Məhkəmə qərarları › İş №2-2(104)-43/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-43/2023

19.10.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-43/2023 19.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-nin nümayəndələri X11 və Vəkil3, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1, üçüncü şəxs Samux Rayon İcra Hakimiyyətinin nümayəndələri X6 və X12 iştirakları ilə, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(115)-450/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: 07 may 2007-ci il tarixli 07 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Samux Rayon İcra Hakimiyyəti tərəfindən Samux rayonu ərazisində “Boz dağ” massivində yerləşən 35-36 nömrəli sahədən 300 hektar qış otlaq sahəsi qoyunçuluğu inkişaf etdirmək məqsədilə 15 il müddətinə icarəçi Cavabdeh3 icarəyə verilmişdir. Həmin müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. 07 may 2007-ci il tarixli 08 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Samux Rayon İcra Hakimiyyəti tərəfindən Samux rayonu ərazisində “Boz dağ” massivində yerləşən 35-36 nömrəli sahədən 300 hektar qış otlaq sahəsi qoyunçuluğu inkişaf etdirmək məqsədilə 15 il müddətinə icarəçi Əliyeva Nazilə İslam qızına icarəyə verilmişdir. Həmin müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Samux Rayon İcra Hakimiyyəti başçısının 14 noyabr 2016-cı il tarixli 121 nömrəli sərəncamından çıxarışdan görünür ki, Samux rayonu “Boz dağ” massivi 34 saylı qışlaqdan 48 ha, 36 saylı qışlaqdan 183 ha, 37 saylı qışlaqdan 516 ha və 38 saylı qışlaqdan 453 ha olmaqla, qış otlaq sahələrinin əkinə yararlı, relyefi düzənlik hissələrindən 1200 ha qış otlaq sahəsinin kateqoriyasının və təyinatının dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilməsi nəzərdə tutulmuşdur. Həmin ərazilərdə örüş sahələrindən qanuna uyğun olaraq istifadə edən icarəçilərin digər ərazilərdə yerləşdirilməsi və icarə müqavilələrində qismən dəyişiklik edilməsi işlərinin qanuna müvafiq qaydada həyata keçirilməsi məqsədilə qərara alınmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 10/4pr nömrəli protokolunu əldə rəhbər tutularaq Samux rayonunda iri taxılçılıq, yemçilik təsərrüfatlarının yaradılması məqsədilə “Boz dağ” massivi qış otlaq sahələrində yerləşən icarəçilər X7, X4, X13, X8, Cavabdeh3, Əliyeva Nazilə İslam qızının və X9 icarəsində olan 34 saylı qışlaqdan 48 ha, 36 saylı qışlaqdan 183 ha, 37 saylı qışlaqdan 516 ha və 38 saylı qışlaqdan 453 ha olmaqla, qış otlaq sahələrinin əkinə yararlı, relyefi düzənlik hissələrindən 1200 hektarın geri alınsın, “Boz dağ” qış otlaq sahələrindən 1200 hektar torpaq sahəsinin dövlət ehtiyyat fonduna keçirilməsi ilə əlaqədar həmin ərazidə yerləşən, icarəçilərə qış otlaq sahəsinin icarəyə verilməsinə dair Samux Rayon İcra Hakimiyyəti başçısının sərəncamlarında və icarəçilərlə bağlanmış icarə müqavilələrində müvafiq dəyişikliklər edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №-li hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Samux rayonu, “Boz dağ” massivində yerləşən 1200 ha torpaq sahəsi üzərəində "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixdən xx.xx.2065-ci ilədək (qırx doqquz il) müddətə icarə müqaviləsi əsasında istifadə hüququ dövlət qeydiyyatına alınmışdır. Samux Rayon İcra Hakimiyyəti başçısının 12 fevral 2018-ci il tarixli 14 nömrəli sərəncamından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 saylı Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair “X37”ni rəhbər tutaraq, Samux rayonunda aqroparkların salınması, iri taxılçılıq, yemçilik təsərrüfatlarının yaradılması üçün “Boz dağ” massivi 34 saylı qış otlaq sahəsindən 48.05 hektar, 35 saylı qış otlaq sahəsindən 78.18 hektar və 36 saylı qış otlaq sahəsindən isə 153.77 hektar olmaqla, cəmi 280 hektar qış otlaq sahəsi üzərində torpaqdan istifadə hüququna xitam verilmiş və torpaq sahələri geri alınmış, “Boz dağ” qış otlaq sahələrindən 280 hektar torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsinə verilməsi ilə əlaqədar həmin ərazidə yerləşən, qış otlaq sahələrinin icarəyə verilməsinə dair Samux Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları ləğv edilmiş və icarəçilərlə bağlanmış icarə müqavilələri qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyəti Başçısının sərəncamından 15 fevral 2018-ci il tarixli 18 nömrəli çıxarışdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 saylı Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair “X37”ni əldə rəhbər tutaraq, Samux rayonunda aqroparkların salınması, iri taxılçılıq, yemçilik təsərrüfatlarının yaradılması üçün “Boz dağ” massivi 34 saylı qış otlaq sahəsindən 48.05 hektar, 35 saylı qış otlaq sahəsindən 78.18 hektar və 36 saylı qış otlaq sahəsindən isə 153.77 hektar olmaqla, cəmi 280 hektar qış otlaq sahəsi İddiaçı MMC-yə 49 il müddətinə icarəyə verilmişdir. Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyəti Başçısının sərəncamından 31 avqust 2017-ci il tarixli 107 nömrəli çıxarışdan görünür ki, Samux rayonu “Bozdağ” massivi 35, 36 və 37 saylı sahələrdən təyinatı üzrə istifadə edilmədiyindən 35 saylı sahədən 143.4 ha, 36 saylı sahədən 75.05 ha və 37 saylı qış otlaq sahəsindən isə 11.55 ha, ümumilikdə 230 ha qış otlaq sahəsinin geri alınması qərara alınmışdır. Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyəti Başçısının sərəncamından 05 sentyabr 2017-ci il tarixli 111 nömrəli çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Prezidentinin ölkədə iri taxılçılıq təsərrüfatlarının, aqroparkların yaradılması istiqamətində verdiyi tapşırıqların icrasının təmin edilməsi məqsədilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2017-ci il tarixli 38s saylı Sərəncamı ilə əkin kateqoriyasına keçirilmiş və "xxxx" MMC-nin istifadəsinə verilmiş 1200 ha torpaq sahəsinə yaxın olan rayonun “Boz dağ” massivində yerləşən dövlət fond toprpaqları sahələrindən ümumilikdə 230 hektar torpaq sahəsinin ayrılaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 49 il müddətinə icarəyə verilmişdir. 15 fevral 2018-ci il tarixli 04 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Samux Rayon İcra Hakimiyyəti tərəfindən Samux rayonu ərazisində “Boz dağ” massivində yerləşən 34, 35, 36 nömrəli sahələrdən 280 hektar qış otlaq sahəsi aqroparkın salınması, iri taxılçılıq, yemçilik təsərrüfatlarının yaradılması məqsədilə 49 il müddətinə icarəçi İddiaçı MMC-nin direktoru X17 icarəyə verilmişdir. Samux Rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri X26, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi X18, İddiaçı MMC-nin mühafizə xidmətinin rəisi X27, İddiaçı MMC-nin nəzarətçisi, Kənd Təsərrüfatı Nazirliyinin Samux DAİM-nin direktor müavini X22, Kənd Təsərrüfatı Nazirliyinin Samux DAİM-nin bitkiçilik sektorunun müdiri X14, Samux rayonu Lək kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi X23, Lək kənd Bələdiyyəsinin sədri X19, Samux rayon Polis şöbəsinin Lək kəndi üzrə sahə müvəkkili X20 tərəfindən tərtib edilmiş 28 yanvar 2021-ci il tarixli aktdan görünür ki, Samux rayonunun inzibati ərazisi daxilində fəaliyyət göstərən İddiaçı MMC-nin icarəsində olan torpaq sahəsində elit repreduksiyalı buğda əkilmiş 93 hektar ərazisi olan 4№-li pivotun 30 hektarına qonşu ərazidə yerləşən fiziki şəxs Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ailəsinə məxsus xırdabuynuzlu heyvan sürüsü tərəfindən otarılaraq ziyan vurulmuşdur. İddiaçı MMC-nin baş aqronomları Turgay Beyazçiçek və İxtiyar Əsədov, aqronom Yusif Məmmədov, tərəzi operatoru Ziya Əhmədov, nəzarətçi Bəhman Rzayev və mühafizə rəisi İlqar Babayev tərəfindən tərtib edilmiş 02 iyul 2021-ci il tarixli aktdan görünür ki, İddiaçı MMC-yə məxsus Samux rayonu inzibati sərhəddinə aid olan hissəsində yerləşən 4 nömrəli pivotun altında “Qırmızıgül” R1 repreduksiyalı toxumluq buğda bitkisi biçilərək yekunlaşmışdır. Biçin zamanı 4 nömrəli pivotun otarılaraq ziyan vurulmuş 30 hektardan 95.4 ton məhsul biçilmişdir. İddiaçı MMC-nin Samux rayonunun inzibati sərhədinə aid olan hissəsində əkilən buğda bitkisinə dəymiş ziyanı müəyyən olunması haqqında mütəxəssis Samux DAİM-in Bitkiçilik sektorunun müdiri X14 tərəfindən verilmiş 14 iyun 2021-ci il tarixli rəydən görünür ki, həmin sahədə əkilən buğda bitkisi xırdabuynuzlu heyvanlar tərəfindən müxtəlif dərəcədə otarıldığına görə aşağıdakı kimi ziyan dəydiyi müəyyənləşdirilmişdir: Ərazinin 5,0 hektarında məhsuldarlıq 50% (12.5 ton), 15 hektarında 40% (30 ton) və 10,0 hektarda isə 20% (10 ton) məhsul itkisinə yol verildiyi gözlənilir. Ümumilikdə 30 hektarda əkilən “Qırmızıgül” Elit repreduksiyalı toxumluq buğda sahəsindən əldə ediləcək “Qırmızıgül” R1 repreduksiyalı toxumluq buğda (orta məhsuldarlığı hektara 50 sentner) əkininə 52.5 ton ziyan dəydiyi gözlənilir. Ziyan dəymiş 30 hektar toxumluq buğda sahəsi toxumluq üçün lazım olan tələbləri ödəmədiyi üçün AXA LESM Göygöl RM-nin mütəxəsisləri tərəfindən çıxdaş edilmişdir. Aqrobasiyadan əvvəl toxumluq əkinlərə baxış keçirilməsi barədə 0853 nömrəli aktdan görünür ki, 01 iyun 2021-ci il tarixində Goranboy rayonunun Faxralı kəndində fəaliyyət göstərən İddiaçı MMC toxumçuluq təsərrüfatının (Təsərrüfat rəhbəri Məmmədova Xatirə F.) toxumluq əkinlərində aqrobasiya aparılması üçün, həmin əkin sahələrinə baxış keçirilmiş və baxış zamanı 134 hektar sahədə əkilən “Qırmızıgül” Elit repreduksiyalı toxumluq buğdanın 104 hektarından 50-55 s məhsul götürülmüş, 30 hektar sahənin məhsulu bitki inkişafdan qaldığı üçün çıxdaş edilmişdir. xx.xx.2020-ci il tarixli 003660 nömrəli, xx.xx.2020-ci il tarixli 003672 nömrəli, xx.xx.2020-ci il tarixli malların fiziki şəxslərə təhvili-qəbulu qəbzlərindən görünür ki, vahidinin qiyməti 0,75 qəpiyə olan 2957,33 kq ümumilikdə 2218 manat dəyərində “Qırmızıgül” R1 repreduksiyalı toxumluq buğda İddiaçı MMC tərəfindən X1, X21 və X10 təhvil verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus xırda buynuzlu heyvanların İddiaçı MMC-yə vurduğu 15078 manat məbləğində maddi ziyan, iddia ərizəsinin vəkil tərəfindən tərtib edilməsi üçün ödənilmiş 80 manat məbləğində xərc və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilən 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli ********** nömrəli qeydiyyata alınmış RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Samux rayonu Boz Dağ massivində yerləşən 1200.0 ha torpaq sahəsi İddiaçı MMC-nin icarəsiridədir. Həmin torpaq sahəsində yerləşən 4 nömrəli pivotun ərazisinə daxil olan 93 ha torpaq sahəsində Qırmızıgül 1 növündə buğda toxumu yetişdirilməsi məqsədilə iddiaçı tərəfindən 1 ha torpaq sahəsi üçün 220 kq olmaqla cəmi 20460 kq qırmızıgül 1 buğda toxumu səpilmişdir. İddiaçı ilə ET Əkinçilik İnistitutu arasında bağlanılmış xx.xx.2020-ci il tarixli 1 nömrəli toxum alqı-satqısına dair müqaviləsi üzrə malların təhvil-qəbul aktına əsasən iddiaçı tərəfindən toxumun 1 kq üçün 0,22 qəpik ödənilmişdir. Bundan əlavə iddiaçı ilə X31 İnstitutu arasında bağlanılmış xx.xx.2020-ci il tarixli D-016 nömrəli Seleksiya nailiyyətindən istifadə edən hüquqi və fiziki şəxslərlə Patent sahibi arasında lizenziya müqaviləsinə əlavə qiymət razılaşdırılması haqqında protokola əsasən hər bir kq toxum üçün 0,06 qəpik iddiaçı tərəfindən patent haqqı ödənilmişdir. Beləliklə, 1 kq toxum üçün cəmi 0,28 qəpik olmaqla iddiaçı tələfindən 20460 kq Toxum üçün 5728 manat 80 qəpik məbləğində pul vəsaiti ödənilmişdir. 30 ha üçün 1848 manat pul vəsaiti xərclənmişdir. Bundan əlavə toxumun əkilməsi üçün iddiaçı tərəfindən bir sıra xərclər çəkmişdir. Həmin xərclər aşağıdakılardan ibarətdir. 1 ha torpağın şumlanması üçün 45 manat, 30 ha üçün 1350 manat, 1 ha torpağın diski (torpaqda əmələ gəlmiş kəltənlərin xırdalanması) edilməsi üçün 40 manat, 30 ha üçün 1200 manat, 1 ha torpağın ütüsü (torpağın hamarlanması) üçün 30 manat, 30 ha üçün 900 manat, 1 ha torpağa toxum səpilməsi üçün 25 manat, 30 ha üçün 750 manat, 1 ha torpağa gübrə səpini üçün 10 manat, 30 ha üçün 300 manat, 1 ha üçün 200 kq nitroammofoska gübrəsindən istifadə olunmuş, qiyməti 1 ton=625 manat, 1 ha ərazi üçün istifadə olunan gübrənin qiymət 125 manat, 30 ha üçün 3750 manat, 1 ha üçün 300 kq ammonium nitrat gübrəsindən istifadə olunmuş, qiyməti 1 ton=420 manat, 1 ha ərazi üçün istifadə olunan gübrənin qiymət 126 manat, 30 ha üçün 3780 manat, 1 ha suvarılması üçün (bir dəfə 20 manat) 40 manat, 30 ha üçün 1200 manat. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus xırda buynuzlu heyvanlarını otarmaq məqsədilə heyvanlarını xx.xx.2020-ci il tarixdə Əraziyə qərəzli şəkildə daxil etmişlər. Həmin heyvanlar 30 ha ərazidə artıq cücərməyə başlamış toxumluq buğda sahəsini otararaq 6600 kq toxumu məhv etmişlər. Beləliklə, iddiaçıya 1848 manat məbləğində ziyan vurulmuşdur. Bu Rayon İcra Hakimiyyəti və DAİM tərəfindən aktlaşdırılmışdır. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən onlara qarşı verilmiş iddia ərizəsi əsassız və qanunsuz olduğundan təmin edilməməsi, qarşılıqlı iddia tələbləri təmin olunmaqla cavabdeh İddiaçı MMC tərəfindən müqavilə üzrə istifadələrində olan torpaq sahəsindən çıxarılması və onlara vurduğu ******* manat məbləğində zərərin əvəzinin cavabdehdən alınaraq onlara verilməsi və dövlət rüsumu kimi ödədikləri 30 manat məbləğində pulun cavabdehdən alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, onlar cavabdehlər Samux rayon İcra hakimiyyətinə ərizə ilə müraciət edərək qoyunçuluqla məşğul olmaq üçün Samux rayon ərazisindən 600 hektar qış otlaq sahəsinin icarəyə verilməsini xahiş etmişlər. Müraciətləri Samux rayon İcra hakimiyyətində baxılmışdır. Samux rayon İcra hakimiyyəti başçısının 07 may 2017-ci il tarixli 71 və 72 saylı sərəncamlarına əsasən Azərbaycan Respublikası “Torpaq qanunvericiliyinə” uyğun olaraq və Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair “Dövlət Proqramı”-nın həyata keçirilməsi məqsədilə Samux rayon “Boz-dağ” massivində 35-36 saylı qış otlaq sahəsindən 600 hektar, orta ot örtüyünə malik, 600 baş tutumu olan torpaq sahəsi 15 il müddətinə onlara icarəyə verilməsi qərara alınmışdır. Sərəncamdan irəli gələn məsələlərin həlli texniki sənədlər üzrə DT və XK-nin Samux rayon şöbəsinin müdiri F.Tağıyevə, hüquqi sənədlərin hazırlanması üçün rayon İHB-sı Aparatı Hüquq şöbəsinin müdiri Q.Tağıyevə həvalə edilmişdir. Sərəncamların icrasına nəzarət İHB-nın Aqrar Məsələlər üzrə müavini Ş.Məmmədova həvalə edilmişdir. Bu barədə 07 may 2007-ci il tarixli 07 və 08 saylı Torpaq sahəsinin icarəyə verilməsi haqqında İcarə müqaviləsi imzalanmışdır. İcarə müqavilələri müvafiq olaraq onlar və icarəyə verən tərəfindən Samux rayon İcra hakimiyyəti nümayəndəsi imzalamışdır. İcarələrində olan torpaq sahəsinin ölçülərini, cizgilərini və koordinatlarını dəqiqliklə bilirlər və 2007-ci ildən hal-hazıradək torpaqdan istifadəyə dair icarə haqqını mütəmadi olaraq onlar ödəməkdədirlər. Çox təəssüf ki, cavabdeh İddiaçı MMC-tərəfindən icarə müqaviləsi üzrə istifadələrində olan torpaq sahəsi qeyri-qanuni olaraq zəbt edilərək istifadə edilməkdədir. Həmin torpaq sahəsi üzrə icarə haqqını onlar ödəməklərinə baxmayaraq "xxxx" MMC-nin özbaşınalığı ucbatından ərazidən istifadə edə bilmirlər. Eyni zamanda cavabdeh qanunsuz olaraq zəbt etdiyi torpaq sahəsinə qayğıkeş münasibət bəsləmək əvəzinə, ərazidə əvvəllər mövcud olan yulğun meşəsinin kütləvi kəsilməsini həyata keçirməkdə, həmçinin torpaqdan istifadə qaydalarını kobud sürətdə pozaraq uzunluğu ölçüyə gəlməyəcək dərin qazıntı işləri apararaq torpağın təbii relyefini dəyişdirməkdə davam etməkdədir. Bu barədə Azərbaycan Respublikası Ekologiya və X25 və nazirliyin 10 saylı Regional idarəsinə müraciət etmişlər. Nazirliyin nümayəndələri ərazidə monitorinq keçirmiş və həqiqətən də ağacların kütləvi kəsilməsi faktını aşkar edərək akt tərtib edilmiş və tədbir görülməsi üçün aidiyyətı üzrə Samux rayon Polis şöbəsinə göndərilmişdir. Hesab edirlər ki, İddiaçı MMC öz qanunsuz hərəkətlərini ört-basdır etmək və fikiri yayındırmaq üçün onlara qarşı formal mülahizələr əsasında iddia tələbi irəli sürərək təsərrüfatlarına vurduqları, kütləvi heyvan ölümünə səbəb olmuş faktları bilməməzliyə vururlar. Yuxarıda qeyd etdikləri təyinatı bilinməyən həmin qazılmış əraziyə İddiaçı MMC-nin su anbarından qəsdən su buraxırlar və heyvanlar susuzluqdan özlərini suya vuraraq və tələf olurlar. Bunun nəticəsində cavabdeh təsərrüfatlarına külli miqdarda ziyan vurmuşdur. Cavabdehin istifadə hüququ üzrə onlara məxsus olan torpaq sahələrini zəbt etdikləri bəs deyilmiş kimi, öz vəsaitləri hesabına quraşdırdıqları artezian quyusunu məhv edərək təsərrüfatlarını susuz qoymuş, eyni zamanda təsərrüfata gələn elektrik dirəklərini, naqillərini və su borularını məhv edərək tam yararsız vəziyyətə salmışlar. Cavabdehin təsərrüfatlarına qəsdən vurduğu ziyanın məbləği aşağıdakı kimidir: 6 il ərzində yonca əkinindən - 172.000 manat, 6 il ərzində arpa əkinindən - 150.000 manat, artezian quyusunun qiyməti - 70.000 manat, suda boğulan və aclıqdan ölən heyvanların dəyəri - 1.865.500 manat, oğurlanmış heyvanların dəyəri - 250.000 manat. Hesab edirlər ki, cavabdeh İddiaçı MMC-nin bu qeyri-qanuni hərəkətləri Azərbaycan Respublikası Regionlarının Sosial-İqtisadi İnkişafına dair Dövlət Proqramının həyata keçirilməsinə birbaşa maneçilik törətməkdədir. Ona görə də cavabdeh onların təsərrüfatlarına vurduğu maddi ziyanı ödəməlidir. Çünki cavabdehin törətdiyi əməl, təsərrüfatlarına bir-başa zərər vurulması ilə nəticələnmişdir ki, bu halda mülki qanunvericiliyin normalarına əsasən mülki hüquq məsuliyyəti yaratmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(043)-917/2021 saylı qərardadı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülki hüquq pozuntusu nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair ilk, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı MMC-yə qarşı “qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma və dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddialar üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Daha sonra, ilk iddia üzrə İddiaçı MMC iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onlara vurulmuş maddi ziyan hesabına 76500 manat pulun alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə İddiaçı MMC-nin nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlər tərəfindən onlara vurulmuş maddi ziyanın həcmi düzgün hesablanmamış, yəni tələb olunan məbləğ vurulmuş real zərəri tam əks etdirmir. Cavabdehlərin İddiaçı MMC-yə qonşu sahədə qoyunçuluq təsərrüfatları vardır. Samux Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci tarixli, 14 nömrəli sərəncamı ilə cavabdehlərin istifadəsində olan “Boz dağ” massivinin 35 saylı qış otlaq sahəsindən 78.18 hektar və 36 saylı qış otlaq sahəsində isə 153.77 hektar qış otlaq sahəsi üzərində torpaqdan istifadə hüququna xitam verilmiş, cavabdehlərlə bağlanmış icarə müqaviləsi qüvvədən düşmüş hesab edilmiş, həmin torpaqların geri alınması qərara alınmışdır. Samux Rayon İcra hakimiyyəti tərəfindən həmin torpaqların əvəzində onlara başqa sahədən həmin əraziyə müvafiq qış otlaq sahələri təklif edilmişdir. Cavabdehlər tərəfindən həmin sərəncam mübahisləndirilməmişdir. Buna baxmayaraq onlar həmin sahədən köçməyərək onlar tərəfindən ərazidə toxum istehsalı məqsədi ilə əkilmiş 93 hektar torpaq sahəsinin onlara yaxın 30 hektarından artıq taxıl sahəsini qəsdən və qərəzli şəkildə və dəfələrlə otarılmasını həyata keçirərək, İddiaçı MMC-yə böyük miqdarda zərər vurmuşlar. Onların 30 hektar toxum əkini sahəsini öz qərəzli və məqsədli şəkildə öz heyvanları vasitəsilə otarılması iddia ərizəsinə əlavə etdikləri aktlarla, foto-şəkillərlə, videodisk və şahid ifadələri ilə tam təsdiq edilir. Cavabdehlər tərəfindən 30 hektar ərazinin otarılması nəticəsində orada əkilmiş toxum məhsulunun məhsuldarlığı əhəmiyyətli həcmdə aşağı düşmüş və məhsul dəyişikliyə uğrayaraq aşağı keyfiyyətli və daha az qiymətli məhsula çevrilməklə İddiaçı MMC-yə aşağıdakı hesablamalara uyğun zərər vurulmuşdur. Nəzərə alınmalıdır ki, ərazidə gözlənilən məhsuldarlıq hər hektara minimum 5 ton, yəni 50 sentner olması mübahisəsizdir. Mütəxəssis rəyləri ilə təsdiq olunmuşdur ki, hazırda İddiaçı MMC tərəfindən əkilmiş toxum məhsulunun məhsuldarlığı minimum 6 tona, yəni 60 sentnerə bərabərdir. Lakin onlar vurulmuş zərəri maksimum deyil, minimum hesablamalara əsasən aparılmasını daha real hesab edirlər. Nəzərə alınmalıdır ki, əgər cavabdehlər tərəfindən 30 hektar ərazi otarılmasaydı, həmin sahədən onlar minimum hər hektara 50 sentner hesabı ilə 1500 sentner (150 ton) məhsul götürməli idilər. Otarılmadan sonra hazırda, həmin ərazidən hər hektara görə maksimum 30 sentner istehsal gözlənilir. Bu isə 40 faiz itkiyə səbəb olmaqla hər hektara görə 20 sentner az məhsuldur. Bu hesablamalara görə 30 hektara görə onlar ən çoxu 90 ton məhsul almaqla 60 ton itkiyə məruz qalmışlar. 60 ton (600 sentner) toxum məhsulunun 0,75 qəpikdən hesablanmaqla onların əldən çıxmış fayda 45000 manat təşkil edir. Bundan əlavə otarılmış 30 hektar ərazidən gözlənilən 90 ton məhsulun otarılması nəticəsində, həmin toxumun təyinatı dəyişikliyə uğramışdır. Yəni, bu gün 30 hektar ərazidə otarılmadan sonra əmələ gəlmiş məhsul, yüksək keyfiyyətli, yəni sertifikata uyğun olan toxum məhsulu kimi deyil, az keyfiyyətli və daha ucuz qiymətə satıla bilən yem məhsulu kimi yetişmişdir. Belə ki, onların əkdikləri toxum sertifikata uyğun yüksək keyfiyyətli “Qırmızıgül R1 repreduksialı” buğda növüdür. Əgər həmin məhsul otarılarsa, onun yüksək repreduksiyası dəyişikliyə uğrayaraq, aşağı repreduksiyaya çevrilir. Bunun nəticəsində kiloqramı 0,75 qəpiyə satılması nəzərdə tutulan buğda toxumu, 35-40 qəpiyə satılan buğda ilə eyniləşir. Bu hesabla onlar həmin ərazidən istehsal edəcəkləri 90 ton məhsulun hər kiloqramını ən bahası 0,40 qəpiyə satacaqları halda, hər tonda 350 manat az gəlir əldə etməklə, ümumilikdə 31500 manat itkiyə məruz qalmaqla zərərə düşmüşlər. Bu hesablamalara uyğun olaraq onlara cavabdehlər tərəfindən həmin ərazilərin otarılması nəticəsində ümumilikdə 76500 manat zərər yetirilmiş hesab olunur. Ona görə də, iddia tələbləri həmin həcimdə təmin olunmalıdır. İlk iddia üzrə İddiaçı MMC həmçinin məhkəməyə qarşılıqlı iddia tələbinə dair etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia tələbi əsaslandırılmamışdır, qeyri-müəyyən olmaqla, zərər məbləği ehtimallar əsasında hesablandığından həmin qarşılıqlı iddianın təmin edilməsi üçün, heç bir ağlabatan və inandırıcı dəlil yoxdur. Qarşılıqlı iddiaçı ərizəsində göstərir ki, guya İddiaçı MMC icarə müqaviləsi üzrə onların istifadəsində olan torpaq sahəsini qeyri-qanuni zəbt etmiş və istifadə edir, halbuki, onlar tərəfindən cavabdehlərin icarəsində olan heç bir torpaq sahəsi zəbt edilməmiş və qanunsuz istifadə altında deyildir. İş üzrə əsas faktlar ondan ibarətdir ki, Samux Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci tarixli, 14 nömrəli sərəncamı ilə cavabdehlərin istifadəsində olan “Boz dağ” massivinin 35 saylı qış otlaq sahəsindən 78.18 hektar və 36 saylı qış otlaq sahəsində isə 153.77 hektar qış otlaq sahəsi üzərində torpaqdan istifadə hüququna xitam verilmişdir. Həmin torpaq sahələri onların istifadəsinə və icarəsinə verilsə də, onlar hələlik həmin torpaq sahəsindən istifadə edə bilmirlər. Çünki bununla bağlı ayrıca məhkəmə mübahisəsi davam etməkdədir. Cavabdehin qarşılıqlı iddia əriziəsində qeyd edilənlər, yəni guya onlar tərəfindən onların artezian quyularının məhv edilməsi, onların təsərrüfatlarına gedən elektrik dirəklərinin naqilləri və su borularının məhv edilərək yararsız hala salınması, guya onların kütləvi heyvan ölümünə səbəb olan hərəkətlərə yol verməkləri barədə dəlilləri yalan və uydurma olmaqla, ağlabatmayan və inandırıcı olmayan dəlillərdir. Ona görə də, hesab edirlər ki, qarşılıqlı iddia tam əsassız olmaqla heç bir dəlil və sübutlara söykənmədiyinə görə rədd edilməlidir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(115)-450/2021 nömrəli qətnaməsi ilə (hakim R.Məmmədov) ilk iddianın qismən təmin edilməsi, 39375 manat zərərin əvəzinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi, ilk iddianın qalan hissəsinin təmin edilməməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı MMC-yə qarşı torpaq sahəsindən çıxarılma və dəymiş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən (bax § 1-14) hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, 2021-ci il 28 yanvar tarixli akt və şahid ifadələrinə əsasən, cavabdehlərə məxsus heyvanların iddiaçının icarə hüququ əsasında istifadəsində olan əkin sahəsinə keçib otarılması nəticəsində sonuncuya zərər dəymişdir. Ona görə də, cavabdehlərə məxsus heyvanların iddiaçıya vurduğu zərərin əvəzi ödənilməlidir. Zərərin əvəzinin müəyyən edilməsinə gəldikdə, məhkəmə qeyd etmişdir ki, iddiaçı heyvanların əkin sahəsində otarılması nəticəsində 60 ton toxum məhsuluna ziyan dəydiyini iddia etsə də, işdə olan 2021-ci il 14 iyun tarixli mütəxəssis rəyində ziyanın həcmi 52.5 ton göstərilmişdir. Əkinə 52.5 ton ziyan dəydiyi və toxum məhsulunun 1 kiloqramının 0.75 manat olduğu nəzərə alınmaqla, vurulmuş ziyanın həcmi 39.375 manat təşkil edir. İddiaçı əkin sahəsinin otarılması nəticəsində əldə edilən məhsulun daha aşağı qiymətə satılacağını iddia edərək, 31.500 manat məbləğində itkiyə məruz qalacağını iddia etsə də, iddiaçının nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, otarılmış sahədən əldə edilən məhsul satışa çıxarılmadan iddiaçının anbarında saxlanılır. Bundan başqa, 90 ton “Qırmızıgül” R1 repreduksiyalı toxumluq buğdanın 0,40 qəpiyə satılacağını ehtimal edərək, dəymiş zərərin məbləği müəyyən edilə bilməz. Belə ki, MM-in 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Belə olan halda, iddiaçının hansı məbləğdə itkiyə məruz qalacağı təsdiq olunmur. Ona görə də, iddia 31.500 manat məbləğində əldən çıxmış fayda hissəsində təmin edilə bilməz. Cavabdehlərin qarşılıqlı iddia tələbini əsassız hesab edən məhkəmə qeyd etmişdir ki, cavabdehlər qarşılıqlı iddia üzrə tələbin əsası kimi istinad edilmiş hallara dair mötəbər sübutlar təqdim etməmişlər. Cavabdehlər torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi ilə bağlı Samux rayon İcra Hakimiyyəti ilə bağlanmış 2007-ci il 7 may tarixli icarə müqaviləsinə istinad etməklə iddiaçının torpaq sahəsindən çıxarılmasını tələb etsələr də, həmin icarə müqaviləsi onlardan yalnız Cavabdeh3 ilə bağlanmış və həmin icarə hüquq münasibətlərinə Samux rayon İcra Hakimiyyətinin sərəncamı ilə xitam verilmişdir. Digər cavabdehlərin isə torpaq sahəsinə qanuni əsasla sahiblik etmələri barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Cavabdehlər iddiaçıya qarşı 2.507.500 manat məbləğində vurulmuş ziyanın ödənilməsinə dair tələb irəli sürsələr də, vurulmuş ziyanın məhz iddiaçının vəzifəli şəxslərinin və ya işçilərinin təqsirli hərəkət və yaxud hərəkətsizliyi üzündən baş verməsini məhkəmədə sübuta yetirə bilməmişlər. Məhkəmə gəldiyi nəticəni MM-in 21.1, 21.2, 443.4, 1110-cu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsində birinci icraat İlk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin qətnamənin dəlilləri ilə razılaşmayıb apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(115)-450/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini, ilk iddianın rədd edilməsini və qarşılıqlı iddianın tələblərinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar ) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi iddia tələbi ilə bağlı qəbul etdiyi qətnamə üzrə maddi və prosessual hüquq normalarınının pozuntusuna yol vermiş, işin həqiqi hallarını hərtərəfli araşdırmadan onların mülkiyyət hüquqlarını pozmuşdur. Belə ki, o və ailə üzvləri olan Cavabdeh2 və Cavabdeh3 2007-ci ildə Samux rayonu ərazisində “Boz-dağ” masivi adlanan ərazidə 600 ha örüş və əkin sahəsini Samux rayon İcra Hakimiyyəti ilə bağlanmış icarə müqaviləsi əsasında icarəyə götürmüş və qoyunçuluq təsərrüfatı ilə məşğul olurlar. Onların fermer təsərrüfatı ilə məşğul olmalarına baxmyaraq Samux rayon İcra Hakimiyyəti və "xxxx" MMC tərəfindən onların fəaliyyəti üçün süni şəkildə maneələr yaradılır. Bunlardan biri də hazırki iddia olmaqla "xxxx" MMC məhkəmədə iddia qaldıraraq guya sonuncuya məxsus əkin sahəsinin 30 hektarını onlara məxsus xırdabuynuzlu heyvanlar tərəfindən qərəzli şəkildə otarıldığını və bunun nəticəsində "xxxx" MMC-yə 76 500 manat maddi ziyan dəydiyini bildirmişlər və həmin pulun ondan və digər cavabdehlərdən tutularaq "xxxx" MMC-yə ödənilməsini xahiş etmişlər. Cavabdehlər qarşılıqlı iddia verərək ilk iddiaçının onlara vurduğu 2 507 500 manat pulun ilk iddiaçıdan tutularaq onlara ödənilməsini xahiş etmişlər. Məhkəmə qarşılıqlı iddialarını rədd etmişdir, əsas isə iddialarının sübuta yetirə bilmədiklərini göstərmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə, yəni məhkəmə iclasının təyin oldunuğu gün o, teleqram göndərərək ailə vəziyyəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ona görə də məhkəmə iclasının başqa vaxta təxirə salınmasını bildirmişdir. Eyni zamanda mübahisə ilə bağlı onun şahidləri də var idi və məhkəmədə onların da dindirilməsi zəruri idi və bu səbəbdən də məhkəmə iclasının təxirə salınmasını istəmişdilər. Lakin məhkəmə onların iştirakı olmadan qətnamə çıxarmış və onların qarşılıqlı iddialarını rədd edilmiş, əsas kimi isə məhkəmədə iddanın sübuta yetirə bilməməkləri göstərilmişdir. Bundan başqa məhkəmə ilk iddiaçının uydurma sübutlarına əsaslanmaqla guya onlara məxsus heyvanların ilk iddiaçıya ziyan vurduğu qərarına gəlmiş və həmin ziyana görə əvəzin onlardan tutulmasını qət etmişdir. İlkin iddiaçının mübahisə etdiyi torpaq sahəsi onlara məxsusdur. Samux rayon İcra Hakimiyyəti ilə bağlanmış icarə müqaviləsinə əsasən həmin torpaq sahəsi 2022-ci ilə qədər onların sahibliyində və istifadələrindədir. İlkin iddiaçı isə 6 ildir ki, həmin torpaq sahəsini əkərək onlara külli miqdarda maddi ziyan vurub. Bundan başqa məhkəməyə saxta və sonradan tərtib olunmuş aktlar və rəylər təqdim olunub ki, guya heyvanların əkin sahəsini yararsız hala saldığına görə akt tərtib olunub. Sual yaranır nədən həmin vaxt heyvanların sahibi kimi onlara da məlumat verilməyib, eyni zamanda hüquq-mühavizə orqanlarına müraciət olunmayıb. Gəncə Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(104)-22/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(115)-450/2021 nömrəli qətnaməsinin 39375 manat zərərin əvəzinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi hissəsində dəyişdirilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada vurulmuş zərərin əvəzi olaraq 2010.40 (iki min on manat qırx qəpik) manatın tutulması və İddiaçı MMC-yə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı 2022-ci il 16 may tarixdə kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini və ya işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Cavabdehlər 2022-ci il 26 may tarixində kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış prosessual müddətin bərpa edilməsini və kassasiya şikayətinin baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 8 iyun tarixli, 2-2(104)-22/2022 saylı qərardadı ilə apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün cavabdehlər tərəfindən buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(102)-515/2022 saylı qərarı ilə (hakimlər X28 (sədrlik edən və məruzəçi), hakimlər X15 və X16) kassasiya şikayətlərinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 19 yanvar 2022-ci il tarixli, 2-2(104)-22/2022 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri üzrə izahat verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(115)-450/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın tələblərinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndələri X29 və Vəkil3 apellyasiya şikayətinə etiraz edərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(115)-450/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" MMC-nin nümayəndəsi X29 əlavə olaraq izah etdi ki, "xxxx" MMC-nin icarəsinə verilmiş 1200 ha torpaq sahəsi ilə bağlı hər hansı mübahisə mövcud deyildir və cavabdehlərə məxsus xırdabuynuzlu heyvanların ziyan vurduqları əkin sahəsi də məhz həmin 1200 ha torpaq sahəsində yerləşir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Samux Rayon İcra Hakimiyyətinin nümayəndələri X24 və X30 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Əlavə olaraq bildirdilir ki, həmin torpaq sahəsi Samux Rayon İcra Hakimiyyətinin başçısının sərəncamına əsasən "xxxx" MMC-nin icarəsinə verilmiş və cavabdeh tərəfindən həmin torpaq sahəsinə ziyan vurulmuşdur. Ona görə də, həmin ziyanının ödənilməsini qanunamüvafiq hesab edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydadа xəbərdar edilmiş cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən, işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1110. Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. ...

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 12. Torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatı Torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(115)-450/2021 nömrəli qətnaməsi 39375 manat zərərin əvəzinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi hissəsində dəyişdirilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlınılmalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 197 saylı arayışı və xx.xx.2021-ci il tarixli vəkil sorğusuna cavab məktubunda göstərilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 38 nömrəli Sərəncamı ilə təyinatı dəyişdirildikdən sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınmış RX seriyalı ******* №-li çıxarışa əsasən Samux Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı MMC-nin icarəsinə verilmiş 1200,0 ha torpaq sahəsinin Samux Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli sərəncamı ilə həmin Boz dağ massivindəki qış otlaq sahəsindən İddiaçı MMC-nin icarəsinə verilməsi nəzərdə tutulan torpaq sahəsinə dair tərtib olunmuş yerquruluşu planında göstərilən 280.0 ha torpaq sahəsinin fərqli koordinatlarda və və fərqli ərazilərdə yerləşməklə üst-üstə düşmür. İlk iddia üzrə iddiaçı tərəfindən sübut növü kimi iddia ərizəsinə əlavə edilmiş video disk yazısı məhkəmə iclas zalında səsləndirilərkən müəyyən olundu ki, cavabdehlərə məxsus xırdabuynuzlu heyvan sürüsü İddiaçı MMC-yə məxsus əkin sahəsinin 3-4 hektar hissəsinə bu və ya digər qaydada (otarılmaqla və tapdalamaqla) ziyan vurmuşdur. Bundan başqa məhkəmə kollegiyası torpaq sahəsinə yerində baxış keçirmiş (fotoşəkillər iş materiallarına əlavə edilmişdir) və müəyyən edilmişdir ki, qeyd olunan torpaq sahələri su kanalı ilə biri birindən ayrılır və cavabdehlərə məxsus xırdabuynuzlu heyvan sürüsünün həmin kanaldan keçərək ilk iddiaçıya məxsus əkin sahəsinə ziyan vurması mümkündür. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3827 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan X56 X3 Sektoru tərəfindən tərtib edilmiş rəyə əsasən, nəzəri hesablama yolu ilə "xxxx" MMC-nin Samux rayonunun inzibati sərhəddinə aid olan hissəsində yerləşən 4 nömrəli pivotun əhatə dairəsinə aid olan 93 hektar torpaq sahəsinin 4 hektarına dəymiş ziyan təxminən 2010,40 manat müəyyən olunur. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. İlk iddianı qismən təmin etmiş, qarşılıqlı iddianı isə təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, 28 yanvar 2021-ci il tarixli aktdan və şahidlərin ifadələrindən göründüyü kimi, ilk iddia üzrə cavabdehlərə məxsus heyvanların ilk iddia üzrə iddiaçının icarə hüququ əsasında istifadəsində olan əkin sahəsinə keçib otarılması nəticəsində sonuncuya zərər dəydiyinə görə də, ilkin iddia üzrə cavabdehlərə məxsus heyvanların iddiaçıya vurduğu zərərin əvəzi ödənilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçılar torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi ilə bağlı Samux Rayon İcra Hakimiyyəti ilə bağlanmış 07 may 2007-ci il tarixli icarə müqaviləsinə istinad etməklə cavabdehin torpaq sahəsindən çıxarılmasını tələb etsələr də, məhkəmə qeyd edir ki, həmin icarə müqaviləsi qarşılıqlı iddia üzrə iddiaçılardan yalnız Cavabdeh3 ilə bağlanmış və həmin icarə hüquq münasibətlərinə Samux Rayon İcra Hakimiyyətinin yuxarıda sadalanan sərəncamı ilə xitam verilmişdir. Qarşılıqlı iddia üzrə digər iddiaçıların isə torpaq sahəsinə qanuni əsasla sahiblik etmələri barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçılar cavabdeh "xxxx" MMC-yə qarşı ******* manat məbləğində vurulmuş ziyanın ödənilməsinə dair tələb irəli sürsələr də, vurulmuş ziyanın məhz cavabdehin vəzifəli şəxslərinin və ya işçilərinin təqsirli hərəkət və yaxud hərəkətsizliyi üzündən baş verməsini məhkəmədə sübuta yetirə bilməmişlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etməsi ilə aşağıdakılara görə qismən razılaşır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). İş materialına əlavə edilmiş İddiaçı MMC-nin işçiləri tərəfindən mübahisələndirilən torpaq sahəsinə baxış keçirilməsi haqqında video görüntülərindən məlum olur ki, İddiaçı MMC-yə məxsus Samux rayonu inzibati sərhəddinə aid olan 4 nömrəli pivotun əhatə dairəsində yerləşən 93 hektar torpaq sahəsinin 30 hektarına deyil 4 hektarlıq hissəsinə ziyan dəymişdir. İddiaçı MMC cavabdehlərə məxsus xırdabuynuzlu heyvanların 30 hektar ərazidə yerləşən əkin sahəsinə ziyan vurduqlarını iddia etmiş olsa da, özləri tərəfindən məhkəməyə təqdim olunmuş sübutla ziyanın 3-4 hektar torpaq sahəsindəki əkin sahəsinə yetirildiyi məlum olur. Həmçinin ziyanının ilk iddia üzrə cavabdehlərdən müştərək qaydada tutulmasına münasibətdə kollegiya hesa edir ki, torpaq sahəsi Samux Rayon İcra Hakimiyyəti başçısının 77 saylı, 09 iyul 2018-ci il tarixli sərəncamına əsasən 04 noyabr 2010-cu il tarixli, 147 saylı sərəncamla X5 icarəyə verilmiş 200 hektar torpaq sahəsi icarədar vəfat etdiyi üçün onun qızı hazırki iş üzrə cavabdeh olan Cavabdeh1 15 il müddətinə icarəyə verilmişdir. Samux Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5-72/2-264/2023 saylı məktubundan da görünür ki, Samux Rayon İcra Hakimiyyəti ilə Cavabdeh2 arasında heç bir icarə müqaviləsi mövcud deyildir. Samux Rayon İcra Hakimiyyəti başçısının 09 iyul 2018-ci il tarixli 77 nömrəli Sərəncamına əsasən Boz Dağ massivindən 200 hektar qış otlaq sahəsi Cavabdeh1 15 il müddətinə icarəyə verilmişdir. Tərəflər arasında 09 iyul 2018-ci il tarixli 16 nömrəli icarə müqavilə bağlanmışdır və həmin müqavilə qüvvədədir. Cavabdeh1 15 il müddətinə icarəyə verilmiş 200 ha torpaq sahəsi RA-001 nömrəli, xx.xx.2016-cı il tarixli "torpaq sahəsinin icarəyə verilməsi haqqında" müqavilə əsasında "xxxx" MMC-nin üzərində mülkiyyət hüquqları qeydə alınan Samux rayonu "Boz dağ" massivində yerləşən 1200.0 ha torpaq sahəsi ilə həmsərhəddir. Həmçinin ilk iddia üzrə cavabdehlərdə qarşılıqlı iddia tələblərində bildirmişlər ki, onlar cavabdehlər Samux rayon İcra hakimiyyətinə ərizə ilə müraciət edərək qoyunçuluqla məşğul olmaq üçün Samux rayon ərazisindən 600 hektar qış otlaq sahəsinin icarəyə verilməsini xahiş etmişlər. Müraciətləri Samux rayon İcra hakimiyyətində baxılmışdır. Samux rayon İcra hakimiyyəti başçısının 07 may 2017-ci il tarixli 71 və 72 saylı sərəncamlarına əsasən Azərbaycan Respublikası “Torpaq qanunvericiliyinə” uyğun olaraq və Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair “Dövlət Proqramı”nın həyata keçirilməsi məqsədilə Samux rayon “Boz-dağ” massivində 35-36 saylı qış otlaq sahəsindən 600 hektar, orta ot örtüyünə malik, 600 baş tutumu olan torpaq sahəsi 15 il müddətinə onlara icarəyə verilməsi qərara alınmışdır. Göründüyü kimi həmin torpaq sahəsində cavabdehlər birgə təsərrüfatla məşğul olurlar. Beləliklə də, həmin torpaq sahəsi Cavabdeh1 15 il müddətinə icarəyə verilmiş və hazırda həmin torpaq sahəsi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən xırdabuynuzlu heyvan təsərrüfatı bağlı istifadə edildiyi iş materialları ilə sübuta yetirilir. Digər tərəfdən ilkin iddia üzrə iddiaçının əvvəlcə verdiyi iddia ərizəsindən görünür ki, cavabdehlər tərəfindən 30 hektar torpaq sahəsindəki əkin məhsulu otarılmaqla və tapdalanmaqla vurulmuş ziyanı 15 078,0 manat məbləğində müəyyən etmiş, lakin bir müddətdən sonra iddia tələbinin həcminin artırılmasına dair verdiyi ərizə ilə vurulmuş ziyanın məbləğini 5 dəfədən çox artırmışdır ki, bu da ehtimallara əsaslanmış məbləğdir. Odur ki, kollegiya 30 hektar əkin sahəsi üçün hesablanmış ziyan məbləğini 15 078,0 manat kimi qəbul etməklə, 4 hektar əkin sahəsinə vurulmuş ziyanı 2010,4 manat (15 078,0 man. : 30 ha x 4 ha) kimi müəyyən edir və hesab edir ki, ilk iddia 2010,4 (iki min on manat qırx qəpik) manat məbləğində təmin edilməli, beləliklə də qətnamə ilk iddianın təmin edilmiş hissədində dəyişdirilməlidir. Məhkəmə kollegiyası həmçinin qətnamənin qarşılıqlı iddianın təmin edilməməsinə dair hissəsi ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 1996-cı il 16 iyul tarixli Qanununa əsasən vahid torpaq fonduna dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları), bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları) və xüsusi mülkiyyətə verilən torpaqlar daxil edilmişdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlardır. Həmin Məcəllənin 47-ci maddəsinin 2-ci hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara ümumi istifadə olan torpaqlar; fiziki və hüquqi şəxsin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqlar aiddir. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü hissəsinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək, icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyin tələblərinə riayət etmək; icarəyə götürülmüş kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirlər görmək; torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəmək və qanunvericliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək icarəçinin vəzifələridir. Həmin Qanunun 12-ci maddəsinə əsasən torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Yuxarıda qeyd olunduğu kimi ilk iddia üzrə iddiaçıya icarəyə verilmiş 1200 ha torpaq sahəsi ilə ilk iddia üzrə cavabdehlərin faktiki istifadələrində olan torpaq sahələri ilə üst-üstə düşmür və işin hallarından da göründüyü kimi cavabdehlər Samux Rayon İcra Hakimiyyəti başçısının İddiaçı MMC-yə torpaq sahəsinin icarəyə verilməsi barədə 15 fevral 2018-ci il tarixli 04 nömrəli sərəncamı ilə razılaşmamışlar. Ayrılması nəzərdə tutulan həmin torpaq sahəsində isə qarşılıqlı iddia üzrə qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən hər hansı iş görülməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmçinin iş üzrə icraatın “Samux rayon İcra Hakimiyyətinin müvafiq sərəncamına əsasən ilkin iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin bir hissəsi hazırki işdə cavabehlərdən Cavabdeh3 istifadəsində olmuş, həmin İcra Hakimiyyəti tərəfindən sonuncuya və Əliyeva Nazilə İslam qızına qarşı özbaşına tikililərin sökülməsi və torpaq sahəsindən çıxarılma barədə iddia qaldırılmasə, həmin iddia tələbi üzrə yekun məhkəmə aktı qəbul edilməməsi və iş üzrə icraatın dayandırılmaması” ilə bağlı kassasiya instansiyası məhkəməsinin mövqeyinə münasibətdə kollegiya qeyd edir ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci ci tarixli, 2-2(115)-03/2020 saylı qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Samux Rayon İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh3 və Əliyeva Nazilə İslam qızına qarşı özbaşına inşa olunmuş tikililərin sökülməsi, onlara təklif olunan ərazilərə daşınması və cavabdehlərin torpaq sahəsindən çıxarılması tələbinə dair ilk iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdehlər Cavabdeh3 və Əliyeva Nazilə İslam qızının Samux Rayon İcra Hakimiyyətinə qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair qarşılıqlı iddialarının təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Samux Rayon İcra Hakimiyyəti apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci ci tarixli, 2-2(115)-03/2020 saylı qətnaməsinin ləğv edilməsini, Samux Rayon İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh3 və Əliyeva Nazilə İslam qızına qarşı “özbaşına inşa olunmuş tikililərin sökülməsi, onlara təklif olunan ərazilərə daşınması və cavabdehlərin torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 09 aprel 2021-ci il tarixli, 2- 2(104)-52/2021 saylı qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Samux Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Kommersiya Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2-2(115)-03/2020 saylı qətnaməsi ilk iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla, ilk iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh3 və Əliyeva Nazilə İslam qızı “Boz dağ massivinin“ Samux rayonu inzibati ərazisində yerləşən 35 saylı qış otlaq sahəsinin 78.18 ha və 36 saylı qış otlaq sahəsinin 153.77 ha hissəsindən çıxarılması, “Boz dağ massivinin“ Samux rayonu inzibati ərazisində yerləşən 35 saylı qış otlaq sahəsinin 78.18 ha və 36 saylı qış otlaq sahəsinin 153.77 ha hissəsində qoyun yataqları, çoban evləri və digər köməkçi tikililər olduğu təqdirdə cavabdehlərin hesabına sökülməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan qarşılıqlı iddia üzrə iddiaçılar (ilk iddia üzrə cavabdehlər) Cavabdeh3 və Əliyeva Nazilə İslam qızı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 aprel 2021-ci il tarixli, 2-2(115)-52/2021 saylı qətnaməsinin ilk iddianın təmin olunmuş hissəsində ləğv edilərək, ilk iddianın tamamilə rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)- 413/2021 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 aprel 2021-ci il tarixli, 2-2(104)-52/2021 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(104)-7/2023 saylı qərardadı ilə ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Samux Rayon İcra Hakimiyyətinin apellyasiya şikayətindən imtina etməsi barədə ərizəsinin qəbul edilməsi, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Samux Rayon İcra Hakimiyyətinin Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(115)-03/2020 saylı qətnaməsindən verdiyi şikayəti üzrə apellyasiya icraatına ona münasibətdə xitam verilməsi qərara alınmışdır. Hazırda həmin qərardad qanuni qüvvəsini almışdır. Bundan başqa “Samux Rayon İcra Hakimiyyətinin iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməsinin məqsədəuyğunluğunun yoxlanılması” ilə bağlı kassasiya instansiyası məhkəməsinin mövqeyinə münasibətdə kollegiya qeyd edir ki, qəbul edilmiş qətnamə üçüncü şəxslərin hüquq və qanuni mənafələrinə birbaşa təsir etməsə də, lakin həmin torpaq sahəsi Samux Rayon İcra Hakimiyyətinin başçısının sərəncamına əsasən "xxxx" MMC-nin icarəsinə verilmişdir. Odur ki, Məhkəmə kollegiyası tərəfindən Samux Rayon İcra Hakimiyyəti iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(115)-450/2021 nömrəli qətnaməsi 39375 manat zərərin əvəzinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi hissəsində dəyişdirilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlnılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi:

İlk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar ) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(115)-450/2021 nömrəli qətnaməsi 39375 manat zərərin əvəzinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada vurulmuş zərərin əvəzi olaraq 2010.40 (iki min on manat qırx qəpik) manat tutulsun və İddiaçı MMC-yə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar