Məhkəmə qərarları › İş №2-2(104)-57/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-57/2023

06.02.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-57/2023 06.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı bölüşdürülmüş dividendin ödənilməsi və digər illərin mənfəətinin bölüşdürülməsinə dair təsisçilərin ümumi yığıncağının keçirilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli e-2-2(115)-1708/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, 2018-ci il üzrə bölüşdürülmüş 22000 manat dividend məbləğinin, vəkil üçün ödənilmiş 121 manatın, ödənilmiş 50 manat dövlət rüsumunun, 400 manat mediasiya xərcinin, cəmi 22627 manatın cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada alınaraq ona ödənilməsi və digər illərin mənfəətinin bölüşdürülməsinə dair təsisçilərin ümumi yığıncağının keçirilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli e-2-2(115)-1708/2022 nömrəli (hakim: Gülnaz Quliyeva) qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 təsisçiləri arasında bölüşdürülmüş dividend gəliri olaraq 19800 (on doqquz min səkkiz yüz) manat pulun, ödənilmiş 50 (əlli manat) manat dövlət rüsumunun, 400 (dörd yüz) manat mediasiya xərcinin, cəmi 20250 (iyirmi min iki yüz əlli manat) manat pulun cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi; İddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 MMC-nin 50 faiz pay hüquqlu təsisçisidir. Lakin Cavabdeh2 MMC-nin fəaliyyəti müddətində təsisçi olaraq ona dividend ödənilməmişdir. Bununla bağlı olaraq Cavabdeh2 MMC-yə müraciət etmiş, lakin cavab məktubu ilə dividendin ödənilməsindən imtina edilmişdir. Sözügedən dividend məbləği Cavabdeh2 MMC ilə bərabər onun digər təsisçisi Cavabdeh1 müştərək qaydada tutularaq ona ödənilməlidir. Çünki müəssisənin aktivləri onun sərəncamında olmuş, müəssisəyə faktiki rəhbərliyi o həyata keçirmişdir. Müəssisənin fəaliyyətə başladığı vaxtdan hazırkı dövrə qədər olan ümumi dövriyyəsi isə bir milyon manatdan çoxdur. Baxmayaraq ki, Cavabdeh2 MMC fəaliyyəti dövründə mənfəət əldə etmişdir. Cavabdeh2 MMC vergi orqanına təqdim etdiyi ödəmə mənbəyində verginin tutulmasına dair bəyannamədə qeyd edir ki, 44000 manat xalis mənfəət olmuş və guya ki, 22000 manatını ona ödəmişdir. Lakin cavabdehlər tərəfindən ona vəsait ödənilməmişdir. Eyni zamanda bildirir ki, cavabdehə məktub göndərərək təsisçilərin ümumi yığıncağının keçirilməsini təklif edərək 03 iyul 2022- ci il tarixdə ünvan 1 ünvanına dəvət edib. Təsisçi Cavabdeh1 iclasda iştirak etməmişdir. İclasın nəticələri 03 iyul 2022-ci il tarixli protokolla rəsmiləşdirilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməsi hissəsində maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Həmin hissədə iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, bölüşdürülmüş dividend məbləği hissə-hissə iddiaçıya ödənilmişdir. Lakin tərəflər bir-biri ilə qohum olduqlarından ödəmələrlə bağlı sənədləşmə aparılmamışdır. Birinci instansiya məhkəməsində icraat zamanı şahid dindirilməsi barədə vəsatət verməsinə baxmayaraq, vəsatəti təmin edilməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) X2 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 nümayəndəsi və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, habelə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etsə də, lakin apellyasiya şikayətinin məzmunundan görünür ki, qətnamə iddia tələbinin təmin edilmiş hissəsində, yəni Cavabdeh2 təsisçiləri arasında bölüşdürülmüş dividend gəliri olaraq 19800 (on doqquz min səkkiz yüz manat) manat pul, ödənilmiş 50 (əlli manat) manat dövlət rüsumu, 400 (dörd yüz manat) manat mediasiya xərci, cəmi 20250 (iyirmi min iki yüz əlli manat) manat pulun cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi” hissədə mübahisələndirilmişdir. Qətnamə digər hissələrdə mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə yalnız bu hissədə yoxlanılmalı, qətnamənin digər hissələri araşdırılmamalıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Məhkəmə kollegiyası qətnamə mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Cavabdeh2 2019-cu ilin 1-ci rübünə dair ödəmə mənbəyində tutulan vergi bəyannaməsindən görünür ki, gəlirləri 44000 manat, vergi məbləği 4400 manat müəyyən edilmişdir; İş materiallarında olan Cavabdeh2 2019-cu ilin 1-ci rübünə dair ödəmə mənbəyində tutulan vergi bəyannaməsinə 1 saylı əlavədən görünür ki, gəlir məbləği cəmi 44000 manat, vergi məbləği cəmi 4400 manat göstərilməklə həmin gəlir məbləği Cavabdeh1 və İddiaçı arasında hər birinə 22000 manat olmaqla bölüşdürülmüş, hər birinin gəlir məbləğindən isə 2200 manat vergi məbləği nəzərdə tutulmuşdur; Cavabdeh2 2016-2019-cu illər üzrə mənfəət vergisinin bəyannaməsindən görünür ki, 2016-cı il üzrə vergiyə cəlb olunan mənfəət 7978,53 manat, mənfəət vergisinin dərəcəsi 20 manat olmaqla mənfəəət vergisi 1595,73 manat olması, 2017-ci il üzrə vergiyə cəlb olunan mənfəət 23117,43 manat, mənfəət vergisinin dərəcəsi 20 manat olmaqla mənfəəət vergisi 4623,49 manat olması, 2018-ci il üzrə vergiyə cəlb olunan mənfəət 25545,18 manat, mənfəət vergisinin dərəcəsi 20 manat olmaqla mənfəəət vergisi 4909,04 manat olması və 2019-cu il üzrə isə vergiyə hər hansı mənfəətin cəlb olmadığı göstərilmişdir; "xxxx" QSC-nin əməliyyatın təfərrüatı sənədindən və hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 tərəfindən 19 aprel 2019-cu il tarixdə 4400 manat vəsaiti Vergilər Nazirliyinin hesabına ödənilmişdir; Cavabdeh2nə aid 19 oktyabr 2022-ci il tarixli şəxsi hesab vərəqəsindən çıxarışdan görünür ki, 4400 manat vəsait 22 aprel 2019-cu il tarixə ödəniş kimi qeydə alınmışdır; 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 14 oktyabr 2022-ci il tarixli **********259500 uçota dair arayışından görünür ki, Cavabdeh2 sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları 25 mart 2019-cu il tarixdən 25 mart 2024-cü il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir; Gəncə şəhəri 1 saylı Mediasiya Təşkilatının arayışından görünür ki, Cavabdeh1 ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və onun tərəfindən 400 manat mediasiyaya dair ödəniş edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə mübahisələndirilən hissədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43, 49.3, 90-1.1, 90-1.2 və 386.1-ci maddələrinə istinad edərək iddia tələbini qismən təmin etmişdir. Məhkəmə kollegiyası qətnamə mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər. Həmin Məcəllənin 43.5-ci maddəsinə əsasən, hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyrikommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən, hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən, hüquqi şəxsin orqanları hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsinnizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Bu Məcəllədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlığını bir şəxs yarada bilər. Həmin Məcəllənin 64.3-cü maddəsinə əsasən, təsərrüfat cəmiyyətləri məhdud və ya əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər. Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən, bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Həmin Məcəllənin 90-1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. Məhdud məsuliyyətli cəmiyyət aşağıdakı hallarda mənfəətin bölüşdürülməsi haqqında qərar qəbul edə bilməz: əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyət qanunla müəyyən edilmiş müflisləşmə və ya iflas əlamətlərinə uyğun gəlirsə və ya həmin qərarın qəbul edilməsi nəticəsində belə əlamətlər əmələ gələcəksə; əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyətin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalından azdırsa və ya həmin qərarın qəbul edilməsi nəticəsində onun məbləğindən az olacaqsa. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı Cavabdeh2 MMC-nin 50 faiz pay hüquqlu təsisçisidir. Sonuncu 2018-ci il üzrə bölüşdürülmüş 22000 manat dividend məbləğinin, vəkil üçün ödənilmiş 121 manatın, ödənilmiş 50 manat dövlət rüsumunun, 400 manat mediasiya xərcinin, cəmi 22627 manatın cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada alınaraq ona ödənilməsi və digər illərin mənfəətinin bölüşdürülməsinə dair təsisçilərin ümumi yığıncağının keçirilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi isə qətnamə mübahisələndirilən hissədə iddianı təmin etmişdir. Bundan əvvəldə qeyd edildiyi kimi məhkəmə kollegiyası qətnamə mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya ilk öncə qeyd etməyi zəruri hesab edir ki, işin mübahisə olunmayan tərəfidir ki, 2019-cu il üzrə 2200 manat vergi məbləği çıxılmaqla 19800 manat dividend (22000-2200=19800) İddiaçı ödənilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh2 2019-cu ilin 1-ci rübünə dair ödəmə mənbəyində tutulan vergi bəyannaməsindən görünür ki, cəmiyyətin gəlirləri 44000 manat, vergi məbləği isə 4400 manat müəyyən edilmişdir. Həmin Bəyannaməyə1 saylı əlavədən də görünür ki, gəlir məbləği cəmi 44000 manat, vergi məbləği cəmi 4400 manat göstərilməklə həmin gəlir məbləği Cavabdeh1 və İddiaçı arasında hər birinə 22000 manat olmaqla bölüşdürülmüş, hər birinin gəlir məbləğindən isə 2200 manat vergi məbləği nəzərdə tutulmuşdur. Həmçinin, cavabdeh tərəf də apellyasiya şikayətində işin bu halını mübahisələndirməmişdir. İşin mübahisə olunan tərəfi 19800 manat dividendin İddiaçı ödənilibödənilməməsidir. Çünki Cavabdeh1 apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, bölüşdürülmüş dividend məbləği hissə-hissə iddiaçıya ödənilmişdir, lakin ödəmələrlə bağlı sənədləşmə aparılmamışdır. Buna münasibətdə isə kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlili əsassızdır. Belə ki, cavabdeh tərəf dividend məbləğinin İddiaçı ödənildiyini qeyd etsə də, məhkəməyə bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamə mübahisələndirilən hissədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə qətnamə mübahisələndirilən hissədə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli e-2-2(115)-1708/2022 nömrəli qətnaməsi mübahisələndirilən, yəni Cavabdeh2 təsisçiləri arasında bölüşdürülmüş dividend gəliri olaraq 19800 (on doqquz min səkkiz yüz manat) manat pul, ödənilmiş 50 (əlli) manat dövlət rüsumu, 400 (dörd yüz) manat mediasiya xərci, cəmi 20250 (iyirmi min iki yüz əlli manat) manat pulun cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi” hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar