Məhkəmə qərarları › İş №2-2(104)-44/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-44/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr - yük daşınması müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-44/2024 04.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi vəkil Nümayəndə və cavabeh Cavabdeh1 MMC-nin nümayəndəsi Vəkil2 iştirakları ilə, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-2069/2022 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı MMC ilə Rusiya Federasiyasında yerləşən “Arviay” (X2) Səhmdar Cəmiyyəti arasında bağlanmış 2020-ci il 8 iyul tarixli RVİMAN080720-N20 saylı tədarük müqaviləsinin surətindən görünür ki, tədarükçü müəyyən malları sifarişçinin sifarişinə uyğun olaraq partiyalarla tədarük edib alıcının (sifarişçinin) mülkiyyətinə verməyi, sifarişçi isə aldığı malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 1 il müddətinə bağlanıb. Əgər müqavilənin müddətinin bitməsinə 30 təqvim günü qalmış tərəflərin heç biri onu bitirmək niyyəti barədə bəyan etməzsə, müqavilə hər növbəti il üçün eyni şərtlərlə uzadılmış hesab edilir. 2021-ci il 10 avqust tarixli **********4122 nömrəli gömrük bəyannaməsindən görünür ki, 6.000 kq şaftalı, 8.400 kq nektarin və 3.780 kq gavalı Qusar rayonunda yerləşən İddiaçı MMC tərəfindən Rusiya Federasiyasında yerləşən “Arviay” (X2) Səhmdar Cəmiyyətinə daşıyıcı Cavabdeh1 MMC vasitəsilə ** UT ***/** ZF *** nömrəli avtomaşınla göndərilmişdir. АА № 366691 nömrəli malların mənşəyi haqqında sertifkatdan görünür ki, "xxxx" MMC ilə “Arviay” (X2) Səhmdar Cəmiyyəti arasında bağlanmış 2020-ci il 8 iyul tarixli RVİ- MAN-080720-N20 saylı müqavilə əsasında 6.000 kq (tara ilə bir yerdə 6.500 kq) şaftalının, 8.400 kq (tara ilə bir yerdə 9.100 kq) nektarinin və 3.780 kq (tara ilə bir yerdə 4.158 kq) gavalının İddiaçı MMC tərəfindən Rusiya Federasiyasında yerləşən “Arviay” (X2) Səhmdar Cəmiyyətinə göndərilməsi nəzərdə tutulmuşdur. 2021-ci il 14 avqust tarixli **********21030 nömrəli karantin fitosanitar nəzarəti aktından görünür ki, İddiaçı MMC dən “Arviay” (X2) Səhmdar Cəmiyyətinə yük daşıyan ** UT *** dövlət qeydiyyat nişanlı və ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobillərin buraxılışına ekspertiza nəticəsində icazə verilmişdir. 2021-ci il 17 avqust tarixli 995486 nömrəli idxal edilən malların kəmiyyət və keyfiyyətində olan fərqlilik haqqında aktdan görünür ki, 2020-ci il 8 iyul tarixli RVİMAN080720-N20 saylı müqavilə əsasında ** UT *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən şaftalı, nektarin və gavalı “Arviay” (X2) Səhmdar Cəmiyyətinə sənəd üzrə 6.000 kq şaftalı, 8.400 kq nektarin və 3.780 kq gavalı çatdırılmalı olduğu halda, faktiki çatdırılmamış, çatdırılmayan mal 6.000 kq şaftalı, 8.400 kq nektarin və 3.780 kq gavalıdan ibarətdir, akt alıcı təşkilatın səlahiyyətli şəxsləri və sürücü “Yusifov” tərəfindən də imza edilmişdir. “Perekrestok” Ticarət Mərkəzi Səhmdar Cəmiyyətinin möhürü ilə təsdiq edilmiş 2021ci il 17 avqust tarixli 995486 nömrəli alıcının anbarında malların təhvil-təslim aktından görünür ki, “Arviay” (X2) Səhmdar Cəmiyyəti tərəfindən “Perekrestok” Ticarət Mərkəzi Səhmdar Cəmiyyətinə şaftalı, nektarin və gavalı kimi mallar təhvil verilməmişdir, həmin akt həm də sürücü “Yusifov” tərəfindən imzalanmışdır. “Arviay” (X2) Səhmdar Cəmiyyətinin İddiaçı MMC-yə ünvanlandığı məktubdan görünür ki, 2021-ci il 10 avqust tarixdən 2021-ci il 20 avqust tarixədək dövr ərzində “Arviay” Səhmdar Cəmiyyətinə müqavilədə göstərilmiş mallar tədarük edilməmişdir. “Arviay” (X2) Səhmdar Cəmiyyətinin 2021-ci il 20 avqust tarixli 06V invoysa 06V nömrəli pretenziyasında göstərilir ki, tədarükçü 06V invoysa əsasən 6.000 kq şaftalı, 8.400 kq nektarin və 3.780 kq gavalı məhsulunu tədarük etməyi öhdəsinə götürmüş olsa da, həmin mallar tədarük edilməmişdir. Pretenziyanın ümumi məbləği 38.865,68 dollar təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh MMC-dən və Cavabdeh2 34.332 ABŞ dolları məbləğində pulun və 400 manat ödənilmiş rüsumun müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Rusiya Federasiyasında yerləşən “Arviay” (X2) Səhmdar Cəmiyyəti (bundan sonra – “RVİ”) arasında bağlanmış 2020-ci il 8 iyul tarixli RVİ-MAN-080720-N20 saylı müqaviləyə əsasən, iddiaçı müqavilə öhdəliyinə əsasən sonuncuya qida üçün yararlı meyvələr göndərməli idi. Tanışlar vasitəsi ilə Vüqar adlı şəxslə (mobil nömrəsi ***-***-**-**) əlaqə qurulmuş və sonuncu da öz növbəsində iddiaçını Gəncə şəhərində yerləşən MMC ilə əlaqələndirmiş, bundan sonra iddiaçı MMC ilə müqavilə bağlamışdır. MMC-nin rəhbəri X1 tərəfindən təqdim edilən yük maşınına 6.000 kq şaftalı, 8.400 kq nektarin və 3.780 kq gavalı yığılıb sürücü Cavabdeh2 təhvil verildikdən sonra o, yükü Rusiya Federasiyasına aparmışdır. Göndərilən meyvələrin ümumi invoys dəyəri 34.332 ABŞ dolları olmuşdur. Həmin meyvələrə dair АА № 366691 Sertifikat mövcuddur. Cavabdeh2 yolda olarkən onun istifadəsində olan mobil nömrə ***- ***-**-** (WhatsApp proqramı) vasitəsi ilə onunla daima əlaqə saxlanılmış, ona yük maşınının soyuducusunun dərəcəsi və digər məsələlər barədə təlimatlar verilmişdi. Lakin sürücü meyvələri Rusiya Federasiyasına çatdırdıqdan sonra hər hansı əsas olmadan sifarişçi və eyni zamanda göndərici olan iddiaçının nümayəndəsinin vacib təlimatına əhəmiyyət verməmişdir. Belə ki, sürücü Cavabdeh2 iddiaçının nümayəndəsinə malın keyfiyyətinin aşağı olma səbəbindən çatdırılma məntəqəsində təhvil alınmadığını bildirmişdir. Belə olan halda iddiaçının nümayəndəsi WhatsApp proqramı vasitəsi ilə 2021ci il 19 avqust tarixində sürücüyə bu məsələ ilə bağlı öz müdiri ilə əlaqə saxlamalı olduğunu və əgər malın çatdırılma məntəqəsində malı qəbul etməmişlərsə, həmin malı bazarda təhvil verməsini bildirmişdir. Həmçinin iddiaçının Rusiya Federasiyasında olan nümayəndələri sürücüyə zəng edərək onlarla görüşüb göndərilən malı bazarda birgə boşaltmağı tələb etmişdir. Sürücüyə həmin nümayəndələrin iştirakı olmadan malı boşaltmaması tapşırılmışdır. İddiaçının malın keyfiyyətsiz olmasına dair şübhələri olmuş və bu səbəbdən həmin nümayəndələrin mala sürücü ilə birgə baxış keçirilməsi labüd sayılmışdır. Lakin sürücü heç bir əsas gətirmədən həmin təlimata uymamış, iddiaçının nümayəndələrinin iştirakı ilə mala baxış keçirməkdən boyun qaçırmış və malı zibilə atdığını bildirmişdir. Bu isə ağlabatan deyil. İddiaçı əmin olmuşdur ki, loqistika şirkəti və onun sürücüsünün səhlənkarlığı və ya hüquqazidd qərəzli əməlləri nəticəsində onlara ziyan dəymişdir. Göstərilənləri sübut edən gömrük bəyannaməsi və digər sənədlərin (sübutlar) iddia ərizəsinə əlavə edildiyi qeyd olunmuşdur. İddiaçı polisə şikayət etmiş, lakin Xaçmaz Rayon Polis Şöbəsinin 2021-ci il 2 oktyabr tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 19 dekabr tarixli e-2-2(115)-2069/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim – R.Məmmədov). Birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, iddiaçı cavabdehlərin təqsiri nəticəsində ona 34.332 ABŞ dolları məbləğində ziyanın dəydiyini iddia etsə də, qanunvericiliyə uyğun olaraq bu halların cavabdehlərin hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verdiyini təsdiq edən sübutları, tərəflər arasında hüquq münasibətlərini formalaşdıran müqaviləni məhkəməyə təqdim etməmişdir. Halbuki iddiaçı uzun müddət ərzində vergi ödəyicisi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, bağladığı əqdləri rəsmiləşdirməyərək heç bir sənədləşmə aparmadan faktiki olaraq yazılı sübutlara istinad etmədən məhkəməyə müraciət etmişdir. Hazırkı iş üzrə iddiaçı tərəfindən təqdim olunan sübutlardan göründüyü kimi, cavabdehlərin hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıya dəyən zərər arasında səbəbli əlaqə mövcud olmamışdır. İddiaçı tərəfindən göndərilən məhsul iş materiallarında olan təhvil-təslim aktından göründüyü kimi, RVİ-ın ünvanında təhvil verilmişdir. İddiaçı tərəfindən məhsulun xarab olması halının cavabdehlərin hərəkət və ya hərəkətsizliyi ilə əlaqəli olması mötəbər sübutlarla təsdiq olunmadığından və məhsullar göstərilən ünvana çatdırıldığından məhsulların xarab olduğu üçün alıcı tərəfindən təhvil alınmaması cavabdehlərin iddiaçıya maddi ziyan vurmuş olmasına dəlalət etmir. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmiş, bununla da MMC və Cavabdeh2 tərəfindən iddiaçıya ziyan vurulması təsdiq edilmədiyindən iddia təmin oluna bilməz. Gəldiyi nəticəni birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 21, 385.1, 386.1, 850.1, 853, 859.1, 859.2, 1096.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 81, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsində birinci icraat Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, iş materiallarından da göründüyü kimi cavabdeh tərəf məhkəməyə rus dilində tərtib olunmuş və Azərbaycan dilinə tərcümə edilməmiş “sənədlər” təqdim etmişdir. Rus dilində təqdim edilən sənədlər xarici dildə tərtib olunduğundan iddia tərəfi sənədin hüquqi təhlilini tam olaraq apara bilməsə də, “sənədlərdən” birinin tarix hissəsində 2 fərqli tarix qeyd edilmişdir. Bundan əlavə sənəd guya “Arviay” (X2) hüquqi şəxs tərəfindən tərtib edilsə də, sənəddə olan möhür tam fərqli hüquqi şəxsə aiddir. Bu isə hər iki “sənədin” mətəbərliyini şübhə altına alır. Belə ki, AR MPM-in 76.1-ci, 76.3-cü və 88-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur, qanunu pozmaqla əldə edilmiş sübutların istifadəsinə yol verilmir və məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bundan əlavə cavabdeh tərəfindən təqdim edilən qeyri mötəbər “sənəd” güya Rusiya Federasiyasında tərtib edilsə də həmin ölkənin qanunlarına zidd tərtib edilmişdir. Belə ki, “Ticarət əməliyyatlarının uçotu üçün ilkin uçot sənədlərinin vahid formalarının albomu”na (Rusiya Federasiyası Dövlət Statistika Komitəsinin 25 dekabr 1998-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş formalar) əsasən idxal edilən malların kəmiyyət və keyfiyyətində olan fərqlilik haqqında akt komissiya üzvləri və ekspertizanın aparılması həvalə edilmiş təşkilatın eksperti tərəfindən qəbulun nəticələrinə əsasən, tədarükçünün və alıcının təşkilatlarının nümayəndələrinin və ya təşkilatın - alıcının nümayəndəsinin iştirakı ilə tərtib edilir. Burada həmçinin maraqsız təşkilatın səlahiyyətli nümayəndəsi də olmalıdır. Lakin cavabdeh tərəfin təqdim etdiyi “sübut”da aktın komissiya tərəfindən tərtib edildiyi yazılza da, sənəd yalnız hansısa adı, vəzifəsi bəlli olmayan “Kolosova” soyadlı şəxs tərəfindən imzalanmışdır. Həmin “Kolosova” adlı şəxsin kim olması, imzanın məhz ona məxsus olması heç bəlli deyil. Qanunun tələb etdiyi digər şəxslərin nə iştirakı təmin edilmiş nə də imzası vardır həmin aktlarda. Cavabdeh bu “sübutu” hardan tapmışdır bəlli deyil və məhkəmə də bu lazımsız kağız parçasına qanunsuz qiymət vermişdir. Həmçinin həmin sənəd RF qanunlarına görə 3 vərəqədən və hər bir vərəqində müəyyən məlumatlar olduğu təqdirdə, məhkəməyə yalnız 1 vərəqədən ibarət qeyri-mötəbər “sənəd” təqdim edilmişdir. İş materiallarından görünür ki, mal cavabdehə təhvil verilib. Bundan əlavə cavabdeh məhkəmə iclasında ifadə verərkən iddiaçı tərəfindən onlara malın verilməsini və malın onlar tərəfindən “Arviay” (X2) çatdırılmalı olduqlarını və buna görə ödəniş aldıqlarını etiraf etmişdir. Bununla da malın cavabdehlərə təhvil verilməsi və iddiaçı ilə cavabdeh arasında olan razılaşmaya görə müəyyən ödəniş müqabilində malın cavabdehlər tərəfindən “Arviay” (Raşen Vençurİnvestments) çatdırılmalı olması işin mübahisəsiz halıdır. Yəni qətnamədə qeyd edilənlərin ziddinə iddiaçı tərəf öz tələbini sübut etmişdir. Lakin cavabdeh tərəf malın çatdırılma nöqtəsini çatdırmasını sübut edə bilməmiş, hətta bu yöndə güya sübut təqdim etsə də həmin sübut qeyri mötəbər olmuşdur. Bundan əlavə cavabdeh qeyd etsə də ki, güya 17 avqustda malı təhvil verib, Cavabdeh2 səs yazısından müəyyən olunur ki, 18 avqustda o malı hələ təhvil verməyib. Güya malı təhvil almalı olan şəxslər malın yalnız şəkillərini çəkib gediblər. Belə olan təqdirdə cavabdehlərin “sübutları” qeyri mötəbər sübut kimi qiymətləndirilməlidir. Bundan əlavə iddianın mahiyyəti malın xarab olub olmaması yox, malın ümumən çatdırılma nöqtəsinə çatdirilmamasıdır. Məhkəmə baxışlarının video və audio yazılarına baxıldıqda bunu dərhal müəyyən etmək olar. Lakin məhkəmə nədənsə iddia tələbini öz istəyinə görə təfsir etmişdir. Bundan əlavə məhkəmə iddia tərəfinin yük daşınma müqaviləsinin olması, lakin ola bilər ki, hər iki nüsxə cavabdehdə qalıb ifadəsinə nədənsə əhəmiyyət verməmişdir. Halbuki, Azərbaycan gömrüyü müqaviləsiz gedən malları sənədləşdirib bəyənnamə verməzdi. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 31 may tarixli, 2-2(104)-89/2023 saylı qətnaməsi ilə (sədrlik edən – Ş.Rzaquliyev, hakimlər – L.Süleymanov və A.Hüseynzadə) qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş və yeni qətnamə çıxarılmaqla iddia qismən – MMC-dən qətnamənin icra olunduğu gün üçün Azərbaycan manatına olan məzənnəsi ilə 34.332 ABŞ dolları məbləğində pul və ödənilmiş 400 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin faktiki halları və iş materialları ilə iddiaçının MMC ilə 6.000 kq şaftalı, 8.400 kq nektarin və 3.780 kq gavalıdan ibarət yükün Cavabdeh2 idarə etdiyi avtomaşınla Rusiya Federasiyasında yerləşən RVİ-yə çatdırması ilə bağlı razılığa gəldikləri, invoys dəyəri 34.332 ABŞ dolları təşkil edən həmin malların cavabdehə təhvil verilməsi, mallar təhvil verilən anda qüsursuz olması, lakin həmin malların sifarişçi RVİ-ya çatdırılmadığı müəyyən olunmuş, bu RV-dan alınmış məktubla da təsdiqini tapmışdır. Məhkəmə cavabdehin izahatında göstərdiyi “Mal səhər 10:00-11:00 radələrində çatdırılıb və həmin günün axşamı onlara şifahi şəkildə malın xarab olduğunu bildiriblər. Bu barədə iddiaçını məlumatlandırıblar”- dəlili ilə bağlı həmin xüsusatın iş materialları ilə təsdiqini tapmadığını vurğulamışdır. MMC-nin nümayəndəsi məhkəmə iclasında da məhkəməyə həmin dəlili təsdiq edən sübut təqdim etməmişdir. Bu səbəbdən, məhkəmə MMC-dən iddiaçının xeyrinə 34.332 ABŞ dollarının tutulmalı olması nəticəsinə gəlmişdir. Müqavilə iddiaçı ilə MMC arasında bağlandığından və Cavabdeh2, müqavilə tərəfi olmadığından ona münasibətdə iddia tələbi təmin edilməməlidir. Gəldiyi nəticəni apellyasiya instansiyası məhkəməsi MM-in 6.2, 21, 385.1, 386.1, 850.1, 853, 859.1, 859.2, 1096.1-ci, MPM-in 81-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunması, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 01 dekabr tarixli, 2-2(102)-587/2023 saylı qərarı ilə (məruzəçi – B.Məmmədli, hakimlər – İ.Dadaşov və A.Hüseynov) Cavabdeh1 MMC-nin kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 may tarixli 2-2(104)-89/2023 saylı qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi, işin yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı "xxxx" MMC-nin nümayəndəsi vəkil Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Cavabdeh1 MMC-nin nümayəndəsi Vəkil2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Prosessual məsələlər: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası AR MPM 376.2. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulur: “Maddə 850. Yük daşınması müqaviləsi 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. ...” “Maddə 851. Yük göndərən və yük alan. Daşıyıcı Yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.” “Maddə 854. Qaimə 854.1. Yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir: 854.1.1. yük göndərən ilə daşıyıcı arasında müqavilə; 854.1.2. bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması; 854.1.3. yük alan tərəfindən yükün qəbul edilməsi; 854.1.4. müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeydşərtlər; 854.1.5. yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ; 854.1.6. daşıyıcının yükə girov hüququ. 854.2. Qaimənin üç orijinalında yük göndərənin və daşıyıcının imzaları və ya ştempelləri olmalıdır. Qaimənin birinci nüsxəsi yük göndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir, üçüncü nüsxəsi isə daşıyıcıya verir. ...” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 38.1. Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi (bundan sonra — CMR) bu Qaydaların 22 nömrəli əlavəsində nəzərdə tutulmuş nümunəvi formaya uyğun üç nüsxədə tərtib edilir, yükgöndərən və daşıyıcı tərəfindən imzalanır. CMR üzrə yükgöndərən və daşıyıcının imzalarının rəsmiləşdirilməsi mətbəədə çap edilmə üsulu ilə və ya yükgöndərənin və daşıyıcının ştempelinin əvəz edilməsi yolu ilə aparıla bilər. CMR-in birinci nüsxəsi yükgöndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir və yükalana verilir, üçüncü nüsxəsi isə daşıyıcıda qalır. ... 39.1. Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarına görə ödənişin məbləği və hesablaşma qaydası sifarişçi və daşıyıcı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. 39.2. Yük daşımalarının yerinə yetirilməsinə görə sifarişçi və daşıyıcı arasında hesablaşmalar müqavilə ilə hesablaşmanın başqa qaydası müəyyən edilmədikdə, yükgöndərən və yükalan tərəfindən müvafiq qeydin edildiyi CMR-in əlavə olunduğu daşıyıcının hesabatı əsasında həyata keçirilir. ...” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Maddə 218.1. Hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, e-2-2(115)-2069/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Rusiya Federasiyasında yerləşən “Arviay” (X2) Səhmdar Cəmiyyəti arasında bağlanmış RVİ-MAN-080720-N20 saylı, xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC həmin müqaviləyə əsasən Rusiya Federasiyasında yerləşən “Arviay”a (X2) meyvə məhsulu göndərməyi öhdəsinə götürmüşdür. Həmin meyvələrin Rusiya Federasiyasına çatdırılması üçün iddiaçı yük daşımaları xidmətini yerinə yetirən Cavabdeh1 MMC ilə şifahi formada yük daşıma müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən ümumi invoys dəyəri 34.332 ABŞ dolları olan məhsulun Rusiya Federasiyasına çatdırılması ilə bağlı İddiaçı MMC ilə Cavabdeh1 MMC razılığa gəlmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1. maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 851. maddəsinə əsasən, daşıyıcı Yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. Həmin Məcəllənin 854.1. maddəsinə əsasən, yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir: 854.1.1. yük göndərən ilə daşıyıcı arasında müqavilə; 854.1.2. bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması; 854.1.3. yük alan tərəfindən yükün qəbul edilməsi; 854.1.4. müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeydşərtlər; 854.1.5. yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ; 854.1.6. daşıyıcının yükə girov hüququ. 854.2. Qaimənin üç orijinalında yük göndərənin və daşıyıcının imzaları və ya ştempelləri olmalıdır. Qaimənin birinci nüsxəsi yük göndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir, üçüncü nüsxəsi isə daşıyıcıya verir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 38.1-ci bəndinə görə, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi (CMR) nümunəvi formaya uyğun üç nüsxədə tərtib edilir, yükgöndərən və daşıyıcı tərəfindən imzalanır. CMR-in birinci nüsxəsi yükgöndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir və yükalana verilir, üçüncü nüsxəsi isə daşıyıcıda qalır. Yuxarıda sadalanan normaların tələblərini irəli çəkən kollegiya qeyd edir ki, daşıma müqaviləsinin mütləq şəkildə yazılı formada olması şərtləndirilməmiş, və yük daşınması müqaviləsi, həmçini onun həyata keçirilməsi formulyar şəkildə tərtib edilən səndlər (qaimə ilə) əsasında öz təsdiqini tapır. Həmin sənədin, yəni qaimənin üç orjinaldan ibarət olması və yük göndərənin, daşıyıcının imzaları və yaxud da ştempelləri olmalıdır. Nüsxələrdən birincisi yük göndərənə, ikincisinin yükü müşayiət edir və yükü alana verilir, üçüncü nüsxə isə daşıyıcıda saxlanılır. Belə yük daşımalarına görə ödənişin məbləği və hesablaşma qaydası sifarişçi və daşıyıcı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Yük daşımalarının yerinə yetirilməsinə görə sifarişçi və daşıyıcı arasında hesablaşmalar müqavilə ilə hesablaşmanın başqa qaydası müəyyən edilmədikdə, yükgöndərən və yükalan tərəfindən müvafiq qeydin edildiyi CMR-in əlavə olunduğu daşıyıcının hesabatı əsasında həyata keçirilir. İş materiallarında olan, CMR-dən (Beynəlxalq qaimə) görünür ki, iddiaçı “göndərən”, RVİ “yükü alan”, cavabdeh isə “daşıyıcı”, DC Sofino, Sofino logistik texnoparkı “Yükün boşalma yeri” kimi göstərilmiş, sənədin 22-ci qrafasında göndərən (İddiaçı MMC) adından imza çəkilmiş və İddiaçı MMC-nin möhürü vurulmuş, 23-cü qrafada daşıyıcının (Cavabdeh1 MMC) ştampı vurulmuş, sənədin “Yük qəbul olunub” qeydi olan 24-cü qrafasında isə Alıcının adından imza çəkilmiş, RVİ-ın möhürü vurulmuş və tarix “xx.xx.2021” yazılmışdır. İş materillarına əlavə edilmiş “whatsapp” tədbiqi yazışmalarından çıxarışdan və CMR-dən (İ cild, 87 vərəq və İİ cild 33-cü vərəq) görünür ki, Cavabdeh1 MMC tərəfindən yükün çatdırılmalı olduğu ünvan DC Sofino, Sofino logistik texnopark, korpus 1 kimi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş CMR (Beynəlxalq qaimə) ilə Cavabdeh1 MMC tərəfindən yükün xx.xx.2021-ci il tarixdə müvafiq ünvana (DC Sofino, Sofino logistik texnopark, korpus 1) çatdırılması və CMR-in yükü alan RVİ-ın adından imzalanması və RVİ-ın möhürü vurulmaqla yükün qəbul edilməsi öz təsdiqini tapmışdır. Göründüyü kimi, iş materiallarına əlavə edilmiş CMR-in 24-cü qrafasında yükü alan RVİ-ın xx.xx.2021-ci il tarixdə yükün qəbul edilməsinə dair möhürünün olması artıq daşıyıcının öz üzərinə düşən öhdəliklərini yerinə yetirməsinə dəlalət edir. Bundan başqa birinci instansiya və apellyasiya məhkəməsindəki birinci icraat zamanı cavabdehin nümayəndəsi öz izahatında cavabdehin ödənişi iddaçı tərəfindən çek vasitəsilə məhsullar çatdırıldıqdan 20 gün sonra ödənildiyini bildirməsi və iddiaçının sonradan ona yük daşımanın həyata keçirilməsinə görə ödənilməli olan pulun 70-80 % qalığını ödədiyini bildirməsi və iddiaçı tərəfin bu hallara münasibət bildirə bilməməsi bir daha onu təsdiq edir ki, daşıyıcı tərəfindən öz üzərinə düşən öhdəliklər lazımi qaydada yerinə yetirilmişdir. Həmin məsələlərə kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, yükdaşıma üçün müqavilə ilə müəyyənləşdirilən haqq daşıyıcının müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməsi üçün ona ödənilən pul məbləğidir. Əgər daşıyıcı öz öhdəliklərini yerinə yetirmirsə, deməli, yükgöndərəndən də sözügedən haqqın ödənilməsini tələb etmək əsassızdır. Əksinə, əgər yükgöndərən razılaşdırılmış daşıma haqqını tam və ya qismən daşıyıcıya əvvəlcədən ödəmişdirsə, daşıyıcının öz öhdəliklərini pozaraq yükü nəzərdə tutulan ünvana çatdırmaması həmin haqqın geri qaytarılmasını tələb etmək üçün əsasdır. Baxılan işdə də iddiaçı yükün RVİ-a çatdırılmadığını, yəni cavabdehin öz öhdəliklərini icra etmədiyini iddia etsə də, cavabdehə avans olaraq ödədiyi pul vəsaitini (əgər belə ödəniş olmuşdursa) nədənsə geri tələb etmir. Üstəlik, cavabdeh tərəfin məhkəmə iclaslarında verdiyi izahatlara görə, daşıma haqqı iddaçı tərəfindən məhsullar çatdırıldıqdan 20 gün sonra ödənilmişdir və iddiaçı sonradan cavabdehə yük daşımanın həyata keçirilməsinə görə ödənilməli olan pulun 70-80 % qalığını ödəmişdir. İddiaçı isə bu məsələyə ümumiyyətlə münasibət bildirməmişdir. Beləliklə, CMR (Beynəlxalq qaimə) ilə Cavabdeh1 MMC tərəfindən yükün xx.xx.2021-ci il tarixdə DC Sofino, Sofino logistik texnopark, korpus 1 ünvanına çatdırılması və CMR-in yükü alan RVİ-ın adından imzalanması və RVİ-ın möhürü vurulmaqla yükün qəbul edilməsi öz təsdiqini tapdığından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli e-2-2(115)-2069/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas vermir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əssən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-2069/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətinə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar