Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-33/2025 27.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu, Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı “1500 manat borcun tutulması” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1417/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxılaraq qətnamə qəbul edildi. İşin halları İddiaçı ilə cavabdeh arasında 30 noyabr 2023-cü il tarixli 200 nömrəli “Avtomobil elanı saytı onestar.az veb səhifəsinin yaradılması haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı “avtomobil elanı onestar.az” xidmətlərin göstərilməsini sifariş verib, icraçıya razılaşdırlımış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2, 1.3, 2.2, 2.4, 4.2 və 5.2-ci bəndlərində tərəflər razılaşmışlar ki, göstərilən xidmətlərin həcmi müqaviləyə əlavə edilən Xidmət aktı ilə müəyyənləşdirilir. Müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair hesab-fakturada qeyd edilir. Xidmətlərin göstərilməsi 30-45 gün ərzində həyata keçirilməlidir. İcraçı sifarişçinin sifariş verdiyi “avtomobil elanı saytı onestar.az” xidmətini tapşırıq əsasında yerinə yetirir (işi icra edir). İcraçının yerinə yetirdiyi işlər işlərin icra olunması aktı imzalanmaqla sifarişçi tərəfindən təhvil alınır. Müqavilə üzrə hesablaşmalar nəğd qaydada ümumilikdə 3000 AZN olmaqla 1500 AZN avans, təhvil zamanı isə 1500 AZN olmaqla həyata keçirilir. Onestar.az avtomobil elan saytının hazırlanması üçün razılaşdırılmış müqaviləyə əlavə Texniki Tapşırıq yazılmış, texniki tapşırıqda modellərin və markaların qeyd olunması xahiş olunmuş, tapşırığın arxa vərəqəsində “Hyunday, Kia, Mercedes, BMW” nəqliyyat vastələrinin adları və modelləri göstərilsə də, texniki tapşırıq iddiaçı və cavabdeh tərəfindən imzalanmamış, texniki tapşırıqda elana yerləşdiriləcək avtomaşınların sayı göstərilməmiş və texniki tapşırığın cavabdehə təqdim olunmasına dair qeyd mövcud deyildir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsasladırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış 30 noyabr 2023-cü il tarixli 200 nömrəli müqaviləyə əsasən 1500 manatını avans, 1500 manatını isə təhvil alan vaxt, yəni ümumilikdə 3000 manat ödənilməsi şərti ilə sonuncu bu müqaviləyə əlavə edilmiş “texniki tapşırıq planı” əsasında “Onestar.az” avtomobil elanları olan veb-saytı 30-45 iş günü müddətində ərsəyə gətirməyi öhdəsinə götürmüşdür. Sözügedən müqaviləyə əlavə olan texniki tapşırıq planına əsasən cavabdeh “qeyd olunan markalar və modellər (yəni BMW, Mercedes, Hyundai və Kia markaları və bu markaların modelləri) üzrə “encar.com” vebsaytında mövcud avtomobil modellərinin bilgilərinin, eləcə də bu əks olunan avtomobillərin tarixçəsinin, yəni keçirdiyi qəzalarının, dəyişilən detallarının və.s “onestar.az” veb-saytında əks olunacağını, bu veb-sayta əlavə olunan fotolarda “encar.com” yazısının üzərindən eyni mövqelərdə “onestar.az” yazısının öz əksini tapacağını və həmin fotoların “encar.com” saytında olduğu ilə eyni keyfiyyətdə olacağını, istifadəçilərin qeydiyyatı, yəni istifadəçilərin ad, soyad, əlaqə nömrəsi və mail qeyd etməklə, qeydiyyatdan keçib satmaq istədikləri avtomobilləri sayta əlavə etmələri üçün xüsusi bölmənin düzəldiləcəyini, qeydiyyat sonrası əlavə olunan elanların təsdiqinin admin tərəfindən aparılması üçün moderasiya bölməsinin düzəldiləcəyini, istifadəçilərin manat və ABŞ dolları valyutaları üzrə valyuta mübadiləsi edə bilməsi üçün müəyyən funksiyanın əlavə ediləcəyini” öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq öhdəliyini vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə ona 1500 manat maddi ziyan vurmuşdur. Belə ki, sonuncu qeyd olunan markalar və modellər üzrə avtomobillərin məlumatları ilə birgə onların veb-sayta əlavə olunacağını öhdəliyinə götürsə də, nəinki bu avtomobillər, hətta əlavə edilmiş avtomobillərin məlumatları belə tam şəkildə, eləcə də olduğu kimi onların saytında əks olunmadığı müəyyən olunur. Belə olan təqdirdə, bu və digər nöqsanlar veb-saytın istifadə edilməsinə əhəmiyyətli dərəcədə maneə yaradır ki, bu veb-sayt qüsurlu hesab olunmaqla, istifadəyə tamamilə yararsızdır. Eyni zamanda, mübahisənin məhkəmədən kənar qaydada həll olunması üçün cavabdeh ilə dəfələrlə danışıqlar aparılsa da, bu mümkün olmamış, habelə sonuncu öz öhdəliyini icra etməkdən qərəzli şəkildə boyun qaçırmış, nəticədə ona maddi ziyan dəymişdir. İddiaçı məhkəmənin 13 sentyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, onlar öz saytlarını ona görə yaratmışlar ki, “encar.com” saytı koreya dilində olduğu üçün müştərilər onların saytına girib avtomobil sifariş verə bilsinlər. Elanlar avtomobil satışı ilə bağlı olmuşdur. O, əvvəlcə cavabdehdən xahiş etmişdir ki, digər avtomobillərdən əlavə tək “KİA” markalı avtomobilin 30000 ədəd elanını yerləşdirsin. Cavabdeh isə heç ümumilikdə 1000 ədəd avtomobili elana yerləşdirməmişdir. Texniki tapşırıqda avtomobillərin “encar.com” saytında olduğu qədər sayda elana yerləşdirilməsi qeyd edilmişdir. Avtomobillərin dəqiq qədərini təqdim etdikləri diskdəki danışıqda qeyd etmişlər. Nərgiz xanım 30000 elanı müəyyən vaxta kimi təhvil vercəyini bildirsə də heç 1000 avtomobilin elanını yerləşdirməmişdir. Ümumi olaraq 30000-50000 avtomobilin elanı olmalı idi. Avtomobilillərin qiymətini cavabdeh “encar.com” saytından götürüb qoymalı idi. Avtomobillərin şəkillərini “encar.com” saytındakı kimi keyfiyyətli formada yerləşdirməli idi. Elanların yerləşdirilməli olduğu dəqiq tarixi telefon danışıqlarında qeyd etmişlər. Bilgi dedikdə elanda avtomobilin şəkilləri, performans çeki, qiyməti, ili, yürüşünu nəzərdə tutmuşlar, hansı ki, bu məlumatlar elanda dəqiq göstərilməlidir. Performans çeki dedikdə avtomobilin dəyişən detallarının olub-olmamasını nəzərdə tutulur. Məhkəməyə təqdim etdiyi disk yazısında elanlarda nələrin qeyd edilməli olduğunu danışmışlar. Nərgiz xanım avtomobillərin sayını az yerləşdirmişdir, həmçinin yerləşdirilən avtomobillərin də məlumatlarını düzgün qeyd etməmişdir. Elə avtomobil var idi ki, onun heç şəkilləri yerləşdirilməmişdir. Təxminən 1300 avtomobil elana yerləşdirilmişdir. Ödədiyi 1500 manat avans məbləğidir. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiyası məhkəməsi) xx.xx.2024-cü il tarixli e-2-2(115)-1417/2024 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında 30 noyabr 2023-cü il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən sifarişçi avtomobil elanı “onestar.az” xidmətlərin göstərilməsini sifariş verib, icraçıya razılaşdırlımış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci və 10.5-ci bəndində isə nəzərdə tutulmuşdur ki, icraçı sifarişçinin sifariş verdiyi avtomobil elanı saytı “onestar.az” xidmətini texniki tapşırıq əsasında yerinə yetirir. Müqavilədə göstərilmiş texniki tapşırıq planı müqaviləyə əlavə olunacaqdır. Həmin müqavilənin 4.2-ci bəndində qeyd edilmişdir ki, hazırkı müqavilə üzrə hesablaşmalar nağd qaydada ümumilikdə 3000 manat olmaqla 1500 manat avans, təhvil zamanı isə 1500 manat olmaqla həyata keçiriləcək. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan avtomobil elanı “onestar.az” xidməti 30-45 iş günü müddətində həyata keçirilməlidir. Tərəflər arasında razılıq avtomobillərin xarici dildə olan saytdakı məlumatlarının azərbaycan dilində olmaqla iddiaçının “onestar.az” saytında yerləşdirilməsi ilə bağlıdır. Müqavilədə görüləcək xidmətin texniki tapşırıq əsasında yerinə yetirilməli olması qeyd edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş texniki tapşırıqdan icraçının həmin texniki tapşırıqla razı olması müəyyən edilmir. Bundan başqa həmin texniki tapşırıqda və müqavilədə icraçının hansı həcmdə xidmət yerinə yetirəcəyi müəyyən olunmur. İddiaçı hazırlıq iclasında icraçının 30000-50000 avtomobilin elanını sayta yerləşdirilməli olmasını izahatında qeyd etsə də, icraçının həmin həcmdə öhdəliyi üzərinə götürməsinə və götürdüyü öhdəliyini icra edə bilməməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli protokolundan görünür ki, həmin iclasda iştirak edən cavabdeh izahatında iddiaçının ona verdiyi sifarişi tam, vaxtında və uğurla icra etdiyini qeyd etmişdir. İddiaçı yalnız məhkəməyə disk yazısı təqdim etdiyini, qeyd etdiklərinin disk yazısında əksini tapdığını bildirdə də özü məhkəmə baxışında iştirak etməmişdir. Həmçinin hazırlıq iclasında disk yazısının bilavasitə onunla deyil, digər şəxslə icraçı arasında aparıldığını bildirmişdir. Baxış iclasında isə heç bir tərəf iştirak etmədiyindən, habelə disk yazısı bilavasitə iddiaçıya aid olmadığından məhkəmə həmin diski sübut kimi tədqiq etməmişdir. İddiaçının təqdim etdiyi sübutlar icraçının müqavilə üzrə hansı həcmdə öhdəlik götürməsini, hansı həcmdə işi görməli olmasını, götürdüyü öhdəliyi yerinə yetiribyetirməməsini müəyyən eyməyə imkan vermir. Belə olan halda iddia təmin edilə bilməz Birinci instansiyası məhəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1417/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə iş üzrə əhəmiyyətli halları təfərrüatlı şəkildə araşdırmadan qətnamə qəbul edə bilməzdi. Belə ki, hakim tərəflərlə işin və mübahisənin vəziyyətini müzakirə edir. İşdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. Lakin, göründüyü kimi məhkəmə qeyd olunan halları nəzərə almadan, məhkəmə iclasında iştirak etməmə səbəbi dəqiqləşdirilmədən birinci baxış iclasından mübahisələndirdiyimiz qətnaməni çıxartmaqda haqlı olmamışdır. Digər tərəfdən məhkəmə hazırlıq iclası işə məhkəmə iclasında baxılmağa təyin edilməsi üçün ilkin mərhələdir. Orada bildirilənlər ilkin dinləmələrdən ibarətdir. Yəni, işin və mübahisənin vəziyyəti məhz baxış iclasında aydınlaşdırılır ki, iddiaçı tərəf də bu imkandan məhrum olmuş, zəruri araşdırmadan kənarda qalmış, işin gedişatında sonradan yarana biləcək sübutları təqdim etmək imkanı məhdudlaşdırılmışdır. Digər tərəfdən məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş texniki tapşırıqdan icraçının həmin texniki tapşırıqla razı olmasının müəyyən edilmədiyini göstərsə də, nəzərə alınmalıdır ki, tərəflər arasında müqavilə bağlanmış və bu müqavilə imzalandığı tarixdən qüvvəsini almışdır. Deməli, cavabdeh müqavilənin 2.2-ci və 10.5-ci bəndində isə nəzərdə tutulmuş texniki tapşırıqdan məlumatlı olmuş və xidmətini onun əsasında yerinə yetirdiyini bilmişdir. Həmçinin, cavabdeh iddiaçının ona verdiyi sifarişi tam, vaxtında və uğurla icra etsə idi, bu zaman qalıq 1500 manat vəsait də ona ödənilməli, bu mübahisəyə isə zərurət olmamalı idi. Lakin, bu hallar araşdırılmadan, yaranan sözügedən sual aydınlaşdırılmadan qətnamə çıxarılmamalı idi. Deməli, bütün bunlar məhkəmənin araşdırmasının yetərsiz olmasına, mübahisəyə səthi yanaşmasına, əsaslandırılmamış ümumi fikirlərdən istifadə etməklə qətnamə çıxarmasına dəlalət edir. Məhkəmə mübahisənin hüquqi xaraterinin (hansı hüquq münasibətinə aid olduğu və tətbiq edilməli normanın təhlili) nədən ibarət olmasına belə qiymət verməmiş, görülmüş işlərin keyfiyyəti və dairəsinin aydınlaşdırılması üçün zəruri olduğu halda məhkəmə kompüter-texniki ekspertizası belə təyin etməmişdir. Bundan əlavə, iş keyfiyyətli yerinə yetirilsə idi, saytın fəaliyyətində hər hansı bir nöqsan olmamalı idi. Ancaq, hazırda saytın fəaliyyəti mümkünsüzdür. Bununla da, Gəncə Kommersiya Məhkəməsi işə baxarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırmamış, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamış, tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, eyni zamanda maddi və prosessual hüquq normaları pozulmuşdur. Gəncə Kommersiya Məhkəməsi mülki qanunvericiliyin normasını tətbiq edərkən bu normanın tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında müqavilə bağlanmış və bu müqavilə imzalandığı tarixdən qüvvəsini almışdır. Deməli, cavabdeh müqavilənin 2.2-ci və 10.5-ci bəndində isə nəzərdə tutulmuş texniki tapşırıqdan məlumatlı olmuş və xidmətini onun əsasında yerinə yetirdiyini bilmişdir. Həmçinin, cavabdeh iddiaçının ona verdiyi sifarişi tam, vaxtında və uğurla icra etsə idi, bu zaman qalıq 1500 manat vəsait də ona ödənilməli, bu mübahisəyə isə zərurət olmamalı idi. Bütün bunlar isə işin keyfiyyətlə, lazımınca icra edilməsinə kifayət qədər şübhələr yaratmaqla, qarşı tərəfin nöqsanlarla işləməsinə dəlalət edir. Bunlar isə məhkəmənin araşdırmasının yetərsiz olmasına, mübahisəyə səthi yanaşmasına, əsaslandırılmamış ümumi fikirlərdən istifadə etməklə qətnamə çıxarmasına dəlalət edir. İşdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. Lakin, göründüyü kimi məhkəmə qeyd olunan halları nəzərə almadan, məhkəmə iclasında iştirak etməmə səbəbi dəqiqləşdirilmədən birinci baxış iclasından mübahisələndirdiyimiz qətnaməni çıxartmaqda haqlı olmamışdır. Yəni, işin və mübahisənin vəziyyəti məhz baxış iclasında aydınlaşdırılır ki, iddiaçı tərəf də bu imkandan məhrum olmuş, zəruri araşdırmadan kənarda qalmış, işin gedişatında sonradan yarana biləcək sübutları təqdim etmək imkanı məhdudlaşdırılmışdır. Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 138.1 və 185.2-ci maddələrinə görə isə məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. Məhkəmə işi ilk baxışda yekunlaşdırmaqla, sübutetmə imkanımı məhdudlaşdırmışdır. Çünki, məhkəmə hazırlıq iclasının audio-video yazısından da göründüyü kimi o, əlavə sübutlar təqdim etmək niyyətində olsa da, bu imkanı və ricası nəzərə alınmamışdır. Yəni, danışıqların iştirakçısı olmuş X2 tərəfindən şahid qismində dindirilməsi üçün təklif ediləcəyi halda, o bu sübutu təqdim etmək imkanından məhrum edilmişdir. Məhkəmə çəkişmə prinsipinin tələblərinə riayət etmədən iş materiallarını öz arqumentləri ilə təhlil etməklə kifayətlənmiş, tərəflərin iştirakını təmin etmədən, onların bərabərliyi prinsipinə əməl etmədən, irəli sürülmüş tələb üzrə sübutları təqdim etməsinə şərait yaratmadan işə baxmaqla iddianı təmin etməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayəinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, onlar cavabdehlə onestar.az saytı ilə bağlı xidmət müqaviləsi bağlamışlar. Bundan sonra onlar texniki tapşırıq vermişlər. Texniki tapşırığın şərtləri icra olunmamışdır. Müqavilədə və texniki tapşırıqda otuz min maşının yerləşdirilməsi göstərilsə də cavabdeh bunu etməmişdir. Telefon danışığı zamanı bu halı qəbul etmiş və müəyyən müddət ərzində həmin işləri yerinə yetirilməsini öz üzərinə götürmüşdür. Cavabdehlə bağlanan müqavilədə otuz min maşının yerləşdirilməsi göstərilməsə də telefon danışığı zamanı cavabdeh bunu qəbul etmişdir. Cavabdeh elan saytını yaratmış və otuz min maşının sayta yerləşdirilməsi öhdəliyi götürsə də 100-200 avtomobil yerləşdirmişdir. Texniki tapşırığı cavabdeh özü hazırlamış və onlara göndərmişdir. Texniki tapşırığın cavabdehə təqdim olunmasına dair sübutları yoxdur. O, Qədimin, Qədim isə onun işçisi deyildir. Onlar bir yerdə bu işi görürlər. Cavabdehə 30000 maşın elanın yerləşdirməsi və valyutanın göstərilməsi ilə bağlı əlavə razılaşma bağlanmamışdır. Lakin telefon danışığında cavabdeh bu işləri yerinə yetirməyi qəbul etmişdir. Apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Maddə 770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 185.1. İşdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Maddə 185.2. İşdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. Maddə 185.4. Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli e-2-2(115)-1417/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında podratdan irəli gələn hüquq münasibətləri yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilə etibarlı olmuş və həqiqi hüquqi nəticələr yaratmağa yönəlmişdir. Tərəflərin imzaları ilə təsdiq edilmiş və hazırda müqavilənin etibarlılığı tərəflər tərəfindən mübahisələndirilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər araslında podratdan irəli gələn müqavilə münasibətləri etibarlı olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi iddiaçı ilə cavabdeh arasında 30 noyabr 2023-cü il tarixli 200 nömrəli “Avtomobil elanı saytı onestar.az veb səhifəsinin yaradılması haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı “avtomobil elanı onestar.az” xidmətlərin göstərilməsini sifariş verib, icraçıya razılaşdırlımış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2, 1.3, 2.2, 2.4, 4.2 və 5.2-ci bəndlərində razılaşmışlar ki, göstərilən xidmətlərin həcmi müqaviləyə əlavə edilən Xidmət aktı ilə müəyyənləşdirilir. Müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair hesab-fakturada qeyd edilir. Xidmətlərin göstərilməsi 30-45 gün ərzində həyata keçirilməlidir. İcraçı sifarişçinin sifariş verdiyi “avtomobil elanı saytı onestar.az” xidmətini tapşırıq əsasında yerinə yetirir (işi icra edir). İcraçının yerinə yetirdiyi işlər işlərin icra olunması aktı imzalanmaqla sifarişçi tərəfindən təhvil alınır. Müqavilə üzrə hesablaşmalar nəğd qaydada ümumilikdə 3000 AZN olmaqla 1500 AZN avans, təhvil zamanı isə 1500 AZN olmaqla həyata keçirilir. Onestar.az avtomobil elan saytının hazırlanması üçün razılaşdırılmış müqaviləyə əlavə Texniki Tapşırıq yazılmış, texniki tapşırıqda modellərin və markaların qeyd olunması xahiş olunmuş, tapşırığın arxa vərəqəsində “Hyunday, Kia, Mercedes, BMW” nəqliyyat vastələrinin adları və modelləri göstərilsə də, texniki tapşırıq iddiaçı və cavabdeh tərəfindən imzalanmamış, texniki tapşırıqda elana yerləşdiriləcək avtomaşınların sayı göstərilməmiş və texniki tapşırığın cavabdehə təqdim olunmasına dair qeyd mövcud deyildir. İddiaçı məhkəmə iclasında texniki tapşırığın cavabdeh tərəfindən tərtib edildiyini bildirsə də bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Halbu ki, müqavilənin şərtlərinə görə görüləcək işlərin həcmi məhz texniki tapşırıqla müəyyən edilməlidir ki, texniki tapşırığın cavabdehə təqdim olunmasını iddiaçı sübut etməlidir. Bundan başqa iddiaçı cavabdeh tərəfindən otuz min avtomaşının elanı yerləşdirilməli olmasını iddia edir və cavabdeh tərəfindən üzərinə götürülmüş “qeyd olunan markalar və modellər (yəni BMW, Mercedes, Hyundai və Kia markaları və bu markaların modelləri) üzrə “encar.com” veb-saytında mövcud avtomobil modellərinin bilgilərinin, eləcə də bu əks olunan avtomobillərin tarixçəsinin, yəni keçirdiyi qəzalarının, dəyişilən detallarının və.s “onestar.az” veb-saytında əks olunacağını, bu veb-sayta əlavə olunan fotolarda “encar.com” yazısının üzərindən eyni mövqelərdə “onestar.az” yazısının öz əksini tapacağını və həmin fotoların “encar.com” saytında olduğu ilə eyni keyfiyyətdə olacağını, istifadəçilərin qeydiyyatı, yəni istifadəçilərin ad, soyad, əlaqə nömrəsi və mail qeyd etməklə, qeydiyyatdan keçib satmaq istədikləri avtomobilləri sayta əlavə etmələri üçün xüsusi bölmənin düzəldiləcəyini, qeydiyyat sonrası əlavə olunan elanların təsdiqinin admin tərəfindən aparılması üçün moderasiya bölməsinin düzəldiləcəyini, istifadəçilərin manat və ABŞ dolları valyutaları üzrə valyuta mübadiləsi edə bilməsi üçün müəyyən funksiyanın əlavə ediləcəyinə” dair öhdəliklərin icra edilmədiyini iddia edir. Lakin tərəflər arasında bağlanmış müqavilədə qeyd edilən hallarla bağlı öhdəlik müəyyən edilməmiş və qeyd edildiyi kimi texniki tapşırığın cavabdehə təqdim olunmasına dair sübutlar mövcud deyildir. Cavabdeh iddia etdiyi halların sübutu qismində cavabdehlə Qədim adlı şəxsin telefon danışığına dair səs yazılarını məhkəməyə təqdim etmişdir. Birinci instansiyası məhkəməsi həmin sübutu disk yazısının bilavasitə iddiaçıya aid olmadığından həmin diski sübut kimi tədqiq etməkdən imtina etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 12 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Formalaşmış hüquqi mövqeyə əsasən başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi qanuni sayıla bilər ki, iddiaçı məhkəmə iclasında onun Qədimin, Qədim isə onun işçisi deyildir. Onlar bir yerdə bu işi görürlər. Lakin iddiaçı və X1 şərik olmasına dair hər hansı sübut mövcud deyildir. X2 cavabdehlə bağlanan müqavilənin tərəfi olmadığından birinci instansiyası məhkəməsi audio yazını sübut qismində qiymətləndirməməkdə haqlı olmuşdur. İddiaçının iddia etdiyi öhdəliyinin cavabdeh tərəfindən qəbul edilməsinə dair yazılı razılaşma olmadığından, iddia edilən öhdəlik şərtləri müqavilədə nəzərdə tutulmadığından və texniki tapşırığın cavabdehə təqdim olunmasına dair sübut mövcud olmadığından iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız, birinci instansiyası məhkəməsinin qərarı isə qanuni olmuşdur. Beləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan, müzakirə olunan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1417/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-33/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-33/2025
27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver