Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-40/2023 02.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 və onların vəkili X2 iştirakı ilə, Gəncə Kommersiya Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli e-2-2(115)-324/2021 saylı qətnaməsindən İddiaçı MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2021-ci il 22 fevral tarixində Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən qabaqcadan ödənilmiş təhvil verilməyən yanacağın pulu olaraq 76.783,80 manat, gecikdirilmiş vaxt üçün 3.839,19 manat faiz və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 80.652,99 manat pulun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı cavabdehə qarşı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, qabaqcadan ödənilmiş təhvil verilməyən yanacağın pulu olaraq 139.826.33 manat, gecikdirilmiş vaxt üçün 6.991,3 manat faiz və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 146.847,63 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, e-2-2(115)-324/2021 saylı qətnaməsi ilə (hakim – K.Vəliyev) iddia təmin edilməmişdir.. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 11 aprel 2022-ci il tarixli, 2-2(104)-76/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilmiş, cavabdehdən qabaqcadan ödənilmiş təhvil verilməyən yanacağın pulu olaraq 139.826.33 manat, gecikdirilmiş vaxt üçün 6.991,3 manat faiz və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, cəmi 146.847,63 manat pulun alınaraq iddiaçıya verilməsi qət edilmişdir (sədrlik edən hakim – Ə.Abdullayev, hakimlər – Ş.Rzaquliyev və A.İsgəndərova). Cavabdeh həmin qətnamədən 16 iyun 2022-ci il tarixində kassasiya şikayəti verərək onun ləğv olunması, işə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(102)-527/2022 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 aprel tarixli, 2-2(104)-76/2022 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında dizel yanacağının alqısatqısına dair 2019-cu il 12 mart tarixli, 18 nömrəli müqavilə bağlanmış, müqavilənin 4.1-ci bəndinə əsasən, cavabdeh müqaviləyə uyğun olaraq alıcı tərəfindən ilkin ödəniş həyata keçirildikdən sonra 3 təqvim günü ərzində malı alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında 2019-cu il 30 oktyabr tarixində üzləşmə aktı imzalanmış, cavabdeh 132 973 litr yanacaq borcu olduğunu təsdiq etmiş, 2020-ci ilin ilk 11 ayı ərzində borclu olduğu həmin yanacağı iddiaçıya təhvil verəcəyini öhdəsinə götürmüşdür. Həmin tarixdən sonra cavabdehdə yanacaq üçün əlavə ƏDV daxil 100.842,53 manat ödəniş etmişdir. Bundan sonra cavabdehin əlavə 168.070,88 litr yanacaq borcu yaranmış və cavabdehin iddiaçıya cəmi 291.043,88 litr yanacaq borcu yaranmışdır. Cavabdeh 2019-cu il 30 oktyabr tarixindən sonra yaranan borcundan 58.000 litr yanacaq təhvil vermiş, beləliklə cavabdehin 233.043,88 litr yanacaq borcu qalmışdır. Həmin yanacaq isə 139.826,33 manat təşkil edir. İş materiallarında olan: 12 mart 2019-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki alıcı İddiaçı MMC, satıcı Cavabdeh MMC dizel yanacağının alqı-satqısı barədə razılığa gəlmişlər; 30 oktyabr 2019-сu il tarixli üzləşmə aktından görünür ki, xx.xx.2019- cu il tarixdən xx.xx.2019-cu il tarixədək, 12 mart 2019-cu il tarixli, 18 nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-nin 132 973 litr yanacaq borcu yaranmış, Cavabdeh MMC yaranmış yanacaq borcunun 132 973 litrini 2020-ci ilin 11 ayı ərzində İddiaçı MMC-yə verilməsini öz üzərinə götürmüşdür; Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/6334 saylı rəyindən görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə yola salınmış malın (dizel yanacağının) dəyərinin 1 885 490,13 manat təşkil etdiyi, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 1 881 665,79 manat məbləğində ödəniş aparıldığı nəzərə alınmaqla, İddiaçı MMC-nin Cavabdeh MMC-yə olan borcunun 3824,34 manat təşkil etdiyi müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qətnamə çıxaran zaman yalnız ekspert rəyinə istinad etmiş, rəyi əsas götürmüşdür. Halbuki, ekspert rəyi düzgün deyildir. Rəydə qeyd olunur ki, üzləşmə aktından sonra xx.xx.2020-ci il tarixdə 434135 litr, xx.xx.2020-ci il tarixdə 41000 litr yanacaq cavabdeh tərəfindən verilmişdir. Bu heç cür ağlabatan deyildir. Məhkəmə bu zaman təhvil-təslim aktlarının olub-olmamasına qiymət verməmişdir. İşdə iştirak edən şəxslərin apelyasiya məhkəməsində verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X3 apellyasiya şikayəti dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 31 yanvar 2020-ci il tarixli qaiməyə əsasən, müvafiq olaraq, 307065 litr dizel yanacaq iddiaçıya təhvil verilmişdir. İddiaçıya təhvil verilmiş həmin 307065 litr dizel yanacaq 2019-cu ilin oktyabr ayında təhvil verilmiş, daha sonra iddiaçıdan vəkalətnamə tələb edilmiş, lakin iddiaçı vəkalətnamələri təqdim etməmiş və qaimə 31 yanvar 2020-ci il tarixdə təsdiq edilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili X4 apellyasiya şikayəti dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Prosessual məsələlər İş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Həmçinin məhkəməyə məktub göndərərək onların iştirakı olmadan baxılmasını xahiş etmişlər, lakin məktub məhkəmə prosesi başa çatdıqdan sonra məhkəməyə daxil olmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Eyni zamanda Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsinin qərarındakı mövqeyi nəzərə alınmalıdır. Həmin normada göstərilmişdir ki, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, e-2-2(115)-324/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında dizel yanacağının alqı-satqısına dair 12 mart 2019-cu il tarixli 18 nömrəli müqavilə bağlanmış, müqavilənin 4.1-ci bəndinə əsasən Cavabdeh MMC müqaviləyə uyğun olaraq alıcı İddiaçı MMC tərəfindən ilkin ödəniş həyata keçirildikdən sonra 3 təqvim günü ərzində malı alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəf müqavilə üzrə öhdəliklərini yetərincə icra etmədiyindən tərəflər arasında 30 oktyabr 2019-cu il tarixdə «üzləşmə aktı» imzalanmış və cavabdeh 132 973 litr yanacaq borcu olduğunu təsdiq etmiş, 2020-ci ilin ilk 11 ayı ərzində borclu olduğu həmin yanacağı iddiaçıya təhvil verəcəyini öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi üzrə tərəflər arasında yaranmış mübahisə vurulmuş alqı-satqı müqaviləsi üzrə yaranmış mübahisədir və iddia tələbi müqavilələr üzrə yaranan öhdəliklərin icrasını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ъи маддясинин мцддяаларына эюря юhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliklərin icrası zamanı vicdanlılıq prinsipindən bəhs edən Mülki Məcəllənin 425.1ci maddəsində təsbit edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. (Mülki Məcəllənin 567 və 568.1-ci maddələri). Mülki Məcəllənin 570.1-ci maddəsində göstərilmişdir ki, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. Həmin Məcəllənin 570.2-ci maddəsində göstərilmişdir ki, alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. Mülki Məcəllənin 575.1 və 575.2-ci maddələrində göstərilmişdir ki, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, 2019-cu il 30 oktyabrda həmin tarixə qədər tərəflər arasında yanacağın təhvil-təslimi ilə bağlı üzləşmə keçirilmiş, üzləşmə zamanı cavabdehin iddiaçıya həmin tarixə 132.973 litr yanacaq borcu qaldığı müəyyən edilmiş, cavabdeh 2020-ci ilin ilk 11 ayı ərzində borclu olduqları həmin yanacağı iddiaçıya təhvil verəcəyini öhdəsinə götürmüşdür. Beləliklə, üzləşmə aktı cavabdehin həmin tarixə, yəni 2019-cu il 30 oktyabr tarixinə olan 79.783,8 manat borcu ilə bağlı tərtib edilmiş bu üzləşmə aktı sonradan yaranmış borc məbləğinin mübahisəsiz təsdiqi kimi qəbul edilə bilməz. İş materiallarına əsasən iddiaçı sonradan iddia tələbinin həcmini artıraraq cavabdehdən 139826,33 manat borcu tələb edərkən üzləşmə aktı tərtib edildikdən sonra cavabdeh tərəfindən 58000 litr (ilkin iddia ərizəsində isə yalnız 5000 litr) yanacaq təhvil verildiyini göstərmişdir. İddiaçının bu barədə bildirdiklərini iddianın təsdiqi üçün əsas hesab edən məhkəmə bununla əlaqədar hər hansı araşdırma aparmağa zərurət görməmiş, ilkin olaraq ona yalnız 5000 litr yanacaq verildiyini göstərdiyi halda, sonradan bu rəqəmin on dəfədən də çox artırılaraq cavabdehin ona üzləşmə aktı tərtib edildikdən sonra 58000 litr yanacaq təhvil verdiyi barədə göstərdiklərinə işin digər hallarını nəzərə almaqla düzgün qiymət verməmiş, iddiaçının göstərdiyi bu halların mötəbər və konkret sübutlarla təsdiq edilmədiyinə əhəmiyyət verməmişdir. Bundan başqa məhkəmə öz növbəsində tərəflər arasında təqdim etmənin müqavilədə nəzərdə tutulduğundan fərqli olaraq həyata keçirildiyinə əhəmiyyət verməmiş, yalnız iddiaçının izahatına əsaslanaraq sonuncuya sonradan 58000 litr dizel yanacağı verildiyi nəticəsinə gəlmişdir. İş materiallarından da göründüyü kimi iddiaçı yanacağın ona əvvəllər hansı formada təqdim edilməsini əks etdirən hər hansı bir sübut təqdim etməmiş, cavabdeh də yanacağı iddiaçıya təqdim etməsinin rəsmiləşdirilməsi ilə bağlı konkret dəlil irəli sürməmişdir. Yuxarıda qeyd olunanlar hallara aydınlıq gətirilməsi üçün tərəflərin məhkəmə iclasında iştirak etməsi bildiriş göndərilmiş, lakin iddiaçı tərəf bir neçə dəfə məhkəmə iclası təxirə salınmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Bundan başqa birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 2021-ci il 13 oktyabr tarixli, 9/6334 saylı rəyinin nəticə hissəsində göstərilmişdir ki, 2019-ci il 12 mart tarixindən 2020-ci il 7 mart tarixinədək olan dövr ərzində cavabdeh tərəfindən iddiaçıya yola salınmış malın (dizel yanacağının) dəyərinin 1.885.490,13 manat təşkil etdiyi, iddiaçı tərəfindən cavabdehə 1.881.665,79 manat məbləğində ödəniş aparıldığı nəzərə alınmaqla, iddiaçının cavabdehə olan borcunun 3.824,34 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi ilə cavabdehin iddiaçı qarşısında ödənilməmiş yanacaq borcunun olmadığı, əksinə olaraq iddiaçının cavabdehə 3824.34 manat pul borcu olduğu müəyyən olunmuşdur. Məhkəmə 2019-сu il 30 oktyabr tarixli üzləşmə aktı ilə ekspert rəyinin sübut qüvvəsini müqayisəli şəkildə dəyərləndirərək belə hesab etmişdir ki, ekspert rəyində borcun mövcudluğuna qaimə fakturalar və digər hesabat sənədlərinə istinadən konkret rəqəmlərlə aydınlıq gətirilmişdir. Ekspert rəyi mənbəyi bəlli olan məlumatlara əsaslanmaqla daha dolğun məzmuna malik olduğuna görə də daha artıq sübuti əhəmiyyət daşıyır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, tərəflər arasında imzalanmış 2019-ci il 12 mart tarixli, 18 nömrəli alqı-satqı müqaviləsinin 4.2-ci bəndinə əsasən satıcı malın təhvil verilməsi ilə birlikdə hesab fakturasını və digər zəruri sənədləri alıcıya təqdim etməlidir. İş materiallarında isə iddiaçı tərəfindən 14 yanvar - 17 fevral 2020-ci illəri əhatə edən bank ödəniş sənədləri, cavabdehin təqdim etdiyi elektron qaimələr, onlara uyğun olaraq malların alınması üçün iddiaçının verdiyi rəsmi vəkalətnamələr (15 mart 2019, 29 mart 2019, 09 aprel 2019-cu il, 09 may 2019, 05 iyun 2019, 02 iyul 2019, 01 avqust 2019, 01 sentyabr 2019, 01 fevral 2020-ci il) satılan malların hesabatı, müvafiq kassa çekləri vardır. İddiaçı isə ona həqiqətən verildiyini etiraf etdiyi dizel yanacağının cavabdehdən alınmasına dair hər hansı digər əlavə sənədlər təqdim etməmiş, bununla da MPM-nin 14.2 və 77.1-ci maddələri ilə üzərinə düşən sübutetmə və təqdim etmə vəzifələrini icra etməmişdir. Bundan başqa cavabdeh tərəf qeyd etmişdir ki, 31 yanvar 2020-ci il tarixli qaiməyə əsasən, müvafiq olaraq, 307065 litr dizel yanacaq iddiaçıya təhvil verilmişdir. İddiaçıya təhvil verilmiş həmin 307065 litr dizel yanacaq 2019-cu ilin oktyabr ayında təhvil verilmiş, daha sonra iddiaçıdan vəkalətnamə tələb edilmiş, lakin iddiaçı vəkalətnamələri təqdim etməmiş və qaimə 31 yanvar 2020-ci il tarixdə təsdiq edilmişdir. İş materiallarında olan vəkalətnaməsiz elektron qaimələrə münasibətdə cavabdeh tərəf qeyd etmişdir ki, dizel yanacaq iddiaçıya tam təhvil verilmiş, lakin vəkalətnamələr iddiaçı tərəfindən onlara təqdim edilməmişdir. Bundan əlavə ekspertiza rəyindən də müəyyən edilir ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə yola salınmış malın (dizel yanacağının) dəyərinin 1 885 490,13 manat təşkil etdiyi, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 1 881 665,79 manat məbləğində ödəniş aparıldığı nəzərə alınmaqla, İddiaçı MMC-nin onlara olan borcunun 3824,34 manat təşkil etdiyi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı yuxarıda qeyd olunan ziddiyyətlərin aradan qaldırılması üçün dəfələrlə məhkəmə iclasına dəvət edilmiş, lakin heç bir üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişdir. Bundan başqa üzləşmə aktının imza edilməsi tərəflər arasında olan münasibətlərə görə, cavabdehin etirafedici hərəkəti kimi anlaşılan olsa da, hüquqi şəxsin rəhbəri məhkəmə iclasında borcu qəbul etməmiş və akta imzanı onun üçün məcburi olan şəraitdə etdiyini bildirmişdir. Etirafedici hərəkət faktlara əsaslandıqda hüquqi nəticə yaratmış olur. Ekspert rəyində borcun mövcudluğu təsdiqini tapmamışdır. İşin bu halı isə belə qənaətə gəlməyə əsas verir ki, həmin aktda borcun etiraf edilməsi şəxsin həqiqi niyyətinə uyğun olmamış, gerçəkliyi ehtiva etməmişdir. Beləliklə də, iddiaçı tərəf cavabdeh tərəfin yuxarıda qeyd edilən dəlillərini təqzib edəcək heç bir sübut təqdim etməmiş və bu ziddiyyətlərin aradan qaldırılması üçün məhkəmə iclasına dəvət edilmiş, lakin məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, ... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır). Qeyd olunanlara əsasə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli e-2-2(115)- 324/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas vermir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əssən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli e-2-2(115)-324/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(104)-40/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-40/2023
02.02.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver