Məhkəmə qərarları › İş №2-2(104)-58/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-58/2023

15.02.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-58/2023 15.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönədilməsi tələbinə dair Gəncə Kommersiya Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, e-2-2(115)-727/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 28 noyabr 2018-ci il tarixli, SHNİP-0298/201 nömrəli kredit müqaviləsi üzrə 59999,48 manat, 6705,6 manat faiz, 1325,94 manat cərimə olmaqla, cəmi 68031,02 manat, 31 yanvar 2020-ci il tarixli, SHNİAP-033 saylı kredit müqaviləsi üzrə kreditə görə 11740,58 manat, 2041,53 manat faiz, 365,4 manat cərimə olmaqla, cəmi 14147,51 manat, Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin Şəmkir Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş cəmi 80 manat xidmət haqqı və rüsumun, mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat xərcin, ümumilikdə 82658,53 manatın tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərindəki 213,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, onun açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 hər iki kredit müqaviləsi üzrə cəmi 82178,53 manat borcunun, xidmət haqqı, dövlət rüsumu və mediasiya xərci kimi ödənilmiş cəmi 480 manatın İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərindəki 213,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə tələb yönəldikdən, həmin əmlak hərracdan satıldıqdan və ya tələbkar tərəfindən əldə edildikdən sonra ən geci 1 ay ərzində boşaldılması, keçmiş mülkiyyətçi və onun ailə üzvlərinin həmin əmlakdan əşyaları ilə birlikdə çıxarılması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqavilələri üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 2-2(115)-727/2022 nömrəli (hakim Kənan Vəliyev) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh3 iddiaçı “Rabitəbank“ ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli, SNİP-0298/201 saylı kredit müqaviləsi üzə 59999.48 (əlli doqquz min doqquz yüz doxsan manat qırx səkkiz qəpik) manat əsas borc, 6705.6 (altı min yeddi yüz beş manat altı qəpik) manat faiz borcu, 325.94 (üç yüz iyirmi beş manat doxsan dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 67031.02 (altmış yeddi min otuz bir manat iki qəpik) manat borcun, xx.xx.2020-ci il tarixli SHNİAP-033 saylı kredit müqaviləsi üzrə 11740.58 (on bir min yeddi yüz qırx manat əlli səkkiz qəpik) manat əsas borc, 2041.53 (iki min qırx bir manat əlli üç qəpik) manat faiz borcu, 65.4 (altmış beş manat dörd qəpik) manat cərimə borcu olmaqla cəmi 13847.51 (on üç min səkkiz yüz qırx yeddi manat əlli bir qəpik) manat borcun və 400 (dörd yüz) manat ödənilmiş mediasiya xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, borc tələbinin likvid dəyəri 138000 manat olan Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və üzərindəki 213.9 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evi və torpaq sahəsinin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka qoyulmuş fərdi yaşayış evinə və torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər çıxarılmaqla fərdi yaşayış evi və torpaq sahəsinin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişlər. İşin faktiki halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, bankın “Şəmkir” filialı ilə Cavabdeh1 arasında bağlanmış 28 noyabr 2018-ci il tarixli, SHNİP-0298/201 nömrəli kredit müqaviləsinə əsasən, sonuncuya illik 7 faiz dərəcəsi olmaqla 36 ay müddətinə 60000 manat kredit verilmişdir. Bundan əlavə, bankın “Şəmkir” filialı ilə Cavabdeh1 arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli, SHNİAP-033 nömrəli kredit müqaviləsinə əsasən, sonuncuya illik 18 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 20000 manat kredit verilmişdir. Kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı kimi bankla Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. Həmçinin müvafiq ipoteka müqavilələrinə əsasən, kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı kimi tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərindəki 213,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi bankın xeyrinə ipotekaya qoyulmuşdur. İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Borclular kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişlər. Bu barədə onlara dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəlik icra edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqavilələri üzrə borcun müəyyən edilməsi hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Həmin hissədə iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, kredit müqavilələri üzrə borc ödənilmişdir. Məhkəmə kredit müqavilələri üzrə ödənilmiş məbləğləri nəzərə almamış və nəticədə borc artıq hesablanmışdır. Kredit müqavilələri üzrə borcun müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Bundan əlavə, işə baxılarkən məhkəmə iclasının vaxtı və yeri barədə onlara məlumat verilməmişdir. Tərəflərin apellyasiya icraatında iştirakları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi, cavabdeh və onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: 28 noyabr 2018-ci il tarixli, SHNİP-0298/201 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalan Cavabdeh1 illik 7 faiz ödəmək şərti ilə 36 ay müddətinə 60000 manat kredit verilmişdir; 31 yanvar 2020-ci il tarixli, SHNİAP-033 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalan Cavabdeh1 illik 18 faiz ödəmək şərti ilə 24 ay müddətinə 20000 manat kredit verilmişdir; Bildirişlərdən görünür ki, borc məbləğinin ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; 29 mart 2022-ci il tarixli maliyyə arayışlarının surətindən görünür ki, 28 noyabr 2018-ci il tarixli, SHNİP-0298/201 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 əsas borc üzrə 59999,48 manat, faiz borcuna görə 6705,6 manat, cərimə borcuna görə 1325,94 manat, olmaqla, cəmi borcu 68031,02 manat, 31 yanvar 2020-ci il tarixli, SHNİAP-033 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 11740,58 manat, faiz borcuna görə 2041,53 manat, cərimə borcuna görə 365,4 manat olmaqla, cəmi borcu 14147,51 manat təşkil edir; Zaminlik müqavilələrindən görünür ki, 28 noyabr 2018-ci il tarixli, SHNİP-0298/201 nömrəli və 31 yanvar 2020-ci il tarixli, SHNİAP-033 nömrəli kredit müqavilələrin təminatı kimi "xxxx" ASC ilə Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. Birinci instansiya məhkəməsi qətnamə mübahisələndirilən hissədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 442-ci, 443.1, 445.1, 448.1, 449.1, 449.3, 460-cı, 462-ci, 463-cü, 465.1, 465.2, 467-ci, 470.1 və 472-ci maddələrinə əsasən iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443-cü maddəsinə görə, öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə görə, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Həmin Məcəllənin 449.3-cü maddəsinə görə, əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 464.1-ci maddəsinə görə, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmçinin, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə görə, daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. Həmin Qanunun 34.1-ci maddəsinə görə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır; 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 41-ci maddəsinə görə, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 36.1-ci maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin maddəyə görə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; icra olunmalı öhdəlik barədə məlumat; ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 37-ci maddəsinə əsasən, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evdə və ya mənzildə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsinə görə, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsində göstərilir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsində göstərilir ki, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh1 arasında bağlanmış 28 noyabr 2018-ci il tarixli, SHNİP-0298/201 nömrəli kredit müqaviləsinə əsasən, sonuncuya illik 7 faiz ödəmək şərti ilə 36 ay müddətinə 60000 manat kredit verilmişdir. Bundan əlavə, tərəflər arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli, SHNİAP-033 nömrəli kredit müqaviləsinə əsasən də, borcalan Cavabdeh1 illik 18 faiz ödəmək şərti ilə 24 ay müddətinə 20000 manat kredit verilmişdir. Kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı kimi bankla Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. Həmçinin müvafiq ipoteka müqavilələrinə əsasən, kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı kimi tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərindəki 213,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi bankın xeyrinə ipotekaya qoyulmuşdur. İpoteka müqavilələri notariat qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Borcalan və zamin kredit müqaviləsi üzrə öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiklərindən kreditor hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, iş materiallarında olan 29 mart 2022-ci il tarixli maliyyə arayışlarının surətindən görünür ki, 28 noyabr 2018-ci il tarixli, SHNİP-0298/201 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 əsas borc üzrə 59999,48 manat, faiz borcuna görə 6705,6 manat, cərimə borcuna görə 1325,94 manat, olmaqla, cəmi borcu 68031,02 manat, 31 yanvar 2020-ci il tarixli, SHNİAP-033 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 11740,58 manat, faiz borcuna görə 2041,53 manat, cərimə borcuna görə 365,4 manat olmaqla, cəmi borcu 14147,51 manat təşkil edir. Məhkəmə kollegiyası cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayətinin banka ödənişlər edilməsi, lakin ödənişlərin nəzərə alınmaması səbəbilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi barədə dəlilinə hüquqi qiymət verərək, qeyd edir ki, şikayətin dəlili əsassızdır. Belə ki, cavabdehlər kredit müqaviləsi üzrə ödəniş etdiklərini qeyd etsələr də, lakin məhkəməyə bu barədə sübut təqdim etməmişlər. Ona görə də kollegiya hesab edir ki, borcun hesablanması üçün ekspertiza təyin edilməsinə zurərət yoxdur. Həmçinin məhkəmə kollegiyası apellyasiya şikayətinin işə baxılarkən məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməməsi barədə dəlilinə hüquqi qiymət verərək qeyd edir ki, şikayətin dəlili əsassızdır. Belə ki, işin 94-cü səhifəsindəki SMS xəbərdarlıqdan görünür ki, cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, qətnamə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, e-2-2(115)-727/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar