Məhkəmə qərarları › İş №2-2(104)-82/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-82/2024

27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-82/2024 27.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı cavabdeh “X5-Nur” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi ziyanın, işgüzar nüfuza dəymiş ziyanın və çəkilmiş məhkəmə xərclərinin cavabdehdən iddiçının xeyrinə tutulması tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-80/2024 saylı qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-80/2024 saylı qətnaməsi ilə (hakim R.Qələndərzadə) İddiaçı cavabdeh “X5-Nur” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdeh “X5-Nur” Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilə üzrə 18000 manat məbləğində elektron qaimə-fakturanın vergi orqanına vaxtında təqdim edilməməsinə görə dövlət büdcəsinə ödənilmiş 1198,20 manat maddi ziyanın, 5000 manat işgüzar nüfuza dəymiş ziyanın, ödənilmiş 105 manat mediasiya xərcinin və vəkilə ödənilmiş 220 manat xidmət haqqının alınaraq İddiaçı xeyrinə verilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-80/2024 nömrəli, xx.xx.2024-cü iltarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh “X5-Nur” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X5-Nur” MMC-dən xx.xx.2022-ci il tarxdə bağlanmış müqavilə üzrə 18000 (on səkkiz min) manat məbləğində elektron qaimə fakturanın vergi orqanına vaxtında təqdim edilməməsinə görə dövlət büdcəsinə ödənilmiş 1198,20 (min yüz doxsan səkkiz manat, iyirmi qəpik) manat maddi ziyanın, 5000 (beş min) manat işgüzar nüfuza dəymiş ziyan, ödənilmiş 105 (yüz beş) manat dövlət rüsumunun və vəkilə ödənilmiş 220 (iki yüz iyirmi) manat xidmət haqqının alınaraq İddiaçı MMC-nin xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X5-Nur” MMC-nin (VÖEN **********) direktoru X1 ilə (bundan sonra “İcraçı” adlandırılacaq) İddiaçı MMC-nin (VÖEN **********) direktoru X3 (bundan sonra “Sifarişçi” adlandırılacaq) arasında xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci şərtinə görə bu müqavilə əsasında “İcraçı” Qazax rayonunun Bala Çaylı kəndində 1 ədəd 150 metr dərinliyində subartezian quyusunun qazılması və su çəninin quraşdırılması işlərini icra etməyi öhdəsinə götürür, “Sifarişçi” isə bu xidmətləri qəbul edib dəyərini bu müqavilənin 3-cü maddəsinə uyğun şəkildə “İcraçı”ya ödəməyi öhdəsinə götürür. “Sifarişçi” müqavilənin 3.1 və 3.2-ci bəndlərinin şərtlərini icra edərək, ödəmələri əvvəlcədən avans şəklində ödəmişdir. Lakin “İcraçı” müqavilənin şərtlərində göstərilən və öz üzərinə düşən öhdəliyi tam şəkildə icra etməmişdir. Belə ki, “İcraçı” müqaviləyə əsasən əvvəlcədən avans olaraq ödənilmiş 18000 (on səkkiz min) manat vəsaitin elektron qaimə fakturasını “Sifarişçi”yə vaxtında təqdim etməmişdir. Məhz, “İcraçı”nın bu hərəkəti nəticəsində “Sifarişçi”yə vergi orqanı tərəfindən maliyyə sanksiyası tətbiq edilmiş və “Sifarişçi” məcbur olub, dövlət büdcəsinə xx.xx.2023cü il tarixdə 1198,20 manat məbləğində maliyyə sanksiyası ödəmişdir. Göründüyü kimi, cavabdehin təqsirindən iddiaçı 1198,20 manat məbləğində dövlət büdcəsinə vəsait ödəmişdir. Həmçinin, cavabdehin günahından Cəmiyyət həm mənəvi, həm də maddi sarsıntı yaşamışdır. Belə ki, rəhbərlik etdiyi İddiaçı MMC fəaliyyətə başladığı gündən hazırki dövrədək işə məsuliyyəti, işgüzarlığı və dövlət orqanları ilə əlaqəli əməkdaşlıqda daim seçilmişdir. Lakin, cavabdehin məsuliyyətsizliyindən cəmiyyətin imicinə ciddi zərər dəymişdir. Artıq MMC-yə işinə laqeyd münasibət bəsləyən, məsuliyyətsiz bir orqan kimi baxılır. Beləliklə, cəmiyyətin işgüzar nüfuzana ciddi xələl gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.6-cı maddəsinə görə bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Bilindiyi kimi, qüvvədə olan qanunvericliyin tələbinə görə kommersiya mübahisələri üzrə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya sesiyasında iştirak etmək məcburidir. Məhz, qanunun tələbinə görə iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməzdən əvvəl mediasiya sesiyasından iştirak etmək üçün cavabdehə təklif göndərmiş, lakin onun mediasiya sesiyasında iştirak etməməsi səbəbindən mübahisənin məhkəmədən kənar həll etmək mümkün olmamışdır. Bu səbəbdən də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı MMC-nin iddia tələbində göstərdiyi 105 (yüz beş) manat vəsaitin dövlət rüsumu kimi deyil, 1 saylı Mediasiya Təşkilatına ödənilmiş xidmət haqqı kimi nəzərə alınmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, İddiaçı 10 mart 2022-ci il tarixli müqaviləyə əsasən “X5-Nur” Məhdud Məsuliyyətli Cəmiyyətinə Qazax rayonunda 150 metr dərinlikdə artezian quyusu qazmaq həvalə etmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirərək subartezian quyusunu qazmış və su çənini quraşdıraraq təhvil-təslim prosesini həyata keçirmişdir. Cavabdeh bu günə qədər müqaviləyə əsasən edilmiş ödənişlərin elektron qaimə-fakturasını onlara təqdim etməmişdir. Bu səbəbdən vergi orqanı 18000 manat pul məbləğini gəlir kimi hesablayaraq, vergi borcu tətbiq etmişdir. Elektron qaimə fakturalar onlara vaxtında təqdim olunsa idi, 1198 manat məbləğində vergidən yayınma borcu ödəmək məcburiyyətində qalmazdılar. Buna görə də iddianın təmin olunmasını xahiş etmişdir. Bundan başqa, İddiaçı vəkili və nümayəndəsi vasitəsilə cavabdeh “X5-Nur” Məhdud Məsuliyyətli Cəmiyyətinin günahkar olmasını sübut edən kifayət qədər rəsmi sənədlər təqdim etmişdir. İş materiallarından aydın görünür ki, tərəflər arasında mübahisə cavabdehin iddiaçıya vaxtında elektron qaimə-faktura təqdim etməməsi səbəbindən yaranmışdır. Bunun nəticəsində iddiaçıya maddi ziyan dəymiş və iddiaçı cavabdehin günahından dövlət büdcəsində əlavə vergi ödəmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mühahisənin predmetinə uyğun olmayan mövqe seçmiş və nəticədə iddiaçının vergi qanunverciliyinin tələblərini pozmaqla günahlandırmağa çalışmışdır. İddiaçı hesab edir ki, cavabdehin günahından Cəmiyyət həm mənəvi, həm də maddi sarsıntı yaşamışdır. Belə ki, İddiaçı MMC fəaliyyətə başladığı gündən hazırki dövrədək işə məsuliyyəti, işgüzarlığı və dövlət orqanları ilə əlaqəli əməkdaşlıqda daim seçilmişdir. Lakin cavabdehin məsuliyyətsizliyindən cəmiyyətin imicinə cidd izərər dəymişdir. Artıq MMC-yə işinə laqeyid münasibət bəsləyən, məsuliyyətsiz bir orqan kimi baxılır. Buna görə də hesab etmişlər ki, cəmiyyətin işgüzar nüfuzuna ciddi xələl gəlmişdir. Göründüyü kimi, iddiaçının məhkəməyə qeyd olunan halları əks etdirən sübutları təqdim etdiyi halda, məhkəmə həmin sübutları nəzərə almamışdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı məhkəməyə iddia tələbini əsasını təşkil edən sübutlar təqdim etmişdir. İşə baxan məhkəmə isə həmin sənədlərin işin faktiki hallarına uyğun olmasına baxmayaraq, bu sənədləri kifayət qədər aydınlaşdırmamışdır. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə çoxsaylı sübutlar təqdim olunmuşdur. İş materiallarında həmin sübutlar əks etdirən müqavilə, elektron qaimə-faktura, ödəniş qəbzləri və s. sənədlər mövcuddur. Hesab edirlər ki, həmin sənədlər iddia tələbinin təmin olunması üçün kifayət qədər mötəbər idi. Lakin, həmin sübutların araşdırılmaması və eləcə də sübut kimi qəbul olunmaması qanunun pozulması kimi qiymətləndirilməlidir. Prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməyin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 276.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ya etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimin məruzəsini dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “X5-Nur” MMC-nin (VÖEN **********) direktoru X1 ilə İddiaçı MMC-nin (VÖEN **********) direktoru X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli podrat müqaviləsindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə əsasında “İcraçı” Qazax rayonunun Bala Çaylı kəndində 1 ədəd 150 metr dərinliyində su artezian quyusunun qazılması və su çəninin quraşdırılması işlərini icra etməyi öhdəsinə götürmüş, “Sifarişçi” isə bu xidmətləri qəbul edib dəyərini bu müqavilənin 3-cü maddəsinə uyğun şəkildə “İcraçı”ya ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında imzalanmış müqavilənin 3-cü bəndindən görünür ki, müqavilənin ümumi məbləği ƏDV daxil olmaqla 18000 manat təşkil etmişdir. Müqavilə üzrə ödəmələr avans və icraçının təqdim etdiyi (qaimə, akt və digər sənədlər) əsasında aparılır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli məxaric xəzinə orderi, xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqları və xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, müqavilənin ƏDV daxil olmaqla dəyəri olan 18000 manat pul vəsaitinin hamısı cavabdeh təşkilata avans olaraq ödənilmişdir. İş materiallarında olan 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********943900 nömrəli qərarından görünür ki, İddiaçı MMC-yə nə dəqiqləşmiş bəyannamə, nə də ki xərci təsdiq edən sənədlər təqdim edilmədiyindən 12 avqust 2022-ci il tarixdə 896 manat kameral qaydada cərimə hesablanmışdır. Beləliklə də məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı 10 mart 2022-ci il tarixli müqaviləyə əsasən “X5-Nur” Məhdud Məsuliyyətli Cəmiyyətinə Qazax rayonunda 150 metr dərinlikdə artezian quyusu qazmaq həvalə etmiş, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirərək subartezian quyusunu qazmış və su çənini quraşdıraraq təhviltəslim prosesini həyata keçirmişdir. Müqavilənin ƏDV daxil olmaqla dəyəri olan 18000 manat pul vəsaitinin hamısı cavabdeh təşkilata avans olaraq ödənilmişdir. Müqavilə üzrə ödəmələrin hamısı avans olaraq ödənilmiş olsa da, cavabdehdən müqavilə öhdəliyinin yerinə yetirilməsi ilə bağlı qaimə, akt və digər sənədlər tələb edilməmişdir, hər bir halda məhkəməyə həmin xüsusatla bağlı sənəd təqdim olunmamışdır. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “X5-Nur” MMC-nin (VÖEN **********) direktoru X1 ilə İddiaçı MMC-nin (VÖEN **********) direktoru X3 arasında xx.xx.2022-ci il tarixli podrat müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə əsasında “İcraçı” Qazax rayonunun Bala Çaylı kəndində 1 ədəd 150 metr dərinliyində su artezian quyusunun qazılması və su çəninin quraşdırılması işlərini icra etməyi öhdəsinə götürmüş, “Sifarişçi” isə bu xidmətləri qəbul edib dəyərini bu müqavilənin 3-cü maddəsinə uyğun şəkildə “İcraçı”-ya ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında imzalanmış müqavilənin 3cü bəndindən görünür ki, müqavilənin ümumi məbləği ƏDV daxil olmaqla 18000 manat təşkil etmişdir. Müqavilə üzrə ödəmələr avans və icraçının təqdim etdiyi (qaimə, akt və digər sənədlər) əsasında aparılır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli məxaric xəzinə orderi, xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqları və xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, müqavilənin ƏDV daxil olmaqla dəyəri olan 18000 manat pul vəsaitinin hamısı cavabdeh təşkilata avans olaraq ödənilmişdir. İddiaçı müqavilə üzrə müəyyən olunmuş pul vəsaitinin hamısını ayrı-ayrı vaxtlarda avans olaraq ödədiyi üçün qanunverciliyin yuxarıda qeyd olunan tələbinə əsasən həmin ödəmələrlə bağlı cavabdehdən elektron qaimə-faktura tələb edə bilməzdi. Yalnız cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş işlər tamamilə yekunlaşdıqdan sonra işlərin görülüb təhvil verilməsi və bununla bağlı çəkilmiş xərclər barədə elektron qaimə-faktura təqdim edilməli idi. Lakin iddiaçı tərəfindən məhkəmənin tələbinə baxmayaraq işlərin görülməsi və təhvili ilə bağlı təhvil-təslim aktı məhkəməyə təqdim edilməmişdir. Düzdür iddiaçının nümayəndəsi öz izahatında müqavilə üzrə öhdəliyin cavabdeh təşkilat tərəfindən yerinə yetirildiyini bildirmiş və işlərin görülməsi ilə bağlı aralarında hər hansı mübahisənin olmadığını bildirmişdir. Bununla belə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə işlərin görülməsi və təhvili ilə bağlı təhvil-təslim aktı təqdim edilmədiyindən cavabdeh təşkilat tərəfindən işlərin tam görülüb yekunlaşdırılmasını müəyyən etmək mümkün deyildir. Belə olan təqdirdə isə, cavabdehin yuxarıda qeyd olunan ödəmələrlə bağlı hər hansı elektron qaimə-faktura göndərmək öhdəliyindən söhbət gedə bilməz. İşin faktiki hallarından görünür ki, vergi orqanı iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim olunmuş 2022-ci il üçün mənfəət vergisi ilə bağlı Bəyannamədə uyğunsuzluq aşkar etmiş və göstərmişdir ki, təqdim olunmuş məlumatların müqayisəsi nəticəsində 17932,81 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Həmin xərclə bağlı ya dəqiqləşmiş bəyannamə, ya da ki xərci təsdiq edən sənədlərin əlavə olunması üçün iddiaçı təşkilata xəbərdarlıq edilmişdir. Həmin xəbərdarlığa baxmayaraq vergi ödəyicisi tərəfindən vergi orqanına nə dəqiqləşmiş bəyannamə, nə də ki xərci təsdiq edən sənədlər təqdim edilməmişdir. Nəticədə də vergi orqanı tərəfindən İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli qərarla əlavə vergi hesablanmışdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi Məcəlləsinin qeyd olunan normasından da göründüyü kimi iddiaçı sahibkarlıq subyekti olaraq müqavilə üzrə ödəmiş olduğu məbləğin, yəni xərcinin sənədləşdirilmiş məlumat əsasında vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa borclu idi. Lakin iddiaçı təşkilat tərəfindən müqavilə üzrə çəkilmiş xərcin vaxtında sənədlər əsasında uçotu aparılmadığından bəyannamədə həmin xərcləri təsdiq edən sənədləri göstərə bilməmişdir. Buradan da belə nəticəyə gəlmək olar ki, iddiaçının öz təqsirindən vergi orqanı tərəfindən ona əlavə vergi borcu hesablanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının öz təqsirindən vergi orqanı tərəfindən ona əlavə vergi borcu hesablandığından iddiaçı cavabdehdən vergi borcuna görə ödəmiş olduğu 1198,20 (min yüz doxsan səkkiz manat, iyirmi qəpik) manat məbləğində ziyanın tutulmasını tələb etməkdə haqlı deyildir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 105 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə dövlət rüsumu iddiaçıdan alınmamalıdır. İş materiallarında olan 11032 nömrəli ödəniş qəbzindən görünür ki, Gəncə 1 saylı Vəkil Bürosuna 220 manat vəkil xidmət haqqı ödənilmişdir. İddiaçı iddia tələbində həmin məbləği də cavabdehdən tələb etmişdir. Göründüyü kimi iddiaçının iddia tələbi rədd edildiyindən vəkilə göstərilən yardıma görə cavabdehdən hər hansı xərc tutula bilməz. Birinci instansiya məhkəməsinin gədiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.3-ci maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 71-1.1, 71-1.1.5 və 71-1.5.12-ci maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs alınmış avans ödənişləri barədə elektron qaimə-fakturanı avansın alındığı gün təqdim (tərtib) etməlidir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmin Məcəllənin 166.6-cı maddəsinə əsasən ödəmə malların (işlərin, xidmətlərin) təqdim edilməsinədək həyata keçirildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Alınmış avans ödəmələri üzrə elektron qaimə-faktura verilməsinə yol verilmir. Həmin Məcəllənin 166.7-cı maddəsinə əsasən bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin və ya ƏDV məbləğinin ödənilməsi nəzərdə tutulur. Vergi Məcəlləsinin istinad olunan normalarının tələblərindən də göründüyü kimi ödəmə malların (işlərin, xidmətin) təqdim edilməsinədək avans qaydada həyata keçirildikdə sifarişçi, hazırkı halda iş üzrə iddiaçı tərəfindən elktron-qaimə tələb edilməli idi. İş materiallarından göründüyü kimi iddiaçı avans ödəmələr həyata keçirmiş olsa da, icraçıdan elektron-qaimə tələb etməmişdir, yəni hüququndan istifadə etməmişdir. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə rədd edərkən haqlı olaraq göstərmişdir ki, iddiaçının öz təqsirindən vergi orqanı tərəfindən ona əlavə vergi borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı təşkilat üzərinə düşən vəzifəni düzgün icra etmədiyindən və onun təqsiri səbəbindən xərcləri təsdiq edən sənədlər vaxtında vergi orqanına təqdim edilmədiyindən ona qanunvericiliyə uyğun maliyyə sanksiyası tətbiq edilmiş və bunun cavabdehin təqsiri nəticəsində baş verməsi iş materialları ilə müəyyən olunmur. Ona görə də, məhkəmə kollegiyası iddianı maddi ziyan hissəsində təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. İddiaçı təşkilatın cavabdehə əlavə vergi borcunun tətbiq edilməsində təqsiri müəyyən olunmadığına görə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, bu halda cavabdeh tərəfindən iddiaçı təşkilatın işgüzar nüfuzuna da zərər yetirilməmiş olur. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı həmin hissədə də təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, həmin şikayət təmin edilmədən Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-80/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutub, məhkəmə kollegiyası, Qət etdi: İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-80/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar