Məhkəmə qərarları › İş №2-2(104)-65/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-65/2023

13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-65/2023 13.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə Quliyev Anar Elcan oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi Vəkil1, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Şahid iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair ilkin, “sənədlərin əslinin ona təqdim edilməsi və dəymiş ziyanın ödənilməsi tələbinə” dair qarşılıqlı iddialara dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-1601/2022 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə çavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, 220000 manat öhdəlik üzrə borc, 80000 manat əldən çıxmış faydanın əvəzinin, ümumilikdə 300000 manatın Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-yə qarşılıqlı iddia ərizəsi verərək, istixanaya qazın çəkilişi barədə texniki şərt, layihə, müqavilənin əsli və digər sənədlərin təqdim edilməsi və ona vurulmuş 131000 manat ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Samux Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli 2(058)-29/2021 nömrəli qətnaməsi ilə ilkin iddia və qarşılıqlı iddia təmin edilməmiş və iddiaçı "xxxx" MMC-nin direktoru İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı olan Cavabdeh qarşı cavabdehdən 220000 manat öhdəlik üzrə borcun, 80000 manat əldən çıxmış faydanın, ümumilikdə 300000 manat pulun alınaraq ona qaytarılması dair iddiası və Cavabdeh isə "xxxx" MMC-nə qarşı istixanaya qazın çəkilişi barədə texniki şərt, layihə, müqavilənin əsli və digər sənədlərin ona təqdim edilməsi və ona vurulmuş 131000 manat ziyanın ona ödənilməsi barədə qarşılıqlı iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin 01 iyun 2022ci il tarixli 2(104)-1224/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Samux Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli 2(058)-29/2021 saylı qətnaməsinin ləğv edilməsi və işin baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Kommersiya Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2-2(115)-1601/2022 (hakim: Gülnaz Quliyeva) qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, ilkin iddia üzrə Cavabdeh 19 mart 2016-cı il tarixli 01 nömrəli müqaviləyə əsasən 6000 manat pul alınaraq ilkin iddia üzrə İddiaçı verilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşlıqlı iddia üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 19 mart 2016-cı il tarixli 01 nömrəli müqaviləyə əsasən Samux rayonu Qarayeri qəsəbəsində yerləşən Cavabdeh məxsus qeyri-yaşayış sahəsinin (istixananın) qazlaşdırılması üçün 2015-ci il tarixli TŞ24716-2015-02180 nömrəli işçi layihəsinin, xx.xx.2015-ci il tarixli 24116 nömrəli texniki şərtin və ona əlavə edilmiş TŞ24716-2015- 02180-QX cizgilərin əsillərinin alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi, ilkin və qarşılıqlı iddiaların qalan hisssədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilkin iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İlkin İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorudur. Cəmiyyətlə Cavabdeh arasında 16 mart 2016-cı il tarixli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən, o, podratçı olaraq Samux rayonu Qarayeri kəndində yerləşən Cavabdeh məxsus istixanaya metal və poletilen boru ilə 7200 metr yeni xarici və daxili qaz kəmərlərinin çəkilməsini və 30 oktyabr 2019-cu il tarixə kimi təhvil verilməsini öhdəsinə götürmüşdür. Həmçinin müqaviləyə əsasən işin görülməsini, lazım olan materialların daşınmasını quraşdırılmış xarici və daxili qaz kəmərləri vasitəsilə sifarişçinin qazla təchiz olunmasını təmin etməlidir. Podratçı kimi müqavilə öhdəliyinin şərtlərinə əməl edərək müqavilədə göstərilən müddətdə üzərinə götürdüyü öhdəlikləri keyfiyyətlə icra etmişdir. Cavabdeh isə müqavilənin şərtlərini pozmuşdur. Belə ki, açıq müqavilə qiyməti ƏDV daxil olmamaqla 249000 manatdır. Podratçı tərəfindən faktiki yerinə yetirilmiş iş həcmi sifarişçi tərəfindən podratçıya ödənilməlidir. Müqavilənin 4-cü bəndinə əsasən isə, müqavilə qiymətinin 220000 manat məbləği podratçı tərəfindən işin 70 faizi görülüb hazır olduğu gündən 30 bank günü müddətində podratçıya tam ödənilməlidir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh müxtəlif bəhanələr gətirərək öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmədiyinə görə mal-materiallarının pulunu ödəyə bilməmiş, kəmərin çəkilişində iştirak edən işçilərin maaşlarını verməyində də çətinlik yaranmışdır. Cavabdehin ona 220000 manat borcu qalmışdır. Həmçinin cavabdehin üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməməsi nəticəsində xeyli miqdarda faydadan məhrum olmuşdur. Belə ki, hər il üçün 20000 manat olmaqla, ümumilikdə 80000 manat gəlirdən məhrum olmuşdur. Qarşılıqlı iddiaçı Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, 2014-cü ildə ona məxsus Samux rayonu Qarayeri qəsəbəsində yerləşən torpaq sahəsində istixana qurmaq qərarına gəlmiş, istixana üçün yanar qazın əhəmiyyətini nəzərə alaraq qaz çəkilişinin həyata keçirilməsi məqsədilə Samux rayon Qaz İdarəsinə müraciət etmişdir. Müraciəti ilə əlaqədar Samux rayon Qaz İdarəsinin sabiq rəisi Xəqani müəllim ona bildirmişdir ki, qaz xətlərinin çəkilişi İdarənin səlahiyyətlərindən kənardır, onun yaxını olan İddiaçı istixanalara qazın çəkilişi ilə bağlı xidmətləri peşəkarcasına həyata keçirən "xxxx" MMC-nin direktorudur. Bu müəssisə həm qazın çəkilişi ilə əlaqədar sənədləşmə işlərinin aparılması və qaz kəmərlərinin çəkilişi fəaliyyəti üzrə lisenziyaya malikdir, həm də bu fəaliyyət üzrə ixtisaslaşmışdır və Gəncə-Qazax zonasında olan bir çox istixanalara qaz kəmərinin çəkilişi ilə bağlı xidmətlər həmin müəssisə tərəfindən həyata keçirilmişdir. Eldar öz yaxınıdır və etibarlı adamdır. Bu məsələ ilə bağlı bütün zəruri işlər Eldarın müəssisəsi tərəfindən həyata keçiriləcək və qazpaylayıcı stansiyadan onun istixanasının qazanxanasına qədər qaz kəmərlərinin çəkilişi və bununla bağlı zəruri sənədləşmə işlərinin aparılması da daxil olmaqla bütün işlərə görə o Eldara zamindir. Xəqani müəlimin yüksək işgüzar nüfuzuna arxayn olaraq onun Eldarla bağlı dediyi fikirlərə inanıb və Xəqani müəlimin iştirakı ilə Eldara qeyd olunan işi sifariş veriblər. Hesablamaya əsasən cavabdeh İddiaçı istixanaya qədər 6 km uzunluğunda qaz kəməri çəkməli və müvafiq sənədləşmə işləri aparmalı idi. İddiaçı onlara qeyd edilən işlərin dəyərinin 170000 manat təşkil etdiyini bildirmişdir. 2014-cü ilin sonlarından etibarən razılaşmaya uyğun olaraq ödənişlər edilməyə başlanılmışdır. İddiaçı isə işləri razılaşmaya əsasən müəyyən olunmuş vaxtda yekunlaşdırmamışdır. İşlərin görülməsi zamanı müəyyən olunmuşdur ki, qaz kəmərinin uzunluğu 7,4 km-dir. Əlavə işlərində görülməsi və aralarında şifahi razılığın olmasına baxmayaraq, yazılı müqavilənin olmaması halı nəzərə alınaraq "xxxx" MMC ilə 19 mart 2016-cı il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin dəyəri 220000 manat təşkil edib. Müqavilə dəyərinin tam ödənilməsinə baxmayaraq cavabdeh işləri yekunlaşdırmamış və ona külli miqdarda ziyan vurmuşdur. Razılaşdırılmış işlərin görülməsi məqsədilə ümumilikdə cavabdehin rəhbəri İddiaçı 251000 manat pul verilmişdir. Qeyd olunan pulun 135000 manatının alındığı şikayət əsasında Bakı şəhəri Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində cavabdehin rəhbəri İddiaçı verdiyi izahatı ilə də təsdiq edilmişdir. Həmçinin cavabdeh tərəfindən cəmi 120000 manat civarında işlər görülmüşdür. İşlərin tamamlanmamasını görüb qalan işlərin görülməsi məqsədilə digər "xxxx" MMC ilə 30 avqust 2019-cu il tarixli müqavilə imzalayıb və qalıq işlərin görülməsini həmin şirkətə həvalə etmişdir. Bundan sonra istixanaya qazın çəkilişi ilə bağlı işlər yekunlaşmışdır. Lakin istixanaya qazın çəkilişi barədə texniki şərt, layihə, müqavilənin əsli və digər sənədlər müvafiq rəsmiləşdirmə işlərinin aparılması məqsədilə İddiaçı verildiyindən işlərin tam yekunlaşdırılması və istixanaya qazın verilməsinin təşkili mümkün olmamışdır. Qeyd olunan sənədlərin və ondan əlavə olaraq alınmış 131000 manat pulun geri qaytarılması məqsədilə dəfələrlə İddiaçı müraciət edilsə də, o müxtəlif bəhanələr gətirərək pulun və sənədlərin verilməsindən imtina etmişdir. Göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmiş, müqavilə dəyərinin tam ödənilməsinə baxmayaraq, işləri yarımçıq saxlamış və ona 131000 manat ziyan vurmuşdur. Apellyasiya şikayətinin dəlilləri: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdeh X2 müqavilə üzrə ödənilməli olan məbləği ödəməmişdir. Bundan əlavə, məhkəmə tikinti-texniki ekspertizasının rəyi işin hərtərəfli, tam və obyektiv həlli üçün qənaətbəxş deyil. Belə ki, ekspertiza tədqiqatının keçirilməsi barədə ona məlumat verilməmiş, habelə ekspertiza tədqiqatının keçirilməsində iştirak etməmişdir. Ona görə də əlavə ekspertiza təyin edilməlidir. Cavabdeh məxsus istixananın sənədlərinin də onda olması bir daha sübut edir ki, "xxxx" MMC müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin və ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilkin iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Şahid izahat verərək bildirmişdir ki, istixana tikdirmək üçün Cavabdehlə razılaşmışdır. Cavabdeh ona Samux rayonunda qaz idarəsinə müraciət etdiyini və müdir Xəqani müəllimin yaxını İddiaçı şirkətinin bu işi görə biləcəyini ona demişdir. O da Cavabdeh qaz xəttinin çəkilişi ilə bağlı xərci soruşmuş, Cavabdeh ona 6 km üçün 160000 manat civarında pul lazım olduğunu bildirmişdir. O, Cavabdeh, Xəqani müəllim və İddiaçı Samux rayonunda Heydər Əliyev parkında görüşmüşlər və məsələni danışmışlar. İddiaçı ona demişdir ki, 170000 manat civarında pul qarşılığında qaz xəttini çəkə bilər. Xəqani müəllim İddiaçı cavabdeh olduğunu və bu işi görə biləcəyini qeyd etmişdir. Bundan iki gün sonra işə başlanılmışdır. İddiaçı ona razılaşdıqları məbləğdən əlavə nə xərc yaranarsa hesablayacağını, daha sonra ona ödəyəcəklərini qeyd etmişdir. Qaz xətti çəkilməyə başlanmış, qaz xəttinin çəkilməsi ilə bağlı Cavabdeh pul ödəmişdir. Cavabdeh verdiyi 90000 manat puldan əlavə 161000 manat da, o, İddiaçı vermişdir. Beləliklə, İddiaçı ümumilikdə 251000 manat pul vermişdir. Üçüncü şəxs Şahid sonda məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: 19 mart 2016-cı il tarixli 01 nömrəli müqavilənin surətindən görünür ki, sifarişçi Samux rayon Qarayeri qəsəbə sakini Cavabdeh və podratçı "xxxx" MMC-nin direktoru İddiaçı arasında Cavabdeh məxsus İstixanaya metal və poletilen boru ilə 7200 metr xarici və daxili qaz kəmərlərinin 30 oktyabr 2016-cı il tarixinə kimi çəkilməsi və Cavabdeh təhvil verilməsi, ƏDV-i daxil olmamaqla 249000 manat olmaqla, müqavilə qiyməti 220000 manat podratçı tərəfindən işin 70 faizi görülüb hazır olduğu gündən 30 bank günü müddətində podratçıya tam ödəniş edilməsi nəzərdə tutulmuşdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsində 22 sentyabr 2006-cı il tarixində təsdiq olunmuş "xxxx" MMC-nin Nizamnaməsinin surətindən görünür ki, İddiaçı və X1 "xxxx" MMC-nin təsisçiləri təyin edilməklə, "xxxx" MMC müstəqil təsərrüfat subyekti kimi öz fəaliyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına və özünün nizamnaməsi əsasında həyata keçirməsi ümumi müddəalarda müəyyən olunmuşdur; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin № 088872 saylı lisenziya sənədinin surətindən görünür ki, "xxxx" MMC-nin Maye və Təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması fəaliyyət növü ilə məşğul olmasına icazə verilmişdir; Samux rayon Qarayeri qəsəbəsində yerləşən Cavabdeh məxsus qeyri-yaşayış sahəsinin qazlaşdırılması üzrə texniki icra sənədlərinin surətindən görünür ki, X6 İstismarı İdarəsinin baş mühəndisinin iştirakı ilə "xxxx" QSC tərəfindən hazırlanmış T.Ş.24716- 2015-02180(D) saylı layihəyə uyğun 7000 metr uzunluğunda mövcud yerüstü qaz kəmərinin pnevmatik üsulla quraşdırılması nəzərdə tutulmuşdur; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 3 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 35 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində 06 sentyabr 2014-cü il tarixdə Cavabdeh adına **********33 reyestr nömrəsində ********** sayla qeydiyyata alınmışdır; Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 15 may 2020-ci il tarixli qərarının surətindən görünür ki, cinayət işinin başlanması rədd edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 fevral 2021ci il tarixli 9/5266 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, Respublikada yerləşən ticarət şəbəkələrində mövcud olan qiymətlərə, internet saytı və məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən, eləcə də "xxxx" MMC tərəfindən təqdim edilmiş materiallar barədə məlumata əsasən istixanaya olan 7200 metr məsafədə çəkilmiş metal və poletilien borularının və görülən işlərin hazırkı bazar qiyməti təxminən 128389 manat müəyyən edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2021ci il tarixli № 10/1364 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, istixanalara metal və poletilen boruların quraşdırılması üçün görülən işlərin haqqının müəyyən edilməsinə dair mövcud olan qiymət normaları mövcud olmadığına görə, işçilik haqqının müəyyən edilməsi sifarişçi ilə podratçı arasında qarşılıqlı razılaşma əsasında bağlanmış müqavilə ilə tənzimlənir. Ona görə də qərardadın sualı üzrə nəticə verilməsi mümkün olmamışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 avqust 2021-ci il tarixli № 4/1097 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 01 nömrəli xx.xx.2016-cı il tarixli müqavilədə “Sifarişçi” qrafasında “Cavabdeh C.” sözlərinin qarşısındakı imza – Cavabdeh tərəfindən icra olunmuşdur; Cavabdeh ilə "xxxx" MMCnin direktoru X3 arasında bağlanmış 30 avqust 2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh məxsus istixanaya 36000 manat muzd məbləğində qaz xəttinin çəkilməsi nəzərdə tutulmuşdur; Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 985.1, 386.1, 442-ci, 752-ci, 769-cu və 770-ci maddələrinə əsasən hər iki iddia tələbini qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 752-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İddiaçı ilə sifarişçi Cavabdeh arasında 19 mart 2016-cı il tarixli 01 nömrəli podrat müqaviləsi bağlanmış və müqaviləyə əsasən podratçı "xxxx" MMC-nin direktoru İddiaçı sifarişçi Cavabdeh məxsus İstixanaya metal və poletilen boru ilə 7200 metr xarici və daxili qaz kəmərlərinin 30 oktyabr 2016-cı il tarixinə kimi çəkilməsi və Cavabdeh təhvil verilməsini öhdəliyini üzərinə götürmüşdür. Görüləcək işin dəyəri ƏDV daxil olmamaqla 249000 manat müəyyən edilmişdir. Sifarişçi Cavabdeh da podratçı tərəfindən işin 70 faizi görülüb hazır olduğu gündən 30 bank günü müddətində müqavilə qiyməti 220000 manatı podratçıya tam şəkildə ödəmək öhdəliyini üzərinə götürmüşdür. Podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İddiaçı podrat müqaviləsi üzrə öhdəliyini icra edərək işi təhvil verdiyini, lakin sifarişçi Cavabdeh görülmüş işin dəyəri olan 220000 manatı ödəmədiyini, eləcə də həmin pulu ödəmədiyinə görə 80000 manat faydanın əlindən çıxdığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Həmçinin Cavabdeh da "xxxx" MMC-yə qarşılıqlı iddia ərizəsi verərək, istixanaya qazın çəkilişi barədə texniki şərt, layihə və müqavilənin əsli və digər sənədlərin cavabdehdən alınması, eləcə də 131000 manat maddi ziyanın ziyanın ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi vermişdir. İşə baxan birinci instansiya məhkəməsi hər iki iddia tələbini qismən təmin etmişdir. Bundan əvvəldə qeyd edildiyi kimi məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarındakı ilkin İddiaçı ilə üçüncü şəxs Şahid arasında olan telefon danışıqlarına dair “CD-R” video-diski tərəflərin iştirakı ilə məhkəmə iclasında dinlənilmiş və müəyyən edilmişdir ki, İddiaçı ilə Şahid arasında görülən işlər və verilən pullar barədə telefon danışığı gedir. Danışıq zamanı hər iki şəxs bir-birlərini günahlandırırlar. Danışıq zamanı İddiaçı görülən işlərin müqabilində 214000 manat pul aldığını, həmin pulun 41000 və 29000 manatını qaz çəkilişi ilə bağlı sənədləşmə işlərinə sərf etdiyini, bunun görülən işlərin haqqına aidiyyəti olmadığını bildirmişdir. İlkin İddiaçı səsləndirilən telefon danışığının onunla Şahid arasında aparıldığını, lakin onun icazəsi olmadan qeydə alındığını bildirmişdir. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Kollegiya hesab edir ki, qeyd olunan telefon danışıqları hüquq münasibətlərinin tərəfləri arasında olan danışıqlardır. Həmin danışıqlar əqdin tərəfləri üçün sirr deyildir. Belə ki, podrat müqaviləsi icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İddiaçı ilə sifarişçi Cavabdeh arasında bağlansa da Şahid Cavabdehlə istixananın fəaliyyəti ilə bağlı razılığa gəlmiş və qaz xəttinin çəkilişinə dair ödənişlərdə iştirak etmişdir. İşin qeyd olunan halı ilkin İddiaçı izahatları ilə də öz təsdiqini tapmışdır. Belə olan halda kollegiya İddiaçı və Şahid arasında aparılan telefon danışığının sübut sayılması qənaətinə gəlir. Qeyd edilən danışıq zamanı isə ilkin İddiaçı Şahid qaz xəttinin çəkilişi ilə bağlı 214000 manat alğıdını və həmin pul məbləğindən isə 70000 manatını qaz xəttinin çəkilişi ilə bağlı xərclədiyini bildirmişdir. İlk növbədə qeyd edilməlidir ki, İddiaçı qaz xəttinin çəkilməsi ilə bağlı sənədləşmə işlərinə xərc çəkdiyi, çəkilən xərclərin müqavilədə nəzərdə tutulan ödənişə aidiyyəti olmaması ilə bağlı tələbinin dəllərini əsassız sayır. Çünki İddiaçılə Cavabdeh arasında belə bir razılaşmanın olması, sənədləşmə işlərinə müqavilədə nəzərdə tutulandan əlavə haqq ödənilməsi ilə bağlı iş materiallarında hər hansı sübut yoxdur. Göründüyü kimi, ilkin iddiaçı podrat müqaviləsi üzrə görülmüş işin dəyəri (işin dəyəri 220000 manat müəyyən edilmişdir) olaraq 214000 manat aldığını bildirmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianın podrat müqaviləsi üzrə görülmüş işin dəyərinin ödənilməsi hissədə 6000 manat təmin edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Həmçinin kollegiya onu da qeyd edir ki, ilkin iddaçı İddiaçı iddia tələbində qarşı tərəfdən 80000 manat məbləğində əldən çıxmış faydanı tələb etsə də, lakin bununla bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Kollegiya qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşır. Belə ki, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən Cavabdeh məxsus qeyri-yaşayış sahəsinin (istixananın) qazlaşdırılması üçün 2015-ci il tarixli TŞ24716-2015-02180 nömrəli işçi layihəsinin, 29 iyul 2015-ci il tarixli 24116 nömrəli texniki şərtin və ona əlavə edilmiş TŞ24716-2015-02180-QX cizgilərin əsillərinin İddiaçı olması iş materialları, eləcə də tərəflərin izahatları ilə öz təsdiqini tapır. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Kollegiya ilkin olaraq apellyasiya şikayətinin ilkin İddiaçı ekspertiza tədqiqatının keçirilməsi barədə məlumat verilməməsi, habelə onun ekspertiza tədqiqatının keçirilməsində iştirak etməməsi səbəbindən məhkəmə tikinti-texniki ekspertizası rəyinin işin hərtərəfli, tam və obyektiv həlli üçün qənaətbəxş olmaması barədə dəlilinə hüquqi qiymət verərək qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi ilkin iddia tələbinə aid hissədə gəlmiş olduğu nəticəni ekspert rəyi ilə əsaslandırmamışdır. Belə ki, birinci instansiya məhkəməsi həmin hissədə gəlmiş olduğu nəticəni ilkin İddiaçı ilə üçüncü şəxs Şahid arasında olan telefon danışıqları ilə əsaslandırmışdır. Belə olan halda kollegiya hesab edir ki, həmin dəlil qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Həmçinin kollegiya apellyasiya şikayətinin əlavə ekspertiza təyin edilməsi barədə dəlilinə də hüquqi qiymət verərək qeyd edir, podrat müqaviləsinin tərəfləri müqavilədə nəzərdə tutulan işin icra edilməsi müqabilində podratçıya ödəniləcək muzdun məbləğini müəyyən etmişlər. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyə uyğun olaraq fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Eyzi zamanda kollegiya qeyd edir ki, tərəflər podrat müqaviləsi üzrə görülməli olan işin tam və qismən görülməsi məsələsini mübahisələndirmirlər. Belə olan halda kollegiya hesab edir ki, əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, qətnamə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə çavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-1601/2022 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz. Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar