Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-46/2023 11.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-1242/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 2379.21 manat borc və 60 manat mediasiya rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-1242/2022 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-1242/2022 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli “X2 İstehsalının Stimullaşdırılması üzrə Xidmət və Satınalma Müqaviləsi”nə əsasən cavabdeh 6 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə, ümumilikdə 210 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə cavabdehə məxsus sahəyə cəmiyyət tərəfindən 4522 manat məbləğində mal və xidmət satılmaqla və 1947 manat pul vəsaiti avans olaraq kart hesabına köçürtməklə cəmi 6469 manat dəyərində xərc çəkilmişdir. Cavabdeh tərəfindən isə iddiaçıya cəmi 4089.79 manat dəyərində şəkər çuğunduru təhvil verilmişdir. Nəticədə cavabdehin cəmiyyətə 2379.21 manat borcu yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı MMC apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və prosessual hüquq normalarını kobud şəkildə pozmuş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə araşdırması düzgün aparılmamış, təqdim edilmiş sübutlar düzgün qiymətləndirilməmiş və Azırbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə tərəfindən müqavilənin 3.1-ci maddəsi düzgün qiymətləndirilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndində qeyd edilmişdir ki, İddiaçı MMC-nin nümayəndəsi əkinçinin torpaq sahəsinə baxış keçirərək şəkər çuğundurunun səmərəli əkin üçün yararlığı, suvarma suyu ilə tam təmin olunması və s. məsələləri əsas götürərək uyğunluq barədə müvafiq rəy bildirməlidir. Müqavilənin bəndindən də aydın olur ki, burada yazılı mütəxəssis rəyindən söhbət gedə bilməz. Burada yalnız söhbət nümayəndənin əraziyə baxış keçirib, torpaq sahəsinin əkin üçün yararlı olub-olmamasından gedir ki, həmin əraziyə də əkindən qabaq "xxxx" MMC-nin nümayəndəsi - aqronomu baxış keçirib və müqavilə bağlanması üçün əkin sahəsinin yararlı olması barədə rəhbərliyə şifahi rəy bildirmişdir. Bundan sonra tərəflər arasında müqavilə bağlanmışdır. Tərəflər arasında yazılı müqavilənin olması bir daha sübut edir ki, həmin torpaq sahəsi haqqında nümayəndənin müsbət rəyi olmuşdur. Müqavilənin 3.5-ci bəndi də düzgün qiymətləndirilməmişdir. Belə ki, Cavabdeh fərdi sahibkardır və fiziki şəxs kimi vergi ödəyicisidir. Azərbaycan Respublikası Vergi qanunvericiliyi tələb edir ki, vergi ödəyicisi olan hər bir fərdi sahibkara satılan mal və xidmət elektron qaimə-faktura təqdım edilməklə həyata keçirilməlidir. Belə olmayan halda Vergi orqanı tərəfindən Azərbaycan Respublikası Vergi qanunvericiliyinin 58.13 (Elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdan-satış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir) maddəsində müəyyən edilmiş sanksiyalar tətbiq edilir. Bu səbəbdən də Azərbaycan Respublikası Vergi qanunvericiliyini rəhbər tutaraq, müqavilənin icrası ilə əlaqədar cavabdehə satılmış mal və xidmətlər elektron qaydada həyata keçirilmiş və təqdim edilmiş qaimələr cavabdeh tərəfindən elektron qaydada qəbul edilmişdir. Cavabdehə təqdim edilmiş elektron qaimə-fakturalar işə əlavə edilmişdir. Buna görə də məhkəmənin iddiaçının cavabdehə satılmış mal (gübrə və dərmanın) və xidmətlərlə bağlı sübutların təsdiqini tapmaması ilə bağlı gəldiyi qənaət tam əsassız və qeyri-qanunidir. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanan müqavilə podrat müqaviləsinə uyğun gəldiyi üçün iddia müddəti ötürülmüşdur. Halbuki adından da göründüyü kimi bu müqavilə “X2 istehsalının stimullaşdırılması üzrə xidmət va satınalma” müqaviləsidir. Müqavilədə tərəflər "xxxx" və İstehsalçı/Əkinçi olaraq aydın yazılmış və tərəflərin öhdəlikləri qeyd edilmişdir. Müqavilə üzrə məhsulu yetişdirən və "xxxx"-ə təhvil verən tərəf də İstehsalçı/Əkinçidir, yəni cavabdeh tərəfdir. Belə ki, müqavilənin 4.3 maddəsində də İstehsalçı/Əkinçi öhdəllyinə götürür ki, şəkər çuğundurunu yetişdirib istehsal edib, "xxxx"-ə təhvil verəcəkdir. Burada podrat müqaviləsindən (sifarişçı və icraçıdan) söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinın 373.2 maddəsində qeyd edilir ki, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Buna görə də hesab edirlər ki, məhkəminin bu məsələ ilə də bağlı gəldiyi qənaət tam əsasızdır və bu səbəbdən də qətnamə ləğv edilməlidir. Cavabdehin apellyasiya şikayətinə etirazının dəlilləri: Cavabdeh apellyasiya şikayətinə qarşı verdiyi etirazında göstərmişdir ki, İddiaçı MMC respublikanın bütün regionlarını məhkəməyə vermiş, çuğundur istehsalı ilə məşğul olan sahibkarlıq subyektlərinin yarısından çoxunu bu və ya digər həcmdə cərimə ilə yükləmişdir. İddiaçı 2019-cu ilin maliyyə-təsərrüfat ilində baş verənlərə dair məsələni 3 il keçdikdən sonra yox, həmin il qaldırmalı idi. İddiaçı məhkəməyə gec müraciət edildiyinə görə məhkəmə işi icraata qəbul etməli deyildi. İddiaçı elektron qaimələrlə iş görmədiyinə görə onun elektron qaimələrə istinad etməsi də əsassızdır. İddiaçının suvarma işlərinin vaxtında aparılmamasına istinad etməsi də iddiaçının aqronomları çuğundur yetişdirilən sahələrə fasiləsiz olduqlarına görə əsassızdır. Çünki əks halda müvafiq akt tərtib edilmiş olardı. Digər tərəfdən heç bir sahibkar idarə etdiyi təsərrüfatdan götürəcəyi məhsulun zay olmasını istəməz. O, özü 5 ildir ki, çuğundur məhsulu yetişdirir və 2019-cu ilədək heç bir vaxt bu kimi halla qarşılaşmamışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edib həmin şikayətin dəlillərinə uyğun izahat verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-1242/2022 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, iddiaçı cavabdehlə bağlanmış müqavilə şərtlərinə riayət etmiş olsa da, cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, müqavilədə nəzərdə tutulmuş miqdarda X2nu iddiaçıya təhvil verməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-1242/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq izah etdi ki, iddiaçının verdiyi toxum keyfiyyətsiz olduğuna görə lazımi səviyyədə məhsuldarlıq olmamış, yetişmiş çuğundur məhsulunun çox hissəsi yerkökü boyda olduğuna görə müqavilə öhdəliyinə əməl edə bilməmişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə iclasında iştirak edən tərəfləri dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış “X2 istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”ndən görünür ki, cavabdeh 6 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə, ümumilikdə 210 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən İstehsalçı/Əkinçi öz qanuni istifadəsində olan torpaq sahəsində "xxxx"in aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi texniki vasitələri ilə şəkər çuğunduru bitkisini intensiv yolla becərməli və əldə edilmiş məhsulun hamsını bu müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada "xxxx"-ə təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1 saylı Əlavəsində müəyyən edilmiş şərtlərə əsasən hər bir çuğundurun çəkisi 250 qramdan az olmamalıdır. Həmin Müqavilənin 3.1-ci maddəsinə əsasən "xxxx"-in nümayəndəsi “İstehsalçı/Əkinçi”-nin torpaq sahəsinə baxış keçirərək şəkər çuğundurunun səmərəli əkini üçün yararlığı, suvarma suyu ilə tam təmin olunması və s. məsələləri əsas götürərək uyğunluq barədə öz rəyini bildirir. İş materiallarında olan ödəniş sənədlərindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 4522 manat məbləğində mal və xidmət göstərilmiş, 1947 manat məbləğində pul vəsaiti avans olaraq kart hesabına köçürülmüşdür. İş materiallarında olan pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə 2379,21 manat borcunun ödənilməsini təklif etmiş, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, işin hallarından və tərəflər arasında olan xidmət və satınalma müqaviləsinin məzmunundan da göründüyü kimi tərəflərin qarşılıqlı şəkildə üzərinə götürdüyü öhdəliklərin məqsədi müəyyən edilmiş normadan az olmayan keyfiyyətli məhsulun əldə edilməsinə yönəlmişdir. Yəni müqavilənin məqsədinə bütünlüklə nail olmaq o halda mümkün ola bilərdi ki, hər bir tərəf öz üzərinə düşən öhdəliyi tam icra etmiş olsun. İşin hallarından göründüyü kimi İddiaçı MMC müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini tam şəkildə yerinə yetirməmişdir. Belə ki, "xxxx" öz üzərinə götürdüyü öhdəliyə uyğun olaraq məhsulun torpaqdan çıxarılmasını təmin etməmişdir. Əgər əkilən sahədə məhsul bütünlüklə yetişməmişdirsə və buna görə də həmin əraziyə texnikanın göndərilməsinə lüzum qalmamışdırsa, bu məsələ yerində müvafiq qaydada istehsalçının iştirakı ilə sənədləşdirilməli idi. Lakin bu barədə hər hansı sənəd tərtib edilməmişdir. Hazırkı iş üzrə də iddia tələbinin əsasında və mübahisənin kökündə işin qüsurlu icrası ilə bağlı məsələlər dayanır. İşin hallarından göründüyü kimi mübahisə qüsurlu icradan qaynaqlanmşdır. İddiaçı cavabdehdən pul tələb etsə də, o, bu tələbini qüsurlu icranı bildirən faktlara və hallara əsaslanmaqla irəli sürür. Qeyd olunanlar onu deməyə əsas verir ki, hazırkı iddia tələbi qüsurlu icra barəsində, yəni qüsurlu icraya aid və bu xüsusda olan tələbdir. İddianın mahiyyətindən belə görünür ki, öhdəliyin icrası qüsurlu olmasa idi, tələb də olmazdı. Digər öhdəlik münasibətlərindən fərqli olaraq podrat müqaviləsində bu qəbildən olan tələblərə qanunla görə bir illik müddət müəyyən edilmişdir. Mülki Məcəllənin 776.1-cı maddəsindən görünür ki, müddət işin qəbul edildiyi gündən sonra başlanır. Belə başa düşülür ki, müqavilənin predmetindən və istehsal olnumuş məhsuldan asılı olaraq tələb qüsurun aradan qaldırılmasına da yönələ bilər və yaxud, qüsurlar barəsində digər məzmunda da ola bilər. Tərəflər arasında “X2 istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma” müqaviləsi xx.xx.2018-ci il tarixdə bağlanmış və müqavilədə öhdəliyin icrası müddəti 1 il müəyyən edilmişdir. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir minir və 12 (on iki) ay müddətinə qüvvədədir. Müqavilənin müddətinin bitməsi tərəfləri öz öhdəliklərini yerinə yetirməkdən azad etmir. Nəzərə alaraq ki, şəkər çuğunduru müqavilə müddəti ərzində yalnız bir dəfə istehsal oluna bilərdi, qeyd edilən 1 illik müddət 19 noyabr 2019-cu il tarixdə bitmişdir. İddiaçı isə ilkin olaraq xx.xx.2021-ci ildə məhkəməyə müraciət etmişdir. Həmin iş üzrə (e-2-2(115)- 117/2022) xx.xx.2022-ci il tarixdə baxılmamış saxlama barədə qərardad qəbul edilmişdir. Hazırkı tələb üzrə yenidən xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hər iki halda qanunla müəyyən edilmiş bir illik iddia müddəti ötürülmüşdür. Müddətin ötməsini istisna edən hallar mövcud deyildir Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Qətnamədən göründüyü kimi iddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi bir tərəfdən iddiaçı tərəfindən müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməməsinə ("xxxx" öz üzərinə götürdüyü öhdəliyə uyğun olaraq məhsulun torpaqdan çıxarılmasını təmin etməməsinə), digər tərəfdən tərəflər arasında bağlanmış müqavilənin podrat müqaviləsinin ünsürlərini əhatə etdiyinə görə iddiaçının müvafiq iddia ilə məhkəməyə müraciət etməsi üçün bir illik iddia müddətini buraxmasına istinad etmiş, cavabdeh isə həm birinci instansiya məhkəməsinin, həm də məhkəmə kollegiyasının iclasında verdiyi izahatında toxumun keyfiyyətsiz olduğunu və iddiaçının 3 ildən sonra məhkəməyə müraciət etməklə iddia müddətini ötürdüyünü göstərmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin əsaslandığı hallardan birincisini ("xxxx"-in öz üzərinə götürdüyü öhdəliyə uyğun olaraq məhsulun torpaqdan çıxarılmasını təmin etməməsini) cavabdeh nə məhkəmə iclasında verdiyi izahatında, nə də apellyasiya şikayətinə qarşı etirazında göstərməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-ci maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 385.1-ci maddəsinin əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.. Həmin Məcəllənin 386.1-ci maddəsinin əsasən görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı MMC və cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli “X2 İstehsalının Stimullaşdırılması üzrə Xidmət və Satınalma Müqaviləsi”-nə əsasən cavabdeh 6 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə, ümumilikdə 210 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə cavabdehə məxsus sahəyə cəmiyyət tərəfindən 4522 manat məbləğində mal və xidmət satılmaqla və 1947 manat pul vəsaiti avans olaraq kart hesabına köçürtməklə cəmi 6469 manat dəyərində xərc çəkilmişdir. Cavabdeh tərəfindən isə iddiaçıya cəmi 4089.79 manat dəyərində şəkər çuğunduru təhvil verilmişdir. Nəticədə cavabdehin cəmiyyətə 2379.21 manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcu ödəməkdən boyun qaçırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən ona 4522 manat məbləğində mal və xidmət satılmasını və 1947 manat pul vəsaitinin avans olaraq kart hesabına köçürülməsini mübahisələndirməmişdir, yəni iddiaçı tərəfindən müqavilə öhdəliyinə uyğun olaraq cəmi 6469 manat dəyərində xərc çəkildiyini inkar etmir. İddiaçının toxumun keyfiyyətsiz olmasına dair dəlilinə münasibətdə kollegiya qeyd edir ki, qanunvericiliyin tələbinə görə tələbinin əsaslandırılması üçün hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Cavabdeh iddiaçı tərəfindən təqdim olunmuş şəkər çuğunduru toxumunun keyfiyyətsiz olduğunu vurğulasa da, lakin məhkəməyə həmin halı təsdiq edəcək heç bir mötəbər sübut təqdim etməmişdir. O cümlədən cavabdeh məhkəmə kollegiyasının iclasında da yetişmiş X2nun çox hissəsinin yerkökü boyda olduğunu vurğulamış, məhkəmə iclasının təxirə salınaraq başqa vaxta təyin olunmasına baxmayaraq cavabdeh öz dəlilini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehin həmin dəlilini iddianın rədd edilməsinə əsas verəcək sübut kimi qəbul etmir. Mülki Məcəllənin 768.1 və 768.1.1-ci maddələrində də göstərilir ki, sifarişçidən alınmış material keyfiyyətsiz və yararsız olduqda podratçı sifarişçini vaxtında xəbərdar etməyə borcludur. Kollegiya birinci instansiya məhkməsinin iddiaçı tərəfindən müvafiq iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddia müddətinin ötürülməsinə dair əsaslandırması ilə də razılaşmır. Çünki tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli “X2 İstehsalının Stimullaşdırılması üzrə Xidmət və Satınalma Müqaviləsi”nin məzmunundan da göründüyü kimi həmin müqavilə qarışıq müqavilə olmaqla özündə podrat, xidmət və alqı-satqı müqavilələrinin əlamətlərini ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli “X2 İstehsalının Stimullaşdırılması üzrə Xidmət və Satınalma Müqaviləsi”nin podrat müqaviləsinə oxşar şəhətləri, yəni həmin müqavilədə podrat müqaviləsinin ünsürləri olmuş olsa da, həmin müqavilə podrat müqaviləsi kimi qiymətləndirilə bilməz. Çünki podrat müqaviləsinə görə podratçı sifarişçinin verdiyi muzd müqabilində ya sifarişçinin verdiyi, ya da özünün əldə etdiyi materiallar əsasında məhsulu hazırlayır. Məhsulu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məhsula mülkiyyəti sifarişçiyə verir. Hazırkı halda isə istehsalçı iddiaçının təqdim etdiyi xidmət, toxum, gübrə, pestisidlər və texnika ilə, həmçinin avans olaraq köçürülmüş pul vəsaiti ilə mülkiyyətində olan və ya icarəyə götürdüyü torpaq sahəsinə şəkər çuğunduru əkib, yetişdirir və həmin məhsulu çıxararaq iddiaçıya təhvil verir, həm də yetişdirdiyi məhsuldan özü üçün qazanc əldə əldə edir. Bu müqavilə bağlanarkən iddiaçının marağı çəkdiyi xərc dəyərində məhsulu istehsalçıdan (cavabdehdən) qəbul etmək, istehsalçının (cavabdehin) marağı isə daha keyfiyyətli məhsul yetişdirməklə qazac əldə etməkdir. Mülki Məcəllənin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Birinci instansiya məhkməsi də məhz həmin normaya istinad edərək iddianı təmin etməmişdir. Hazırkı halda iddiaçının iddia ilə məhkəməyə müraciət etməsinin səbəbi cavabdehin təhvil verdiyi məhsulun qüsurlu olması ilə yox, cavabdehin müqavilə şərtlərini lazımi qaydada icra etməməsi, yəni müqavilə ilə şərtləşdirilmiş qaydada şəkər çuğunduru əkilmiş torpaq sahəsinin hər bir hektarından azı 35 ton şəkər çuğunduru yığıb təhvil verməməsidir. Göründüyü kimi iddiaçının hazırkı iddia ilə müraciət etməsinin səbəbi cavabdeh tərəfindən yetişdirilərək təhvil verilmiş X2nun qüsurlu olması ilə yox, cavabdeh tərəfindən müqavilə şərtlərinin qüsurlu icrası ilə, yəni müqavilə ilə şərtləşdirilmiş məbləğdə məhsulun təhvil verilməməsi ilə bağlıdır. İcranın qüsuru dedikdə isə podratçı tərəfindən hazırlanmış məmulatın (məhsulun) şərtləşdirilmiş keyfiyyətdə olmaması anlaşılır. Odur ki, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi Mülki Məcəllənin 776.1-ci maddəsinə istinad edib iddianı təmin etməməkdə haqlı olmamılşdır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir və iddiaçı da məhkəməyə hazırkı iddia ilə üç illik iddia müddəti daxilində müraciət etmişdir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli “X2 İstehsalının Stimullaşdırılması üzrə Xidmət və Satınalma Müqaviləsi”nin 2.1-ci bəndinə görə cavabdeh yetişdirib əldə etdiyi məhsulu 2019-cu ilin dekabr ayının sonunadək "xxxx"-ə təhvil verməli idi. İddiaçı isə məhkəməyə hazırki iddia ilə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən isə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (MM-in 375.1 və 375.2 maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda müqavilə 12 ay müddətinə bağlanmış və müqavilənin icra müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. İddiaçı isə hazırkı iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmiş, beləliklə də 3 illik iddia müddətini ötürməmişdir. Göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli “X2 İstehsalının Stimullaşdırılması üzrə Xidmət və Satınalma Müqaviləsi”nə əsasən iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirdiyi halda cavabdeh tərəf öhdəliklərini icra etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə səhv nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilərək qətnamə ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.4, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-1242/2022 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. Cavabdeh 2379.21 (iki min üç yüz yetmiş doqquz manat 21 qəpik) manat borc və ödənilmiş 60 (altmış) manat mediasiya rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə verilsin. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-46/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-46/2023
11.01.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver