Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-50/2023 13.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə Quliyev Anar Elcan oğlunun katibliyi, İddiaçı “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı “X3” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-1344/2022 saylı qətnaməsindən iddiaçı “X3” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, 13191 manat borc və 200 manat mediasiya rüsumunun Cavabdeh İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli e-2-2(115)-1344/2022 nömrəli (hakim: K.Vəliyev) qətnaməsi ilə iddia təmin edilməmişdir. Gəncə Kommersiya Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli e-2-2(115)-1344/2022 nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli e-2- 2(115)-1344/2022 saylı qətnaməsində yol verilən yanlışlıq aradan qaldırılaraq 20 noyabr 2018-ci il tarixli “X6 istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”-nə əsasən cavabdeh kimi qeyd edilən “X5” sözlərinin “Cavabdeh” kimi oxunması qərara alınmışdır. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında bağlanmış 20 noyabr 2018ci il tarixli “X6 İstehsalının Stimullaşdırılması üzrə Xidmət və Satınalma Müqaviləsi”-nə əsasən cavabdeh 13 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 25 ton məhsul əldə etməklə, ümumilikdə 325 ton məhsulu istehsal edib cəmiyyətə satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə cavabdehə məxsus sahəyə cəmiyyət tərəfindən 13394.50 manat dəyərində mal və xidmət satılmaqla və 5212.50 manat avans olaraq kart hesabına köçürülməklə ümumilikdə 18607 manat xərc çəkilmişdir. Cavabbdeh tərəfindən isə cəmiyyətə cəmi 5416 manat dəyərində şəkər çuğunduru təhvil verilmişdir. Nəticədə cavabdehin cəmiyyətə 13191 manat borcu qalmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndini düzgün qiymətləndirməmişdir. Belə ki, həmin bənddə qeyd edilmişdir ki, İddiaçı MMC-nin nümayəndəsi əkinçinin torpaq sahəsinə baxış keçirərək şəkər çuğundurunun səmərəli əkin üçün yararlığı, suvarma suyu ilə tam təmin olunması və s. məsələləri əsas götürərək uyğunluq barədə müvafiq rəy bildirməlidir. Müqavilənin bəndindən də aydın olur ki, burada yazılı mütəxəssis rəyindən söhbət gedə bilməz. Burada yalnız söhbət nümayəndənin əraziyə baxış keçirib, torpaq sahəsinin əkin üçün yararlı olub-olmamasından gedir ki, həmin əraziyə də əkindən qabaq "xxxx" MMC-nin nümayəndəsi - aqronomu baxış keçirib və müqavilə bağlanması üçün əkin sahəsinin yararlı olması barədə rəhbərliyə şifahi rəy bildirmişdir. Bundan sonra tərəflər arasında müqavilə bağlanmışdır. Həmçinin, müqavilənin 3.5-ci bəndi də düzgün qiymətləndirilməmişdir. Belə ki, cavabdeh fərdi sahibkardır və fiziki şəxs kimi vergi ödəyicisidir. Azərbaycan Respublikasının Vergi qanunvericiliyi tələb edir ki, vergi ödəyicisi olan hər bir fərdi sahibkara satılan mal və xidmət elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməlidir. Belə olmayan halda Vergi orqanı tərəfindən Azərbaycan Respublikası Vergi qanunvericiliyinin 58.13 (Elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdan-satış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir) maddəsində müəyyən edilmiş sanksiyalar tətbiq edilir. Bu səbəbdən də Azərbaycan Respublikasının Vergi qanunvericiliyini rəhbər tutaraq, müqavilənin icrası ilə əlaqədar cavabdehə satılmış mal və xidmətlər elektron qaydada həyata keçirilmiş və təqdim edilmiş qaimələr cavabdeh tərəfindən elektron qaydada qəbul edilmişdir. Cavabdehə təqdim edilmiş elektron qaimə-fakturalar işə əlavə edilmişdir. Buna görə də məhkəmənin iddiaçının cavabdehə satılmış mal (gübrə və dərmanın) və xidmətlərlə bağlı sübutların təsdiqini tapmaması ilə bağlı gəldiyi qənaət düzgün olmamışdır. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanan müqavilə podrat müqaviləsinə uyğun gəldiyi üçün iddia müddəti ötürülmüşdur. Halbuki adından da göründüyü kimi bu müqavilə “X6 istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma” müqaviləsidir. Müqavilədə tərəflər "xxxx" və İstehsalçı/Əkinçi olaraq aydın yazılmış və tərəflərin öhdəlikləri qeyd edilmişdir. Müqavilə üzrə məhsulu yetişdirən və "xxxx"-ə təhvil verən tərəf də İstehsalçı/Əkinçidir, yəni cavabdeh tərəfdir. Belə ki, müqavilənin 4.3 maddəsində də İstehsalçı/Əkinçi öhdəllyinə götürür ki, şəkər çuğundurunu yetişdirib istehsal edib, "xxxx"-ə təhvil verəcəkdir. Burada podrat müqaviləsindən (sifarişçı və icraçıdan) söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinın 373.2-ci maddəsində qeyd edilir ki, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, şikayətin və iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini qəbul etməyərək, sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında göstərmişdir ki, həqiqətən “X1” MMC tərəfindən göstərilən avans məbləğini almışdır. Lakin, “X1” MMC tərəfindən bitkiyə aqrotexniki qulluq göstərilməsi ilə bğlı heç bir yardım göstərilməmiş, lazımi gübrə və dərman ləvazimatları verilməmişdir. Öz imkanları ilə gübrə və kimyəvi dərman ləvazimatları almış, aqrotexniki və suvarma işlərini vaxtı-vaxtında görmüş, nəticədə yaxşı məhsul yetişdirmişdir. Lakin, “X1” MMC məhsulun çıxarılması üçün vaxtında texniki vasitələri verməmiş, daha vacib sahələr olduğunu bildirərək ona məhsulun çıxarılması üçün texnikanın verilməsini yubatmış, nəticədə sahədə olan məhsul vaxtında çıxarılmamış və məhv olmuşdur. Əvvəlki illərdə də şəkər çuğundurunun əkib-beçərilməsi ilə bağlı “X1” MMC ilə müqavilələr bağlamış və yaxşı gəlir əldə etmişdir. Ona görə də daha artıq gəlir əldə edəcəyini ümid edərək yeni müqavilə bağlamış, həm də əkin sahəsini də artırmışdır. İddiaçının nümayəndəsi texnikanın verilməməsinin səbəbini sahədə olan məhsulun lazımi keyfiyyətdə və müqavilə ilə müəyyən edilmiş standartlara uyğun olmaması ilə bağlı olması ilə izah etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə düzgün nəticəyə gəlmiş olsa da, lakin iş üzrə düzgün maddi hüquq norması tətbiq etməmişdir. Ona görə də kollegiya hesab edir ki, qətnamə ləğv edilməlidir. İşdən müəyyən olunur ki, tərəflər arasında bağlanmış 20 noyabr 2018-ci il tarixli “X6 İstehsalının Stimullaşdırılması üzrə Xidmət və Satınalma Müqaviləsi”nin məzmunundan da göründüyü kimi həmin müqavilə qarışıq müqavilə olmaqla özündə podrat, xidmət və alqı-satqı müqavilələrinin əlamətlərini ehtiva edir. İşə baxan birinci instansiya məhkəməsi isə qeyd olunan hala düzgün hüquqi qiymət vermədən tərəflər arasında bağlanmış müqaviləni podrat müqaviləsi kimi qiymətləndirərək, müqavilə tərəflərini podratçı və sifarişçi kimi qəbul etmiş və iş üzrə iddia müddəti tətbiq edərək iddianı təmin etməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən müvafiq iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddia müddətinin ötürülməsinə dair əsaslandırması ilə razılaşmır. Çünki tərəflər arasında bağlanmış 20 noyabr 2018-ci il tarixli “X6 İstehsalının Stimullaşdırılması üzrə Xidmət və Satınalma Müqaviləsi”nin məzmunundan da göründüyü kimi həmin müqavilə qarışıq müqavilə olmaqla özündə podrat, xidmət və alqı-satqı müqavilələrinin əlamətlərini ehtiva edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqısatqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə tərəflər arasında bağlanmış 20 noyabr 2018-ci il tarixli “X6 İstehsalının Stimullaşdırılması üzrə Xidmət və Satınalma Müqaviləsi”nin podrat müqaviləsinə oxşar şərtləri, yəni həmin müqavilədə podrat müqaviləsinin ünsürləri olmuş olsa da, həmin müqavilə podrat müqaviləsi kimi qiymətləndirilə bilməz. Çünki podrat müqaviləsinə görə podratçı sifarişçinin verdiyi muzd müqabilində ya sifarişçinin verdiyi, ya da özünün əldə etdiyi materiallar əsasında məhsulu hazırlayır. Məhsulu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məhsula mülkiyyəti sifarişçiyə verir. Hazırkı halda isə istehsalçı iddiaçının təqdim etdiyi xidmət, toxum, gübrə, pestisidlər və texnika ilə, həmçinin avans olaraq köçürülmüş pul vəsaiti ilə mülkiyyətində olan və ya icarəyə götürdüyü torpaq sahəsində şəkər çuğunduru əkib, yetişdirir və həmin məhsulu çıxararaq iddiaçıya təhvil verir, həm də yetişdirdiyi məhsuldan özü üçün qazanc əldə edir. Bu müqavilə bağlanarkən iddiaçının marağı çəkdiyi xərc dəyərində məhsulu istehsalçıdan (cavabdehdən) qəbul etmək, istehsalçının (cavabdehin) marağı isə daha keyfiyyətli məhsul yetişdirməklə qazanc əldə etməkdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 776.1-ci maddəsinə əsasən, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Birinci instansiya məhkməsi də məhz həmin normaya istinad edərək iddianı təmin etməmişdir. Hazırkı halda iddiaçının iddia ilə məhkəməyə müraciət etməsinin səbəbi cavabdehin təhvil verdiyi məhsulun qüsurlu olması ilə yox, cavabdehin müqavilə şərtlərini lazımi qaydada icra etməməsi, yəni müqavilə ilə şərtləşdirilmiş qaydada şəkər çuğunduru əkilmiş torpaq sahəsinin hər hektarından 35 ton şəkər çuğunduru yığıb təhvil verməməsidir. Göründüyü kimi iddiaçının hazırkı iddia ilə müraciət etməsinin səbəbi cavabdeh tərəfindən yetişdirilərək təhvil verilmiş X6nun qüsurlu olması ilə yox, cavabdeh tərəfindən müqavilə şərtlərinin qüsurlu icrası ilə, yəni müqavilə ilə şərtləşdirilmiş məbləğdə məhsulun təhvil verilməməsi ilə bağlıdır. İcranın qüsuru dedikdə isə podratçı tərəfindən hazırlanmış məmulatın (məhsulun) şərtləşdirilmiş keyfiyyətdə olmaması anlaşılır. Odur ki, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi Mülki Məcəllənin 776.1-ci maddəsinə istinad edib iddianı təmin etməməkdə haqlı olmamışdır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir və iddiaçı da məhkəməyə hazırkı iddia ilə üç illik iddia müddəti daxilində müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (MM-in 375.1 və 375.2 maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda müqavilə 12 ay müddətinə bağlanmış və müqavilənin icra müddəti 20 noyabr 2019-cu il tarixdə bitmişdir. İddiaçı isə hazırkı iddia ilə məhkəməyə 14 iyun 2022-ci il tarixdə müraciət etmiş, beləliklə də 3 illik iddia müddətini ötürməmişdir. İddia tələbinə gəldikdə məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd edir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: 20 noyabr 2018-ci il tarixli "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış “X6 istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”-dən görünür ki, Cavabdeh 13 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 25 ton məhsul əldə etməklə, ümumilikdə 325 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Həmin müqaviləsinin 2.1-ci bəndinə əsasən, istehsalçı/əkinçi öz qanuni istifadəsində olan torpaq sahəsində "xxxx"in aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi texniki vasitələri ilə şəkər çuğunduru bitkisini intensiv yolla becərməli və əldə edilmiş məhsulun hamısını bu müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada "xxxx"-ə təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, "xxxx"-in nümayəndəsi “İstehsalçı/Əkinçi”-nin torpaq sahəsinə baxış keçirərək şəkər çuğundurunun səmərəli əkini üçün yararlığı, suvarma suyu ilə tam təmin olunması və s. məsələləri əsas götürərək uyğunluq barədə öz rəyini bildirir. Həmin müqavilənin 4.8-ci bəndinə əsasən, İstehsalçı/Əkinçi istehsal etdiyi kənd təsərrüfatı məhsulunun "xxxx" tərəfindən müəyyənləşdirilmiş qrafikə riayət etməklə daşınmasını təşkil edir. Həmin müqaviləyə 1 saylı Əlavədən görünür ki, şəkər çuğundurunun təhvilinə başlama və son təhvil tarixləri "xxxx" tərəfindən müəyyənləşdirilir və on gün əvvəl “İstehsalçı/Əkinçi”yə bildirilir. Şəkər çuğunduru "xxxx" tərəfindən müəyyənləşdirilmiş qrafikə riayət edilməklə daşınmalı və zavoda təhvil verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında 20 noyabr 2018-ci il tarixli “X6 istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi” bağlanmış və həmin müqaviləyə əsasən sonuncu 13 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 25 ton məhsul əldə etməklə, ümumilikdə 325 ton məhsulu istehsal edib İddiaçınə satmağı öhdəsinə götürmüşdür. İddiaçı MMC cavabdehə məxsus sahəyə cəmiyyət tərəfindən 13394.50 manat dəyərində mal və xidmət satılmaqla, 5212.50 manat avans olaraq kart hesabına köçürülməklə ümumilikdə 18607 manat xərc çəkildiyini, cavabdehin isə cəmiyyətə cəmi 5416 manat dəyərində şəkər çuğunduru təhvil verdiyini, bu səbəbdən də cavabdehin cəmiyyətə 13191 manat borcu qaldığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Bundan əvvəldə qeyd edildiyi kimi məhkəmə kollegiyası hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin məzmunundan da göründüyü kimi istehsalçı ona verilmiş pul vəsaiti hesabına hansısa miqdarda şəkər çuğunduru bitkisini yetişdirib müqavilə tərəfinə təhvil verməyi o şərtlə üzərinə götürmüşdür ki, iddiaçı tərəf istehsalçını aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən, toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər maddi-texniki vasitələrlə təmin etsin. Lakin, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən şəkər çuğundurunun təhvilinə başlama və son təhvil tarixləri göstərilməklə məhsulun sahədən çıxarılaraq təhvil verilməsi qrafiki müəyyənləşdirilməmiş, İstehsalçı/Əkinçi yetişdirilmiş məhsulun çıxarılması üçün xüsusi texnika ilə lazımi qaydada təmin olunmamış, nəticədə cavabdeh tərəfindən müqavilə öhdəliyinin lazımi qaydada icra edilməsi mümkünsüz olmuşdur. Məhkəmə Kollegiyası həmçinin vurğulayır ki, məhkəmə iclasında müəyyən olunduğu kimi cavabdeh əvvəlki illərdə də eyni məhsulun (bitkinin) əkib-beçərilməsi ilə bağlı iddiaçı ilə münasibətdə olmuş və müəyyən gəlir əldə etmişdir. Məhz əvvəlki müqavilə üzrə əldə etdiyi nailiyyətə ümid edərək yeni müqavilə bağlamış, həm də əkin sahəsini də artırmışdır. Görülmüş işin qarşılığında cavabdehlərin gözləntisi yüksək gəlir əldə etmək olmuş, lakin gəlirin əldə olunması üçün hər iki müqavilə tərəfinin öhdəliyini lazımi qaydada yerinə yetirməsi zəruri olduğuna görə cavabdeh gözlənilən nəticəni əldə edə bilməmişdir. Kollegiya gəlmiş olduğu qənaətini onunla əsaslandırır ki, cavabdeh tərəf apellyasiya instansiyasında icraat zamanı vermiş olduğu izahatında bildirmişdir ki, məhsul əldə edilmişdir ki, lakin İddiaçı MMC məhsulun vaxtında çıxarılması üçün əkin sahəsinə vaxtında texnika göndərməmişdir. İddiaçı müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Kollegiya cavabdeh tərəfin bu dəlilini əsaslı hesab edir. Belə ki, apellyasiya instansiyasında icraat zamanı məhkəmə kollegiyasına təqdim edilmiş “Çuğundur həvaləsi” (018309, 018310, 018317 nömrəli) qəbzlərindən görünür ki, Cavabdeh məxsus əkin sahəsindən məhsul çıxarılması üçün iddiaçı tərəfindən 14 sentyabr 2019-cu il tarixdə iki ədəd maşın (texnika) göndərilmişdir. Növbəti maşın (texnika) isə bundan 11 gün sonra, yəni 25 sentyabr 2019-cu il tarixdə göndərilmiş, bundan sonra isə məhsulun çıxarılması üçün texnika ilə təmin edilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında sahədə məhsulun olmasını təsdiq etsə də, məhsulun çıxarılması üçün texnikanın göndərilməməsini sahədə olan məhsulun lazımi keyfiyyətdə və müqavilədə göstərilən standartlara uyğun olmaması ilə əsaslandırmış, lakin bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçı tərəfindən şəkər çuğundurunun çıxarılaraq zavoda təhvil verilməsi ilə bağlı qrafik də müəyyənləşdirilməmişdir. İddiaçının nümayəndəsi belə bir qrafikin olmadığını bildirmişdir. Göründüyü kimi, İddiaçı MMC cavabdehə məxsus əkin sahəsində istehsal edilmiş məhsulun çıxarılması üçün müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Belə ki, lazımi vaxtda əkin sahəsinə texnika göndərməmişdir. Kollegiya qeyd edir ki, tərəflər arasında müqavilə bağlanmış olsa da, lakin İddiaçı MMC müqavilə üzrə üzərinə düşən öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Halbuki, bundan əvvəldə qeyd olunduğu kimi mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutlara hərtərəfli baxaraq qiymətləndirmək dedikdə, sübut edilməli olan halları və faktları həm təsdiq, həm də inkar edən sübutların dəqiq araşdırılaraq qiymətləndirilməsi, həm də istənilən sübutun qanunvericiliyin bütün tələblərinə cavab verib-vermədiyinin yoxlanılması başa düşülür. Beləliklə də məhkəmə kollegiyası iddiaçının iddia tələbinin təmin edilməsi hissəsində apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, cavabdeh tərəfindən müqavilə öhdəliyinin lazımi qaydada yerinə yetirilməməsi cavabdehin təqsiri nəticəsində baş verməmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)- 1344/2022 saylı qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-1344/2022 saylı qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı 13191 (on üç min yüz doxsan bir) manat borc və 200 manat mediasiya rüsumunun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(104)-50/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-50/2023
13.02.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver