Məhkəmə qərarları › İş №2-2(105)-111/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-111/2024

07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-111/2024 07.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim xxxxxxx oğlu, hakimlər X1 və xxxxxxx Kamal oğlundan ibarət tərkibdə, Əliyeva xxxxx Sərvan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “podrat müqaviləsi üzrə borcun və digər ödənişlərin tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2- 2(119)-649/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. 01 iyun 2020-ci il tarixli GG-002 nömrəli podrat müqaviləsinin 1.1-ci bəndinə əsasən, icraçı (İddiaçı MMC) müqavilə bağlandığı gündən etibarən sifarişçinin (Cavabdeh MMC-nin) sifarişini qəbul edərək, sifarişçinin təsdiq etdiyi Sumqayıt şəhəri, Nasosnu (H.Z.Tağıyev) qəsəbəsində yerləşən sənaye binası üçün metal konstruksiya və beton işlərinin quraşdırılması və vaxtında həyata keçirilməsini öz üzərinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilənin qiyməti əlavə razılaşma protokolunda qiymətləndirilib (sonradan müqavilənin qiyməti) adlanacaq. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, sifarişçi hazırkı müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş müqavilə qiymətinin 50% məbləğini avans olaraq icraçıya Azərbaycan manatı olmaqla, bank köçürməsi yolu ilə ödəyəcək. Qalan məbləği isə iş yekunlaşandan sonra eyni qaydada 10 (on) iş günü ərzində ödəyəcəkdir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, iş müddəti ərzində göstərilmiş xidmətlərdə qüsurlar aşkar edildikdə, yaxud xidmətin keyfiyyəti müqavilənin şərtlərinə uyğun gəlmədikdə, sifarişçinin qüsuru aşkar etdiyi tarixdən ən gec otuz (30) təqvim günü ərzində icraçıya etiraz göndərmək hüququ vardır. Etiraz yazılı şəkildə təqdim edilməlidir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, tərəflərin bu müqaviləyə əsasən bir-birinə təqdim etdiyi bütün bildirişlər yazılı şəkildə, Azərbaycan dilində olmalı və müvafiq tərəfin bu müqavilənin 12-ci maddəsində göstərilən ünvanına şəxsən, sifarişli məktubla və ya kuryer poçtu ilə göndərilməlidir. Hər hansı bildiriş onun bu bəndə əsasən qəbul edilməsi təsdiq edildiyi tarixdən etibarlı sayılır. Həmin müqavilənin 11.8-ci bəndinə əsasən, bu müqavilə tərəflər onu imzaladığı tarixdən qüvvəyə minir və tərəflər bu müqaviləyə müvafiq olaraq öz öhdəliklərini tam icra edənə qədər qüvvədədir.

2. 01 iyun 2020-ci il tarixli GG-002 nömrəli podrat müqaviləsinə 1 nömrəli Əlavəyə (həcm və qiymətləndirmə cədvəlinə) əsasən ƏDV daxil olmaqla 76026,26 manat dəyərində işlərin görülməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan iddiaçı və cavabdeh tərəfindən imzalanmış və möhürlənərək təsdiqlənmiş 01 sentyabr 2020-ci il tarixinə yerinə yetirilən işlər haqqında arayışa əsasən, ƏDV daxil olmaqla 76026,26 manat iddiaçı tərəfindən cavabdehə işlər görülmüşdür.

3. İddiaçı tərəfindən cavabdehə 23602,60 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 18 iyun 2020-ci il tarixli EBAL seriyalı 277564 nömrəli, 23615,10 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 30 iyun 2020-ci il tarixli EBAL seriyalı 780821 nömrəli, 28808,61 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 17 avqust 2020-ci il tarixli EBAN seriyalı 734366 nömrəli elektron qaimə-fakturalar təqdim edilmişdir.

4. 18 iyun 2020-ci il tarixli 202 nömrəli ödəniş tapşırığına əsasən 18 iyun 2020-ci il tarixli EBAL seriyalı 277564 nömrəli elektron qaimə-faktura üzrə - 20002,22 manat; - 03 iyul 2020-ci il tarixli 210 nömrəli ödəniş tapşırığına əsasən 30 iyun 2020-ci il tarixli EBAL seriyalı 780821 nömrəli elektron qaimə-faktura üzrə - 10006,39 manat; - 30 dekabr 2020ci il tarixli 001İNT********** nömrəli ödəniş qəbzinə əsasən 17 avqust 2020-ci il tarixli EBAN seriyalı 734366 nömrəli elektron qaimə-faktura üzrə - 24415,04 manat məbləğlərində pul vəsaiti cavabdeh tərəfindən iddiaçının hesabına köçürülmüşdür.

5. 18 iyun 2020-ci il tarixli **********265981 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən 18 iyun 2020-ci il tarixli EBAL seriyalı 277564 nömrəli elektron qaiməfaktura üzrə - 3600,40 manat; - 03 iyul 2020-ci il tarixli, **********315522 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən 30 iyun 2020-ci il tarixli EBAL seriyalı 780821 nömrəli elektron qaimə-faktura üzrə - 1801,15 manat; - 26 dekabr 2020-ci il tarixli, **********935058 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən 17 avqust 2020-ci il tarixli EBAN seriyalı 734366 nömrəli elektron qaimə-faktura üzrə - 4394,53 manat məbləğlərində pul vəsaiti cavabdeh tərəfindən iddiaçının hesabına köçürülmüşdür.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏKİ İCRAAT

6. İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MMC-yə qarşı “podrat müqaviləsi üzrə borcun və digər ödənişlərin tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehlə aralarında bağlanmış 01 iyun 2020-ci il tarixli GG-002 nömrəli podrat müqaviləsi üzrə 11807,57 (on bir min səkkiz yüz yeddi manat əlli yeddi qəpik) manat məbləğində borc, 5000 (beş min) manat məbləğində cərimə, gecikdirilmiş vaxt üçün 590 (beş yüz doxsan) manat məbləğində faiz borcu, əldə çıxmış fayda qismində hesablanmış 15000 (on beş min) manat məbləğində pul vəsaiti olmaqla, cəmi 32397,57 (otuz iki min üç yüz doxsan yeddi manat, əlli yeddi qəpik) manat məbləğində pul vəsaitinin, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 1500 (min beş yüz) manat məbləğində pul vəsaitinin əvəzinin və 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 iyun 2020-ci il tarixli GG-002 nömrəli podrat müqaviləsinə əsasən iddiaçı cavabdehin Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində yerləşən sənaye binası üçün metal konstruksiya və beton işlərinin quraşdırılmasını və vaxtında həyata keçirilməsini üzərinə götürmüş, tərəflər birlikdə görüləcək işlərin dəyərini “Əlavə razılaşma” protokolunda qiymətləndirmiş, həmçinin, ödəniş şərtləri və digər məsələlər razılaşdırılmışdır. Müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəliyin icrasını təmin etsə də, cavabdeh üzərinə düşən öhdəliyi, yəni görülən işlərin razılaşdırılmış dəyərini hazırkı vaxtadək tam ödəməmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında, o cümlədən mediasiya vasitəsilə həll edilməsinə cəhdlər edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

8. İddiaçı məhkəməyə 16 may 2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək tərəflər arasında podrat müqaviləsinin bağlanmasına baxmayaraq, iddia ərizəsində texniki səhvə yol verilərək subpodrat müqaviləsi qeyd edildiyini göstərmiş və bu halın nəzərə alınmasını xahiş etmişdir.

9. Cavabdehin qanuni təmsilçisi iddiaya etiraz təqdim edərək, etirazda iddiaçı tərəfindən üzərinə düşən öhdəliyin qüsurla icra edildiyini göstərmiş, eyni zamanda iddia müddəti ötürüldükdən sonra məhkəməyə müraciət edildiyi üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli podrat müqaviləsinə əsasən iddiaçı müqavilə bağlandığı gündən etibarən cavabdehin sifarişini qəbul edərək sonuncuya məxsus olan Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində yerləşən sənaye binası üçün metal konstruksiya və beton işlərinin quraşdırılmasını öz üzərinə götürmüş və vaxtında həyata keçirilməsini təmin etmişdir. Lakin cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca icra etməmiş və müqavilə şətlərini pozmuşdur. Belə ki, borc məbləğinin ödənilməsi üçün göndərilmiş elektron qaimə-fakturalar üzrə görülmüş işlərin dəyərinin 64218,73 manatlıq hissəsi cavabdeh tərəfindən ödənilsə də, 11807,57 manat borc hazırkı vaxtadək ödənilməmişdir. Cavabdehin etiraza əlavə etdiyi akt idarədaxilidir və sübut əhəmiyyətinə malik deyildir. Cavabdehin etirazda qeyd etdiyi kimi, qüsurlu iş görülmüşdürsə, bu qüsurun mövcudluğu ilə bağlı hər iki tərəfin iştirakı ilə protokol tərtib olunaraq rəsmiləşdirilməli idi. İddiaçıya qüsurla bağlı heç bir müraciət edilməmişdir və buradan belə nəticəyə gəlinir ki, iddiaçı tərəfindən müqaviləyə uyğun olaraq cavabdehə qüsursuz iş təqdim edilmişdir. İddia müddətinin tətbiqi ilə bağlı məsələyə gəldikdə isə tərəflər arasında bağlanmış podrat müqaviləsinin 11.8-ci bəndində qeyd edilir ki, müqavilə tərəflər öz öhdəliklərini yerinə yetirdiyi günə qədər qüvvədədir. Öhdəlik tam icra edilmədiyindən iddia müddətinin tətbiqi düzgün deyildir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəfindən görülən işlər qüsurlu olmuş və bununla bağlı ona dəfələrlə şifahi qaydada müraciət edilmişdir. İddiaçı cavab olaraq maddi çətinliklərinin olduğunu, ödəniş edilməsini xahiş etmiş və qüsurların qısa müddət ərzində aradan qaldırılacağını vəd etmişdir. Cavabdeh mövcud qüsurları aradan qaldırmaq üçün başqa şirkətlə əməkdaşlıq etməyə məcbur olmuş və bununla əlaqədar onlara 18 min manat məbləğində ödəniş etmişdir. Aşkar edilən qüsurlarla bağlı iddiaçıya yazılı etiraz təqdim edilməmişdir. İddiaçı tərəfindən isə işin təhvil verilməsi ilə bağlı təhvil-təslim aktı da iş materiallarına əlavə edilməmişdir. Cavabdehin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini xahiş etmişdir.

12. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-649/2024 nömrəli, 09 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim Fərman Həmidli) iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən 01 iyun 2020-ci il tarixli GG-002 nömrəli podrat müqaviləsi üzrə 11806,96 (on bir min səkkiz yüz altı manat, doxsan altı qəpik) manat məbləğində borc, hüquqi yardımla bağlı ödənilmiş 600 (altı yüz) manat məbləğində pul vəsaitinin əvəzi və 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 12474,96 (on iki min dörd yüz yetmiş dörd manat, doxsan altı qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı MMCnin xeyrinə tutulması, cavabdeh "Prestij-Kimya” MMC-dən 57,42 (əlli yeddi manat, qırx iki qəpik) manat məbləğində dövlət rüsumunun dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 11806,96 manat (23615,10 - 10006,39 - 1801,75 = 11806,96) məbləğində pul vəsaiti isə hazırkı vaxtadək ödənilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış 01 iyun 2020-ci il tarixli GG-002 nömrəli podrat müqaviləsi üzrə 11807,57 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi qismən təmin edilərək 11806,96 manat manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin cavabdehdən 5000 manat məbləğində dəbbə pulunun tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsində öhdəliyin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə, o cümlədən onun icrasının gecikdirildiyi halda cavabdehin iddiaçıya dəbbə pulu ödəməli olması barədə müddəalar nəzərdə tutulmamışdır. Tərəflər arasında bağlanmış podrat müqaviləsinin məzmununda, o cümlədən, həmin müqaviləni tənzimləyən qanunvericilik normalarında öhdəliyin pozulmasına görə dəbbə pulunun (cərimənin, penyanın) ödənilməsi nəzərdə tutulmadığından iddia tələbi bu hissədə təmin edilməməlidir. İddia tələbinin cavabdehdən gecikdirilmiş vaxt üçün 590 manat məbləğində faiz borcunun və əldən çıxmış fayda kimi hesablanmış 15000 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə araşdırması zamanı əsaslılığı müəyyən edilməmişdir. Belə ki, ilk növbədə, qeyd edilən faiz borcunun və əldən çıxmış faydanın hansı qaydada və hansı müddətlər daxilində hesablanması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı təsdiqedici sənəd (maliyyə arayışı və s.) təqdim edilməmişdir. Digər tərəfdən, tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndindən görünür ki, sifarişçinin müqavilə qiymətinin 50% məbləğini avans olaraq icraçıya ödəyəcəyini, qalan məbləği isə iş yekunlaşdıqdan sonra 10 iş günü ərzində ödəyəcəyini tərəflər öz aralarında razılaşdırmış və iş materiallarındakı 30 dekabr 2020-ci il tarixli 001İNT********** nömrəli ödəniş qəbzinə əsasən cavabdeh tərəfindən sonuncu ödəniş həmin tarixdə yerinə yetirilmişdir. Sonuncu ödənişin edildiyi tarixdən 10 iş günü keçdikdən sonrakı müddətdə müqavilənin 3.1-ci bəndinin şərti nəzərə alınmaqla cavabdehdən qalıq ödənişin tələb edilib-edilməməsi, müsbət halda, bunu təsdiq edən sənədlər iddiaçı tərəfindən iş materiallarına əlavə edilməmişdir. Məhkəmə cavabdehin işin qüsurlu görülməsi səbəbindən ödənişin tam ödənilməməsi barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndində birbaşa göstərilir ki, iş müddəti ərzində göstərilmiş xidmətlərdə qüsurlar aşkar edildikdə, yaxud xidmətin keyfiyyəti müqavilənin şərtlərinə uyğun gəlmədikdə, sifarişçinin qüsuru aşkar etdiyi tarixdən ən gec otuz (30) təqvim günü ərzində icraçıya etiraz göndərmək hüququ vardır və etiraz yazılı şəkildə təqdim edilməlidir. Cavabdeh məhkəməyə aşkar edilmiş qüsurlarla bağlı iddiaçıya yazılı formada ünvanlanmış və ya təqdim edilmiş hər hansı etiraz, bildiriş və digər sənəd təqdim etməmiş, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də izahatında bu halı təsdiq edərək bununla əlaqədar aralarında yalnız şifahi danışıqlar olduğunu bildirmişdir. Cavabdehin iddia müddətinin keçməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə, ilk növbədə qeyd etmişdir ki, etirazda qeyd edilən bir illik və beş illik müddətlər Mülki Məcəllənin 776-cı maddəsinə əsasən, sifarişçiyə şamil edilmiş müddətlərdir, hazırkı iş üzrə iddiaçı həmin müqavilə üzrə icraçı olduğundan həmin müddətlər ona münasibətdə tətbiq edilə bilməz. Digər tərəfdən, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Cavabdeh hazırkı müqavilə üzrə son ödənişi 30 dekabr 2020-ci il tarixində etmiş, bununla əlaqədar iddia müddətinin axımı həmin tarixdən başlanmış, iş materiallarındakı Bakı 16 saylı mediasiya təşkilatının təqdim etdiyi “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışa əsasən isə mediasiya prosesinin tətbiqi ilə əlaqədar tərəflərə xx.xx.2023-cü il tarixində bildiriş göndərilmiş və xx.xx.2023-cü il tarixində isə həmin arayış tərəflərə təqdim edilmişdir. Hazırkı iddia ilə isə məhkəməyə xx.xx.2024-cü il tarixində müraciət edilmişdir. Başqa sözlə, mediasiya prosesinin başlanması ilə əlaqədar xx.xx.2023-cü il tarixdə iddia müddətinin axımı dayanmış və xx.xx.2023-cü il tarixində həmin müddətin axımı davam etmişdir. Mülki Məcəllənin 379.4-cü maddəsinin tələbinə əsasən, müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam etdiyindən və müddətin qalan hissəsi altı aya qədər uzadıldığından iddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etməklə iddia müddətini ötürməmişdir. Bundan əlavə, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 1500 manat məbləğində pulun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarına əlavə edilmiş 18 oktyabr 2023-cü il tarixli, 001XOH********** nömrəli ödəniş qəbzi ilə müəyyən edilir ki, iddiaçı tərəfindən göstərilən hüquqi yardıma görə “Fides” Vəkil bürosuna 1500 manat məbləğində ödəniş edilmişdir. Hüquqi xidmətlərə görə cavabdehdən tələb olunan 1500 manat məbləğində pulun həqiqətən və zərurətlə xərcləndiyi sübut edilmədiyindən və bu məbləğ həcminə görə ağlabatan və əsaslı olmadığından həmin hissədə iddia tələbi qismən təmin edilməli və cavabdehdən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə ağlabatan məbləğdə, yəni 600 manat məbləğində pul tutulmalıdır.

14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 373.2, 377.1, 379.4, 379.1.6, 385.1, 425.1, 442, 443.1, 448, 462.1, 463.1, 463.2, 752.1, 753.1, 769, 770, 773, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 107, 115.0.6, 121.1, 119.1, 119.2-ci , 217.4-cü maddələri ilə əsaslandırmışdır.

15. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, ona iddiaçının əməkdaşları tərəfindən dəymiş maddi ziyanla bağlı müraciətlər olunmuş, dəfələrlə müzakirələr aparılmışdır. Hətta həmin xidmət göstərilən gün betonun zədələnməsi ilə bağlı fotoşəkilləri də onlara təqdim etmişdirlər. Aralarında yaranan şifahi danışıqlardan sonra məbləğin müəyyən hissəsini cavabdehə ödəməklə əlaqədar razılığa gəlmişdirlər. Həmin danışıqdan, yəni son ödəniş olunduqdan sonra aralarında bağlanmış 01 iyun 2020-ci il tarixli GG-002 nömrəli podrat müqaviləsinin 6.1-ci bəndinə əsasən, tərəflər iradəsindən asılı olmayan qüvvənin təsiri nəticəsində müqavilə üzrə üzərlərinə düşən öhdəliklərdən tamamilə və ya qismən azad olurlar. Qeyd edilənlərə əsasən, hesab edirlər ki, cavabdeh məsuliyyətdən azad olunmalı və bu səbəbdən iddia əsaslı hesab edilməməlidir. Məhkəmə iddiaçı tərəfindən mövqeli şəkildə işə yanaşaraq düzgün qərar verməmişdir. Belə ki, MMC-nin müqavilə öhdəlikərini icra etməməsi ilə qət edilmiş qətnamə əsaslandırılsa da, iddiaçının öhdəliklərinin tam icra edilib-edilməməsi məhkəmə tərəfindən dərin araşdırılmamışdır. Görülən işlərdə qüsurun olmasını məhkəmənin nəzərə almaması əsassızdır. Habelə buna dair sübutlar da məhkəməyə təqdim olunmuşdur. Göründüyü kimi, "xxxx" MMC son ödənişini xx.xx.2020-ci il tarixdə etdiyi halda, yenidən digər şirkətlə bir ay sonra müqavilə bağlayaraq xx.xx.2021ci il tarixdə həmin şirkətə ödəniş etmişdir. Bu o deməkdir ki, iddiaçı MMC tərəfindən görülən iş tam icra edilməmiş, onlarda da həmin xidmətin görülməsinə dair yeni müqavilə bağalamaq məcburiyyətində qalmışdır. Bununla da MMC-yə maddi ziyan dəymişdir. İddiaçının nümayəndəsinin məhkəmə gedişatı zamanı verdiyi izahatla işin faktiki halları arasında ziddiyyət vardır. Həmçinin, məhkəmə 2020-ci il tarixdən 2023-cü il tarixədək iddianı niyə qaldırmamaqla bağlı dərin araşdırma aparmamış, iddiaçının qərəzli münasibətini mübahisələndirməmişdir. Hesab edirlər ki, məhkəmə iddiaçıdan Mülki Məcəllənin 425-ci maddəsi ilə nəzərdə tutulan vicdanlılığı tələb edərək iddianı rədd etməlidir. Məhkəmə vəkil xidmətinə görə iddia olunan məbləğin 1500 manatın 600 manatını təmin etmişdir. Belə ki, İddiaçı MMC hüquqi şirkətdir. Şirkət daxili hüquqi məsələlərlə bağlı şirkətin nümayəndəsi olduğu halda, qərəzli şəkildə vəkillə ödənişli müqavilə bağlamışdır. İddiaçı hüquqi şəxs olduğundan vəkil xidmətinin "xxxx" MMC-dən tutulması əsassızdır. Həmin qüsurların aşkarlanmasına dair fotoşəkillər yerindəcə çəkilmişdir. Hətta iddiaçı şirkətə də təqdim edilmişdir. Odur ki, məhkəmə həmin fotoşəkilləri maddi sübut kimi nəzərə almalı, iş materiallarına əlavə etməlidir. Məhkəmə qətnaməsi qanunvericilik səhv tətbiq edilməklə və lazımi əsaslandırılmadan qəbul edilmişdir. Ona görə də qətnamə tamamilə qanunsuz və əsassızdır. Bundan əlavə məhkəmə çəkişmə prinsipinə əməl etməmiş, düzgün araşdırma aparmadan obyektiv nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş aktdan görünür ki, həmin akt şahidlərin iştriakı ilə tərtib edilmişdir. Məhkəmə onu daxili akt hesab etsə də, həmin akt MMC-nin əməkdaşları tərəfindən imza edilmişdir. Habelə məhkəmə praktikasında şahid ifadələri ilə öz təsdiqini tapan hallar yetəri qədər vardır. Lakin məhkəmə bu hissədə mövqeyini obyektiv bildirməmişdir. Həmin qüsur aşkarlanan zaman zavodda olan şahidləri məhkəməyə dəvət etməmiş, yaxud da onların dindirilməsi üçün heç bir şərait yaratmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. “Prestij-Kimya" MMC məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Maddə 770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 379.2. Fiziki şəxslərin həyatına və ya sağlamlığına dəymiş zərərin əvəzinin ödənilməsi haqqında iddialar üzrə iddia müddətinin axımı həmçinin fiziki şəxsin müvafiq orqana pensiya və müavinət təyin edilməsi haqqında müraciəti ilə əlaqədar olaraq pensiya və ya müavinət təyin edilənədək və ya təyin etməkdən imtina olunanadək dayandırılır. Maddə 379.3. İddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin. Maddə 379.4. Müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. Maddə 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) 14.4. İşdə iştirak edən şəxslər, qanunla onların nümayəndəliyi zəruri olan hallar istisna edilməklə, özləri öz hüquq və mənafelərini müdafiə edə bilərlər. Onlar maraqlarının təmsil olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq məqsədi ilə özlərinə sərbəst vəkil seçə bilər.(...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

19. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. İşdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş olunsa da, apellyasiya şikayətində qətnamə iddianın qismən təmin olunan hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddianın qismən təmin olunan hissəsində yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası məruzəçi-hakimi, işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.

22. Belə ki, işin kollegiya tərəfindən araşdırılan hallarına əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən 18 iyun 2020-ci il tarixli və 17 avqust 2020-ci il tarixli elektron qaiməfakturalar üzrə xidmətlərin dəyəri tamamilə ödənilmiş, mübahisə 30 iyun 2020-ci il tarixli elektron qaimə-faktura üzrə yaranmışdır. 30 iyun 2020-ci il tarixli elektron qaimə-faktura üzrə ödənilməli olan 23615,10 manat pul vəsaitinin isə bir hissəsi - xx.xx.2020-ci il tarixli 210 nömrəli ödəniş qəbzinə əsasən 10006,39 manat və həmin tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən 1801,75 manat pul vəsaiti ödənilmiş, 11806,96 manat (23615,10 - 10006,39 - 1801,75 = 11806,96) məbləğində pul vəsaiti isə hazırkı vaxtadək ödənilməmişdir. Göstərilənlərə əsasən məhkəmə haqlı olaraq tərəflər arasında bağlanmış 01 iyun 2020-ci il tarixli GG-002 nömrəli podrat müqaviləsi üzrə 11807,57 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbini qismən təmin edilərək 11806,96 manat manat məbləğində pul vəsaitini cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir.

23. Cavabdehin apellyasiya şikayətinin bir dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən qüsurlu iş görülmüş, bununla bağlı şahidlərin iştirakı ilə akt tərtib edilmişdir. Məhkəmə isə həmin hallara qiymət verməmişdir.

24. Məhkəmə kollegiyası şikayətin hazırkı dəlilini əsassız hesab edir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndində birbaşa göstərilir ki, iş müddəti ərzində göstərilmiş xidmətlərdə qüsurlar aşkar edildikdə, yaxud xidmətin keyfiyyəti müqavilənin şərtlərinə uyğun gəlmədikdə icraçıya etiraz göndərmək hüququ vardır və etiraz yazılı şəkildə təqdim edilməlidir. Həmçinin, həmin müqavilənin 9.1-ci bəndinə əsasən iddiaçı və cavabdehin bu müqaviləyə əsasən bir-birinə təqdim etdikləri bütün bildirişlər yazılı şəkildə, Azərbaycan dilində olmalı və müvafiq tərəfin bu müqavilənin 12-ci maddəsində göstərilən ünvanına şəxsən, sifarişli məktubla və ya kuryer poçtu ilə göndərilməlidir.

25. Göründüyü kimi, cavabdehin (sifarişçinin) müqavilə şərtlərinə uyğun olaraq icraçı tərəfindən qüsurlu iş icra edildiyi təqdirdə, icraçıya yazılı müraciət etmək hüququ olsa da, iş materialları ilə cavabdeh tərəfindən iddiaçıya həmin hallarla bağlı hər hansı etirazın edildiyi, qüsurlu xidmətlə bağlı müraciət olunması müəyyən olunmur. Cavabdeh tərəfindən tərtib edilmiş 18 sentyabr 2020-ci il tarxli aktdan görünür ki, sözügedən aktı cavabdehin nümayəndələri imzalamış, iddiaçı MMC-nin nümayəndələri imzalamamış, buna baxmayaraq, həmin aktın imzalanmasından sonra da tərəflər arasında müqavilə münasibətləri davam etmiş, cavabdeh 26 dekabr 2020-ci il tarixli, **********935058 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən 17 avqust 2020-ci il tarixli EBAN seriyalı 734366 nömrəli elektron qaimə-faktura üzrə-4394,53 manat məbləğlərində pul vəsaitini, 30 dekabr 2020-ci il tarixli 001İNT********** nömrəli ödəniş qəbzinə əsasən 17 avqust 2020-ci il tarixli EBAN seriyalı 734366 nömrəli elektron qaimə-faktura üzrə 24415,04 manat məbləğlərində pul vəsaitini iddiaçının hesabına köçürmüşdür.

26. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin tərəflərin iradəsindən asılı olmayan qüvvənin təsiri nəticəsində müqavilə üzrə üzərlərinə düşən öhdəliklərdən tamamilə və ya qismən azad olması ilə bağlı dəlili əsassızdır. Belə ki, tərəflər arasında müqavilə münasibətləri olmuş, iddiaçının xidmət göstərmək öhdəliyi, cavabdehin həmin xidmətin qiymətini ödəmək öhdəliyi ilə şərtləndirilmişdir. Tərəflərin müqavilə öhdəliklərini yerinə yetirməsinə mane olan, iradələrindən asılı olmayan qüvvənin olması iş materialları ilə öz təsdiqini tapmır.

27. Qeyd edilən dəlillərlə bağlı cavabdeh sübutetmə yükü ilə bağlı olmasına baxmayaraq, bununla bağlı hər hansı mötəbər sübut təqdim olunmamışdır.

28. Qeyd olunmalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

29. Beləliklə, işin hallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 iyun 2020-ci il tarixli GG-002 nömrəli podrat müqaviləsi üzrə icraçı qismində çıxış edən iddiaçı cavabdehin sifarişləri əsasında aralarında razılaşdırılmış işləri görərək müqavilə öhdəliklərini yerinə yetirsə də, cavabdeh görülən işlərin dəyərini tam ödəməyərək müqavilə öhdəliklərini lazımınca icra etməmişdir.

30. Məhkəmə kollegiyası hazırkı tələbə iddia müddətinin tətbiq edilməli olması ilə bağlı şikayətin dəlili ilə bağlı qeyd edir ki, həmin dəlil də əsassızdır. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 379.1.6-cı maddəsinə əsasən, tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə, iddia müddətinin axımı dayandırılır. Həmin Məcəllənin 379.4-cü maddəsinə əsasən, müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. Tərəflər arasında müqavilə münasibətləri olması işin mübahisəsiz halıdır.

31. Həmin müddətin hansı vaxtdan hesablanmasına gəldikdə isə kollegiya qeyd edir ki, işin araşdırılan halları ilə müəyyən olunur ki, cavabdeh hazırkı müqavilə üzrə son ödənişi 30 dekabr 2020-ci il tarixində etmiş, bununla əlaqədar iddia müddətinin axımı həmin tarixdən başlanmışdır. İş materiallarındakı Bakı 16 saylı mediasiya təşkilatının təqdim etdiyi “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışa əsasən isə mediasiya prosesinin tətbiqi ilə əlaqədar tərəflərə xx.xx.2023cü il tarixində bildiriş göndərilmiş və xx.xx.2023-cü il tarixində isə həmin arayış tərəflərə təqdim edilmiş, iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət edilmişdir. Yəni, mediasiya prosesinin başlanması ilə əlaqədar xx.xx.2023-cü il tarixdə iddia müddətinin axımı dayanmış və xx.xx.2023-cü il tarixində həmin müddətin axımı davam etmişdir. Mülki Məcəllənin 379.4-cü maddəsinin tələbinə əsasən, müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam etdiyindən və müddətin qalan hissəsi altı aya qədər uzadıldığından iddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etməklə iddia müddətini ötürməmişdir.

32. Cavabdehin apellyasiya şikayətinin digər bir dəlili iddiaçının hüquqi şirkət olması, bununla əlaqədar olaraq ona vəkil xərcinin ödənilməməli olmasıdır.

33. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin həmin dəlili də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər, qanunla onların nümayəndəliyi zəruri olan hallar istisna edilməklə, özləri öz hüquq və mənafelərini müdafiə edə bilərlər. Onlar maraqlarının təmsil olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq məqsədi ilə özlərinə sərbəst vəkil seçə bilər. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

34. Maddənin məzmunundan aşkar görünür ki, qanunvericilik müvafiq halda məhkəmənin təqdim edilmiş məlumatların qiymətləndirilməsi sərbəstliyini tanımış, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini müəyyən etmişdir. Yəni, vəkilin göstərdiyi yardıma görə xərcləri müəyyən edərkən məhkəmə bir tərəfdən təqdim edilmiş məlumatları qiymətləndirməli, digər tərəfdən isə həmin xərcləri ağlabatan məbləğdə tutmalıdır.

35. Beləliklə, birinci instansiya məhkəməsi hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 600 manat məbləğində pulun əvəzinin cavabdehdən tutulması ilə bağlı düzgün nəticəyə gəlmiş, əsaslı olaraq iddianı həmin hissədə qismən təmin etmişdir.

36. Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

37. İşin istinad olunan halları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri olmuş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdehin müqavilə üzrə ödənilməmiş borcu qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işin araşdırılan halları ilə cavabdehin dəlilləri öz təsdiqini tapmamışdır.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-649/2024 nömrəli, 09 iyul 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar