŞ dolları, istehsalat cəminin qalanı olan 107350 ABŞ dolları istehsal olunan məmulatlar montaj sahəsinə çatdıqda ödənilməsi müəyyən olunmuşdur. Quraşdırma işlərinə görə isə quraşdırmadan öncə 142000 ABŞ dolları, qalan 330350 ABŞ dolları isə iş qurtarandan sonra ödənilməsi razılaşdırılmışdır. 01 aprel 2014-cü il tarixli “Debitor borclarının ötürülməsi haqqında” müqavilədən görünür ki, “UBG X6 Ticaret LTD Şirketi” Gəncə şəhər İcra Hakimiyyəti firmasına göndərmiş olduğu və təfsilatları qeyd edilən göndərişlərdən irəli gələn debitor borcların Türk Eximbankla bağladıqları 28765113 saylı şəhadətnaməyə əsaslanan sığorta müqaviləsinə uyğun olaraq Türk Eximbank tərəfindən sığorta əhatəsinə alınan qisim kompensasiya edildiyinə görə əvvəlcə ölkə xaricində və ya ölkə daxilində qismi və ya tamamilə real və ya hüquqi şəxsə ötürülməmiş və ya hər hansısa bir müsadirə prosesinə məruz qalmamış ümumilikdə 279998 ABŞ dolları məbləğindəki qalan debitor borcu rəsmi qaydalarla müraciət etmə prosesi daxil olmaqla bütün hüquqları ilə birgə geri qaytarılmaz formada Türk Eximbanka ötürmüşdür. Həmiçinin müqavilədə göndəriş məbləğinin 502694 ABŞ dolları, qalan göndərişin məbləğinin 279998 ABŞ dolları təşkil etdiyi qeyd edilmişdir. “Dəqiqləşmiş qəbul protokol” undan görünür ki, “UBG X6 Ticaret LTD Şirketi” tərəfindən X5 Zəfər Abidəsi Layihəsi daxilində tikintisini öhdəliklərinə götürdükləri Polad Konstruksiya işləri tamamlanmış və xx.xx.2013-cü il tarixdə tam vəziyyətdə Gəncə şəhəri Nizami Rayonu İcra Hakimiyyətinə təhvil verilmişdir. “Qurumun banka olan debitor borcları haqqında” 84604608-204-1411 saylı, 27 oktyabr 2014-cü il tarixli, “İddiaçı” Türk Eximbank tərəfindən Gəncə şəhər İcra Hakimiyyətinə ünvanlanmış məktubdan görünür ki, Türk Eximbankı 181000 ABŞ dolları məbləğindəki qalan ödənişin Cavabdeh tərəfindən edilmədiyini və həmin məbləğin tam formada 17 noyabr 2014-cü il tarixinə qədər məlumatları qeyd edilmiş bank hesabına köçürülməsi barədə Cavabdehnə məlumat verilmişdir. Apellyasiya şikayətinin dəlilləri. Gəncə Kommersiya Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2-2(115)-1140/2023 saylı qətnaməsindən narazı iddiaçı apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2-2(115)-1140/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı “İddiaçı” apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi yuxarıda adı çəkilən Müqaviləni tikinti podratına aid olduğu qənaətinə gəlmiş və bunun nəticəsində bu münasibətlərə Azərbaycan Respublikasının hüququnu tətbiq etmişdir. Belə ki, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun 25.2.2-ci maddəsinə əsasənbirgə fəaliyyət barədə və tikinti podrat müqavilələrinin tərəfləri arasında həmin müqavilələrə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, bu müqavilələrə birgə fəaliyyətin həyata keçirildiyi və ya müqavilə ilə nəzərdə tutulan nəticələrin yarandığı ölkənin hüququ tətbiq edilir. Azərbaycan Respublikasının qanunvericiliyində müqavilə tələbləri üzrə iddia müddətinin üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddətinin altı il olmasını nəzərə alan məhkəmə mübahisə üzrə iddia müddətini keçmiş hesab etmiş və buna görə də iddia tələbini təmin etməmişdir. Lakin, birinci instansiyası məhkəməsi “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun 25.2.2-ci maddəsini tətbiq edərkən həmin Qanunun 25.1.1-ci və 25.1.6-cı maddələrini nəzərə almamış, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.12-ci, 2.5-ci, 10.1-ci maddələrinin, Mülki Məcəllənin 752-ci maddəsinin tələblərinə zidd olaraq bu maddələrin tətbiqində səhvə yol vermişdir. Belə ki, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.1-ci və 25.1.6-cı maddələrinə əsasən müvafiq olaraq alqı-satqı və podrat müqavilələrinin tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə müvafiq olaraq satıcının və podratçının təsis olunduğu və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir. Odur ki, sözügedən müddəanın tələblərinə görə Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti ilə “UBG X6 Ticaret LTD Şirketi” və İddiaçı arasında yaranmış hüquq münasibətlərinə Türkiyə Respublikasının hüququ tətbiq edilməlidir. Birinci instansiya məhkəməsi ilk növbədə ona diqqət yetirməliydi ki, Azərbaycan Respublikasının qanunvericiliyi Podrat müqaviləsinin ayrı-ayrı növlərini fərqləndirməmişdir. Belə ki, qüvvədə olan Mülki Məcəllənin xüsusi hissəsində yer alan yeddinci bölmənin (“müqavilələrdən əmələ gələn öhdəliklər”) 37-ci Fəsli bütövlükdə “PODRAT”a həsr edilmişdir və bu Fəslin müddəaları eyni zamanda tikinti podratına aid edilə biləcək müqavilələrə də şamil edilir. Bir sıra digər ölkələrdə tikinti podratının və podratın digər növlərinin xüsusi tənzimlənməsinə rast gəlinsə də, Azərbaycandan Respublikasının qanunvericiliyi bu fərqləndirməni nəzərdə tutmamışdır. Məsələn, Rusiya Federasıyasının Mülki Məcəlləsində (37-38-ci fəsillər) podrat müqavilələrinin aşağıda göstərilən növləri ayrıca tənzimlənir: 1) məişət podratı; 2) dövlət ehtiyacları üçün podrat işləri; 3) tikinti podratı; 4) layihə və tədqiqat işləri üzrə podrat; 5) elmi-tədqiqat, təcrübə-konstruktor və texnoloji işlər. Belə olan halda Mülki Məcəllə podratın növündən asılı olmayaraq podratın bütün növlərini bir məfhumda (“Podrat müqaviləsi”) birləşdirərək onları bir fəslin müddəaları ilə tənzim etmişdir. Bunun əksinə olaraq, “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunda “podrat müqaviləsi”nə (Maddə 25.1.6) ayrıca, “tikinti podratı”na isə ayrıca yer verilmişdir, halbuki Mülki Məcəllə tikinti podratını müstəqil bir müqavilə növünə aid etməmişdir. Məhkəmə bu iki normativ hüquqi aktların açıq-aşkar kolliziyasını həll etməli olduğu halda bunu həll etməmiş və bununla da maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. X1 10.1-ci maddəsinə görə normativ hüquqi aktların kolliziyası həll edilərkən Konstitusiya Qanununun 2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Göründüyü kimi məhkəmə maddi hüquq normasını tətbiq edərkən “Beynəlxalq xüsusi hüquq haqqında” Qanununun 25.2.2-ci maddəsinin əvəzinə məhz 25.1.6-cı maddəsini tətbiq etməli idi. Bundan başqa tərəflər arasında bağlanılmış müqavilə məzmunca qarışıqdır və özündə müxtəlif növ müqavilələrin – podrat və alğı-satqının elementlərini birləşdirir. Belə ki, Mülki Məcəllənin 390.4-cü maddəsinə əsasən tərəflər həmin Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 404.5-ci maddəsinin tələblərinə görə qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Məlum olduğu kimi mülki-hüquqi müqavilələr üç qrupa bölünür: 1) əmlakın verilməsi barədə müqavilələr; 2) işlərin görülməsi barədə müqavilələr; və 3) xidmətlərin göstərilməsi barədə müqavilələr. Bu təsnifat Mülki Məcəllənin 402.1, 13, 385, 398.3, 451, 870.1, 1206, Vergi Məcəlləsinin 13.2.16.3, 14, 159 və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununun 1-ci maddəsində özəksini tapmışdır. Lakin, birinci instansiya məhkəməsi işə baxarkən müqaviləni düzgün təfsir etməmiş, kobud ümumiləşdirmə apararaq onu tikinti podratına aid etmişdir. Halbuki, iş materiallarına əsasən müəyyən edilir ki, müqavilə şərtlərinə əsasən: 1) istehsal olunaraq təhvil verilən məmulat çəkiylə ifadə edilmiş; 2) istehsal olunaraq montaj olunan məmulatın 1 tonunun qiyməti tərəflər arasında əvvəlcədən razılaşdırılmış; 3) istehsal olunan məmulat bütövlükdə İcraçının materialından hazırlanmış; və 4) əvəzedilən əşya hazırlanmışdır. Yuxarıda qeyd edilənlərin işin düzgün həll edilməsi baxımından praktiki əhəmiyyət daşıması Mülki Məcəllənin və “Malların beynəlxalq alqı-satqı müqavilələri haqqında” 11 aprel 1980-cı il tarixli Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının müddəalarının məzmunundan bəlli olur. Belə ki, Mülki Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Əvəz edilən əşyanın tərifi isə Mülki Məcəllənin 135.7-ci maddəsində verilmişdir - növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar əvəz edilən əşyalar sayılır. Müqavilə üzrə hazırlanmalı olan əşyanın əvəz edilən olması isə Müqavilədə əks etdirilən bu müddəalarla təsdiq edilir: “işin qiyməti vahid qiymət üsuluna görədir”, yəni vahid qiymət metodu ilə hesablanır və “işin son məbləği vahid qiymət ilə tərəzi çeklərinin cəminin vurulması ilə müəyyən edilir”. Eyni zamanda Mülki Məcəllənin 604-cü maddəsinə əsasən hazırlanmalı və ya istehsal edilməli malların göndərilməsinə dair müqavilələr, əgər sifarişçi həmin malların hazırlanması və ya istehsalı üçün zəruri materialların mühüm hissəsini göndərməyi öz öhdəsinə götür(m)ürsə, habelə əgər mal göndərən tərəfin vəzifələrinin daha böyük hissəsi işlərin görülməsindən və ya başqa xidmətlərin göstərilməsindən ibarət deyildirsə, alğı-satqı müqavilələrinə bərabər tutulur. Bu prinsip həmçinin “Malların beynəlxalq alqı-satqı müqavilələri haqqında” 11 aprel 1980-cı il tarixli BMT Konvensiyasının 3-cü maddəsində də təsbit olunmuşdur: malı sifariş verən tərəf onun hazırlanması və ya istehsalı üçün zəruri olan materialların əhəmiyyətli hissəsinin göndərilməsi öhdəliyini öz üzərinə götürmədiyi halda, tərəflər arasında alqısatqı müqaviləsi bağlanmış hesab olunur (Türkiyə Respublikası xx.xx.2011-cu il tarixdə, Azərbaycan Respublikası isə xx.xx.2016-cı il tarixdə sözügedən Konvensiyanı ratifikasiya etmişlər). Beləliklə, Mülki Məcəllənin 604-cü maddəsinin, habelə “Malların beynəlxalq alqısatqı müqavilələri haqqında” 11 aprel 1980-cı il tarixli BMT Konvensiyasının 3-cü maddəsinin tələblərinə görə əşyanın əvəz edilən, yaxud əvəzedilməz olmasından asılı olmayaraq əşya bütövlükdə podratçının materialından hazırlanırsa, yəni məmulatın hazırlanması üçün materialların əhəmiyyətli hissəsi sifarişçi tərəfindən təqdim edilmirsə və əgər mal göndərən tərəfin vəzifələrinin daha böyük hissəsi işlərin görülməsindən və ya başqa xidmətlərin göstərilməsindən ibarət deyildirsə bağlanılan müqavilə alqı-satqı müqaviləsi hesab edilir. Göründüyü kimi birinci instansiya məhkəməsi işi hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıb hüquq normalarını müvafiq olaraq qiymətləndirsəydi Türkiyə Respublikasının hüququnun tətbiq edilməli olduğu qənaətinə gələrdi. Birinci instansiya məhkəməsi iddiaçının əvəz edilən əşyanın hazırlanmasına, əşyanın bütövlükdə podratçının materialından hazırlanmasına, habelə işlərin görülməsi barədə müqavilələr qrupuna aid olan podrat müqavilələrinin və əmlakın verilməsi barədə müqavilələr qrupuna aid olan alqı-satqı müqavilələrinin fərqləndirilməsinə dair irəli sürdüyü dəlillərlə bağlı hər hansı hüquqi qiymətləndirmə aparmamış, işdə olan bəzi sübutları öyrənməmiş, əhəmiyyətli olan bir sıra halları aydınlaşdırmamış və gəldiyi nəticəni əsaslandırmamışdır. Məhkəmə tərəflər arasında bağlanılmış müqavilənin tikinti podrat müqaviləsinə aid etsə də, müqavilədə təsbit edilən vacib müddəaları nəzərə almamış, işin son məbləğinin vahid qiymət ilə tərəzi çeklərinin cəminin vurulması ilə müəyyən edilməsinə, Sifarişçiyə təhvil verilməli olan 705 tonluq məmulatın İcraçıya məxsus materialdan hazırlandığına hüquqi qiymət verməmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, xx.xx.2023-cü il tarixdə keçirilən hazırlıq iclasında tərəflərindən mütəxəssisin işə cəlb edilməsinə dair vəsatət verilmiş, həmin vəsatət xx.xx.2023-cü il tarixdə təmin edilməmişdir. Halbuki, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinin tələblərinə görə xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur. Bu kimi anoloji işlərdə mütəxəssisin məhkəmə tərəfindən işə cəlb edildiyi birinci instansiya məhkəməsinin diqqətinə çatdırılmış, lakin buna baxmayaraq məhkəmə sözügedən vəsatəti təmin etməmişdir. Məhkəmə bildirmişdir ki, həmin iş üzrə çıxarılan qərarlarda Türkiyə Respublikasının qanunvericiliyinə və müvafiq olaraq iddia müddətilə bağlı müddəalara istinad edildiyindən hazırki işdə Türkiyə Respublikasının hüququnu tətbiq etmək mümkün olacaq və bu səbəbdən mütəxəssisin işə cəlb edilməsinə ehtiyac yoxdur. Hesab edirlər ki, məhkəmə perspektivinin proqnozlaşdırılması baxımından və məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün bu kimi hallara xüsusi diqqət yetirilməlidir. Türkiyə Maliyyə Nazirliyinin nəzarəti altında fəaliyyət göstərən, türkiyə ixracatçılarının xarici fəaliyyətinin sığortalanmasını təmin edən yeganə təşkilat olan X4 Bankası (Türkiye Eximbank) məhz Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-43/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında sərgilənən hüquqi mövqeyə etimad göstərdiyi üçün Gəncə Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməyi qərarlaşdırmışdır. Buna görə də apellyasiya şikayətinin rəmin edilməsi xahiş edilmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “İddiaçı”nin nümayəndəsi Vəkil apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin, məhkəməyə ərizə ilə müraciət edərək şikayətin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Beynəlxalq xüsusi hüquq haqqında Azərbaycan Respublikasının qanunu: 19.1. Müvafiq münasibətin tənzimlənməsi üçün hansı ölkənin hüququ tətbiq olunursa, iddia müddəti də həmin ölkənin hüququ ilə müəyyən edilir. 25.1. Müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: 25.1.6. podrat müqaviləsində - podratçının; 25.2. Müqavilə tərəfləri arasında, müqavilə ilə bağlı tətbiq olunmalı hüquq barədə razılaşma olmadıqda, bu Qanunun 25.1-ci maddəsinin müddəalarından asılı olmayaraq: 25.2.2. birgə fəaliyyət barədə və tikinti podrat müqavilələrinə - belə fəaliyyətin həyata keçirildiyi və ya müqavilə ilə nəzərdə tutulan nəticələrin yarandığı ölkənin hüququ. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Kommersiya işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Kommersiya və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyaı iddiaçının şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39-cu fəsli Podrat müqavilələri ilə bağlı yaranmış münasibətləri tənzimləməklə, həmin fəsildə tikinti podratına aid nomalar da (758 və 770-1-ci maddələr) nəzərdə tutulmuşdur ki, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası qanunun 25.1.6-cı maddəsində ümumi podrat, 25.2.2-ci maddəsində isə xüsusi olaraq tiknti podratı müqaviləsi növünün nəzərdə tutulması həmin normalar arasında hər hansı bir kolliziyanın olmasını təsdiq etməməkdədir. Belə ki, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası qanunun 25.2.2-ci maddəsi ümumi podrat müqaviləsi anlayışında tikinti podratını xüsusiləşdirərək, həmin müqaviləyə əsasən yaranmış mübahisələrlə bağlı fəaliyyətin həyata keçirildiyi və ya müqavilə ilə nəzərdə tutulan nəticələrin yarandığı ölkənin hüququnun tətbiq edilməli olmasını təsbit etmişdir. Bundan başqa məhkəmə kollegiyası iddiaçının müqaviləyə əsasən hazırlanmış polad konstruksiyanın əvəzedilən əşya olmasına dair şikayətinin dəlilləri ilə də razılaşmayaraq qeyd edir ki, həmin polad konstruksiyalar Gəncə şəhərində inşa edilən “Zəfər Tağı” layihəsi üçün hazırlanmaqla, başqa əşyalardan yalnız özünə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşya olmaqla yanaşı, həmçinin inşa edilmiş daşınmaz əmlakın tərkib hissəsi olmuşdur. Əvəzedilən əşyalar isə mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır. Digər tərəfdən isə məhkəmə kollegiyası qeyd edir ki, “UBG X6 Ticaret LTD Şirketi” ilə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti arasında bağlanmış 19 dekabr 2012-ci il tarixli müqavilənin 5-ci bəndi ilə görüləcək işlərin dəyəri və ödənilməsi qaydası müəyyən edilmişdir ki, polad konstruksiyanın istehsalına görə ******* ABŞ dolları, onların daşınması və yerində quraşdırılmasına görə 472350 ABŞ dolları məbləği olmaqla, müqavilənin dəyəri cəmi ******* ABŞ dolları təşkil etmişdir. Həmçinin, ödəniş şərtləri ilə bağlı razılaşmaya əsasən məmulatların istehsalı üçün avans olaraq 700000 ABŞ dolları, məmulatların istehsalatı tamamlandıqdan sonra yükləməyə hazır hala gəldiyində 370000 ABŞ dolları, istehsalat cəminin qalanı olan 107350 ABŞ dolları istehsal olunan məmulatlar montaj sahəsinə çatdıqda ödənilməsi müəyyən olunmuşdur. Quraşdırma işlərinə görə isə quraşdırmadan öncə 142000 ABŞ dolları, qalan 330350 ABŞ dolları isə iş qurtarandan sonra ödənilməsi razılaşdırılmışdır. İddiaçı tərəfindən cavabdehdən 180998 ABŞ dolları pul məbləği tələb edilmişdir ki, həmin məbləğin də məhz quraşdırma işlərinə görə tələb edilməsi anlaşılmaqdadır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası qanunun 25.2.2-ci maddəsini, o cümlədən Mülki Məcəllənin iddia müddəti ilə bağlı müvafiq normalarını tətbiq etməklə iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Kommersiya- Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i: Gəncə Kommersiya Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2-2(115)-1140/2023 nömrəli qətnaməsindən iddiaçı “İddiaçı” tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2-2(115)-1140/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar