Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-60/2023 27.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə Quliyev Anar Elcan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil1, Cavabdeh və onun nümayəndəsi Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-107/2022 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, əsassız varlanmaya görə 25800 manat, maddi ziyana görə 8700 manat, əldən çıxmış faydaya görə 5000 manat, mənəvi ziyana görə 10000 manat olmaqla, cəmi 49500 manat, iddia ərizəsi və mediasiya üçün ödənilmiş 238.50 manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ümumilikdə 49000 manat pulun, iddia ərizəsi və mediasiya üçün ödənilmiş 238.50 manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli e-2-2(115)-107/2022 nömrəli (hakim Kənan Vəliyev) qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 7500 (yeddi min beş yüz) manat və 200 manat mediasiya xərci, 38,50 (otuz səkkiz manat əlli qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli e-2-2(115)-107/2022 nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli e-2- 2(115)-107/2022 saylı qətnaməsinin nəticə hissəsində yol verilən yanlışlıq aradan qaldırılaraq 7500 (yeddi min beş yüz) rəqəmlərinin və sözlərinin 7480 (yeddi min dörd yüz səksən) rəqəmləri və sözləri kimi oxunması qərara alınmışdır. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsini, həmin hissədə iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Həsən Əliyev küçəsində 6 nömrəli ünvanda yerləşən 2 mərtəbəli qeyri-yaşayış obyektini (Nizami k\t şimal hissəsində yerləşən Gözəllik mərkəzi) 21 may 2021-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh 5 il müddətinə icarəyə götürmüşdür. İcarəyə götürdüyü obyekt təmirsiz olmuşdur. Cavabdehlə aralarında olan razılaşmaya görə, icarə haqqı olan 700 manat pulun üç aylıq haqqını qabaqcadan cavabdehə ödədikdən sonra obyekti icarəyə götürməli və obyektin təmirini özünə uyğun etməli idi. Beləliklə, cavabdehə 2100 manat ödədikdən sonra obyekti icarəyə götürmüş və təmir işlərinə başlamışdır. 14 iyun 2021-ci il tarixdə Gözəllik Mərkəzinin “MOONBROWS” adı ilə açılışı olmuşdur. Bundan sonra Pərviz adlı şəxslə “MOON” sözü ilə bağlı çəkişmələri başlamışdır. Bu çəkişmədən fayda götürmək istəyən Cavabdeh Pərviz adlı şəxslə Gözəllik Mərkəzinə gələrək ondan reklamın sökülməsini tələb etmişdir. Bundan sonra Cavabdeh artıq hazır və müştəri toplamış obyekti Pərvizin həyat yoldaşı X1. Obyekti alan Aytən Məhərrəmova ona bildiriş göndərərək sözügedən obyekti 07 iyul 2021-ci il tarixli alqısatqı müqaviləsinə əsasən aldığını, həmçinin obyekti aylıq minimum 2500 manata icarəyə verdiyini bildirmiş, eləcə də onunla razılaşdığı halda 10 gün müddətində icarə müqaviləsinin bağlanmasını təklif etmiş, bu məbləğlə razılaşmadığı halda 01 avqust 2021-ci il tarixə obyekti boşaldaraq təhvil verməsini xahiş etmişdir. Cavabdeh icarə müvailəsindən irəli gələn öhdəliklər əsasında, yəni hər ay 700 manat ödəmək şərtilə 5 il müddətinə ona icarə verdiyi obyekti onun tərəfindən əsaslı təmir-tikinti işləri görüldükdən, həmçinin sosial şəbəkələrdə “Hazır icarədə olan obyekt satılır” adı ilə alıcı taparaq obyekti satmaqla əsassız varlanmışdır. Həmçinin cavabdeh icarə müvailəsini pozaraq ona əlavə maddi və mənəvi ziyan vurmuşdur. Beləliklə,o obyektin təmir-tikintisi üçün, həmçinin dekor və sair qurğulara (reklama) görə və çəkilmiş məcburi xərclərə görə iddia ərizəsinin təsviri hissəsində göstərilmiş xərcləri çəkmişdir. Bundan başqa, hər ay 2500 manat qazanc əldə edirdi. Cavabdehin ucbatından obyekt iki ay işləmədiyinə görə 5000 manat fayda əlindən çıxmışdır. Həmçinin cavabdeh etdiyi qanunsuz hərəkətlərinə görə o bir sahibkar kimi külli miqdarda ziyana düşmüşdür. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mülkiyyətində olmuş qeyri-yaşayış sahəsini iddiaçıya icarəyə verərkən ona bildirmişdir ki, obyekti satacaqdır. İddiaçı da bununla razılaşaraq bildirmişdir ki, obyekti onu alacaq şəxsdən də icarəyə götürər. İcarə müqaviləsi bağlanmış və iddiaçı ona üç aylıq icarə haqqını qabaqcadan ödəmişdir. İddiaçı obyekti tam təmirli vəziyyətdə icarəyə götürmüşdür. Bundan əlavə, icarə müqaviləsində eləcə də öz aralarında olan şifahi danışıqlarda obyektin təmiri ilə bağlı razılaşma olmamışdır. Əgər belə bir məsələ olsaydı, bu icarə müqaviləsində də öz əksini tapardı. İcarə müqaviləsi bağlandıqdan sonra təxminən 1 ay yarım keçdikdən sonra qeyri-yaşayış sahəsini başqa şəxsə satmışdır. Bu zaman iddiaçı buna etiraz etməmiş və qeyri yaşayış sahəsində icarədarlıq fəaliyyətini davam etdirmişdir. Qeyri yaşayış sahəsinin yeni mülkiyyətçisi ilə İddiaçı arasında obyektin icarəyə verilməsi ilə bağlı narazılıq yarandığından sonuncu öz əşyalarını da götürərək obyektdən çıxmışdır. Bundan başqa, iddiaçı öz rahatlığı üçün öz zövqünə görə obyekti təmir etdirmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi təmir xərclərinə dair hesab fakturalardan da göründüyü kimi sonuncu icarə müqaviləsi bağlandıqdan sonra obyekti təmir etdirmişdir. Əgər iddiaçı ilə aralarında icarəyə verilmiş qeyri yaşayış sahəsinin təmir ediləcəyi barədə razılaşma olsaydı, iddiaçı üç aylıq icarə haqqı məbləğini (2100 manat) ona verməzdi, yəni təmir xərclərinin əvəzini icarə haqqına hesablayardıq. İddiaçı qeyri yaşayış sahəsinin yeni mülkiyyətçisi ilə obyektin icarəyə verilməsinə dair razılığa gələ bilmədiklərinə görə obyektdən çıxmışdır. Buna görə də iddiaçıya dəyən maddi ziyana görə məsuliyyət daşımır. İddiaçı iddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin olunmaması hissəsində maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Həmin hissədə iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddia tələbinin əsassız varlanmaya dair hissəsi tam təmin edilməmişdir. Halbuki obyektdən ayrılması mümkün olmayan elektrik xətləri, razetkalar, plefonlar və digər avadanlıq və tikinti materiallarının xərcini o çəkmişdir. Cavabdehin ona icarə vermiş olduğu qeyri-yaşayış sahəsini satması nəticəsində ona maddi ziyan dəymişdir. Belə ki, cavabdehin təqsiri ucbatından icarədə olan obyekti iki ay işlədə bilməmişdir. Eləcə də qeyri-yaşayış sahəsinin təmiri üçün çəkilmiş 22400 manat xərc obyektin inkişafı, dizaynı reklamı üçün çəkilmiş xərclərdir. İcarəyə götürdüyü qeyri-yaşayış sahəsindən hər ay 2500 manat gəlir əldə edəcəkdi. Cavabdeh qeyri yaşayış sahəsini başqa şəxsə satdığı üçün bu gəliri əlindən çıxmışdır. Apellyasiya şikayətləri üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyərək, onun tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, həmin şikayətin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, onun tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmaması hissədə ləğv edilməsini, həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyərək, nümayəndəsi olduğu şəxs tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, həmin şikayətin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmaması hissədə ləğv edilməsini, həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyərək, onun tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, həmin şikayətin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, onun tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil3 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyərək, nümayəndəsi olduğu şəxs tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, həmin şikayətin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən Cavabdeh icarəçi İddiaçı Gəncə şəhəri, Həsən Əliyev küçəsi, Nizami k/t şimal hissəsi (Gözəllik Mərkəzi) 96 kv.m obyekti aylıq 700 manat icarə haqqı olmaqla 5 il müddətinə icarəyə vermişdir; Gəncə şəhəri 5 saylı notariat kontorunun təsdiq etdiyi 07 iyul 2021-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh ümumi sahəsi 159.7 kv/m olan qeyri-yaşayış binasını X1. Birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri: Şahid qismində ifadə verən X5 bildirmişdir ki, Aytən xanımın sifarişi əsasında açılışı təşkil etmişdir və açılışla bağlı bütün kompleks sistemi üzərinə götürmüşdür. Göstərilən xidmətlərə görə İddiaçı tərəfindən ona 4300 manat ödəniş olunmuşdur. Şahid qismində ifadə verən X3 bildirmişdir ki, Aytən xanım ona iş təklifi etmişdi. Təxminən 2021-ci ilin may ayında obyektə əsaslı təmir işləri aparılmış və təmirdən sonra işə başlamışdılar. Lakin, işlədikləri müddətdə obyektdə adla bağlı mübahisə yaranmışdır və işlədikləri obyektin satılması səbəbindən başqa yerə köçmüşdürlər. Həmin obyektdə təxminən iki ay işləmişdir və ona əmək haqqı verilmişdir. Şahid qismində ifadə verən X6 bildirmişdir ki, obyekt şəraitsiz olmuşdur və Aytən xanım həmin obyekti təmir etdirmişdir. Aytən xanımla müqavilə bağlamışdır və əmək haqqı almışdır. Açılışdan bir ay sonra Cavabdeh obyekti satdığını bildirmiş və sonradan kommunal xətləri kəsildiyindən oranı tərk etmək məcburiyyətində qalmışdırlar. Aylıq ödənişi 500 manat olmuşdur. İşlə bağlı danışığa gələndə obyekt şəraitsiz olmuşdur. Şahid qismində ifadə verən X7 bildirmişdir ki, Aytən xanımın işlətdiyi obyektdə dırnaq ustası işləmişdir. O obyektə gedəndə hazır vəziyyətdə olmuşdur. Təmir işlərinin kim tərəfindən aparılması barədə məlumatı yoxdur. Cavabdeh obyektin sahibi kimi tanıyır və onlar işlədikləri vaxt üç nəfər obyektə daxil olaraq Aytən xanımla mübahisə etmişdirlər. Gördüyü işə görə haqq almışdır. Şahid qismində ifadə verən X13 bildirmişdir ki, Aytən xanımın işlətdiyi obyektdə bərbər işləmişdir. O, işə başlayanda bina hazır vəziyyətdə olmuşdur. Lakin, obyektə verilən elektrin enerjisi kəsildikdən sonra işləri dayanmışdır. Açılışda iştirak etmişdir və açılışdan bir ay sonra obyektlə bağlı ada görə mübahisə yaranmışdır. Şahid qismində ifadə verən X17 bildirmişdir ki, mübahisəli obyekt onun vasitəçiliyi ilə satılmışdır. Sonra iddiaçı ilə ad üstündə mübahisə yaranmışdır. Obyet beş il öncə satışa çıxarılmışdırr. Şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, həmin ərazinin sahə rəisidir və mübahisəli obyektin təmir olunması və orada görülən işlər barədə məlumatı olmuşdur. Şahid qismində ifadə verən X10 bildirmişdir ki, bir dəfə orada olubdur və tərəflərə razılığa gəlmələrini təklif edibdir. Şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, həmin obyekti onu qızı almışdır. Belə ki, Cavabdeh ilə münasibətləri olmuş və onun obyekti satmaq niyyəti olduğunu bildirdiyindən həmin obyekti almışdırlar. Obyekt alınmamışdan qabaq icarədə olmuşdur və ad üstündə mübahisə yaranmışdır, lakin razılıq əldə edilməmişdir. Reklama görə qızı və icarədar arasında mübahisə olmuşdur. Şahid qismində ifadə verən X4 bildirmişdir ki, Aytən xanımın işlətdiyi obyektdə reklam işini görmüşdür. Obyektin adını və lövhələrini yerləşdirmişdir. Ona ümumilikdə 5000 manat pul ödənilib. İşlərin görülməsi ilə bağlı müqavilə olmamışdır. Reklam sonradan sökülmüşdür. Şahid qismində ifadə verən X8 bildirmişdir ki, obyektin birinci mərtəbəsində tavan işləri, divarların yenidən təmiri və rənglənməsi, sanitar qovşaqda kafel-metlax, pilləkənin rənglənməsi, ayrı-ayrı otaqların alçipanla yığılması işlərini görmüşdür və görülən işlərə görə 800 manat pul almışdır. Şahid qismində ifadə verən X14 bildirmişdir ki, Aytən xanımın işlətdiyi obyektdə elektrik və santexnik işlərini görmüşdür. Ümumilikdə 760 manat haqq almışdır. Elektrik avadanlıqları və təxminən 100 metr elektrik xətti alınmışdır. Həmin obyektdə iş görülməmişdən əvvəl də elektrik xətti olmuşdur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 157.7, 1091-ci, 1092.1 və 1094-cü maddələrinə istinadən hesab etmişdir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci bəndinə əsasən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın qeyd olunan maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 153.1-ci maddəsinə görə, bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Həmçinin, həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında 21 may 2021-ci il tarixli icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, icarəyə verən Cavabdeh mülkiyyətində olmuş Gəncə şəhəri, Həsən Əliyev küçəsi, Nizami k/t şimal hissəsində yerləşən (Gözəllik Mərkəzi) 96 kv.m obyekti aylıq 700 manat icarə haqqı olmaqla 5 il müddətinə icarəyə vermişdir. Tərəflər arasında olan razılaşmaya uyğun olaraq, icarəçi İddiaçı icarə haqqı olan 700 manat pulun üç aylıq haqqını (2100) manat qabaqcadan icarəyə verən Cavabdeh ödəmiş və qeyri yaşayış sahəsini icarəyə götürmüşdür. İcarəçi İddiaçı qeyri yaşayış sahəsini icarəyə götürdükdən sonra öz vəsaiti hesabına obyekti təmir etməyə başlamışdır. 14 iyun 2021-ci il tarixdə Gözəllik Mərkəzinin “MOONBROWS” adı ilə açılışı olmuşdur. İcarəyə verən Cavabdeh 07 iyul 2021ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi əsasında qeyri-yaşayış sahəsini X1. İddiaçı qeyri yaşayış sahəsinin yeni mükiyyətçisi ilə yaşayış sahəsinin icarəyə verilməsi barədə razılığa gələ bilmədiyindən icarəyə götürdüyü yaşayış sahəsini tərk etmişdir. Sonuncu obyektin təmir-tikintisi üçün 11600 manat, həmçinin dekor və sair qurğulara (reklama) görə 22400 manat xərc çəkdiyini, lakin cavabdehin icarə müqaviləsi bağlandıqdan qısa müddət sonra qeyri yaşayış sahəsini başqa şəxsə satdığına görə ona maddi ziyan dəydini, eləcə də icarəyə verən Cavabdeh ucbatından obyekt iki ay işləmədiyinə görə 5000 manat faydanın əlindən çıxdığını, həmçinin sonuncunun hərəkətləri nəticəsində ona mənəvi zərər dəydiyindən 10000 manat mənəvi zərərin Cavabdeh alınaraq ona ödənilməsi barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini qismən təmin etmişdir. Həm iddiaçı tərəf, həm də cavabdeh tərəf qətnamədən apellyasiya şikayəti vermişdir. Bundan əvvəldə qeyd edildiyi kimi məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, tərəflərin izahatları, iş materiallarındakı hesab fakturaları, eləcə də şahid ifadələri ilə sübut olunur ki, İddiaçı qeyri yaşayış sahəsini icarəyə götürdükdən sonra obyektə 7480 manat təmir-tikinti xərcləri çəkmişdir. Təmir-tikinti xərclərinin çəkilməsi işin mübahisə olunmayan tərəfidir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası ilkin olaraq İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməyi zəruri hesab edir. İddiaçı icarəyə götürdüyü qeyri yaşayış sahəsinə 11600 manat xərc çəkdiyini göstərmişdir. İşdən müəyyən olunur ki, birinci instansiya məhkəməsində icraat zamanı qeyri yaşayış sahəsinə iddiaçı tərəfindən çəkilən təmir-tikinti xərclərinin müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Lakin qeyri yaşayış sahəsinin yeni mülkiyyətçisi həmin sahədə yenidən təmir işləri apardığından əvvəl görülən işlərin üzəri örtülmüş və onların mövcudluğu qalmamışdır. Ona görə də ekspertiza tədqiqatının aparılması mümkün olmamışdır. İşə baxan birinci instansiya məhkəməsi isə qeyri yaşayış sahəsinə çəkilən xərcin dəyərini iş materiallarındakı hesab fakturalarına əsasən 7480 manat məbləğində müəyyən etmişdir. İddiaçı həmin xərclərin məhz 11600 manat olmasını qeyd etsə də, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəfindən qeyri yaşayış sahəsində gözəllik salonu açılarkən reklam, dekor obyektin inkişafı, dizaynı üçün çəkilmiş xərclərin əvəzinin cavabdehdən tutulması ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlilinə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin həmin dəlili əsassızdır. Belə ki, İddiaçı həmin xərcləri icarəyə götürdüyü qeyri yaşayış sahəsində icarədarlıq fəaliyyəti ilə bağlı çəkilmiş xərclərdir. Belə olan halda kollegiya hesab edir ki, həmin xərclər dəymiş maddi ziyan kimi qiymətləndirilərək cavabdehdən (icarəyə verəndən) tutula bilməz. Həmçinin kollegiya iddiaçı tərəfin apellyasiya şikayətinin cavabdehin hərəkətləri nəticəsində iddiaçıya 10000 manat mənəvi zərər vurulması dəlilinə də hüquqi qiymət verərək qeyd edir ki, şikayətin həmin dəlili də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarına əsasən şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunarsa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər biləvasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İddiaçı cavabdehin ona mənəvi zərər vurduğunu qeyd etsə də, liddiaçının hansı mənəvi sarsıntı və iztirab keçirməsi, habelə onun xarakteri və dərəcəsi iş materialları ilə müəyyən olunmur. Ona görə də kollegiya hesab edir ki, mənəvi zərərlə bağlı hissədə iddianı təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Həmçinin, kollegiya apellyasiya şikayətinin əldən çıxmış faydanın əvəzinin cavabdehdən tutulması dəlilinə də hüquqi qiymət verərək qeyd edir ki, şikayətin bu dəlili də əsassızdır. Belə ki, Cavabdeh iddiaçının əlindən fayda çıxmasına yönələn hər hansı hərəkəti olmamışdır. Kollegiya cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Kollegiya ilkin olaraq qeyd edir ki, Cavabdeh apellyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsini xahiş etsə də, lakin apellyasiya şikayətinin məzmunundan görünür ki, qətnamə iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Ona görə də kollegiya hesab edir ki, cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri həmin hissə üzrə araşdırılmalıdır. Kollegiya qeyd edir ki, cavabdeh tərəf apellyasiya şikayətində İddiaçı icarə müqaviləsi bağlanmamışdan qabaq qeyri yaşayış sahəsini satacağını dediyini qeyd etsə də, cavabdehin bu dəlili iş materialları ilə sübut olunmur. Cavabdeh iddiaçıya dəymiş ziyanın, yəni qeyri yaşayış sahəsinin təmirinə çəkilmiş xərcin məbləğini mübahisələndirməmişdir. Cavabdeh iddiaçı tərəfindən qeyri yaşayış sahəsinin təmirinə çəkilmiş xərcin ümumiyyətlə ona aid olmadığını bildirmişdir. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi 5 il müddətinə bağlanmışdır. İddiaçı isə 5 il müddətində qeyri yaşayış sahəsində icarədarlıq fəaliyyətini həyata keçirəcəyini güman edərək obyektdə təmir-tikinti işləri görmüşdür. Qeyri yaşayış sahəsində açdığı gözəllik salonu isə fəaliyyətə başladığı tarixdən bir ay sonra cavabdeh tərəfindən başqa şəxsə satılmışdır. Beləliklə İddiaçı icarədarlıq fəaliyyətini davam etdirə bilməmişdir. Qeyd edilənlər Cavabdeh apellyasiya şikayətinin dəlillərinin əsassız olduğu qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin cavabdeh tərəfindən mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduğundan onun tərəfindən Apellyasiya Məhkəməsini Mülki Kollegiyasının hazırkı qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384., 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-107/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Əlizamin Abdullayev Hakimlər Şamil Rzaquliyev Afiq Hüseynzadə
Məhkəmə qərarları › İş №2-2(104)-60/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-60/2023
27.02.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver