Məhkəmə qərarları › İş №2-2(105)-155/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-155/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-155/2021 13.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı2 Cavabdeh Firmasına qarşı "borcun tutulması" tələbi barədə iddia ərizəsinə və Cavabdeh Firmasının İddiaçı2nə qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-543/2021 saylı, 17 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı2 05 noyabr 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Firmasına qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, öhdəlik tam yerinə yetirilmədiyinə görə yerinə yetirilməyən öhdəlik həcmində ödənilmiş 102632,56 manat pulun geri ödənilməsi, dəymiş maddi zərərin əvəzinin pul şəklində məhkəmə tərəfindən 30000 manat təyin edilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ümumilikdə ƏDV ilə birlikdə 565125,60 manat dəyərində 156 min ton bərk dağ süxurunun alınması məqsədilə alıcı İddiaçı2 MMC ilə satıcı Cavabdeh Firması arasında 26 noyabr 2019-cu il tarixli 1733İS-01 nömrəli Alğısatqı müqaviləsi bağlanılmışdır. Tərəflər arasında bağlanılmış həmin Alğı-satqı müqaviləsinə əsasən təhvil verilməsi nəzərdə tutulan 46800 ton daş üçün 143676 manat məbləğində, yəni ümumi müqavilə dəyərinin 30 faiz həcmində avans 03 dekabr 2019-cu il tarixdə cavabdehə ödənilmişdir. Cavabdeh öhdəliyin bir qismini, yəni 2020-ci ilin mart ayından iyun ayına qədər cəmi 13369,2 ton (1 ton mal x 3,07 manat = cəmi 41043,44 manat dəyərində) icra etsə də, naməlum səbəblərə görə öhdəliyin qalan hissəsinin icra edilməsini dayandırmışdır ki, nəticədə alıcıya öhdəliyin dayandırılmasına görə maddi ziyan vurmuşdur. Bununla bağlı göndərilən ilkin pretenziyanı cavabdeh qəbul etməmiş və öhdəliyin bütünlüklə icra edildiyini bildirərək əlavə ödəniş tələb etmişdir ki, bu da əsassızdır. Buna görə də, cavabdehə təkrar pretenziya təqdim edilərək, cavabdehdən 30 faiz ödənilmiş avans vəsaitdən yerinə yetirilməyən öhdəliyə görə 102632,56 manat məbləğində pulun qaytarılması tələb edilmişdir. Belə ki, tərəflər arasında bağlanılmış 26 noyabr 2019-cu il tarixli 1733-İS-01 nömrəli Alğı-satqı müqaviləsinin 3.3.1-ci maddəsinə əsasən satıcı müqavilə ilə razılaşdırılmış maldan az miqdarda mal verdikdə, Alıcı ödədiyi pul məbləğinin geri qaytarılması hüququndan istifadə edərək, verilmiş pulu geri tələb edə bilər. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə məhkəmə prosesi zamanı Cavabdeh Firması 07 dekabr 2020-ci ildə İddiaçı2nə qarşı qarşılıqlı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı2ndən Cavabdeh Firmasının xeyrinə müqavilədən irəli gələn 169537,68 manat məbləğində (25861,68 manat ƏDV daxil olmaqla) pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və həmin qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı "xxxx" Firması ilə alıcı "xxxx" MMC arasında ƏDV ilə birlikdə 565125,60 manat dəyərində 156 min ton bərk dağ süxurunun satılması məqsədilə 26 noyabr 2019-cu tarixli 1733-İS-01 nömrəli Alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1 və 2.1-ci bəndlərinə və müqaviləyə 1 saylı Əlavəyə əsasən Satıcı Alıcıya 156000 ton çəkisində sıxlığı 2,2 qr/kubdən az olmamaq şərtilə bərk dağ süxuru satmağı, Alıcı isə Satıcıya 478920 manat (ƏDVsiz) vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən hər 30 faiz həcmində avans ödəməklə Alıcı malı Satıcıdan alır. Alıcı son 10 faizini isə mal tam verildikdən sonra ödəməli idi. Tərəflər arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli müqavilənin bağlanmasına qədər ilkin danışıqların nəticəsi olaraq gələcək müqavilənin icrası üçün "xxxx" Firması "xxxx" MMC ilə podrat müqaviləsi bağlamış və həmin müqavilə əsasında Podratçı 60700 kub metr həcmində dağ süxuru olan dolomiti ilkin dağıdaraq Sifarişçiyə (Satıcıya) təqdim etməli idi. Həmin süxurun sıxlıq əmsalı 2,6 qr/kub sm olduğundan, çıxarılan süxurun çəkisi 157820 ton- yəni, alğı-satqı müqaviləsinin tələbləri həcmində olmuşdur. Alğı-satqı müqaviləsinə uyğun olaraq təqdim edilən 09.12.2019-cu il tarixli EBAD 596049 saylı hesab-fakturaya uyğun olaraq Alıcı tərəfindən müqavilənin 30 faizini təşkil edən 46,8 ton mal üçün 143676 manat vəsait ödənmişdir. Ödənilən vəsaitə uyğun olaraq "xxxx" Firması tərəfindən Alıcıya 46800 ton həcmində mal verilmişdir. Satıcı tərəfindən müqavilə şərtlərinə uyğun olaraq tələb olunan mal tam olaraq tədarük olunmasına baxmayaraq, Alıcı həmin mal üçün sonrakı ödəmələri həyata keçirməmiş və malın təhvil alınmasını təmin etməmişdir. Alıcı heç bir əsas göstərmədən avans ödənişləri həyata keçirməməklə, faktiki olaraq müqavilənin icrasindan imtina etmişdir. Bununla da, cavabdeh həm müqavilə, həm də Mülki Məcəllə ilə müəyyən edilmiş vəzifələrini icra etməmişdir. Belə ki, Mülki Məcəllənin 596.1-ci maddəsinə əsasən Alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alğı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. Yəni, Alıcı sifariş etdiyi əşyada müqavilə çərçivəsində hər hansı bir qüsuru yoxdursa, qəbul etməyə və əvəzini ödəməyə borclu olduğu halda bunu etməmiş, faktiki olaraq müqavilənin icrasından imtina etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.5-ci bəndinə əsasən əgər Alıcı və ya Satıcı müqavilədən heç bir səbəb olmadan imtina edərsə, müqavilə həcminin 30 faizi həcmində cərimə ödəyir. Yuxarıda qeyd edildiyi kimi, müqavilənin 2.1-ci bəndinə uyğun olaraq 1 saylı Əlavə ilə müqavilənin ümumi məbləği 565125,6 manat (86205,6 manat ƏDV daxil olmaqla) təşkil etmişdir. Bu məbləğin 30 faizi isə 169537,7 manat (25861,68 manat ƏDV daxil olmaqla) təşkil edir. Bundan başqa, "xxxx" MMC iddiasında ona malın təhvil verilmədiyini göstərmişdir. Halbuki, tərəflər arasında bağlanmış Müqavilənin 3.2.3-cü bəndinə əsasən Satıcı, yəni "xxxx" Firması malı dağ süxurunun çıxarıldığı yerin və Alıcının daş qırıcısının yaxınlığında olan daşıma məntəqəsində təhvil verməli İdi. "xxxx" Firması da malı həmin məntəqəyə tədarük etmiş və hal-hazırda da həmin mal orada yerləşir. "xxxx" Firması tərəfindən dəfələrlə email yazışmaları ilə Alıcıya məlumat verilərək, malın hazır olduğu, onun tədarükü üçün artıq yerin qalmadığının bildirilməsinə baxmayaraq, qarşı tərəf malı qəbul etməmiş, müqavilə şərtləri üzrə digər ödəmələri həyata keçirməmişdir. Göründüyü kimi, Alıcı müqavilə şərtlərini pozmuş, müqavilə və qanunvericiliklə müəyyən edilmiş öhdəlikləri icra etməmişdir. Bununla əlaqədar olaraq son dəfə 16 noyabr 2020-ci il tarixində pretenziya məktubu ilə müraciət edilməsinə baxmayaraq, Alıcı yenə də Satıcının tələblərini icra etməmişdir. 18 mart 2021-ci ildə İddiaçı2 MMC tərəfindən məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edilərək, Cavabdeh Firmasından avans məbləğinin icra edilməmiş qalan 102632,56 manat hissəsinin, 30000 manat dəymiş ziyanın, 169537,68 manat cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı2nə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və ərizə onunla əsaslandırılmışdır ki, məhkəməyə elektron formada təqdim edilən iddia ərizəsində dəymiş maddi ziyanın 30000 manat təyin edilməsi xahiş edilsə də, İddiaçı2 MMC-nin direktoru tərəfindən imzalanmış və ayrıca PDF faylında iş materiallarına əlavə edilmiş iddia ərizəsində texniki səhvə yol verilərək, “məhkəmə tərəfindən 30000 manat təyin edilməsi” əvəzinə, “məhkəmə tərəfindən təyin edilməsi” kimi qeyd edilmişdir. Bu səbəbdən həmin hissədə iddia tələbinin dəqiqləşdirilməsinə zərurət vardır. Bundan əlavə, cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsində, tərəflər arasında bağlanmış müqavilənin 3.5-ci bəndinə istinad edilərək, guya İddiaçı2 MMC-nin müqavilənin icrasından əsassız imtina etməsi göstərilərək, müqavilə dəyərinin 30% həcmində cərimə ödənilməsi tələb edilir. Halbuki, müqavilə üzrə öhdəlikləri pozan və Alğı-satqı müqaviləsinin predmeti olan malları vaxtında və düzgün formada təhvil verməyən, bununla da müqavilənin icrasından imtina edən məhz cavabdehin özü olmuşdur. Lakin İddiaçı2 MMC ilkin iddia ərizəsində tolerantlıq nümayiş etdirərək heç bir əlavə cərimə tələb etməmiş, yalnız avans şəklində ödənilmiş pulun icra edilməmiş hissəsinin geri qaytarılmasını və ona dəymiş maddi ziyanın əvəzi olaraq 30000 manat pulun ona ödənilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən əsassız olaraq həmin məsələ qaldırıldığından, işin hazırkı mərhələsində iddiaçı tərəf hesab edir ki, iddia tələbinin həcmi artırılmalı və müqavilənin şərtlərini pozaraq malları vaxtında və düzgün formada təhvil verməyən, bununla da faktiki olaraq müqavilədən imtina edən Cavabdeh Firmasından müqavilənin ümumi dəyərinin 30% hissəsi, yəni ƏDV daxil 169537,70 manat məbləğində pul alınaraq İddiaçı2 MMC-yə ödənilməlidir. Bundan əlavə, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qarşılıqlı iddia ərizəsinə etiraz edilərək, həmin qarşılıqlı iddia ərizəsinə dair aşağıda qeyd olunan xüsusatlar məhkəmənin diqqətinə çatdırılır: 1. Qarşılıqlı iddia ərizəsində Cavabdeh Firması İddiaçı2 MMC tərəfindən ona müqavilənin ümumi dəyərinin 30%-ni təşkil edən 143676 manat vəsait ödənildiyini etiraf edir. Deməli bu hissə işin mübahisəsiz halıdır. 2. Cavabdeh Firması ödənilən vəsaitə uyğun olaraq 46800 ton həcmində mal verdiyini qeyd etsə də, həmin həcmdə malın verilməsini təsdiq edən heç bir sənədi məhkəməyə təqdim edə bilmir. Yəni, 46800 ton həcmində malın verilməsinə dair sübutetmə yükü Cavabdeh Firmasının üzərində olsa da, bu sübuta yetirilmir. 3. Cavabdeh Firması öz qarşılıqlı iddia ərizəsində qeyd olunanlara əsasən 46800 ton həcmində malı İddiaçı2 MMC-yə verdiyini, lakin İddiaçı2 MMC-nin sonrakı avansları ödəməkdən yayındığını bildirir. Doğrudan da, tərəflər arasında bağlanan müqavilənin 2-ci bəndinə uyğun olaraq, malın dəyərinin əvvəlcə 30% həcmində ilkin avans ödənişi, ödənilmiş avans dəyərində mallar təhvil verildikdən sonra isə növbəti 30% avans ödənişi, qeyd edilən ikinci avans üzrə məbləğin 100% dəyərində mal verildikdən sonra da üçüncü tranşla müqavilə dəyərinin 30% hissəsinin ödənilməsi, sonda isə müqavilədə nəzərdə tutulan 156000 ton mal tam təhvil verildikdən sonra pulun yerdə qalan 10% hissəsinin ödənilməsi razılaşdırılmışdır. Yəni, müqaviləyə əsasən ödənişlər 30%+30%+30%+10% şəklində nəzərdə tutulurdu və burada növbəti ödəniş üçün mütləq əvvəlki ödənilmiş avans məbləğinə uyğun olaraq tam həcmdə malın təhvil verilməsi tələb edilirdi. Cavabdeh Firması öz qarşılıqlı iddia ərizəsində qeyd edir ki, İddiaçı2 MMC heç bir əsas göstərmədən avans ödənişləri həyata keçirməməklə, faktiki olaraq müqavilənin icrasından imtina etmişdir”. Bu fikrə münasibətdə İddiaçı2 MMC bildirir ki, bu fikir əsassız olmaqla yanaşı, cavabdehin sonrakı fikirləri ilə ziddiyyət təşkil etməkdədir. Belə ki, Cavabdeh Firması birinci dəfə aldığı 30% avans məbləğinə uyğun olaraq 46800 ton mal təhvil verməli olduğu halda, o, cəmi 13369,2 ton mal təhvil vermiş, qalan malı isə təhvil verməmişdir. Məhz bu səbəbdən tərəflər arasında mübahisə başlamışdır. Belə olduğu halda, yəni cavabdeh aldığı 30% avansın müqabilində 46800 ton malı təhvil verməyib, cəmi 13369,2 ton mal təhvil vermişsə, nə üçün ona ikinci dəfə 30% avans verilməlidir? Bu səbəbdən Cavabdeh Firmasının İddiaçı2 MMC barəsində guya “avans ödənişləri həyata keçirməməklə faktiki olaraq müqavilənin icrasından imtina etməsi” barədə qeyd etdiyi fikir tamamilə əsassızdır. Müqavilədən imtina edən tərəf İddiaçı2 MMC olmamışdır. 4. Cavabdeh Firması öz qarşılıqlı iddia ərizəsində qeyd edir ki, “alıcı, yəni İddiaçı2 MMC sifariş etdiyi əşyada müqavilə çərçivəsində hər hansı bir qüsuru yoxdursa, qəbul etməyə və əvəzini ödəməyə borclu olduğu halda bunu etməmiş, faktiki olaraq müqavilənin icrasından imtina etmişdir”. Yuxarıda da qeyd edildiyi kimi, Cavabdeh Firmasının qarşılıqlı iddia ərizəsində qeyd etdiyi fikirlər bir-biri ilə ziddiyyət təşkil edir. Belə ki, əvvəlcə o, “46800 ton malı tam təhvil verdiyini, İddiaçı2 MMC-nin sonrakı avans ödənişlərini etməyərək, müqavilədən faktiki imtina etdiyini” qeyd etsə də, burada isə guya “Alıcının malı qəbul etməkdən imtina etdiyini, bununla müqavilədən faktiki imtina etdiyini” bildirir. Cavabdeh Firması tərəfindən göndərilmiş 16 noyabr 2020-ci il tarixli pretenziya məktubunda o, guya 46800 ton həcmində mal təhvil verildiyini, bundan sonra malın növbəti 30 faizi barədə sifariş verməməklə faktiki olaraq müqaviləyə birtərəfli qaydada xitam verildiyini bildirir. Göründüyü kimi, Cavabdeh Firması pretenziya məktubunda da, 1-ci avansa görə nəzərdə tutulan 46800 tonu təhvil verdiyini, sadəcə 2-ci avans üçün malın sifariş verilmədiyini və pulun köçürülmədiyini bildirir. Elə isə İddiaçı2 MMC-nin malı qəbul etməməsi” barədə fikirlər əsassız olduğundan, məhkəmə tərəfindən qəbul edilməməlidir. 5. Cavabdeh Firması öz qarşılıqlı iddia ərizəsində malların təhvil verilməsi məsələsində müqavilənin 3.2.3-cü bəndinə əsassız istinad edərək, malı Alıcının daş qırıcısının yaxınlığında olan daşıma məntəqəsində təhvil verməli olduğunu qeyd edir. Bu istinad yanlışdır. Cavabdehin istinad etdiyi 3.2.3-cü maddə Satıcının vəzifələrini qeyd edərək, malın hansı əraziyə qədər daşınmalı olduğunu onun üzərinə vəzifə kimi qoyur. Malın təhvil verilməsi şərtləri müqavilədə ayrıca hissədə, 4-cü bənddə ətraflı şəkildə qeyd edilmişdir. Burada Satıcının gündəlik minimum 1000 m3-dən az olmamaqla malı Alıcıya təhvil verməli olduğu (4.1-ci bənd), Satıcının malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri Alıcıya təqdim etməli olduğu (4.3-cü bənd) və ən əsası mal təhvil verilərkən tərəzidə çəkilməli olduğu, mal tərəzidə çəkiləndə Satıcının nümayəndəsinin iştirakının təmin olunması, Alıcı rəsmi tərəzi qaimələrini mallar təqdim edildikdən sonra Satıcıya təqdim etməli olduğu və təqdim edilən malların həcmini təsdiq edən sənədin məhz tərəzi qaimələri hesab edildiyi bildirilir. Hazırki iş üzrə, Satıcı əsassız olaraq 46800 ton mal təhvil verdiyini qeyd etsə də, bunu təsdiq edən nə hesab-fakturanı, nə də tərəzi qaimələrini məhkəməyə təqdim etmir. 6. Cavabdeh Firması öz qarşılıqlı iddia ərizəsində Mülki Məcəllənin 570.1.2-ci maddəsinə (əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi, əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır) istinad etmişdir. Bu istintad da əsassızdır. Çünki, həmin maddənin hazırkı münasibətlərə tətbiq edilməsinə, yalnız müqavilədə bu barədə ayrı qayda nəzərdə tutulmadığı halda yol verilir. Yuxarıda da qeyd edildiyi kimi, tərəflər arasında imzalanmış Alğı-satqı müqaviləsində malın təhvil verilməsi şərtləri xüsusi olaraq 4-cü maddədə ətraflı şəkildə qeyd olunmuşdur. Bu səbəbdən təhvil-təslim ilə bağlı müqavilə əvəzinə Mülki Məcəlləyə istinad əsassızdır. Qeyd olunanlardan əlavə, hazırkı mübahisə üzrə aşağıdakı xüsusatlar da məhkəmənin diqqətinə çatdırılır: Cavabdeh Firmasına müqavilə şərtlərinə uyğun olaraq ümumi müqavilə dəyərinin 30%-i həcmində, yəni 143676 manat pul köçürülsə də, o, cəmi 13369,2 ton mal təhvil vermişdir. Bundan əlavə, müqavilənin şərtlərini pozaraq, gündəlik ən azı 1000 m3 daş verməli olduğu halda, bunu etməmiş və nəticədə İddiaçı2 MMC-nin Bakı Beynəlxalq Dəniz Limanına mal verilməsi barədə öhdəliklərinin gecikməsinə, həmin müqavilənin ləğv edilməsinə və İddiaçı2 MMC-yə 30000 manat məbləğində maddi ziyan dəyməsinə səbəb olmuşdur. Göstərilənlərə əsasən, iddiaçı hesab edir ki, hazırki mərhələdə iddia tələbinin həcmi dəqiqləşdirilərək artırılmalı və Cavabdeh Firmasından malın ümumi həcminin (156000 ton) 30% hissəsi, yəni 46800 ton mal üçün ödənilmiş 143676 manatdan cavabdehin təhvil verdiyi 13369,2 tonun dəyəri olan 41042,83 manat (hər ton üçün 3,07 manat hesablanmaqla) çıxılmaqla, yerdə qalan 102632,56 manat pulun, dəymiş maddi zərərin əvəzi olaraq 30000 manat məbləğində pulun, cavabdehin malı məlum olmayan səbəblərdən təhvil verməməsinə və bununla da faktiki olaraq müqavilədən imtina etməsinə görə müqavilənin ümumi dəyərinin 30%-i həcmində, yəni ƏDV daxil 169537,68 manat həcmində cərimə pulunun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı2 MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Şəki Kommersiya Məhkəməsinin 18 mart 2021-ci il tarixli e-2-2(117)-21/2021 nömrəli qərardadı ilə həmin iddia və qarşılıqlı iddia ərizələrinə dair kommersiya işi baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh Firması tərəfindən 22 iyul 2021-ci ildə məhkəməyə “qarşılıqlı iddia tələbinin artırılması” barədə ərizə təqdim edilərək, İddiaçı2 MMC-dən Cavabdeh Firmasının xeyrinə müqavilədən irəli gələn 169537,68 manat (25861,68 manat ƏDV daxil olmaqla) məbləğində cərimənin, əsassız varlanmaya görə 81179 manat (ƏDV daxil olmadan) məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumu qismində 30 manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə aparılan məhkəmə prosesində sübutların tədqiqi zamanı İddiaçı2 MMC-nin Cavabdeh Firması hesabına əsassız varlanması müəyyən edilmişdir. Belə ki, iş materallarında olan podratçı "xxxx" MMC ilə sifarişçi İddiaçı2 MMC arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli 1733-A.Bay001 saylı Podrat Müqaviləsinin 1.1-ci bəndinə və Müqaviləyə 1 nömrəli Əlavəyə əsasən Podratçı ümumi dəyəri 180000 manat (32400 manat ƏDV daxil olmadan) olmaqla 60000 ton miqdarında bərk dağ süxurunundaşların qırılmasını öhdəsinə götürmüşdür. Məhkəmə zamanı şahid qismində ifadə verən "xxxx" MMC-nin təsisçisi və direktoru Ali Bayram bildirmişdir ki, İddiaçı2 MMC ilə bağladığı müqavilənin 2.2.2-ci bəndinə uyğun olaraq daşqıran avadanlığı Cavabdeh Firmasının istifadəsində olan “Qələndərtəpə” dolomit yatağının ərazisində quraşdırılmış və həmin müqaviləyə uyğun olaraq Cavabdeh Firmasının İddiaçı2 MMC-yə satdığı daşların qırılmasını həyata keçirmişdir. İş materallarında olan İddiaçı2 MMC-nin "xxxx" MMC-yə ünvanladığı 09.12.2020-ci il tarixli 183 nömrəli Pretenziya məktubundan görünür ki, İddiaçı2 MMC "xxxx" MMC-yə verdiyi 60000 ton daşı qırmamasına görə ona öz etirazını bildirmişdir. Yəni, həmin məktubdan görünür ki, İddiaçı2 MMC Cavabdeh Firmasından 60000 ton malı aldığını dolayı yolla etiraf etmişdir. Bundan başqa, iş materallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Geologi Kəşfiyyat Xidməti tərəfindən aparılmış baxış və hesablama barədə arayışdan göründüyü kimi, Abşeron rayon İcra Hakimiyyətinin 26.11.2019-cu il tarixli 1884 saylı razılıq məktubu ilə dolomit yatağından tikinti materiallarının çıxarılması və istehsalı məqsədilə ayrılmış 2 ha torpaq sahəsinin topoqrafik Plan xəritəsi ilə müəyyən edilmiş ərazidə (“Qələndərtəpə” dolomit yatağında) müxtəlif ölçülər üzrə doğranmış 17224 kubmetr və doğranması üçün yığılmış 9044 kub metr həcmdə dolomit süxuru mövcuddur. İş materiallarında olan və İddiaçı2 MMC-nin mübahisələndirməyərək müqavilənin icrası zamanı qəbul etdiyi Azərbaycan Mühəndis və İnşaat Universitetinin nəzdində X3 Tədqiaqat və Sınaq Laboratoriyasının 13.01.2020- 14.01.2020-ci il tarixli sınaq nəticələrinə əsasən dolomit süxurunun orta sıxlıq əmsalı 2700 kq/m3((2700+2685+2710)/3=2700) olmuşdur. Nəticədə, AR ETSN GKX-nin təqdim etdiyi arayışa uyğun olaraq Cavabdeh Firmasının istifadəsində olan dolomit yatağının ərazisində "xxxx" MMC tərəfindən doğranmış, lakin İddiaçı2 MMC-nin aparmadığı 17224*2,7=46504 ton və doğranması üçün yığılmış 9044*2,7=24418 ton dolomit süxurunun mövcud olduğu sübut edilir. İddiaçı2 MMC-nin iddia ərizəsindən və nümayəndəsinin məhkəmə zamanı verdiyi izahatlarından göründüyü kimi, İddiaçı2 MMC 13369,2 ton malı birbaşa olaraq tərəzi yerləşən əraziyə apararaq qəbul etdiyini etiraf edir. Eyni zamanda, İddiaçı2 MMCnin "xxxx" MMC-yə ünvanladığı pretenziya məktubundan göründüyü kimi, iddiaçı 13369 ton qırılmış dolomitin aparıldığını etiraf edir. Yəni, İddiaçı2 MMC 46800 ton malın qiymətini ödədiyi halda, Cavabdeh Firmasından 73369 ton mal qəbul edildiyi müəyyən edilir. Yəni, İddiaçı2 MMC 73369-46800=26422 ton artıq mal apararaq, əvəzini ödəmədən əsassız varlanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə 1 saylı Əlavəyə əsasən Alıcı Satıcıya malın hər tonuna görə 3,07 manat ödəməlidir. Bu isə 26422 ton üçün 81179 manat (ƏDV daxil olmadan) vəsait deməkdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.1-ci bəndinə əsasən birinci tranş üzrə malın qəbulu həyata keçirildikdən sonra Alıcı malın 30 faizi həcmində ikinci tranşı ödədikdən sonra malı apara bilərdi. Beləliklə də, İddiaçı2 MMC ödənişdən əlavə olaraq təhvil aldığı 26422 ton mala görə də 81179 manat (ƏDV daxil olmadan) dəyərində malın əvəzini ödəməyərək, əsassız varlanması həm faktiki, həm də hüquqi əsasla sübut edilir. İddiaçı2 tərəfindən 17 avqust 2021-ci ildə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edilərək, Cavabdeh Firmasından köçürülmüş avans məbləğinin icra edilməmiş qalan 102632,56 manat hissəsinin, həmçinin köçürülmüş ƏDV məbləğinin qalan 18473,77 manat hissəsinin, 30000 manat məbləğində dəymiş maddi ziyanın, 169537,68 manat məbləğində cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı2 MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı2 MMC tərəfindən məhkəməyə təqdim edilən iddia ərizəsində Cavabdeh Firmasından köçürülmüş avans məbləğinin icra edilməmiş qalan 102632,56 manat hissəsi tələb edilsə də, həmin məbləğin ƏDV hissəsi tələb edilməmişdir. İddiaçı2 MMC tərəfindən təqdim edilmiş arayışa əsasən müəyyən edilir ki, İddiaçı2 MMC ilə Cavabdeh Firması arasında bağlanılmış 26 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən ümumi həcmi 156 min ton bərk dağ süxurunun Alğı-satqısı ilə əlaqədar ümumilikdə ƏDV daxil 565125,60 manat dəyərində işlərin görülməsi öhdəliyi götürülmüşdür. İlkin olaraq 30% avans şəklində 46 min 800 ton həcmində işlərin təhvil verilməsinə görə 30% avans olaraq əsas məbləğdən 143676 (yüz qırx üç min altı yüz yetmiş altı) manat və ƏDV məbləğindən isə 25861,68 (iyirmi beş min səkkiz yüz altmış bir manat 68 qəpik) manat göndərilən elektron qaiməyə əsasən 03 dekabr 2019-cu ildə ödənilmişdir. Cavabdeh Firması ilkin görülməli olan işin həmcindən 13369,2 ton miqdarında, yəni əsas məbləğdən 41043,34 manatlıq və ƏDV məbləğdən isə 7387,91 manatlıq işləri görmüş və tərəzi-çəki qəbzi vasitəsilə təhvil vermişdir. Cavabdeh Firması görülməyən işlərə görə əsas məbləğdən 102632,66 manat ödəməli və ƏDV məbləğdən isə 18473,77 manat depozit hesaba geri qaytarma etməlidir. Bu səbəbdən geri qaytarılmalı olan ƏDV hissəsində iddia tələbinin dəqiqləşdirilməsinə zərurət vardır və Cavabdeh Firmasından köçürülmüş avans məbləğinin icra edilməmiş qalan 102632,56 manat hissəsinin, həmçinin köçürülmüş ƏDV məbləğinin qalan 18473,77 manat hissəsinin, 30000 manat məbləğində dəymiş maddi ziyanın, 169537,68 manat məbləğində cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı2 MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2-2(119)-543/2021 saylı qətnaməsi ilə İddiaçı2 tərəfindən Cavabdeh Firmasına qarşı verilmiş "borcun tutulması" barədə iddia tələbinin və Cavabdeh Firması tərəfindən İddiaçı2nə qarşı verilmiş “pul tələbi” barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. (hakim Z.Sadiqov). Qətnamədən narazı qalan İddiaçı2 apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-543/2021 saylı, 17 avqust 2021-ci il tarixli qətnaməsinin qismən, “İddiaçı2 tərəfindən Cavabdeh Firmasına qarşı verilmiş "borcun tutulması" barədə iddia tələbinin təmin edilməməsi” hissəsində ləğv edərək, həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin qətnamədən narazı qalan cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Firması apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 2- 2(119)-543/2021 saylı, 17 avqust 2021-ci il tarixli qətnaməsinin qarşılıqlı iddianın təmin edilməməsi və məhkəmə xərclərinin Cavabdeh Firmasına aid edilməsi hissəsində qismən ləğv edilməsi və Cavabdeh Firmasının iddiasının tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsi ədalətsizdir. Çünki, faktiki olaraq İddiaçı2 MMC tərəfindən avans ödənilsə də, həmin avans müqabilində daşlar cavabdeh tərəfindən tam təhvil verilməmiş, buna baxmayaraq, Cavabdeh Firmasına ödənilmiş avans isə geri qaytarılmamışdır. Belə halda, məhkəmənin gəldiyi hazırki nəticə yanlışdır, işin faktiki halları ilə üst-üstə düşmür. Bu səbəbdən həmin qətnamə apellyasiya qaydasında ləğv olunmalı və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı2 MMC tərəfindən Cavabdeh Firmasına 03.12.2019-cu il tarixdə müqavilənin ümumi dəyərinin 30%-ni təşkil edən 143676 manat vəsait və 25861,68 manat ƏDV olmaqla, ümumilikdə 169537,68 manat məbləğində pul ödənilmişdir. Bu hal iş materiallarında olan elektron qaimə ilə təsdiq edilir. Həmçinin, cavabdeh özü də pulun ödənildiyini həm qarşılıqlı iddia ərizəsində, həm də məhkəmə çıxışlarında etiraf etmişdir. Beləliklə, cavabdehə 169537,68 manat avans ödənilməsi işin mübahisəsiz halıdır. Cavabdeh qeyd edilən məbləğdə pulun ödənilməsinə baxmayaraq, həmin pulun qarşılığında 46800 ton həcmində mal İddiaçı2 MMC-nə təhvil verilməmişdir. Cavabdeh firması 46800 ton həcmində mal verdiyini qeyd etsə də, həmin həcmdə malın verilməsini təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Bu hissədə sübut etmə yükü Cavabdeh firmasının üzərində olsa da, həmin hissə sübuta yetirilməmiş, bunun əvəzində cavabdeh müxtəlif üsullarla guya həmin həcmdə malın verilməsini təsdiq etməyə çalışmışdır. Halbuki, tərəflər arasında bağlanan 26.11.2019-cu il tarixli müqavilədə malın təhvil verilməsi şərtləri müqavilədə ayrıca hissədə, 4-cü bənddə ətraflı və aydın şəkildə qeyd edilmişdir. Burada satıcının gündəlik minimum 1000m3-dən az olmamaqla malı alıcıya təhvil verməli olduğu (4.1-ci bənd), satıcının malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri Alıcıya təqdim etməli olduğu (4.3-cü bənd) və ən əsası mal təhvil verilərkən tərəzidə çəkilməli olduğu, mal tərəzidə çəkiləndə, satıcının nümayəndəsinin iştirakının təmin olunması, alıcı rəsmi tərəzi qaimələrini mallar təqdim edildikdən sonra satıcıya təqdim etdiyini və təqdim edilən malların həcmini təsdiq edən sənədin məhz tərəzi qaimələrinin hesab edildiyi bildirilir. Hazırki iş üzrə satıcı əsassız olaraq 46800 ton mal təhvil verdiyini qeyd etsə də, bunu təsdiq edən nə hesab-fakturanı, nə də tərəzi qaimələrini məhkəməyə təqdim edə bilməmiş, bunun əvəzində həmin həcmdə malın hal-hazırda daşqıran ərazisində olduğunu bildirərək, guya dolayı üsullarla öz üzərinə düşən öhdəliyi yerinə yetirdiyini və malı təhvil verdiyini sübut etməyə çalışmışdır. Tərəflərindən məhkəmə iclasları zamanı da bildirilmişdir ki, həmin malın hal-hazırda orada olub-olmaması nəyisə həll etmir. Həmin mallar sonradan da daşınıb ora yığıla bilərdi. Qeyd edilən malları vaxtında təhvil vermək lazım idi ki, İddiaçı2 MMC digər şirkətlər qarşısında öz öhdəliyini yerinə yetirə bilsin. Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə məhkəmə öz fikrini belə əsaslandırmışdır ki, “alıcı İddiaçı2 MMC tərəfindən satıcı Cavabdeh Firmasına 46800 ton həcmində malın verilməsi üçün məlum Müqavilənin 2.2.1–ci bəndinin tələblərinə uyğun olaraq 143676 manat məbləğində pul vəsaiti (ƏDV xaric) ödənilmiş olsa da, həmin ödəniş üzrə nəzərdə tutulan mal həmin Müqavilənin 4.1–ci bəndinin tələblərinə uyğun olaraq məlum ödəniş həyata keçirildikdən sonra 30 gün ərzində yuxarıda qeyd olunan pul vəsaitinə görə Alıcıya hər hansı bir miqdarda mal təhvil verilməmişdir. Lakin alıcı İddiaçı2 MMC-nin etirafına görə Müqavilədə qeyd olunan pul ödənişindən hesablanan 30 günlük icra müddəti başa çatdıqdan sonra satıcı Cavabdeh Firması tərəfindən 2020-ci ilin mart ayından iyun ayınadək olan müddətdə təhvil verilən cəmi 13369,2 ton həcmində (41043,44 manat dəyərində) mal qəbul edilmişdir. Yəni, mal müqavilədə nəzərdə tutulan müddətdə təhvil verilmədikdə, Alıcı ödəmiş olduğu pul vəsaitini tələb etməmiş və müqavilə öhdəliyi üzrə gecikdirilmiş icranı faktiki olaraq qəbul etmişdir”. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən də, Cavabdeh Firmasının müqavilə öhdəliklərini yerinə yetirməyərək, icranı gecikdirməsini təsdiq edir. Lakin, alıcı İddiaçı2 MMC-nin gecikdirilmiş icranı qəbul etdiyini bildirmişdir. Halbuki, həmin dövrdə İddiaçı2 MMC həmin malları gecikmə ilə də olsa qəbul etməyə məcbur idi, çünki digər üçüncü şəxslər qarşısında öhdəliyi var idi. Belə ki, iş materiallarından da məlumdur ki, İddiaçı2 MMC həmin daşları Cavabdeh firmasından alıb “X2” layihəsinə təhvil verirdi. Bu səbəbdən həmin daşların gecikməsinə baxmayaraq, məcbur olub gözləməli olmuşdur ki, digər müqaviləni pozan tərəf olmasın. Qətnamədə məhkəmə tərəfindən iş geniş şəkildə araşdırılmasına baxmayaraq, düzgün hüquqi mövqeyə gəlməmiş, faktiki olaraq müqavilənin icra edilməsinə və pozuntu olmasına baxmayaraq, məhkəmə həmin pozuntunun kimin tərəfindən yerinə yetirilməsini müəyyənləşdirməmiş və natamam qətnamə qəbul etmişdir. Şikayətdə göstərilən xüsusatlar apellyasiya qaydasında ətraflı araşdırılmalı və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Firması apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassız olduğu üşün ləğv edilməli və Cavabdeh Firmasının İddiaçı2 MMC-yə qarşı qarşılıqlı iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh Firmasının qarşılıqlı iddia ərizəsində göstərdiyi bütün hallar sübuta yetirilmiş, eyni zamanda İddiaçı2 MMC-nin iddia ərizəsi ilə irəli sürülən əsasların heç biri təsdiqini tapmamışdır. İlkin iddia tələbinin əsası ondan ibarət olmuşdur ki, ilkin iddiaçı ödədiyi vəsait – avans qarşılığında mal almadığı üçün ödənilmiş vəsaitin geri qaytarılmasını tələb edirdi. Məhkəmə ekspertizasının keçirilməsi barədə vəsatət təmin olunmasa da, digər məhkəmə prosesində tətbiq edilməsi üçün mübahisə predmeti olan dolomit daşlarının tədarük məntəqəsi olan “Qələndərtəpə” yatağında aparılmış mütəxəssis yoxlaması zamanı ərazidə müqavilə şərtləri çərşivəsində və həcmində çıxarılmış və ərazidə yerləşən daşqıran kombaynda xırdalanmış malın olduğu sübut edilmiş və məhkəmə buna qiymət vermişdir. Mütəxəssis rəyinə qiymət verərkən məhkəmə həmin rəyi şübhə altına almamışdır. Eyni zamanda məhkəmə zamanı şahid ifadəsi ilə sübut edilmişdir ki, tədarük məntəqəsində yerləşən həmin mal "xxxx" MMC tərəfindən Cavabdeh Firmasından qəbul edilərək emalı- xırdalanması üçün "xxxx" MMC-nin podratçısı olan "xxxx" MMC-yə təhvil verilmiş və o emal etmişdir. Lakin İddiaçı2 MMC qəbul edib və emala verdiyi malı ərazidən daşımamışdır. Eyni zamanda məhkəmə zamanı sübut edilmişdir ki, Cavabdeh Firması tərəfindən malın tədarükündə gecikmə olmamış, mal xırdalandıqdan sonra təhvil verilməsində baş vermiş gecikmə, iddiaçının daşıma üçün maşınlarla təmin etməməsi nəticəsində baş vermişdir. Və bu halda Cavabdeh Firmasının heç bir məsuliyyəti mövcud olmamışdır. Göründüyü kimi, işin məhkəmə araşdırılması zamanı Cavabdeh Firmasının iddiası tam olaraq sübuta yetirilmiş, müvafiq olaraq da ilkin iddianın əsassız olduğu da sübut edilmişdir. Lakin məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Firması apellyasiya şikayətinə əlavə təqdim etmiş və əlavəni onunla əsaslandırmışdır ki, apellyasiya şikayətində göstərilənlərdən başqa, aşağıdakı hallar məhkəmə tərəfindən prosessual hüquq pozuntusuna yol verildiyini, sübutların tam araşdırılmadığını və məhkəmə zamanı araşdırılmış sübutlara qətnamədə qiymət verilmədiyini göstərir. Belə ki, məhkəmə iclasında "xxxx" MMC tərəfindən mübahisələndirilmədən qəbul edilən fakta əsasən, "xxxx" MMC müqavilə əsasında "xxxx" Firmasından aldığı daşların qırılaraq xırdlanaması üçün "xxxx" MMC ilə müqavilə bağlamışdır. İş materallarında olan "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 18.11.2019-cu il tarixli 1733-A.Bay-001 saylı Müqavilənin 1.1-ci bəndinə və müqaviləyə 1-nömrəli əlavəyə əsasən Podratçı ümumi dəyəri 180.000 manat (32.400 manat ƏDV daxil olmadan) olmaqla 60.000 ton miqdarında bərk dağ süxurunundaşların qırılmasını öhdəsinə götürmüşdür. Məhkəmə zamanı şahid qismində ifadə verən "xxxx" MMC-nin təsisçisi və direktoru Ali Bayram bildirmişdir ki, "xxxx" MMC ilə bağladığı müqavilənin 2.2.2-ci bəndinə uyğun olaraq daş qıran avadanlığını "xxxx" Firmasının istifadəsində olan "Qələndərtəpə" dolomit yatağının ərazisində qurmuşdur və həmin müqaviləyə uyğun olaraq "xxxx" Firmasının "xxxx" MMC-yə satdığı daşların qırılmasını həyata keçirmişdir. İş materallarında olan "xxxx" MMC-nin "xxxx" MMC-yə ünvanladığı 09.12.2020-ci il tarixli 183 nömrəli Pretenziya məktubundan görünür ki, "xxxx" MMC "A.Bayramoğluya" verdiyi 60.000 ton daşı qırmamasına görə ona öz etirazını bildirmişdir. Yəni həmin məktubdan görünür ki, "xxxx" MMC-nin "xxxx" Firmasından 60.000 ton malı aldığını dolayı yolla etiraf etmişdir. İşə Sumqayıt Kommersiya Məhkəməsində baxılarkən həmin sübutlar məhkəmə zamanı araşdırılsa da, məhkəmə öz qətnaməsində bu sübuta qiymət verməmişdir. Bu halın digər sübutu kimi isə, cari iş üzrə məhkəmə qətnaməsi qəbul edildikdən sonradan məlum olan- Gilan İnşaat MMC-nin "xxxx" MMC-yə qarşı iddia ərizəsidir ki, həmin ərizəyə əsasən də "xxxx" MMC "A.Bayramoğluya" verilmiş 60.000 ton daşın qırılmaması səbəbindən eyni məbləği həmçinin onlardan tələb etməsidir. Belə ki, "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin ona verilmiş daşların yalnız 13369 ton (!) daşı qırdığını bildirmiş və bu səbəbdən ödədiyi pulun qalan hissəsini tələb etmişdir. Həmin iddia ərizəsinə əlavə edilən sənədlər arasında da yuxarıda adı şəkilən pretenziya məktubu mövcuddur. e-2-2(113)-2164/2021 sayl həmin iş Bakı Kommersiya Məhkəməsinin (hakim Leyla Əliyeva) icraatında olmuş, daha sonra "xxxx" MMC-nin vəsatəti əsasında "xxxx" MMC-nin "xxxx" MMC-yə qarşı qaldırılmış iddiası üzrə e-2-2(113)-1472/2021 saylı işə birləşdirilmişdir. Yuxarıda göstərilən hal bir daha işin məhkəmə araşdırılması zamanı "xxxx" Firmasının iddiasının tam olaraq sübuta yetirildiyini, müvafiq olaraq da ilkin iddianın əsassız olduğunu sübut edir. Lakin məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Tərəflərin izahatları: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi və iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı2 MMC-nin apellyasiya şikayətinə etirazı məhkəmə kollegiyasına təqdim edərək bildirdi ki, cavabdehə 169537,68 manat avans ödənilməsi işin mübahisəsiz halıdır. Ödənilmiş pulun qarşılığında 46800 ton həcmində mal İddiaçı2 MMC-yə təhvil verilməmişdir və bu hissə işin mübahisəli halıdır. Cavabdeh firması 46800 ton həcmində mal verdiyini qeyd etsə də, həmin həcmdə malın verilməsini təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Bu hissədə sübut etmə yükü Cavabdeh firmasının üzərində olsa da, həmin hissə sübuta yetirilməmiş, bunun əvəzində cavabdeh müxtəlif üsullarla guya həmin həcmdə malın verilməsini təsdiq etməyə çalışmışdır. Halbuki, tərəflər arasında bağlanan 26.11.2019-cu il tarixli müqavilədə malın təhvil verilməsi şərtləri müqavilədə ayrıca hissədə-4-cü bənddə ətraflı və aydın şəkildə qeyd edilmişdir. Burada satıcının gündəlik minimum 1000 m3-dən az olmamaqla malı alıcıya təhvil verməli olduğu (4.1-ci bənd), satıcının malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri Alıcıya təqdim etməli olduğu (4.3-cü bənd) və ən əsası mal təhvil verilərkən tərəzidə çəkilməli olduğu, mal tərəzidə çəkiləndə, satıcının nümayəndəsinin iştirakının təmin olunması, alıcının rəsmi tərəzi qaimələrini mallar təqdim edildikdən sonra satıcıya təqdim etdiyini və təqdim edilən malların həcmini təsdiq edən sənədin məhz tərəzi qaimələrinin hesab edildiyi bildirilir. Hazırki iş üzrə, satıcı əsassız olaraq 46800 ton mal təhvil verdiyini qeyd etsə də, bunu təsdiq edən nə hesab-fakturanı, nə də tərəzi qaimələrini məhkəməyə təqdim edə bilməmiş, bunun əvəzində həmin həcmdə malın hal-hazırda daşqıranın ərazisində olduğunu bildirərək, guya dolayı üsullarla öz üzərinə düşən öhdəliyi yerinə yetirdiyini və malı təhvil verdiyini sübut etməyə çalışmışdır. Məhkəmə iclasları zamanı da bildirilmişdir ki, həmin malın hal-hazırda orada olubolmaması nəyisə həll etmir. Həmin mallar sonradan da daşınıb ora yığıla bilərdi. Qeyd edilən malları vaxtında təhvil vermək lazım idi ki, İddiaçı2 MMC digər şirkətlər qarşısında öz öhdəliyini yerinə yetirə bilsin. Bundan əlavə, cavabdeh tərəfindən 23.11.2021-ci il tarixdə apellyasiya şikayətinə əlavə təqdim edilmiş, həmin əlavədə Cavabdeh firması yenə də müqavilə üzrə malların təhvil verilməsi üçün tələb edilən sənədlərin dəqiq müəyyən edilməsinə baxmayaraq, həmin sübutetmədən tamamilə kənara çıxaraq, başqa sənədlər təqdim edir. Cavabdeh apellyasiya şikayətinə əlavəyə Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-1472/2021 saylı işi üzrə qərardad və bildiriş, həmçinin "xxxx" MMC-nin "xxxx" MMC-yə ünvanladığı 09.12.2020-ci il tarixli 183 nömrəli Pretenziya məktubunun surətini əlavə etmişdir. Əvvəla, cavabdehin apellyasiya baxışı zamanı təqdim etdiyi sənədlər sübut kimi qəbul edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsində təsbit olunmuşdur ki, əlavə faktlar və sübutlar apellyasiya məhkəməsi tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu səbəbdən apellyasiya şikayətinə əlavə edilmiş sənədləri sübut kimi qəbul etmirlər. Həmin sənədlərə sübut kimi deyil, sadəcə sənəd qismində münasibət bildirərək, qeyd edirlər ki, cavabdeh tərəfindən həmin sənədlər qəsdən yanlış mülahizə edilir. Həqiqətən də, İddiaçı2 MMC ilə "xxxx" MMC arasında 18.11.2019-cu ildə podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tarixi Cavabdeh firması ilə bağlanan Alğı-satqı müqaviləsindən də əvvələ təsadüf edir. Qeyd edilən Podrat müqaviləsinin 1 saylı əlavəsinə əsasən, ümumilikdə 60000 ton daşın qırılması (drabilka) nəzərdə tutulmuş, 1 ton daşın qırılması (drabilka) üçün işçilik qiyməti 3 manat razılaşdırılmışdır. Beləliklə, müqavilənin ümumi qiyməti 180.000 manat və 18% ƏDV (32400 azn) olmaqla ümumilikdə 212400 manat təşkil etmişdir. Həmin müqavilənin icrasına başlanılması məqsədilə İddiaçı2 MMC tərəfindən avans olaraq cavabdeh "xxxx" MMC-nin hesabına bank vastəsilə 29 noyabr 2019-cu il tarixdə ƏDV-siz 85000 manat ödəniş edilmişdir. Lakin "xxxx" MMC tərəfindən cəmi 13369 ton daş qırıldığı üçün İddiaçı2 MMC haqlı olaraq, qarşı tərəfə pretenziya məktubu göndərərək, "xxxx" MMC-nin hesabına köçürülmüş 85000 manat məbləğdən onun icra etdiyi 13369 ton daşın qırılması (drabilka) üçün sərf etdiyi 40107 manat hissəsinin çıxılaraq, yerdə qalan 44893 manat məbləğində vəsaitin İddiaçı2 MMC-yə qaytarılmasını tələb etmişdir. Daha sonra "xxxx" MMC həmin pulu geri qaytarmaqdan imtina etdiyindən İddiaçı2 MMC məhkəmədə iddia qaldırmışdır. Qeyd edilən pretenziya məktubunun mətnini tam oxuduqda, ümumiyyətlə orada 60.000 ton daşın təhvil verilməsi heç bir halda sübut və ya etiraf edilmir. Həmin mətnin istər leksikoloji, istər filioloji təhlili Cavabdeh firmasının irəli sürdüyü mülahizəyə uyğun gəlmir. Bunun əksinə, Cavabdeh firmasının nümayəndəsinin, həm də "xxxx" MMC-nin nümayəndəsi olması, həm Cavabdeh firmasının həm də "xxxx" MMC-nin məhkəmə mübahisəsi üzrə tutduğu mövqeyi, təqdim etdiyi sübut və dəlilləri bir-birinə uyğun formada tərtib etməsinə və oxşar müdafiə üsulu seçməsinə imkan yaradır. Heç də təsadüfi deyil ki, Cavabdeh firması ona 30% (46000 ton) həcmində sifariş edilməsinə baxmayaraq, o guya həmin sifarişdən də artıq 60.000 ton daşı drabilka edilməsi üçün həmin avadanlığın quraşdırıldığı əraziyə gətirdiyini iddia edir. Bununla da, nümayəndə hər iki kommersiya mübahisəsi üzrə təmsil etdiyi tərəflərin öhdəliyini icra etdiyini sübut etməyə çalışır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi və bildirdi ki, məhkəmə iclasında İddiaçı2 MMC tərəfindən mübahisələndirilməyən fakta əsasən, İddiaçı2 MMC müqavilə əsasında Cavabdeh Firmasından aldığı daşların qırılaraq xırdalanması üçün "xxxx" MMC ilə müqavilə bağlamışdır. İş materallarında olan "xxxx" MMC ilə İddiaçı2 MMC arasında bağlanmış 18.11.2019-cu il tarixli 1733-A.Bay-001 saylı Müqavilənin 1.1-ci bəndinə və müqaviləyə 1nömrəli əlavəyə əsasən Podratçı ümumi dəyəri 180.000 manat (32.400 manat ƏDV daxil olmadan) olmaqla 60.000 ton miqdarında bərk dağ süxurunun- daşların qırılmasını öhdəsinə götürmüşdür. Məhkəmə zamanı şahid qismində ifadə verən "xxxx" MMC-nin təsisçisi və direktoru Ali Bayram bildirmişdir ki, İddiaçı2 MMC ilə bağladığı müqavilənin 2.2.2-ci bəndinə uyğun olaraq daş qıran avadanlığını Cavabdeh Firmasının istifadəsində olan “Qələndərtəpə” dolomit yatağının ərazisində qurmuşdur və həmin müqaviləyə uyğun olaraq Cavabdeh Firmasının “Gilan İnşaata” satdığı daşların qırılmasını həyata keçirmişdir. İş materallarında olan İddiaçı2 MMC-nin "xxxx" MMC-yə ünvanladığı 09.12.2020-ci il tarixli 183 nömrəli Pretenziya məktubundan görünür ki, İddiaçı2 MMC “A.Bayramoğluna” verdiyi 60.000 ton daşı qırmamasına görə ona öz etirazını bildirmişdir. Yəni həmin məktubdan görünür ki, İddiaçı2 MMC-nin Cavabdeh Firmasında 60.000 ton malın aldığını dolayı yolla etiraf etmişdir. İşə Sumqayıt Kommersiya Məhkəməsində baxılarkən həmin sübutlar məhkəmə zamanı araşdırılsa da, məhkəmə öz qətnaməsində bu sübuta qiymət verməmişdir. Bu halın digər sübutu kimi isə, cari iş üzrə məhkəmə qətnaməsi qəbul edildikdən sonra, Gilan İnşaat MMC-nin "xxxx" MMC-yə qarşı iddia ərizəsidir ki, həmin ərizəyə əsasən də İddiaçı2 MMC “A.Bayramoğluya” verilmiş 60.000 ton daşın qırılmaması səbəbindən eyni məbləği həmçinin onlardan tələb etməsidir. Belə ki, İddiaçı2 MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən ona verilmiş daşların yalnız 13369 ton (!) daşın qırıldığını bildirmiş və bu səbəbdən ödədiyi pulun qalan hissəsini tələb etmişdir. Həmin iddia ərizəsinə əlavə edilən sənədlər arasında da yuxarıda adı şəkilən pretenziya məktubu mövcuddur. Yuxarıda göstərilən hal bir daha işin məhkəmə araşdırılması zamanı Cavabdeh Firmasının iddiasının tam olaraq sübuta yetirildiyini, müvafiq olaraq da ilkin iddianın əsassız olduğu da sübut etmişdir. Lakin məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2-2(119)-543/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, satıcı Cavabdeh Firması ilə alıcı İddiaçı2 arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli 1733-İS-01 nömrəli Alğı- Satqı Müqaviləsinə əsasən Satıcı Alıcıya “X2” layihəsi çərçivəsində “X1” layihəsində kessonun bərpa edilməsi üçün istifadə olunmağı məqsədilə sıxlığı 2,2 qr/kub sm-dən az olmayan bərk dağ süxurunu (bundan sonra “Mal”) satır, Alıcı isə həmin malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Satıcıya ödəyir (Müqavilənin 1.1-ci bəndi). Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, malın növü, həcmi, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri 1 saylı Əlavə ilə müəyyən olunur. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, Malın dəyəri Müqavilənin 1 saylı Əlavəsi ilə müəyyən olunur. Həmin Müqavilənin 2.2.1-ci bəndinə əsasən, müqaviləyə əsasən Alıcı sifariş olunan malın dəyərinin 30% həcmində ilkin avans ödənişini Müqavilə imzalandığı gündən 10 gün ərzində Satıcının təqdim etdiyi hesab əsasında bank köçürməsi ilə həyata keçirir. Ödənilmiş avans dəyərində mallar təhvil verildikdən sonra Alıcı növbəti 30% ödənişi həyata keçirir. Həmin Müqavilənin 2.2.2-ci bəndinə əsasən, ikinci tranş üzrə ödənilmiş məbləğin 100% dəyərində mal verildikdən sonra Alıcı üçüncü tranşla müqavilə dəyərinin 30%-ni ödəyir. Həmin Müqavilənin 2.2.3-cü bəndinə əsasən, müqavilədə göstərilən ümumi həcmdə mal təhvil verildikdən sonra 10 iş günü ərzində qalan 10%-i də Alıcı Satıcıya ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 3.1.1-ci bəndinə əsasən, müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini Alıcıdan tələb etmək Satıcının hüququdur. Həmin Müqavilənin 3.2.2-ci bəndinə əsasən, Satıcı Alıcıya iş davam edən dövrün tələbinə uyğun ölçülərdə, gündəlik minimum 1000 m3-dən az olmamaqla bu Müqavilənin 4.1-ci bəndinə uyğun olaraq Malları təmin etməlidir. Həmin Müqavilənin 3.2.3-cü bəndinə əsasən, Satıcı malın əvvəlcədən Alıcı ilə razılaşdırılmış və avtomobil yollarına normal çıxışı olan daşıma məntəqələrinə (bundan sonra “Daşıma Məntəqəsi”) çatdırılmasını təmin etməlidir. Çeşidləmə məntəqəsindən qırıcıya qədər daşıma Alıcının cəlb etdiyi avtomaşınlar tərəfindən yerinə yetirilir. Bu vaxt sərf olunan yanacağı Satıcı təmin edir. Həmin Müqavilənin 3.2.4-cü bəndinə əsasən, Satıcı Daşıma fəaliyyətini həyata keçirən texnikaların Daşıma Məntəqələrinə problemsiz çatmasını təmin etməlidir. Həmin Müqavilənin 3.2.5-ci bəndinə əsasən, təhkim olunan texnika və avadanlıqların yanacaq ilə təmin olunması Satıcının öhdəliyidir. Həmin Müqavilənin 3.2.6-cı bəndinə əsasən, layihəyə təhkim edilmiş texnikanın idarə edilməsi üçün ayrılan operatorların xidmət haqlarının qarşılanması Satıcının öhdəliyidir. Həmin Müqavilənin 3.2.7-ci bəndinə əsasən, Satıcı malların gecikdirildiyi hər gün üçün gecikdirilən malların 1%-i həcmində dəbbə pulunu alıcıya ödəməlidir. Həmin Müqavilənin 3.3-cü bəndinin tələblərinə görə, Satıcı Müqaviləni pozaraq Alıcıya Müqavilədə müəyyənləşdirildiyindən az miqdarda mal verdikdə, çatışmayan miqdarda malın verilməsini tələb etmək və ya verilmiş əşyadan və onu ödəməkdən imtina etmək, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək (3.3.1) və Müqavilənin tələblərinə uyğun gələn malları qəbul etmək (3.3.1) – Alıcının hüquqları kimi müəyyən edilmişdir. Həmin Müqavilənin 3.4.1-ci bəndinə əsasən, müqavilənin tələblərinə cavab verən Malları qəbul edib əvəzində müəyyənləşdirilmiş dəyərini vaxtında ödəmək Alıcının vəzifəsidir. Həmin Müqavilənin 3.5-ci bəndinə əsasən, əgər Alıcı və ya Satıcı müqavilədən heç bir səbəb olmadan imtina edərsə, müqavilə dəyərinin 30%-i həcmində cərimə ödəyir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, Satıcı Müqaviləyə uyğun olaraq Alıcı tərəfindən bu Müqavilənin 2.2-ci bəndinə əsasən hər bir ödəniş həyata keçirildikdən sonra 30 (otuz) gün ərzində gündəlik minimum 1000 m3-dən az olmamaqla Malı Alıcıya təhvil verməlidir. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən, satıcı Malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri Alıcıya təqdim etməlidir. Həmin Müqavilənin 4.4-cü bəndinə əsasən, mal son tədarük məntəqəsinə təhvil verilərkən, mal tərəzidə çəkiləndə Satıcının nümayəndəsinin iştirakı təmin olunur. Alıcı rəsmi tərəzi qaimələrini Mallar təqdim edildikdən sonra Satıcıya təqdim edir və təqdim edilən Malların həcmini təsdiq edən sənəd bu tərəzi qaimələri hesab edilir. Həmin Müqavilənin 7.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflərin qarşılıqlı öhdəliklərinin tam şəkildə yerinə yetirilməsindən sonra öz qüvvəsini itirir. İş materiallarında olan 26 noyabr 2019-cu il tarixli 1733-İS-01 nömrəli Alğı-Satqı Müqaviləsi əsasında satıcı Cavabdeh Firması ilə alıcı İddiaçı2 arasında imzalanmış 1 saylı Əlavə ilə müəyyən olunur ki, Satıcı hər tonu 3,07 manatdan olmaqla cəmi 478920 manat dəyərində 156000 ton miqdarında bərk dağ süxurunu Alıcıya satmalı, Alıcı isə öz növbəsində həmin Alğı-satqı üzrə 478920 manat məbləğində almış olduğu malın dəyəri və 86205,60 manat məbləğində ƏDV olmaqla, ümumilkdə cəmi 565125,60 manat məbləğində pul vəsaitini Satıcıya ödəməlidir. İş materiallarında olan 09 dekabr 2019-cu il tarixli EBAD 596049 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, 001/19 №-li hesab-faktura üzrə satıcı Cavabdeh Firması tərəfindən alıcı İddiaçı2nə hər tonu 3,07 manat olmaqla, cəmi 46800 ton miqdarında dağ süxurunun dəyəri olaraq cəmi 143676 manat və ƏDV olaraq 25861,68 manat olmaqla, ümumilikdə ƏDV daxil cəmi 169537,68 manat məbləğində pulun ödənilməsi ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, sifarişçi İddiaçı2 MMC ilə podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli 1733- A.Bay-001 nömrəli Podrat Müqaviləsi və həmin Müqavilə üzrə imzalanmış 18 noyabr 2019-сu il tarixli 1 saylı Əlavəyə əsasən Podratçı cəmi 60000 ton miqdarında bərk dağ süxurunun-daşların qırılmasını, Sifarişçi isə bununla əlaqədar Podratçıya 180000 manat görüləcək həmin işin dəyəri və 32400 manat ƏDV olmaqla, ümumilikdə cəmi 212400 manat məbləğində pul vəsaitini ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən Cavabdeh Firmasına ünvanlanmış 13 iyul 2021-ci il tarixli 18/270 nömrəli məktubda və həmin məktuba əlavə edilmiş “Qələndərtəpə” dolomit yatağında istismar olunmuş xammalın hesablanması haqqında Arayışda göstərilir ki, 21 iyun 2021-ci il və 25 iyun 2021-ci il tarixlərində Xidmətin mütəxəssisləri və "xxxx" MMC-nin direktoru Ali Bayram ilə birlikdə “Qələndərtəpə” dolomit yatağına mütəxəssis baxışı keçirilmiş, ərazidə doğrayıcı dəyirmandan sonra və ondan əvvəl hazırlanmış xammal ehtiyatlarının həcmi ayrı-ayrılıqda ölçmələr aparmaqla hesablanmışdır. Hesablanan dolomit xammalının qlonimetrik parametrlərinin ekstropolyasiya üsulu ilə icra edilmişdir. Əraziyə baxış keçirilən zaman Cavabdeh MMC-yə məxsus olan emal sahəsində iki çeşiddə doğranmış dolomit qırıntıları müşahidə olunmuşdur. 1-ci çeşid, içərisində orta dənəli qum qarışığı olan, qronometrik tərkibi 2-4 sm ölçüsündə, doğranmış dolomit qırıntıları emal sahəsində 4 hissədə toplanmışdır. 2-ci çeşid, qronometrik tərkibi 3-7 sm ölçüsündə doğranmış dolomit qırıntıları. İçərsində orta dənəli qum qarışığı olan 2-4 sm ölçüsündə dolomit qarışığının həcmi aşağdakı kimidir: 1ci çeşid: 1. Orta uzunluq 25m, orta eni 9m, dərinliyi 20m; 25m x 9m =225m2 x 20m =4500m3. 2. Orta uzunluq 26m, orta eni 6m, dərinliyi 22m; 26m x 6m =156m2 x 22m =3432m3. 3. Orta uzunluq 26m, orta eni 6m, dərinliyi 17m; 26m x 6m =156m2 x 17m = 2652m3. 4. Orta uzunluq 8m, orta eni 4m, orta dərinliyi 5m; 8m x 4m =32m2 x 5m =160m3; 2-ci çeşid: Orta uzunluq 30m, orta eni 27m, dərinliyi 8m; 30m x 27m =810m2 x 8m =6480m3. Beləliklə, sahədə ümumilikdə 17224 m3 həcmində doğranılmış dolomit süxurları müşahidə olunur. Sahədə doğranmamış, doğranması üçün yığılan dolomit qarışığının həcmi isə 9044m3–dir: orta uzunluğu 38m, orta eni 34m, orta qalınlığı 7m; 38 m x 34 m =1292 m2 x 7 m = 9044 m3. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Ali Bayram bildirmişdir ki, onun rəhbəri və təsisçisi olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə sifarişçi İddiaçı2 arasında daşların qırılması ilə əlaqədar 18 noyabr 2019-cu il tarixli Podrat Müqaviləsi bağlanmış və həmin Müqaviləyə əsasən o, 60000 ton miqdarında daşların qırılmasını, İddiaçı2 MMC isə bu işin əvəzində ona ƏDV xaric cəmi 180000 manat məbləğində pul ödəməyi öhdələrinə götürmüşlər. Buna görə də, o, İddiaçı2 MMC-nin sifarişi əsasında “Qələndərtəpə” adlanan ərazdə daşqıran avadanlıq quraşdırmış və müqavilə üzrə nəzərdə tutulan sifarişi yerinə yetirmişdir. Bunun üçün də İddiaçı2 MMC-nin maşınları təxminən 300 metr məsafədə yerləşən dağdan böyük daşları gətirir, o, isə həmin ərazidə quraşdırılmış daşqıran avadanlıq vasitəsi ilə həmin daşları sındırırdı. İddiaçı2 MMC qırılan daşların təxminən 14000 tonunu aparmış, qalan hissəsi isə daşınmamış və həmin ərazidə qalmışdı. Hazırda onun daşları sındırdığı ərazidə təxminən 46000 ton mal qalıb. Ona tərəzi sənədləri verilməsə də, o, daşınan malların həcmini maşın sayına görə təxmini hesablamışdır. Belə ki, 1 kub/metr 2600 kiloqramdır və bir maşına təxminən 20 kub/metr yüklənir. Müqaviləyə əsasən daş qırılmasına görə İddiaçı2 MMC ona 60000 ton malın pulunu, yəni ƏDV xaric 180000 manat pul ödəməli idi. Lakin, İddiaçı2 MMC tam ödəniş etməmişdir. Yəni, İddiaçı2 MMC müqavilə üzrə ona ödənilməli olan məbləğdən 85000 manat məbləğində ödəniş etsə də, qalan 95000 manat məbləğində pulu ödəməmişdir. Buna görə də, o, işi dayandırıb və İddiaçı2 MMC-ni məhkəməyə vermişdir. O, Müqavilə üzrə İddiaçı2 MMC üçün 60000 tondan çox daş sındırmışdır və həmin ərazidə sındırılmayan daşlar da vardır. Birinci instansiya məhkəməsi iddianı və qarşılıqlı iddianı təmin etməmiş və hesab etmişdir ki, Satıcı və Alıcı Alğı-satqı prosesinin Müqavilədə nəzərdə tutulan qaydada yerinə yetirilməsi və rəsmiləşdirilməsi üçün müəyyən edilmiş əhəmiyyətli müqavilə şərtlərini yerinə yetirməmiş və onlar müqavilə tərəfləri olaraq məlum Müqavilədə nəzərdə tutulan şərtlərin yerinə yetirilməsi və icra olunması prosesində birlikdə hərəkət etməmişlər. Müqavilə şərtlərinin yerinə yetirilməməsi isə hər bir tərəfin özünəməxsus müvafiq hərəkətləri lazımi qaydada icra etməməsi nəticəsində baş vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, 26 noyabr 2019-cu il tarixli 1733-İS-01 nömrəli Alğı- Satqı Müqaviləsi üzrə nəzərdə tutulan işlərin görülməsi üçün satıcı Cavabdeh Firması və alıcı İddiaçı2 tərəfindən qarşılıqlı olaraq müəyyən hərəkətlər edilmişdir. Belə ki, həmin Müqavilə və Müqavilə əsasında imzalanmış 1 saylı Əlavənin şərtlərinə uyğun olaraq cəmi 478920 (ƏDV xaric) manat dəyərində 156000 ton bərk dağ süxurunun Alğı-satqısı ilə əlaqədar ödənilməli olan ümumi pul vəsaitinin ilkin olaraq alınacaq 46800 ton həcmində malın verilməsi üçün ümumi sifariş olunan malın dəyərinin 30% ilkin avans ödənişi olaraq 143676 manat və 25861,68 manat ƏDV olmaqla, ümumilikdə ƏDV daxil cəmi 169537,68 manat məbləğində pul vəsaiti alıcı İddiaçı2 MMC tərəfindən satıcı Cavabdeh Firmasına ödənilmişdir (Müqavilənin 2.2.1-ci bəndinə əsasən). Satıcı Cavabdeh Firması tərəfindən isə Abşeron rayonu ərazisində yerləşən “Qələndərtəpə” dolomit yatağında müvafiq üsullarla əldə edilən bərk dağ süxuru (daşlar) qırılması üçün sifarişçi İddiaçı2 MMC ilə bağlanmış 18 noyabr 2019-cu il tarixli 1733- A.Bay-001 nömrəli Podrat Müqaviləsində nəzərdə tutulan daşın qırılması işlərini görən podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus müvafiq avadanlıqların yerləşdiyi əraziyə daşınmışdır. Lakin, satıcı Cavabdeh Firması ilə alıcı İddiaçı2 MMC arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli 1733-İS-01 nömrəli Alğı-Satqı Müqaviləsində nəzərdə tutulan öhdəliklər həmin müqavilə iştirakçıları tərəfindən sonadək icra olunmamış, bu səbəbdən tərəflər arasında müqavilə öhdəliklərinin icrası ilə bağlı mübahisə yaranmışdır. Kollegiya qeyd edir ki, mübahisə üzrə hər bir tərəf digər tərəfin müqavilə öhdəliklərini müqavilə şərtlərinə uyğun yerinə yetirmədiyini və müqavilə şərtlərini pozduğunu bildirsə də, iş materialları ilə tərəflərin Müqavilə şərtləri ilə nəzərdə tutulan qaydada işlərin görülməsini və malların təhvil verilməsini təsdiq edən rəsmi sənədləri, yəni müqavilə öhdəliklərinin Müqavilədə müəyyən edilmiş qaydada yerinə yetirilməsini təsdiq edən mötəbər sübutlar təqdim etməmişlər. Belə ki, işin halları ilə müəyyən olunur ki, alıcı İddiaçı2 MMC tərəfindən satıcı Cavabdeh Firmasına 46800 ton həcmində malın verilməsi üçün Müqavilənin 2.2.1-ci bəndinin tələblərinə uyğun olaraq 143676 manat məbləğində pul vəsaiti (ƏDV xaric) ödənilsə də, həmin ödəniş üzrə nəzərdə tutulan mal həmin Müqavilənin 4.1-ci bəndinin tələblərinə uyğun olaraq ödəniş həyata keçirildikdən sonra 30 gün ərzində yuxarıda qeyd olunan pul vəsaitinə görə Alıcıya hər hansı bir miqdarda mal təhvil verilməmişdir. Alıcı İddiaçı2 MMC-nin nümayəndəsi qeyd etdiyi kimi, yalnız Müqavilədə qeyd olunan pul ödənişindən hesablanan 30 günlük icra müddəti başa çatdıqdan sonra satıcı Cavabdeh Firması tərəfindən 2020-ci ilin mart ayından iyun ayınadək olan müddətdə təhvil verilən cəmi 13369,2 ton həcmində (41043,44 manat dəyərində) mal qəbul edilmişdir. Yəni, mal müqavilədə nəzərdə tutulan müddətdə təhvil verilmədikdə, Alıcı ödəmiş olduğu pul vəsaitini tələb etməmiş və müqavilə öhdəliyi üzrə gecikdirilmiş icranı faktiki olaraq qəbul etmişdir. Lakin, gecikdirilmiş icra üzrə 13369,2 ton həcmində malı qəbul etdikdən sonra Alıcı Satıcı tərəfindən tədarük edilərək daşqırıcı avadanlıqların yerləşdiyi əraziyə daşınmış malların qalan hissəsini qəbul etməkdən birtərəfli qaydada imtina etmiş və ilkin ödəniş olaraq ödəmiş olduğu pulun qalan hissəsini Satıcıdan geri tələb etmişdir. Satıcı isə ilkin ödənişə görə təhvil verməli olduğu 46800 ton maldan da daha artıq miqdarda malın qırıcı avadanlığın yerləşdiyi yerə daşındığına əsaslanaraq, malın qəbul edilməməsində Alıcının özünü təqsirləndirərək, ilkin olaraq ödənilmiş məbləğin tələb olunan hissəsini qaytarmaqdan imtina etmişdir. Alıcı tərəf isə malın qırıcı avadanlığın yerləşdiyi ərazidə olub-olmamasını mübahisələndirməyərək, malları Müqavilə şərtlərində nəzərdə tutulan vaxtda təhvil verməməklə, Satıcının müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozduğuna görə icra edilməyən hissəsində ilkin ödənişin qalığının qaytarılmalı olduğunu bildirmiş və bununla əlaqədar köçürülmüş avans məbləğinin icra edilməmiş qalan 102632,56 manat hissəsinin, həmçinin köçürülmüş ƏDV məbləğinin qalan 18473,77 manat hissəsinin, 30000 manat məbləğində dəymiş maddi ziyanın və 169537,68 manat məbləğində cərimənin Cavabdeh Firmasından İddiaçı2 MMC-nin xeyrinə tutulması barədə iddia tələbini müdafiə etmişdir. Satıcı Cavabdeh Firması isə Müqavilənin şərtlərinin alıcı İddiaçı2 MMC tərəfindən pozulduğunu qeyd edərək, satıcı Cavabdeh Firmasının xeyrinə müqavilədən irəli gələn 25861,68 manat ƏDV daxil olmaqla 169537,68 manat məbləğində cərimənin və Alıcı ilə bağlanmış Podrat Müqaviləsinə əsasən podratçı "xxxx" MMC-yə məxsus daşqırıcı avadanlıqların yerləşdiyi əraziyə daşınaraq müəyyən hissəsi qırılmış və müəyyən hissəsi isə qırılmamış olan Alğı-satqının predmeti olan bərk dağ süxurunun real miqdarına görə hesablanan əsassız varlanma kimi 81179 manat məbləğində pulun alıcı İddiaçı2 MMC-dən tutulmasını tələb etmişdir. Beləliklə, hər iki tərəf öz tələbini Müqavilənin şərtlərinin pozulması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iddianın və qarşılıqlı iddianın əsaslılığının müəyyən edilməsi baxımından Müqavilədə Alğı-satqının xüsusatları və qaydaları üzrə nəzərdə tutulan şərtlərin Satıcı və Alıcı tərəfindən icra edilməsi vəziyyətinin nəzərdən keçirilməli olmasına əsaslanmışdır. Məhkəmə kollegiyası bu yanaşmanı qanuni və əsaslı hesab edir. Belə ki, 26 noyabr 2019-cu il tarixli 1733-İS-01 nömrəli Alğı-Satqı Müqaviləsinin 2.2.1-ci bəndinin tələblərinə görə Alıcı sifariş olunan malın dəyərinin 30% həcmində ilkin avans ödənişini Müqavilə imzalandığı gündən 10 gün ərzində Satıcının təqdim etdiyi hesab əsasında bank köçürməsi ilə həyata keçirir. Ödənilmiş avans dəyərində mallar təhvil verildikdən sonra Alıcı növbəti 30% ödənişi həyata keçirir. Həmin şərt üzrə Alıcı tərəfindən 2019-cu ilin dekabr ayında 478920 manat məbləğində müqavilə qiymətinin 30% olan 143676 manat hissəsi (ƏDV xaric) Satıcının hesabına ödənmişdir. Lakin həmin vəsait üzrə Müqavilədə nəzərdə tutulan 30 gün müddətində sifariş olunan mal təhvil verilməsə də, sonradan həmin vəsaitə görə Satıcı tərəfindən müəyyən miqdarda mal verilmiş və Alıcı bu gecikdirilmiş icranı qəbul edərək verilən malı (malların təhvil verilməsinin sənədləşdirmə qaydasını nəzərdə tutan müqavilə şərtlərinə uyğun tərtib edilmiş sənədlər olmasa da, Alıcı həmin miqdarda malı 2020-ci ilin mart ayından iyun ayınadək təhvil aldığını etiraf etmişdir) qəbul etsə də, daha sonra malın tədarük edilmiş qalan hissəsini gecikdirilmə səbəbindən qəbul etməkdən imtina etmişdir. Müqavilənin 4.1-ci bəndinin tələblərinə görə Satıcı Müqaviləyə uyğun olaraq Alıcı tərəfindən bu Müqavilənin 2.2-ci bəndinə əsasən hər bir ödəniş həyata keçirildikdən sonra 30 gün ərzində gündəlik minimum 1000 m3-dən az olmamaqla Malı Alıcıya təhvil verməli, həmin Müqavilənin 4.3-cü bəndinə əsasən satıcı Malın təhvil verilməsi ilə birlikdə hesabfakturanı və digər zəruri sənədləri Alıcıya təqdim etməli və eləcə də, həmin Müqavilənin 4.4-cü bəndinin tələblərinə görə mal son tədarük məntəqəsinə təhvil verilərkən, mal tərəzidə çəkiləndə Satıcının nümayəndəsinin iştirakı təmin olunur, Alıcı rəsmi tərəzi qaimələrini Mallar təqdim edildikdən sonra Satıcıya təqdim edir və təqdim edilən Malların həcmini təsdiq edən sənəd bu tərəzi qaimələri hesab edilir. Lakin, qeyd olunan Müqavilə şərtlərinin nəzərdə tutulan qaydada yerinə yetirilməsini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Qeyd etmək lazımdır ki, Alıcı tərəfindən məhkəməyə 13369,2 ton həcmində malın qəbul edilməsini təsdiq edən tərəzi sənədləri təqdim olunsa da, həmin sənədlərlə qeyd olunan miqdarda malın tərəzidə çəkilərək qəbul edilməsində Satıcının nümayəndəsinin iştirakının təmin olunması müəyyən olunmur. Halbuki, Müqavilənin 4.4-cü bəndində nəzərdə tutulan müqavilə şərtinə görə mal tərəzidə çəkiləndə Satıcının nümayəndəsinin iştirakı təmin olunmalı və təqdim edilən Malların həcmini təsdiq edən sənəd tərəzi qaimələridir. Müqavilənin 2.2.1-ci, 2.2.2-ci və 2.2.3-cü bəndlərinin tələblərinə görə, Satıcı ilkin ödənilmiş 30%-lik avans dəyərində malları təhvil verdikdən sonra Alıcı növbəti 30% ödənişi həyata keçirir və ikinci tranş üzrə ödənilmiş məbləğə görə 100% dəyərində mal verildikdən sonra Alıcı üçüncü tranşla müqavilə dəyərinin 30%-ni ödəyir. Bundan sonra isə Müqavilədə göstərilən ümumi həcmdə mal təhvil verildikdən sonra 10 iş günü ərzində qalan 10%-i də Alıcı Satıcıya ödəməlidir. Göründüyü kimi, Müqavilə üzrə pul vəsaiti Alıcı tərəfindən 30%-30 %-30 %-10 % olmaqla ayrı-ayrılıqda ödənilir və hər bir tranş üzrə nəzərdə tutulan miqdarda mal təhvil verildikdən sonra edilən müvafiq ödəniş üzrə növbəti mal tədarük edilərək Alıcıya verilir. Bu halda isə birinci tranş üzrə, yəni ilkin avans olaraq ödənilmiş pul müqabilində mallar təhvil alınmadan, növbəti tranş üzrə qəbul edilməyən malların hazırlanmasına görə Alıcı tərəf heç bir məsuliyyət daşıya bilməz. Eyni zamanda, həmin mallar müvafiq qaydada Alıcının mülkiyyətinə, yəni sahibliyinə, istifadəsinə və yaxud sərəncamına verilmirsə, bunun üçün də Alıcı hər hansı bir pul öhdəliyi daşımamalıdır. Beləliklə, qeyd olunanlara əsasən müəyyən olunur ki, satıcı Cavabdeh Firması ilkin avans ödənişinə görə tədarük etdiyi malları Alıcıya təhvil vermədən, Müqavilə şərtlərindən kənara çıxaraq artıq miqdarda mal tədarük edirsə və bu malı Alıcı qəbul etmirsə, qarşılıqlı iddia tələbində tələb olunan 81179 manat dəyərində mala görə alıcı İddiaçı2 MMC-nin hər hansı bir məsuliyyəti, o cümlədən də əsassız varlanmaya görə məsuliyyəti yarana bilməz. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinin tələblərinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Bununla bağlı kollegiya onu da qeyd edir ki, İddiaçı2 tərəfindən məhkəmə kollegiyasına "xxxx" MMC-nin 08.12.2021-ci il tarixli, 01-126/21 saylı mütəxəssis rəyi təqdim olunmuşdur. İddiaçı2 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 03 dekabr 2021-ci il tarixli müqavilədə Abşeron rayonu ərazisində toplanmış bərk dağ süxurlarının həcminin müəyyən edilməsi barədə müvafiq mütəxəssis rəyi verilməsi xahiş edilmişdir. Tədqiqat prosesinin təsviri hissəsində qeyd olunmuşdur ki, İddiaçı2 MMC-nin nümayəndəsinin və həmin süxurların orada toplanmasına rəhbərlik etmiş "xxxx" MMC-nin direktoru Ali Bayramın iştirakı ilə yerində, Abşeron rayonu ərazisində yerləşən çınqılqırmadaş istehsalı nəticəsində toplanmış bərk süxurlar toplanmış əraziyə naturada baxış keçirildi. Bərk süxurlar toplanmış ərazinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alınaraq hündürlüyü yerdən, sıfır nöqtəsindən bir neçə yerdən ölçüldü. Naturaya baxış zamanı məlum oldu ki, həmin süxurların toplandığı hissə maili dağ yamacıdır. Yəni, təpə kimi toplanmış hissənin bir tərəfi maili dağ yamacının sıfır nöqtəsinə düşür, digər hissəsi isə yamacın düzən hissəyə birləşən hissəsinə düşür. Toplanmış süxürların yerləşdiyi ərazi bir növ düzbucaqlı üçbucağın təkrarıdır. Düzən hissə ilə təpə hissə arasındakı hündürlük ölçüləri 4,5 metrlə 16 metr arasında dəyişir. Düzən hissədən başlanğıcda 4,5 metrlə başlayan hündürlük 16 metr ən hündür hissəyə qədər qalxır və sonra yamac mailliyinə uyğun sıfır metrdə yamacda bitir. Qeydə alınmış ölçülər dəqiqləşdirilərkən məlum oldu ki, bərk süxurların töküldüyü (tutduğu) sahə 0.5 ha əraziyə yaxın olmaqla həcmi isə iki hissədə, yəni doğranmış bərk süxurlar orta hesabla 150 tona, doğranmamış iri ölçülü süxurlar isə orta hesabla 20 tona bərabərdir. Həmçinin qeyd edilməlidir ki, sözügedən doğranmış bərk süxurların istehsalı zamanı əmələ gəlmiş külli miqdarda tullantı-torpaq qarışıq material yaranmışdır. Həmin tullantılar isə karxananın ətrafında (dərələrə) texnika vasitəsi ilə yayılmışdır və buna görə də həmin materiallar araşdırmanın predimeti olmadığından onların həcmi hesablanmadı. Ərazinin foto görüntüləri də mütəxəssis rəyində əks olunmuş və tədqiqatın nəticəsi olaraq müəyyən olunmuşdur ki, Abşeron rayonu ərazisində toplanmış bərk dağ süxurlarının həcmi: doğranmış bərk süxurlar orta hesabla 150 tona, doğranmamış iri ölçülü süxurlar isə orta hesabla 20 tona bərabərdir. Bundan başqa, cavabdeh İmpuls firmasının apelyasiya şikayətinin bir dəlili "xxxx" MMC-nin "xxxx" MMC-yə ünvanladığı 09.12.2020-ci il tarixli 183 nömrəli pretenziya məktubunun məzmunu ilə bağlı olmuşdur və cavabdeh vurğulamışdır ki, həmin məktubda "xxxx" MMC "A.Bayramoğluya" verdiyi 60.000 ton daşı qırmamasına görə ona öz etirazını bildirmiş və "xxxx" MMC-nin "xxxx" Firmasından 60.000 ton malı aldığını dolayı yolla etiraf etdiyini bildirmişdir. Kollegiya qeyd edir ki, həmin məktubun məzmununa istinadən "xxxx" MMC-nin 60.000 ton malı aldığını iddia etmək əsassızdır. Belə ki, həmin məktubla 60.000 ton daşın iddiaçıya təhvil verilməsi sübut və ya etiraf edilmir, məktubla "xxxx" MMC tərəfindən cəmi 13369 ton daş qırıldığı üçün İddiaçı2 MMC pretenziya məktubu göndərərək, qalıq qalmış 46631 ton daşın qırılması və təhvil verilməsi işlərinin görülməməsi və təhvil verilməməsi barədə qarşı tərəfi xəbərdar etmiş və 44893 manat məbləğində vəsaitin İddiaçı2 MMC-yə qaytarılmasını tələb etmişdir. Kollegiya qeyd edir ki, Satıcı və Alıcı Alğı-satqı prosesini Müqavilədə nəzərdə tutulan qaydada yerinə yetirilməsi və rəsmiləşdirilməsi üçün müəyyən edilmiş əhəmiyyətli müqavilə şərtlərini yerinə yetirmədiyindən və onlar müqavilə tərəfləri olaraq Müqavilədə nəzərdə tutulan şərtlərin yerinə yetirilməsi və icra olunması prosesində birlikdə hərəkət etmədiklərindən, müqavilə şərtlərinin yerinə yetirilməməsi isə hər bir tərəfin özünəməxsus müvafiq hərəkətləri lazımi qaydada icra etməməsi nəticəsində baş verdiyindən hazırki apellyasiya şikayətləri təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 568.2-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 570.1.1-ci maddəsinə əsasən, müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda satıcının əşyanı alıcıya vermək vəzifəsi icra edilmiş sayılır. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Kollegiya qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı və cavabdeh tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətlərinin əsaslı olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmiş, apellyasiya şikayətlərinin dəlilləri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və mötəbər sübutlar əsasında sübuta yetməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı2 və Cavabdeh Firmasının apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-543/2021 saylı, 17 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar