Məhkəmə qərarları › İş №2-2(105)-157/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-157/2021

26.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-157/2021 26.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinə və qeyrilərinə qarşı “sahiblik və istifadə hüquqlarını tanımaqla tikintilər üzərinə həbs qoyulması və dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-415/2021 saylı, 23 avqust 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinə, Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinə, Sumqayıt şəhər Bələdiyyə Şurasına, Cavabdeh4, Cavabdeh5 və X3 qarşı “sahiblik və istifadə hüquqlarını tanımaqla tikintilər üzərinə həbs qoyulması və dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2-2(119)-415/2021 nömrəli qərardadı ilə həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı adından Sumqayıt Kommersiya Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2- 2(119)-415/2021 nömrəli qərardadından şikayət verilərək, həmin qərardadın ləğv olunması xahiş edilmiş və eyni zamanda, həmin şikayətə “şikayətin verilməsi müddətinin bərpa edilməsi” barədə ərizə əlavə edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 23 avqust 2021-ci il tarixli 2-2(119)-415/2021 nömrəli qərardadı ilə İddiaçı adından verilmiş şikayət, şikayətin verilməsi müddətinin bərpa edilməsi barədə ərizə iddiaçıya geri qaytarılmışdır. İddiaçı adından Sumqayıt Kommersiya Məhkəməsinin 23 avqust 2021-ci il tarixli 2- 2(119)-415/2021 nömrəli qərardadından şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qərardadı 03 mart 2021-ci il tarixdə saxlanıldığı Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən ona təqdim edilmişdir. Səhhətində yaranmış problemlərlə bağlı, Covid-19 xəstəliyi səbəbindən 09 mart 2021-ci il tarixdən 09 may 2021ci il tarixə kimi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ixtisaslaşdırılmış müalicə müəssisəsində stasionar müalicədə olduğu üçün həmin qərardan şikayət verə bilməmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-415/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 23 avqust 2021-ci il tarixli 2-2(119)-415/2021 nömrəli qərardadının qüvvəsində saxlanılması, Sumqayıt Kommersiya Məhkəməsinin 23 avqust 2021-ci il tarixli 2-2(119)-415/2021 nömrəli qərardadından İddiaçı adından verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Zülfüqar Sadiqov) Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi MPM-in 69.2, 10-1.1-ci maddələrinə istinad edərək qərardadında göstərmişdir ki, şikayət İddiaçı “təsisçisi və direktoru” kimi göstərilmiş X4 tərəfindən imzalanmış olsa da, sonuncunun həmin hüquqi şəxsin direktoru (icra orqanının rəhbəri) olması – şikayətə əlavə edilmiş sənədlərlə müəyyən olunmur. Çünki, bunun müəyyən edilməsi üçün zəruri olan sənədlər şikayətə əlavə edilərək məhkəməyə təqdim olunmamışdır (hətta, hazırkı şikayətin verilmiş olduğu Sumqayıt Kommersiya Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2-2(119)-415/2021 nömrəli qərardadında da göstərilir ki, “iddia ərizəsi İddiaçı direktoru X4 tərəfindən imzalansa da onun qeyd edilən hüquqi şəxsin rəhbəri olmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir”). Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmaq olmaz. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Birinci instansiya məhkəməsi qərardadında göstərmişdir ki, ərizə İddiaçı “təsisçisi və direktoru” kimi göstərilmiş X4 tərəfindən imzalanmış olsa da, sonuncunun həmin hüquqi şəxsin direktoru (icra orqanının rəhbəri) olması – şikayətə əlavə edilmiş sənədlərlə müəyyən olunmur. Məhkəmə göstərilən halların aydınlaşdırılması üçün hər hansı araşdırma aparmamışdır. Belə ki, məhkəmə kollegiyasının şikayət üzrə araşdırması zamanı internet vergi idarəsindən əldə olunmuş məlumatdan müəyyən olunmuşdur ki, İddiaçı 03.09.2012-ci il tarixdə dövlət qeydiyyatına alınmış və MMC-nin qanuni təmsilçisi X2r. Bundan başqa, birinci instansiya məhkəməsi qərardadında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, birinci instansiya məhkəməsi göstərilən halı prosessual müddətin bərpa edilməsi haqqında ərizənin qaytarılma əsaslarından biri kimi göstərsə də, işdən görünür ki, Telman Səlimov hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır. Onun “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət etmək imkanının olub-olmadığı araşdırılmamış, o cümlədən Mülki Prosessual Məcəllənin 69.1 və 74.1-ci maddələrinin tələbləri ərizəçinin diqqətinə çatdırılmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər... Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-415/2021 saylı, 23 avqust 2021-ci il tarixli qərardadı və həmin qərardadın dəyişdirilmədən saxlanılmasına dair 06 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, şikayətin verilməsi müddətinin bərpa edilməsi barədə ərizəyə qərardadda göstərilən xüsusatlar araşdırılmaqla baxılması üçün iş Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-269, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-415/2021 saylı, 23 avqust 2021-ci il tarixli qərardadı və həmin qərardadın dəyişdirilmədən saxlanılmasına dair 06 oktyabr 2021ci il tarixli qərardadı ləğv edilsin. Şikayətin verilməsi müddətinin bərpa edilməsi barədə ərizəyə qərardadda göstərilən xüsusatlar araşdırılmaqla baxılması üçün iş Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar