Məhkəmə qərarları › İş №2-2(105)-146/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-146/2025

16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-146/2025 16.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “icarə müqavilələrinin xitam verilmiş hesab edilməsi, əmlakların boşaldılması və təhvil verilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli, 2-2(119)-321/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında tərəflərin iştirakı olmadan baxaraq Müəyyən etdi: İşin halları Sumqayıt Kommersiya Məhkəməsinin 11 iyul 2025-ci il tarixli e-2-2(119)-321/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı “icarə müqavilələrinin xitam verilmiş hesab edilməsi, əmlakların boşaldılması və təhvil verilməsi” tələbi barədə iddiasının təmin edilməsi, İddiaçı ilə cavabdeh Cavabdeh arasında bağlanmış Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 3, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 130 kvadrat metr olan qeyri-yaşayış sahəsinin Cavabdehnə icarəyə verilməsinə dair 19 may 2017-ci il tarixli 3M- 177 reyestr nömrəli icarə müqaviləsinin və Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı- Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahəsinin Cavabdehnə icarəyə verilməsinə dair 19 may 2017-ci il tarixli 3M-178 reyestr nömrəli icarə müqaviləsinin xitam verilmiş hesab edilməsi, Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 3, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 130 kvadrat metr olan qeyri-yaşayış sahəsinin və Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılması və İddiaçı təhvil verilməsi qərara alınmışdır. Cavabdeh 08 sentyabr 2025-ci il tarixdə həmin qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizə (vəsatət) ilə məhkəməyə müraciət edərək Sumqayıt Kommersiya Məhkəməsinin 11 iyul 2025-ci il tarixli e-2-2(119)-321/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh direktoru Nümayəndə 2025-ci ilin aprel ayından ölkə xaricindədir. Hal-hazırda da X2. X4 ilə Azərbaycan Respublikasının gecə-gündüz fərqi olduğundan daimi danışıqlar aparmaq bəzən mümkün olmur. Buna görə onunla əlaqə yaratmaq mümkün olmamış və qətnamədən şikayət müddəti üzrlü səbəbdən ötürülmüşdür. Yalnız 07 sentyabr 2025-ci il tarixdə Cavabdeh direktoru Nümayəndə ilə əlaqə yaradılaraq qətnamə barədə məlumat verilmişdir. Bu səbəbdən məhkəmədən qətnamədən şikayət müddətinin ötürülməsinin üzrlü hesab edilməsi barədə qərardad qəbul edilməsi və işin aidiyyatı üzrə apellyasiya məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Cavabdeh 12 sentyabr 2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Cavabdeh direktoru olan Nümayəndə həqiqətən ölkə xaricində olması müvafiq sistem vasitəsilə müəyyən olunsun və buna görə onunla ünsiyyətin çətinliyi- ABŞ ilə Azərbaycan Respublikası arasında gecə-gündüz fərqi səbəbindən apelyasiya şikayətinin müddətinin 2 gün (digər 2 gün qeyri-iş günüdür) müddətində buraxılması üzrlü hesab edilsin. Direktor olaraq müvafiq asan imza vasitəsilə sistemə nəyinsə yüklənməsi onun razılığı ilə həyata keçirilir. Sistemə yüklənmiş hər-hansısa ərizə əvvəlcədən onun razılığını alaraq yüklənmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən müddətin buraxılmasının üzrlü hesab edilməsi xahiş olunmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli 2-2(119)- 321/2025 nömrəli qərardadı ilə Cavabdeh Sumqayıt Kommersiya Məhkəməsinin 11 iyul 2025-ci il tarixli e-2-2(119)-321/2025 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında ərizəsi rədd edilmişdir. Cavadeh Cavabdeh 22 sentyabr 2025-ci il tarixdə həmin qərardaddan şikayət verərək həmin qərardadın ləğv edilməsi, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatətin təmin edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh direktoru Nümayəndə 2025-ci ilin aprel ayından ölkə xaricindədir. Hal-hazırda da X2. X4 ilə Azərbaycan Respublikasının gecə-gündüz fərqi olduğundan daimi danışıqlar aparmaq bəzən mümkün olmur. Buna görə onunla əlaqə yaratmaq mümkün olmamış və qətnamədən şikayət müddəti üzrlü səbəbdən ötürülmüşdür. Yalnız 07 sentyabr 2025-ci il tarixdə Cavabdeh direktoru Nümayəndə ilə əlaqə yaradılaraq qətnamə barədə məlumat verilmişdir. Bu səbəbdən məhkəmədən qətnamədən şikayət müddətinin ötürülməsinin üzrlü hesab edilməsi barədə qərardad qəbul edilməsi və işin aidiyyatı üzrə apellyasiya məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Qətnamənin elektron sistemə yerləşdirilməsi və müddətin bərpa edilməməsi o zaman ağlabatan olardı ki, direktor ölkə daxilində olsun. Lakin müvafiq sistem vasitəsilə yoxlandıqda da aydın olur ki, MTK-nın direktoru ölkə xaricindədir. Məhkəmə tərəfin müdafiə hüququnu pozmayaraq qəbul edilmiş qətnamənin yuxarı instansiyada mübahisələndirməsinə şərait yaratmalı idi, nəinki formal əsaslardan çıxış edərək müddəti bərpa etməmək. Konstitusiya Məhkəməsinin mövqeyinə görə də məhkəmələr prosessual normalara formal yanaşmanı kənara qoymalı və tərəflərin, xüsusilə sahibkarın hüquqlarının müdafiəsinə şərait yaratmalıdır. Məhkəmə müdafiəsi hüququ eyni zamanda qəbul edilmiş qətnamələrdən şikayət hüququdur. Bu gün məhkəmə 3-4 günə görə cavabdehin müdafiə hüququnu pozan qərardad qəbul etmişdir Sumqayıt Kommersiya Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli 2-2(119)- 321/2025 nömrəli qərardadı ilə Cavabdeh Sumqayıt Kommersiya Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli qərardadından verdiyi şikayətin təmin edilməməsi və həmin qərardadın qüvvəsində saxlanılması, qərardaddan Cavabdeh tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinin tələbinə görə əgər məhkəmə sənədi işdə iştirak edən şəxsin “elektron kabinet”ində yerləşdirilmişdirsə, o, rəsmi qaydada verilmiş hesab olunur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, buraxılmış müddəti bərpa edir. Maddə 360. Apellyasiya şikayətinin verilmə müddəti Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli, 2-2(119)-321/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Sumqayıt Kommersiya Məhkəməsinin 11 iyul 2025-ci il tarixli e-2-2(119)-321/2025 nömrəli qətnaməsinin tam mətni Cavabdeh və onun direktoru Nümayəndə elektron kabinetinə 03 avqust 2025-ci il tarixdə yerləşdirilmişdir. Sözügedən qətnamə qanuni qüvvəsini aldıqdan sonra 04 sentyabr 2025ci il tarixdə icra edilməsi üçün Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmiş və həmin icra şöbəsinin 08 sentyabr 2025-ci il tarixli qərarına əsasən icra sənədi üzrə icraata başlanılmışdır. Cavabdeh həmin qətnamədən 08 sentyabr 2025-ci il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa olunması barədə vəsatət vermişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinin tələblərinə görə Mülki-Prosessual Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinə əsasən, tərəflər arasında müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir. Göründüyü kimi, Sumqayıt Kommersiya Məhkəməsinin 11 iyul 2025-ci il tarixli e-2- 2(119)-321/2025 nömrəli qətnaməsi Cavabdeh və onun qanuni nümayəndəsi Nümayəndə tərəfindən 03 avqust 2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə alınmışdır. Cavabdeh Sumqayıt Kommersiya Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, e-2-2(119)-321/2025 nömrəli qətnaməsindən apellyasiya şikayətini məhkəməyə 08 sentyabr 2025-ci il tarixdə vermişdir. Göründüyü kimi, Sumqayıt Kommersiya Məhkəməsinin 11 iyul 2025-ci il tarixli e-2- 2(119)-321/2025 nömrəli qətnaməsi Cavabdeh və onun direktoru Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində 03 avqust 2025-ci il tarixdə yerləşdirildiyindən, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddət şikayətin məhkəməyə verilmiş olduğu 08 sentyabr 2025-ci il tarixdə ötürülmüş olmuşdur. Lakin məhkəmə araşdırması zamanı həmin qətnamədən şikayətin verilməsi müddətinin iddiaçı tərəfindən üzrlü səbəblərə görə buraxıldığı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kollegiya hüquqi şəxs olan cavabdeh tərəfindən hazırkı iş üzrə məhkəməyə ünvanlanmış bütün prosessual sənədləri, hətta onun qanuni təmsilçisinin ölkə xaricində olduğu bildirildiyi dövr ərzində elektron kabinet vasitəsi ilə təqdim edilməsini nəzərə alaraq, habelə müasir kommunikasiya texnologiyaları və rabitə imkanlarının mövcudluğu şəraitində cavabdehin qanuni təmsilçisi ilə qətnamənin təqdim olunduğu vaxtdan keçən 1 ay ərzində əlaqə yaradılmasının mümkün olmaması barədə dəlillərini ağlabatan və əsaslı hesab etmir. Məhkəmə kollegiyası buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni və həmin nəticənin əsaslandırılması ilə bağlı istinad etdiyi halları işin hallarına, qanunvericiliyə və məhkəmə təcrübəsinə uyğun olmaqla qanuni nəticə hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli, 2-2(119)- 321/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar