Məhkəmə qərarları › İş №2-2(105)-120/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-120/2021

02.08.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-120/2021 02.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə Sumqayıt Kommersiya Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 2-2(119)-508/2021 nömrəli qərardadından cavadeh Cavabdeh3-nin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı əməkdaşlıq müqaviləsinin ləğvi, daşınmaz əmlakın alqısatqı müqavilələrinin etibarsızlığı və əmlakın geri qaytarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 2-2(119)-508/2021 nömrəli qərardadı ilə həmin iddia ərizəsinə dair iş üzrə icraat Mülki-Prosessual Məcəllənin 254.1.4-cü maddəsinə əsasən Bakı Apelyasiya Məhkəməsinin icraatında olan iddiaçılar X1 və İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daşınmaz əmlakın bağışlama və alqı-satqı müqavilələrinin və onun əsasında yaranmış sonrakı hüquqların etibarsızlığı” tələbi barədə iş üzrə yekun məhkəmə aktı qəbul edilib qüvvəyə minənədək dayandırılmışdır. Cavadeh Cavabdeh3-nin nümayəndəsi və vəkili Vəkil1 qərardaddan şikayət verərək onun ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 08 may 2015-ci il tarixli 01 saylı əməkdaşlıq müqaviləsi iddiaçı Namiq Məmmədmuradov, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış, həmin müqavilə üzrə müqavilə bağlanan zaman tərəflər mülkiyyətlərində olmayan əmlaklar barəsində sərəncam vermək və olmayan MMC-lər üçün öhdəliklər götürmüşlər və həmin müqavilə əhəmiyyətsiz əqd olduğu üçün mübahisələndirilib-mübahisləndirlməməsindən asılı olmayaraq qanunvericiliyin tələbinə əsasən heç bir öhdəlik yarada bilməz. Müqavilə tərəfləri müqavilənin mübahisələndirilməsi yönündə heç bir addım atmamış, əksinə müqavilə tərəfi olan cavabdehlər iddianı etiraf etmək yönündə etiraz və mülahizələrini məhkəməyə təqdim etmişlər. İddiaçı Cavabdeh3 ilə arasında bağlanmış alqı-satqı müqaviləsini mübahisələndirdiyi halda, Bakı Apelyasiya Məhkəməsinin mülki icraatında olan işdə 08.05.2015-ci il tarixli əməkdaşlıq müqaviləsinin tərəfləri arasında, yəni, İddiaçıla Cavabdeh2 arasında baş vermiş alqı-satqı müqaviləsi mübahisələndirilmişdir. Göründüyü kimi, hazırda Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan iş üzrə iddiaçının dəlillərindən asılı olmayaraq mübahisənin əsasını, müqavilə tərəfi olmayan və heç kim tərəfindən mübahisələndirilməmiş müqavilə, yəni, 08.05.2015-ci il tarixli 01 saylı əməkdaşlıq müqaviləsi üzrə öhdəlik götürməmiş Cavabdeh3 ilə İddiaçı arasında baş vermiş torpaq sahələrinin alqı-satqısı müqavilələrinin etibarlı olub-olmaması təşkil edir. Digər tərəfdən iş materiallarından da görünür ki, iddiaçı qanunvericiliklə müəyyənləşdirilmiş kəsici müddətləri ötürdüyündən tələb hüququnu itirdikdən sonra məhkəməyə müraciət etmişdir. Belə olan halda, bu iki işin bir-biri ilə əlaqələndirilməsi və hazırkı işin Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasın icraatında olan 2(103)-5495/2021 saylı mülki iş üzrə yekun məhkəmə aktı qüvvəyə minənədək dayandırılması yersiz olaraq işə baxılmanın yubadılmasına gətirib çıxarmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-508/2021 saylı 16 iyul 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Z.Məmmədov) İddiaçı, digər cavabdehlər və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3-nin nümayəndəsi və vəkili Vəkil1 şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə müəyyən etmişdir ki, hər iki iş arasında elə bir asılılıq və bağlılıq vardır ki, Bakı Apelyasiya Məhkəməsinin icraatında olan iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəyə minməyincə, hazırkı işin mahiyyəti üzrə baxılması və ədalətli həlli mümkün deyildir. Kollegiya iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, həmin işdə iddia tələbi hazırkı iş üzrə ləğv edilməsi tələbi irəli sürülən əməkdaşlıq müqaviləsindən irəli gələn mübahisə ilə bağlıdır. Hazırkı işdə isə iddiaçı cavabdehə qarşı əməkdaşlıq müqaviləsinin ləğvi, daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsızlığı və əmlakın geri qaytarılması tələbi irəli sürür. Bundan başqa, hər iki işdə iş üzrə tərəflər-İddiaçı, habelə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxış etməklə, həmin işlər üzrə mübahisənin yaranması qeyd edilən tərəflər arasında bağlanılmış 08.05.2015-ci il tarixli 01 saylı əməkdaşlıq müqaviləsi ilə bağlıdır. Hazırda Bakı Apelyasiya Məhkəməsinin icraatında olan iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15.10.2019-cu il tarixli qətnaməsində iş üzrə digər hallarla yanaşı həmin əməkdaşlıq müqaviləsinə də hüquqi qiymət verilərək onun Mülki Məcəllənin 394-cü maddəsinin tələbləri nəzərə alınmadan bağlanılması qeyd edilmişdir. İddiaçıların vəkili tərəfindən həmin qətnamədən verilmiş və hazırda Bakı Apelyasiya Məhkəməsində məhkəmə baxışında olan apelyasiya şikayətində isə məhkəmənin qeyd edilən mövqeyi də mübahisələndirilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa- məhkəmə iş üzrə icraatın dayandırmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25 mart 2004-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa” müddəası - məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə icraatın dayandırılması məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Şikayətin dəlilləri ilə bağlı isə kollegiya qeyd edir ki, iddia tələbinin 08.05.2015-ci il tarixli 01 saylı əməkdaşlıq müqaviləsinin ləğvi ilə bağlı olan hissəsi Bakı Apelyasiya Məhkəməsinin icraatında olan işlə birbaşa əlaqəlidir və həmin iş hazırkı işdən daha əvvəl məhkəmə icraatına qəbul edilmişdir. Şikayətin digər bir dəlili olan kəsici müddətlərin ötürməsi ilə bağlı isə kollegiya qeyd edir ki, bu hallara işə mahiyyəti üzrə baxılarkən qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavadeh Cavabdeh3-nin nümayəndəsi və vəkili Vəkil1 şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-508/2021 saylı 02 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar