Məhkəmə qərarları › İş №2-2(104)-27/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-27/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-27/2024 04.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Mehdiyev Azər Mehdi oğlunun cavabdeh X5 qarşı kommersiya işi üzrə QƏTNAMƏSİ Açar sözlər: təbii qazdan istifadəyə görə pulun ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, iddiaçı Mehdiyev Azər Mehdi oğlunun və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Mehdiyev Azər Mehdi oğlunun cavabdeh X5 qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)- 16/2022 saylı qətnaməsindən iddiaçı Mehdiyev Azər Mehdi oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 19 aprel 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, Mehdiyev X13 rayonu, Qaralar kəndində yerləşən ümumi sahəsi 4.7703 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 2.0 ha torpaq sahəsini kənd təsrrüfatı məhsullarını əkib-beçərmək üçün X5 icarəyə verilir. İcarə müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilir, onun bitməsinə bir ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha bir il müddətinə uzadılmış hesab edilir. İcarəyə götürən icarəyə verənə aylıq 300 manat icarə haqqı ödəyir. Həmçinin kommunal xidmətləri (elektrik, qaz, su, istilik kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları icarəçi tərəfindən ödənilir.

2. Abonentin xx.xx.2019-cu il tarixdə tərtib edilmiş saldosundan görünür ki, ünvan 1ində xx.xx.2019-cu il tarixdə quraşdırılmış 83047668 nömrəli sayğac üzrə abonent Mehdiyev Azər Mehdi oğlunun 2020-ci ilin avqust ayınadək 88821,50 manat borcunun olması qeyd edilmişdir.

3. X3 xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, ünvan 1i ərazisində yerləşən 2.0 ha istixanada mövsümə uyğun olaraq pomidor və xiyar əkibbecərir. Həmin məhsulların becərilməsi üçün o, Mehdiyev Azər Mehdi oğlu ilə “Azəriqaz” İstehsalat Birliyi arasında bağlanmış müqaviləyə əsasən təbii qazdan istifadə etmişdir. “Azəriqaz” X9 Mehdiyevin adına yaranmış 89637.7 manat borcun 78865 manat hissəsi onun borcudur. Həmin borcu ödəməyi öz öhdəsinə götürür. Yaranmış borc üzrə məhkəmə predmeti yaranarsa məsuliyyəti tam üzərinə götürür.

4. İddiaçı ilə icarəçi cavabdeh arasında 2019-cu il dekabr ayından 2020-ci ilin 5 may tarixinədək və 2020-ci ilin noyabr ayından 2021-ci il 1 may tarixədək qaz sərfiyyatları ilə bağlı tərtib edilmiş və Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Ağlavaşlı kənd icra nümayəndəsi tərəfindən təsdiq edilmiş aktlardan görünür ki, həmin aktlarda müvafiq dövrlər üzrə sərfiyyatlar tərəflərin imzaları ilə təsdiq olunmuşdur.

5. Gəncə şəhəri 5 saylı Notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli etibarnamə üzrə X7 tərəfindən Şahid aşağıdakı səlahiyyətlər verilmişdir: Gəncə Asan Xidmət mərkəzində notariat ofisində xx.xx.2019-ci il tarixli, 3M-236 nömrə ilə təsdiq olunmuş İcarə müqaviləsinə əsasən icarəyə götürdüyü ünvan 1i ünvanında yerləşən 2.0 ha torpaq sahəsinə dairyuxarıda qeyd olunan torpaq sahəsini idarə və istifadə etməyi, əkməyi, bu işlə bağlı bütün səlahiyyətli orqanlarda, müəssisələrdə, idarələdə, təşkilatlarda, o cümlədən bütün dövlət və qeyridövlət idarələrində, ictimai təşkilatlarda, banklarda, sığorta şirkətlərində, Azərbaycan Respublikası Vergilər Nazirliyində və müvafiq şöbələrində, onun nümayəndəsi olmağı, adından bütün növ sənədləşmə işlərini görməyi, həmin torpağa görə verilən kompensasiyanı (pulu) almağı, ona çatası bütün növ sənədləri, arayışları almağı, bu işlərlə əlaqədar sənəd təqdim etməyi, sənəd qəbul etməyi, işləri aparmağı, adından istənilən növ ərizə verməyi, imza etməyi, ödənişlər etməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur.

6. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(115)-42/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı “Azəriqaz” İstehsalat Birliyi cavabdehlər Mehdiyev Azər Mehdi oğluna qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Şəmkir RQİİ-nə təbii qazdan istifadəyə görə yaranmış 88821 manat 50 qəpik vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mehdiyev Azər Mehdi oğlu “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi, qaz tənzimləyicisinin sayğacdan əvvələ qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona artıq hesablanmış 88821 manat 50 qəpik məbləğində borcun silinməsi və qaz tənzimləyicisinin əvvəlki yerinə qaz sayğacından əvvələ qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilk iddia üzrə iddiaçı “Azəriqaz” İstehsalat Birliyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə göndərərək, ümumi 189857 manat 30 qəpik borc məbləğinin 34457 manat hissəsinin Mehdiyev Azər Mehdi oğlundan, 155400 manat 20 qəpik hissəsinin isə X2 tutularaq “Azəriqaz” İBnin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və X7 iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Qeyd edilən qətnamə ilə ilk iddia qismən təmin edilmiş, 34457 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Mehdiyev Azər Mehdi oğlundan iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin xeyrinə tutulması, ilk iddianın qalan hissəsinin təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Şəmkir rayonu Qaralar kəndində yerləşən Mehdiyev Azər Mehdi oğluna məxsus istixanaya aid qaz tənzimləyicisinin qaz sayğacından əvvələ quraşdırılmasının “Azəriqaz” İstehsalat Birliyinə həvalə edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Gəncə Apellyasiya Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2-2(104)-216/2021 saylı qətnaməsi ilə iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(115)-42/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Abonentin saldosundan görünür ki, ünvan 1ində 83047668 nömrəli sayğac üzrə abonent Mehdiyev Azər Mehdi oğlunun xx.xx.2024-cü il tarixə qalıq borcunun olması müəyyən edilmir.

9. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, tərəflər arasında icarə müqaviləsi bağlanıbdır. O hal-hazırda Sudavər Talıbovanın istixanasını etibarnamə əsasında işlədir. Ərazidə pomidor əkilmişdir. İstixanaya qaz xətlə gəlir, daha sonra qazanxanalara daxil olur. Qazdan istifadə edilib, lakin ödənişlər barədə hər hansı məlumatı yoxdur, çünki ödənişləri Sudavər Talıbova və onun oğlu ödəyirlər. Azər Mehdiyevin özünün elektron sayğacı vardır. Qazla bağlı bildiriş Azər Mehdiyevin adına gəlir, sonuncunun iştirakı ilə onların istifadə etdikləri qazın pulunu sərfiyyatdan çıxırlar, qalan sərfiyyat isə Sudavər Talıbovanın payına düşür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Mehdiyev Azər Mehdi oğlu cavabdeh X5 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə 88821 manat 50 qəpik, icarə haqqı olaraq 5100 manat pulun, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh Sudavər Talıbova arasında xx.xx.2019-cu il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən ünvan 1ində yerləşən ona məxsus 4.7703 ha torpaq sahəsinin 2.0 ha hissəsini cavabdehə kənd təsərrüfatı məhsullarını əkib-beсərmək üçün icarəyə vermişdir. Müqavilə ilə icarə haqqı aylıq 300 manat müəyyən olunmuşdur. Həmçinin müqaviləyə əsasən cavabdeh icarəçi kimi öz təsərrüfatında istifadə etdiyi təbii qazın dəyərini ona ödəməyi öz öhdəsinə götürmüşdür. “Azəriqaz” İstehsalat Birliyi ilə qazın alğı-satqısına dair müqavilə onunla bağlandığından həm ona məxsus, həm də cavabdehə icarəyə verilmiş torpaq sahəsində olan istixanada istifadə edilən təbii qaz sərfiyyatına görə yaranmış borc ondan tələb edilir. O, həmin torpaq sahəsinə yerləşən özünə məxsus istixanada sərf edilən təbii qazın dəyərini ödəmişdir. Yaranmış borc isə cavabdehin istifadə etdiyi təbii qaza görə yaranmışdır. Cavadeh ona icarəyə verilmiş torpaq sahəsində istixana təşkil etmiş və icarəyə götürüləndən həmin istixanada kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğuldur və mütəmadi olaraq təbii qazdan istifadə edir. Cavabdeh təbii qaza görə yaranmış borcunu və icarə haqqını ödəmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

12. İddiaçı xx.xx.2021-ci il tarixdə iddia tələbinin həcminin artırılması haqqında ərizə verərək, cavabdeh X2 təbii qazdan istifadəyə görə 88822 manat 20 qəpik, icarə haqqı olaraq 6600 manat pulun, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı xx.xx.2021-ci il tarixdə iddia tələbinin həcminin artırılması haqqında ərizə verərək, cavabdeh X2 təbii qazdan istifadəyə görə 155400 manat 40 qəpik borcun “Azəriqaz” İstehsalat Birliyinə ödənilməsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulmasını, icarə haqqı olaraq 7200 manat pulun, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlə aralarında olan icarə müqaviləsinə əsasən onun təbii qazdan istifadəsinə görə yaranmış 155400 manat 40 qəpik borcun, icarə haqqı olaraq 7200 manat pulun, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı və onun nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər.

16. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-16/2022 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, cavabdeh X2 icarə haqqı olaraq 7200 (yeddi min iki yüz) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı Mehdiyev Azər Mehdi oğluna ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

17. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 442, 445.1, 445.2, 448.1, 700.1, 700.2, 706.1-ci maddələrinə, “İstehlakçıların müdafiəsi haqqında” xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 1.3, 5.2, 5.5 və 5.6-cı bəndlərinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) apellyasiya şikayətinin dəlilləri

18. İddiaçı Mehdiyev Azər Mehdi oğlu apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-16/2022 saylı qətnaməsinin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. İşin halları bundan ibarətdir ki, onunla X7 arasında xx.xx.2019-cu il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən ünvan 1inə yerləşən ona məxsus 4.7703 ha torpaq sahəsinin 2.0 ha hissəsini cavabdehə kənd təsərrüfatı məhsulları əkib-becərmək üçün icarəyə vermişdir. Müqaviləyə əsasən cavabdeh icarəçi kimi öz təsərrüfatında istifadə etdiyi təbii qazın dəyərini də ödəməyi öz öhdəsinə götürmüşdür. Hər ikisininin istixanada istifadə etdiyi təbii qazın həcmi aylar üzrə dəqiq hesablamalar aparmaqla (istixananada mövcud olan aralıq sayğacın köməyilə) müəyyən edilir. Sudavər Talıbovanın istifadə etdiyi təbii qazın həcmi onun istixanada təsərrüfat işlərinə aparan etibarnamə üzrə nümayəndəsi Şahid tərəfindən onun da iştirakı ilə aylar üzrə ayrıca qeyd edilir. Həmçinin S.Talıbovanın borcunun müəyyən edilməsi məqsədilə onun, Şahid və istixanada fəhlə kimi işləyən X10 iştirakı ilə 2019-2021-ci illər ərzində onun qaz sərfiyyatı və yaranmış borcunun məbləği barədə aktlar tərtib olunmuşdur. Həmin aktlar Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Ağlavaşlı kənd icra nümayəndəsinin iştirakı ilə tərtib olunmuş və möhürlə təsdiq olunmuşdur. Həmin aktlar da S.Talıbovanın 155400,20 manat qaz sərfiyyatına görə borcunun olmasını təsdiq edir. O, dəfələrlə S.Talıbovadan borcunun ödənilməsini tələb etsə də ödəməmişdir. Bir illik bağlanmış icarə müqaviləsinin müddəti bir il uzadılmış, lakin növbəti bir il müddətinə uzadılması barədə ona qarşı iddia qaldırmış həmin iddiası təmin olunmamışdır. 2021-ci ilin iyun ayının 1-də isə aralarında olan icarə müqaviləsinə xitam verilmişdir. O, qaz borcunun ödənilməməsi səbəbindən S.Talıbovaya qazın verilməsini dayandırmağına görə ona qarşı yeni iddia qaldırmış, müqavilənin müddətinin uzadılması, dəymiş maddi ziyanın ödənilməsi və əkinə maneənin aradan qaldırılması tələbi irəli sürmüşdür. Həmçinin iddianın təmin tədbiri kimi istixanaya qazın və işığın verilməsinin dayandırılmasının ona qadağan edilməsini tələb etmişdir. Şəmkir Rayon Məhkəməsinin qərardadı ilə ərizəsi təmin edilmiş və ona qazın və elektrik enerjisinin verilməsinin dayandırılması qadağan edilmiş və qətnamə ilə iddiası qismən təmin edilməklə onun tərəfindən onun əkin işləri aparılmasına yaradılmış maneənin aradan qaldırılması qət edilmişdir. Həmin qətnamə və qərar əsasında S .Talıbova maneəsiz 2021-ci ilin iyun ayına qədər təbii qazdan istifadə etmişdir. Daha sonra o, S.Talıbovaya qarşı icarə müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin qətnaməsi ilə iddiası təmin edilməmişdir. X11 Məhkəməsinin qətnaməsi ilə Şəmkir Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddiası təmin edilmiş və icarə müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Bundan sonra iddiaçı yenə icarə müqaviləsinin uzadılması barədə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmiş, lakin iddiası təmin olunmamışdır. S .Talıbova borcun 78865 manatını xx.xx.2019-cu il tarixdə Gəncə şəhər 1 saylı Notariat Kontorunda ərizə imzalamaqla etiraf etmişdir. Həmin borcdan 23000 manat ödəmiş, 55865 manat isə qalmışdır. Daha sonra onun qaz sərfiyyatı 2019-cu ilin dekabr ayı üzrə 10736 manat, 2020-ci ilin yanvar ayı üzrə 20669 manat, fevral ayı üzrə 26861 manat, mart ayı üzrə 21696,20 manat, aprel ayı üzrə 8591 manat, may ayı 2670 üzrə manat, cəmi 91223,20 manat olmuş, həmin borcdan 58266 manat ödəmiş, 32957,20 qəpik isə qalmışdır. Daha sonra onun qaz sərfiyyatı 2020-ci ilin dekabr ayı üzrə 13102,20 manat, 2021-ci ilin yanvar ayı üzrə 23981 manat, fevral ayı üzrə 20199 manat, mart ayı üzrə 16753 manat, aprel ayı üzrə 17043 manat, cəmi 91078,20 manat olmuşdur. Həmin borcdan isə 24500 manat ödəmiş, 66578,20 manat qalmışdır. Həmin qalıq borcların cəmi isə iddiaya uyğun olaraq 155400,20 manat təşkil edir. Borcla bağlı qeyd olunan yuxarıdakı məbləğlər məhkəməyə təqdim edilmiş aktlarla da təsdiq olunur. Həmçinin “Azəriqaz” İstehsalat Birliyi ona və S Talıbovaya qarşı iddia qaldıraraq 198857,30 manat borcun 154400 manat hissəsinin S.Talıbovadan, qalan 34457 manat hissəsinin isə ondan tutulmasını xahiş etmiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(115)-42/2021 saylı qətnaməsi ilə iddia ona aid hissədə təmin edilmiş, lakin S.Talıbovaya aid hissədə isə (onun “Azəriqaz” İB ilə aralarında müqavilə öhdəliyi müəyyən edilmədiyindən) təmin olunmamışdır. “Azəriqaz” İB tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə şikayət təmin olunmamışdır. Cavabdehə qarşı təbii qazdan istifadəsinə görə yaranmış 155400,40 manat borcun, icarə haqqı olaraq 7200 manat pulun, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin e-2-2(115)-16/2022 saylı, xx.xx.2022-cı il tarixli qətnaməsi ilə iddiası 7200 manat icarə haqqına görə borc hissəsində təmin edilmiş, qalan təbii qaza görə 155400,20 manat borc hissəsində isə təmin edilməmişdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən cavabdeh ona məxsus istixanada sərf etdiyi təbii qazın dəyərinin ödənilməsini öz öhdəsinə götürmüş, lakin öhdəliyini yerinə yetirməmişdir. Nəticədə iddiaçıya zərər vurmuşdur. Müqavilədə iddiaçı cavabdehin istifadə etdiyi təbii qazın mülkiyyətçisi kimi çıxış etmişdir. Belə ki, iddiaçı Azər Mehdiyev ilə “Azəriqaz” İstehsal Birliyi arasında təbii qazın alğı-satqı müqaviləsi bağlanmışdır. Bağlanmış müqaviləyə görə “Azəriqaz” İB tərəfindən Azər Mehdiyevə verilən təbii qazın dəyəri nəzərdə tutulan sonrakı müddət ərzində ödənilməli olmuşdur. Müqavilə xaraktercə nisyə alğı-satqı müqaviləsi olmuşdur. Belə olan halda alğı-satqı müqaviləsinin mülki qanunvericiliklə müəyyə edilən mahiyyətinə görə təbii qaz Azər Mehdiyevə verilən anda onun mülkiyyətinə keçmişdir. Onun dəyərinin “Azəriqaz” İB-yə ödənilib-ödənilməməsi isə digər məsələdir. “Azəriqaz” İB satmış olduğu təbii qazın dəyərini tələb edib-etməməsi onun hüququdur.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

20. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının (hakimlər Ə.Abdullayev (sədrlik edən və məruzəçi), A.İsgəndərova və R.Mamedov) xx.xx.2023-cü il tarixli, 2-2(104)-28/2023 nömrəli qətnaməsi ilə iddiaçı Mehdiyev Azər Mehdi oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə Kommersiya Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, e-2-2(115)-16/2022 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə, yəni “təbii qazdan istifadəyə görə yaranmış 155400,40 manat borcun cavabdeh X2 alınıb iddiaçı Mehdiyev Azər Mehdi oğluna verilməsinin təmin edilməməsi” hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

21. Qətnamədən narazı qalan iddiaçı Mehdiyev Azər Mehdi oğlu kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(102)-422/2023 saylı qərarı ilə (hakimlər B.Qəribov (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və B.Məmmədli) iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(104)-28/2023 nömrəli qətnaməsinin “təbii qazdan istifadəyə görə yaranmış 155400,40 manat borcun cavabdehdən alınıb iddiaçıya verilməsinin təmin edilməməsi” hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

a) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Mehdiyev Azər Mehdi oğlu və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)- 16/2022 saylı qətnaməsinin mübahisələndirilən hissədə, yəni iddia tələbinin təmin edilmədiyi hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər.

25. Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

26. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş “Azəriqaz” İB-nin nümayəndəsi X12 ifadəsində bildirdi ki, 2021-ci il tarixdə “Azəriqaz” İstehsalat Birliyi cavabdeh Mehdiyev Azər Mehdi oğluna qarşı ümumilikdə 180000 manat borcun ödənilməsinə dair tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə gedişində rəsmi təsdiq olunmuş sənədlərlə (X4 borcunun olmasına dair ərizə ilə müraciət etməsi, tərəflər arasında qazın sərfiyyatı ilə bağlı tərtib olunmuş aktlar, həmçinin icarə münasibətlərinin olması) müəyyən olunmuşdur ki, həmin borcun 34457 manat məbləğində hissəsi Mehdiyev Azər Mehdi oğluna, 155400 manat 20 qəpik hissəsi isə X5 aiddir. Buna görə də, borcun 34457 manat hissəsinin Mehdiyev Azər Mehdi oğlundan, 155400 manat 20 qəpik hissəsinin isə X2 tutulması ilə bağlı iddia tələbinin dəyişdirilməsinə dair ərizə məhkəməyə verilmişdir. X16 Mehdi oğlunun adına heç bir borc məbləği qalmamışdır. O, ümumi borc məbləğini ödəmişdir.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Maddə 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Maddə 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

28. “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı: Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqısatqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur. Bənd 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir. Bənd 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Bənd 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə).

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair 28 fevral 2012-ci il tarixli qərarında qeyd edilir ki, “Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir.”

32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi kassasiya instansiyası məhkəməsi olaraq iş üzrə buraxılmış pozuntulara hüquqi qiymət vermiş və həmin pozuntunun aradan qaldırılması məqsədilə işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Odur ki, məhkəmə kollegiyası nəzərə çatdırır ki, işə yol verilmiş pozuntunun aradan qaldırılması ilə müşayiət olunan maddi və prosessual hüquq normalarına riayət edilməsi ilə baxılmalıdır.

35. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilmədiyi hissəsində ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları mübahisələndirilən hissədə düzgün tətbiq olunmamışdır.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətində göstərilən xüsusatları araşdıraraq, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməlidir.

38. Məhkəmələr tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, iddiaçı Mehdiyev Azər Mehdi oğlu ilə cavabdeh X7 arasında 19 aprel 2019-cu il tarixli icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən icarəyə verən Mehdiyev X13 rayonu, Qaralar kəndində yerləşən ona məxsus 4.7703 ha torpaq sahəsinin 2.0 ha hissəsini cavabdeh X1 təsərrüfatı məhsullarını əkib-becərmək üçün icarəyə vermişdir. İcarəyə verən Mehdiyev Azər Mehdi oğlu müqaviləyə əsasən, cavabdeh X3 icarəçi kimi öz təsərrüfatında istifadə etdiyi təbii qazın dəyərini ona ödəməyi öhdəsinə götürdüyünü, “Azəriqaz” İstehsalat Birliyi ilə qazın alğı-satqısına dair müqavilə onunla bağlandığından cavabdehə icarəyə verilmiş torpaq sahəsində olan istixanada istifadə edilən təbii qaz sərfiyyatına görə yaranmış borcun ondan tələb edildiyini, X7 tərəfindən istifadə edilmiş təbii qaza görə borc yarandığını, lakin onun həmin borcu ödəmədiyini əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

39. Göründüyü kimi, birinci instaniya məhkəməsi iddia tələbini təbii qazdan istifadəyə görə yaranmış 155400 manat 40 qəpik borcun cavabdehdən alınıb iddiaçıya verilməsi ilə bağlı hissəsini təmin etməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin qeyd edilən hissəsi ilə bağlı hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının qazdan istifadəyə görə cavabdehdən pul tələb etməsi o halda yaranmış olacaqdır ki, həmin məbləğ onun tərəfindən “Azəriqaz” İstehsalat Birliyinə ödənilsin, bununla əlaqədar iddiaçı maddi ziyana uğrasın, hansı ki bu ziyana uğrama cavabdehin onunla arasında bağlanmış icarə müqaviləsinin tələblərinin pozulmasından qaynaqlansın. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Bu baxımdan “Azəriqaz” İB ilə iddiaçı arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən iddiaçının həmin müqavilə üzrə əldə etdiyi əmtəəyə onun mülkiyyət hüququ mövcuddur. Bununla belə, o da qeyd edilməlidir ki, cavabdehlə iddiaçı arasında münasibətlər məhz icarə müqaviləsi əsasında (o cümlədən qazdan istifadə etmək və onun dəyərininin ödənilməsi) yaranmışdır. Belə olan təqdirdə tərəflər arasında yaranan münasibətin əsasını əşya deyil, öhdəlik hüquq münasibətləri təşkil edir.

41. Hazırkı işdən görünür ki, tərəflər arasında 2019-cu il 19 aprel tarixli icarə müqaviləsi bağlanmış, həmin müqavilənin 12-ci bəndində kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqının, o cümlədən əlavə vergi haqlarının “icarəçi” tərəfindən ödənilməsi müəyyən edilmişdir. Bu baxımdan icarəçinin həmin ödənişlərlə bağlı öhdəliyi, icarəyə verənin isə həmin öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Həmin müqavilədə icarəyə götürənin təbii qazdan istifadə haqqının icarəyə verənə ödəməsi vəzifəsinin qaz sərfiyyatı ilə əlaqədar ödənişlərin yalnız icarəçi tərəfindən yerinə yetirilməsi halından asılı edilməsi şərtinin mövcudluğu müəyyən olunmur.

42. Digər tərəfdən, məhkəmə kolllegiyasının iclasında şahid qismində dindirilmiş “Azəriqaz” İB-nin nümayəndəsinin ifadəsi və həmçinin abonentin saldosu ilə müəyyən edilir ki, qazın sərfiyyatına görə yaranmış 155400.20 manat borc məbləği A.Mehdiyev tərəfindən tam şəkildə ödənilmişdir. Birinci instansiya məhkəməsinin iddia tələbinin hazırda baxılan hissədə təmin edilməməsi üçün əsaslandığı hallar belə artıq aradan qalxmışdır.

43. İş materialları ilə müəyyən edilir ki, cavabdeh X8 “Azəriqaz” İB-yə ərizə ilə müraciət edərək ünvan 1i ərazisində yerləşən 2 hektar istixanada mövsümə uyğun olaraq pomidor və xiyar əkib becərdiyini, həmin məhsulların becərilməsi üçün iddiaçı ilə “Azəriqaz” İB arasında bağlanmış müqaviləyə əsasən təbii qazdan istifadə etdiyini və iddiaçının adına yaranmış 89637,7 manat borcun 78865 manat hissəsinin onun borcu olduğunu bildirmiş və cavabdeh həmin borcu ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi tələbin bu hissəsi ilə bağlı borc cavabdeh tərəfindən etiraf edilmişdir.

44. İş materiallarında olan mülkiyyətçi iddiaçı ilə icarəçi cavabdeh arasında 2019-cu il dekabr ayından 2020-ci ilin 5 may tarixinədək və 2020-ci ilin noyabr ayından 2021-ci il 1 may tarixədək qaz sərfiyyatı ilə bağlı tərtib edilmiş və müvafiq yerli icra nümayəndəliyi tərəfindən təsdiq edilmiş aktlar da mövcuddur və həmin aktlarda müvafiq dövrlər üzrə sərfiyyatlar imzalarla təsdiq olunmuşdur.

45. Həmçinin iş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, e-2-2(115)-42/2021 saylı qətnaməsindən görünür ki, “Azəriqaz” İB ümumi borcun 34457 manat hissəsinin cavabdeh A.Mehdiyevdən, 155400,20 manat hissəsinin isə cavabdeh S.Talıbovadan tutulmasına dair ilk iddia tələbi ilə çıxış etmiş, həmin qətnamə ilə ilk iddia tələbi qismən – Azər Mehdiyevdən 34457 manat borcun “Azəriqaz” İB-nin xeyrinə tutulması hissəsində təmin edilmişdir.

46. Əvvəlki məhkəmə mübahisəsi üzrə “Azəriqaz” İB tərəfindən tələb edilmiş borcun 155400,20 manat hissəsinin hansı əsasalara görə cavabdeh S.Talıbovadan tutulmasına aydınlıq gətirən “Azəriqaz” İB-nin nümayəndəsi X12 ifadəsində bildirmişdir ki, X4 borcunun olmasına dair ərizə ilə müraciət etməsi, tərəflər arasında qazın sərfiyyatı ilə bağlı tərtib olunmuş aktlar, həmçinin icarə münasibətlərinin olmasına əsaslanaraq borcun 34457 manat hissəsinin Mehdiyev Azər Mehdi oğlundan, 155400 manat 20 qəpik hissəsinin isə X2 tutulması qənaətinə gəlmişlər.

47. Beləliklə iş materialları ilə sərf edilmiş təbii qazın dəyərini təşkil edən və cavabdeh S.Talıbova tərəfindən iddiaçı A.Mehdiyevə ödənilməsi təmin edilməmiş 155.400,40 borcun olması öz təsdiqi tapır.

48. Məhkəmə kollegiyası qeyd edir ki, MM-in 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-in 404.1, 404.2-ci maddələri).

49. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi MM-in 404.1, 404.2-ci maddələrinin tələblərini pozaraq, tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə onlar arasında yaranmış mülki hüquqi münasibətlərin xarakterini, məzmununu, onların iradə ifadələrinin həqiqi mənasını, habelə işin bütün müvafiq hallarını, o cümlədən onlar arasında yaranmış şəxsi münasibətləri, bu münasibətlər yaranarkən onlar arasında olan danışıqları, yazışmaları və onların sonrakı hərəkətlərini nəzərə almadan, yalnız iddiaçı tərəfindən təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi barədə sübutların olmamasına əsaslanmışdır.

50. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini mübahisələndirilən hissədə təmin etməmiş birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan xüsusatlara hüquqi qiymət verməmişdir. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri ilə işin faktiki halları təsdiq olunduğundan birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378- 382, 384, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-16/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni iddia tələbinin təmin edilmədiyi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilsin. Cavabdeh X2 istifadə etdiyi təbii qazın dəyərini təşkil edən 155.400,40 (bir yüz əlli beş min dörd yüz manat qırx qəpik) manat pul alınaraq iddiaçı Mehdiyev Azər Mehdi oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar