Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-111/2022 19.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “müqavilələrin ləğv edilməsi və vurulmuş zərərin əvəzinin birinci cavabdehdən tutulması” tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2-2(119)-1216/2022 nömrəli qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “müqavilələrin ləğv edilməsi və vurulmuş zərərin əvəzinin birinci cavabdehdən tutulması” tələbi barədə iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1077/2022 saylı 14 mart 2022-ci il tarixli qərardadı ilə mülki işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçının nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayət Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1077/2022 saylı 26 aprel 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102) 3442/2022 saylı 24 may 2022-ci il tarixli qərarı ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1077/2022 saylı 14 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən mülki iş Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 10 avqust 2022-ci il tarixli 2-2(119)1216/2022 nömrəli qərardadı ilə iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinin tələblərinə əsasən baxılmamış saxlanılmışdır. (hakim Həlimə Alıyeva) İddiaçı nümayəndəsi Nümayəndə2 həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, AR MPM-nin tələblərinə görə Ali instansiya məhkəməsinin öz qərarında şərh etdiyi hallar, nəticə aşağı instansiya məhkəmələri üçün məcburidir. Qeyd edildiyi kimi, Nəsimi Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli qərardadı ilə işin Sumqayıt Kommersiya Məhkəməsinə aid olması müəyyən edilmiş və Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə bu qərardad dəyişdirilmədən saxlanıldığından aidiyyət təsdiqlənmiş, işin baxılması məhz bu məhkəməyə həvalə edilmiş, bununla belə bu məhkəmə aktlarının heç birində tərəflərin yenidən (yəqin ki, başlanmış və davam edən məhkəmə icraatı mövcud olduğundan) "mediasiya" proseduru keçmələri zəruri hesab edilməmişdir. Beləliklə, qeyd edildiyi kimi, hələ 2021-ci ilin (!) noyabr ayından başlanmış və davam edən məhkəmə icraatının mövcudluğu yenidən, tərəflərin əlavə vaxt və əlavə xərclər çəkməklə mediasiya proseduruna qoşulmalarını əsassız, məntiqsiz və lüzumsuz edir. Şikayətləndirilən qərardadda istinad edilən "mediasiya haqqında AR qanununun, eyniliklə AR MPM-nin mediasiyanı zəruri edən hüquq normaları başlanmış, davam edən icraat üzrə deyil, məhkəməyə müraciət etməmişdən əvvəl tətbiq edilir, beləliklə də iddiaçının üzərinə mediasiya proseduru üzrə tələblərə riayət edilməsi vəzifəsi məhkəmə qabağı-iddia ərizəsinin icraata qəbul edilməsindən öncə qoyula bilər. Sumqayıt Kommersiya Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 2-2(119)1216/2022 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Həlimə Alıyeva) Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirak etmələrini təsdiq edən sənədi, yəni “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təşkil edilməklə ilkin mediasiya sessiyasının keçirilməsini təsdiq edən sənədləri iddia ərizəsinə əlavə edərək, məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə həmin Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsinin tələblərinə görə, bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə (maddə 21.9.1), tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə (maddə 21.9.2), tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə (maddə 21.9.3), bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə (maddə 21.9.4) - müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 259.0.13-cü maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda - məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının məzmununa istinad edərək hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Kollegiya hesab edir ki, kommersiya mübahisəsi üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya prosesinin həyata keçirilməsinə dair tələblərin müvafiq qaydada yerinə yetirilməməsi - gələcəkdə hazırkı mübahisəni mahiyyəti üzrə həll edəcək məhkəmə aktının qanuniliyini və əsaslılığını şübhə altına ala biləcəyindən, həmin tələblərin yerinə yetirilməsi məqsədi ilə hazırkı mərhələdə həmin tələblərin yerinə yetirilməsi məqsədi ilə hazırkı mərhələdə İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “müqavilələrin ləğv edilməsi və vurulmuş zərərin əvəzinin birinci cavabdehdən tutulması” tələbi barədə iddia ərizəsi Mülki-Prosessual Məcəllənin 259.0.13cü maddəsinə əsasən baxılmamış saxlanmalıdır. Həmin Məcəllənin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 397.2, 400cü maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraalır: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2-2(119)-1216/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-111/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-111/2022
19.09.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver