Məhkəmə qərarları › İş №2-2(105)-151/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-151/2021

11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-151/2021 11.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli e-2-2(119)-1134/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli e-2-2(119)- 1134/2021 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. İddiaçı Sumqayıt Kommersiya Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli e-2- 2(119)-1134/2021 nömrəli qərardadından şikayət vermişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1134/2021 saylı 27 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim X.Tağıyev) Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə Sumqayıt Kommersiya Məhkəməsinə 11 iyun 2021-ci ildə müraciət olunmuş, lakin məhkəmə cavabdeh "xxxx" MMC-nin ünvan 1 ünvanının Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olmasına və bu səbəbdən mübahisəyə həmin məhkəmədə baxılmalı olmasına əsaslanaraq 16 iyun 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarmışdır. Bununla əlaqədar olaraq, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Bakı Kommersiya Məhkəməsinə göndərilmiş, lakin həmin məhkəmə 24 iyun 2021-ci il tarixli, e-2-2(113)-3235/2021 nömrəli qərardadı ilə cavabdehin hüquqi ünvanının (ünvan 3diksiyasına aid olmasını əsas göstərməklə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarmışdır. Həmin qərardaddan İddiaçı MMC-nin verdiyi şikayətə baxan Bakı Apellyasiya Məhkəməsi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun dövlət qeydiyyatının ərazi aidiyyətinin hüquqi şəxsin hüquqi ünvanı əsasında müəyyən olunmasını müəyyən edən 12.10-cu maddəsinə əsaslanaraq 18 avqust 2021-ci il tarixli 2- 2(103)-943/2021 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 24 iyun 2021-ci il tarixli e-2-2(113)3235/2021 nömrəli qərardadını dəyişdirmədən saxlamışdır. Göründüyü kimi, İddiaçı MMC iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə "xxxx" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən əvvəl müraciət etmişdir. Lakin məhkəmə əsassız olaraq kommersiya mübahisəsinin Bakı Kommersiya Məhkəməsində baxılmalı olmasını əsas göstərməklə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarmışdır. Odur ki, "xxxx" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə 149.2.4-1 və 152.1.6-1-ci maddələrinin tələbləri İddiaçı MMC-nin həmin qanunun qüvvəyə minməsindən əvvəl məhkəməyə təqdim etdiyi iddia ərizəsinə tətbiq oluna bilməz. Qeyd olunanlara əsasən, iddiaçı məhkəmədən Sumqayıt Kommersiya Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli e- 2-2(119)-1134/2021 qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli e-2-2(119)- 1134/2021 saylı qərardadı ilə həmin iddia ərizəsi iddiaçıya geri qaytarılmışdır. Məhkəmə müəyyən etmişdir ki İddiaçı MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdə artıq "xxxx" Azərbaycan Respublikası Qanunu qüvvəyə minmiş, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələbinə riayət edilməsini təsdiq edən sənəd məhkəməyə təqdim olunmadığına görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı MMC-nin əvvəllər dəfələrlə məhkəməyə müraciət etməsi və iddia ərizəsinin icraata götürülmədən geri qaytarılması onun "xxxx" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra məhkəməyə müraciət edərkən həmin Qanunun məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirakı tələbini istisna etmir. Kollegiya iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, "xxxx" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə həmin Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikasının 25.07.2021-ci il tarixdə qüvvəyə minmiş müvafiq qanunu ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə 149.2.4-1 və 152.1.6- 1-ci maddələr əlavə edilmişdir. Mülki-Prosessual Məcəlləyə əlavə edilmiş 149.2.4-1-ci maddəyə əsasən "xxxx" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. 152.1.6-1-ci maddəyə əsasən isə, "xxxx" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddiaçı şikayətində "xxxx" qanunun qüvvəyə minməsindən əvvəl MMC-nin məhkəməyə təqdim etdiyi iddia ərizəsinə tətbiq oluna bilməməsinə əsaslanmışdır. Bununla bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC-nin "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət olunmadığı üçün dəfələrlə müxtəlif əsaslarla, sonuncu dəfə isə həm iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına riayət olunmadığı, həm də ərazi aidiyyəti qaydaları pozulduğu üçün geri qaytarılmışdır. İddiaçı MMC-nin sonuncu iddia ərizəsində cavabdeh "xxxx" MMC-nin ünvanı “ünvan 4 aidiyyəti qaydaları pozulması kimi qiymətləndirilmişdir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının əvvəllər məhkəməyə müraciət etməsi və onun iddia ərizəsinin icraata götürülmədən geri qaytarılması növbəti dəfə məhkəməyə müraciət edərkən onu həmin vaxt qüvvədə olan prosessual qanunvericiliyin tələblərinə əməl etmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən "xxxx" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən, "xxxx" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Mülki-Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1134/2021 saylı 13 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar