Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-41/2023 06.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-1240/2022 saylı qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, 16391 manat borc və 200 manat mediasiya rüsumunun Cavabdeh İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli e-2-2(115)-1240/2022 nömrəli (hakim: K.Vəliyev) qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında bağlanmış 20 noyabr 2018ci il tarixli “X5 istehsalının stimullaşdırılması üzrə Xidmət və Satınalma müqaviləsi”-nə əsasən cavabdeh 15 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə, ümumilikdə 525 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə cavabdehə məxsus sahəyə cəmiyyət tərəfindən 11178.50 manat dəyərində mal və xidmət satılmaqla, habelə 5212.50 manat avans olaraq kart hesabına köçürülməklə, ümumilikdə 16391 manat dəyərində xərc çəkilmişdir. Cavabdeh tərəfindən isə iddiaçıya həmin məbləğin qarşılığında şəkər çuğunduru təhvil verilməmiş və ya həmin məbləğ geri ödənilməmişdir. Nəticədə cavabdehin cəmiyyətə 16391 manat borcu yaranmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndini düzgün qiymətləndirməmişdir. Belə ki, həmin bənddə qeyd edilmişdir ki, İddiaçı MMC-nin nümayəndəsi əkinçinin torpaq sahəsinə baxış keçirərək şəkər çuğundurunun səmərəli əkin üçün yararlığı, suvarma suyu ilə tam təmin olunması və s. məsələləri əsas götürərək uyğunluq barədə müvafiq rəy bildirməlidir. Müqavilənin bəndindən də aydın olur ki, burada yazılı mütəxəssis rəyindən söhbət gedə bilməz. Burada yalnız söhbət nümayəndənin əraziyə baxış keçirib, torpaq sahəsinin əkin üçün yararlı olub-olmamasından gedir ki, həmin əraziyə də əkindən qabaq "xxxx" MMC-nin nümayəndəsi - aqronomu baxış keçirib və müqavilə bağlanması üçün əkin sahəsinin yararlı olması barədə rəhbərliyə şifahi rəy bildirmişdir. Bundan sonra tərəflər arasında müqavilə bağlanmışdır. Həmçinin, müqavilənin 3.5-ci bəndi də düzgün qiymətləndirilməmişdir. Belə ki, Cavabdeh fərdi sahibkardır və fiziki şəxs kimi vergi ödəyicisidir. Azərbaycan Respublikasının Vergi qanunvericiliyi tələb edir ki, vergi ödəyicisi olan hər bir fərdi sahibkara satılan mal və xidmət elektron qaimə-faktura təqdım edilməklə həyata keçirilməlidir. Belə olmayan halda Vergi orqanı tərəfindən Azərbaycan Respublikası Vergi qanunvericiliyinin 58.13 (Elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdan-satış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir) maddəsində müəyyən edilmiş sanksiyalar tətbiq edilir. Bu səbəbdən də Azərbaycan Respublikasının Vergi qanunvericiliyini rəhbər tutaraq, müqavilənin icrası ilə əlaqədar cavabdehə satılmış mal və xidmətlər elektron qaydada həyata keçirilmiş və təqdim edilmiş qaimələr cavabdeh tərəfindən elektron qaydada qəbul edilmişdir. Cavabdehə təqdim edilmiş elektron qaimə-fakturalar işə əlavə edilmişdir. Buna görə də məhkəmənin iddiaçının cavabdehə satılmış mal (gübrə və dərmanın) və xidmətlərlə bağlı sübutların təsdiqini tapmaması ilə bağlı gəldiyi qənaət düzgün olmamışdır. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanan müqavilə podrat müqaviləsinə uyğun gəldiyi üçün iddia müddəti ötürülmüşdur. Halbuki adından da göründüyü kimi bu müqavilə “X5 istehsalının stimullaşdırılması üzrə xidmət va satınalma” müqaviləsidir. Müqavilədə tərəflər "xxxx" və İstehsalçı/Əkinçi olaraq aydın yazılmış və tərəflərin öhdəlikləri qeyd edilmişdir. Müqavilə üzrə məhsulu yetişdirən və "xxxx"-ə təhvil verən tərəf də İstehsalçı/Əkinçidir, yəni cavabdeh tərəfdir. Belə ki, müqavilənin 4.3 maddəsində də İstehsalçı/Əkinçi öhdəllyinə götürür ki, şəkər çuğundurunu yetişdirib istehsal edib, "xxxx"-ə təhvil verəcəkdir. Burada podrat müqaviləsindən (sifarişçı və icraçıdan) söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinın 373.2-ci maddəsində qeyd edilir ki, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, şikayətin və iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh və onun nümayəndəsi (vəkil) Vəkil məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini qəbul etməyərək, sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: 20 noyabr 2018-ci il tarixli "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış “X5 istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”-dən görünür ki, Cavabdeh 15 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə, ümumilikdə 525 ton məhsulu istehsal edib İddiaçınə satmağı öhdəsinə götürmüşdür. Həmin müqaviləsinin 2.1-ci bəndinə əsasən istehsalçı/əkinçi öz qanuni istifadəsində olan torpaq sahəsində "xxxx"in aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi texniki vasitələri ilə şəkər çuğunduru bitkisini intensiv yolla becərməli və əldə edilmiş məhsulun hamsını bu müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada "xxxx"ə təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərə əsasən hər bir çuğundurun çəkisi 250 qramdan az olmamalıdır. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən "xxxx"-in nümayəndəsi “İstehsalçı/Əkinçi”-nin torpaq sahəsinə baxış keçirərək şəkər çuğundurunun səmərəli əkini üçün yararlığı, suvarma suyu ilə tam təmin olunması və s. məsələləri əsas götürərək uyğunluq barədə öz rəyini bildirir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, işin hallarından və tərəflər arasında olan xidmət və satınalma müqaviləsinin məzmunundan da göründüyü kimi tərəflərin qarşılıqlı şəkildə üzərinə götürdüyü öhdəliklərin məqsədi müəyyən edilmiş normadan az olmayan keyfiyyətli məhsulun əldə edilməsinə yönəlmişdir. Yəni müqavilənin məqsədinə bütünlüklə nail olmaq o halda mümkün ola bilərdi ki, hər bir tərəf öz üzərinə düşən öhdəliyi tam icra etmiş olsun. İşin hallarından göründüyü kimi İddiaçı MMC müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini tam şəkildə yerinə yetirməmişdir. Belə ki, "xxxx" öz üzərinə götürdüyü öhdəliyə uyğun olaraq məhsulun torpaqdan çıxarılmasını təmin etməmişdir. Əgər əkilən sahədə məhsul bütünlüklə yetişməmişdirsə və buna görə də həmin əraziyə texnikanın göndərilməsinə lüzum qalmamışdırsa, bu məsələ yerində müvafiq qaydada istehsalçının iştirakı ilə sənədləşdirilməli idi. Lakin bu barədə hər hansı sənəd tərtib edilməmişdir. Bundan əlavə müqavilənin şərtlərindən göründüyü kimi "xxxx" əlavə 2-də göstərilən aqrotexniki tədbirlərə aid hər bir borclanmanı müvafiq sənəddə göstərməli və tərəfin imzasına təqdim etməlidir. Belə bir yazılı sənəd mövcud deyildir. Bir halda ki, bu öhdəliyin icrası müqavilədə nəzərdə tutulmuşdur, qarşı tərəfin sahibkar statusunun olub-olmamasından asılı olmayaraq yerinə yetirilməlidir. Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC müqavilə üzrə öz öhdəliklərini tam icra etməmiş, bununla da müqavilənin məqsədinə çatmamağa şərait yaratmışdır. Tərəflər arasında bağlanmış “X5 istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma” müqaviləsi əvəzli müqavilədir. Müqavilənin müddəaları hüquqi mahiyyətinə görə və məzmun baxımından podrat müqaviləsinə uyğundur. Çünki, podrat müqaviləsinə görə öhdəlik borclunun kreditor qarşısında iş görməsindən və görülmüş işin nəticəsinin təhvil verilməsindən irəli gəlir. Müqavilənin alqı-satqı müqaviləsindən fərqi ondan ibarətdir ki, alqı-satqı zamanı müqavilənin predmeti bir qayda olaraq müqavilə bağlanan anda mövcud olur və həmin predmeti satıcı tərəf yaratmaya da bilər. Hazır şəkildə əldə etdiyi məhsulu istənilən şəxsə sata bilər. Bundan fərqli olaraq podrat müqaviləsində müqavilənin predmeti müqavilə bağlanan anda mövcud olmur. Onu podratçı öz əməyi və fəaliyyəti ilə sonrakı mərhələdə yaradır. Podratçı sifarişçinin tapşırığı ilə müəyyən olunmuş müddət ərzində işlər görür və görülmüş işlərin maddi vəziyyətə gətirilmiş nəticəsini başqa şəxsə deyil, yalnız sifarişçiyə təhvil verir. Podrat müqaviləsindən irəli gələn öhdəlik həm əmlak mübadiləsini, həm də əmlakın yaradılması üçün podratçının iş fəaliyyətini ehtiva etmişdir. Müqavilə şərtlərinə görə hazırkı iş üzrə istehsalçı-əkinçi "xxxx" tərəfindən ona verilmiş olan pulun və göstərmiş maddi texniki xidmətlərin müqabilində müqavilədə nəzərdə tutulmuş miqdarda və ölçülərdə şəkər çuğunduru istehsal edib "xxxx"-ə təhvil verməli idi. Əgər, podratçı öz üzərinə düşən öhdəliyi istər keyfiyyət, istərsə də kəmiyyət baxımından lazımi qaydada icra etməmişdirsə, bu hal, qüsurlu icra sayılır. Bununla bağlı tələb isə bir il ərzində irəli sürülə bilər. “X5 istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma” müqaviləsi 20 noyabr 2018-ci il tarixdə bağlanmış və müqavilədə öhdəliyin icrası müddəti 1 il müəyyən edilmişdir. Həmin müqavilənin 6.1ci maddəsinə əsasən, müqavilə imzalandığı andan qüvvəyə minir və 12 (on iki) ay müddətinə qüvvədədir. Müqavilənin müddətinin bitməsi tərəfləri öz öhdəliklərini yerinə yetirməkdən azad etmir. Şəkər çuğunduru müqavilə müddəti ərzində yalnız bir dəfə istehsal oluna bilərdi, qeyd edilən 1 illik müddət 20 noyabr 2019-cu il tarixdə bitmişdir. İddiaçı isə ilkin olaraq 19 noyabr 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Həmin iş üzrə 04 aprel 2022-ci il tarixli e-2-2(115)-1113/2022 nömrəli baxılmamış saxlama barədə qərardad qəbul edilmişdir. Hazırkı tələb üzrə yenidən 06 iyun 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hər iki halda qanunla müəyyən edilmiş bir illik iddia müddəti ötürülmüşdür. Müddətin ötməsini istisna edən hallar mövcud deyildir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Qətnamədən göründüyü kimi iddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi bir tərəfdən iddiaçı tərəfindən müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməməsinə ("xxxx" öz üzərinə götürdüyü öhdəliyə uyğun olaraq məhsulun torpaqdan çıxarılmasını təmin etməməsinə), digər tərəfdən tərəflər arasında bağlanmış müqavilənin podrat müqaviləsinin ünsürlərini əhatə etdiyinə görə iddiaçının müvafiq iddia ilə məhkəməyə müraciət etməsi üçün bir illik iddia müddətini buraxmasına istinad etmiş, cavabdeh isə həm birinci instansiya məhkəməsinin, həm də məhkəmə kollegiyasının iclasında verdiyi izahatında toxumun keyfiyyətsiz olduğunu, gübrə və dərmanının verilmədiyini, habelə iddiaçıya müraciət etməsinə baxmayaraq, məhsulun vaxtında çıxarılmadığını və iddiaçının 3 ildən sonra məhkəməyə müraciət etməklə iddia müddətini ötürdüyünü göstərmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-ci maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 20 noyabr 2018-ci il tarixli “X5 istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”-dən görünür ki, Cavabdeh 15 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə, ümumilikdə 525 ton məhsulu istehsal edib İddiaçınə satmağı öhdəsinə götürmüşdür. İddiaçı MMC bu məqsədlə cavabdehə məxsus sahəyə 11178.50 manat dəyərində mal və xidmət satılmaqla, habelə 5212.50 manat avans olaraq kart hesabına köçürülməklə, ümumilikdə 16391 manat dəyərində xərc çəkmişdir. Cavabdeh isə müqavilədə nəzərdə tutulan miqdarda çuğunduru iddiaçıya təhvil verməmişdir. Nəticədə cavabdehin cəmiyyətə 16391 manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırmışdır. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işin mübahisə olunmayan tərəfidir ki, İddiaçı 15 hektar sahədə şəkər çuğunduru əkmək və hər hektardan 35 ton məhsul əldə etməklə, ümumilikdə 525 ton məhsulu istehsal edib ona satması üçün Cavabdeh 11178.50 manat dəyərində mal və xidmət satılmaqla, habelə 5212.50 manat avans olaraq kart hesabına köçürülməklə, ümumilikdə 16391 manat dəyərində ödəniş etmişdir. Belə ki, apellyasiya instansiyasında icraat zamanı məhkəmə kollegiyasına təqdim edilmiş 15 dekabr 2020-ci il tarixdə Cavabdeh tərəfindən yazılmış ərizədən görünür ki, sonuncu 20 noyabr 2018-ci il tarixli 029 nömrəli müqavilə üzrə İddiaçınə 16391 manat borcu olmasını qəbul etmişdir. Həmçinin məhkəmə kollegiyası cavahdehin iddiaçı tərəfindən müqavilə üzrə öhdəliyin lazımi qaydada icra edilməməsi, yəni "xxxx"-in öz üzərinə götürdüyü öhdəliyə uyğun olaraq məhsulun torpaqdan çıxarılmasını təmin etməməsi, gübrə və dərmanının verilməməsi barədə dəlilləri bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin istehlakçı/əkinçi-nin hüquq və öhdəliklərini tənzimləyən 4.4-cü bəndindən görünür ki, istehsalçı/əkinçi öhdəsinə götürür ki, əkinin xəstəliyi və ya hər hansı bir riski ilə əlaqədar zamanında müdaxilə etməli və AŞİB-dən məsləhət köməkliyi tələb etməlidir. Müqavilənin 9.4-cü bəndinə görə isə, tərəflər bir-birinə olan bildirişləri, xəbərdarlıqları və.s sənədləri tərəfin hüquqi ünvanına xəbərnaməli məktub və ya teleqramla göndərməlidir. Göründüyü kimi, tərəflər müqavilə üzrə öz hüquq və öhdəliklərini, habelə həmin hüquq və öhdəliklərin həyata keçirilmə qaydalarını müəyyən etmişlər. Cavabdeh tərəf iddiaçının öz üzərinə götürdüyü öhdəliyə uyğun olaraq məhsulun torpaqdan çıxarılmasını təmin etməməsini, gübrə və dərmanın verilməməsini qeyd etsə də, lakin həqiqətən iddiaçıya bu barədə bildiriş, xəbərdarlıq, habelə müvafiq məlumat verməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə tələbinin əsaslandırılması üçün hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə, cavabdeh iddiaçı tərəfindən təqdim olunmuş şəkər çuğunduru toxumunun keyfiyyətsiz olduğunu vurğulasa da, lakin məhkəməyə həmin halı təsdiq edəcək hər hansı mötəbər sübut təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdehin həmin dəlilini iddianın rədd edilməsinə əsas verəcək sübut kimi qəbul etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 768.1 və 768.1.1-ci maddələrində də göstərilir ki, sifarişçidən alınmış material keyfiyyətsiz və yararsız olduqda podratçı sifarişçini vaxtında xəbərdar etməyə borcludur. Kollegiya birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən müvafiq iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddia müddətinin ötürülməsinə dair əsaslandırması ilə də razılaşmır. Çünki tərəflər arasında bağlanmış 20 noyabr 2018-ci il tarixli “X5 İstehsalının Stimullaşdırılması üzrə Xidmət və Satınalma Müqaviləsi”nin məzmunundan da göründüyü kimi həmin müqavilə qarışıq müqavilə olmaqla özündə podrat, xidmət və alqı-satqı müqavilələrinin əlamətlərini ehtiva edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğısatqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə tərəflər arasında bağlanmış 20 noyabr 2018-ci il tarixli “X5 İstehsalının Stimullaşdırılması üzrə Xidmət və Satınalma Müqaviləsi”nin podrat müqaviləsinə oxşar şərtləri, yəni həmin müqavilədə podrat müqaviləsinin ünsürləri olmuş olsa da, həmin müqavilə podrat müqaviləsi kimi qiymətləndirilə bilməz. Çünki podrat müqaviləsinə görə podratçı sifarişçinin verdiyi muzd müqabilində ya sifarişçinin verdiyi, ya da özünün əldə etdiyi materiallar əsasında məhsulu hazırlayır. Məhsulu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məhsula mülkiyyəti sifarişçiyə verir. Hazırkı halda isə istehsalçı iddiaçının təqdim etdiyi xidmət, toxum, gübrə, pestisidlər və texnika ilə, həmçinin avans olaraq köçürülmüş pul vəsaiti ilə mülkiyyətində olan və ya icarəyə götürdüyü torpaq sahəsinə şəkər çuğunduru əkib, yetişdirir və həmin məhsulu çıxararaq iddiaçıya təhvil verir, həm də yetişdirdiyi məhsuldan özü üçün qazanc əldə edir. Bu müqavilə bağlanarkən iddiaçının marağı çəkdiyi xərc dəyərində məhsulu istehsalçıdan (cavabdehdən) qəbul etmək, istehsalçının (cavabdehin) marağı isə daha keyfiyyətli məhsul yetişdirməklə qazanc əldə etməkdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 776.1-ci maddəsinə əsasən, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Birinci instansiya məhkməsi də məhz həmin normaya istinad edərək iddianı təmin etməmişdir. Hazırkı halda iddiaçının iddia ilə məhkəməyə müraciət etməsinin səbəbi cavabdehin təhvil verdiyi məhsulun qüsurlu olması ilə yox, cavabdehin müqavilə şərtlərini lazımi qaydada icra etməməsi, yəni müqavilə ilə şərtləşdirilmiş qaydada şəkər çuğunduru əkilmiş torpaq sahəsinin hər hektarından 35 ton şəkər çuğunduru yığıb təhvil verməməsidir. Göründüyü kimi iddiaçının hazırkı iddia ilə müraciət etməsinin səbəbi cavabdeh tərəfindən yetişdirilərək təhvil verilmiş X5nun qüsurlu olması ilə yox, cavabdeh tərəfindən müqavilə şərtlərinin qüsurlu icrası ilə, yəni müqavilə ilə şərtləşdirilmiş məbləğdə məhsulun təhvil verilməməsi ilə bağlıdır. İcranın qüsuru dedikdə isə podratçı tərəfindən hazırlanmış məmulatın (məhsulun) şərtləşdirilmiş keyfiyyətdə olmaması anlaşılır. Odur ki, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi Mülki Məcəllənin 776.1-ci maddəsinə istinad edib iddianı təmin etməməkdə haqlı olmamışdır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir və iddiaçı da məhkəməyə hazırkı iddia ilə üç illik iddia müddəti daxilində müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (MM-in 375.1 və 375.2 maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda müqavilə 12 ay müddətinə bağlanmış və müqavilənin icra müddəti 20 noyabr 2019-cu il tarixdə bitmişdir. İddiaçı isə hazırkı iddia ilə məhkəməyə 10 iyun 2022-ci il tarixdə müraciət etmiş, beləliklə də 3 illik iddia müddətini ötürməmişdir. Göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 20 noyabr 2018-ci il tarixli “X5 İstehsalının Stimullaşdırılması üzrə Xidmət və Satınalma Müqaviləsi”nə əsasən iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirdiyi halda cavabdeh tərəf öhdəliklərini icra etməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən təqdim edilmiş cavabdehin iddiaçıya ünvanladığı ərizəsindən görünür ki, həmin ərizəsində o, xx.xx.2018-ci il tarixli 16391 manat məbləğində borcunun yarandığını etiraf edərək həmin borcu 2021-2022-ci ildə əkəcəyi məhsulun hesabına ödəyəcəyini bildirmişdir. Qeyd edilən ərizədə göstərilənlər də cavabdehin iddiaçı ilə bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəliklərini icra etmədiyini təsdiq edir. Həmçinin, işin 29-cu səhifəsindəki ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 13 may 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC 200 manat mediasiya xərci ödəmişdir. Kollegiya hesab edir ki, mediasiya xərcinin əvəzi 200 manat da Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə səhv nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilərək qətnamə ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-1240/2022 saylı qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. Cavabdeh 16391 (on altı min üç yüz doxsan bir) manat borc və 200 manat mediasiya rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(104)-41/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-41/2023
06.02.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver