Məhkəmə qərarları › İş №2-2(105)-24/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-24/2023

23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-24/2023 23.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X1 ilə, İddiaçı cavabdehlər Askyerova (Əsgərova) Leylaya, Cavabdeh2 və Cavabdeh1nə qarşı “müqavilənin bir hissəsinin etibarsız hesab edilməsi, müqavilə müddətinin uzadılmış hesab edilməsi və icarə obyektindən istifadəyə maneələr yaradılmasının qadağan edilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli e-2-2(119)-2230/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Askyerova (Əsgərova) Leylaya, Cavabdeh2 və Cavabdeh1nə qarşı “müqavilənin bir hissəsinin etibarsız hesab edilməsi, müqavilə müddətinin uzadılmış hesab edilməsi və icarə obyektindən istifadəyə maneələr yaradılmasının qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli e-2- 2(119)2230/2022 nömrəli qərardadı ilə iddia ərizəsi iddiaçıya geri qaytarılmışdır. Qərardaddan iddiaçı şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilmiş sənədlərdən də aşkar görünür ki, məhkəmənin qeyd etdiyinin əksinə olaraq, iddia ərizəsi və əlavə olunmuş sənədlər hüquqi şəxs olan cavabdeh "xxxx" MMC-nin elektron vergi sistemində olan şəxsi kabinetinə yüklənmişdir və belə təqdim edilmə sənədlərin həmin hüquqi şəxs tərəfindən alınmasına dair bir mənalı sübutdur. Hüquqi şəxsin iddia ərizəsinin nümayəndə vasitəsi ilə təqdim edilməsi imkanı qanunla nəzərdə tutulmuşdur və bu hüquq məhdudlaşdırıla bilməz. Belə hüquqa malik olan nümayəndənin və eyni zamanda vəkilin həmin iddia ərizəsini cavabdehin fərdi elektron səhifə statusuna malik olan elektron kabinetə yükləməsi (təqdim etməsi) də legitim təqdim etmə hesab edilir. Bununla bağlı məhkəmənin Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə istinad edərək, həmin elektron kabinetin yalnız vergi orqanı ilə sənəd mübadiləsi üçün istifadə edilə bilməsi barədə gəldiyi nəticə də düzgün hesab edilə bilməz. Belə ki, hüquqi şəxsin elektron kabinetinin digər elektron sənəd dövriyyəsi məqsədi ilə istifadə edilməsini qadağan edən norma yoxdur. Bundan əlavə, əgər qanunverici hüquqi şəxsin elektron kabinetinə dair belə bir qadağa tətbiq etmək niyyətində olsa idi, vergi orqanı ilə sənəd mübadiləsinə aid olmayan digər sənədlərin həmin elektron kabinet vasitəsi ilə dövriyyəsini texniki cəhətdən məhdudlaşdıran proqram təminatı tətbiq edilməsini nəzərdə tutardı. Lakin belə bir məhdudiyyət qanunvericiliklə nəzərdə tutulmamışdır. Onu da qeyd etmək lazımdır ki, hüquqi şəxslərə münasibətdə iddia ərizəsinin (həmçinin pretnziyanın) çatdırılmasını Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində nəzərdə tutulan qaydada həyata keçirilməli olmasını təsbit edən 150.1.4 və 150.1.6-cı maddələrinin məqsədi də sənədlərin elektron qaydada göndərilməsini və onların göndərildiyi elektron kabinetin yalnız ünvan sahibinin nəzarətində olmasını ehtiva edir ki, hazırkı halda da bu şərtlər yerinə yetirilir. Sənədlərin (iddia ərizəsi və pretenziya) onları göndərən şəxsin deyil, onun eyni zamanda nümayəndəsi kimi çıxış edən vəkilin qeydiyyatda olduğu vəkil qurumunun elektron kabinetindən göndərilməsi də qanunvericinin Mülki Prosessual Məcəllənin 150.1.4, 150.1.6 və 150.2-ci maddələrində nəzərdə tutduğu iradə ifadəsinə zidd hesab edilə bilməz. Digər tərəfdən, qanunverici həmin sənədlərin yalnız ünvanlandığı şəxsin (işdə iştirak edən digər şəxslərin) elektron kabinetinə təqdim edilməsini imperativ norma kimi müəyyən edir və belə olan halda, vəkilin qeydiyyatda olduğu vəkil qurumunun elektron kabinetindən göndərilmə də qanuna zidd deyil. Göründüyü kimi, sənədlərin vergi ödəyicisinin elektron kabineti vasitəsi ilə göndərilməsi də qanunverici tərəfindən alternativ variant kimi nəzərdə tutulmuşdur və bu qayda ilə göndərilən pretenziya və iddia ərizəsi tam qanunauyğun təqdim edilmiş hesab edilir. Hazırkı işdə prosessual qanunvericiliyin tələblərinə formal yanaşmaqla, lüzumsuz süründürməçiliyə yol verilməsi, Mülki Prosessual Məcəllənin 172.1-ci maddəsində nəzərdə tutulmuş işlərə ağlabatan müddətdə baxılması prinsipiilə uzlaşmır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi özünün 29 aprel 2014-cü il tarixli X3 Məhkəməsinin qərarına istinad edərək, belə hüquqi mövqe bildirmişdir ki: “...İspaniya Konstitusiya Məhkəməsi belə qənaətə gəlmişdir ki, məhkəməyə müraciət etmək hüququnun həyata keçirilməsi qanunvericilikdə müəyyən olunmuş prosessual tələblərlə şərtləndirilə bilər, lakin məhkəmələr həmin prosessual normaları qanunvericinin müəyyənləşdirdiyi məqsədlər baxımından tətbiq etməlidirlər. Bu zaman məhkəmələr həmin normaları elə tətbiq etməlidirlər ki, bir tərəfdən məhkəmə araşdırmasının ədalətliliyini pozan hədsiz formalizmdən, digər tərəfdən isə qanunla nəzərdə tutulan prosessual müddəaları heçə endirən hədsiz yumşaqlıqdan uzaq olsunlar..” Sumqayıt Kommersiya Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Zülfüqar Sadiqov) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmış və hesab etmişdir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.4-cü və 152.1.6-cı maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, “Onlayn Kargüzarlıq” vasitəsi ilə "Ədalət" Vəkil Bürosunun adından hazırlanmış “məktublar”- 05 dekabr 2022-ci il tarixli Pretenziya "Məktubu" və 15 dekabr 2022-ci il tarixli "İddia ərizəsinin göndərilməsi barədə məktub" iddia ərizəsinə əlavə olunmuş və iddiaçının vəkili tərəfindən məhkəməyə təqdim edilmişdir. Məhkəmə hesab etmişdir ki, “Onlayn Kargüzarlıq” vasitəsi ilə "Ədalət" Vəkil Bürosunun adından hazırlanmış “məktublar” iddia ərizəsinə əlavə olunmasına baxmayaraq, həmin “məktublar”ın çatdırılmasına dair müvafiq “ekran görüntüləri” (cavabdehin müvafiq elektron kabinetinə “onlayn” göndərməni təsdiq edən elektron çıxarış) məhkəməyə təqdim olunmamışdır. İddiaçının apellyasiya şikayətinin və kollegiyaya ünvanlanmış izahatının dəlilləri ondan ibarətdir ki, məhkəmə işi lüzumsuz uzatmağa yönəldən hərəkətlər etmişdir. Onun tərəfindən iddia ərizəsi verilərkən prosessual qanunvericiliyin tələblərinə riayət olunmuşdur. İddia ərizəsi və əlavə olunmuş sənədlər hüquqi şəxs olan cavabdeh "xxxx" MMC-nin elektron vergi sistemində olan şəxsi kabinetinə yüklənmişdir və belə təqdim edilmə sənədlərin həmin hüquqi şəxs tərəfindən alınmasına dair bir mənalı sübutdur. Sənədlərin elektron kabinet vasitəsi ilə göndərildiyini təsdiq edən məlumat iddia ərizəsinə əlavə edilmişdir. Bu baxımdan məhkəmənin sübut kimi təkidlə yalnız “ekran görüntüsü” tələb etməsi isə tamamilə əsassızdır. Belə ki, təqdim edilmiş məlumat elektron kabinetdən olan görüntüdür (sənədlərin göndərilməsindən sonra alman məlumatdır). Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə şikayətin dəlillərini nəzərə almaqla Mülki-Prosessual Məcəllənin 151.2-ci maddəsi ilə müəyyən olunmuş qaydada iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə tərəflərin iştirakı ilə baxmalı idi. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 151.2-ci maddəsinə əsasən zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Bundan başqa məhkəmə hesab etmişdir ki, həmin məktubları cavabdehə göndərən "Ədalət" Vəkil Bürosunun Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq iddiaçı "xxxx" MMC-ni təmsil etməsi təsdiq olunmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu yanaşmasını əsassız hesab edir. İşdən görünür ki, iddiaçını etibarnamə və müvafiq vəkil orderi ilə məhkəmədə təmsil edən vəkil Nümayəndə “Ədalət" Vəkil Bürosunun adından həmin məktubları göndərmişdir. Bu iddiaçını təmsil edən vəkil tərəfindən həmin məktubların göndərilməsini, yaxud onun hazırki iş üzrə səlahiyyətli nümayəndə və vəkil olmasını şübhə altına almır. Bu səbəbdən məhkəmənin qeyd edilən mövqeyi əsassızdır. İnsan Hüquqlarının və X4 haqqında Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsi nəzərdə tutur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konvensiyanın 6-cı maddəsi təkcə məhkəmə baxışı mərhələsinə deyil, həm də ondan əvvəlki və sonrakı mərhələlərə tətbiq edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, Sumqayıt Kommersiya Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, e-2-2(119)- 2230/2022 nömrəli və şikayət təmin edilmədən işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə məhkəmənin 30 dekabr 2022-ci il tarixli, e-2-2(119)-2230/2022 nömrəli qərardadları ləğv edilməli, iddia ərizəsinin icraata götürülməsi məsələsinə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.2-ci maddəsinə əsasən baxılması üçün hazırki iş Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 397.2, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya 23 dekabr 2022-ci il tarixli, e-2-2(119)-2230/2022 nömrəli və şikayət təmin edilmədən işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə 30 dekabr 2022-ci il tarixli, e-2-2(119)-2230/2022 nömrəli qərardadları ləğv edilsin. İddia ərizəsinin icraata götürülməsi məsələsinə baxılması üçün e-2-2(119)- 2230/2022 nömrəli iş Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar