Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-54/2023 01.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Əliyev Rafiq Çingiz oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-1060/2022 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Мüəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommesiya Məhkəməsinə müraciət edərək, Cavabdeh Xəli oğlundan İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, SHNİAP-021saylı kredit müqaviləsi üzrə kreditə görə 99999,77 manat, faiz borcuna görə 14199,04 manat, cərimə borcuna görə 7201,09 manat, cəmi 121399,9 manat, Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun, ilkin mediasiya üçün ödənilmiş 400 manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 12 manat məbləğində, cəmi 452 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus ünvan 1-də yerləşən, 108,4 kv.m sahəsi olan 13 saylı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh Xəli oğlunun xx.xx.2019-cu il tarixli, SHNİAP-021 saylı kredit müqaviləsi üzrə cəmi 121399,9 manat borc və dövlət rüsumu kimi ödənilmiş cəmi 452 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus ünvan 1-də yerləşən, 108,4 kv.m sahəsi olan 13 saylı mənzilə tələb yönəldikdən, həmin əmlak hərracdan satıldıqdan və ya tələbkar tərəfindən əldə edildikdən sonra ən geci 1 ay ərzində boşaldılması, əvvəlki mülkiyyətçi və onun ailə üzvlərinin həmin əmlakdan əşyaları ilə birlikdə çıxarılması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2019-cu il tarixli, SHNİAP- 021 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh Xəliov oğlundan ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-1060/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim K.Vəliyev) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh xx.xx.2019-cu il tarixli, SHNİAP-021 saylı kredit müqaviləsi üzrə 99999.77(doxsan doqquz min doqquz yüz doxsan manat yetmiş yeddi qəpik) manat əsas borc, 18060.56 (on səkkiz min altmış manat əlli altı qəpik) manat faiz borcu, 3066.58(üç min altmış altı manat əlli səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 121 126.91 manat borc, 400 (dörd yüz) manat ödənilmiş mediasiya xərci və 12(on iki) manat ödənilmiş dövlət rüsumu, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi üçün ödənilmiş 500 (beş yüz) manat xidmət haqqı olmaqla cəmi 912 (doqquz yüz on iki) manat pulun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, borc tələbinin likvid dəyəri 197 000 manat olan Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən, 108.4 kv.m sahəsi olan 13 saylı mənzilə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka qoyulmuş fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdeh çıxarılmaqla fərdi yaşayış evinin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsininin ləğv edilməsi və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Şəmkir” filialı ilə Cavabdeh Xəli oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SHNİAP021saylı kredit müqaviləsinə əsasən illik 8,8 % faiz dərəcəsi olmaqla 48 ay müddətinə 100000 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, SHNİAP-021saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh Xəli oğlu kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh Xəli oğlu müqavilə üzrə öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunmuş maliyyə arayışına əsasən Cavabdeh Xəli oğlunun xx.xx.2019-cu il tarixli, SHNİAP-021 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 99999,77 manat, faiz borcuna görə 14199,04 manat, cərimə borcuna görə 7201,09 manat, borcun cəmi məbləği 121399,9 manat təşkil edir. xx.xx.2019-cu il tarixli, SHNİAP- 021 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus ünvan 1-də yerləşən, 108,4 kv.m sahəsi olan 13 saylı mənzil xx.xx.2019-cu il tarixli 3M-1039 Reyestr nömrəli İpoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Həmçinin ipoteka qoyanın arvadı X1 da ipoteka müqaviləsinin bağlanmasına öz yazılı razılığını vermiş və həmin ərizə notarial qaydada təsdiq edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 3M-1039 Reyestr nömrəli İpoteka müqaviləsinin 7.1-ci bəndinə əsasən, müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda ipoteka saxlayan (Bank) ipoteka predmetinə ödəniş yönəldə bilər. Аpellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, o, İddiaçı ASCdən xx.xx.2019-cu ildə 48 ay müddətində illik 8.8 faiz ödəmək şərti ilə 100 000 (bir yüz min) manat məbləğində kredit götürmüşdür. Azərbaycan Respublikasında iqtisadi böhranın dayanmadan artdığı bir dövrdə kredit borcunun ödənilməsi ondan asılı olmadan qeyri-mümkün olmuşdur. Müqavilə üzrə öhdəliklərə əməl olunmamasına görə təqsirkar deyil. Dəfələrlə banka ödəniş məbləğinin azaltmağı, ya da işin məhkəməyə göndərilməsini tələb etsə də, lakin heç bir nəticəsi olmamışdır. Çünkü bank həmin məbləğə artıq faizlərin hesablanmasında maraqlı olmuşdur. Bank ödədiyi məbləğləri düzgün hesablamamışdır. O, iddia tələbində qeyd olunandan çox pul ödəmişdir. Hesab edir ki, ödənişlərin düzgün hesablanması üçün məhkəmə-mühasibatlıq ekspertizası keçirilməlidir. Həmçinin ona məhkəmə iclasları barədə heç bir məlumat verilməmişdir. Məhkəmə iclasları barədə məlumatın olmaması ilə bağlı olaraq yuxarda qeyd olunanlara münasibət bildirə bilməmişdir. Həmçinin məhkəmə qətnamə çıxardarkən cərimə borcunu da artıq hesablamışdır. Birinci instansi məhkəməsi düzgün araşdırma aparmayaraq Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan hüquqlarını pozan qətnamə çıxarmışdır. Hesab edir ki, yuxarda qeyd olunan hallar nəzərə alınmalıdır. Belə ki, məhkəmə heç bir fakta əsaslanmadan və işdə heç bir sübut olmadan qətnamə qəbul etmişdir. Bu hallar iş üçün vacib amillər olduğundan həmin qətnamənin əsassızlığına dəlalət edir. iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüququ məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, SHNİAP-021 saylı kredit müqaviləsindən görünür ki, borcverən – İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalan Cavabdeh 100 000 manat məbləğində illik 8.8 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – Cavabdeh isə 48 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli, SHNİAP-021 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh məxsus ünvan 1-də yerləşən, 108,4 kv.m sahəsi olan 13 saylı mənzil ipoteka predmeti kimi yüklü edilmişdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1-də yerləşən, 108,4 kv.m sahəsi olan 13 saylı mənzil İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan bildirişlərdən görünür ki, borc məbləğinin ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, RB-02/PK-2765 nömrəli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2019-cu il tarixli, SHNİAP-021 saylı kredit müqaviləsi üzrə Cavabdeh kreditə görə 99 999,77 manat, faiz borcuna görə 14199,04 manat, cərimə borcuna görə 7201,09 manat, borcun cəmi məbləği 121399,9 manat təşkil edir. İş materiallarında olan əmlakın qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli, 02- 97/22 nömrəli ekpertiza rəyində "xxxx" MMC tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1də yerləşən, 108,4 kv.m sahəsi olan 13 saylı mənzilin bazar dəyəri 232 000 manat, likvid dəyəri isə 197 000 manat qeyd edilmişdir Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC-nin “Şəmkir” filialı ilə Cavabdeh Xəli oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SHNİAP021saylı kredit müqaviləsinə əsasən illik 8,8 % faiz dərəcəsi olmaqla 48 ay müddətinə 100 000 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, SHNİAP-021saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh Xəli oğlu kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh Xəli oğlu müqavilə üzrə öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunmuş maliyyə arayışına əsasən Cavabdeh Xəli oğlunun xx.xx.2019-cu il tarixli, SHNİAP-021 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 99 999,77 manat, faiz borcuna görə 14199,04 manat, cərimə borcuna görə 7201,09 manat, borcun cəmi məbləği 121 399,9 manat təşkil edir. xx.xx.2019-cu il tarixli, SHNİAP- 021 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus ünvan 1-də yerləşən, 108,4 kv.m sahəsi olan 13 saylı mənzil xx.xx.2019-cu il tarixli 3M-1039 Reyestr nömrəli İpoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Cavabdeh Xəli oğlu kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliyini lazımi qaydada icra etməmişdir. Cavabdeh icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan Ləğv prosesində olan İddiaçı ASC ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından borcalan cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir. Belə ki, işin hallarından görünür ki, iddiaçı müqavilə öhdəliyinə əməl edərək razılaşdırılmış məbləğdə krediti borcalan cavabdehə vermiş, sonuncu isə həmin kredit borcunu krediti müqaviləsi ilə şərtləşdirilmiş vaxtlarda və məbləğdə qaytarmamış, beləliklə də onun yuxarıda göstərilən məbləğdə borcu yaranmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları, ekspert rəyi və iş üzrə araşdırılmış sübutlarla cavabdehin göstərilmiş qaydada iddiaçıya borclu olduğu sübuta yetdiyinə görə birinci instansiya məhkəməsi iddia tələbini əsas borc və əsas borca hesablanmış faizlərin tutulması hissəsində tam, cərimə hissəsində qismən təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə də iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə iddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etməkdə, məhkəmə isə həmin hissədə iddianı yuxarıda göstərilmiş qaydada təmin etməkdə haqlı olmuşdur. Qətnamədən görünür ki, məhkəmə iddia tələbini cərimə hissəsində qismən təmin etmişdir ki, iddiaçı da iddia tələbinin həmin qaydada təmin edilməsi ilə razılaşmışdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə həmin hissədə də razılaşır. Apellyasiya şikayətinin yalnız iddiaçının verdiyi maliyyə arayışına əsaslanmasına dair dəlili də iş materiallarında olan kredit müqaviləsi üzrə edilmiş ödənişləri və həmin ödənişlərin silinmə ardıcıllığını əks etdirən hesabdan çıxarışın olması ilə inkar olunur. Apellyasiya şikayətinin cərimənin tamamilə silinməli olması dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, müqavilə şərtləri pozulduğu halda cərimənin hesablanması iddiaçının hüququdur. Lakin hesablanmış cərimənin tənasübsüz surətdə yüksək olduğu müəyyən edildiyi halda məhkəmə həmin cəriməni azalda bilir. Birinci instansiya məhkəməsi tələb olunan cərimə məbləğini tənasübsüz surətdə yüksək hesab edərək həmin məbləği azaltmışdır ki, məhkəmə kollegiyası qətnaməni həmin hissədə də qanuni və əsaslı hesab edir. Apellyasiya şikayətinin dəlillərindən biri işə onun iştirakı olmadan baxıldığına görə çəkişmə prinsipinin pozulmasıdır. Kollegiya qeyd edir ki, həqiqətən də Azərbaycan Respublikası Konstitusiyasının 127ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi mülki prosessual qanunvericilikdə də əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi bütün məhkəmə prosesləri ilə bağlı tərəflərə, o cümlədən Cavabdeh Xəli oğluna məhkəmə bildirişi və SMS xəbərdarlığı göndərmiş (i.v.116), lakin cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Apellyasiya şikayətinin digər dəlili - Azərbaycan Respublikasında iqtisadi böhranın dayanmadan artdığı bir dövrdə kredit borcunun ödənilməsi ondan asılı olmadarı qeyrimümkün olması, müqavilə üzrə öhdəliklərə əməl olunmamasına göra təqsirkar olmaması dəlili ilə bağlı kollegiya qeyd edir ki, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və cavabdehin istinad etdiyi hal müqavilə öhdəlinin icra edilməsindən yayınması üçün əsas sayılmır. Kollegiya apellyasiya şikayətinin faizlərin düzgün hesablanmaması, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməli olmasına dair dəlili də razılaşmır, ona görə ki, birincisi cavabdeh məhkəməyə həmin dəlili təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İkincisi, MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunmalıdır ki, cavabdeh məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə də lazımi qaydada xəbərdar edilmiş, lakin o, hər hansı üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının da iclasına gəlməmişdir. İş materiallarında olan iddiaçı tərəfin təqdim etdiyi sübutların həqiqiliyi isə heç bir şübhə doğurmadığına görə kollegiya məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini zəruri saymır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi cavabdehlərin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutub, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-1060/2022 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-54/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-54/2023
01.02.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver