Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-28/2023 27.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, İddiaçı X11 və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakları ilə, İddiaçı X7 cavabdeh X5 qarşı pul tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 12 avqust 2022-ci il tarixli e-2-2(115)-16/2022 nömrəli qətnaməsindən iddiaçı X11 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X11 cavabdeh X5 qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, təbii qazdan istifadəyə görə 88821,50 manat, icarə haqqı olaraq 5100 manat pulun, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı X11 iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, təbii qazdan istifadəyə görə 88822,20 manat, icarə haqqı olaraq 6600 manat pulun, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X3 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı X11 bir daha iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, təbii qazdan istifadəyə görə 155400,40 manat borcun “Azəriqaz” İstehsalat Birliyinə ödənilməsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulmasını, icarə haqqı olaraq 7200 manat pulun, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X3 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı X11 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlə aralarında olan icarə müqaviləsinə əsasən onun təbii qazdan istifadəsinə görə yaranmış 155400,40 manat borcun, icarə haqqı olaraq 7200 manat pulun, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 12 avqust 2022-ci il tarixli e-2-2(115)-16/2022 nömrəli (hakim: Gülnaz Quliyeva) qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh X3 icarə haqqı olaraq 7200 (yeddi min iki yüz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı X9 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı X11 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı X11 tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh X8 arasında 19 aprel 2019cu il tarixli icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Şəmkir rayonu Qaralar kəndində yerləşən ona məxsus 4.7703 ha torpaq sahəsinin 2.0 ha hissəsini cavabdehə kənd təsərrüfatı məhsullarını əkib-besərmək üçün icarəyə vermişdir. Müqaviləyə əsasən icarə haqqı aylıq 300 manat müəyyən olunmuşdur. Həmçinin müqaviləyə əsasən cavabdeh icarəçi kimi öz təsərrüfatında istifadə etdiyi təbii qazın dəyərini ona ödəməyi öhdəsinə götürmüşdür. “Azəriqaz” İstehsalat Birliyi ilə qazın alqı-satqısına dair müqavilə onunla bağlandığından həm ona məxsus, həm də cavabdehə icarəyə verilmiş torpaq sahəsində olan istixanada istifadə edilən təbii qaz sərfiyyatına görə yaranmış borc ondan tələb edilir. O, həmin torpaq sahəsində yerləşən özünə məxsus istixanada sərf edilən təbii qazın dəyərini ödəmişdir. Yaranmış borc isə cavabdehin istifadə etdiyi təbii qaza görə yaranmışdır. Cavabdeh ona icarəyə verilmiş torpaq sahəsində istixana təşkil etmiş və həmin istixanada kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğuldur və mütəmadi olaraq təbii qazdan istifadə edir. Cavabdeh təbii qaza görə yaranmış borcunu və icarə haqqını ödəməmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı X11 iddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, “Azəriqaz” İstehsalat Birliyi təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi ilə bağlı ona və cavabdeh X5 qarşı iddia qaldırmış, Gəncə Kommersiya Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2-2(115)-42/2021 nömrəli qətnaməsi ilə iddia ona aid hissədə təmin edilmiş, cavabdehə aid hissədə isə qaz paylayıcı ilə X8 arasında müqavilə olmaması əsası ilə iddia təmin edilməmişdir. Eləcə də iddiaçının “Azəriqaz” İstehsalat Birliyinə olan borcu ödədikdən sonra cavabdehdən dəymiş ziyanın əvəzinin ödənilməsi tələb etməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən iddiaçı X11 apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə və iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmamış hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X7 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmamış hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh X8 məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: İddiaçı X11 apellyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsini xahiş etsə də, lakin şikayətin məzmunundan görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməmiş hissəsində, yəni “təbii qazdan istifadəyə görə yaranmış 155400,40 manat borcun cavabdeh X3 alınıb iddiaçı X9 verilməsinin təmin edilməməsi” hissədə mübahisələndirilmişdir. Qətnamə digər hissələrdə mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə yalnız bu hissədə yoxlanılmalı, qətnamənin digər hissələri araşdırılmamalıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Məhkəmə kollegiyası qətnamə mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: 19 aprel 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, X2 rayonu Qaralar kəndində yerləşən ümumi sahəsi 4.7703 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 2.0 ha torpaq sahəsini kənd təsrrüfatı məhsullarını əkib-beçərmək üçün X5 icarəyə vermişdir. İcarə müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilir, onun bitməsinə bir ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha bir il müddətinə uzadılmış hesab edilir. İcarəyə götürən icarəyə verənə aylıq 300 manat icarə haqqı ödəyir. Həmçinin kommunal xidmətləri (elektrik, qaz, su, istilik kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları icarəçi tərəfindən ödənilir; Abonentin 15 sentyabr 2019-cu il tarixdə tərtib edilmiş saldosundan görünür ki, Şəmkir rayonu Qaralar kəndində xx.xx.2019-cu il tarixdə quraşdırılmış 83047668 nömrəli sayğac üzrə abonent X7 2020-ci ilin avqust ayınadək 88821,50 manat borcu vardır; X4 10 oktyabr 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Şəmkir rayonu Qaralar kəndi ərazisində yerləşən 2.0 ha istixanada mövsümə uyğun olaraq pomidor və xiyar əkib-becərir. Həmin məhsulların becərilməsi üçün o, X11 ilə “Azəriqaz” İstehsalat Birliyi arasında bağlanmış müqaviləyə əsasən təbii qazdan istifadə etmişdir. “Azəriqaz” X10 Mehdiyevin adına yaranmış 89637.7 manat borcun 78865 manat hissəsi onun borcudur. Həmin borcu ödəməyi öz öhdəsinə götürür. Yaranmış borc üzrə məhkəmə predmeti yaranarsa məsuliyyəti tam üzərinə götürür; 691587822 nömrəli xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, X11 tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir; Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(115)-42/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı “Azəriqaz” İstehsalat Birliyi cavabdehlər X9 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Şəmkir RQİİ-nə təbii qazdan istifadəyə görə yaranmış 88821 manat 50 qəpik vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X11 “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi, qaz tənzimləyicisinin sayğacdan əvvələ qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona artıq hesablanmış 88821 manat 50 qəpik məbləğində borcun silinməsi və qaz tənzimləyicisinin əvvəlki yerinə qaz sayğacından əvvələ qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilk iddia üzrə iddiaçı “Azəriqaz” İstehsalat Birliyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə göndərərək, ümumi 189857 manat 30 qəpik borc məbləğinin 34457 manat hissəsinin X6, 155400 manat 20 qəpik hissəsinin isə X3 tutularaq “Azəriqaz” İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və X8 iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Qeyd edilən qətnamə ilə ilk iddia qismən təmin edilmiş, 34457 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X6 iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin xeyrinə tutulması, ilk iddianın qalan hissəsinin təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Şəmkir rayonu Qaralar kəndində yerləşən X9 məxsus istixanaya aid qaz tənzimləyicisinin qaz sayğacından əvvələ quraşdırılmasının “Azəriqaz” İstehsalat Birliyinə həvalə edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir; Gəncə Apellyasiya Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli 2-2(104)-216/2021 saylı qətnaməsi ilə iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(115)-42/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi qətnamə mübahisələndirilən hissədə “Qazdan istifadə qaydaları”-nın 1.3, 5.2, 5.5 və 5.6-cı bəndlərinə istinad edərək, iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası qətnamə mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 1.3, 5.2, 5.5 və 5.6-cı bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, X11 ilə X8 arasında 19 aprel 2019cu il tarixli icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən icarəyə verən X2 rayonu Qaralar kəndində yerləşən ona məxsus 4.7703 ha torpaq sahəsinin 2.0 ha hissəsini icarəçi X1 təsərrüfatı məhsullarını əkib-besərmək üçün icarəyə vermişdir. İcarəyə verən X11 müqaviləyə əsasən X4 icarəçi kimi öz təsərrüfatında istifadə etdiyi təbii qazın dəyərini ona ödəməyi öhdəsinə götürdüyünü, “Azəriqaz” İstehsalat Birliyi ilə qazın alqı-satqısına dair müqavilə onunla bağlandığından cavabdehə icarəyə verilmiş torpaq sahəsində olan istixanada istifadə edilən təbii qaz sərfiyyatına görə yaranmış borcun ondan tələb edildiyini, X8 tərəfindən istifadə edilmiş təbii qaza görə borc yarandığını, lakin onun həmin borcu, eləcə də icarə haqqını ödəmədiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də icarə haqqının ödənilməsi hissəsində iddia tələbini təmin etmiş, təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi hissəsində isə iddianı təmin etməmişdir. Bundan əvvəldə qeyd edildiyi kimi qətnamə iddia tələbinin təmin edilməmiş hissəsində mübahisələndirilmişdir və məhkəmə kollegiyası həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya gəlmiş olduğu qənaətini onunla əsaslandırır ki, “Azəriqaz” İstehsalat Birliyi ilə X11 arasında 07 sentyabr 2018-ci il tarixdə qazın alqı-satqısı müqaviləsi bağlanmış, “Azəriqaz” İstehsalat Birliyi müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X9 məxsus Şəmkir rayonu Qaralar kəndində yerləşən istixananı keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. X11 təbii qazdan istifadəyə görə yaranmış 155400,40 manat borcu “Azəriqaz” İstehsalat Birliyinə ödəməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının qazdan istifadəyə görə cavabdehdən pul tələb etməsi o halda yaranmış olacaqdır ki, həmin məbləğ onun tərəfindən “Azəriqaz” İstehsalat Birliyinə ödənilsin, bununla əlaqədar iddiaçı maddi ziyana uğrasın, hansı ki bu ziyana uğrama cavabdehin onunla arasında bağlanmış icarə müqaviləsinin tələblərinin pozulmasından qaynaqlansın. Lakin iddiaçı tərəfindən həmin qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi barədə iş materiallarında sübut yoxdur. İddiaçı tərəfindən pul ödənilməmişdir. Belə olan halda onun cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış borcu tələb etmək hüququ yaranmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə qətnamə mübahisələndirilən hissədə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamə ilə iddianın təmin edilən hissədə qiyməti on min manatdan az olduğundan cavabdeh tərəfindən Apellyasiya Məhkəməsini Mülki Kollegiyasının hazırkı qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 12 avqust 2022-ci il tarixli e-2-2(115)-16/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni “təbii qazdan istifadəyə görə yaranmış 155400,40 manat borcun cavabdeh X3 alınıb iddiaçı X11 verilməsinin təmin edilməməsi” hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-28/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-28/2023
27.03.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver