Məhkəmə qərarları › İş №2-2(105)-113/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-113/2022

02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-113/2022 02.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı qanuni təmsilçisi Şahid2, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Mənzil-Tikinti Kooperativinin qanuni təmsilçisi Qanuni nümayəndə və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “borcun tutulması” tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, e-2-2(119)- 506/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 18 aprel 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişi üzrə ödənilməmiş 31000 (otuz bir min) manat əsas vəsait və hazırkı məhkəmə icraatının başlanması üçün çəkilmiş xərc kimi 200 (iki yüz) manat olmaqla, ümumilikdə 31200 (otuz bir min iki yüz) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ********** VÖEN ilə 31 may 2012-ci ildə qeydiyyata alınmaqla, Nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyətlə məşğul olur və onun əsas fəaliyyəti üzvlərinin və payçılarının mənzil təminatının yaxşılaşdırılmasından ibarətdir. Cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi ********** VÖEN ilə 10 fevral 2006-cı ildə qeydiyyata alınmaqla, Nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyətlə məşğul olur və onun əsas fəaliyyəti üzvlərinin və payçılarının mənzil təminatının yaxşılaşdırılmasından ibarətdir. "xxxx" MTK ilə "xxxx" MTK-nın rəhbərliyi (təsisçilər də daxil olmaqla) belə razılığa gəlmişlər ki, hər iki MTK tərəfindən Xırdalan şəhərinin H.Əliyev prospektində inşa edilmiş yaşayış binasının elektrik təchizatını təmin etmək məqsədilə tikiləcək yarımstansiyasını birlikdə inşa etməklə, birgə maliyyələşdirsinlər. İlkin şifahi razılıq əsasında verilmiş texniki şərtə uyğun olaraq iddiaçı "xxxx" MTK tərəfindən və onun vəsaiti hesabına hər iki hüquqi şəxs tərəfindən inşa edilmiş yaşayış binasını elektrik enerjisi ilə təmin edəcək yarımstansiya inşa edilmişdir. Tərəflər arasında baş tutmuş şifahi razılaşma daha sonra rəsmiləşdirilmiş və müvafiq olaraq 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişi imzalanmışdır. Həmin Sazişə görə "xxxx" MTK 1 (bir) sot torpaq sahəsində inşa etdiyi ümumi smeta dəyəri 126 000 (yüz iyirmi altı min) manat olan yarımstansiyadan cavabdehlə ortaq istifadə üçün razılıq verir və bunun əvəzində "xxxx" MTK smeta dəyərinin yarısını, yəni 63000 manat pulu ödəyir. Razılaşmanın şərtlərinə uyğun olaraq "xxxx" MTK tərəfindən həmin məbləğin müvafiq olaraq 16 noyabr 2019-cu il tarixdə 12000 manatı, 14 oktyabr 2019-cu il tarixdə 20000 manatı ödənilmiş, yerdə qalan məbləğ isə (63000 – 32000 (12000+20000) = 31000) ödənilməmişdir. "xxxx" MTK rəhbərliyi onun vəsaiti hesabına iki yaşayış binası üçün inşa edilmiş yarımstansiyaya çəkilmiş xərcin tərəflər arasında olan Razılaşmaya uyğun qarşı tərəfə aid hissəsinin tam ödənilməsini tələb etsə də, qarşı tərəf müxtəlif bəhanələr gətirməklə Razılaşmanın şərtlərini icra etməmişdir. Tərəflər arasında başlanmış mediasiya prosesinin də heç bir nəticəsi olmamış və cavabdeh tərəf prosesdə iştirakdan imtina etmişdir. Bunu nəzərə alaraq iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edir. İddiaçı hesab edir ki, tərəflər arasında imzalanmış Razılaşma şərtlərinə "xxxx" MTK tərəfindən əməl edildiyi, lakin cavabdeh tərəfindən tam əməl edilmədiyi nəzərə alınaraq, Razılaşma üzrə ödənilməli qalıq məbləğ cavabdehdən tutulmalıdır. Bu məbləğin ödənilməməsi iddiaçının hüququnun pozulmasına səbəb olur. Cavabdehlə ilkin danışıqlar və uzun müddət davam edən müzakirələr pozuntunu aradan qaldırmamışdır. Buna görə həmin pul məbləği məhkəmə qətnaməsi ilə cavabdehdən tutulmalıdır. "xxxx" MTK və Cavabdeh MTK-nın inşa etdiyi yaşayış binaları Xırdalan şəhərinin Heydər Əliyev prospektində yerləşməklə, yaxın məsafədə inşa olunmuşdur. "xxxx" MTK tərəfindən 01 may 2018-ci il tarixdə "xxxx" ASC-yə ərizə ilə müraciət olunaraq, binanın elektrik enerjisi ilə təchiz olunması üçün texniki şərtin verilməsi xahiş edilmişdir. Texniki şərtin verilməsini təmin edən idarənin rəhbəri Qədir müəllim MTK rəhbərliyini qəbul edərkən qonşuluqda yerləşən və Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binası ilə birlikdə istismar edilməsi üçün transformator məntəqəsinin (TM) qurulmasını və hər iki binanın həmin TM-dən elektrik enerjisini qəbul etməsini tövsiyyə etmişdir. MTK rəhbərliyi ilkin olaraq bundan imtina etsə də, daha sonra xərclərin bölünməsi şərtilə layihə razılaşdırılmışdır. Bu razışlamaya bütün xərclər daxil edilmiş və ümumi xərc 126600 manat təşkil etmişdir. İddiaçı MTK tərəfindən 500 metr məsafədən TM-ə qədər olan hissədə asfaltın qazılması və torpaq işləri yerinə yetirilmiş, hər iki MTK-nı təmin edəcək elektrik xətti üçün 8 ədəd olmaqla 2000 metr boru xətti çəkilmiş, qazıntı işləri bitdikdən sonra TMdən çəkilmiş yeraltı xətt üzrə hər 100 metrdən bir çıxış (“lyuk”) qoyulmuş, TM-nin inşa edilməsi üçün fiziki şəxsə məxsus torpaq sahəsi alınmış, TM-nin quraşdırılması üçün qoruyucu məntəqə inşa edilmiş və digər bütün zəruri işlər görülmüşdür. Daha sonra "xxxx" MTK inşa etdiyi yaşayış binasını elektrik enerjisi ilə təmin etmişdir. Ancaq Cavabdeh MTK TM-in hazır olmasına baxmayaraq, öz xətti üçün kabellərin çəkilməsini və TM-yə qoşulmanı təmin etməmişdir. Bununla bağlı dəfələrlə MTK-nın rəhbərliyinə, təsisçiləri Elxan Dadaşov, Elşad, Ərəstun və digərlərinə məlumat verilmiş, lakin buna əhəmiyyət verilməmişdir. Xeyli müddət sonra dövlət layihəsi olaraq yollarda təmir işlərinin aparılması nəticəsində xətlərdən çıxışlar (“lyuk”lar) bağlanmışdır. "xxxx" MTK-nın bunda heç bir təqsiri yoxdur və buna görə o, məsuliyyət daşımır. Yəni, rəhbərliyinin səhlənkarlığı nəticəsində Cavabdeh MTK-nın binasının TM-ə qoşula bilmədiyinə, yaxud qoşulmaq istəmədiyinə görə iddiaçı "xxxx" MTK məsuliyyət daşımır və bu hal qarşı tərəfin Razılaşma Sazişi üzrə məsuliyyətini aradan qaldırmır. Üstəlik, cavabdeh tərəfindən yalnız 20 000 manat pul ödənilmiş, yerdə qalan 12000 manat pul isə təsisçi Şahid2la Cavabdeh MTK-nın təsisçi arasında olan sövdələşməyə əsasən əvəzləşdirilmişdir. Beləliklə, cavabdeh Razılaşma üzrə öhdəliyini icra etmədiyinə görə hazırkı halda maddi məsuliyyət daşıyır və ödənilməmiş pul məbləğini ödəməlidir. Bu, Razılaşmadan və Mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Başqa cür yanaşma iddiaçının hüquqları və qanunla qorunan mənafelərinə zidd olardı. Birinci instansiya məhkəməsində Cavabdeh Mənzil-Tikinti Kooperativinin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etmiş və öz mövqeyini tərəflər arasında 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişi imzalanmasına və Cavabdeh MTK tərəfindən həmin Razılaşma üzrə İddiaçı MTK-ya 32000 manat məbləğində pul ödənilməsinə baxmayaraq, İddiaçı tərəfindən Sazişdə qeyd olunan yeraltı elektrik xətti üçün nəzərdə tutulan tunel inşa olunarkən yol verilmiş qüsurlara, yəni inşa zamanı yeraltı xəttin quyularının (“lyuk”ların) qapaqlarının olmaması və quyuların üstünün asfaltla örtülü olması səbəbindən, cavabdehin öz kabelini çəkərək Razılaşma Sazişində nəzərdə tutulan transformator məntəqəsinə qoşula bilməməsi, cavabdehə aid yaşayış binasının həmin xətt vasitəsi ilə elektrik enerjisi ilə təmin oluna bilməməsi və buna görə də, cavabdehin məcbur olub yeni texniki şərt alaraq, əlavə pul xərcləyib yeni xətt çəkməsi və avadanlıq quraşdırması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsində Cavabdeh Mənzil-Tikinti Kooperativinin qanuni təmsilçisi Qanuni nümayəndə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmiş və öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı MTK-nın 2018ci ildə inşa etmiş olduğu transformator məntəqəsinə cavabdeh MTK-nın da qoşulması üçün tərəflər arasında 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişi imzalanmış və Cavabdeh MTK tərəfindən həmin Razılaşma üzrə nəzərdə tutulan 63300 manat məbləğində pulun 32000 manat hissəsi İddiaçı MTK-ya ödənilmişdir. Həmin Sazişə əsasən Cavabdeh MTK iddiaçının inşa etmiş olduğu yeraltı xətt vasitəsi ilə öz kabelini çəkərək, iddiaçının inşa etmiş olduğu transformator məntəqəsinə qoşulmalı idi. Lakin, İddiaçı MTK tərəfindən Sazişdə qeyd olunan elektrik xətti üçün nəzərdə tutulan yeraltı tunel inşa olunarkən yol verilmiş qüsurlara, yəni inşa zamanı yeraltı xəttin quyularının (“lyuk”ların) qapaqlarının olmaması və quyuların üstünün asfaltla örtülü olması səbəbindən, cavabdeh öz kabelini çəkərək Razılaşma Sazişində nəzərdə tutulan transformator məntəqəsinə qoşula bilməmişdir. Həmin xəttə qoşulmaq üçün cavabdeh əlindən gələn bütün imkanlardan istifadə etmiş, iddiaçı MTK-ya, Avtomobil X1, İcra Hakimiyyətinə və s. qurumlara müraciət etmişdir. Yol İdarəsinin əməkdaşları tərəfindən yolun asfalt hissəsinin aparatla yoxlanılmasına və digər bütün imkanlardan istifadə edilməsinə baxmayaraq, qapaqları olmaması səbəbindən asfaltın altında qalmış quyuları (“lyuk”ları) tapmaq mümkün olmamışdır. “Lyuk”lar yolun “çertyoj xəritəsində” də görünməmişdir. X3 Agentliyinin əməkdaşları bildirmişlər ki, əgər “lyuk”ların üzərində dəmir qapaq olsaydı, yəni quyulara dəmir qapaqlar qoyulsaydı, asfaltla örtülü olmasına baxmayaraq aparat vasitəsilə “lyuk”ları tapmaq olardı. Cavabdeh tərəfin marağında olmuşdur ki, 32000 manat pul ödəmiş olduğu Saziş üzrə binaya elektrik xətti çəksin. Lakin, yeraltı xəttin quyularının (“lyuk”ların) qapaqlarının olmaması və quyuların üstü asfaltla örtülü olması səbəbindən cavabdeh MTK həmin xəttə qoşula və inşa edilmiş transformator məntəqəsindən istifadə edə bilməmişdir. Buna görə də, cavabdeh MTK məcbur olaraq yeni texniki şərt alaraq əlavə xərc çəkib, binasını elektriklə təchiz etmiş və bu səbəbdən də, Razılaşmada nəzərdə tutulan pulun qalan hissəsini ödəməmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, e-2-2(119)-506/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. (hakim Zülfüqar Sadiqov). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən mübahisənin hüquqi əsası kimi istinad olunan Razılaşma Sazişinin qətnamədə qeyd edildiyi kimi şərh edilməsi Mülki Məcəllinin 404-cü maddəsinin tətbiqini zəruri edir. Bu zaman aşağıdakılar nəzə alınmalıdır: Əvvəla, iddia ərizəsində, izahatlarda və şahidlərin ifadələrində göstərilmişdir ki, hazırda münasibətlərin hüquqi əsası kimi Razılaşma Sazişi çıxış etsə də, tərəflər arasında faktiki razılaşma əldə olunub müəyyən işlər görüldükdən sonra razışlaşma rəsmiləşdirilmişdir. Bu faktın müəyyən edilməsi mübahisənin həlli zamanı yalnız razılaşma sazişinin nəzərə alınmasını və yalnız həmin sazişin müddəalarının tətbiq edilməsini istisna edir. İkincisi, məhkəmə sazişin müddəalarını, hətta faktiki vəziyyət nəzərə alınmadan belə, düzgün şərh etməmişdir. Sazişin onun tərəfləri üçün yaratdığı hüquq və vəzifələr dəqiq müəyyən olunmuş, sazişin şərtlərini icra etməyən tərəfin məsuliyyəti göstərilmişdir. Bu mənada sazişin müddəalarının işin faktiki halları ilə əlaqəli şəkildə şərh edilməsi ona gətirib çıxarır ki, sazişin ikinci tərəfi (ESKA MTK) onun şərtlərini qismən icra etmiş, saziş üzrə birinci tərəf isə hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Beləliklə, mübahisənin həlli zamanı MM-nin 404-cü maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında olan münasibətlər “uzufrukt” münasibətlərə aiddir və həmin münasibətləri tənzimləyən normaların tələblərinə uyğun olaraq müqavilə notariat qaydasında təsdiq edilməli idi. Şikayətin 4.5-ci bəndində göstərilmiş işin halları tərəflər arasında uzufrukt münasibətlərinin mövcudluğunu istisna edir. İddiaçı hesab edir ki, cavabdeh özü icra etməli olduğu işlərin ilkin olaraq iddiaçının vəsaiti hesabına (daha sonra ödənilməklə) və onun tərəfindən icra edilməsini razılaşdırmış, həmin razılaşmadan irəli gələrək iddiaçı elektrik xəttinin çəkilməsi ilə əlaqədar zəruri işləri görmüş və işlərin icrası üçün lazım olan xərclər tərəflər arasında bərabər şəkildə bölünmüşdür. İşin təqdim edilən faktiki halları Mülki Məcəllənin 263-cü maddəsinin dispozitiv şərtlərini yaratmır. Məhkəmə tərəfindən tərəflərin münasibətlərinin uzufrukt münasibətləri kimi şərh edilməsi mübahisənin düzgün olmayan həllinə gətirib çıxarmışdır. Bu baxımdan iddiaçı tərəf hesab edir ki, tərəflər arasında podrat münasibətləri yaranmış, iddiaçı müqavilə öhdəliyini icra etmiş, cavabdeh isə öhdəliyi qismən icra etmişdir. İddiaçı isə məhkəməyə müraciət edərək şaziş üzrə ödənilməli olan pul məbləğinin tam ödənilməsini tələb edir. Tərəflər arasında imzalanmış sazişdən görünür ki, TM-nin inşası üçün torpaq sahəsinin alınması, TM-nin inşası, xəttin çəkilməsi və bu kimi digər işlər 2018-ci ilin birinci rübündə həyata keçirilmiş, saziş 2019-cu ilin oktyabr ayında imzalanmışdır. Məhkəmə iddianın rədd edilməsinin əsaslardan biri kimi ona istinad etmişdir ki, iddiaçı sazişin şərtlərini icra etməmiş, elektrik xəttinin üzərində yerləşən quyuların çıxış qapaqları bağlanmış, quyuları aşkar etmək mümkün olmamış, cavabdeh xəttdən istifadə edə bilməmişdir. İddiaçı məhkəmənin göstərdiyi bu dəlillə razılaşmır və bu əsaslandırma kifayət qədər subyektiv olub, cavabdehin hərəkətsizliyinə haqq qazandıran hal kimi qiymətləndirilməlidir. Hansı ki, işdən müəyyən olunur ki, tərəflər arasında olan şifahi razılaşma əsasında iddiaçı öhdəliyi icra edib xətti çəkmiş, TM-ni inşa etmiş və sair işləri görmüş, həmçinin inşa etdiyi yaşayış binasına elektrik xəttini çəkmişdir, məhz həmin xəttdən və TM-dən yaşayış binasının elektrik verilişini təmin etmişdir. Lakin iddiaçı təşkilatın rəhbərliyinin (təsisçilərinin) dəfələrlə məlumat verməsinə baxmayaraq, cavabdeh hərəkətsizlik göstərərək vaxtında kabel çəkməmiş, daha sonra AAYDA tərəfindən Xırdalan dairəsindən Xırdalan şəhəri istiqamətində yolun bərpası zamanı quyuların ağzında olan qapaqlar bağlanmış, buna isə iddiaçının hər hansı müdaxilə imkanı olmamışdır. Cavabdeh bildirir ki, guya iddiaçı quyuların ağzına qapaq qoymamışdır. Lakin bunu təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. Üstəlik bu mümkün deyil, digər bütün quyu çıxışlarına qapaq qoyulduğu halda məhz həmin hissəyə qapaq qoyulmaması inandırıcı olmamaqla, real deyil və texniki baxımdan mümkün görünmür. Məhkəmə isə cavabdehin bu əsassız dəlilini qəbul etmişdir. Cavabdeh hansı səbəbdən çəkmiş xəttə kabel yerləşdirməsini və üzərinə düşən tədbirləri görməsini əsaslandıra bilməmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanan sazişdə və şifahi razılaşmada xəttin mühafizəsi və digər şərtlər mövcud deyil. Əlavə olaraq müqavilənin icra müddəti və digər müddətlərin müəyyənləşdirilməməsi müqavilə şərtinin başqa cür təfsir edilməsinə səbəb ola bilməz. Yekun olaraq işdən müəyyən olunur ki, tərəflər arasında olan şifahi razılaşma və imzalanmış sazişə əsasən iddiaçı təşkilat vəsait xərcləyib TM-nin inşası üçün torpaq sahəsi almış, xətt çəkmiş, TM-nin qutusunu inşa etmiş və sair işlər görmüşdür. Cavabdeh vaxtında elektrik xəttini çəkməmiş, bir neçə il sonra yolda dövlət səviyyəsində aparılmış təmir işləri nəticəsində quyu qapaqlarının bağlanması cavabdehi məsuliyyətdən azad edə bilməz və öhdəliyin icrasından yayınmaq üçün əsas deyildir. Dolayısı ilə məhkəmənin işin halları ilə bağlı gəldiyi nəticə əsalı deyil və bu maddi hüquq normalarınınm düzgün olmayan tətbiqinə gətirib çıxarmışdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçının qanuni təmsilçisi Şahid2, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının və cavabdehin nümayəndələrini dinləyərək, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-506/2022 nömrəli, 26 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişinin 2.1-ci bəndinə əsasən, “birinci tərəf” İddiaçı (VÖEN **********) ilə “ikinci tərəf” Cavabdeh Mənzil- Tikinti Kooperativi olmaqla, (VÖEN **********) "Birinci tərəf” Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 73 ünvanında ümumi smeta dəyəri 126600 (yüz iyirmi altı min altı yüz) manat olan 1 sot torpaq sahəsində 2018-ci ilin yanvar-mart aylarında inşa etdiyi "yarımstansiya"dan ortaq istitadə edilməsi üçün "İkinci tərəf”ə razılıq verməyi öhdəsinə götürür. “İkinci tərəf” isə həmin hüquqların əldə edilməsi ilə əlaqədar "Birinci tərəf”ə smeta dəyərinin 50%-ni, yəni 63300 (altmış üç min üç yüz) manat ödənilməsinə zəmanət verir. X2 2.2-ci bəndinə əsasən, “Tərəflər” razılaşırlar ki, “İkinci tərəf” “Birinci tərəf”ə ümumi smeta dəyərinin yarısını, yəni 63300 (altmış üç min üç yüz) manatı ödəyəcək, “Birinci tərəf” isə həmin məbləği tam şəkildə qəbul edəndən sonra “İkinci tərəf” “yarımstansiya”dan ortaq istifadə etmək hüququ əldə edəcəkdir. X2 3.1-ci bəndinə əsasən, “Birinci tərəf” ümumi smeta dəyərinin yarısını, yəni 63300 (altmış üç min üç yüz) manatı aldığı zaman “İkinci tərəf”in “yarımstansiya”dan ortaq şəkildə istifadəsinə razılıq verərək, şərait yaratmağı öhdəsinə götürür. X2 3.2-ci bəndinə əsasən, “İkinci tərəf” isə ümumi smeta dəyərinin yarısını, yəni 63300 (altmış üç min üç yüz) manatı bu Saziş imzalandığı vaxt “Birinci tərəf”ə ödənilməsini öhdəsinə götürür. İş materiallarında olan 15 oktyabr 2019-cu il tarixli Seriya NİZ № 000050 saylı kassa mədaxil orderindən görünür ki, Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişinə əsasən 15 oktyabr 2019-cu ildə İddiaçı Mənzil Tikinti Kooperativinə 20000 (iyirmi min) manat məbləğində avans ödənmişdir. İş materiallarında olan 16 noyabr 2019-cu il tarixli Seriya NİZ № 000051 saylı kassa mədaxil orderindən görünür ki, Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişinə əsasən 16 noyabr 2019-cu ildə İddiaçınə 12000 (on iki min) manat məbləğində pul vəsaiti ödənmişdir. İş materiallarından görünür ki, Cavabdeh Mənzil-Tikinti Kooperativi 23 fevral 2021ci il tarixli 01 nömrəli Məktubla Abşeron rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Avtomobil X1 müraciət edərək, Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti 34 ünvanında yerləşən İddiaçı MTK-nın 35/6 voltluq yarımstansiyasından həmin ərazidə yerləşən Cavabdeh MTK-nın binasının elektrik enerjisi ilə təchiz olunmasında istifadə edilməsinə köməklik göstərilməsini xahiş etmiş və həmin müraciət yeraltı kabel xəttinin “lyuk”larının (çıxış quyularının) üstünün doldurulması və üzərindən asfalt örtüyünün çəkilməsi ilə əsaslandırılmışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə ünvanlanmış 24 iyun 2021-ci il tarixli MTŞ-21/272 nömrəli Məktubdan görünür ki, Cavabdeh Mənzil-Tikinti Kooperativinə əvvəl verilmiş 30 oktyabr 2019-cu il tarixli TMX- 19/0578 nömrəli texniki şərtlər ləğv olunaraq, ona yaşayış binasının şəbəkəyə qoşulması üçün yeni texniki şərtlərin verilməsi üçün yerinə yetiriməli olan hərəkətlər barəsində müvafiq tövsiyyələr verilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və hesab etmişdir ki, 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişində tərəflər üçün müəyyən edilmiş öhdəliklərin icra edilmə müddəti və həmin Sazişin qüvvədə olma tarixi göstərilməmişdir. Bununla belə, Cavabdeh MTK 2019-cu ilin oktyabr-noyabr aylarında həmin Razılaşma Sazişində nəzərdə tutulan 63300 manat məbləğində pul vəsaitinin 32000 manat hissəsini ödəmişdir. Ancaq Cavabdeh MTK lazımi cəhdlər və hərəkətlər etməsinə baxmayaraq, yaşayış binasını texniki səbəblərə görə 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişində müəyyən edilmiş qaydada İddiaçı MTK tərəfindən 2018-ci ilin yanvar-mart aylarında inşa olunmuş yeraltı elektrik xəttinə və transformator məntəqəsinə qoşa bilməmiş və məlum “yarımstansiya”dan faktiki olaraq ortaq istifadə imkanı əldə edə bilməmişdir. Buna görə də, Cavabdeh MTK qeyd olunan “yarımstansiya”ya qoşulmaq üçün bütün imkanlardan istifadə etdikdən və “yarımstansiya”ya qoşula bilmədikdən sonra binasının elektrik enerjisi ilə təchiz olunması üçün yeni texniki şərt alaraq binaya elektrik xətti çəkmiş və bununla da, cavabdehin binasının 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişində nəzərdə tutulan qaydada İddiaçı MTK-nın vəsaiti hesabına inşa olunmuş yeraltı kabel xəttindən və transformator məntəqəsindən istifadə etmək zərurəti aradan qalxmışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflər arasında münasibətlər mahiyyət etibarilə uzufrukt münasibətlərinə aid olmasına baxmayaraq, həmin Razılaşma Sazişi notariat qaydasında təsdiqlənməmiş və Sazişdə qeyd olunan hüquqların uzufruktuara, yəni Cavabdeh MTK-ya keçməsi faktiki olaraq baş tutmamış və yaxud, daşınmaz əşyalarla bağlı halda isə həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, tərəflər arasında 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişi olmuş, həmin Razılaşma Sazişində nəzərdə tutulan 63300 manat məbləğində pul vəsaitinin 32000 manat hissəsini cavabdeh iddiaçıya ödəmişdir. O da mübahisələndirilmir ki, iddiaçı "xxxx" MTK inşa etdiyi yaşayış binasını elektrik enerjisi ilə təmin etmişdir. Cavabdehin Abşeron İcra Hakmiyyətinə və Azərbaycan Avtomobil X1 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan müəyyən olunur ki, Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti 34-də yerləşən İddiaçı MTK-nın 35/6 voltluq yarımstansiyasından həmin ərazidə yerləşən Cavabdeh MMC-nin yarımstansiyasına qədər müvafiq texniki şərtlərə əsasən yeraltı kabel xətti çəkilmişdir. Yeni yol çəkilməsi ilə əlaqədar olaraq Cavabdeh MMC-yə gələn həmin yollarda Azərbaycan X3 Agentliyi tərəfindən lükların üstü doldurulmuşdur və asfalt örtüyü çəkilmişdir. Hal-hazırda Cavabdeh MMC texniki şərtə uyğun olaraq kabel xətti çəkmək istəyir. Lakin lükların ləğv edilməsi və doldurulması ilə əlaqədar olaraq hal-hazırda Cavabdeh MMC-nin elektrik enerjisi ilə qidalandırılması üçün yüksək kabel xətti çəkə bilmirlər. Binaya elektrik enerjisi verilə bilmədiyinə görə əhalinin narazılığına səbəb olmuşdur. Göründüyü kimi, məktubun məzmunu ilə iddiaçı tərəfindən işlər yerinə yetirildikdən sonra yol çəkilməsi də işin mübahisəsiz halıdır və bunu cavabdeh tərəf mübahisələndirməmişdir. Cavabdehin mübahisələndiridiyi əsas hal odur ki, edilmiş müraciətlərdən sonra AAYDA əməkdaşları ilə yol sahəsində lyukların olub-olmaması yoxlanılmış və Agentlikdən bildirilmişdir ki, yol çəkilən ərazidə həmin lyuklar üzərində qapaq olmamışdır, olsa idi cihaz vasitəsilə tapılardı. Lyuklar üzərində qapaqların olmaması onlardan istifadənin yararsızlığına səbəb olmuş və bu səbəbdən cavabdeh özü xərc çəkib texniki şərt almışdır. Məhkəmə kollegiyası quyuların üstü örtülmədiyinə görə, yəni qapaqların olmaması səbəbindən asfaltın altında qalmış quyuları (“lyuk”ları) tapmağın mümkün olmaması və cavabdehin ondan istifadə edə bilməməsi barədə dəlili əsassız hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş aktın (səh 72) məzmunundan görünür ki, baxış zamanı yeni çəkilmiş yol hissəsinə düşməyən ərazidə inşa edilmiş elektrik quyularından ikisi aşkar edilmişdir. Akta əlavə edilmiş fotoşəkillərdən görünür ki, çəkilmiş 6 boru xəttinin yarısından elektrik xətləri çəkilmiş, digər üçü isə boşdur. Kollegiya qeyd edir ki, çəkilmiş elektrik xətləri iddiaçı tərəfindən özünə məxsus yaşayış binaları üçün çəkilmiş, digərləri isə cavabdehə məxsus yaşayış binalarına elektrik xəttinin çəkilməsi üçün saxlanılmışdır. Beləliklə müəyyən olunur ki, iddiaçı tərəfindən həmin xətlər çəkilmiş, quyuların üstü də örtülmüşdür. Mübahisə üzrə vacib məqam sonradan Azərbaycan X3 Agentliyi tərəfindən Xırdalan dairəsindən Xırdalan şəhəri istiqamətində Heydər Əliyev prospektində yolun genişləndirilməsi və təmir bərpa işlərinin yerinə yetirilməsi olmuşdur. Azərbaycan X3 Agentliyindən İddiaçı MTK-ya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, həmin işlər 2019-cu ilin noyabr-dekabr aylarında yerinə yetirilmişdir. Tərəflər arasında bağlanmış Razılaşma Sazişinin 2.1-ci bəndindən isə görünür ki, iddiaçı ümumi smeta dəyəri 126 600 manat olan 1 sot torpaq sahəsində artıq 2018-ci ilin yanvar-mart aylarında inşa etmişdir. Razılaşma bağlanan zaman isə "yarımstansiya"dan ortaq istitadə edilməsi üçün "İkinci tərəf”ə razılıq verməyi öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, lyukların yararsız hala düşməsi ilə bağlı iddiaçının məsuliyyəti müəyyən olunmur. Belə ki, iddiaçı öz üzərinə müqavilə ilə düşən öhdəliyi icra etmiş və bu iddiaçıya məxsus yaşayış binalarında elektrik xəttinin çəkilməsi ilə də təsdiqini tapır. İddiaçı iddia ərizəsində də qeyd etmişdir ki, inşa işlərini bitirdikdən sonra "xxxx" MTK inşa etdiyi yaşayış binasını elektrik enerjisi ilə təmin etmişdir. Ancaq Cavabdeh MTK transformator məntəqəsinin hazır olmasına baxmayaraq, öz xətti üçün kabellərin çəkilməsini və transformator məntəqəsinə qoşulmanı təmin etməmişdir. Bununla bağlı dəfələrlə MTK-nın rəhbərliyinə, təsisçiləri Elxan Dadaşov, Elşad, Ərəstun və digərlərinə məlumat verilmiş, lakin buna əhəmiyyət verilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, iddiaçı tərəfindən müraciət olunan vaxtda elektrik xəttini çəkmək imkanı olmamışdır. Beləliklə, İddiaçı MTK tərəfindən Sazişdə qeyd olunan elektrik xətti üçün nəzərdə tutulan yeraltı tunel inşa olunarkən yol verilmiş qüsurların, yəni inşa zamanı yeraltı xəttin quyularının (“lyuk”ların) qapaqlarının olmaması və quyuların üstünün asfaltla örtülməsinin iddiaçının təqsiri üzündən baş verməsi təsdiqini tapmamış və cavabdeh bu halı təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında müəyyən edilən münasibətlər uzufrukt münasibətlərinə aid olmasına baxmayaraq, həmin Razılaşma Sazişi notariat qaydasında təsdiqlənməmiş və Sazişdə qeyd olunan hüquqların uzufruktuara, yəni Cavabdeh MTK-ya keçməsi faktiki olaraq baş tutmamış və yaxud, daşınmaz əşyalarla bağlı halda isə həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bununla bağlı kollegiya qeyd edir ki, hazırki iş üzrə tərəflərin iradə tərzi tapşırıq müqaviləsi ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən, Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1, 372.6, 372.7, 384.0.2-ci, 392, 393 və 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-506/2022 nömrəli, 26 iyul 2022ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Mənzil-Tikinti Kooperativindən 31000 (otuz bir min) manat əsas borc və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə 31200 (otuz bir min iki yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar