Məhkəmə qərarları › İş №2-2(104)-51/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-51/2023

18.01.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-51/2023 18.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə və Cavabdeh nümayəndəsi- Vəkil2 iştirakı ilə İddiaçı "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, e-2-2(115)-1678/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehin daşıma xidmətlərini qeyri-qanuni və əsassız olaraq ƏDV-nə cəlb etməklə iddiaçıya vurduğu zərərə görə 62585 manat məbləğində pulun və mediasiya ilə bağlı ödənilmiş 400 manat pulun Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, e-2-2(115)-1678/2022 nömrəli qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın təmin edilməsi, Cavabdehndən 62585 (altmış iki min beş yüz səksən beş manat) manat pul və ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərcinin tutularaq iddiaçı "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh X1 Kommersiya Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, e-2-2(115)- 1678/2022 nömrəli qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" (Azərbaycan) ASC ilə Cavabdeh MMC (əvvəlki adı "xxxx" MMC) arasında xx.xx.2016-cı il tarixli HA/0090/16/MLT saylı daşıma xidməti müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh iddiaçıya klinkerin daşınması xidmətlərini göstərməyi, iddiaçı isə daşıma xidmətlərinin dəyərini cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə göstərilən yük daşıma xidmətlərini ƏDV-nə cəlb etmişdir və iddiaçıya elektron qaimələri və elektron vergi hesab fakturaları (e-VHF) ƏDV daxil edərək təqdim etmişdir. İddiaçı həmin elektron qaimələr və e-VHF-lər əsasında cavabdehə əsas məbləğləri və ƏDV məbləğlərini ödəmişdir və ƏDV məbləğlərini müvafiq aylarda dövlət büdcəsindən əvəzləşdirmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "xxxx" (Azərbaycan) ASC-də xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasında səyyar vergi yoxlaması aparmışdır və xx.xx.2021-ci il tarixli, № **********196085 yoxlama aktı tərtib etmişdir. Səyyar vergi yoxlaması X2 üzrə xx.xx.2016-cı il və xx.xx.2019-cu il tarixlərini əhatə etmişdir. Dövlət Vergi Xidməti səyyar vergi yoxlaması aktının 2.1-ci maddəsinin 6-cı bəndində və xx.xx.2021-ci il tarixli, **********150555 saylı qərarının 6-cı bəndində qeyd etmişdir ki, yoxlama zamanı cəmiyyət tərəfindən daşımalar üzrə təqdim edilmiş e-VHF-lər əvəzləşdirilmişdir. Azərbaycan Respubliksı Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən mülkiyyətində və istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikası ərazisində sərnişin və yük daşımalarını həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyiciləridir və e-VHF təqdim etmək hüququ yoxdur. Bu səbəbdən Dövlət Vergi Xidməti vergi ödəyiciləri tərəfindən daşımalara görə təqdim edilmiş e-VHF-lər üzrə ödənilmiş ƏDV məbləğlərini, o cümlədən cavabdehin iddiaçıya təqdim etdiyi e-VHFlər üzrə ƏDV məbləğlərini və iddiaçı tərəfindən dövlət büdcəsindən əvəzləşdirilmiş xx.xx.2017-ci il tarixli, HQ 282490 saylı, ƏDV 6553,81 manat; xx.xx.2017-ci il tarixli, HQ 420023 saylı, ƏDV 3558,91 manat; xx.xx.2017-ci il tarixli, HQ 745358 saylı, ƏDV 2632,71 manat; 22.12. 2017-ci il tarixli, HQ 945382 saylı, ƏDV 7908,63 manat; xx.xx.2018-ci il tarixli, HR115637 saylı, ƏDV 10703,42 manat; xx.xx.2018-ci il tarixli, HS 415275 saylı, ƏDV 1501,57 manat; xx.xx.2018-ci il tarixli, HS 507542 saylı, ƏDV 1496,78 manat; xx.xx.2018-ci il tarixli, HS 716390 saylı, ƏDV 1929,61 manat; xx.xx.2018-ci il tarixli, HS 883060 saylı, ƏDV 1370,1 manat; xx.xx.2018-ci il tarixli, HT 320745 saylı, ƏDV 1218,66 manat; xx.xx.2018 tarixli, HT 320743 saylı, ƏDV 2627,38 manat; xx.xx.2018-ci il tarixli, HT 320738 saylı, ƏDV 882,83 manat olan ƏDV məbləğlərini ləğv etmişdir. Ləğv edilmiş e- VHF-lər üzrə ƏDV məbləği cəmi 41723,55 manatdır və həmin məbləğ müvafiq aylarda iddiaçının ƏDV sub-hesabından cavabdehə köçürülmüşdür. Dövlət Vergi Xidməti Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə istinad edərək cavabdeh tərəfindən göstərilən yükdaşıma xidmətlərinin ƏDV-yə deyil, sadələşdirilmiş vergiyə cəlb olunmalı olduğunu müəyyən etmişdir, cavabdeh tərəfindən daşımalara görə iddiaçıya təqdim edilmiş həmin e-VHF-lər üzrə ƏDV məbləğlərini və iddiaçı tərəfindən dövlət büdcəsindən 41723,55 manat məbləğində əvəzləşdirməni ləğv etmişdir. Dövlət Vergi Xidməti Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ləğv edilmiş 41723,55 manat məbləğinin 50%-i həcmində, yəni 20861,77 manat məbləğində iddiaçıya maliyyə sanksiyası tətbiq etmişdir. Dövlət Vergi Xidməti xx.xx.2021ci il tarixli səyyar vergi yoxlaması aktına və xx.xx.2021-ci il tarixli, **********150555 saylı qərarına əsasən iddiaçıya tələbnamə təqdim etmiş, həmin tələbnaməyə əsasən vergi yoxlaması nəticəsində dövlət büdcəsinə əlavə hesablanmış və ödənilməli olan vergilər 484480,73 manat və maliyyə sanksiyası 142171,88 manat, cəmi 626652,61 manat təşkil etmişdir. İddiaçı həmin tələbnaməyə əsasən 626652,61 manat məbləği, o cümlədən cavabdeh tərəfindən təqdim edilmiş e- VHF-lər üzrə ləğv edilən 41723,55 manat ƏDV məbləğini və həmin məbləğə tətbiq edilmiş 20861,77 manat məbləğində maliyyə sanksiyasını xx.xx.2021-ci il tarixdə dövlət büdcəsinə ödəmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi açıq-aydın birtərəfli mövqe nümayiş etdirmiş, iddianı təmin etməklə iddiaçının vergi məsuliyyətinin cavabdehin üzərinə qoyulmasına köməklik etmişdir. Məhkəmə tərəfindən iddiaçının vergi məsuliyyətinin cavabdehdən tələb olunmasının təmin olunması qətnamədə birbaşa əks olunmasa da, Mülki Məcəllənin 1113 və 1114-cü maddələrinə istinad olunma kimi başa düşülür. Qeyd olunan normaların heç biri hazırki iş üzrə tətbiq oluna bilməz. Qətnamə ilə təmin olunan cavabdehin iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş ƏDV məbləğinin və maliyyə sanksiyasının iddiaçıya geri qaytarılması nəticəsində iddiaçıya vurulmuş zərər tam şəkildə ödənilir, cavabdeh isə əvəzləşdirdiyi ƏDV məbləği ilə birlikdə iddiaçıya vurulmuş zərər məbləğinin nəticəsində ikiqat vergi tutma mexanizmi tətbiq olunmuş olur. Bu yolla da dolayısı ilə iddiaçı öz vergi öhdəliklərini tamamilə cavabdehdən alımış olur. Bu isə absurd yanaşmadır. Ona görə də qətnamədə tətbiq olunmalı olmayan normaların tətbiq edilməsi ilə gəlinən nəticə hazırki iş üzrə faktiki hallara uyğun deyildir və işin mahiyyəti obyektiv araşdırılmadan qiymət verilmişdir. Belə ki, Cavabdeh MMC xx.xx.2001-ci il tarixdən könüllü X2 (ƏDV) ödəyicisi olaraq qeydiyyatdan keçmişdir. Cəmiyyət yalnız daşıma xidməti həyata keçirmədiyi üçün ƏDV ödəyicisi olaraq qeydiyyata alınmışdır. Vergi Məcəlləsinin tələblərindən də göründüyü kimi cəmiyyət ƏDV ödəyicisi olaraq qeydiyyatdan keçdiyi üçün, yalnız ƏDV-nin ödənilməsini nəzərdə tutan elektron- qaimələr göndərə bilərdi. Yəni sadələşdirilmiş vergi ödəyicisi kimi elektron-qaimə göndərmək hüquqi və elektron imkanı olmamışdır. Ona görə də cavabdeh tərəfindən ƏDV-nin ödənilməsini də nəzərdə tutan elektron-qaimələr göndərilmiş və iddiaçı tərəfindən də həmin məbləğlərin ödənilməsi təmin olunmuşdur. Vergi Məcəlləsinin tələblərindən görünür ki, ƏDV vergi ödəyicisinin depozit hesabına ödənilir və vergi ödəyicisinə həmin depozit hesabına ödənilmiş ƏDV məbləğinə əvəzləşmə hüququ verir. Yəni vergi ödəyicisi aldığı ƏDV-ni başqa vergi ödəyicisi ilə həyata keçirmək istədiyi alqı-satqı və ya işlərin görülməsi zamanı ödəməli olduğu ƏDV məbləği həcmində əvəzləşdirə bilər. Göründüyü kimi depozit hesabına ödənilmiş ƏDV məbləği vergi ödəyicisinin bank hesabına daxil olmadığı üçün, həmin məbləğ nağdlaşdırıla bilməz və sərbəst pul vəsaiti kimi istifadə edilə bilməz. ƏDV məbləği sonda dövlət büdcəsinə ödənilir. Cavabdeh depozit hesabına daxil olan ƏDV məbləğlərinin hamısını əvəzləşdirmiş və bununla bağlı da hesabatlarını dövlət vergi orqanına təqdim etmişdir. İddiaçıda vergi yoxlamasının əhatə etdiyi dövrü əhatə edən səyyar vergi yoxlaması da keçirilmiş və iddiaçıya yoxlama zamanı irad tutulan xüsusatların heç biri cavabdehə irad tutulmamışdır. Yəni səyyar vergi yoxlaması cavabdehin iddiaçıya təqdim etdiyi elektronqaimələri qəbul etmiş və əsassız hesab etməmişdir. Qətnamədən görünür ki, vergi yoxlaması zamanı iddiaçının fəaliyyətində vergi qanunvericiliyinin pozulması halları aşkar olunmuş, əlavə vergilər və maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı ona hesablanmış vergilərin və maliyyə sanksiyalarının dolayı yolla cavabdehdən, yəni başqa bir vergi ödəyicisindən tələb etməyi və bu tələbin Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilə öhdəlikləri üzrə müddəalarının tətbiq olunması nəticəsində əsaslı hesab olunaraq vurulmuş zərər kimi qəbul olunmaqla məhkəmə tərəfindən əsaslı hesab olunması qanunvericiliyin tələblərinə ziddir. Çünki cavabdeh müqavilə üzrə öhdəliklərini tam şəkildə həyata keçirmiş və müqavilə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı heç bir pozuntu olmadığı üçün, iddiaçıya heç bir zərər də vurulmamışdır. İddiaçı ilə inzibati orqan arasında yaranan xüsusatlar və cərimə tətbiq olunması xüsusi subyektə münasibətdə tətbiq olunan normalarla tənzimləndiyindən, həmin məbləğlərin başqa şəxsin (digər vergi ödəyicinin) üzərinə qoyulması yol verilməzdir. Vergi yoxlaması zamanı müəyyən olunan vergi məbləğinin və maliyyə sanksiyasının cavabdehdən tələb olunması, cavabdehin dolayı yolla əlavə vergilər ödəməyə cəlb etmək hesab olunur ki, bu da Vergi Məcəlləsinin tələblərinə ziddir. Çünki vergi yoxlaması zamanı cavabdeh dəvət olunmayıb və yoxlamanın nəticəsində qəbul olunan inzibati akt cavabdehə təqdim olunmayıb. Bu baxımdan, həmin yekun inzibati aktla cavabdehin razılaşıb-razılaşmaması üçün heç bir əsas da olmamış və bu sahədə şikayət vermə hüququ formalaşmamışdır. Ümumiyyətlə, Vergi Məcəlləsində vergi yoxlaması zamanı üçüncü şəxslərin yoxlamaya cəlb edilməsi anlayışı nəzərdə tutulmamışdır. Ona görə də yoxlamanın nəticəsi ilə iddiaçı özü razılaşdığı üçün, həmin inzibati akt nəticəsində məsuliyyətə də yalnız özü cəlb olunmalıdır. Əksər zamanlarda vergi yoxlamaları inzibati orqan ilə vergi ödəyicisi arasında qarşılıqlı razılaşma əsasında yekunlaşır və vergi ödəyicisi razılaşdığı üçün yoxlama nəticəsində nəzərdə tutulan əlavə hesablanmış vergilərin və maliyyə sanksiyalarının dövlət büddcəsinə ödənilməsini təmin edir. Buna yoxlamanın aparılma müddətinə nəzər salmaqla da əmin olmaq mümkündür. Çünki Vergi Məcəlləsinə əsasən yoxlama 18 (on səkkiz) ay davam edə bilməz. Görünür ki, hazırki işdə də iddiaçı vergi yoxlaması ilə razılaşmış və ödənişləri dövlət büdcəsinə etmişdir. Razılaşmasa idi həmin inzibati aktdan şikayət verərdi və ya məhkəməyə müraciət edərdi. Belə hüququ iddiaçı cavabdehə verməmişdir. Yəni yoxlama zamanı cavabdehə heç bir məlumat verməmişdir. Beləliklə, hesablanmış vergiləri və maliyyə sanksiyasının dövlət büdcəsinə öədnilməsi məsuliyyəti yalnız iddiaçıya məxsusdur və həmin məbləğin cavabdehdən tələb olunması cavabdehə dolayı yolla əlavə vergilərin hesablanması hesab olunur ki, bu da qanunvehciliyin tələblərinə ziddir. İddiaçı vergi yoxlaması ilə razılaşmış, əlavə hesablanmış vergiləri və maliyyə sanksiyasını qəbul etmiş, həmin məbləğlərin dövlət büdəcəsinə ödənilməsini təmin etmiş, bu barədə cavabdehə heç bir məlumat verməmiş, yoxlamadan 1 (bir) il keçdikdən sonra, yəni inzibati aktdan şikayət vermək hüququ üzrə müddət keçdikdən sonra cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, yoxlama xx.xx.2021-ci il tahxdə başa çatdırılsa da, yoxlama zamanı Vergi Məcəlləsinin tələbləri pozulmuşdur. Belə ki, Vergi Məcəlləsinə əsasən yoxlama xx.xx.2021-ci il tarixdə yekunlaşdıqdan sonra xx.xx.2021-ci il tarixli “Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunmuşdur. Həmin qərar əsasında da vergi ödəyicisinə əlavə vergilər, maliyyə sanksiyası və faizlər hesablanır. Həmin qərar qəbul olunarkən 3 (üç) ildən öncəyə əlavə vergilərin və maliyyə sanksiyalarının hesablanması Vergi Məcəlləsinin tələblərinə ziddir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə yeni edilmiş dəyişiklik xx.xx.2020-ci il tarixdən qüvvəyə mindiyi üçün, vergi ödəyicisinin vəziyyətini ağırlaşdırdığından, həmin maddəyə edilmiş dəyişiklik geriyə tətbiq oluna bilməzdi. xx.xx.2020-ci il tarixədək qüvvədə olan Vergi Məcəlləsinin 85.4-cü maddəsində “Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunduğu tarixdən əvvəlki 3 (üç) il ərzində vergilər və maliyyə sanksiyaları hesablana bilərdi. Dəyişiklik olduqdan sonra isə həmin maddəyə əsasən səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul olunduğu tarixdən əvvəlki 3 (üç) ilə tətbiq olunur. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya təqdim olunan elektron-qaimələr xx.xx.2017-xx.xx.2018-ci il tarixləri əhatə etdiyi üçün xx.xx.2020-ci il tarixədək qüvvədə olən Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən həmin elektronqaimlər üzrə əvəzləşmələr ləğv oluna bilməzdi və maliyyə sanksiyası hesablana bilməzdi. xx.xx.2019-cu il tarixdə qüvvəyə minən Vergi Məcəlləsinin 156.1-1-ci maddəsinə əsasən Cavabdeh MMC-nin ƏDV ödəyicisi olmaq hüququ vardır. "xxxx" (Azərbaycan) ASC-də səyyar vergi yoxlaması xx.xx.2019- xx.xx.2021-ci il tarixlərdə aparılarkən artıq həmin maddə qüvvəyə mindiyi üçün yoxlama zamanı yüngülləşdirici hal olaraq qəbul olunmalı idi. Lakin yoxlama zamanı bu xüsusata da diqqət yetirilməmiş və "xxxx" (Azərbaycan) ASC də belə formada yoxlamanın yekunlaşdırılmasını qəbul edərək, hesablanmış əlavə vergiləri və maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəmişdir. Birinci instansiya məhkəməsi isə göstərilənləri nəzərə almadan iddianı təmin etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi – Vəkil2 apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin dəlillərinə uyğun izahat verdi və birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı tərəflərin nümayəndələrini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılaraq iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli HA/0090/16/MLT saylı Xidmət müqavilədən görünür ki, "xxxx" (Azərbaycan) ASC ilə Cavabdeh MMC (əvvəlki adı "xxxx" MMC) arasında daşıma xidməti müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdeh iddiaçıya klinkerin daşınması xidmətlərini göstərməyi, iddiaçı isə daşıma xidmətlərinin dəyərini cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Həmin Xidmət müqaviləsinə əlavə edilən 1 saylı Qoşmaya əsasən xidmətlərin siyahısı olaraq klinkerin maşınlarla Gürcüstana daşınması və ixrac gömrük rəsmiləşdirilməsinin aparılması, 2 saylı Qoşmaya əsasən müqavilənin qiyməti və ödənişi olaraq 75 manat, 118,80 manat, 20 manat və 36,20 manat göstəriləcək xidmətin qiyməti, daşıma xidməti üzrə yalnız Azərbaycan Respublikasının ərazisində 18% ƏDV-nin tətbiq olunması, 3 saylı Qoşmaya əsasən isə 18 iyul 2016-cı ildən qüvvəyə minən müqavilənin 30 iyun 2017-ci ildək qüvvədə qalması müəyyənləşdirilmişdir. Həmin Xidmət müqaviləsinə 21 sentyabr 2017-ci il tarixli 5 saylı Əlavəyə əsasən Podratçı ilə Müştəri müqavilənin 2 saylı Qoşmasında göstərilən xidmətə Qaradağ, Lökbatan, Xırdalan, Bakı, Şirvan, Sumqayıt, Şabran, Masallı, Qusar, Gəncə kimi təyinat nöqtələrində xidmətin göstərilməsinin əlavə edilməsi barədə razılığa gəlmiş və Əlavədə göstərilən cədvəldə xidmət qiymətləri müəyyən edilmişdir. Həmçinin Əlavədə qeyd edilmişdir ki, ödəniş daşıyıcı tərəfindən təqdim edilmiş və sifarişçi tərəfindən imzalanmış təhvil-təslim aktında göstərilən xidmətin tamamlanması tarixindən 90 təqvim günü müddətində edilməlidir. Təhvil-təslim aktı ən gec xidmətin tamamlanmasından sonra 5 gün müddətində təqdim edilməlidir. Təhvil-təslim aktlarının xidmətin tamamlanmasından sonra 5 gündən gec təqdim edilməsi halında sifarişçi ödənişin gecikməsinə görə məsuliyyət daşımır. ƏDV hesab-fakturası ödənişin həyata keçirilməsindən 5 gün əvvəl ƏDV sistemində olmalıdır. ƏDV hesab-fakturasının vaxtında siitemdə olmaması halında sifarişçi ödənişin gecikməsinə görə məsuliyyət daşımır İş materiallarında olan Cavabdeh MMC tərəfindən təqdim edilən elektron vergi hesab-fakturalarından, fakturaların verilməsinə əsas olmuş "xxxx" (Azərbaycan) ASC və "xxxx" MMC tərəfindən tərtib edilmiş aktlardan və "xxxx" (Azərbaycan) ASC tərəfindən köçürmənin aparılması haqqında bildirişlərdən görünür ki:

1. xx.xx.2017-ci il tarixli D002 nömrəli akta əsasən tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli xidmət müqaviləsinə xx.xx.2017-ci il tarixli 5 saylı əlavəyə əsasən xx.xx.2017-xx.xx.2017-ci il tarixinə kimi Azərbaycan Respublikası daxilində (Bakı, Şirvan, xırdalan, Gəncə) klinker yükü daşınmışdır. xx.xx.2017-ci il tarixli 282490 nömrəli elektron vergi hesab-fakturasına əsasən ƏDVyə cəlb edilən məbləğ 36410,05 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV məbləği 6553,81 manat olmaqla, cəmi 42963,86 manat təşkil edir ; 6553,81 manat ƏDV xx.xx.2018-ci il tarixdə köçürülmüşdür.

2. xx.xx.2017-ci il tarixli D003 nömrəli akta əsasən tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli xidmət müqaviləsinə xx.xx.2017-ci il tarixli 5 saylı əlavəyə əsasən xx.xx.2017-xx.xx.2017-ci il tarixinə kimi Azərbaycan Respublikası daxilində (Bakı, Xırdalan, Şirvan, Gəncə) klinker yükü daşınmışdır. xx.xx.2017-ci il tarixli 420023 saylı elektron vergi hesab-fakturasına əsasən ƏDV-yə cəlb edilən məbləğ 19771,77 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV məbləği 3558,91 manat olmaqla cəmi 23330,68 manat təşkil edir; 3558,91 manat ƏDV xx.xx.2018-ci il tarixdə köçürülmüşdür.

3. xx.xx.2017-ci il tarixli D004 nömrəli akta əsasən tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli xidmət müqaviləsinə xx.xx.2017-ci il tarixli 5 saylı əlavəyə əsasən xx.xx.2017-xx.xx.2017-ci il tarixinə kimi Azərbaycan Respublikası daxilində (Xırdalan, Şirvan, Gəncə, Bakı) klinker yükü daşınmışdır. xx.xx.2017-ci il tarixli 745358 saylı elektron vergi hesab-fakturasına əsasən ƏDV-yə cəlb edilən məbləğ 14626,21 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV məbləği 2632,71 manat olmaqla cəmi 17258,92 manat təşkil edir; 2632,71 manat ƏDV xx.xx.2018-ci il tarixdə köçürülmüşdür.

4. xx.xx.2017-ci il tarixli D006 nömrəli akta əsasən tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli xidmət müqaviləsinə xx.xx.2017-ci il tarixli 5 saylı əlavəyə əsasən xx.xx.2017-xx.xx.2017-ci il tarixinə kimi Azərbaycan Respublikası daxilində (Gəncə, Bakı, Xırdalan, Şirvan) klinker yükü daşınmışdır. xx.xx.2017-ci il tarixli 945382 saylı elektron vergi hesab-fakturasına əsasən ƏDV-yə cəlb edilən məbləğ 43936 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV məbləği 7908,63 manat olmaqla cəmi 51845,41 manat anat təşkil edir; 7908,63 manat ƏDV xx.xx.2018-ci il tarixdə köçürülmüşdür.

5. xx.xx.2018-ci il tarixli D001 nömrəli akta əsasən tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli xidmət müqaviləsinə xx.xx.2017-ci il tarixli 5 saylı əlavəyə əsasən xx.xx.2017-xx.xx.2017-ci il tarixinə kimi Azərbaycan Respublikası daxilində (Xırdalan, Bakı, Şirvan, Gəncə) klinker yükü daşınmışdır. xx.xx.2018-ci il tarixli 115637 saylı elektron vergi hesab-fakturasına əsasən ƏDV-yə cəlb edilən məbləğ 59463,45 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV məbləği 10703,42 manat olmaqla cəmi 70166,87 manat təşkil edir ; 10703,42 manat ƏDV xx.xx.2018-ci il tarixdə köçürülmüşdür.

6. xx.xx.2018-ci il tarixli D003 nömrəli akta əsasən tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli xidmət müqaviləsinə xx.xx.2017-ci il tarixli 5 saylı əlavəyə əsasən xx.xx.2018-xx.xx.2018-ci il tarixinə kimi Azərbaycan Respublikası daxilində (Gəncə, Şirvan, Xırdalan) klinker yükü daşınmışdır. xx.xx.2018-ci il tarixli 415275 saylı elektron vergi hesab-fakturasına əsasən ƏDV-yə cəlb edilən məbləğ 8342,04 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV məbləği 1501,57 manat olmaqla cəmi 9843,61 manat təşkil edir ; 840,71 manat ƏDV xx.xx.2018-ci il tarixdə köçürülmüşdür.

7. xx.xx.2018-ci il tarixli D004 nömrəli akta əsasən tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli xidmət müqaviləsinə xx.xx.2017-ci il tarixli 5 saylı əlavəyə əsasən xx.xx.2018-xx.xx.2018-ci il tarixinə kimi Azərbaycan Respublikası daxilində (Xırdalan, Bakı, Şirvan, Gəncə) klinker yükü daşınmışdır. xx.xx.2018-ci il tarixli 507542 saylı elektron vergi hesab-fakturasına əsasən ƏDV-yə cəlb edilən məbləğ 8315,47 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV məbləği 1496,78 manat olmaqla cəmi 9812,25 manat təşkil edir ; 1496,78 manat ƏDV xx.xx.2018-ci il tarixdə köçürülmüşdür.

8. xx.xx.2018-ci il tarixli D005 nömrəli akta əsasən tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli xidmət müqaviləsinə xx.xx.2017-ci il tarixli 5 saylı əlavəyə əsasən xx.xx.2018-xx.xx.2018-ci il tarixinə kimi Azərbaycan Respublikası (Qaradağ, Xırdalan, Şirvan) daxilində klinker yükü daşınmışdır. xx.xx.2018-ci il tarixli 716390 saylı elektron vergi hesab-fakturasına əsasən ƏDV-yə cəlb edilən məbləğ 10720,06 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV məbləği 1929,61 manat olmaqla cəmi 12649,67 manat təşkil edir ; 1929,61 manat ƏDV xx.xx.2018-ci il tarixdə köçürülmüşdür.

9. xx.xx.2018-ci il tarixli D006 nömrəli akta əsasən tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli xidmət müqaviləsinə xx.xx.2017-ci il tarixli 5 saylı əlavəyə əsasən xx.xx.2018-xx.xx.2018-ci il tarixinə kimi Azərbaycan Respublikası daxilində (Bakı, Şirxan, Xırdalan) klinker yükü daşınmışdır. xx.xx.2018-ci il tarixli 883060 saylı elektron vergi hesab-fakturasına əsasən ƏDV-yə cəlb edilən məbləğ 7611,66 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV məbləği 1370,10 manat olmaqla cəmi 8981,75 manat təşkil edir ; 8981,75 manat ƏDV xx.xx.2018-ci il tarixdə köçürülmüşdür.

10. xx.xx.2018-ci il tarixli D007 nömrəli akta əsasən tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli xidmət müqaviləsinə xx.xx.2017-ci il tarixli 5 saylı əlavəyə əsasən xx.xx.2018-xx.xx.2018-ci il tarixinə kimi Azərbaycan Respublikası daxilində (Bakı, Şirvan, Xırdalan) klinker yükü daşınmışdır. xx.xx.2018-ci il tarixli 320745 saylı elektron vergi hesab-fakturasına əsasən ƏDV-yə cəlb edilən məbləğ 6770,31 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV məbləği 1218,66 manat olmaqla cəmi 7988,96 manat təşkil edir ; 1218,66 manat ƏDV xx.xx.2018-ci il tarixdə köçürülmüşdür.

11. xx.xx.2018-ci il tarixli D008 nömrəli akta əsasən tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli xidmət müqaviləsinə xx.xx.2017-ci il tarixli 5 saylı əlavəyə əsasən xx.xx.2018-xx.xx.2018-ci il tarixinə kimi Azərbaycan Respublikası daxilində (Bakı, Gəncə, Şirvan, Xırdalan) klinker yükü daşınmışdır. xx.xx.2018-ci il tarixli 320743 saylı elektron vergi hesab-fakturasına əsasən ƏDV-yə cəlb edilən məbləğ 14596,53 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV məbləği 2627,38 manat olmaqla cəmi 17223,91 manat təşkil edir ; 2627,38 manat ƏDV xx.xx.2018-ci il tarixdə köçürülmüşdür.

12. xx.xx.2018-ci il tarixli D009 nömrəli akta əsasən tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli xidmət müqaviləsinə xx.xx.2017-ci il tarixli 5 saylı əlavəyə əsasən xx.xx.2018-xx.xx.2018-ci il tarixinə kimi Azərbaycan Respublikası daxilində (Bakı, Xırdalan, Şirvan) klinker yükü daşınmışdır. xx.xx.2018-ci il tarixli 320738 saylı elektron vergi hesab-fakturasına əsasən ƏDV-yə cəlb edilən məbləğ 4904,61 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV məbləği 882,83 manat olmaqla cəmi 5787,44 manat təşkil edir ; 882,83 manat ƏDV xx.xx.2018-ci il tarixdə köçürülmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli **********196085 nömrəli və xx.xx.2021ci il tarixli **********196085 nömrəli səyyar vergi yoxlaması haqqında aktlarından görünür ki, “Holcim (Azərbaycan)” ASC tərəfindən siyahısı təqdim edilən tədiyyə və dövrlərdə ƏDV-yə dair 2016-cı il noyabr-2019-cu il oktyabr tarixlərində vergilərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlamalar xx.xx.2019-cu il tarixində başlamış, xx.xx.2021-ci il tarixində başa çatmış, xx.xx.2019-cu il tarixdə başlamış, xx.xx.2021-ci il tarixdə başa çatmışdır. Yoxlamanın nəticəsi olaraq müəyyən olunmuşdur ki, cəmiyyət tərəfindən daşımalar üzrə təqdim edilmiş e-VHF-lər əvəzləşdirilmişdir. Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən mülkiyyətində və istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikası ərazisində sərnişin və yük daşımalarını həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər və və e-vVHF-lər təqdim etmək hüququ yoxdur. Bu səbəbdən: Çinar MMC ********** xx.xx.2017-ci il tarixli HQ 282490 (36410,05/6553,81), Çinar MMC ********** xx.xx.2017-ci il tarixli HQ 420023 (19771,77/3558,92), Çinar MMC ********** xx.xx.2017-ci il tarixli HQ 745358 (14626,21/2632,72), Çinar MMC ********** xx.xx.2017-ci il tarixli HQ 945382 (43936,78/7908,62), Çinar MMC ********** xx.xx.2018-ci il tarixli HR 115637 (59463,45/10703,42), Çinar MMC **********xx.xx.2018-ci il tarixli HS 415275 (4670,61/840,71), Çinar MMC ********** xx.xx.2018-ci il tarixli HS 507542 (8315,47/1496,78), Çinar MMC ********** xx.xx.2018-ci il tarixli HS 716390 (10720,06/1929,61), Çinar MMC ********** xx.xx.2018-ci il tarixli HS 883060 (7611,66/1370,1), Çinar MMC ********** xx.xx.2018-ci il tarixli HT 320738 (4904,61/882,83), Çinar MMC ********** xx.xx.2018-ci il tarixli HT 320743 (14596,53/2627,38), Çinar MMC ********** xx.xx.2018-ci il tarixli HT 320745 (6770,31/1218,66) daşımalara görə təqdim edilmiş e-VHF-lər ləğv edilmiş və ƏDV bərpa edilərək büdcəyə əlavə hesablama aparılmışdır. Həmçinin yoxlama nəticəsində X2nin azaldıldığı müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ƏDV-nin hesabatlarında göstərilən məbləğlərin hesabatda göstərilməli olan məbləğlərə nisbətən azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50%-i miqdarında maliyyə sanksiyası tətbiq olunması təklif olunmuşdur. İş materiallarında olan “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********150555 nömrəli qərarından görünür ki, yoxlama zamanı cəmiyyət tərəfindən daşımalar üzrə təqdim edilmiş e-VHF-lər əvəzləşdirilmişdir. Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən mülkiyyətində və istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikası ərazisində sərnişin və yük daşımalarını həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər və və e-VHF-lər təqdim etmək hüququ yoxdur. Bu səbəbdən daşımalara görə təqdim edilmiş 2542528,33 manat dəyərində e-VHF-lər ləğv edilmiş və ümumilikdə 457655,10 manat ƏDV bərpa edilərək büdcəyə əlavə hesablama aparılmışdır. Göstərilən səbəblərdən “Holcim “ (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin məsuliyyətə cəlb edilməsi qərara alınmışdır İş materiallarında olan “Vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********543200 nömrəli tələbnamədən görünür ki, "xxxx" (Azərbaycan) ASC-yə əlavə hesablanmış vergilər və ya icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları 484480,73 manat, vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları 142171,88 manat olmaqla ümumilikdə büdcəyə ödənilməli olan cəmi məbləğ 626652,61 manat təşkil edir. İş materiallarında olan köçürmənin aparılması haqqında bildirişlərdən görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli **********081650 nömrəli bildirişə əsasən 480386,28 manat, xx.xx.2021-ci il tarixli **********081698 nömrəli bildirişə əsasən 142171,88 manat, xx.xx.2021-ci il tarixli **********081764 nömrəli bildirişə əsasən isə 4094,45 manat, cəmi 626652,61 manat məbləğində dövlət büdcəsinə ödənişlər etmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən verilmiş iddia müddətinin tətbiqi ilə bağlı ərizəsində göstərmişdir ki, tələb edilən 41723,55 manat ƏDVnin əvəzləşdirmələri və istinad edilən xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktına əsasən əvəzləşdirilmələr xx.xx.2017, xx.xx.2017, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018-ci il tarixlərdə, son müddət xx.xx.2018-ci il tarixdə olmuşdur. Müqavilələr üzrə mübahisə və iddia müddətinin 3 il olmasını, son əvəzləşmənin xx.xx.2018-ci il tarixdə olmasını, iddianın 2022-ci il tarixdə mediasiya vasitəsilə verilməsini nəzərə alaraq iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, həqiqətən də tərəflər arasında yükdaşıma xidmətinin göstərilməsi ilə bağlı xx.xx.2016-cı il tarixli müqavilə bağlanmış, cavabdeh yükdaşəmaları Azərbaycan Respublikası ərazisində və Gürcüstan Respublikasına həyata keçirməyi öhdəsinə götürmüşdür. Tərəflər arasındakı hazırkı mübahisə cavabdehin Azərbaycan Respublikasının ərazisində göstərdiyi xidmətlər üzrə ödənişlərin aparılması üçün vermiş olduğu e-VHF-lərlə, yəni həmin fakturalara 18 % ƏDVni daxil etməsi ilə bağlıdır. İşdən həm də görünür ki, xidmət və ödənişlərlə bağlı tərəflər arasında mübahisə olmamış, cavabdeh sonuncu e-VHF-ləri xx.xx.2018-ci il tarixdə təqdim etmiş, iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə müvafiq köçürmələr aparılmışdır. Həm də müəyyən olunmuşdur ki, iddiaçıya sonuncu e-VHF-lər xx.xx.2018-ci il tarixdə təqdim edilmiş olsa da, iddiaçı məhkəməyə hazırkı iddia ərizəsi ilə 2022-ci ilin iyul ayında müraciət etmişdir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında yaranan hüquq münasibəti 2016-2018-cı illəri əhatə etmişdir. 1 yanvar 2019-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq sadələşdirilmiş verginin ödəyiciləridir. Həmin Məcəllənin 219.5 maddəsinə əsasən sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 30 noyabr 2018-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 218.4.1-ci maddəsində “mülkiyyətində” sözündən əvvəl “bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla,” sözləri əlavə edilmişdir. Beləliklə 1 yanvar 2019-cu il tarixədək qüvvədə olan vergi qanunvericiliyinə əsasən mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını həyata keçirən şəxslər yalnız sadələşdirilmiş verginin ödəyicisi hesab edilmiş və belə şəxslər ƏDV-nin ödəyicisi olmamışdır. Cavabdeh MMC sadələşmiş vergi ödəyicisi olmuş və ƏDV-nin ödəyicisi olmamışdır. Müqavilə üzrə Azərbaycan Respublikası ərazisində göstərilən daşıma xidmətləri üzrə elektron vergi hesab-fakturalarını ƏDV-yə cəlb etmədən verməli olduğu halda ƏDV-yə cəlb edilən məbləği və vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV məbləğini göstərməklə təqdim etmiş, Müştəri isə qeyd edilən 12 ədəd elektron vergi hesab-fakturaları əsasında ƏDV-ni sub-uçot hesabından Cavabdeh MMC-nin hesabına köçürmüşdür. Podratçı tərəfindən təqdim edilmiş 12 ədəd e-VHF-lər vergi orqanı tərəfindən ləğv edildiyindən 41723,55 manat ƏDV məbləği və həmin məbləğə tətbiq edilmiş 20861,77 manat məbləğində maliyyə sanksiyası Müştəri tərəfindən xx.xx.2021-ci il tarixdə dövlət büdcəsinə ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli Cavabdeh MMC-dən 62585 manat pul iddiaçı "xxxx" (Azərbaycan) ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt səyyar vergi yoxlamasının nəticəsi olaraq dövlət vergi yoxlaması aktının tərtib edildiyi vaxt, yəni xx.xx.2021-ci il tarixinə düşür. İddia müddətinin axımının başlanması həmin tarixdən hesablanmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə iddia müddəti ərzində müraciət etmişdir. İddia müddətinin tətbiqinə dair ərizə əsaslı sayla və təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 218.4-cü maddəsinə əsasən bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir: Həmin Məcəllənin 218.4.1-ci maddəsinə əsasən bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli HA/0090/16/MLT saylı Xidmət müqavilədən görünür ki, həmi müqavilənin şərti kimi daşımalara görə 18% ƏDV-nin tətbiq olunması nəzərdə tutulmuşdur. İddiaçı hesab edir ki, cavabdeh onlarla bağlanmış Xidmət müqaviləsinə uyğun olaraq mülkiyyətində və istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikası ərazisində yük daşımalarını həyata keçirdiyinə görə e-VHF təqdim etmək hüququ yoxdur və sadələşdirilmiş vergi ödəyicisi olduğu halda cavabdeh elektron qaimələri və elektron vergi hesab fakturaları (e-VHF) ƏDV daxil edərək təqdim etmişdir. İddiaçı həmin elektron qaimələr və e-VHF-lər əsasında cavabdehə əsas məbləğləri və ƏDV məbləğlərini ödəmişdir və ƏDV məbləğlərini müvafiq aylarda dövlət büdcəsindən əvəzləşdirmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "xxxx" (Azərbaycan) ASC-də xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasında səyyar vergi yoxlaması aparmışdır və yoxlamanın nəticəsi olaraq tərtib edilmiş aktdan onlara məlum olmuşdur ki, əslində cavabdeh respublika ərazisində göstərdiyi yük daşıma xidmətlərinə görə ƏDV ödəyicisi yox, sadələşdirilmiş vergi ödəyicisi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə iləümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında iddia müddəti ilə bağlı hüquqi mövqe nümayiş etdirərək göstərmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsində də iddia müddətinin axımın şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlandığı təsbit olunmuşdur. Göründüyü kimi qanunvericilik iddia müddətinin axımının başlanğıcını şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə əlaqələndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İş materiallarından göründüyü kimi cavabdeh tərəfindən təqdim edilmiş e-VHF-ləri üzrə ƏDV əvəzləşdirilmələri xx.xx.2017, xx.xx.2017, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018-ci il tarixlərdə, yəni sonuncu əvəzləşdirmə xx.xx.2018-ci il tarixdə olmuş, iddiaçı tərəfindən müvafiq köçürmələr xx.xx.2018-ci il tarixdə aparılmışdır. Bu müddətdən sonra tərəflərin müqavilə üzrə fəaliyyətlərini davam etdirməsi işdən görünmür. İşin hallarından göründüyü kimi iddiaçı istehsal müəssisəsi olmaqla təbii ki, yükdaşıma müəssisələri ilə daimi əlaqələrdə olmuş və daşımanı yükdaşıma müəssisələri vasitəsi ilə həyata keçirmişdir. Digər tərəfdən tərəflər arasındakı müqavilə müvafiq mütəxəssislər tərəfindən hazırlanmaqla ekspertizadan keçirilir, yəni hər iki tərəfin müvafiq mütəxəssisləri müsbət rəy verdikdən sonra imzalanır. Odur ki, kollegiya həm iddiaçının, həm də birinci instansiya məhkəməsinin iddiaçının hüququnun pozulduğunu yalnız Dövlət Vergi Xidməti tərəfindən "xxxx" (Azərbaycan) ASCdə xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı fəaliyyətinin yoxlanılması ilə bağlı tərtib edilmiş xx.xx.2021-ci il tarixli **********196085 nömrəli səyyar vergi yoxlaması haqqında aktla tanış olduqdan sonra bilmələrinə dair dəlili əsassız sayır. Çünki qeyd edildiyi kimi iddiaçı "xxxx" (Azərbaycan) ASC daimi daşıma müəssisələri ilə əlaqəli şəkildə fəaliyyət göstərən və uzun illərin təcrübəsi olan müəssisədir. Ona görə də hazırkı halda iddia müddətinin başlanğıcı hüququnun pozulduğunu bildiyi vaxtdan yox, bilməli olduğu vaxtdan hesablanır. İddiaçının hüququnun pozulduğunu bilməli olduğu vaxt isə e-VHF-ləri üzrə ƏDV ödənişlər etdiyi vaxtdır. Lakin birinci instansiya məhkəməsi iddia müddətnin axımının başlandığı vaxtın müəyyən edilməsində səhvə yol vermiş, nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. Belə ki, işdən göründüyü kimi iddiaçı məhkəməyə hazırkı iddia ilə 2022-ci ilin iyul ayında, yəni hüququnun pozulduğunu bilməli olduğu vaxtdan üç ildən çox vaxt keçdikdən sonra müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yanlız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməli olması nəticəsinə gələrkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamışdır. Odur ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası МPМ-in 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372- 376, 378-382, 384.0.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, e-2-2(115)-1678/2022 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddiaçı "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar