Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-49/2023 15.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-1284/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən əsas borca görə 12019 manat 68 qəpik, hesablanmış cəriməyə görə 6053 manat 82 qəpik və ödənilmiş mediasiya xərcinə görə 200 manat olmaqla, cəmi 18273 manat 50 qəpik pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-1284/2022 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı MMC apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-1284/2022 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin “MKT-Ağcabədi” filialı və cavabdeh arasında bağlanmış ********* saylı 2020- ci il mövsümü üzrə xam-pambığın alqısatqı müqaviləsinə əsəsən, Cavabdeh 20 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu İddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə İddiaçı tərəfindən Cavabdehə avans olaraq cəmi 25461,44 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, tədarük mövsümü vaxtı Cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xampambığın dəyərindən çıxılmalıdır. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Nəticədə cavabdeh tərəfindən 12425,2 kq, 8041,76 manat dəyərində xampambıq təhvil verilmişdir ki, bu da həm müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur, bununla da iddiaçıdan təhvil götürdüyü cəmi avansın dəyəri tam ödənilməmişdir. Cavabdeh avans vəsaitlərin dəyərinə görə yaranmış borcundan 5400 manat vəsaiti iddiaçıya geri qaytarmışdır. Son nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 12019,68 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən “MKT-Ağcabədi” filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.2-ci bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 6053,82 manat təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı MMC apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikasının ərazisində hərbi vəziyyət elan olunduğu üçün cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icra olunması qeyri-mümkün olmuşdur. Halbuki, mülki məhkəmə icraatı zamanı cavabdeh müqavilə üzrə öhdəliklərinin yetərincə yerinə yetirilməməsinin başlıca səbəbi kimi istifadəsində olan torpaq sahəsində su çatışmazlığını əsas gətirmişdir. Məhkəmənin yuxarıda qeyd olunan dəlilinə münasibətdə bildirilir ki, Respublika ərazisində hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı saat 21.00-dan saat 06.00-dək komendant saatının tətbiq edilməsi vətəndaşların bütün konstitusion hüquqlarının məhdudlaşdırılmasını ehtiva etmir. Belə ki, “Hərbi vəziyyət haqqında”Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanununa əsasən, hərbi vəziyyət - Azərbaycan Respublikasının Konstitusiyasına və bu Qanuna uyğun olaraq, Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində müvəqqəti tətbiq edilən siyasi, iqtisadi, inzibati, hərbi və digər tədbirlər kompleksini nəzərdə tutan, Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin konstitusion hüquq və azadlıqlarının, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin qismən və müvəqqəti məhdudlaşdırılmasına və onların üzərinə əlavə vəzifələr qoyulmasına yol verən xüsusi hüquqi rejimdir. Eyni Qanunun 19.1-ci maddəsinə əsasən,bu Qanunla nəzərdə tutulan hallarda qismən və müvəqqəti məhdudlaşdırılan hüquq və azadlıqlar istisna olmaqla, hərbi vəziyyət dövründə fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunları ilə müəyyənedilmiş bütün hüquq və azadlıqlardan istifadəedir. Beləliklə, hərbi vəziyyətin tətbiq edilməsi cavabdeh tərəfindən onun istifadəsinə mövcud olmuş torpaq sahəsində zəruri aqrotexniki tədbirlərin aparılmasına, o cümlədən pambıq yığımının həyata keçirilməsinə maneəçilik törədə bilməzdir. İş materiallarında mövcud olan aqrotexniki işlərin aparılmasına dair 02-461285 saylı iş aktının məzmunundan müəyyən etmək olar ki, Respublika ərazisində tətbiq edilmiş hərbi vəziyyət zamanıAğcabədi rayonu Kəbirli kəndi ərazisində yerləşən cavabdehin istifadəsində olan torpaq sahəsində pambıq istehsalı ilə bağlı görülən işlərdən biri də ümumi 20 ha sahənin 12 ha hissəsində 30 sentyabr 2020-ci il tarixdə kombayn vasitəsilə aparılmış aqrotexniki iş (zəhər səpini) olmuşdur. Bundan sonra, cavabdeh tərəfindən iddiaçıya ayrı-ayrı vaxtlarda, yəni xx.xx.2020, xx.xx.2020 və xx.xx.2021-ci il tarixlərdə xampambıq məhsulu təhvil verilmişdir ki, sözügedən tarixlər döyüş əməliyyatlarının bitdiyi dövrə təsadüf etmişdir. Belə olan halda, cavabdehin müqavilə öhdəliklərini yerinə yetirə bilməməsini həmin ərazidə döyüş əməliyyatlarının aparıldığı ilə əlaqələndirilməsindən söhbət gedə bilməz. Beləliklə,cavabdehin istifadəsində olan torpaq sahəsində döyüşlərin getməsi ilə məhsuldarlığının aşağı olması arasında birbaşa əlaqəli səbəb sübuta yetirilməmiş, yəni hər hansıfotoşəkil, videogörüntü, akt və sair cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərəala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisnaedə və yaaradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Bundan başqa, xam-pambığın alqı-satqı müqaviləsinin 5.3-cü bəndində nəzərdə tutulmuşdur ki, fors majorşəraitindən sonra tərəflər faktiki borca görə məsuliyyət daşıyır. Əfsuslar olsun ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən işin hallarına hüquqi qiymət verilməmiş və ədalətli məhkəmə araşdırılması aparılmamışdır. Sadalanan normaların tələblərinə uyğun olaraq, cavabdehin istifadəsində olan torpaq sahəsi ərazisində döyüşlərin getməsi ilə məhsuldarlığının aşağı olması arasında birbaşa əlaqəli səbəb məhkəmə araşdırılması zamanı sübuta yetirilməmişdir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahat: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edib həmin şikayətin dəlillərinə uyğun izahat verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-1284/2022 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, şikayətin təminn edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədəmn saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsini dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC-nin Ağdam filialı və cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli ********* saylı xam-pambığın alqısatqı müqaviləsinə əsasən 2020-ci il mövsümü üzrə cavabdeh 20 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.2-ci maddəsinə əsasən satıcı 20 ha torpaq sahəsində pambıq əkir və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam-pambığın bütünlüklə mövcud standartlara və 27 avqust 2007-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xam-pambığın yığılması və tədarükünə dair təlimat”ın tələblərinə əsasən Azərbaycan X1 Pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırılanmış və alıcıda saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərlə alıcının mülkiyyətinə tədarük mövsümü vaxtı, lakin 15 noyabr 2020-ci il tarixindən gec olmayaraq təhvil verilir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən fors major şəraitində (hərbi vəziyyət, blokada şəraiti, tərəflərdən asılı olmayan ümumi sel, daşqın, zəlzələ) müqaviləyə əsasən götürülmüş öhdəliklərin yerinə yetirilməsi qeyri-mümkün ola bilər. Həmin müqavilənin 5.2ci maddəsinə əsasən fors major şəraitinin mövcud olması ilə əlaqədar tərəflərdən biri fors major şəraitdədirsə və müqavilə öhdəliyini vaxtında yerinə yetirə bilmirsə, fors major şəraiti qurtaranadək öhdəliyin yerinə yetirilməsindən azad edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 200 manat mediasiya xərci ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixinə 12019.68 manat əsas, 6053.82 manat cərimə borcu təşkil edir. Məhkəmə kollegiyasının iclasında təqdim edilmiş Ağcəbədi rayon İcra Hakimiyyəti başçısının Kəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 18 yanvar 2023-cü il tarixli 15 saylı arayışında göstərilir ki, 2020-ci ilin sentyabr ayının 27-dən başlanan Vətən müharibəsi zamanı Ağcəbədi rayonunun Kəbirli kəndi ərazisinə atılan mərmiləri düşməsinə baxmayaraq həmin kəndin ərazisində döyüş getməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış ********* saylı 2020- ci il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən, Cavabdeh 20 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu İddiaçıya satmağı öhdəsinə götürmüş, bu məqsədlə İddiaçı tərəfindən Cavabdehə avans olaraq cəmi 25461,44 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Lakin cavabdeh tərəfindən 8041,76 manat dəyərində 12425,2 kq xam pambıq təhvil verilmişdir ki, bu da həmin müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur, bununla da iddiaçıdan təhvil götürdüyü cəmi avansın dəyəri tam ödənilməmişdir. Cavabdeh avans vəsaitlərin dəyərinə görə yaranmış borcundan 5400 manat vəsaiti iddiaçıya geri qaytarmışdır. Son nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 12019,68 manat əsas borcu yaranmış, müqavilə şərtlərini pozduğuna görə ona müqavilənin 4.2-ci bəndinə əsasən 6053,82 manat cərimə hesablanmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, fors major şəraitində (hərbi vəziyyət, blokada şəraiti, tərəflərdən asılı olmayan ümumi sel, daşqın, zəlzələ) müqaviləyə əsasən götürülmüş öhdəliklərin yerinə yetirilməsi qeyrimümkün ola bilər. “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020- ci il 27 sentyabr tarixli, 1166 nömrəli Fərmanına əsasən Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmişdir. Həmin Fərmana əsasən Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 07 dekabr 2020-ci il tarixli, 1201 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının bütün ərazisində elan edilmiş hərbi vəziyyət 2020-ci il 12 dekabr saat 00:00-dan ləğv edilmişdir. İş üzrə sənədlərdən göründüyü kimi cavabdehin istifadəsində olan torpaq sahəsi Ağcabədi rayonu Kəbirli kəndinin ərazisində yerləşmişdir. Sənədlərdən göründüyü kimi cavabdeh, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2021-ci il tarixlərində xam pampıq təhvil vermişdir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, öhdəliyin tam olaraq yerinə yetirilməməsinin müqavilədə nəzərdə tutulmuş fors major şəraitlə əlaqədar olduğundan iddiaçı hazırkı tələblə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Məhkəmə müqavilənin 5.2-ci maddəsinə münasibət olaraq qeyd edir ki, pampıq kənd təsərrüfatı məhsuludur, təbii şəraitdə becərilir və payız aylarında yığılır. Həmin aylarda yığılmadığı halda itkiyə məruz qalınır. Onun yığılmasını qeyri-mümkün edən şərait başa çatdıqdan sonra da onun tam olaraq yığılması mümkün ola bilməzdi. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən pambığın əkildiyi Ağcəbədi rayonunun Kəbirli kəndi ərazisində döyüş getməmiş, iş materiallarının 7-ci vərəqindəki məlumatdan göründüyü kimi 03 .10.2020-ci il tarixdə pambıq sahəsinə traktorla dərman da səpilmişdir. Bu isə həmin vaxtı göstərilən ərazidə pambığın yığılması üçün şəraitin olduğunu təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşdən göründüyü kimi tərəflərin arasında birgə fəaliyyət və məhsulun alğı-satqısı müqavilələr imzalanmış, həmin müqavilələrin şərtlərinə əsasən hər bir tərəf üzərinə müəyyən öhdəliklər götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Göründüyü kimi İddiaçı MMC-nin “MKT-Ağcabədi” filialı və cavabdeh arasında bağlanmış ********* saylı 2020- ci il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsasən iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirdiyi halda cavabdeh tərəf öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə 12019,68 manat əsas borcu yaranmışdır. Məhkəmə kollegiyası cərimə borcu ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehdən 6053,82 manat cərimə borcunun tutulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cərimə borcu tənasübsüz qaydada yüksək miqdarda hesablanmışdır. Ona görə də, cərimə borcu azaldılmalı və 200 manat miqdarında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən cavabdehin müqavilə öhdəliyini lazımi qaydada yerinə yetirməməsini fors major vəziyyəti ilə əlaqələndirsə də, cavabdeh tərəfindən pambıq əkilmiş Ağcəbədi rayonunun Kəbirli kəndində hərbi əməliyyatlar getməməklə döyüş zonasından xeyli aralı olduğunu nəzərə almamışdır. Odur ki, apellyasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv edilməli, yenoi qətnamə çıxarılaraq iddia qismən təmin edilməli, Cavabdeh 12.019,68 (on iki min on qoqquz manat 68 qəpik) manat əsas borc, 200 (iki yüz) manat cərimə və ödənilmiş mediasiya xərcinə görə 200 (iki yüz) manat mediasiya rüsumunun əvəzi tutularaq İddiaçı MMC -yə verilməlidir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.4, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-1284/2022 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 12.019,68 (on iki min on doqquz manat 68 qəpik) manat əsas borc, 200 (iki yüz) manat cərimə və ödənilmiş mediasiya xərcinə görə 200 (iki yüz) manat mediasiya rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-49/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-49/2023
15.02.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver