Məhkəmə qərarları › İş №2-2(105)-113/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-113/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-113/2024 26.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə və vəkili-nümayəndəsi Vəkil1, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili-nümayəndəsi Vəkil4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqaviləyə əsasən yaranmış borcun və digər ödənişlərin tutulması tələbinə dair” kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(119)-296/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(119)-296/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 02 dekabr 2021-ci il tarixli 02/21 nömrəli xidmət göstərilməsinə dair müqavilə üzrə 219948 (iki yüz on doqquz min doqquz yüz qırx səkkiz) manat məbləğində borc, hüquqi yardımla bağlı ödənilmiş 700 (yeddi yüz) manat məbləğində xidmət haqqının əvəzi, 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin əvəzi və 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla cəmi 220948 (iki yüz iyirmi min doqquz yüz qırx səkkiz) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, həmçinin cavabdeh "xxxx" MMC-dən 395,40 manat (üç yüz doxsan beş manat, qırx qəpik) məbləğində dövlət rüsumunun dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Fərman Həmidli). Qətnamədən cavabdeh "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı 06 fevral 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqaviləyə əsasən yaranmış borcun və digər ödənişlərin tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 02 dekabr 2021-ci il tarixli 02/21 nömrəli “Xidmət göstərilməsinə dair müqavilə” üzrə 220000 (iki yüz iyirmi min) manat məbləğində borc, hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 2000 (iki min) manat məbləğində xidmət haqqının əvəzi, 410 (dörd yüz on) manat məbləğində mediasiya xərcinin əvəzi və 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 222510 (iki yüz iyirmi iki min beş yüz on) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış 02 dekabr 2021-ci il tarixli 02/21 nömrəli “Xidmət göstərilməsinə dair müqavilə”yə və həmin müqaviləyə əlavə olan “Qiymətlərin razılaşdırılması protokolu”na əsasən iddiaçı Sumqayıt şəhərində Heydər Əliyev prospekti, Azərbaycan prospekti, Bakı küçəsi və İ.Sadıxov küçələrinin kəsişməsində ayrılmış torpaq sahəsində tikiləcək yaşayış binalarının layihələndirilməsi (eskiz, işçi, konstruksiya, mühəndis-kommunikasiya) işlərinin icrasını öz üzərinə götürmüş və bu işlərin ümumi dəyərinin 736800 manat məbləğində olması tərəflər arasında razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş və cavabdeh tərəfindən iddiaçının rəhbərinə ünvanlanmış məktubun məzmunundan da görünür ki, sifarişçi, yəni cavabdeh icraçıdan, yəni iddiaçıdan layihədə nəzərdə tutulan işlərin görülməsini xahiş edir və xidmət haqqının ödənilməsinə zəmanət verir. 8 ha ərazidə 23 bloklu binanın layihələndirilməsinə görə görüləcək işlərin dəyəri hər kvadratmetr üçün 4 AZN olmaqla hesablanmışdır. İddiaçı tərəfindən həmin 23 blokdan 21 blokunun eskiz layihəsi, o cümlədən onlardan 4 blokun işçi layihəsi hazırlanmış, eskiz layihənin hər kvadratmetrinə görə 1 manatdan hesablanmaqla 151.282 manatlıq, işçi layihənin hər kvadratmetrinə görə 2 manatdan hesablanmaqla 68.736 manatlıq, cəmi 220018 manat dəyərində işlər görülmüşdür. Həmin eskiz layihələr Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 36/02345 saylı sənədlərlə (3 ədəd albom) öz təsdiqini tapmaqdadır. Buna baxmayaraq, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi, yəni görülən işlərin dəyərini iddiaçıya ödəməmişdir. Bununla əlaqədar cavabdehlə danışıqlar aparılaraq xidmət haqqının ödənilməsi tələb edilsə də, hər hansı nəticə əldə edilməmiş, iddiaçı layihənin hazırlanmasında iştirak edən işçi heyətinin əmək haqqını öz hesabına ödəmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında, o cümlədən mediasiya vasitəsilə həll edilməsinə cəhdlər edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinə ərizə ünvanlayaraq ərizədə göstərmişdir ki, "xxxx" MMC-nin təsisçisi X4 xx.xx.2021-ci il tarixli qərarı ilə X5 həmin MMC-nin direktoru vəzifəsinə təyin edilmiş, sonuncu təyin olunduğu vəzifəyə əsaslanaraq cavabdeh İddiaçı MMC ilə xx.xx.2021-ci il tarixli “Xidmətin göstərilməsinə dair müqavilə” imzalamış, həmçinin o, iddiaçı təşkilata məktub ünvanlasa da, həmin məktub MMC-də qeydiyyatdan keçməmiş, hansı tarixdə yazılması barədə heç bir məlumat həmin məktubda əks olunmamışdır. Bundan əlavə, iddiaçı müqaviləyə əsaslanaraq eskiz tərtib edərkən Sumqayıt şəhərində 16 mərtəbəli binanın tikilməsinə icazənin olmamasını nəzərə almamış, həmçinin görülən işlərlə bağlı ayrılıqda qiymətlərin razılaşdırılması protokolu tərtib edilməli olsa da, həmin protokol mövcud deyildir. Bundan əlavə, iddiaçının 220000 manatlıq işin "xxxx" MMC-yə təhvil verilməsi, həmin işin "xxxx" MMC tərəfindən qəbul edilməsi, həmçinin görülən işin həmin məbləğdə olmasının hansı sənədlə razılaşdırılmasına dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin müqavilənin 4-cü bəndində ödəniş forması işin başlanğıcında icraçının hesabına hissəhissə, iş tamamlana qədər tam məbləği köçürmək kimi müəyyənləşdirilsə də, iş başlanarkən iddiaçıya ödəniş edilməsi ilə bağlı heç bir qəbz, layihənin təhvil-təslim aktı, bir sözlə, iddianın sübutuna dair heç bir sənəd mövcud deyildir... Cavabdehin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclaslarında iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Sumqayıt şəhərində yerləşən Heydər Əliyev prospekti, Azərbaycan prospekti, Bakı küçəsi və İ.Sadıxov küçələrinin kəsişməsində ayrılmış torpaq sahəsində tikiləcək yaşayış binalarının layihələndirilməsi (eskiz layihə, işçi layihə, konstruksiya, mühəndis-kommunikasiya) işlərinin görülməsi ilə əlaqədar iddiaçı və cavabdeh arasında 02 dekabr 2021-ci il tarixli müqavilə bağlanılmış və müqaviləyə 1 nömrəli Əlavə olan eyni tarixli “qiymətlərin razılaşdırılması protokolu” ilə görülən işlərin ümumi dəyərinin 736800 manat məbləğində olması aralarında razılaşdırılmışdır. Görüləcək işlər mərhələli formada təsvir edilərsə, birinci mərhələdə eskiz layihə, ikinci mərhələdə konstruksiya və işçi layihə və paralel olaraq mühəndis-kommunikasiya layihəsi hazırlanmalı idi. Cavabdeh şirkətin təsisçisi Rüfət Pirişov etibarnamə verərək bütün işlərin görülməsini ona həvalə etmişdir. İlkin olaraq onun tərəfindən tikilməsi planlaşdırılan 23 blokdan ibarət binanın 21 blokunun eskiz layihəsi və 4 blokun işçi layihəsi hazırlanmış, 23 blokdan 21 blokunun eskiz layihəsinə görə hər kvadratmetri 1 manatdan hesablanmaqla 151282 manat və 4 blokun işçi layihəsinin memarlıq və konstruksiya işlərinə görə hər kvadratmetri 2 manatdan hesablanmaqla 68736 manat olmaqla, cəmi 220018 manat məbləğində işlər icra edilmişdir. Bu məbləğ hesablanarkən binanın kontur xətti sahə olaraq hesablanır, sonra konsollar çıxılır və mərtəbə sayına vurularaq blok sayı üzrə toplanılır. Eskiz layihə sifarişçiyə lazım olmur və şəhərsalma əsaslandırmasının hazırlanması üçün istifadə edilir. Görülən işlər, yəni hazırlanan eskiz layihələr şəhərsalma əsaslandırmasının işlənilməsi üçün Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Layihə Baş İnstitutuna təqdim edilmişdir. Şəhərsalma əsaslandırmasının hazırlanması üçün cavabdeh ilə “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu arasında müqavilə bağlanılmış, paralel olaraq onunla da müqavilə bağlanılmışdır. Lakin cavabdeh onun tərəfindən görülən işlərin dəyərini ödəməmiş, eyni zamanda şəhərsalma əsaslandırması işlərinin görülməsi ilə əlaqədar “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutuna da ödəniş etmədiyi üçün işlər yarımçıq saxlanılmışdır. Şəhərsalma əsaslandırmasının işlənilməsi üçün onun görəcəyi bütün işlərə ehtiyac olmamış, eskiz layihələr kifayət etmişdir. Cavabdehlə bağlanılan müqavilədə qeyd edilən “və sair” işlərə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin müvafiq ekspertiza şöbəsinə sənədlərin təqdim edilməsi aid olmuşdur və yalnız müvafiq ekspertizanın rəyindən sonra tikintiyə başlanıla bilərdi. O, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstutuna layihələri təqdim etdiyini təsdiq etmək üçün həmin instituta sorğu ilə müraciət etmiş və həmin institutdan işlərin onlar tərəfindən icra edildiyini təsdiq edən məktub almışdır. Cavabdeh hissə-hissə ödəniş etmədiyi üçün hesab-faktura hazırlamış və onu cavabdehə təqdim etməyə çalışmış, lakin cavabdeh qəbul etməmiş və layihəni satıb pulu ödəyəcəyini bildirmişdir. Cavabdeh aralarında olan dostluq münasibətlərindən istifadə etmişdir. Görüləcək işlər bitmədiyi və pulu tam tələb etmədiyi üçün cavabdehə elektron qaimə-faktura göndərməmişdir. Həmin layihəni başqa bir şəxs satın almaq istəmiş, ona zəng edib məlumat almaq istəyəndə o, həmin layihə üzrə cavabdehin ona borcunun olduğunu bildirmişdir. O, cavabdeh şirkətin təsisçisi Rüfət Pirişova layihəni ona və ya yaxın adamlarından birinə satmağı təklif etmiş, lakin sonuncu razılaşmamışdır. Cavabdehin ödəniş etməməsinə görə məhkəməyə müraciət etməmişdən əvvəl Sumqayıt Şəhər Polis İdarəsinə də müraciət etmiş, polis idarəsinə dəvət edilən Rüfət Pirişov ona borcunun olmasını sübut etməli olduğunu bildirmişdir... İddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə həmçinin bildirmişdir ki, mövcud prosedura əsasən Sumqayıt Şəhər İcra Hakimiyyətinin tikinti işlərinin görülməsi barədə sərəncamının bir nüsxəsi cavabdehə, bir nüsxəsi isə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilir. İlk öncə əraziyə baxış keçirilir və ərazidən kommunikasiya xətlərinin keçib-keçmədiyi barədə yazılı rəy verilir. Bundan sonra, Arxitektura Komitəsi baş planın hazırlanması barədə şifahi formada rəy verir. Cavabdehə Sumqayıt şəhəri İcra hakimiyyətinə təqdim edilməsi üçün 4 blokun layihəsini əlbəəl təqdim etmiş, o isə onları Sumqayıt Şəhər İcra Hakimiyyətinə təqdim etmişdir. Layihənin qalan hissələrini cavabdehin verdiyi etibarnamə əsasında onun nümayəndəsi olaraq “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutuna təqdim etmişdir. Həmin vaxt aralarında dostluq münasibətləri mövcud olduğu üçün layihənin cavabdehə təqdim edilməsi barədə ondan sübut almamışdır. Həmçinin aralarında bağlanmış müqavilədə onun layihələri sifarişçiyə təqdim etmək vəzifəsi nəzərdə tutulmamışdır. Ehtimal edir ki, cavabdeh layihəni Sumqayıt Şəhər İcra Hakimiyyətinə özü göndərmişdir. Eskiz layihənin özünü də cavabdehə “emeil” vasitəsilə göndərsə də, üzərindən xeyli müddət keçdiyi üçün hazırda həmin göndərilmə ilə bağlı nəsə təqdim edə bilmir, həmçinin aralarında bağlanmış müqavilədə eskiz layihənin cavabdehə təqdim edilməsi forması nəzərdə tutulmamışdır. 23 bloka dair eskiz layihələri cavabdehin özünün istəyi və verdiyi etibarnamə əsasında şəhərsalma əsaslandırmasının işlənilməsi üçün “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstutuna təqdim etmişdir. Bu işlər zəncirvari xarakterlidir, o, eskiz layihələri işləməlidir ki, şəhərsalma əsaslandırması işlənilə bilsin. Şəhərsalma əsaslandırması işlənildikdən sonra albom şəklində ona təqdim edilməli və o, konstruksiya və memarlıq işlərini görməli, daha sonra isə mühəndis-kommunikasiya işləri görülməli idi. Ödəniş edilmədiyi üçün iş həmin mərhələyə çatmamışdır. Rəhbərlik etdiyi şirkət eskiz, işçi layihə və konstruksiya işlərinin görülməsi ilə bağlı lisenziyaya malikdir, əgər işlər həmin mərhələyə qədər davam etsəydi, mühəndis-kommunikasiya işlərinin görülməsi üçün başqa podratçı şirkətlə müqavilə bağlanılacaqdı. Qiymətlərin razılaşdırılması protokolunda qeyd edilən məbləğə mühəndiskommunikasiya işlərinin görülməsi də aiddir, mühəndis-komnukasiya işlərinin görülməsi üçün başqa podratçı şirkətlə müqavilə bağlayıb cavabdeh tərəfindən ona ödəniləcək məbləğin bir hissəsini həmin şirkətə ödəyəcəkdi. İddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə cavabdehin iddiaya etiraz xarakterli ərizəsində qeyd edilən “müqaviləyə əsaslanaraq eskiz tərtib edilərkən Sumqayıt şəhərində 16 mərtəbəli binanın tikilməsinə icazənin olmamasının nəzərə alınmaması” dəlili ilə bağlı bildirmişdir ki, şəhərsalma əsaslandırması və baş plan yalnız Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edildikdən sonra eskiz layihəyə başlanıla bilər və bu barədə müvafiq göstəriş verilmişdir. Həmçinin həmin ərizədə göstərilən hər işlə bağlı ayrılıqda qiymətin razılaşdırılması protokolu olmalı olduğu halda bunun mövcud olmaması, iddiaçı tərəfindən 220000 manat məbləğində işin "xxxx" MMC-yə təhvil verilməsi, həmin işin "xxxx" MMC tərəfindən qəbul edilməsi, həmçinin həmin görülən işin 220.000 manatlıq həcmdə olmasının hər hansı bir sənədlə razılaşdırılmasına dair sübutun təqdim edilməməsi dəlilləri ilə bağlı bildirmişdir ki, eskiz layihənin tikinti üçün əhəmiyyəti yoxdur. Eskiz layihə şəhərsalma əsaslandırmasının hazırlanması üçün ilkin çizgi hesab edilir və onu şəhərsalma əsaslandırmasını hazırlayan şirkət tələb edə bilər. Cavabdeh şirkət tərəfindən ona etibarnamə verildiyi üçün o, həmin layihəni bilavasitə özü “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstutuna təqdim etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə yuxarıda qeyd olunan qətnaməni qəbul etmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh "xxxx" MMC ondan apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı MMC ilə cavabdeh MMC arasında xx.xx.2021-cil tarixli xidmət müqaviləsi bağlanmışdır. İddiaçı şirkət ilə qeyd edilən xidmət müqaviləsi bağlansa da, iddiaçı şirkət sifarişçiyə heç bir işi təhvil verməmişdir (işin lazımi qaydada müqavilə şərtlərinə uyğun icrasını təsdiq edən sənədlər əlavə edilməmişdir). Bu səbəbdən də, iddiaçı ilə əməkdaşlıq edilməmişdir. Məhkəmə çəkişməsi zamanı iddiaçı tərəf görüldüyünü iddia etdiyi işlərin qəbulunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə çəkişməsi zamanı iddiaçı tərəf görüldüyünü iddia etdiyi işlərin qəbulunu təsdiq edən sənədlə bərabər həmçinin bu işlərin dəyərinin iddia edilən məbləğdə cavabdeh tərəfindən qəbul edilməsini təsdiq edən sənəd və sübut təqdim edə bilməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci iltarixli 02/21 nömrəli “Xidmət göstərilməsinə dair müqavilə”nin 1.1-ci bəndində qeyd edilir: sifarişçi tapşırır, icraçı isə hazırkı müqavilədə göstərilmiş şərtlərlə Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, Azərbaycan prospekti, Bakı küçəsi, İ.Sadıxov küçələrinin kəsişməsində ayrılmış torpaq sahəsində yaşayış binalarının layihələndirilməsinin hazırlanmasını (eskiz, işçi, konstruksiya, mühəndis-kommunikasiya və sair) icrasını öz üzərinə götürür… Həmin müqavilənin 3.1-ci bəndində qeyd edilir: hazırki müqavilənin 1.1-ci bəndində göstərilmiş işlərin Sifarişçinin tapşırığına uyğun olaraq tam keyfiyyətlə və vaxtında yerinə yetirilməsini öz üzərinə götürür… Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, sifarişçi müqavilənin icrası ilə əlaqədar zəruri olan bütün sənədləri və məlumatları icraçıya verməyi, icraçının işinin bu müqavilənin şərtlərinə uyğun olan nəticələrini qəbul etməyi və icraçının haqqını bu müqavilənin 4.1-ci bəndində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürür… Müqavilə şərtlərinin tələbindən də göründüyü kimi, tərəflər arasında müqavilə bağlandıqdan sonra görüləcək işlər barədə sifarişçi (cavabdeh) icraçıya (iddiaçıya) ayrıca tapşırıq verməli və icraçı da bu tapşırığa uyğun işləri icra etməlidir. Həmçinin müqavilə şərtinə görə, sifarişçi tərəfindən iddiaçının görülməsini iddia etdiyi işin həcminin iddia edilən məbləğdə olmasını təsdiqləyən hər hansı qarşılıqlı razılaşmanın olmaması da bir daha təsdiq edir ki, iddiaçı MMC tərəfindən öhdəliklər yerinə yetirilməmişdir. Bundan başqa, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə tərəfindən sübutlara və müqavilənin şərtlərinə düzgün qiymət verilməmiş, işin faktiki halları və cavabdeh tərəfin mövqeyi təhrif edilmişdir. Məhkəmə bağlanmış müqaviləni, iş materiallarına əlavə edilmiş etibarnaməni, “Azərdövlətlayihə” institutunun cavab məktublarını bir-biri ilə əlaqəli olaraq düzgün qiymətləndirməmiş və araşdırmamışdır. Bundan başqa, məhkəmə tərəfindən MPM-in tələblərinə zidd olaraq məhkəmə xərclərinə dair hissələrlə də bağlı hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, iddia ərizəsi məhkəməyə daxil olan zaman MPM-in tələblərinə əsasən kommersiya iddialarının verilməsinə görə mediasiya prosesinin keçirilməsi məcburiliyi tələb edilmir və bu səbəbdən də, mediasiya xərci üçün qanunla cavabdehin heç bir öhdəliyi mövcud deyil. Çünki tərəflər arasına mediasiya ilə bağlı hər hansı qeyd-şərt (müqavilə) bağlanmamışdır. Həmçinin məhkəmə tərəfindən nümayəndə ilə bağlı çəkilən xərclər və dövlət rüsumunun məbləği cavabdehdən tutula bilməz… Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin olunaraq, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-296/2024 saylı, xx.xx.2024-cü iltarixli qətnaməsinin ləğv edilməsi, iddianın tam həcmdə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilir. Apellyasiya baxışı iclasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili-nümayəndəsi Vəkil4 apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qanunsuz və əsassız hesab etdiyi qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı iclasında İddiaçı nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə və vəkili-nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutlara və tərəflərin dəlillərinə tətbiq edilməli hüquq normaları baxımından qiymət verib bu nəticəyə gəlir ki, cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-296/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İş materiallarında olan 02 dekabr 2021-ci il tarixli 02/21 nömrəli “Xidmət göstərilməsinə dair müqavilə”nin 1.1-ci bəndinə əsasən, sifarişçi (cavabdeh Zəfər Parkı” MMC) tapşırır, icraçı (iddiaçı "xxxx" MMC) isə hazırkı müqavilədə göstərilmiş şərtlərlə müqavilənin predmeti olan Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, Azərbaycan prospekti, Bakı küçəsi, İ.Sadıxov küçələrinin kəsişməsində ayrılmış torpaq sahəsində yaşayış binalarının layihələndirilməsinin hazırlanmasının (eskiz, işçi, konstruksiya, mühəndis-kommunikasiya və sair) icrasını öz üzərinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, sifarişçi müqavilənin icrası ilə əlaqədar zəruri olan bütün sənədləri və məlumatları icraçıya verməyi, icraçının işinin bu müqavilənin şərtlərinə uyğun olan nəticələrini qəbul etməyi və icraçının haqqını bu müqavilənin 4.1-ci bəndində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, icraçı ilkin məlumatları aldıqdan sonra layihə işlərini yerinə yetirməyi öhdəsinə götürür. Müqavilənin 3.3-cü bəndinə əsasən, icraçı zərurət olduğu hallarda tapşırığının icrasına üçüncü şəxsləri cəlb etmək, gördüyü işlərin haqqının ödənilməsini tələb etmək hüquqlarına malikdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, sifarişçi hazırkı müqavilənin 1.1-ci bəndində göstərilmiş layihə işlərinin dəyərini icraçıya ödəməyi öhdəsinə götürür. Ödəniş forması: sifarişçi bu məbləği işin başlanğıcından icraçının hesabına hissəhissə iş tamamlanana qədər tam həcmdə köçürməyi öhdəsinə götürür. İş materiallarında olan həmin müqaviləyə 1 nömrəli əlavə olan 02 dekabr 2021-ci il tarixli “Qiymətlərin razılaşdırılması protokolu”ndan görünür ki, sifarişçi qismində cavabdeh və icraçı qismində iddiaçı bina və qurğuların layihələndirilməsi (eskiz layihə, işçi layihə, konstruksiya, mühəndis-kommunikasiya) işlərinin həyata keçirilməsinə görə ümumi dəyərin 736800 manat məbləğində olmasını razılaşdırmışlar. Protokoldan görünür ki, görülən işlərin miqdarı 184200, ölçü vahidi kvadrat metr, hər kvadrat metrə görə qiymət 4 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan cavabdeh "xxxx" MMC-nin direktoru Emin Haqverdiyev tərəfindən İddiaçı MMC-nin direktoru Qanuni nümayəndə ünvanlanmış məktubda qeyd edilmişdir ki, cavabdeh iddiaçıdan Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, Azərbaycan prospekti, Bakı küçəsi və İ.Sadıxov küçələrinin kəsişməsində ayrılmış torpaq sahəsində yaşayış binalarının tikintisinə köməklik göstərilməsini xahiş edir və xidmət haqqının ödənilməsinə zəmanət verir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Layihə Baş İnstitutundan ünvan 2 ünvanlanmış 10 avqust 2023-cü il tarixli 3-18-10/2-1214/2023 nömrəli məktubun məzmununda qeyd edilir ki, "xxxx" MMC-nin sifarişi ilə "xxxx" MMC-nin icra etdiyi eskiz layihəsi təqdim edilir (Qoşma: 3 albom, 1 nüsxə). İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Layihə Baş İnstitutundan Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Vəkil1 ünvanlanmış 19 aprel 2024-cü il tarixli 3-18-10/2- 2095/2024 nömrəli məktubdan görünür ki, Sumqayıt şəhəri 19-cu məhəllə üçün “AA ARCHİTECT" MMC-nin icra etdiyi 23 bloklu binaların eskiz layihəsinin nüsxəsi təqdim edilir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Layihə Baş İnstitutundan Sumqayıt Kommersiya Məhkəməsinin 04 iyun 2024-cü il tarixli sorğusuna verilmiş 02 iyul 2024-cü il tarixli 3-18-10/2-3527/2024 nömrəli cavab məktubuna əsasən, "xxxx" MMC tərəfindən Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, Azərbaycan prospekti, Bakı küçəsi və İ.Sadıxov küçələrinin kəsişməsində yaşayış binalarının şəhərsalma əsaslandırılması ilə bağlı İnstituta müraciət olunmuş, lakin tərəflər arasında müqavilə imzalanmadığından iş icra olunmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2022-ci il tarixli 143 nömrəli hesab-faktura sənədində isə "xxxx" MMC ilə “Azərdövlətlayihə” Dövlət Layihə Baş İnstitutu arasında sonuncu tərəfindən şəhərsalma əsaslandırılmasının hazırlanması ilə bağlı xx.xx.2021-ci il tarixli 2554/1 saylı müqavilənin bağlandığını təsdiqləyən məlumat olmuş, "xxxx" MMC tərəfindən ödəniş edilməsi üçün İnstitutun təqdim etdiyi həmin hesabfakturada ödənişin əsası kimi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2554/1 saylı müqaviləyə istinad olunmuşdur. “Azərdövlətlayihə” Dövlət Layihə Baş İnstitutu tərəfindən məhkəməyə ünvanlanmış 22 iyul 2024-cü il tarixli, 3-18-10/2-3966/2024 nömrəli sonrakı məktubda əvvəlki məktubla verilmiş məlumat dəqiqləşdirilərək bildirilmişdir ki, sifarişçi "xxxx" MMC tərəfindən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd təqdim edilmədiyindən və eyni zamanda, müqavilə üzrə layihənin dəyəri ödənilmədiyindən şəhərsalma əsaslandırılması işlərinin yerinə yetirilməsinin icrası dayandırılmışdır. İş materiallarında olan 27 aprel 2022-ci il tarixli 143 nömrəli hesab-fakturanın məzmununa əsasən, həmin hesab-fatura ilə Sumqayıt şəhəri Heydər Əliyev prospekti, Azərbaycan prospekti, Bakı küçəsi və İ.Sadıxov küçələrinin kəsişməsində yaşayış binalarının şəhərsalma əsaslandırılması işlərinin görülməsi üçün 03 noyabr 2021-ci il tarixli 2554/1 nömrəli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən “Azərdövlətlayihə” Dövlət Layihə Baş İnstitutuna 11800 manat məbləğində ödəniş edilməsi barədə müraciət edilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri Heydər Əliyev prospekti, Azərbaycan prospekti, Bakı küçəsi və İ.Sadıxov küçələrinin kəsişməsindəki məhəllədə yaşayış binalarının eskiz və işçi layihələrinin hesabatında qeyd edilir ki, tərəflər arasında 736800 manat dəyərində işlərin icrası üçün müqavilə bağlanılmış, 1 m2 x 4 manat olmaqla 8 ha ərazidə 23 bloklu binanın tikilməsi planlaşdırılmış və şəhərsalma əsaslandırılması layihəsinin işlənilməsi üçün rəsmi formada müraciət olunmuşdur. "xxxx" MMC müqavilədə qeyd edilən 1 m2 x 4 işlərdən (eskiz, işçi, konstruksiya və mühəndis-kommunikasiya işləri) eskiz layihə işini hesabatdakı cədvələ uyğun işləmişdir, 23 blokdan 21 blokunun eskizini 1 manatdan hesablanmaqla 151.282 manat və 4 blokun işçi layihəsini (memarlıq və konstruksiya) 2 manatdan hesablanmaqla 68.736 manat olmaqla, cəmi 220.018 manat məbləğində iş görülmüşdür. Cavabdeh "xxxx" MMC işi yarıda saxladığına görə sifariş verilmiş ümumi işdən 220.018 manat həcmində iş görülmüş və cədvəldə qeyd olunmuşdur. İş materiallarında olan cavabdeh "xxxx" MMC-nin adından həmin MMC-nin direktoru X5 tərəfindən Qanuni nümayəndə (iddiaçının qanuni təmsilçisinə) verilmiş 14 iyul 2021-ci il tarixli etibarnamənin məzmunundan görünür ki, bu etibarnamə ilə bir çox səlahiyyətlərlə yanaşı, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində və başqa qurumlarda onu təmsil etmək, habelə sənədləri təqdim etmək, hazır sənədləri götürmək və digər hərəkətləri etmək Qanuni nümayəndə etibar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 26 iyul 2021-ci il tarixli in/L-313/2021 nömrəli lisenziyaya və həmin lisenziyanın 26 iyul 2021-ci il tarixli in/L-313/2021/1 nömrəli və 26 iyul 2021-ci il tarixli in/L-313/2021/2 nömrəli əlavələrinə əsasən, İddiaçı MMC-yə tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi fəaliyyəti üzrə tikinti obyektlərinin memarlıq layihələndirilməsi, bina və qurğuların memarlıq layihələndirilməsi və inşaat konstruksiyalarının layihələndirilməsi işlərinin görülməsinə icazə verilmişdir. İş materiallarında, həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş layihə sənədləri vardır. Üç müxtəlif məzmunlu nüsxədən ibarət olan layihə sənədləri müvafiq olaraq 9, 11 və 14 vərəqdə tərtib olunmuşdur. Layihələrin hər birinin üzərində "xxxx", “Sifarişçi: Zəfər Parkı MMC”, “Layihə: Sumqayıt şəhəri Heydər Əliyev prospekti, Azərbaycan prospekti, Bakı küçəsi və İ.Sadıxov küçələrinin kəsişməsindəki yaşayış binaları”, “Memarlıq planlaşdırma bölməsi”, “Direktor imza Qanuni nümayəndə”, “Memar imza Binyaminli B.” qeydləri vardır. Hər üç layihə sənədinin üzərində “Azərdövlətlayihə” Dövlət Layihə Baş İnstitutunun möhürü vardır və möhürün üzərində daxil olma nömrəsi 36/02345, daxil olma tarixi xx.xx.2024-cü il qeyd edilmişdir. Həmin möhürlər layihə sənədlərinin qeyd edilən İnstituta təqdim edildiyini göstərir. İddiaçı tərəfindən məhkəməyə, həmçinin "Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutundan sorğu əsasında əldə etdiyi 9 cild olan albomlardan ibarət layihə sənədləri təqdim edilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında 02 dekabr 2021-ci il tarixli 02/21 nömrəli podrat müqaviləsi – “Xidmət göstərilməsinə dair müqavilə” imzalanmış və həmin müqavilə üzrə “İcraçı” qismində iştirak edən İddiaçı MMC “Sifarişçi” qismində iştirak edən cavabdeh "xxxx" MMC-nin sifarişi əsasında Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, Azərbaycan prospekti, Bakı küçəsi və İ.Sadıxov küçələrinin kəsişməsində ayrılmış torpaq sahəsində yaşayış binalarının layihələndirilməsinin hazırlanmasının (eskiz, işçi, konstruksiya, mühəndis- kommunikasiya və s.) icrasını öz üzərinə götürmüşdür. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin predmetini yaşayış binalarının layihələndirilməsinin (layihə sənədlərinin) hazırlanması təşkil etmişdir ki, bu iş də özlüyündə aşağıdakı mərhələlərdən ibarətdir: eskiz və işçi layihələrin hazırlanması; konstruksiya; mühəndis-kommunikasiya; və sair işlər (iddiaçının qanuni təmsilçisinin izahatına görə, “və sair işlər”ə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin müvafiq ekspertiza şöbəsinə sənədlərin təqdim edilməsi, müvafiq ekspertiza rəylərinin alınması aiddir). Müəyyən olunur ki, müqavilənin ilk və ikinci mərhələsinə aid olan işlərin bir qismi - tikilməsi planlaşdırılan yaşayış binalarının 23 blokundan 21 blokunun eskiz layihəsi və onlardan 4 blokun işçi layihəsi iddiaçı tərəfindən hazırlanmışdır (icra edilmişdir). Bu işlərin görülməsi nə cavabdeh tərəfin məhkəməyə ünvanladığı ərizədə (iddiaya etirazla bağlı), nə də onun nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlarında mübahisələndirilməmişdir. Məhkəməyə təqdim edilmiş layihə sənədlərinin özü də bu halı təsdiq etməkdədir. Habelə, iş materiallarına əlavə edilmiş “Azərdövlətlayihə” Dövlət Layihə Baş İnstitutunun 10 avqust 2023-cü il tarixli 3-18-10/2- 1214/2023 nömrəli və 19 aprel 2024-cü il tarixli 3-18-10/2-2095/2024 nömrəli məktublarının məzmunlarında iddiaçının icra etdiyi işlərə istinad edilərək eskiz layihələr həmin məktublara əlavə edilmiş qoşmalarla iddiaçıya geri qaytarılmışdır. İş üzrə cavabdehin təqdim etdiyi “iddiaya etiraz ərizəsi”ndə və məhkəmə iclaslarında mübahisələndirdiyi hal - görülən işlərin ona (sifarişçiyə) təhvil verilməsinin sübuta yetirilməməsidir. Cavabdeh iddia edir ki, iddiaçı gördüyü işləri ona təqdim etməmiş və təhvil verməmiş, buna görə də bağladıqları müqavilə pozulmuşdur. İşin bu halı ilə bağlı məhkəmə iddiaçı ilə cavabdeh arasında bağlanmış 02 dekabr 2021-ci il tarixli 02/21 nömrəli “Xidmət göstərilməsinə dair müqavilə”nin müddəalarına və onlar arasında təşəkkül tapmış faktiki münasibətlərə nəzər salmağı zəruri hesab edir. Bu məsələ ilə bağlı ilk növbədə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış 02 dekabr 2021-ci il tarixli müqavilədə birbaşa və ya dolayı yolla sifarişçinin işin nəticəsini icraçıya təhvil vermək vəzifəsi nəzərdə tutulmamışdır. Belə bir vəzifə nə müqavilənin “İcraçının hüquq və vəzifələri” adlanan 3-cü bəndində, nə də “Tərəflərin məsuliyyəti” adlanan 5-ci bəndində qeyd edilmişdir. Müqavilənin 2.1-ci bəndi isə icraçının işinin bu müqavilənin şərtlərinə uyğun olan nəticələrini sifarişçinin qəbul etmək vəzifəsini (hüquq deyil) nəzərdə tutur. Həmin müqavilənin 4.1-ci bəndində isə qeyd edilir ki, “Sifarişçi hazırkı müqavilənin 1.1-ci bəndində göstərilmiş layihə işlərinin dəyərini icraçıya ödəməyi öhdəsinə götürür. Ödəniş forması: sifarişçi bu məbləğin işin başlanğıcından icraçının hesabına hissə-hissə iş tamamlanana qədər tam məbləği köçürməyi öhdəsinə götürür”. Göstərilənlərdən aydın olur ki, müqavilədə icraçının öhdəsinə düşən işi icra etmək vəzifəsi nəzərdə tutulmuş, lakin işin icrasını sifarişçiyə təhvil vermək vəzifəsi birbaşa nəzərdə tutulmamışdır. Digər tərəfdən, müəyyən olunur ki, iddiaçı tərəfindən hazırlanan eskiz layihələr növbəti mərhələ üzrə işlərin, yəni şəhərsalma əsaslandırmasının işlənilməsi üçün “Azərdövlətlayihə” Dövlət Layihə Baş İnstitutuna təqdim edilmişdir. Həmin institutdan məhkəməyə təqdim olunmuş və iş materiallarına əlavə edilmiş 02 iyul 2024-cü il tarixli 3- 18-10/2-3527/2024 nömrəli və 22 iyul 2024-cü il tarixli 3-18-10/2-3966/2024 nömrəli məktubların məzmunundan məlum olur ki, sifarişçi "xxxx" MMC tərəfindən Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, Azərbaycan prospekti, Bakı küçəsi və İ.Sadıxov küçələrinin kəsişməsində yaşayış binalarının şəhərsalma əsaslandırması ilə bağlı İnstituta müraciət olunmuş, lakin müqavilə üzrə layihənin dəyəri ödənilmədiyindən şəhərsalma əsaslandırması işlərinin yerinə yetirilməsinin icrası dayandırılmışdır. Qeyd edilən faktlardan aydın olur ki, müqavilə üzrə ilk mərhələdə görülməli olan işlərin, yəni eskiz və işçi layihələrin bir qisminin hazırlanması iddiaçı tərəfindən icra edilmiş və görülən işlər şəhərsalma əsaslandırmasının işlənilməsi üçün “Azərdövlətlayihə” Dövlət Layihə Baş İnstitutuna təqdim edilmişdir. Lakin sifarişçi, yəni cavabdeh "xxxx" MMC iddiaçıya gördüyü işlərin, habelə “Azərdövlətlayihə” Dövlət Layihə Baş İnstitutuna onun tərəfindən görülməli olan işlərin dəyərini (hesab-fakturaya əsasən 11800 manatı) ödəməmişdir. İş materiallarına əlavə edilmiş cavabdeh "xxxx" MMC tərəfindən iddiaçının qanuni təmsilçisi olan Qanuni nümayəndə verilmiş 14 iyul 2021-ci il tarixli etibarnamənin məzmunundan görünür ki, cavabdeh həmin etibarnamə ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində və başqa qurumlarda onu təmsil etmək, habelə sənədləri təqdim etmək, hazır sənədləri götürmək və digər hərəkətləri etməyi Qanuni nümayəndə etibar edir. Bu etibarnamə ilə etibar edilən İddiaçı MMC deyil, onun qanuni təmsilçisi olsa belə, məhkəmə həmin etibarnaməni tərəflər arasında bağlanmış müqavilənin təfsiri (xüsusən də işin nəticəsinin kimə və hansı qaydada təhvil verilməsi məsələsi ilə bağlı), hazırkı işin faktiki halları, o cümlədən tərəflərin qarşılıqlı münasibətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli hesab edir. Belə ki, Mülki Məcəllənin 404.1-ci və 404.2-ci maddələrində qeyd edilir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Başqa sözlə, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyin bir hissəsini icra etmiş, daha sonra iddiaçının qanuni təmsilçisi (Qanuni nümayəndə) cavabdehin verdiyi etibarnamə əsasında gördüyü işləri (eskiz və işçi layihələri) həmin işlər əsasında hazırlanacaq şəhərsalma əsaslandırması işlərinin görülməsi üçün “Azərdövlətlayihə” Dövlət Layihə Baş İnstitutuna təqdim etmişdir. Cavabdeh isə iddiaçıya olduğu kimi, “Azərdövlətlayihə” Dövlət Layihə Baş İnstitutuna da xidmətin dəyərini ödəmədiyi üçün işlər yarımçıq saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Həmin Məcəllənin 756.1-ci maddəsinə əsasən, əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 759.1-ci və 759.2-ci maddələrinə əsasən, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 760.2-ci maddəsinə əsasən, əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, istinad edilən qanun normalarının mahiyyətinə və tərəflər arasında bağlanmış müqavilənin xarakterinə görə, iddiaçı tərəfindən ona sifariş verilmiş işlərin icrası vəziyyəti ilə maraqlanmaq, işlərin müəyyənləşdirilmiş müddətdə və keyfiyyətlə icra olunmasını yoxlamaq, həmin işlər barəsində rəy bildirmək (bəyənmək və ya bəyənməmək), icra qüsurları, yaxud əlavə və ya dəyişikliklərə ehtiyac olduğu hallarda onları icraçının (iddiaçının) nəzərinə çatdırmaq və aradan qaldırılmasını tələb etmək cavabdehin həm hüququ, həm də vəzifəsi olmuşdur. Lakin cavabdehin qeyd edilən məsələlərə münasibətindən belə görünür ki, o, iddiaçının peşəkarlığına və sifarişi lazımi səviyyədə icra edə biləcəyinə əmin olaraq həm yaşayış binalarının layihələndirilməsi işlərinin görülməsini, həm də qabaqcadan verdiyi etibarnamə əsasında başqa əlaqəli işlərin yerinə yetirilməsini iddiaçı tərəfə həvalə və etibar etmişdir. İddiaçı da cavabdehin müdaxiləsi və nəzarəti olmadan öz öhdəsinə düşən işlərin icrası ilə məşğul olmuş, tikilməsi planlaşdırılan yaşayış binalarının 23 blokundan 21 blokunun eskiz layihələrini və onlardan 4 blokun həm də işçi layihəsini hazırlamış, habelə hazırlanan eskiz layihələri şəhərsalma əsaslandırmasının işlənilməsi üçün cavabdehin adından “Azərdövlətlayihə” Dövlət Layihə Baş İnstitutuna təqdim etmişdir. Həmin müddətdə cavabdeh iddiaçı tərəfindən yerinə yetirilən işlərə heç bir irad və etirazını bildirməmiş, hər hansı səbəbdən aralarında olan müqavilədən və həmin müqavilə üzrə görülmüş işləri qəbul etməkdən imtina etdiyini iddiaçıya bəyan etməmiş, bununla belə, iddiaçı tərəfindən icra edilmiş işlərin haqqını, habelə “Azərdövlətlayihə” Dövlət Layihə Baş İnstitutuna onun tərəfindən görülməli olan işlərin dəyərini (hesab-fakturaya əsasən 11800 manatı) ödəməmişdir. Ona görə də iddiaçı müqavilə üzrə işlərin icrasını cavabdehin hərəkətsizliyi (öz öhdəliyini icra etməməsi) səbəbindən dayandırmağa və bu anadək gördüyü işlərin dəyərini tələb etməyə məcbur olmuşdur. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İşin hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış podrat müqaviləsinə iddiaçı (icraçı-podratçı) tərəfindən bilavasitə cavabdehin (sifarişçinin) hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən səbəbə görə xitam verilmişdir. Belə olduqda, Mülki Məcəllənin 760.2-ci maddəsinə müvafiq olaraq, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər... Bu baxımdan iddiaçı müqaviləyə xitam verilənədək cavabdehin sifarişi ilə görmüş olduğu işlərin dəyərini sonuncudan tələb etməkdə haqlıdır və belə tələb qanunidir. İddiaçı tərəfindən görülmüş işlərin dəyərinə gəlincə, iş materiallarında olan 02 dekabr 2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolundan görünür ki, görülməli işlərin miqdarı 184200, ölçü vahidi kvadratmetr, hər kvadratmetrə görə qiymət 4 manat məbləğində müəyyən edilməklə görülməli işlərin ümumi dəyərinin 736800 manat məbləğində olmasını tərəflər öz aralarında razılaşdırmışlar. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, tikilməsi planlaşdırılan yaşayış binalarının 23 blokundan 21 blokunun eskiz layihəsi və onlardan 4 blokun işçi layihəsi iddiaçı tərəfindən icra edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhəri Heydər Əliyev prospekti, Azərbaycan prospekti, Bakı küçəsi və İ.Sadıxov küçələrinin kəsişməsindəki məhəllədə yaşayış binalarının eskiz və işçi layihələrinin hesabatından görünür ki, eskiz layihələr üzrə işlər hər kvadratmetri 1 manatdan hesablanmaqla işlərin ümumi dəyəri blokların cəmi üzrə 151212 manat (22687 manat + 27971 manat + 31003 manat + 43007 manat + 26544 manat = 151212 manat) təşkil edir. İşçi layihə (memarlıq və konstruksiya) isə, qeyd edildiyi kimi 4 blok üzrə işlənmiş və hər kvadratmetri 2 manatdan hesablanmaqla işlərin ümumi dəyəri 68736 manatdır. Eskiz layihə və işçi layihə üzrə görülən işlərin ümumi dəyəri 219948 (151212 manat + 68736 manat) manat təşkil edir. Ona görə də birinci instansiya məhkəməsi iddia tələbini cavabdehdən 02 dekabr 2021-ci il tarixli 02/21 nömrəli müqavilə üzrə 220000 manat məbləğində borcun tutulması hissəsində qismən, yəni 219948 manat məbləğində təmin etmişdir. İddiaçı iddia tələbinin təmin olunmayan hissəsini mübahisələndirməmişdir. Şərh olunanlardan göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız və qəbulolunmazdır. Cavabdehin iddiaçı tərəfindən görülən işlərin ona təhvil verilmədiyini iddia edərkən nəyi nəzərdə tutduğu başa düşülən deyil. Tərəflərin qarşılıqlı münasibətində cavabdehin iddiaçıdan görülmüş işləri tələb etməsi, iddiaçının isə bundan imtina etməsi kimi bir hal müəyyən olunmamışdır. Xüsusən də, iddiaçı müvafiq işləri icra etdiyindən, cavabdehin tələbi olduğu halda həmin işlərin təhvil verilməsi heç bir çətinlik yaratmamışdır. Halbuki, cavabdehin özü yerinə yetirilmiş işləri qəbul etmək təşəbbüsündə olmamışdır. Ona görə də cavabdehin iddiaçı tərəfindən müqavilə öhdəliklərinin pozulması barədə dəlili qəbulolunmazdır… Bundan başqa, apellyasiya şikayətində qeyd olunur ki, MPM-ə əsasən kommersiya iddialarının verilməsinə görə mediasiya prosesinin keçirilməsi məcburiliyi tələb edilmir və bu səbəbdən də, mediasiya xərci üçün qanunla cavabdehin heç bir öhdəliyi mövcud deyil. Ona görə də məhkəmə iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin yarısını cavabdehə aid etməklə prosessual pozuntuya yol vermişdir. Həmçinin məhkəmə tərəfindən nümayəndə ilə bağlı çəkilən xərclər və dövlət rüsumunun məbləği cavabdehdən tutula bilməz… Məhkəmə kollegiyası cavabdehin bu dəlilləri ilə də razılaşmır. İddiaçı mediasiya orqanına müraciət edərkən mübahisənin məhkəmədən kənar qaydada daha tez həllinə nail olmaq istəmiş, lakin cavabdeh bundan yayınmış və iddiaçının lüzumsuz xərc çəkməsinə səbəb olmuşdur. İddiaçı mübahisənin haqlı tərəfi olduğundan, məhkəmə həmin xərci tərəflər arasında bərabər bölməkdə hər hansı qanunsuzluğa yol verməmişdir. İddiaçının çəkdiyi digər məhkəmə xərcləri ilə bağlı məsələni də məhkəmə MPM-in 119-cu maddəsinin tələblərinə uyğun olaraq düzgün həll etmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini əsassız hesab edir. Kollegiyanın qənaətincə, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi hüquq normalarını düzgün tətbiq etmiş və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri həmin qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(119)-296/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384,385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(119)- 296/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar